10:59 22 Sentyabr 2017
533 dəfə oxunub
Çap versiyası
...

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyası ərəfəsində ABŞ prezidenti Donald Tramp təşkilatda islahatların aparılmasına dair iclasda iştirak edib. O deyib ki, 193 üzvü olan BMT-də mövcud bürokratiya təşkilatın öz işini lazımi şəkildə aparmasına mane olur. Sonda ABŞ-ın BMT-də islahatlar aparılması barədə təklif etdiyi bəyannaməyə 128 ölkə imza atıb.

Qeyd edək ki, hələ 2003-cü ildə prezident İlham Əliyev BMT Baş Assambleyasının sessiyasında çıxış edərkən BMT-də islahatların aparılmasının vacibliyini bildirmişdi. O, çıxışında qeyd etmişdi ki, artıq BMT-nin mövcud mexanizmlərinin dövrün tələblərinə cavab vermədiyi aşkardır və bununla bağlı BMT-də islahatların həyata keçirilməsi vacib məsələyə çevrilib. 

 

 

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, BMT-də islahatlar məsələsi artıq zamanın tələbinə çevrilib: "Bu təşkilatın 1945-ci ildə yaranması Yalta-Potsdam sisteminin formalaşması nəticəsində mümkün oldu. BMT bu sistemin ən mühüm elementlərindən biridir. Artıq həmin sistem yoxdur. Çünki 1991-ci ildə sovetlərin süqutu ilə Varşava müqaviləsi faktiki dağıldı, dünya bir qütblü oldu. Çox maraqlıdır ki, sistem yoxdur, amma onun ən mühüm elementlərindən biri yaşayır. Ona görə də islahatalar məsələsi olduqca vacibdir. Nəzərə alaq ki, söhbət dünyanın ən böyük, universal beynəlxalq təşkilatı olan BMT-dən gedir. Bu məsələlərdə Azərbaycan dövləti və prezident İlham Əliyev də qətiyyətli mövqeyi ilə seçilib. Hələ 2003-cü ildə BMT Baş Assambleyasının sessiyasında islahatlar məsələsini konkret şəkildə qoymuşdur. Eyni zamanda dövlət başçısı sonrakı sessiyalar zamanı da bu islahatların vacib və zəruri olduğunu göstərmiş, BMT-nin qəbul etdiyi qətnamələrin bir çox hallarda işlək vəziyyətdə olmamasını dilə gətirmişdir. Prezident İlham Əliyev bu kontekstdə BMT-nin 1993-cü ildə qəbul etdiyi, bununla da Ermənistanı işğalçı elan etdiyi və işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinin də işləmədiyini, kağız üzərində qaldığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Artıq islahatların aparılması ilə bağlı BMT-də müzakirələr gedir. Biz ümid edirik ki, islahatların baş tutması BMT Baş Assambleyası, həmçinin bu qurumun Təhlükəsizlik Şurası kimi mühüm orqanlarında islahatların keçirilməsi nəticə etibarı ilə bu təşkilatın imicinin bərpasına gətirib çıxara bilər. Çünki BMT-nin çox hallarda bir ölkə ilə bağlı qəbul etdiyi qətnamələr heç mürəkkəbi qurumamış həyata keçirilir, amma başqa bir halda, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin sadəcə kağız parçası səviyyəsində olması reallığı mövcuddur. Bu bizi narahat edən məsələdir”.

E.Nəsirov ümid edir ki, BMT-də olan islahatlar ilk növbədə onun qəbul etdiyi qətnamələrin icrası mexanizmlərini özündə ehtiva edəcək: "BMT nizamnaməsinin 25-ci maddəsində yazılıb ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası məcburidir. Belə olan halda, niyə bu qurum nizamnaməsinin 25-ci maddəsinə əməl etmir? Axı, 4 qətnamə qəbul edilib, bunlar 25-ci maddəyə uyğun icra olunmalıdır? Amma təəssüflər olsun ki, icra olunmur. Deməli, problem ondadır ki, BMT-də islahatlar aparılmalıdır, fəaliyyəti ikili standartlardan uzaq olmalıdır. Bu qurumda elə bir mexanizm formalaşmalıdır ki, qərar qəbul ediləndən dərhal sonra onun icra mexanizmi də işə düşsün. Bunlar olmayanda, beynəlxalq ictimaiyyətin nəzərində BMT-nin imicinə ciddi zərbə dəyir. Hesab edirəm ki, bunu BMT rəhbərliyi hamıdan çox hiss edir”.

 

 

Millət vəkili, politoloq Aydın Mirzəzadə bildirdi ki, BMT-də islahatlar məsələsi vaxraşırı gündəmə gəlir və bu günlərdə BMT-yə üzv ölkələrin Nyu-Yorkda keçirilən iclasında artıq məsələyə böyük dövlətlər də ciddi yanaşma göstərir: "Azərbaycan üçün BMT-də islahatlar məsələsi xüsusi önəm daşıyır. Torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən işğal edilib və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin çıxarılması tələbinə baxmayaraq, indiyə qədər onlar yerinə yetirilmir. BMT artıq təsirli mexanizmdən danışılan bir platformaya çevrilib. Həmçinin dünyanın ayrı-ayrı regionlarında konfliktlərlə bağlı çoxsaylı qərarlar qəbul edilməsinə baxmayaraq, onun həyata keçirilmə mexanizmi yoxdur. Nəinki mexanizm yoxdur, hətta BMT nizamnaməsini pozan ölkələrin cəzalandırılması, sanksiyaların tətbiq edilməsi də heç vaxt gündəmdə olmayıb. Buna görə də Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatda islahatların keçirilməsini çox vacib sayır. Biz hesab edirik ki, BMT qəbul etdiyi qərarlara məsuliyyət daşımalıdır. Bu məsuliyyət tək islahatlardan sonra qəbul edilən qərarlara deyil, əvvəlki dövrə də şamil edilməlidir. Necə ola bilir ki, Azərbaycan torpaqlarına dəfələrlə qanunsuz səfərlər edən, işğal prosesində iştirak edən və həm də onu fəxrlə bildirən Ermənistan hökumətinin rəhbəri BMT-nin islahatlar sammitində iştirak edir və ona qarşı hər hansı təsir vasitəsi işə salınmır?”

A.Mirzəzadə qeyd etdi ki, BMT-nin islahatlara getməsi günün tələbidir və Azərbaycan bunu dəstəkləyir: "İslahatların mərkəzində isə ölkələrin ərazi bütövlüyünün təmin olunması, quruma üzv dövlətlərin beynəlxalq hüquq normalarına əməl etməsi məsələsi durmalıdır”.

 

Bəxtiyar MƏMMƏDLİ


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən son xəbər
09:48 19.10/2017
Cəbhədən son xəbər
09:46 18.10/2017
 
Xəbər başlıqları
19-10-2017
19.10.2017 Şəkidə yanğın
18-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.28 san