11:03 22 Sentyabr 2017
481 dəfə oxunub
Çap versiyası
...

Prezident İlham Əliyevin yüksək tribunalardan etdiyi hər çıxış tarixə öz damğasını vurmağa davam edir. Bu baxımdan cənab Prezidentin BMT Baş Məclisindəki çıxışı da istisna deyil. Çıxışın özəllikləri – istər heç cür inkar edilə bilməyəcək məntiqə dayanması, istərsə də faktoloji məzmunu baxımından bizə qarşı olanların sadəcə dilini-ağzını anındaca bağlamağa yetir. Bundan başqa Prezidentin xarizması, BMT Baş Məclisi üçün getdiyi tədbirdə yüksək səviyyəli görüşlər keçirməsi də diqqətdən qaça bilməz. Əlbəttə, keçirilən hər bir görüş əhəmiyyətlidir. Amma onun ABŞ prezidenti Donald Trampla görüşü müstəsna əhəmiyyət kəsb edir. Hələ nəzərə alaq ki, bu görüşdə hər iki tərəfin birinci xanımları da iştirak edib.

Azərbaycan Prezidentinin bu səfəri və çıxışı birmənalı olaraq ölkəmizin mənafelərini düşünən insanları ruhlandırır. Əvəzində isə bizə qarşı olanları, özəlliklə də erməniləri və onların dəyirmanına su tökməyi yaşam tərzinə çevirmiş “bizimkiləri” rahatsız edir.

Erməniləri və onların havadarlarını anlamaq olar. Çünki Prezident İlham Əliyev bu dəfə də sadəcə bir çıxışla onların milyonlar xərcləyərək bütün dünyaya tirajladığı yalanlarını alt-üst etdi. Bəli, sadəcə bir çıxışla. Azərbaycan Prezidenti öz çıxışında bəzəkli sözlərdən istifadə etmədi, konkret danışdı, hər şeyi öz adıyla çağırdı.

Elə biz də Prezidentin çıxışından hərəkət edərək iki istiqamətdə fikirlərimizi təqdim etmək istərdik.

Birinci istiqamət Azərbaycanın ən ümdə problemi – Ermənistanın işğalı altındakı torpaqlar, insanlarımızın hələ də qaçqın-köçkün halında yaşaması, BMT-nin məlum qətnamələrinin qulaqardına vurulmasını təkrar diqqətə çatdırmaqla bağlıdır. Prezident İlham Əliyev bu məsələləri hər kəsin anlaya biləcəyi və mübahisələndirmək üçün imkan tanımayacaq şəkildə təqdim etdi.

Burada diqqət çəkən əsas məsələlərdən biri də Ermənistanın monoetnik dövlətə çevrilməsi, milli azlıqların faktiki olaraq bu ölkədən büsbütün çıxarılmasıdır. Doğrudan da bugünün Ermənistanı torpaqlarını işğal etdiyi Azərbaycandan fərqli olaraq multikulturalizm və tolerantlığı dövlət səviyyəsində rədd edən yeganə dünya dövlətidir. Burada fərqli millətlərə yer yoxdur, onların özəl dəyərləri erməni xarakteri içərisində yox edilib. Bu ölkə ən azı ATƏT çərçivəsində yeganə monoetnik ölkədir.

Azərbaycansa, işğalçı qonşudan fərqli olaraq hər kəsə qucaq açan, hamının bərabərhüquqlu yaşamını təmin edən model bir ölkədir. Təbii ki, belə bir ölkənin prezidenti kimi İlham Əliyev ən yüksək tribunalardan üzüağ, alnıaçıq və yüksək səslə danışmaqda işğalçı Ermənistanın uşaq qatili prezidenti Serj Sargsyandan fərqli olaraq haqlıdır və heç kim onun bu haqqına müdaxilə edə bilməz. Zatən müdaxilə edəcək kimsə də yox.

İlham Əliyevin BMT tribunasından belə ürəkli danışa bilməsini şərtləndirən ikinci əsas amil isə xalqla hakimiyyət arasında uçurumun yoxluğudur. Azərbaycan dünyanın az saylı ölkələrindəndir ki, burada siyasi münasibətlər modeli xalqla Prezident İlham Əliyevin hakimiyyəti arasında qarşılıqlı anlaşma və dəstək üzərində qurulub. Azərbaycan Prezidenti xalq adamıdır, hətta özünə qarşı olanların belə bütün anlamlarda prezidentidir. Ona görə də bu ölkədə ortaya çıxan hansısa fikir ayrılıqları xalqla prezidenti üz-üzə qoymur, əksinə, ona olan etimadı daha da möhkəmləndirir. Belə bir ölkənin prezidenti olaraq İlham Əliyev həmişə ən yüksək səviyyəli beynəlxalq tribunalarda əminliklə, qətiyyətlə çıxış edir. Çünki öz xalqının dəstəyinə arxayındır.

Elə BMT Baş Məclisindəki çıxışında cənab Prezidentin işğalçı siyasətindən əl çəkməyəcəyi təqdirdə Ermənistanı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıra biləcəyimizi açıq mətnlə dilə gətirməsi bunun daha bir sübutudur.

İlham Əliyevin əlini və məntiqini gücləndirən amillər sırasında, heç şübhəsiz, ölkənin son illər ərzində sıçrayışlı istisadi inkişafı təmin etməsi də var. Eyni zamanda Azərbaycanın özəlliklə də Avropa üçün neft və qaz təchizatı məsələlərində dayanıqlı əsas tərəfdaşa çevrilməsi diqqətə alınmalıdır. Günümüzün Avropası başqa mənbələrdən gələn enerji təchizatında sürəkli risk altında olduğu halda Azərbaycanın bu yöndəki davranışı nəinki bu gün, elə önümüzdəki uzun illər üçün də təminat deməkdir. Yəni Avropa bu məsələdə arxayındır.

Azərbaycan öz xarici siyasətində, beynəlxalq müstəvidəki davranışlarında da etibarlı, sabit tərəfdaş olduğunu hər zaman birmənalı sübut edib. Belə bir durum isə cənab Prezidentin hər zamankı kimi arxayın və qətiyyətli çıxışına, davranışına rəvac verməyə bilməzdi.

Bütün bunların fonunda bir də onu müşahidə edirik ki, bədxahlarımız, erməni dəyirmanına su tökənlər ən cılız iddialarla cənab Prezidentin bu danılmaz uğuruna kölgə salmağa çalışırlar. Dediyim kimi, cılız iddialarla.

O iddiaları niyə məhz cılız kimi dəyərləndiririk? Çox sadə bir səbəbdən: həmin iddialar cənab Prezidentin çıxışında toxunduğu danılmaz həqiqətlərə cavab xarakterli deyil də, ondan.

Görün, bu aşağılıq kompleksindən əziyyət çəkənlər nəyə irad tuturlar? Cənab Prezidentin qızı, özünün ictimai və humanitar fəallığıyla ən yüksək səviyyədə seçilən və gənc olmasına baxmayaraq yetərincə təcrübə qazanmağı bacardığını bütün işlərində göstərən Leyla Əliyevanın özçəkim etməsi bu bədbəxtlərin irad tuta biləcəyi tək “arqument” kimi ortaya atılıb. Bunu kim ortaya atıb? Təbii ki, ermənilər və onlara züy tutan “bizimkilər”. Bu yazıq və bədbəxtlərdən ibarət sürü deyir ki, niyə Leyla Əliyeva orada özçəkim edib? Hələ deyirlər ki, Leyla Əliyeva Prezidentin çıxışı zamanı üzündə təbəssümlə edib bunu.

Heç dəxli var? Nə etməliydi, sizin kimi şivən salmalıydı orda? Həm də bir Azərbaycan gənci olaraq Leyla Əliyevanın da öz ölkəsinin prezidentinin bu qədər möhtəşəm çıxışını təbəssümlə, sevinclə qarşılamasından təbii nə ola bilər ki?

Mən əminəm ki, Azərbaycan gəncliyinin avanqardı olan Leyla Əliyeva o çıxışı dinlərkən Prezident İlham Əliyevi sadəcə olaraq atası kimi deyil, xalqının lideri kimi dəyərləndirib, buna ürəkdən sevinib və sevincini kübar bir təbəssümlə büruzə verərək həmin anı tarixiləşdirmək üçün özçəkim edib. Və doğru da edib. Həqiqətən də o an tarixin yaddaşına məhz o şəkildə həkk edilməliydi.

Sözümüzü bitirərkən bir daha qeyd etmək istərdik ki, cənab Prezidentin BMT-nin bu ali tribunasından etdiyi çıxış onun Azərbaycan davasının haqlı öndəri olmasını bir daha və qətiyyətlə təsdiq edir. Eyni zamanda biz ona da şahid olduq ki, Prezident İlham Əliyevin xalq adına yürütdüyü siyasətdən narahat olan ermənilər və onların bizdən olan uzantıları bir daha çılğına döndülər, başlarını itirdilər və əmin oldular ki, Azərbaycan xalqıyla onun prezidenti arasına girmək heç cür mümkün olmayacaq.

Azər HƏSRƏT


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-10-2017
22-10-2017
21-10-2017
21.10.2017 Neft bahalaşıb
20-10-2017
20.10.2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1729 san