10:29 20 fevral 2013
4464 dəfə oxunub
Çap versiyası
Ruslan Əliyev

Çexiyanın Çarlz Universitetinin doktorantı

Pul strategiyasının əhəmiyyəti

Ölkənin strateji siyasətinin ən vacib həlqələrindən biri də dövlətin həyata keçirtdiyi iqtisadi siyasətdir. İqtisadi ədəbiyyatda iqtisadi siyasətin iki qanadından biri fiskal siyasətdirsə digəri məhz monetar (pul) siyasətdir. Pul siyasəti iqtisadiyyata qısa və uzunmüddətli dövrdə təsir üçün unikal və vacib bir alətdir. Əksər dövlətlərdə olduğu kimi Azərbaycanın da pul siyasətini Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra Mərkəzi Bank) həyata keçirir.

Ümummilli lider Heydər Əliyev zamanında düzgün olaraq vurğulamışdır ki, Mərkəzi Bank ölkənin ən mötəbər qurumlarından biridir. Mərkəzi Bank ölkənin bütün maliyyə sisteminə nəzarət funksiyasını daşıyır ki, bura da pul siyasətinin formalaşdırılması və həyata keçirilməsi, pul təklifinə və banklara nəzarət, ölkənin beynəlxalq valyuta ehtiyatlarının idarə edilməsi və bu kimi onlarla vacib vəzifələr daxildir.

Hər gün internet, radio, televiziya, qəzet və jurnallardan dünyada baş verən hadisələri izlərkən pul siyasətinin nə dərəcədə vacib olduğunu müşahidə etmək çətin deyil. Federal Ehtiyat Sisteminin (ABŞ-ın mərkəzi bankı) və ya Avropa Mərkəzi Bankının qərarlarını ictimaiyyət diqqətlə izləyir. Mərkəzi bankların qərarları istehlakçıların və istehsalçıların bugünkü sərvətlərinə və gələcək gəlirlərinə birbaşa və dolayı təsir imkanlarına malikdir. Bu səbəbdən pul siyasətinə dair qərarların istehsalı və onların icrası çox məsuliyyətli və mürəkkəb bir prosesdir.

Hər bir geosiyasət iqtisadi dayaqlar üzərində qurulur. G20 ölkələrinin sammitində digər ümumbəşəri problemlərlə yanaşı valyuta-pul siyasəti də geniş müzakirə olunur. Məsələn ABŞ prezidenti Çini yuanın məzənnəsini süni yolla ucuz tutmaqda ittiham edərək Çin Xalq Respublikasının prezidentindən məzənnə siyasətinin yumşadılmasını tələb edə bilər. Bu məsələdə toqquşan maraqlar bundan ibarətdir ki, Çin Mərkəzi Bankının Yuanın məzənnəsini süni yolla ucuz saxlaması Çinin ticari məhsullarının digər dünya ölkələrinin məhsullarına nisbətən rəqabət qabiliyyətliliyinin qorunmasını təmin edir. Bu sadə misal göstərir ki, pul siyasəti ölkə daxilində həlledici amil olmaqla yanaşı, ölkənin beynəlxalq iqtisadi rəqabətdə maraqlarının qorunmasında da mühüm amildir. "Ekonomist" jurnalı (London, Böyük Britaniya) beynəlxalq maliyyə bazarlarında gedən qızğın rəqabəti doğru olaraq "valyuta müharibələri" adlandırır. Bu "müharibələr"in episentrində mərkəzi banklar tərəfindən formalaşdırılan və icra olunan strateji və taktiki gedişlərin ölkənin inkişafında nə dərəcədə vacib və əhəmiyyətli olduğuna dəlalət edən çoxlu sayda misal göstərmək olar.

Azərbaycanın pul siyasətinin tarixi və bu günü barədə bəzi faktlar

Məqalədə təkrara yol verməməkdən və oxucunu yormamaqdan ötrü Azərbaycanın pul siyasətində son iki onillikdə baş vermiş ən vacib hadisələri qeyd etməklə kifayətlənəcəyik. Bu barədə ətraflı məlumatı Mərkəzi Bankın elektron səhifəsindən əldə etmək olar.

90-cı illərin əvvəllərindən indiyə kimi Azərbaycanın monetar sistemi uzun və şərəfli bir yol qət etmişdir. Bu dövr ərzində ölkənin pul sisteminin sıfırdan (bəlkə də mənfidən) qurulması prosesi getmişdir. Ötən əsrin sonuncu onilliyinin əvvəllərində milli valyutası belə olmayan, hiperinflyasiya və maliyyə özbaşınalığı ilə üzləşən bir ölkənin bu gün stabil və möhkəm pul-kredit sistemi mövcuddur. İnflyasiya idarə olunur (Qrafik 1) və valyuta məzənnəsi sabit saxlanılır. Mərkəzi Bankın valyuta ehtiyatları ilbəil artmadadır (Qrafik 2).

Qrafik 1. İstehlak Qiymətləri İndeksi, illik orta

 

Qrafik 2. Makroiqtisadi göstəricilər, mlrd. ABŞ dolları

   Mərkəzi Bank növbəti böyük sınağa 2000-ci illərin sonunda baş vermiş qlobal maliyyə böhranı zamanı çəkilmişdir. Böhranın Azərbaycana təsiri əsasən dünya bazarında neftin kəskin ucuzlaşması ilə əlaqədar neft ixracından daxilolmaların azalması ilə məhdudlaşmışdır. Böhranın ölkə iqtisadiyyatına təsirinin yumşadılmasında Mərkəzi Bankın əvəzolunmaz rolu olmuşdur.

Bu dövrdə həyata keçirilən pul siyasətinə qiymət vermək üçün həmin dövrdə maliyyə-kredit sistemində baş verən gəlişmələrə nəzər salmaq yerinə düşərdi. Qlobal böhran zamanı dünyanın qabaqcıl ölkələrinin maliyyə sistemi süqut etdiyi bir dövrdə Azərbaycanın kommersiya banklarında müflisləşmə müşahidə olunmamışdır. Bu dövr ərzində Mərkəzi Bankın beynəlxalq ehtiyatları və pul kütləsinin artım tempi azalmış (Qrafik 2), valyuta məzənnəsi stabil saxlanılmışdır. Neft gəlirlərinin artım tempində azalma baş vermiş, lakin Mərkəzi Bank beynəlxalq valyuta ehtiyatlarından istifadə edərək məzənnəni sabit saxlamış, iqtisadiyyatın likvidlik problemi yaşamasına imkan verməmişdir.

Azərbaycanın pul siyasətinin qarşısında duran çağırışlar və onların mümkün həlli yolları.

Pul siyasətinin uğurlarından söhbət açarkən qarşıda duran potensial maneələri qeyd etmək və onlarla mümkün mübarizə yollarının göstərilməsi vacibdir. Eyni zamanda dünyanın uğurlu inkişafa imza atmış ölkələrinin monetar siyasət modellərinin Azərbaycana birbaşa tətbiqi düzgün olmazdı. Əlbəttə yerli xarakterik xüsusiyyətlər nəzərə alınmalıdır.

Etiraf etmək lazımdır ki, gənc bir ölkə kimi Azərbaycanda azad bazar iqtisadiyyatı şəraitində müəyyən neqativ halların qalması davam edir. Son dövrlər hökumətin korrupsiyaya qarşı rəsmi olaraq elan etdiyi mübarizə vəziyyətin diqqətdən kənarda qalmadığını göstərir. Lakin, bu istiqamətdə daha köklü və sərt islahatların aparılmasına ehtiyac vardır.

Qeyd olunan problemlər Mərkəzi Bank tərəfindən aparıla biləcək bəzi siyasi alətlərin effektivliyini aşağı salır, bəzi alətləri isə tamamilə istifadəyə yararsız edir. Bəs Mərkəzi Bank bu məhdudiyyətlər fonunda nə edə bilər? Bu suala cavab tapmaq üçün qarşıda duran problemləri və çağırışları daha yaxından araşdırmaq və təsnifləşdirmək məqsədəuyğun olardı. Onları aşağıdakı 4 əsas qrupda cəmləşdirmək olar.

1.      Qlobal maliyyə böhranının fəsadları.

Dünya iqtisadiyyatı çox ciddi bir böhrandan sonra ağır bir bərpa dövrünə qədəm qoymuşdur. Bəzi iqtisadçılar bu bərpa prosesinin kövrək olduğunu və istənilən an yenidən böhranla əvəz oluna biləcəyindən narahatdırlar. Avropanın bəzi ölkələri hələ də ciddi xarici borc problemi ilə üz-üzədirlər ki, bu da vahid valyuta olan Avronun gələcəyini sual altında qoyur.

2.       "Təbii Sərvət Lənəti".

Empirik cəhətdən sübut olunmuşdur ki, uzunmüddətli dövrdə təbii sərvətlərlə zəngin ölkələrdə iqtisadi artım digər ölkələrə nisbətən aşağı olur. Bunun əsas səbəbləri dominant bir sektorun (Azərbaycan üçün neft-qaz) digər ticari sektorları sıxışdırması, ikisürətli iqtisadiyyatın mövcudluğu, istehsal amillərinin digər sahələrdən sərvət hasil edən sektorlara axması və milli valyutanın məzənnəsinin dəyərinin yüksəlməsi ilə əlaqədar digər ticari sektorların rəqabətqabiliyyətliliyinin azalmasıdır. Qeyd etmək lazımdır ki, iqtisadi ədəbiyyatda Holland sindromu və ya təbii sərvət lənəti adlandırılan bu fenomen potensial olaraq Azərbaycan üçün mövcuddur.

3.      Karbohidrogen gəlirlərinin məhdudluğu və qeyri-müəyyənliyi.

Bildiyimiz kimi son onillikdə Azərbaycanda sürətli iqtisadi artım əsasən neft-qaz hasilatı hesabına baş vermişdir. Təbii ki, bu artım tükənən təbii sərvətlərdən qaynaqlanır və davamlı ola bilməz. Artıq 2011-ci ildən iqtisadi artım tempində azalma müşahidə olunmaqdadır. Bu baxımdan ölkənin neftdən asılılığının azaldılması, daha dəqiq desək qeyri-neft ixracyönümlü istehsalın formalaşdırılması həllini gözləyən məsələlərdəndir.

4.      Fiskal dominantlıq və Mərkəzi Bankın müstəqilliyi. Mərkəzi hökumətin mərkəzi bankı pul çap etməyə təhrik etməsi və bu yolla əlavə gəlir əldə etməsi (senyoraj) dünya praktikasında geniş müşahidə olunan haldır. İqtisadi ədəbiyyatda bu fiskal hakimiyyətin monetar hakimiyyətin üzərində dominantlığı və ya sadəcə fiskal dominantlıq adlandırılır. Azərbaycanda bu proses bir az yumşaq və fərqli formada baş verir. Nəhəng neft gəlirləri maliyyə nazirliyi tərəfindən xərclənilir və buna Mərkəzi Bank daxili valyuta bazarında tarazlığı qorumaq məqsədilə manat pul kütləsini artırmaqla reaksiya verir ki, bu da inflyasion təzyiqləri artırır.

Bu çağırışların müxtəlif kateqoriyalar altında təsnifləşdirilməsinə baxmayaraq, onların kökü eynidir. Bu səbəbdən problemlərin həlli yolları ya kəsişir, ya da onlara qarşı tədbirlər paralel aparılmalıdır.

Ali məqsəd qlobal maliyyə böhranının fəsadları ilə çarpışan dünya iqtisadiyyatı və mövcud məhdud təbii sərvətlər fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdən ibarətdir. Son illər ölkənin nail olduğu iqtisadi artım tempinin qorunub saxlanılması gündəmdə duran əsas məsələlərdən biridir. Məlum olduğu kimi son on illikdə müşahidə olunan artım əsasən ölkənin karbohidrogen yataqlarının işlənməsi ilə əlaqədar idi.  Nəzərə alınsa ki, neft-qaz hasilatı daimi deyil və artıq maksimum potensialına çatmışdır, bundan sonrakı dövrdə iqtisadi artımın təmin edilməsi xüsusi əhəmiyyətə malikdir.

Bu məqalə pul siyasətinə dair olduğundan mövcud problemlərin həlli yollarına yalnız Mərkəzi Bankın prizmasından nəzər salırıq. İqtisadi ədəbiyyatda biznes tsiklləri iqtisadiyyatın ayrılmaz hissəsi kimi qəbul olunur və yekun rəy budur ki, fiskal və monetar siyasət qısamüddətli dövrdə stabilləşdirmə siyasəti yürütməklə makroiqtisadi göstəricilərdə (ÜDM, işsizlik, inflyasiya və s.) olan dalğalanmaları və onların uzunmüddətli təbii səviyyədən kənarlarşmaları azalda bilər. Bu baxımdan Mərkəzi Bank qısamüddətli dövrdə iqtisadiyyatı stabilləşdirmə gücünə malikdir. Lakin uzunmüddətli dövrdə iqtisadi artımın təmin edilməsi daha çox digər institusional və sair amillərdən asılıdır.

Bu gün Mərkəzi Bank qısamüddətli dövrdə makroiqtisadi sabitliyin əsas qarantlarından biri olmaqla yanaşı həm də ölkənin uzunmüddətli inkişafı barədə düşünməli və bu istiqamətdə addımlar atmalıdır. Belə ki, artıq makroiqtisadi sabitliklə yanaşı, uzunmüddətli strateji inkişaf da əsas hədəf kimi müəyyənləşdirilməlidir.

Yuxarıda sadalanan problemlərin mümkün həlli yolları kimi aşağıdakı təklifləri irəli sürürük:

1. Azalan neft hasilatı və qlobal maliyyə böhranının neqativ təsirləri fonunda ixracyönümlü qeyri-neft sektorunun davamlı artımının təmin edilməsi məqsədilə bu sahədə yumşaq pul siyasətinin, başqa sözlə desək "ucuz pul" siyasətinin aparılması məqsədəuyğun olardı. Qeyri-neft sektorunun stimullaşdırılması üçün iqtisadiyyatın qısamüddətli dövrdə likvidliyə tələbinin təmin olunması vacib şərtdir.

2. Hamıya məlumdur ki maliyyə-kredit sistemi iqtisadiyyatda maliyyə resurslarının daha səmərəli bölgüsünə xidmət edir. Bu sistemin daim sağlamlaşdırılması və səmərəliliyinin artırılması real sektorun inkişafını sürətləndirəcək əsas amillərdən biridir.  Misal üçün, maliyyə sisteminin elektronlaşdırılması mövcud monopoliyaların yaratdığı süni aşırımların aradan qaldırılması ilə nəticələnə bilər. Qeyd etmək lazımdır ki, elmi tərəqqi özü bu prosesi zamanla irəli itələməkdədir və qloballaşan dünyada artıq maliyyə əməliyyatlarının virtual icrası qaçılmazdır. Lakin Mərkəzi Bankın rəqəmsal texnologiyalardan istifadəni stimullaşdırması prosesi daha da sürətləndirə bilər.

3. Milli valyutanın bahalaşmasının müəyyən çərçivədə məhdudlaşdırılması ölkədə istehsal olunan ticari məhsulların rəqabətqabiliyyətliliyini təmin etməkdədir. Düzdür, hazırkı şəraitdə qeyri-neft ticari sektor ümumi istehsalda çox kiçik çəkiyə malikdir və "ucuz məzənnə" siyasətinin təsiri bir o qədər də əhəmiyyətli deyil. Lakin uzunmüddətli dövrdə hədəfə çatmaqdan ötrü bütün mümkün kanallar səfərbər olunmalıdır.

4. Vacib siyasi qərarların daha dəqiq kəmiyyət hesablamalarına əsaslandırılması məqsədilə Azərbaycan iqtisadiyyatı üçün nəzəri-praktik modellərin qurulması vacibdir. Daha dəqiq desək, pul siyasətinə dair qərarların qəbul edilməsində hal-hazırda dünya mərkəzi banklarında geniş tətbiq olunan Dinamik Stoxastik Ümumi Tarazlıq (DSGE-Dynamic Stochastic General Equilibrium) modellərinin istifadəsində böyük fayda vardır. Bu tip modellər fərqli siyasi qərarlar verildikdə iqtisadiyyatın hansı ssenarilər üzrə inkişaf edəcəyini proqnozlaşdırmağa imkan verir. Mərkəzi Bankın hər bir qərarının arxasında dəqiq kəmiyyət hesablamalarının durmasında böyük fayda vardır.

5. Vacib tədbirlər sırasına fiskal və monetar siyasətin sinxronlaşdırılması məsələsini də daxil etmək olar. Siyasətin bu iki qolu arasındakı qarşıdurmaların yumşaldılmasına və strateji qərarların uzlaşdırılmasına ehtiyac vardır. Buna yuxarıda qeyd olunan fiskal dominantlığın aradan qaldırılması ilə başlamaq olar.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanan növbəti onillik üçün iqtisadi inkişaf və müasirləşmə strategiyasında Mərkəzi Bankın müstəsna rolu vardır. Mötəbər bir qurum kimi Mərkəzi Bank daim diqqət və qayğı mərkəzində saxlanılır və mövcud şərtlər daxilində onun öz siyasətini müstəqil formalaşdırmasına şərait yaradılır. Sadə bir faktı vurğulamaq yerinə düşərdi. Bu gün Mərkəzi Bankda savadlı və müasir fikirli kadrlar toplanmışdır. Bu ziyalı qrupu qoşqunun önündəki aparıcı qüvvə kimi, iqtisadi sistemi irəli çəkməkdədir. Strateji baxımdan bu qoşqunun düzgün istiqamətləndirilməsi çox vacibdir ki, bu da düşünülmüş və uzaqgörən siyasi strategiyanın üzərinə düşür.

Son söz olaraq bir daha qeyd etmək istərdik ki, mövcud məhdudiyyətlər fonunda iqtisadi problemlərin həll olunmasında Mərkəzi Bankın müstəsna rolu vardır. Ümid edirik ki, bu məqalədə göstərilən və müəllifin nəzərindən qaçan digər məsələlər daim Mərkəzi Bankın diqqət mərkəzində olacaqdır.


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:69061
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1253 san