10:19 23 fevral 2013
4050 dəfə oxunub
Çap versiyası

    Günün danılmaz reallığına çevrilən qloballaşma dünya miqyasında layiqli yerini tutmaq üçün hər bir fərddən -bu istər şəxs, istər dövlət, istərsə də xalq üçün- xüsusi çeviklik, operativlik, bacarıq, uyğunlaşma və güc tələb edir. Bu baxımdan təbii sərvətlərdən və illərlə toplanmış mənəvi irsdən düzgün və məqsədyönlü istifadə etmək vacib zərurətə çevrilir.

Həm  mənəvi dəyərləri,   həm yerüstü, həm də yeraltı təbii sərvətləri ilə diqqət çəkən Azərbaycan zaman-zaman təbiətin bəxş etdiyi bu xəzinənin cəfasını çox çəkmiş, yadellilərin həsədinə, hücumuna, nəticədə dağıntılara məruz qalmışdır. SSRİ dağıldıqdan və çürük kommunizm girdabından xilas olduqdan sonra Azərbaycan çox qısa zaman kəsimində çiçəklənmiş, dünya miqyasında öz sözünü deməyə qüdrəti çatmış müstəqil respublikaya çevrilmişdir. Artıq regionun lideri olan Azərbaycanın səsi söz sahibi kimi BMT tribunasından gəlir, onunla hesablaşırlar.

Doğrudur, mürtəce qüvvələr birləşərək dünyaya Günəş kimi doğulmuş  Azərbaycanın (H. Əliyev) gəlişini əngəlləməyə çalışdılar, torpağının 20%-ini işğala məruz qoydular, haqq səsini batırmağa çalışdılar, lakin tarixin təkərini, təbii prosesləri geri döndərməyin mümkün olmadığını başa düşməyən bu mürtəcelər qüdrətli Azərbaycanın inkişafını, onun iqtisadi gücünü qəbul etməyə, təbii sərvətlərindən yararlanmaq üçün ölkəmizlə bərabərhüquqlu səviyyədə əlaqələr yaratmağa məhkumdurlar.

Bu mənadan zəngin mədəni irsimizin dünyaya çatdırılmasında H. Əliyev Fondunun, onun prezidenti M. Əliyevanın rolu qeyd olunmalıdır. Titanik fəaliyyət nəticəsində dünya anlamağa başlayıb ki, mədəniyyət beşiyi, bir çox mənəvi dəyərlərin daşıyıcısı elə Azərbaycandır.

Azərbaycan dövlətinin uğurlu iqtisadi siyasəti də öz sözünü deməyə başlamışdır. Öz malına sahib çıxan dövlətimiz elə öz var-dövlətimizin  sayəsində xarici dövlətlərin for-postuna çevrilməmişdir. Əksinə sabit iqtisadi yüksəlişlə inamla irəliləməkdə davam edir, AB, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar.

Artıq Azərbaycanda formalaşmış dövlət strukturları uzunmüddətli strateji konsepsiyalar hazırlayır, onları müvəffəqiyyətlə həyata keçirirlər. Günümüzün tələbatına çevrilmiş bir məsələnin də həlli qeyri-neft sektorunun inkişafına vacib töhfə verə bilərdi. Məlum olduğu kimi neft amili respublikanın inkişafında mühüm mərhələdir və buradan götürülən gəlir hesabına əhəmiyyətli məsələlər həll olunmuşdur.  Lakin  tükənməyən xammal yoxdur və təkvektorlu inkişaf gec-tez problemlə üzləşir. Bu baxımdan Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab prezident İlham Əliyev yekun nitqində haqlı olaraq qeyd etmişdir: "...Çünki giriş sözümdə qeyd etdiyim kimi, ötən il qeyri-neft iqtisadiyyatımız 9,7 faiz artmışdır. Əslində, iqtisadi artım bu deməkdir. Çünki neft sektorunda qeyd etdiyim kimi, azalma olmuşdur. Yəni, bunu biz sənayeləşmə və biznes mühitinin yaxşılaşdırılması hesabına təmin edə bilmişik. Biz elə etməliyik ki, bu inkişaf templərini saxlayaq və hesab edirəm ki, qeyri-neft sektorunda inkişaf on faiz səviyyəsində olmalıdır. Biz buna nail ola bilsək, o zaman uzunmüddətli perspektivdə ölkəmizin çox güclü sənaye potensialı yaranacaqdır. Bu potensial bu gün artıq yaranmaqdadır. Biz artıq xarici bazarlara çıxırıq, yeni bazarlar aşkarlayırıq. Bu sahədə, əlbəttə ki, müxtəlif ölkələrlə bizim qarşılıqlı ikitərəfli əlaqələr də çox vacibdir".(1)

 Həm də nəzərə alınmalıdır ki, yetişməkdə olan gənc və gələcək nəsil də Azərbaycana bəxş edilmiş bu töhfələrdən layiqincə yararlanmalıdır. Əlbəttə, bu istiqamət diqqət mərkəzindədir və çoxşaxəli inkişaf dövlətimizin əsas qayəsidir. Dəfələrlə qeyd olunmuşdur və təkrara ehtiyac olmayan deyim vardır : Allah Azərbaycanı cənnət yaratmış, lakin dünyadan buraya axının qarşısını almaq üçün hər kəsə öz vətənini sevməyi tapşırmışdır.

Demək istəyirəm ki, Azərbaycan dünya rəqabətində çıxış nöqtəsi kimi üstün mövqeyə malikdir və bu mövqe əldən verilməməlidir. Azərbaycanın zəngin mineral-xammal bazası vardır. Hələ VI-VII əsrdən Gümüşlü mədənində istehsalata başlanılmışdır, Söyüdlü yatağından qızıl emalının dəqiq tarixi məlum deyildir.Yəni Azərbaycanın dağ-mədən sənayesi qədim tarixə malikdir. Yəqin ki, araşdırmalar tarixin bu qaranlıq məqamlarını aydınlaşdırmağa yardım edəcəkdir. Bizə isə qeyd etmək qalır ki,bu sahənin bərpası həm siyasi, həm də strateji baxımdan böyük zərurət kəsb edir. "Bu sahədə müəyyən işlər görülməkdədir. Ancaq görülən işlər dağ-mədən sənayesinin tələb etdiyi gücdə deyil. Azərbaycanda dağ-mədən sənayesinin böyük potensialı vardır. Təəsüf ki, neft-qaz sənayesinə verilən diqqət qədər bu sənayeyə diqqət yetirilmir. Hansı ki, dağ-mədən sənayesi bütün parametrlərinə görə, heç də neft-qaz sənayesindən geri qalmır. Azərbaycanda bu sənayeni dünya miqyasında diqqət çəkən bir səviyyəyə qaldırmaq tamamilə mümkündür"(2).

Turizm, mədəniyyət, incəsənət kimi istiqamətlərin əhəmiyyətini azaltmadan qeyd etməliyik ki, dövlətin təhlükəsizliyi, gücü, qüdrəti dağ-mədən sənayesinin inkişafı  ilə düz mütənasibdir. Sovetlər dönəmində xammal resursuna çevrilmiş Azərbaycanın dəmir filizi Gürcüstanda emal olunurdu, sement istehsalı üçün bütün xammalların olduğu Azərbaycanın sementə olan tələbatının çox hissəsi digər yerlərdən idxal hesabına həll olunurdu. Ən faydalı müalicəvi və içməli suyu olan ölkəmizdə daha çox Borjomi, Cermux və s. sular daha məşhur idi. Haqqında çoxlu şerlər qoşulan nemətlərimizdən istifadə və onların qorunması əslində acınacaqlı vəziyyətdə idi. Nefti  daşıyan SSRİ Abşeronu ciddi ekoloji fəlakətə sürükləyirdi.

Son vaxtlar bu istiqamətlər üzrə dövlət siyasəti kökündən dəyişilmişdir. Artıq yaranmaqda olan şirkətlər respublikada dağ-mədən sənayesini dirçəltməyə çalışırlar, ilkin uğurlar əldə edilmişdir. "Diqqətinizə çatdırdığımız məlumatlar birmənalı şəkildə təsdiq edir ki,...bu sənayenin inkişafı Azərbaycan iqtisidiyyatına sözün əsl mənasında möcüzələr vəd edir. Bu qarşıda duran əsas məsələ qeyd olunan yataqların rentabelli şəkildə istismar edilməsi, hasilatın artırılması, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, Azərbaycanda ehtiyatları hələ öyrənilməmiş digər yataqlarda kəşfiyyat işlərinin aparılması və istismara cəlb edilməsidir. Qəti şəkildə bir daha qeyd etmək istərdim ki, qeyd etdiyimiz yataqlarda işlərin genişləndirilməsi Azərbaycanda yeni iqtisadi sıçrayışın əsasını təşkil edəcəkdir". (3) 

Burada da bir məsələni qeyd etmək yerinə düşər ki, bazar iqtisadiyyatının tələblərinə uyğun inkişaf edən bu mühüm sahə bazarın özünəməxsus qanunları ilə inkişaf edir, burada sahibkarların az diqqət etdikləri sahələr xüsusi diqqət və nəzarət tələb edir. Onlar yüksək gəlir əldə etməyə çalışır, xammalın zəngin hissələri istismar olunur, kasıb hissələr atılır və s. Fikrimizcə, filizdən istifadənin kompleksliliyinə nəzarət mexanizmi tətbiq olunmalıdır. Yəni mövcud duruma görə yüksək rentabelliyə malik metallarla yanaşı (Au, Ag,Pt və s)  bir sıra metalların (ağır, hazırda tələbat zəif olan) da zəngin olan yataqlardan çıxarılması kompleks həyata keçirilməli, filiz lazımsız tullantı kimi atılaraq ekoloji şəraitə zərər verməməlidir. Yataqların işlənməsi elmi əsaslarla aparılmalıdır. Nəzərə almaq lazımdır ki, bir çox faydalı elementlər (nadir və torpaq-qələvi, radioaktiv və səpələnti elementlər) təbiətdə çox müstəsna hallarda müstəqil yataqlar əmələ gətirirlər, digər filizlərin tərkibində çox cüzi miqdarda toplantılar yaradırlar. Doğrudur, onların satışından böyük gəlirlər əldə etmək mümkündür, lakin onların çıxarılması böyük sərmayə yatırımı tələb edir, məhz bu səbəbdən şirkətlər bu istiqamətli emallara xüsusi maraq göstərmirlər.Həmçinin bu kimi elementlərin təyini spesifik laboratoriya tədqiqatları tələb edir, bu avadanlıqlar isə çox bahadır. Xammalın kompleks istifadəsi isə böyük əhəmiyyət kəsb edir. Məsələn,  Daşkəsəndə Co istehsalı təşkil etmək mümkündür. Böyük və Kiçik Qafqaz filizlərində Ge, Bi, Mo kimi metallar yayılmışdır və s.

Dünyada  şirkətlərin istehsalat təcrübələri onlarn ekoloji tələblərə tam riayət etmədiklərini  göstərir. Bu yaxınlarda BP-nin Amerika sahillərindəki neft fəlakəti buna nümunədir. "Böyük Britaniyanın BP neft şirkəti Meksika körfəzində neft hasilatı tarixində baş verən ən irimiqyaslı qəzanın nəticələrinin aradan qaldırılması üçün 3,5 milyard dollar sərf edib. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda bildirilir. 

Məlumata görə, bu məbləğ özündə neft sızması nəticələrinin aradan qaldırılması, əlavə "yükboşaltma" quyularının tikintisi, quyuların germaatizasiyası, sahilyanı ölkələrə qrant və iddialar üzrə ödəmələri özündə əks etdirir. Belə ki, artıq zərərçəkənlərdən şirkətə 105 min iddia daxil olub ki, onların da 52-si üzrə 165 milyon dollar dəyərində ödəmə aparılıb". (4)

Qeyd etməliyik ki, təbiət vahid mexanizmdir, bütün inkişafın , tərəqqinin fəlsəfəsi eynidir. Hər hansı kiçik detalın nəzərə alınmaması  düzəldilməsi mümkün olmayan nəticələrə səbəb ola bilər. " Yadda saxlamaq lazımdır ki, texnikanın, kimyanın, zərərli texnologiyaların, insanların təbiətə düşünülməmiş müdaxiləsi və s. amillər təkcə çaylar, meşələr, torpaqlar, sular, qidalar və s. üçün ekoloji fəlakətlər təhlükəsi törətmir. Ətraf mühitin çirklənməsi canlı orqanizmlərin, o cümlədən insanın genetik xüsusiyyətlərinə də pis təsir edir, irsiyyəti məhv edir və düzəldilməsi mümkün olmayan fəsadlar törədir" (5).  Zənnimizcə, hər sahə öz mütəxəssisinə, o sahəni gözəl bilən insanlara etibar edilməlidir. Azərbaycanın demək olar ki, bütün sahələrdə öz peşəkar kadr potensialı vardır. Hələ SSRİ  dövründən  H. Əliyev bu sahəyə xüsusi fikir verir, respublikadan xaricdə təhsil alan kadrları diqqət mərkəzində saxlayırdı. İndi o mütəxəssisləri birləşdirmək, dağ-mədən sənayesi adlanan vahid ürəyin sabit döyünməsi üçün əməli fəaliyyətə keçmək zamanıdır.

Mütərəqqi ideyaları cəmləməklə elə bir inkişaf modeli hazırlamaq lazımdır ki, onun nəticəsi yalnız tərəqqi olsun. SSRİ-də bütün sənaye sahələrinin inkişaf etdirilməsi  cari və perspektiv, illik  və beşillik, uzunmüddətli olmaqla əvvəlcədən planlaşdırılır, ayrı-ayrı sahələr arasındakı əlaqələr nizamlanırdı. Doğrudur, bu təşəbbüskarlığın boğulmasına səbəb olurdusa da, iqtisadi böhranların qarşısını alırdı. Sovet İttifaqında xammal strategiyasına uyğun geologiya, qərbdə özəl qurumların tələbatına uyğun geologiya inkişaf etdiyindən inkşaf yolları da fərqli olmuşdur. SSRİ dövründə dövlətin inhisarında olan geoloji-kəşfiyyat işləri  nəticəsində zəngin dəyərli informasiyalar toplanmışdır və onlardan lazımınca istifadə olunmalıdır.

Vahid strateji xətt konsepsiyası olan müstəqil dağ-mədən sənayesinin yaradılması getdikcə qeyri - neft sektorunun inkişafına daha çox diqqət ayıran Azərbaycanın ən aktual problemlərindən biri hesab edilməli və həll edilməlidir.

Müasir dünyanın amansız və güzəştsiz rəqabət qanunları vardır. Bu qanunlar mənəviyyat, iqtisadiyyat, elm də daxil olmaqla bütün sahələri əhatə edir. Zamanın nəbzini tutmaq hər bir şəxsə, dövlətə,  xalqa  yalnız uğur gətirər.

Dönməz, əbədi  müstəqillik yolunu seçmiş Azərbaycanın (H. Əliev)  qüdrətinin artmasına xüsusi töhfə verəcək müstəqil dağ-mədən sənayesi sahəsinin yaradılmasının gerçəkləşdirilməsi gününün uzaqda olmayacağına inanırıq.

QEYDLƏR:

1. http://www.president.az/articles/7080. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi

2.Azər Şükürov: "Azərbaycanda dağ-mədən sənayesinin böyük potensialı var". Geostrategiya jurnalı №02 (08) MART-APREL 2012.

3. Dağ-mədən sənayesinin Azərbaycan iqtisadiyyatında yeri və rolu. Geostrategiya jurnalı № 05 (11) SENTYABR-OKTYABR 212.

4. http://anspress.com/index.php?a=2&lng=az&nid=52093p

5. Ziyadxan Nəbibəyli. Ekologiya  və Fövqəladə Hallar. Bakı 2012.S.35.


Müəllifin digər yazıları







Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1463 san