14:55 02 mart 2013
27925 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər üzrə  fəlsəfə doktoru, dosent

   Azərbaycan-BMT əlaqələrinin qurulması

 Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da BMT və dünya dövlətlərinə müraciət etdi. Müraciətdə Azərbaycan dövlət müstəqilliyinin bərpasını elan edərək, demokratiya, azadlıq və bərabərlik yolu ilə getmək əzmini əsas tutaraq, dünya birliyində layiqli yer tutmağı, beynəlxalq təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işinə kömək göstərməyi arzula-yaraq, BMT Nizamnaməsinə sadiq qalacağını və ondan irəli gələn öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirərək BMT üzvlərindən xahiş etdi ki, təşkilatın üzvlüyünə qəbul olunmaq məsələsi nəzərdən keçirilsin.

1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT Təhlükəsizlik Şurası ölkəmizin bu təşkilata üzv qəbul olunmasını tövsiyə etdi. Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respulikasının BMT üzvlüyünə qəbul olması barədə qətnamə qəbul edildi.

Müstəqilliyə yenicə qədəm qoymuş Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qaldığına görə, ağır sosial-iqtisadi, hərbi-siyasi vəziyyətlə üzləşmişdir. İlk illərdə beynəlxalq aləm ilə münasibətlərin qurulmasında çətinlik çəkən və güclü informasiya blokadasını aradan qaldırmaqda böyük təzyiqlərlə qarşılaşan Azərbaycan üçün BMT kürsüsünun çox mühüm əhəmiyyəti var idi. Xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılması, eləcə də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində 1992-ci il martın 6-da Nyu-Yorkda fəaliyyətə başlayan Azərbaycanın BMT yanında daimi nümayəndəliyi mühüm rol oynadı. Həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda daimi nümayəndəliyi açıldı.

BMT-də fəaliyyət göstərən daimi nümayəndəlik həm BMT, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq edir. Siyasi sahədə əməkdaşlığın əsas məqsədi Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətini münaqişə bölgəsində baş verən hadisələrə cəlb etmək və dünya ictimaiyyətində obyektiv rəy formalaşdırmaq idi.

Ona görə də Ermənistanın açıq-aşkar təcavüzünün genişlənməsi ilə əlaqədar Azərbaycan BMT Baş Katibinə, Təhlükəsizlik Şurasının sədrinə müraciət edərək bu təcavüzü dərhal dayandırmağa, beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin açıq-aşkar pozulmasının qarşısını almağa, münaqişənin dinc siyasi yolla nizama salınmasına kömək göstərməyə çağırdı. BMT Baş Katibi münaqişə bölgəsində vəziyyəti öyrənmək üçün regiona BMT-nin müşahidəçilər qrupunu göndərməyi qərara aldı.

Bu məqsədlə 1992-ci il martın ortalarında BMT Baş Katibinin xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin başçılıq etdiyi nümayəndə heyəti Bakıda, Dağlıq Qarabağda və Yerevanda səfərdə oldu və bu səfərin yekunları barədə BMT Təhlükəsizlik Şurasına məlumat verdi.BMT Baş Katibi Dağlıq Qarabağ probleminin həlli sahəsində ATƏM-in səylərini müdafiə etdiyini bildirdi.

Cəzasız qalan Ermənistan isə təcavüzkarlığını daha da genişləndirirdi. Azərbaycan dövləti Ermənistanın təcavüzkarlığının genişlənməsi ilə əlaqədar olaraq BMT Baş Katibinə, Təh-lükəsizlik Şurasının sədrinə müraciət edərək beynəlxalq birliyin diqqətini Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı birbaşa təcavüz həyata keçirdiyinə cəlb etdi və

təcavüzkara qarşı bütün lazımi tədbirləri görməyə çağırdı. Bu qətnamədə də Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etməsindən və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin gərgin olaraq qalmasından ciddi narahat olduğunu bildirirdi. Ümumiyyətlə, 884 saylı qətnamə əvvəlki, yəni - 822, 853, 874 saylı qətnamələrin məzmununu bir daha təsdiqlədi.

Ümumiyyətlə, 1992-1993-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının artması ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatı, eləcə də Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələridə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilirdi. Lakin Təhlükəsizlik Şurasının daimi üzvləri olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq vermədilər. Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxmasına deyil, münaqişənin atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər.

Təəssüf ki, Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla aradan qaldırılması sahəsində BMT və dünya birliyinin göstərdiyi səylər Ermənistan Respublikasının açıq-aşkar hər-bi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr vermədi. BMT-nin regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü faktının birbaşa etiraf olunmaması ilə bağlıdır. Ermənistan Respublikası BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozmasına baxmayaraq adı çəkilən nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahəsində çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermənistan silahlı qüvvələrinin münaqişədə bilavasitə iştirakını etiraf etməyin mürəkkəb olduğunu bildirirdilər. Halbuki BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Təhlükəsizlik Şurası sədrinin bəyanatlarında Ermənistan Respublikasının münaqişədə bu və ya başqa formada iştirakı etiraf olunurdu. Deməli, Ermənistan münaqişədə bi-tərəf olmayıb, dolayı yolla olsa da hərbi təcavüzə rəvac verib. Bu isə beynəlxalq cinayətdir və yuxarıda qeyd edildiyi kimi, BMT Baş Məclisinin 1974-cü ildə keçirilən 29-cu sessiyasında təcavüzün istənilən forması (birbaşa, yaxud dolayısı ilə) hərbi cinayət elan edilmişdir.

Azərbaycan-BMT əlaqələrinin genişlənməsi. Müstəqillik əldə etdikdən sonra Azərbaycan BMT ilə əlaqələrini inkişaf etdirməklə yanaşı, bu təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə töhfə vermək üçün irəli sürülən islahat təkliflərinin verilməsi və müzakirəsi prosesində fəal iştirak edir. 1993-cü ildə ümmummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu proses daha da genişləndi. Belə ki, Azərbaycan Prezidenti Heydər Əliyevin BMT Baş Məclisinin sessiyalarında və digər yüksək səviyyədə keçirilən müxtəlif iclaslarda və çoxsaylı görüşlərdə bu əlaqələr inkişaf etdirildi. Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə ümummilli lider 1994-cü ilin sentyabr aynıda BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.

Azərbaycanın BMT ilə əməkdaşlığının dərinləşməsində BMT-nin Baş katibi B.Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynamışdır. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan B.Butros Qali mövcud problemlərin həllində Azərbaycana dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının öz səylərini artıracağını bildirmişdir.

BMT ilə əlaqələrinin intensiv inkişafına xüsusi əhəmiyyət verən Azərbaycan bu təşkilatın müxtəlif beynəlxalq toplantılarında müntəzəm olaraq iştirak edir, irəli sürdüyü ideya və təkliflərə fəal münasibət bildirir. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır.

2000-ci ilin sentyabr ayında BMT-nin Minilliyin sammitində çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.

2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev öz çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməsini qeyd edərək, mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. Azərbaycanın hökumət başçısının fikrincə, BMT Təhlükəsizlik Şurasında "həm bugünkü, həm də yarıməsirlik reallıqlar öz əksini tapmalıdır".

Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir. Belə ki, Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə gətirdi. Sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür. Eyni zamanda, Azərbaycanın dövlət başçısı bildirmişdir ki, "Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".

Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edilmişdir.

Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqləndi.

Beləliklə, Azərbaycan Respublikasının BMT üzvlüyünə daxil olması ilə yaranan qarşılıqlı əlaqələr daha da genişlənərək, çoxşaxəli əməkdaşlığa çevrilmiş və Azərbaycanın müstəqil dövlət kimi inkişafında, beynəlxalq aləmdə müvafiq yer tutmasında mühüm rol oynamışdır. Eyni zamanda. Azərbaycan da bu nüfuzlu beynəlxalq təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini vermişdir.

Azərbaycan Respublikasınının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi. Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin məsul qurumu olaraq, 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, BMT Baş Məclisinin Prosedur Qaydalarının 142-ci bəndinə əsasən hər il BMT TŞ-nin 10 qeyri-daimi üzvündən 5-i yenilənir. 2011-ci ildə də 2012-2013-cü illər üşün Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü seçilməli idi.

BMT TŞ-nin qeyri-daimi üzvülüyünə seçkilərdə namizədlər regional qruplar adlandırılan qruplar tərəfindən irəli sürülür. Şərqi Avropa qrupundan namizədliyini irəli sürən Sloveniya və Macarıstanla mübarizə aparan Azərbaycan seçkilərin 16 mərhələsində əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində şərtsiz üstünlük qazanaraq 17-ci mərhələdə qələbə üçün tələb olunan 129 səsdən də çox olan 155 səs əldə etmişdir. Bundan əvvəl baş tutan səsvermənin 16-cı mərhələsində Azərbaycan 116, Sloveniya isə ancaq 77 səs toplamışdı. Axırıncı mərhələdə isə, Azərbaycanın lehinə 155 ölkə səs vermiş, 24 ölkə bitərəf qalmış və daha 13 ölkə yenə də Sloveniyaya səs vermişdir.

Beləliklə, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155 dövlətinin dəstəyini qazanaraq inamlı qələbə qazanmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il yanvarın 1-dən başlayacaq və 2013-cü il dekabrın 31-ə qədər davam edəcək.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması tarixi hadisədir və bu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Azərbaycan dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur.

Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkənin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Bu uğurun müstəqilliyin bərpasının 20-ci ildönümündə əldə edilməsi təsadüfi deyildir. Belə ki, Azərbaycan, ötən 20 il ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsidir. Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin artan fəallığı danılmaz faktdır.

2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyəti müddətində bir sıra məsələlərin gündəliyə şıxarılmasına nail ola bilər. Yəni, indiyə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll edilməmiş qalır. Azərbaycan BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlükdən istifadə edərək, özünün təhlükəsizlik problemlərini, ilk növbədə, pozulmuş ərazi bütövlüyü məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanmışdır.

Azərbaycan artıq 20 ildir ki, dünyada ardıcıl olaraq sülh və inkişaf siyasəti yürüdərək beynəlxalq hüququn bərpa olunmasını tələb edir. Münaqişələrin nizama salınması ilə bağlı ATƏT-in heç bir icraedici mexanizmi yoxdur. BMT-nin isə icraedici mexanizmlər var. Lakin qətnamələrin və qərarların yerinə yetirilməsi üçün dünyanın aparıcı dövlətlərinin də istəyi və iradəsi lazımdır. Azərbaycan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bir çox addımlar ataraq mövqeyini nümayiş etdirməklə yanaşı, "hücum diplomatiyası" taktikasını reallaşdıraraq mövqeyini dünyaya nümayiş etdirə bilər.

Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsini tarixi nailiyyət kimi qiymətləndirərək demişdir: "Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".

 

 


Müəllifin digər yazıları

  1. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  2. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  3. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
  4. Heydər Əliyevin XX əsrin 60-80-cı illərində ermənilərin əsassız ərazi iddialarına qarşı mübarizəsi
  5. Böyük dövlətlər Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  6. Şərqin ilk parlamentli, demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti
  7. Heydər Əliyevin xarici siyasət kursu müasir geosiyasi şəraitdə dinamik şəkildə inkişaf etdirilir
  8. Heydər Əliyev: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur"
  9. Ermənistanın etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri - I YAZI
  10. Madrid sənədinə çevrilən Baza prinsipləri ətrafında aparılan danışıqlar prosesi - II YAZI
  11. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsin nizama salınmasına dair ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti - I YAZI
  12. Azərbaycanın Respublikasının BMT ilə çoxtərəfli əməkdaşlığı
  13. Xocalı soyqırımının beynəlxalq aləmdə geniş yayılması və tanınması-III YAZI
  14. Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir - II YAZI
  15. Xocalı soyqırımı - Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin tərkib hissəsidir - I YAZI
  16. Azərbaycan-Avropa Şurası əməkdaşlığı dinamik şəkildə inkişaf etdirilir
  17. Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  18. İƏT və Azərbaycan:21 il
  19. Ermənistanın dövlət terrorizmi siyasəti və Azərbaycana qarşı təcavüzünün nəticələri - II YAZI
  20. Ermənistanın dövlət terrorizmi siyasəti və Azərbaycana qarşı təcavüzünün nəticələri - I YAZI
  21. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni mərhələsi -TƏHLİL
  22. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın diplomatiya tarixində ən böyük nailiyyətidir
  23. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik respublika
  24. Heydər Əliyevin xarici siyasət kursu və Azərbaycanın diplomatik uğurları
  25. Şuşa - tarixi, siyasi və strateji əhəmiyyətli şəhər
  26. Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir - I yazı
  27. Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin nəticələləri
  28. ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti






Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.2374 san