07:02 04 aprel 2013
1932 dəfə oxunub
Çap versiyası
Radif Mustafayev

Fəlsəfə üzrə fəlsəfə doktoru

   Əksər dini mövzularda olduğu kimi hakimiyyət probleminin araşdırılmasında da fərqli metodlar ayırd edilə bilər

 Bunlardan ən geniş yayılanı tədqiqatçıların din adı altında dini dünyagörüşün təqdim etdiyi, bu və və ya digər dindarın (möminin), teoloq, mütəfəkkir, din fəlsəfəçisinin baxışlarına istinadən müəyyən nəticələr hasil etmələridir. Dinə elmi (yəni, dinşünaslıq) və fəlsəfi (yəni, dinin fəlsəfəsi) yanaşma metodları da insan dünyagörüşü olub bunların obyektivliyi, məntiqiliyi önə çəkilməsinə baxmayaraq yalnız fəlsəfi dünyagörüşün spesifik imkanları problemi daha dolğun əhatə etməyə qadirdir. Daha bir yanaşma metodu kimi isə biz, bəzi tədqiqatçıların yalnız ilkin mənbələrə istinad edib, amma bu mətnləri istədikləri kimi izah etmələrini göstərə bilərik. Bütövlükdə sadaladığımız bu yanaşmalar hər bir dini mövzuda özünü göstərdiyi kimi hakimiyyət probleminə münasibətdə də fərqli mövqeləri sərgiləməkdədir. Məsələn, din tarixində formalaşan dini dünyagörüşə (dindarların, mistiklərin dini təcrübələrinə, ilahiyyatçı və din fəlsəfəçilərinin baxışlarına) üstünlük verənlər hakimiyyətin ilahi və dünyəvi cəhətlərini fərqləndirərək əslində, dində hakimiyyət anlayışının geniş anlamını (Tanrının mütləq hakimiyyəti) dar mənasına (cəmiyyətdə insanın siyasi iqtidarı) qarşı qoyub bunlardan birincisinə üstünlük verirlər. Bu cür nəticə əksər hallarda üçüncü qrup yanaşma tərəfdarları üçün də səciyyəvidir. Dinə elmi yanaşmanı özündə əks etdirən dinşünaslıqda isə ilahi hakimiyyət dünyəvi hakimiyyətin törəməsi hesab edilərək meydana gəlməsinin təbii-psixoloji, sosial-iqtisadi, siyasi və s. əsasları izah edilir. Belə bir xüsusiyyət isə, fəlsəfədə materialist istiqamətli sosial fəlsəfə tərəfindən dəstəklənərək inkişaf etdirilməkdədir. Lakin bu faktın özü belə bütün fəlsəfi dünyagörüşə şamil edilməyib digər metodlarla Dinin fəlsəfəsi predmetində müqayisə edilməkdədir. Bunlara dinin fenemonologiyası, dinə hermenevtik yanaşmanı və nəhayət postmodernist fəlsəfədə dinə münasibəti göstərə bilərik. Məhz sadaladığımız yanaşmaları əldə rəhbər tutub dində hakimiyyət probleminə münasibət bildirərkən İslam dini misalında qeyd etmək istərdik ki, dinin meydana gəldiyi vaxtdan Məhəmməd peyğəmbərin vəfatı ilə yekunlaşmış bir dövrü sonrakı zaman, yəni, müsəlman aləminin tarixi və ya din tarixi ilə qarışdırmaq olmaz. Əks təqdirdə, biz də yuxarıda qeyd etdiyimiz metodoloji yanlışlığa uğrayıb dində (konkret olaraq İslam dinində) hakimiyyət problemini deyil, bu ad altında müxtəlif yanaşmaları araşdırmış oluruq. Məhz bundan qorunub İslam dinində hakimiyyət problemi ilə əlaqədar bütün yanaşmaları təhlil edərkən aşağıdakıları qeyd edə bilərik:

- İslamda tanrı mütləq və təkhakimiyyətə sahib bir fövqəlvarlıq kimi təsvir edilmişdir. Əgər Allahın mütləq hakimiyyəti Onun xaliqliyi (xəlq edən, yaradıcı olması) ilə əsaslandırılırsa, təkhakimiyyətliliyi İslam monoteizmini ifadə edən tovhidlə (təktanrılıqla) ifadə edilir. Allahın yaratdıqları isə, təkhakimiyyətliliyə sahib ola bildikləri təqdirdə mütləq hakimiyyətə sahib ola bilməzlər. Çünki, mütləq hakimiyyətlilik elə allahlıq etmək deməkdir. Bu isə, yalnız tanrıya aid bir sifətdir. İlahinin təkhakimiyyətliliyi Allahın bir yaradıcı və mütləq hakimiyyət sahibi kimi yeganəliyini ifadə edir. Cəmiyyətdəki təkhakimiyyətlilik isə, hakimiyyətin dar anlamında başa düşülərək siyasi iqtidarın kimə məxsus olması mənasını verir. Odur ki, İslamda cəmiyyətdəki hakimiyyətdən söhbət edilərkən, hökmdarların mütləq hakimiyyətliliyi despotluq, tiraniya olub Allaha şərik qoşmaq və ya allahlıq etmək kimi yozulmuşdur (Firon timsalında).

- Allaha aid edilən sifətlər Onun mütləq hakimiyyətinin və təkhakimiyyətliliyinin atributları rolunda çıxış edərək bu cür təqdimatlar ilahi hakimiyyəti insanlar üçün əyaniləşdirmiş olur.

- İslamda hakimiyyət anlayışının geniş anlamı tanrının mütləq və təkhakimiyyətliliyidir. Cəmiyyətdəki siyasi hakimiyyət daşıyıcıları sözün geniş anlamında tanrı iradəsindən asılı olaraq öz iradələri sayəsində təkhakimiyyətliliyə sahib ola bilərlər. Lakin bu siyasi aktorların mütləq hakimiyyəti allahlıq etmək anlamında qəbul edilməzdir. O cümlədən də, cəmiyyətdə siyasi rəqabətin nəticəsində meydana çıxan təkhakimiyyətliliyin özü də Xaliqin təqdirindən asılıdır. İslama görə insanlar Allahın istəyi ilə digər varlıqları özlərinə tabe etdirə bilərlər.

- İslama fenemonoloji və hermenevtik yanaşma göstərir ki, Allahın mütləq və təkhakimiyyətliliyi cəmiyyətdə insanın dünyəvi hakimiyyət anlayışının analoqu deyildir.

- İslama görə tanrı özünün mütləq və təkhakimiyyətliliyinə görə bütövlükdə yaradılışdan və xüsusən də, insanlardan, yəni Allahın qullarından itaət və ibadət tələb edir. Bunun üçün bəşəriyyətə peyğəmbərlər yollanmış, müqəddəs mətnlərdə insanlara davranış normaları və prinsiplər təlqin edilmişdir.

- İslamda hakimiyyətə sahib insanların verdikləri cəza və mükafat müvəqqətidir. Halbuki, yaradılış üzərində mütləq və təkhakimiyyətə sahib olan Allahın cəzası şiddətli, mükafatı isə əbədidir.

- İslamdakı tanrının mütləq və təkhakimiyyətliliyi konkret və qeyri-antropoloji anlamda "şəxsli"dir. Bu iradəyə sahib insanın da cəmiyyətdəki hakimiyyətini istisna etməyib ona nəzarət edərək doğru istiqamətə yönlənməsini təmin edir.

- İslamda konkret dövlət modeli yoxdur. İnsanların dini əqidələrinə görə yer üzündəki birliyi ümmət anlayışı ilə ifadə edilərək, meydana gəlmiş ilk müsəlman icması olan ümmət də bu birliyə əsaslanmışdır. Lakin hər bir birliyin siyasi tərəfləri olduğu kimi, müsəlman icmasının da sosial-siyasi və iqtisadi məsələlərini həll etmək üçün müəyyən qurumlar təsis edilmişdir. Amma bu qurum və təsisatların hər biri həyati tələbatdan irəli gələrək heç də İslam tərəfindən irəli sürülməyib dini idealın gerçəkləşdirilməsi üçün etalon olmamışdır. Belə ki, Məhəmməd peyğəmbər heç zaman özünü hökmdar (kral) adlandırmamış, həyati məsələlərdə Quran və Sünnədə nümunələr tapılmadıqda şəxsi qənaətə üstünlük verilməsini təqdir etmişdir.

- İslama görə insan kamil yaradılsa da, o zəiflikləri (acizliyi və nəfsə uyması) baxımından ideal bir varlıq deyildir. Məhz ideallığa iddia etmək, cəmiyyətdə ilahi hakimiyyətin qurulmasına edilən cəhdlər bu və ya digər şəxslərin, siyasi rejimlərin dinin adından çıxış edərək özlərini və hakimiyyətlərini ilahiləşdirməkdən başqa bir şey deyildir.

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:12789
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1238 san