11:56 13 iyul 2012
33159 dəfə oxunub
Çap versiyası
Azər Şükürov
Moskva Dağ-Mədən İnstitutunun məzunu, "Azinterpartlayış-X" MMC-nin baş direktoru

Əvvəli "Geostrategiya" jurnalının 08-ci sayında və Strategiya.az saytında

- Azər müəllim, qeyd etdiniz ki, dağ-mədən sənayesi üzrə kadr hazırlığı bu günün tələblərinə cavab vermir. Ancaq biz bilirik ki, Azərbaycan Dövlət Neft Akademiyasında və Bakı Dövlət Universitetində bu ixtisas üzrə kadrlar hazırlanır. Bu mütəxəssislərin hazırlığını necə qiymətləndirərdiniz?


-Mən hansısa təhsil müəssisəsinin işinə kölgə salmaq fikrində deyiləm. Ancaq hazırda Azərbaycanın inkişafı fonunda bu təhsil ocaqlarının dağ-mədən sənayesi sahəsində kadr hazırlığı istiqamətində ciddi fəaliyyətləri nəzərə çarpmır. Neft-qaz sənayesi üzrə bu fikri söyləmək düzgün olmazdı. Ancaq dağ-mədən sənayesinin inkişafına nəzər saldıqda, bu sahədə, qeyd etdiyim kimi, potensial kadrların azlığının göz qabağında olması danılmazdır. Dağ-mədən sənayesi elə kadr tələb edir ki, müəyyən hazırlıqdan, praktikadan sonra konkret mədənlər üzrə müasir texnologiyaların iş prinsiplərinə uyğun müstəqil fikirlər irəli sürsün və təkliflərini qəbul etdirə biləcək savada malik olsun. Düzdür, bu cür kadrlar hər bir sahəyə lazımdır. Ancaq müasir dağ-mədən sənayesi tamamilə yeni, müasir təfəkkür tərzinə malik kadrlar tələb edir. Dağ-mədən sənayesi elə bir sahədir ki, burada işləyən kadr ətraf mühitin mühafizəsindən tutmuş kollektiv və şəxsi təhlükəsizliyə qədər bütün detalları nəzərə almaq istedadına malik olmalıdır. Sovetlər dövründə bu sahə üzrə çox gözəl mütəxəssislər hazırlanmışdı. Ancaq Sovet İttifaqı dağıldıqdan və Azərbaycanda dağ-mədən sənayesində geriləmələr baş verdikdən sonra onların çoxu öz işini itirdi və bu gün ixtisaslarına uyğun olmayan sahələrdə fəaliyyət göstərirlər.
Postsovet məkanında isə bu sahənin diqqətdən kənarda qalması səbəbindən hazırlanan kadrlara bir o qədər də ehtiyac olmadı və müxtəlif təhsil ocaqlarının yetişdirdikləri kadrların səviyyəsi heç kimi maraqlandırmadı. İndi isə vəziyyət dəyişib. Bu gün belə kadrlara ehtiyac var və artıq qeyd etdiyim kimi, getdikcə bu tələbat özünü daha çox göstərəcəkdir.


- Azər müəllim, Siz bu sahənin mütəxəssisiniz, təklifiniz nədir, niyə öz təkliflərinizi kompleks şəkildə lazımi instansiyalara təqdim etmirsiniz?


- Biz "Azinterpartlayış-X" MMC olaraq, birbaşa praktik fəaliyyətlə məşğuluq və bu istiqamətdə bütün əməkdaşlığa tam hazırıq. Bu məsələnin optimal həlli nəzəriyyə ilə praktikanın birliyindədir. Bunu həyata keçirmək isə yüksək dövlət orqanlarının işidir. Bu isə bizdən asılı olan məsələ deyil. Biz də öz tərəfimizdən bu təkliflərin üzərində işləyirik və qısa zamanda bu işi yekunlaşdırmaq fikrindəyik.
Bilirsiniz, öncə, bütün sahələrdə paralelliyi aradan qaldırmaq lazımdır. Xatırlayırsınızsa, Ümumilli lider Heydər Əliyev ölkədə struktur islahatları həyata keçirdi və eyni fəaliyyətlə məşğul olan təşkilatları uyğun olaraq ixtisar etdi. Bu təcrübədən yararlanmaq lazımdır. Diqqət verin, bu gün Bакı Dövlət Universitetində Geоlоgiyа fакültəsi fəaliyyət göstərir. Bilirsiniz ki, bu universitetdə geоlоq каdrlаrın hаzırlаnmаsınа 40-cı illərdən bаşlаnılmışdır və bu təhsil öz nəticəsini vermişdir. Azərbaycan dünya səviyyəsində tanınan geoloqları ilə fəxr də bilər. Hazırda BDU-da Geоlоgiyа fakültəsi və Fаydаlı Qаzıntılаr каfedrаsı fəailiyyət göstərir.
Azərbaycan Dövlət Neft Akademiyasında isə 1920-ci ildən "Neft-sənayesi" fakültəsinin dağ mədən bölməsində neft-qaz və digər faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı üzrə mütəxəssis hazırlığına başlanılmışdır. 1936-cı ildən isə bu təhsil ocağında "Geoloji kəşfiyyat" fakültəsi fəaliyyət göstərir.

Nə üçün ADNA-da fəaliyyət göstərən fakültələr BDU-da mövcud olan fakültələrlə birləşdirilməsin, daha güclü baza yaradılmasın və bu bazanın əsasında ciddi şəkildə dağ-mədən sənayesi üzrə kadr hazırlığına başlanılmasın? Belə olan halda həm maddi-texniki baza, həm də pedoqoji heyətin gücü birləşər və nəticədə elə kadrlar hazırlanar ki, bu sahədəki boşluq aradan qalxar.
Ancaq digər bir optimal variant da var və artıq praktikada tətbiq olunub.
Bildiyiniz kimi, bu yaxınlarda ARDNŞ-nin stukturuna daxil olan Bakı Ali Neft Məktəbi yaradılmışdır. Bu təhsil müəssisəsinin yaradılması Neft-qaz sənayesinin təlabatından irəli gələn bir məsələdir və çox vacib məqamdır. Nəyə görə dağ-mədən sənayesinin də inkişafını təmin etmək üçün eyni təşəbbüslə çıxış etməyək? Bu təşəbbüslə çıxış etmək üçün bu sahənin perspektivini qiymətləndirmək lazımdır. Bu sahənin mütəxəssisi kimi deyə bilərəm ki, dağ-mədən sənayesinin çox böyük perspektivi var və bu sahənin inkişafı böyük təşəbbüslər tələb edir. Dağ-mədən sənayesinin inkişafına kompleks şəkildə yanaşmaq lazımdır. Əks halda heç bir ciddi nəticə əldə etmək mümkün olmayacaq.

-Azər müəllim, bəlkə bir az dəqiqləşdirək. Kompleks tədbirlər dedikdə nəyi nəzərdə tutursunuz?

-Məşhur bir deyim var, "kadr hər şeyi həll edir". Kompleks tədbirlərə öncə kadr hazırlığından başlamaq lazımdır. Bunun da həlli yolları haqqında artıq fikirlərimi qeyd etdim. Sonra dağ-mədən sənayesində kəşfiyyat işlərinin aparılması, perspektivli yataqların işlənməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir. Bu sahəyə yüksək səviyyədə baxmağın artıq vaxtı çatmışdır. Bu sahənin inkişafını təmin edəcək elə bir qurum yaradılmalıdır ki, dağ-mədən sənayesinin inkişafını qeyd etdiyim kimi kompleks şəkildə həyata keçirə bilsin.

Fikrimi bir az daha dəqiqləşdirmək istəyirəm. İlkin olaraq dövlət bu sahəyə investisiya qoyur, kəşfiyyat işləri aparılır. Yəni özəl şirkətlər çox ağır və böyük vəsait tələb edən işdən azad olunur. Sonra isə təsdiqlənmiş perspektivli yataqların işlənməsi üzrə tender keçirilir və yaxud bu yataqlar auksion vasitəsilə özəl şirkətlərə satılır. Tenderdə qalib gələn və yaxud auksionda qalib gələn müəssisə həmin yatağın işlənməsini həyata keçirir. Bu, ilk baxışdan adi bir nəzəriyyə kimi görsənə bilər. Ancaq çox böyük nəticə əldə etmək olar. Nəticə bundan ibarətdir ki, vəsait qıtlığı üzündən fəaliyyətsiz qalan dağ-mədən sahəsində fəailiyyət göstərən özəl müəssisələr artıq xərclərdən azad olar, bu məsələni dövlət öz üzərinə götürər. Yataqların işlənməsini isə özəl müəssisələr öz üzərlərinə götürərlər və dövlət büdcəsindən bu sahədə işləri həyata keçirmək üçün heç bir vəsait tələb etməzlər. Bu zaman dövlətin və özəl müəssisələrin perspektivli tandemi yaranır və dağ-mədən sənayesinin sürətli inkişafına təkan verilir.

 

-Azər müəllim, yeri gəlmişkən, hazırda bu sahəyə dövlət nəzarəti hansı formada həyata keçirilir?

- Hazırda bir sıra dövlət orqanları tərəfindən bu sahədə görülən işlərə nəzarət olunur. Ancaq bu fəaliyyəti kompleks fəaliyyət hesab etmək olmaz.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Milli Geoloji Kəşfiyyat Xidməti fəaliyyət göstərir. Bu xidmət Azərbaycan Respublikası ərazisində yer təkini, dərinlik quruluşunu, geoloji, faydalı qazıntılarını, yer təkindən optimal istifadə üsullarını və s. araşdırır. Bu sahədə müəyyən işlər görən bəzi elmi-tədqiqat institutlarını da nəzərə alsaq, başqa bir struktur mövcud deyil. Faydalı Qazıntıların Operativ Kəşfiyyatı Ekspedisiyası, Geoloji Planlama Ekspedisiyası və s. ekspedisiyar da vardır ki, bunlar adından göründüyü kimi ancaq ekspedisiya fəaliyyəti ilə məşğuldurlar.
Bir məqama toxunmaq istəyirəm. Daşkəsən alüminium və dəmir filizi yataqları sovetlər dönəmində ciddi sənaye sahəsi idi. Bu gün qeyd etdiyim o ciddi qurumun olmaması səbəbindən Daşkəsən alüminium və dəmir filizi yataqları kimi mühüm bir sənaye sahəsi tam gücü ilə işləyə bilmir.
Gördüyünüz kimi, bu sahədə pərakəndəlik göz qabağındadır. Bu və digər ekspedisiyaların fəaliyyəti nəticəsində Azərbaycanda qeyri-neft sektoruna aid bir çox faydalı qazıntı yatağı aşkarlanmışdır ki, bunların böyük bir hissəsi nəhəng yataqlar cərgəsinə aiddir. Hazırda qarşıda duran əsas məsələ bu yataqların intensiv şəkildə işlənməsidir.
Yəni bu sahədə bir natamamlıq var. Mənim təklif etdiyim variantda isə bu çatışmazlıqlar aradan qaldırılır. Yəni elə bir qurum olmalıdır ki, bu məsələlər bir mərkəzdən idarə olunsun və bu qurum bütün detalları nəzərə almaqla kəşfiyyat işlərinin həyata keçirilməsindən başlamış, mədənlərdən çıxarılacaq məhsulun emal sənayelərinə verilməsinə qədər hər bir işə nəzarət etsin.

-Azər müəllim, bəs Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq etmirsiniz?

Təbii ki, FHN-lə çox sıx əməkdaşlığımız mövcuddur. Fövqəladə Hallar Nazirliyinin nəzdində Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi fəaliyyət göstərir. Bu agentlik texniki təhlükəsizlik məsələləri üzrə dövlət nəzarəti funksiyasını həyata keçirən, fövqəladə halların qarşısının alınmasının təşkilində iştirak edən icra hakimiyyəti orqanıdır. Dağ-mədən sənayesinin inkişaf etdiyi bütün ölkələrdə təhlükəsizlik məsələləri ciddi əhəmiyyət daşıyır və bu sahəyə
ciddi nəzarət olunur. FHN də Azərbaycanda tam dünya standartlarına uyğun olaraq, yüksək səviyyədə bu funksiyanı həyata keçirir.

-Azər müəllim, bu sahədə fəaliyyət göstərmək üçün böyük texniki imkanlar lazımdır. Sizin müəssisədə bu imkanlar varmı?

- Sualınızla bağlı bir məqama toxunmaq istəyirəm. "Azinterpartlayış - X" MMC beynəlxalq standartlara uyğun olaraq, İSO 9001;2008, İSO 1400;2004 və OHSAS 1800;2007 sertifikatlarını almışdır. Şirkət 2011-ci ilin dekabr ayında dağ-mədən işlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətlərə görə "Azəri Buisness Award 2011" mükafatına layiq görülmüşdür. Bunları deməkdə məqsədim odur ki, həyata keçirdiyimiz layihələrin nəticələri haqqında sizdə fikir yaransın. Bizim sahə elə bir sahədir ki, burada keyfiyyətsiz iş görmək mümkün deyil və yaxud keyfiyyətsiz işlə bu sahədə irəli getmək olmaz. Keyfiyyətli işi görmək birmənalı şəkildə tətbiq olunan texnologiyaların müasirliyi ilə sıx əlaqəlidir. Əvvəllər Azərbaycanda dağ-mədən sənayesində Sovet texnologiyalarından istifadə olunurdu. Bu texnologiyalar o dövrdə yüksək səviyyəli kadrların olmasına baxmayaraq, maksimum keyfiyyətli iş ortaya qoymağa imkan vermirdi. İndi isə dünyada dağ-mədən səneyisində tətbiq olunan elə müasir texnika və texnologiyalar yaradılıb ki, onlarsız bu sahəni təsəvvür etmək mümkün deyil. İstər mədən qazma, tunel açma, istərsə də partlayış işlərinin həyata keçirilməsində Avropada çox müasir texniki avadanlıqlar istehsal olunub ki, "Azinterpartlayış - X" MMC olaraq, maksimum şəkildə bunlardan yararlanmağa çalışırıq.
Bizim müəssisə dağ-mədən işləri ilə birgə sənayedə sülhməramlı qazma-partlayış işləri, sualtı-texniki xidmət və sualtı-partlayış işləri aparır. Bu işlər böyük professionallıq və müasir texnika tələb edir. Müasir texniki imkanları tətbiq etmədən nə keyfiyyətli iş görə bilərik, nə də tərəfdaşlarımızın etibarını qazana bilərik. Biz bunu nəzərə alaraq, əldə etdiyimiz vəsaitin əsas hissəsini xaricdən texnika və avadanlıq almağa sərf edirik. Bizim strategiyamız belədir. Peşəkar komanda, müasir texniki avadanlıq və keyfiyyətli iş.
Məqsədimizə nail olmaq üçün müəssisəmizin əlaqələrini genişləndirməyə çalışırıq. Bu gün bizim şirkət Avstriyanın partlayıcı materiallar və vəsaitlər istehsalçısı olan "ORİCA" şirkətinin rəsmi distribyutorudur. "ORİCA" şirkətinin istehal etdiyi materiallar ekologiya üçün tam zərərsizdir, partlayış zamanı nəzərdə tutulan sahədən kənar əraziyə zərər vermir, seysmik təsiri məhduddur. Texniki avadanlıqlar sahəsində də "Azinterpartlayış - X " MMC imkanlarını durmadan genişləndirir. Biz bu gün İsveçin "Atlas Copco" şirkətinin avadanlıqlarından, Yaponiyanın "Frukava" şirkətinin texnikalarından, türk-alman istehsalı olan qazma dəzgahlarından istifadə edirik.
Ancaq bu sahədə bir sıra ciddi problemlər də mövcuddur ki, mən ancaq onlardan birinə toxunmaq istəyirəm. Bu problemlər əsasən, maliyyə sahəsindədir. Qeyd etdiyim texnika və texniki avadanlıqlar dünya bazarında yüksək qiymətə satılır ki, biz də bunları əldə etmək üçün məhz maliyyə çatışmazlığı səbəbindən çətinliklər çəkirik. İlkin olaraq bu sahəyə güzəştli kreditlərin verilməsi bu sahədə fəaliyyət göstərən müəssisələrə böyük kömək olardı (Davamı var).


Müsahibəni aldı: İ. Qasımov

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:36485
İsrəfil [16iyul2012 09:24]
Geostrategiya jurnalında dərc olunmuş A. Şükürovun “Dağ-mədən sənayesinin inkişafı üçün bütün əməkdaşlığa hazırıq “ müsahibəsi müəllifin dağ-mədən sənayesinin və geoloji-kəşfiyyat işlərinin müasir vəziyyətinə dərindən bələd olduğunu göstərir, bu sahənin mütəxəssisi kimi narahatlığı anlaşılandır və təqdir olunmalıdır. Hesab edirəm ki, son dövrlərdə dünya iqtisadiyyatında baş verən böhranlar pərakəndə inkişafın acı nəticəsidir və elə bu böhranların baş verməsi üçün müxtəlif dövlətlərin iqtisadiyyatın ən müxtəlif istiqamətlərində regional birliklər yaratmaları (OPEK, AB, QDİŞ və s) bu narahatlıqların başa düşülməsi və aradan qaldırılması yolunda atılan addımlardır.O başqa məsələdir ki,dövlətlərin siyasi ambisiyalarının güclü olması atılan addımların səmərəliliyini azaldır. Danılmaz faktdır ki, əski Sovetlər Birliyində çoxsaylı nöqsanlarla bərabər mütərəqqi ideyalar daim inkişaf etdirilirdi və müstəqilliyin ilk dövrlərində onlardan tamamilə inkar edilməsi ciddi fəsadlara səbəb oldu. Zənnimizcə, dünyanın öz inkişaf qanunauyğunluqları vardır və yalnız o qanunauyğunluqları dərk edərək düzgün dəyərləndirmək və mənafeyə uyğun istifadə etmək tərəqqiyə səbəb olar. Təqdirə layiqdir ki ,Azərbaycan Respublikası bu istiqamətləri vaxtında araşdırır, bunun bariz nümunəsi respublikamızın böhranlardan kənarda qalması, əksinə iqtisadiyyatımızın daha da dirçəlməsidir. Məlum həqiqətdir ki, respublika iqtisadiyyatı hazırda əsasən neft amili ilə bağlıdır.Təqdirəlayiqdir ki,ölkəmizdə neftin daimi olmadığını yaxşı anlayırlar, və iqtisadiyyatın çoxşaxəli olması istiqamətində mühüm addımlar atılır. Hazırda günün ümdə məsələsi – dağ-mədən sənayesinin yüksək sürətlə inkişafının təmin olunmasıdır ki, bu istiqamətdə düzgün strategiyanın təyini həlledici əhəmiyyət daşıyır.A. Şükürovun toxunduğu problem çox aktualdır və bu sahə mütəxəssisləri müzakirələrdən kənarda qalmamalıdır. Zənnimizcə,mühüm təbii sərvətimiz olan neft və qazın axtarışı,kəşfiyyatı,istismarı, istehsala ümumi nəzarətlə məşğul olan ARDNŞ- lə müqayisə çox cəlbedicidir.Strateji məsələlərin müəyyənləşdirilməsi, praktiki nəticələrin əldə olunması üşün vahid strateji mərkəzin yaradılması zərurəti yetişmişdir. Hazırda Azərbaycanda 700-dən çox faydalı qazıntı yataqları aşkarlanmışdır. Onların idarə olunması məqsədyönlü olmalıdır.İqtisadi İnkişaf Nazirliyi mütəxəssisləri ilə təmasda dağ-mədən sənayesinin uzunmüddətli inkişaf proqramı hazırlanmalı, bu mühüm Proqramı yerinə yetirə biləcək müstəqil dövlət qurumu yaradılmalıdır. Bu dövlət qurumu qloballaşan dünya iqtisadiyyatının hərtərəfli təhlili ilə məşğul olmalı, tələblərə uyğun xammal növlərini seçməli,onlarin ehtiyatlarının idarə olunmasını təşkil etməlidir GEOLOQ İ. MƏMMƏDOV
Rasim [24iyul2012 23:06]
Hörmətli Azər müəllim, müsahibənizi cox böyük maraqla oxudum.Qaldırılan məsələlər cox aktualdırlar.Sözsüz ki, dünyada hər bir ölkənin iqtisadi qüdrəti onun dağ-mədən sənayesinin inkişaf səviyyəsi ilə müəyyən edilir.Təəssüf ki, bu gün respublikamızda neft sənayesi istisna olmaqla dağ-mədən sənayesinin digər sahələrinin inkişafına kifayət qədər diqqət yetirilmir.Halbuki Yer təkindəki mineral-xammal ehtiyatları təbii sərvətlərin tərkib hissəsi olmaqla respublikamızın iqtisadi və sosial müstəqilliyini müəyyənləşdirən əsas amillərdən biridir.Geoloq İ.Məmmədovun qeyd etdiyi kimi respublikamızda 700-dən cox faydalı qazıntı yatağı kəşf olunmuşdur.Bunlardan bəziləri dünyanın ən nəhəng yataqlarındandır. Bu yataqların istismarı nəinki, yerləşdikləi rayonların, həm də ümumilikdə respublikanın dağ-mədən sənaye kompleksinin inkişafına və uzunmüddətli rentabelli fəaliyyətinə səbəb olar.Bu isə regionların və qeyri-neft sektorunun inkişafı baxımından cox əhəmiyyətlidir.Lakin bu yataqların mənimsənilməsi məsələlərində qətiyyən tələsikliyə yol vermək olmaz.Elə etmək lazımdır ki, respblikamızın dağ-mədən sənayesi SSRİ dövründə olduğu kimi xammal bazasına cevrilməsin.Mən Sizinlə tamamilə razıyam ki, bu sahədə bir pərakəndəlik mövcuddur. Bu pərakəndəliyi aradan qadırmaq ücün bir dövlət qurumunun yaradılmasına böyük ehtiyac vardır.Bu qurum respulikada dağ-mədən sənayesi sahəsində kəşfiyyat işlərini aparmağı, faydalı qazıntı yataqlarının istismarını, emal texnologiyasını, təhlükəsizlik və ekoloji problemlərini həll edəcək təşkilatları özündə birləşdirərək, onların işinə nəzarət etməklə pərakəndəliyi aradan qaldırar.Sizin təhsillə əlaqədar fikirlərinizi də tam dəstəkləyirəm və hesab edirəm ki, bu sahədə də görüləsi işlər çoxdur.Sizə dağ-mədən mühəndisi kimi çətin və şərəfli işinizdə uğurlar arzulayıram. Hömətlə, Azərbaycan Dövlət Neft Akademiyasının "Faydalı qazıntı yataqlarının işlənməsi" kafedrasının dosenti Rasim İsmayılov
Əfrasiyab Baloğlanov [25iyul2012 12:38]
İlk öncə Azərbaycan Respublikasında zamanın aktual məsələlərini işıqlandıran “Geostategiya” jurnalının yaradıcı və təşkilatı kollektivinə öz təşəkkürümü və səmimiyyətimi bildirir və Azər müəllin Sizin dağ-mədən işləri kompleksinin sivil qaydada həyata keçirilməsindəki məsələlərin həllində bir mütəxəssis və iş adamı kimi yanaşma tərzinizi dəsdəkləyir, alqışlayır, bu sahədə yeni təfəkkürün nəticələrinin, müstəqillik və quruculuq təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sərvətli və çiçəklənən dövlətimiz üçün bəhrəli olmasına uğurlar diləyirəm. Qoyulan məsələnin aktuallığı, Azərbaycan Respublikasının hərtərəfli irəliyə doğru addımlamasında ölkə Prezidenti İlham Əliyev cənablarının tərəqqi və inkişaf zirvəsinə dogru bugünkü kursunun məzmunu ilə uyğunlaşmaqla, eləcə də yeraltı sərvətlərin yeni texnologiyalar və mütərəqqi üsullar əsasında çıxarılmasında dağ-mədən işlərinin ölkəmiz üçün nə qədər zəruri olduğu anlayışını özündə yaşadan respublikanın dağ-mədən mühəndislərinin və geoloqlarının yaddaşını oyatmaqla, daxildən gələn hisslərinin reallaşdığı sevincini əks etdirdiyini deyərdim. Qeyd etməliyəm ki, vaxtı ilə azərbaycanda faydalı qazıntı yataqlarının açıq və yeraltı üsulla işlənilməsində, faydalı qazıntıların emalı və zənginləşdirilməsində dövrün tələblərinə uyğun öz biliklərini gələcək nəslə ötürən yüksək təcrübəyə və biliyə malik mütəxəssislər az deyildi. Bu kimi mütəxəssis və alimlər keçmiş ittifaqın Narilsk, Maqadan, Cezqazqan, Donbas, Dnepropetrovsk, Almaniya, Fransa və s. kimi məkanların nəhəng mədənlərində yüksək təcrübəyə və biliyə malik kadrlardan ibarət məktəb yaranmışdı. Əfsuslar olsun ki, bu məktəbin davamı müəyyən və məlum səbəblərdən qirılmışdır. Hörmətli Azər müəllim, Sizin qoyduğunuz aktual məsələnin həyata keçiriləcəyi halda yeni bir dağ-mədən mütəxəssisləri məktəbinin yaranacağına böyük ümüd bəsləyirəm. Bu sahənin inkişafını dəstəkləyir və köməklik etməyə daim hazıram. Bütövlükdə çox sağ ol deyirəm. Dağ-mədən mühəndisi və geoloq: Əfrasiyab Baloğlanov.
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1916 san