08:55 15 aprel 2013
13868 dəfə oxunub
Çap versiyası
Azər Şükürov
Moskva Dağ-Mədən İnstitutunun məzunu, "Azinterpartlayış-X" MMC-nin baş direktoru

   Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ölkəmizdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında tədricən dirçəlmə baş verdi və taleyönlü problemlərin həlli istiqamətində inamlı addımlar atılmağa başlanıldı və qısa bir zaman ərzində dövlət müstəqilliyimizin dayanıqlığına nail olundu.

90-cı illərin sonlarından etibarən ölkəmizdə aparılan genişmiqyaslı islahatların daha da dərinləşməsi baş verdi, ölkə siyasi və iqtisadi böhrandan çıxmaq istiqamətində ciddi islahatlar keçirməyə başladı. Əsası o illərdə qoyulan islahatların nəticəsidir ki, hazırda ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Artıq Azərbaycan dünyada  enerji daşıyıcılarının etibarlı ixracatcısına və regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. 2009-cu ildə dünyada baş verən iqtisadi böhran şəraitində belə Azərbaycan iqtisadiyyatında artım davam etmişdir. Təbii ki, bu da  ölkəmizin rəhbərliyi tərəfindən seçilmiş strateji kursun uğurla həyata keçirilməsinin təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasında ölkədə qeyri neft sənayesinin inkişaf etdirilməsi məqsədi ilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təssərüfat dövriyyəsinə cəlb edilməsinin genişləndirilməsi və onlardan istifadənin səmərəliliyinin yüksəldilməsi nəzərdə tutulur.

Bəlli olduğu kimi, yerin təkindəki mineral- xammal ehtiyatları ümumi təbii sərvətlərin əsas hissəsi olmaqla hər bir ölkənin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyən edən amillərdəndir.

 Azərbaycan geoloqlarının fədakar əməyi sayəsində respublika ərazisində yaradılmış mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri  ölkəmizdə dağ-mədən sənayesinin inkişaf etdirilməsinə milli və xarici investorların cəlb olunması ilə dünya sənayesinə inteqrasiyasına geniş imkanlar açır.  

  Bununla əlaqədar, son dövrlərdə ölkə mətbuatında respublikamızda dağ-mədən sənayesinin inkişaf perspektivləri barədə bir sıra yazılar çap olunaraq araşdırmalar aparılır.

Hazırkı qloballaşma dövründə biz dünya iqtisadiyyatının mövcud vəziyyətinə  nəzər salsaq, həqiqətən görərik ki, dağ-mədən sənayesi burada aparıcı rol oynayır. Dünya iqtisadiyyatında son 10-15 ildə dağ-mədən işləri nəzərə çarpacaq dərəcədə artıb və o, qlobal iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilib. Qeyd edək ki, 2005-ci ildə Azərbaycanda bu sahə 24-cü yerdə bərqərar olunmuşdu.  Hazırda isə şirkətlərin investisiya qoyulmasına görə,  dağ-mədən sənayesi artıq 5-ci yerə yüksəlib. Əgər biz dünyada dağ-mədən sənayesinin inkişafı yollarını nəzərdən keçirsək, olduqca maraqlı bir mənzərəni müşahidə etmiş olarıq. Hazırda bu sahədə inkişaf etmiş ölkələr: Çin, ABŞ, Rusiya, Avstraliya, Braziliya, Hindistan, CAR və Kanadadır. Dünyada eyni zamanda 30-dan artıq mineral hasil edən 10 ölkə mövcuddur. Hal-hazırda dağ-mədən sənayesinin əsas istehlakçısı Çindir. Çində bu sahədə gəlir təkcə 2011-ci ildə 25%-dən 27%-ə yüksəlib, bununla yanaşı Cənubi Amerikada azalma baş verib. Bir sıra yüksək inkişaf etmiş dövlətlər (ABŞ, Kanada, Avstraliya) nəhəng ehtiyatlı faydalı qazıntı yataqlarına malik olmaqla, həm də ayrı-ayrı mineral xammalın çıxarılmasına görə lider dövlətlərdir.

Avropada nisbətən inkişaf etmiş dağ-mədən sənayesi olan ölkələr Bolqarıstan, Hollandiya, Danimarka və Norveçdir. Bolqarıstanda əsasən dəmir, qurğuşun, sink və mis filizi yataqları istismar olunur. Hollandiyanın, Danimarkanın xüsusən də Norveçin dağ-mədən sənayesi əsas etibarı ilə neft-qaz yataqlarının payına düşür.

 Artıq əminliklə qeyd etmək olar ki, dağ-mədən sənayesində yeni bir era başlamışdır. Dünya sənayesində qara, əlvan və nadir metallara olan təlabat artmaqdadır. Tələbat isə inkişaf etməkdə olan bazarın artım dinamikası ilə müəyyən olunur. Metallara olan tələbat ilk növbədə Çində avtomobilqayırma, gəmiqayırma və infrastrukturaya günbəgün artan xammal təlabatı ilə  müəyyən olunur. Məhz Çində metallara olan təlabat dünyada metalların qiymətinin sıçrayışına səbəb olmuşdur.

Şimal qonşumuz Rusiyada hazırda dağ-mədən sənayesi ölkə iqtisadiyyatının özəyini təşkil edir. Dövlət büdcəsinin 60-70%-ə qədəri təbii ehtiyatlar hesabına formalaşır. XXI əsrin əvvəllərində Rusiyanın sosial-iqtisadi inkişafında mineral-xammal kompleksinin rolu əhəmiyyətli dərəcədə artmışdır.          

 Hazırda Rusiyada ictimai təşkilat statuslu Dağ-Mədən Akademiyası fəaliyyət göstərir. Akademiyada Rusiyada dağ-mədən işi üzrə ən sanballı elm adamları olan elita cəmləşir.

Ümumiyyətlə, dünya iqtisadiyyatında baş verən hadisələr sübut edir ki, dağ-mədən sənayesi böyük gələcəyi olan sahədir. Çox da böyük ehtiyatlı mineral xammal bazası olmayan Almaniya kimi inkişaf etmiş ölkə üçün dağ-mədən sənayesi böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı nəhəng mineral resurslara malik olan Rusiya, Qazaxıstan və Monqolustan kimi ölkələr faydalı qazıntıların çıxarılması və emalı üçün sənaye partnyorları axtarırlar. Bu sahə ilə məşğul olan alman şirkətləri öz müştərilərini ən müasir dağ-mədən avadanlıqları və istehsalat vasitələri ilə təmin edir və əlavə sifarişlər gözləyirlər. Dünyanın bir çox ölkələrindən (Rusiya, Qazaxstan və s.) son zamanlar Almaniyanın Federal İqtisadiyyat və Texnologiya Nazirliyinə İdarəetmə Kadrlarının Hazırlığı Proqramı çərçivəsində dağ-mədən işləri üzrə mütəxəssislər gəlir. Proqramın iştirakçıları alman istehsalı olan avadanlıqlarla yerində tanış olurlar. Bundan əlavə iştirakçılar müasir ekoloji standartları və faydalı qazıntı çıxarılan zonaların landşaftının bərpa olunmasına olan tələbləri mənimsəyirlər.

 Beləliklə, mineral-xammal resursları sektoru dünya iqtisadiyyatında baş verən dəyişikliklərin mərkəzində durur. Resurslar sahəsində gözlənilən tələbata böyük investisiyaların qoyulması, həm də mühəndis və texnik mütəxəssislərə olan tələbatın artacağı gözlənilir. Artıq indinin özündə belə bu sahədə ixtisaslı mühəndis kadrların çatışmamazlığı hiss olunmaqdadır. Təcrübəli menecerlərin çatışmaması ucbatından bəzən bu sahədə iri kapital tutumlu layihələrin həyata keçirilməsini ləngiyir.

Mineral-xammal sektorunda bazarların tənzimlənməsi və yeni texnologiyaların meydana çıxması nəticəsində yeni strukturların yaranması zərurəti  meydana çıxır. Bu da mineral-xammal sektorundakı şirkətlər üzərində dövlətin nəzarətinin güclənməsi zərurətini ortaya qoyur.

Müasir dünyada dağ-mədən sənayesinin yüksəlişi bilavasitə infrastrukturun inkişafı ilə bağlıdır. Adətən infrastrukturdan söz düşəndə  bir qayda olaraq nəqliyyat sisteminin şəbəkəsini nəzərdə tuturuq. Lakin həyat göstərir ki, uzunmüddətli iqtisadi inkşaf üçün həm istehsalat sahəsinin, həm də sosial sferanın inkişafına iri investisiyaların qoyulması olduqca zəruridir. Bu məqsədlə qoyulan investisiyalar qısa müddətdə özünü doğruldur. Məsələn: Çin 2000-ci ildən başlayaraq, infrastruktura ümummilli məhsulun 8-10%-i, Hindistan 4-6%-ə qədərini investisiya qoyur. Rusiyada bu rəqəm 1%-ə qədərdir. Hazırda Çinin və Hindistanın iqtisadi yüksəlişi göz qabağındadır.

Dünyada artıq baş vermiş olan maliyyə-iqtisadi böhranı həm siyasətçilərin, həm də iqtisadçıların diqqətini infrastruktur problemlərinə və onun uzun müddətli davamlı iqtisadi artımının təmin olunmasındakı roluna cəlb etmişdir.

Artıq infrastruktur investisiyalarına iqtisadi yüksəliş və yeni iş yerlərinin açılması baxımından zəruri bir mexanizm kimi baxılır. İnvestisiya infrastrukturları həm də resursların və iş yerlərinin yenidən bölüşdürülməsinin ideal yolu hesab edilir. Bu baxımdan hesab edirik ki, böyük mineral xammal ehtiyatlarına malik olan ölkəmizdə dağ-mədən sənayesinin inkişaf etdirilməsi Azərbaycanın iqtisadi inkişafının dayanıqlı olmasını təmin etmiş olardı.

Hər bir dövlətin dünya bazarına uğurlu gəlişini və əməyin qlobal bölgüsündə iştirakını onun milli iqtisadiyyatının rəqabət qabiliyyətli olması və onun beynəlxalq keyfiyyət standartlarına uyğunluğundan asılılığı ilə səciyyələndirmək olar. Bu məqsədlərin yerinə yetirilməsi isə ilk növbədə kadr hazırlığından asılıdır. Yəni Azərbaycan dağ-mədən sənayesinin inkişafı bu sahə üzrə yerli kadrların hazırlanması ilə sıx əlaqədardır. Əvvəllər bu sahə üzrə Azərbaycanda bir ali məktəb (keçmiş Azərbaycan Neft-Kimya İnstitutu) və iki texnikum fəaliyyət göstərirdi. Keçmiş SSRİ-də kadrların hazırlığı, yenidən hazırlığı, ixtisaslaşdırma, kadrların seçilməsi və yerləşdirilməsi dağ-mədən sənayesinin idarə  olunması və işinin təşkilinin əsas hissəsi hesab olunurdu. O zaman dağ-mədən sənayesi üçün 48 ali məktəb, 151 texnikum  və 295 peşə məktəbləri kadr hazırlayırdı.

Dağ-mədən sənayesində əsasən yeni fəhlə kadrları və onların ixtisaslaşdırılması demək olar ki, bilavasitə istehsalatda aparılırdı. Rəhbər kadrların ixtisasartırması üçün isə sahə ixtisasartırma institutları fəaliyyət göstəriridi.

Hesab edirik ki, Azərbaycan dağ-mədən sənayesinin inkişaf etdirilməsi məqsədi ilə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması vacib məsələlərdir. Bu sahədə idarəetmənin və menecmentin mənimsənilməsi üçün mütəxəssislərin qabaqcıl dünya ölkələrinə göndərilməsi çox faydalı olardı.

Gündən-günə sürətlənən qloballaşma prosesi dağ-mədən sənayesinin rolunu və əhəmiyyətini artırır. Bu sahə Azərbaycan Respublikasının sosial, iqtisadi və mədəni inkişafı üçün prioritetlərdəndir.

Hazırda dünyanın əksər ölkələrində bilik və bacarıq daşıyıcılarının əsas hissəsinin məhdud dairədə konsentrasiyası sahəsində qabaqcıl ideyalar meydana çıxır. İnkişaf etmiş ölkələrdə bu, texnoparklar formasında reallaşır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da qeyd edilmişdir ki, qloballaşma dövründə İnformasiya Cəmiyyətinin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşması çox zəruri məsələdir.

Hesab edirik ki, ölkəmizdə dağ-mədən sənayesinin inkişafı "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasına uyğun olaraq həyata keçiriləcəkdir. Dağ-mədən sənaye müəssisələrində innovasiya yönümlü texnologiyalar tətbiq olunacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaqdır. Dağ-mədən sənayesi inkişaf etmiş iqtisadi zonaların yaradılması da ölkəmiz üçün çox faydalı olardı.

Düşünürük ki, Azərbaycanda dağ-mədən sənayesinin gələcək inkişafı bir sıra qabaqcıl Avropa ölkələrindəki kimi dövlətin nəzarəti altında olmalı və  iri dövlət müəssisəsi tərəfindən idarə  edilməlidir.

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:41234
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1231 san