09:45 19 aprel 2013
4194 dəfə oxunub
Çap versiyası
Anar Ağalarzadə

Tarix üzrə fəlsəfə doktoru

   2012-ci ilin sonunda Fransa Respublikasında  təcrübə mübadiləsi keçdiyimiz ərəfədə tarixinə, mədəniyyətinə görə dünyanın ən məşhur şəhərlərindən biri olan paytaxt Paris ilə yaxından tanış olduq. Parisin gözəl memarlıq abidələrindən biri olan Luvr muzeyini ziyarət etmək nəinki burada qorunan eksponatlar, həmçinin dünya tarixi haqqında ətraflı məlumat almaq imkanlarını yaradır. Luvr dünyanın ən məşhur muzeylərindən biri olub Parisin gözəl memarlıq abidəsidir. Nəhəng və əzəmətli bu bina Parisin mərkəzində, Sena çayının sağ sahilində, Rivoli küçəsi və paytaxtın birinci ətrafında yerləşir.

Bələdçimizin bildirdiyinə görə 1793-cü ildə açılan və sahəsi 60.000 kv m. olan muzey böyüklüyünə görə dünyada üçüncü yeri tutur. Muzey qədim kral sarayının binasıdır. Məhz binanın qarşısındakı mərkəzi hissədə Kral XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir və həmçinin bura Parisin ən qədim hissəsi hesab olunur.

Tarixi mənbələrə görə Luvrun adı vaxtilə burada Fransa krallarının ovçu qəsrinin yerləşdiyi "Canavar" meşəsinin (Luraqya, Luverje) adından götürülmüşdür. Muzey XIII-XIV əsrlərə aid qəsrin yerində tikilmişdir. 1546-1574-cü illərdə memar P.Leskonun inşa etdiyi Luvr sarayı XVII əsrdə memarlar J.Lemersiye, L.Levo, K.Perro tərəfindən genişləndirilmişdir. Luvrun genişləndirilməsi XIX əsrin ortalarınadək davam etmişdir. Artıq bu zaman yeni əzəmətli bina "Yeni Luvr" adlandırılmış və memarları L.Viskanti, E.Lefuel olmuşdur. 1791-ci ildə Luvr sarayı milli bədii muzeyə çevrilmiş və 1793-cü il noyabrın 8-də ilk dəfə olaraq kütləvi baxış üçün tamaşaçılara təqdim edilmişdir.

Luvrun əsas hissəsini qala-istehkam tutur. Muzeyin daxilini gəzərkən bizə bu qala-istehkamın salamat qalmış bir neçə bürclərini göstərdilər. Həmçinin, burada 1190-cı ildə kral Filip Avqust tərəfindən inşa edilmiş Böyük Luvr qalası da var. Məlumat verildi ki, bu qalanın tikilməsinin əsas səbəblərindən biri Senanın daim göz altında olması, yəni yoxlanılması idi. Çünki vikinqlər dövründən bilindiyi kimi bu ərazi onların ənənəvi yolu adlanırdı. 1317-ci ildə kral xəzinəsi Luvra köçürülür. Kral V Karl bu qalanı yeni kral iqamətgahına çevirir. Lakin, 1528-ci ildə I Fransiskin əmri ilə Luvr qalasının köhnə Böyük qülləsi dağıdılır və 1546-cı ildən etibarən qalanın möhtəşəm kral sarayına çevrilməsi işləri başlanır. Bu işlərin aparılması və qalanın tikilməsi Pyer Leskonun başçılığı altında aparılır və II Henrix və IX Karlın dövründə də davam edir. Binaya iki yeni artırma əlavə olunur. 1594-cü ildə II Henrix Luvru Tüilri sarayına birləşdirməyi qərara alır. Bu Yekaterina Mediçinin arzusu nəticəsində həyata keçirilir. Dördbucaq həyətə malik olan bu sarayın memarları isə əvvəlcə Lemersiye, daha sonra isə Lui Levo olmuşdur. Bu memarlar XIII və XIV Lüdovikin hakimiyyəti dövründə işləmişlər. Bu kralların sayəsində sarayın həyəti əvvəlki böyüklüyündən dörd dəfə də artıq vəziyyətə gətirilərək, tam şəkildə genişləndirilmişdir. Sarayın bəzəklərinin hazırlanması və oradakı işləmələr həmin dövrün görkəmli rəssamları olan Pussen, Romanelli və Lebrenə tapşırılmışdır. 1678-ci ildə sürətlə gedən işlər qəflətən dayandırıldı. Bunun əsas səbəbi XIV Lüdovikin kral iqamətgahı kimi Versal sarayını seçməsi idi.

Bir müddət Luvr diqqətdən kənarda qalır. Yalnız XVIII əsrdə Luvrda yeni layihələr üzərində işləməyə başlanılır. Bu vaxt baş verən əsas hadisələrdən biri isə Luvrun muzeyə çevrilməsi idi. Layihə XV Lüdovikin rəhbərliyi ilə başlasa da, Fransa İnqilabı ərəfəsində başa çatır.

Çox insanlar öz şəxsi mülklərini vəsiyyətlərinə əsasən Luvr muzeyinə verməyi daha üstün sayıblar. Bunlardan biri də tanınmış kolleksiya yığanlardan olan Edmund Rotşild olmuşdur. Onun yığdığı kolleksiyaların çoxu XIX və XX əsr nümunələri hesab olunur. Lakin muzeyin ekspozisiyasının əsasını keçmiş kral kolleksiyası, həmçinin bir sıra monastır, kilsə və kübar ailələrinin milliləşdirilmiş kolleksiyaları təşkil etmişdir. Kolleksiyası Napoleon yürüşlərinin qənimətləri, müxtəlif ölkələrdən satınalma, eləcə də hədiyyələr hesabına daim artırılmışdır. Həmçinin ən böyük kolleksiyaçılardan olan bankir Everar Jabaxın 200-dən artıq müxtəlif əntiq əşyalar, mədəniyyət, incəsənət nümunələri bu muzeyin fonduna verilmişdir.

Bu muzeydə demək olar ki, hər şey var. Buna görə də muzeyi universal adlandırmaq mümkündür. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinədək rast gəlmək olar.

Muzey: 1) Qədim Şərq; 2) Qədim Misir; 3) Qədim Yunanıstan və Roma; 4) Orta əsr, Renessans və sonrakı dövrlər; 5) Boyakarlıq və rəsm; 6) Dekorativ-tətbiqi sənət (DTS); 7) İslam incəsənəti şöbələrindən ibarətdir.

Muzeyə baxış Qədim Şərq şöbəsindən başlayır ki, burada da  nadir incəsənət nümunələri, o cümlədən Azərbaycanın zərgərlik və metal məmulatları saxlanılır. Zərgərlik nümunəsi qızıl əşyalardan ibarət olub Cənubi Azərbaycandakı Ziviyə qazıntılarından əldə edilib. Bu nadir tapıntı e.əv. VIII əsrə -  qədim Manna dövlətinin zamanına aid edilir. Metal məmulatı isə tunc dolça tipli qaba məxsus olub Azərbaycan Atabəyləri (Eldənizlər) dövrünə aiddir. 1190-cı ildə hazırlanmış dolçanın müəllifi Osman ibn Salman Naxçıvaninin adı ekspozisiyada qeyd edilmişdir.

             Zallara baxıb keçdikcə dünyanın ən nadir və gözəl sənət əsərlərinin nəhəngliyi insanı valeh edir. Muzeyin Qədim Şərq şöbəsinin zallarından birində şüşə altında  saxlanılan ən tanınmış eksponatlar içərisində "Hammurapinin qanunları" əsas yer tutur. Bu kitabənin önündə toplaşan çoxlu sayda turistlər onun haqqında interaktiv bələdçi sistemi vasitəsilə məlumat alırlar. Arxeoloq Jan Vinsen Sişelin 1901-ci ildə Elamda (indiki İran) tapdığı bu qanunlar təxminən 2 metrlik silindrik daş lövhə üzərinə həkk edilmiş qanunlar 282 maddədir. Qeyd edilir ki, Hammurapi qanunları e.əv. 1760-cı ildə qədim Mesopotamiyada yaradılan tarixin ən qədim və ən yaxşı qorunmuş yazılı qanunlarından biridir. Bu dövrdən əvvəl toplanan qanun kolleksiyaları arasında Ur kralı Un-Nammunun qanun kitabı (e.əv. 2050-ci il), Eşnunna qanun kitabı (e.ə. 1930-cu il) və Hisinli Lipid İştarın qanun kitabı (e.ə. 1870-ci il) vardır. Babil hökmdarı Hammurapinin (e.ə. 1728-1686) müxtəlif məsələlərdə verdiyi bu qanunlar Babilin qoruyucu tanrısı Mardukun adına Esagila məbədində tikilən bir daş üzərində yazılmışdır.

Qədim Misir şöbəsinə daxil olduqda sanki əfsanəvi Misir tarixinə səyahət edirsən. Buradakı onlarla ekspozisiya zallarında nümayiş etdirilən Misir tarixinin fironlar dövrünə aid kiçik həcmli fiqurlardan tutmuş nəhəng heykəllərə qədər hamısı xüsusilə Firon Coserin, Tutanhamonun dövründə hazırlanmış sənətkarlıq, memarlıq və incəsənət nümunələri muzeyə gələn turistlərdə geniş marağa səbəb olur.

                  Qeyd etmək lazımdır ki, Luvrun daxilində də müəyyən şöbələr "muzey içində muzey" kimi fəaliyyət göstərir. Bu şöbə məhz Avropa incəsənəti bölməsidir. Ona görə ki, eksponatların sayı həddən artıq çox və özləri də zəngindir. Lakin Avropanın müasir mədəniyyət nümunələri, yəni 1848-ci ildən bizim dövrümüzədək olan eksponatlar Orse Muzeyində və Jorj Pompidu Mərkəzində nümayiş olunur. Asiya ənənələrini özündə birləşdirən kolleksiyalar isə Quimet muzeyində gələn qonaqlara baxmaq üçün təklif olunur. Burada hətta Afrika, Amerika və Okeaniyanın da incəsənət nümunələri qorunur ki, onlara da sahilyanı Branli muzeyində tamaşa etmək mümkündür.

Luvrda 20.000-dən artıq boyakarlıq və heykəltəraşlıq əsərləri vardır. Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir və Fransada müxtəlif kolleksiya yığan insanların vaxtı ilə şəxsi pulları vasitəsilə aldıqları çoxsaylı əsərlər də saxlanılır. Bu proses Kapetinqlər sülaləsinin dövründən etibarən formalaşmağa başlamışdır.

Luvr muzeyində Fransa incəsənəti daha geniş təmsil olunmuşdur (N.Pussen, J. de Latur, A.Vatto, J.L.David, E.Delakrua, Q.Kurbe və s.).  Burada dünya şöhrəti qazanmış bir sıra heykəltəraşlıq və rəsm əsərləri mühafizə edilir. Heykəltəraşlıq əsərlərindən e.əv. IV əsrin sonu, yaxud II əsrə aid "Samofrakiyalı Nike", e.əv. II əsrə aid "Miloslu Afrodita", rəsm əsərlərindən Leonardo da Vinçinin "Mona Liza" ("Cakonda"), Mikelancelo, Rafael, Corcone, Tisian, Veroneze, Van Eyk, P.Rubens, Rembrandt və başqalarının tabloları nümayiş etdirilir. Ejen Delakruanın "Xalqa yol göstərən azadlıq" rəsm əsərinin də qarşısında onlarla ziyarətçi olur. 

Diqqətimizi çəkən məqamlardan biri də rəsm əsərlərinin sərgiləndiyi zalların bir-birinə keçid hissələrindəki divarlara vurulmuş trafaretlər idi. Bu trafaretlərdə Mona Liza sözü yazılmış və  dünyanın ən məşhur sənət əsərinə doğru istiqaməti bildirirdi. Əsərin sərgiləndiyi zala daxil olanda böyük insan izdihamının yaşandığının şahidi olduq. Turistlər bu əsər haqqında məlumat alır, foto və video çəkilişlər edirdilər. "Mona Liza" (Cakonda) Luvrun tanınmış və ən məşhur əsərlərindən biridir. Leonardo da Vinçinin çəkdiyi bu şəkil dünyada ən məşhur və mükəmməl rəsm əsərlərindən biri sayılır. Əsərdə təsvir edilmiş şəxsin prototipi ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. Bu tablo Florensiyalı ipək taciri Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin 1503-1505-ci illərdə çəkilmiş portreti olduğu güman edilir. Rəssamın çəkdiyi bu əsərdə əks edilmiş "sirli təbəssüm" bu gün də mütəxəssisləri valeh edir və təsviri sənət möcüzəsi sayılır. Rəssam tablonu 1503-cü ildə çəkməyə başlamış və onu bir neçə ildən sonra tamamlamışdır. Qeyd olunur ki, bu əsərin orijinalıdır və bunun üçün də onun təhlükəsizliyi xüsusi şüşə altında qorunur.

Muzeyin foye və zallarında yüzlərlə heykəltəraşlıq əsərləri saxlanılır ki, bunlardan da ən məşhuru Miloslu Veneranın və Samofrakiyalı Nikanın heykəlləridir. Miloslu Venera 1820-ci ildə Osmanlı idarəçiliyindəki Milos adasından tapılmış və elə həmin il Fransa səfiri tərəfindən türklərdən satın alınmışdır. Samofrakiyalı Nika isə müxtəlif hissələrə bölünmüş şəkildə 1863-cü ildə Samofraki adasında, fransalı memar Şarl Şampuazo tərəfindən tapılmışdır.

Luvr muzeyində müxtəlif şah əsərlər saxlanılır ki, onların hər biri ayrı-ayrı mədəniyyətlərə, dövr və sivilizasiyalara aiddir. Ümumiyyətlə isə muzeydə 300.000 eksponat olmasına baxmayaraq, onlardan yalnız 35.000-ə qədəri gələn insanlara təqdim olunur. Bəzi eksponatlar isə xüsusi mühafizə şəraitində saxlanılır və bu kimi əsərlər üç aydan artıq davamlı olaraq təqdim olunmur. Bunun əsas səbəbi isə həmin eksponatların öz daimi görkəmini itirməsidir. Məhz həmin əsərlərin müdafiəsi üçün onlar xüsusi qaydalara əsasən mühafizə olunur.

2012-ci ilin sentyabrında Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zallar açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa Respublikasının Prezidenti Fransua Ollandın iştirak etdikləri tədbirdə Fransa Prezidenti çıxış edərək bildirmişdir ki, rəsmi Paris Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasından və bu zəngin kolleksiyanı təqdim etməkdən şərəf hissi duyur. Fransa dövlətinin başçısı qeyd edib ki, 2003-cü ildə ideya kimi yaranan, 2008-ci ildən isə icra olunmağa başlayan bu layihənin həyata keçirilməsində əsas məqsəd Luvrun universallığını və bəşəri əhəmiyyətini göstərmək, Fransanın İslam sivilizasiyasına münasibətini nümayiş etdirməkdir. Fransua Olland bu layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və digər tərəfdaşlara minnətdarlığını bildirərək demişdir: "Mən xeyirxahlıq nümayiş etdirərək lazımi anda yardımını göstərmiş şəxslərə, xüsusilə də Azərbaycan Respublikasının Prezidentinə və digər ali qonaqlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar bizim çoxsaylı tərəfdaşlarımızdandırlar. Onlar Fransanın dostlarıdırlar. Onlar bu layihəyə çox böyük yardım ediblər. Ümid edirəm ki, bu xeyirxahlıq gələcəkdə də davam etdiriləcəkdir".

Bu bölmənin yaradılması muzeyin tarixində xüsusi bir mərhələdir. Həmin bölmə İslam sivilizasiyasının arxitektura, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrini təcəssüm etdirir. Muzeydəki İslam incəsənəti bölməsi müxtəlif müsəlman ölkələrinin mədəniyyətlərinə aid yaradıcılıq nümunələrindən ibarətdir. Burada şüşədən, keramikadan və metaldan hazırlanmış müxtəlif dulusçuluq əşyaları, xalçalar, geyimlər, miniatürlər də daxil olmaqla 5 mindən çox bütöv incəsənət nümunələri, mindən artıq natamam və zədələnmiş yaradıcılıq işləri sərgilənir. Muzeyin bölməsində İslam tarixinin müxtəlif dövrlərində mövcud olmuş dövlətlərə aid sənət əsərləri də saxlanılır. Yeni zalların açılmasında Fransa ilə yanaşı, Azərbaycan, Küveyt, Oman və Mərakeşin də mühüm rolu olmuşdur.

Luvr muzeyini gəzməklə bitmir. Dünyanın ən nadir incilərinin saxlandığı bu möhtəşəm muzey buraya gələn turistlərin geniş marağına səbəb olur. Bu səbəbdən də insanın mənəvi zövq aldığı Luvrun tarixdə uzun illər yaşayacağı şübhəsizdir. 

 

 

 

 

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:78324
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1306 san