09:36 01 may 2013
12357 dəfə oxunub
Çap versiyası

GİRİŞ

Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı və bu bölgədə müstəmləkəçilik siste­minin qurulması problemi ilə bağlı sovet dövrü tarixşünaslığında düzgün elmi konsepsiya mövcud olmamışdır . Həmin proses hətta XIX əsrin rus qafqazşünaslarının əsərlərində sovet dövrü ilə müqayisədə daha düzgün əksini tapmış, öz adı ilə "işğal", "ilhaq" adlandırılmışdır. XX əsrin 20-30- cu illərində sovet tarixşünaslığında bu hadisə­yə "daha az bəla" prizmasından baxılaraq belə nəticə çıxarılmışdı ki,guya Azərbaycanın XIX yüzilliyin başlanğıcında müstəqil yaşaması üçün tarixi şərait olmamışdır (1). Sonrakı dövrlərdə "işğal", "ilhaq" terminləri bir qədər yumşaldılaraq "birləşdirilmə" termini ilə əvəz edilmişdir. XX əsrin 40-50-ci illərində tarixşünaslığımızda kök salmış başlıca "konsepsiya" Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsinin iqtisadi, siyasi, mədəni və b. sahələrdə mütərəqqi əhəmiyyət daşıdığını əsaslandırmağa xidmət edirdi (2).

Azərbaycanın 60-cı illər sovet tarixşünaslığında radikal görünən «birləşdirilmə» konsepsiyasının daha yumşaq «tərkibinə daxil olma» formulası ilə əvəz olunması daha çox siyasi sifarişin nəticəsi sayılmalıdır. Buna baxmayaraq elə həmin 60-cı illərin sonlarında bir qrup vətənpərvər alim bu problemə obyektiv tarixi gerçəkliyə uyğun şəkildə yanaşaraq Şimali Azərbaycanın Rusiya tərəfindən işğal olunması faktını irəli sürmüş və Rusiyanın o dövrdə Azərbaycanda yeritdiyi siyasətin müstəmləkəçi səciyyə daşıdığını qeyd etmişdi(3). Bu dövrün tarixçiliyimizdə hələ indiyədək tam araşdırılmamış problemlərindən biri də 1801-1828-ci illər müqavimət hərəkatında Azərbaycan ali zümrə­sinin oynadığı rolun müəyyənləşdirilməsi məsələsi olmuşdur. Bu məsələdən yazan tarixçilərin çoxu unutmuşlar ki, elə o dövrlərdə Rusiyanın müstəmləkə orqanları ali zümrəni tabe etmədən Azərbaycan torpaqlarının işğalının mümkünsüzlüyünü aydın surətdə dərk edirdilər (4).

1. İşğal dövründə Rusiyanın ali müsəlman zümrəsi ilə bağlı siyasəti

Azərbaycan xanlıqlarında ali zümrəni təşkil edən xan və bəylərin böyük əksəriyyəti etnik və dini baxımdan onlara tamamilə yad olan rus hökumətinə qarşı qatı düşmən mövqeyi tuturdular. Qubanın hakimi Şeyxəli xan, onun tərəfində duran əsilzadə bəylər və əhali 6 il ərzində üç dəfə Rusiyaya qarşı qeyri-bərabər mübarizəyə qalxmış, işğalçı ordu ilə qəhrəmanlıqla döyüşmüşdülər. Gəncə hakimi Cavad xan və xanlığın bütün bəyləri 1804-cü ilin yanvarında general Sisyanovun başçılıq etdiyi rus ordusu ilə döyüşə girmiş, ölümü əsarətə düşməkdən üstün tutmuşdu. Şəki hakimi Səlim xan 1806-cı ildə Qarabağ hakimi İbrahim xan ailəsi ilə birlikdə rus mayoru Lisaneviç tərəfindən böyük qəddarlıqla qətlə yetirildikdən sonra (Səlim xanın bacısı İbrahim xanın arvadı idi və o da qətlə yetirilmişdi) Şəki qalasındakı rus hərbi dəstəsini məhv etmişdi. Üsyana qalxmış Səlim bəy həmin ilin oktyabrında qeyri-bərabər döyüşdə rus hərbi qüvvələri tərəfindən məğlubiyyətə uğradılmışdı (5). Göründüyü kimi, Rusiyanın Azərbaycanda apardığı savaşlar adi bir gəzinti olmayıb, ciddi müqavimətlə qarşılaşırdı.

Rusiyanın Qafqazarxası bölgələrdə işğalçılıq planlarının həyata keçirilməsi işində fəal rol oynamış və müsəlman bölgələrinə erməni köçürmələrinin əsas təşkilatçılarından biri A.S.Qriboyedovun "burada hər addıma rus qanı çilənmişdir" (6) mülahizəsini təsadüfi deyilmiş gəlişi gözəl söz saymaq olmaz.

Danışdığımız dövrün hadisələrinə Azərbaycan xalqının tarixi və milli mənafeləri baxımından yanaşılsaydı, tarix kitablarında 1818-1819-cu illərdə Şəmşəddil bölgəsində Nəsib Sultan və Mustafa ağanın başçılığı ilə Rusiyaya qarşı yönəlmiş üsyanın (7), 1825-ci ilin sentyabr ayında Şəki bölgəsinin 45 kəndini bürümüş və ali zümrə nümayəndələrinin başçılıq etdiyi xalq üsyanının üstündən sükutla keçilməzdi. O çağın tarixi sənədlərinin təhlili müstəmləkəçiliyə qarşı milli-azadlıq hərəkatının təşkilatçısı və rəhbəredici qüvvəsi olan Azərbaycan xanlarının və bəylərinin tarixi haqqının özlərinə qaytarılmasını tələb edir.

1826-cı ilin iyul-avqust aylarında rus müstəmləkəçiliyinə qarşı bütün Azərbaycanı bürüyən üsyan baş vermişdi. Rəsmi hökumət sənədlərində "ümumi həyəcan" kimi qiymətləndirilən və mərkəzi hökuməti Qafqazın taleyi üçün qorxuya salan iri miqyaslı bu üsyan da indiyədək milli-azadlıq hərəkatı tarixində öz layiqli yerini tutmamışdır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu üsyan nəticəsində rus qoşunları Azərbaycan torpaqlarını tərk etməyə, əsas hərbi gücünü Tiflisin müdafiəsinə toplamağa məcbur olmuşdu. On ildən çox müddətdə Qafqazda rus siyasətini həyata keçirmiş general Yermolova bu hadisəyə görə 2 mart 1827-ci il Ali çar fərmanı ilə «şiddətli töhmət» elan edilmişvə Qafqazın baş komandanı vəzifəsindən götürülmüşdü. O çağın rəsmi dairələrində Azərbaycan əyalətlərində Rusiya əleyhinə bütün üsyan və çıxışların yerli bəy və ağaların təsiri ilə baş verdiyi açıq şəkildə göstərilir, onların hər vasitə ilə cəzalan­dırılması "asiyalılara qarşı ən etibarlı üsul" hesab edilirdi. Bütün bu siyasi amilləri nəzərə alan rus hökuməti Azərbaycanın işğalı dövründə ona mane ola biləcək yeganə qüvvə olan ali zümrəni siyasi, fiziki və iqtisadi baxımdan sıradan çıxarmaq və zərərsizləşdirmək siyasəti yeritmişdir. Bu siyasətin çoxçalarlı və mürəkkəb səciyyə daşı­dığını qeyd etməklə, onun başlıca istiqamətlərini aşağıdakı kimi qiymətləndirmək olar.

Birinci istiqamət: çarizmin hərbi cəza orqanları işə düşür, ələ keçən bəy və ağalar müharibə qanunları ilə cəzalandırılır, edam edilir, həbsə alınır, ən yaxşı halda Sibirə və başqa yerlərə sürgün edilirdi.

İkinci istiqamət: Ali zümrənin torpaq, siyasi hüquq və imtiyazları məhdudlaşdırılır və ona qarşı nəinki milli, həm də dini ayrı-seçkilik münasibəti bəslənilirdi. Qonşu gürcü zadəganlarına öz sosial və silki hüquqlarını tənzimləmək üçün Zadəgan Deputatları Məclisi kimi mühüm orqanın fəaliyyətinə icazə verən, gürcü zadəganlarını bütün hüquqlar baxımından rus zadəganlarına bərabər tutan Rusiya hökuməti müsəlman bəylərini heç vaxt bu hüquqlara yaxın buraxmadı.

Rusiyanın Qafqaz bölgəsində müstəmləkəçilik xəttini daha ardıcıllıqla həyata keçirən general A.P.Yermolov (1816-1827) işğalçılarla barışmayan qüvvələrə qarşı hər cür üsuldan istifadə edir, bu işdə ona erməni R.Q.Mədətov yardımçılıq edirdi. Bu şəxs Qafqazda rus siyasətinə sədaqətli qulluğuna görə, sadə zümrədən olmasına baxmayaraq, rus hökuməti tərəfindən general rütbəsinə və knyaz tituluna layiq görülmüşdü. A.P.Yermolovun sağ əli, mənbələrə görə «Axilles dabanı» sayılan Mədətovdan Rusiya vassallığını məcburən qəbul etmiş Qarabağ hakimi Mehdiqulu xana, Şirvan hakimi Mustafa xana, Şəki hakimi İsmayıl xana qarşı təzyiq və hədə-qorxu vasitəsi kimi istifadə edilirdi.

Knyaz Mədətov Qarabağ hakimi Mehdiqulu xana qarşı xüsusilə amansız davranırdı. Yermolovla birlikdə qurduqları məkrli plan əsasında 1818-1820-ci illərdə xandan knyaz Mədətovun «dədə-baba torpaqlarını» geri qaytarmağı tələb etdilər. Mədətov vergi verən zümrədən olduğu üçün onun ata-babasından heç bir mülk və torpaq qalmasa da, Yermolovun təzyiqi qarşısında heç bir əsas olmadan xan 1500 kəndli ailəsindən ibarət bir çox kəndin Mədətova «qaytarılması» haqda fərman imzalamağa məcbur edilmişdi. Knyaz Mədətov həmin sənədə istədiyi kəndlərin də adını öz əli ilə əlavə etdikdən sonra belə saxta sənədi 1821-ci ildə Yermolovun xüsusi səyləri nəticəsində rus çarı I Aleksandr təsdiq etmişdi. Mənbələrin yazdığı kimi, heç bir əsli-nəcabəti olmayan Mədətov bu üsulla az qala Qarabağın yarısına yiyələndi. O, Şirvanda həyata keçirdiyi hədə-qorxu və şər yaxmaq taktikasını 1822-ci ildə Qarabağda işə salaraq Mehdiqulu xanın Qarabağdan İrana qaçmasına nail oldu. Nəticədə ləğv edilmiş üç xanlığın yerinə müsəlman əyalətləri hərbi dairə rəisliyi yaradıldı; iqamətgahı Şuşada yerləşən bu idarəyə knyaz Mədətov başçı təyin edildi. Bundan sonra müsəlmanlar yaşayan torpaqlarda əsl rus-erməni siyasəti yeridilməyə başlandı. Bu əyalətlərdəki rus qoşun dəstələrinin də başçısı sayılan Mədətov xüsusilə Qaraba­ğda müsəlman bəylərini sıxışdırır, vəzifədən uzaqlaşdırır, yerlərinə erməniləri təyin edir və müsəlman əhalisini amansızlıqla soyub talayırdı. Buna cavab olaraq, 1826-cı ildə Azərbaycanda rus müstəmləkəçiliyinə qarşı ümumi üsyan baş vermişdi.

 

2. Çarizmin müstəmləkə orqanlarının bölgədə "xristian dayağı" yaratma və köçürmə siyasəti

Rusiyanın Qafqazda yeritdiyi müstəmləkəçilik siyasətinin başlıca cəhətlərindən biri də "xristian təəssübkeşliyinin" təsiri altında xristian əhalidən ibarət sosial dayaq yaratmaqdan ibarət idi. Bu zaman başlıca diqqət bölgədə azlıq təşkil edən erməni əhalisinə verilmişdir. Bu sahədə ilk addımlar rusların müstəmləkəçilik xəttinin daha ardıcıl həyata keçirildiyi XIX yüzilliyin 20-ci illərində təcrübədən keçirilmişdir. 1827-ci ildə Şəmşəddil və Qazax distansiyalarında müsəlman bəylərinin kəndlər və kəndlilər üzərində ənənəvi hüquqları kobud şəkildə pozulmuş, onların sahibliyində olan kəndlərin idarəçiliyi erməni arxiyepiskopu Nersesin ixtiyarına buraxılmışdı. Bu, Azərbaycan torpağında görünməmiş və tarixdə analoqu olmayan hadisə idi. Çünki Qafqaz bölgəsində erməni ali zümrəsinin cüzi yer tutması, hətta tarixi türk torpağı olan İrəvan xanlığında İran şahının icazəsi ilə cəmi 5 erməniyə sərdar tərəfindən bəy paltarı geyməyə icazə verilməsi bu xalqın Qafqaz bölgəsində heç bir tarixi kökünün olmadığını sübut edir.

Tarixi Azərbaycan torpaqlarında azlıq təşkil edən erməni əhalisinin müsəlman hakimlərinin idarəsi altından çıxarılması prosesi 1827-ci ildə İrəvan xanlığı rus qoşun­ları tərəfindən tutulduqdan sonra başlanmışdı. Əhalisinin 73,8 faizi müsəlman türklərindən ibarət olan İrəvan xanlığı 1828-ci ildə "Erməni vilayətinə" çevrilmişdi. Hələ 1827-ci il dekabrın 15-də çarın baş qərargah rəisi qr. Dibiçin Qafqazın baş koman­da­nı qr.Paskeviçə göndərdiyi xüsusi "Qaydalar"da əsrlərdən bəri müsəlman ali zümrə­sinin təsiri altında olan ermənilərə özünüidarə verilməsi ideyası qırmızı xətlə keçirdi və bu ideya Qafqazın mülki işlər hakimi general-leytenant Velyaminov tərəfindən mənfi qarşılanmışdı. "Qaydalar"la bağlı qeydlərində o göstərirdi ki, bu addım "müsəlman hakimlərinin ənənəvi sahiblik hüquqlarını sarsıtmaqla (əslində rus hökumətinin əsl məqsədi də elə bu idi) onları hökumətdən narazı salar, çünki Qara dənizdən Xəzər dənizinədək Rusiyanın yiyələndiyi torpaqlarda əhalinin 2/3 hissəsi müsəlman olduğundan bu qayda çoxsaylı əhali içərisində Rusiyaya inamı sarsıdar, Türkiyə və İran hökumətləri bu yerlərdə asanlıqla qiyamlar təşkil edərlər...". Bu reallığa baxmayaraq, mərkəzi hökumət təbii ki, İrəvan xanlığını "erməniləşdirmək" siyasətindən əl çəkmədi.

Rus hökuməti Türkmənçay (1828-ci il) və Ədirnə (1829-cu il) müqavilələrindən sonra İran və Osmanlı İmperiyasından erməni əhalisinin kütləvi şəkildə Azərbaycana köçürülməsinə başladı.

Kütləvi erməni köçürmələrinin Qafqazarxası bölgələrdə demoqrafik vəziyyətə təsiri və onun siyasi çalarları ilə bağlı rus tarixçisi N.N.Şavrovun belə bir qeydi də çox maraqlıdır: «Müharibədən sonrakı iki ildə (1828-1830-cu illər nəzərdə tutulur) Zaqafqaziyaya İrandan 40 min, Türkiyədən 84 min nəfər erməni köçürülmüş və onları ermə­ni­lərin azlıq təşkil etdiyi İrəvan və Yelizavetpol quberniyalarında ... yerləşdirmişik ... XX əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin 1 milyonu diyarın köklü sakinləri olmayıb, bizim tərəfimizdən məskunlaşdırılmışdır». Dövlət səviyyəsində ardıcıl olaraq həyata keçirilən bu siyasət nəticəsində bölgədə demoqrafik tarazlıq pozulmuş, Rusiyanın əli və gücü çatan yerlərdə vəziyyətin erməni əhalisinin xeyrinə dəyişdirilməsinə cəhd göstərilmiş­dir. 1823-cü il kameral sayımına görə, Qarabağ əhalisinin 8,4 faizini təşkil edən ermənilərin xüsusi çəkisi artaraq 1832-ci ildə 34,8 faizə, 1897-ci il sayımına görə isə 53 faizə çatmışdı. İşğaldan əvvəl İrəvan xanlığının əhalisinin 3/4-nü təşkil edən Azərbaycan türklərinin xüsusi çəkisi artıq 1834-35-ci illərdə 46 faizə enmişdi. 1918-1920-ci illərdə İrəvanda daşnaklar tərəfindən 100 minlərlə Azərbaycan türkü məhv edilmiş və ya öz doğma torpaqlarından qovulmuşdu. Türk və müsəlmanlara qarşı revanşist əhval-ruhiyyənin ən bariz nümunələrindən biri kimi 1827-ci ildə İrəvan şəhərinin rus qoşunları tərəfindən işğal edilməsi şərəfinə çar I Nikolayın həmin ilin noyabr ayının 4-də imzaladığı Ali fərmanı misal gətirmək olar. Bu fərmanla rus süngüsünün «müsəlmanlar üzərində qələbəsi» şərəfinə İrəvanın baş məscidinin Pravoslav yunan-rus kilsəsinə çevrilməsi qərara alınmışdı.

 

3. Çar Rusiyasının Şimali Azərbaycan kəndində qurduğu "Açıq Qarət" sistemi

Azərbaycanda rus müstəmləkəçiliyinin yaratdığı qanunsuzluq, özbaşınalıq və soyğunçuluq rejiminin nədən qaynaqlandığını aydın dərk etmək üçün o dövrki rus dövlətinin hərbi-bürokratik mahiyyətini və xarakterini açıb döstərmək lazım gəlir. Çarın gizli müşaviri Qreçin rus dövlət maşınını bürümüş özbaşınalıq və rüşvətxorluq haqda əlahəzrət imperatora 1859-cu ildə təqdim etdiyi məruzə bu baxımdan çox önəmlidir: «Neujeli nevozmojno nayti iz 60 millionov naseleniya Rossii 8 umnıx ministrov i 50 çestnıx qubernatorov (yəni 60 milyonluq Rusiya əhalisindən 8 ağıllı nazir və 50 dürüst, vicdanlı qubernator tapmaq doğrudanmı mümkün deyil?). Həmin çağın mənbələrində Rusiyanın dövlət sistemi «zahirən parıltılı, daxilən çürük» hesab edilməsi göstərir ki, Azərbaycan işğaldan sonra məhz belə bir çürük qanunlarla deyil, fövqəladə hallarla, top və süngülərlə, özbaşınalıq və rüşvət sistemi ilə idarə olunan bir orqanizmə daxil edilmişdir.

Azərbaycandakı rus idarələri və dövlət məmurları əsl özbaşınalıq və qanunsuzluq nümu­nəsi göstərirdilər. Bunu bir neçə misal əsasında əyani şəkildə göstərmək olar. 1821-ci ildə Şəmşəddil pristavı öz xeyrinə əhalidən əlavə vergilər yığmış, Şirvan əyalətinin komendantı podpolkovnik Vısotski vergi borcu kimi yığdığı pulları mənimsəmişdi. 1829-cu ildə Yelizavetpol dairə rəisi podpolkovnik Berents və polismeystr Yankovskiyə qarşı sakinlərə hökumətə satdıqları taxıla görə ödəniləcək 13301 rublu (gümüş) mənimsədiklərinə görə başlanan cinayət işi 12 il uzan­mış, müqəssirlər cəzasız qalmışdılar.

1829-30-cu illərdə mərkəzdən Zaqafqaziyada yoxlama aparmaq üçün göndərilən senatorlar qr. P.İ.Kutaysov və Y.İ.Meçnikov yazırdılar: "...Müsəlman əyalətlərində rəislərin azğınlığından və əhalinin çəkdiyi əziyyətdən adam dəhşətə gəlir. Burada insan ləyaqəti tapdalanmış, hər cür ədalət unudulmuş, qanun yalnız əsarət aləti olmuşdur".

Rusiyanın Azərbaycanda yaratdığı"açıq qarət" və soyğunçuluq sisteminin başqa cəhətlərindən biri də dövlət gəlir sahələrinin iltizama (icarəyə) verilməsi idi. Dövlət təsərrüfatlarından vergi yığmaq hüququ bir neçə illiyə ruslara, çox vaxt isə müxtəlif bölgələrdən müftə gəlir iyinə Azərbaycana axışmış acgöz erməni tacirlərinə satılırdı. İltizamçılar müsəlman əhalisinin dərisini soyur, dövlətə ödədikləri məbləğdən qat-qat çox qazanc götürürdülər.

Nəticə

Beləliklə, istər Qafqaz, istərsə də digər türk torpaqlarında rusları ermənilərlə möhkəm tellərlə bağlayan amilləri müəyyənləşdirmək o qədər də ciddi araşdırma tələb etmir. Tarix boyu öz etnik və din qardaşları olan slavyanları da əzən, müstəqil yaşamasına imkan verməyən rusları ermənilərlə birləşdirən sözsüz ki, müsəlman və türk xalqlarına qarşı eyni məqsəd və mənafedən çıxış etmələridir. Hal-hazırda da ruslarla etnik baxımdan eyni kökdən olan polyaklar, çexlər, slovaklar, ukraynalılar dadlarını bildikləri rus boyunduruğundan canlarını qurtarıb, etnik baxımdan onlara yad olan başqa xalqların köməyinə, himayəsinə sığınmağa çalışırlar. Belə olan halda Rusiyaya heç bir etnik bağlılığı olmayan, hətta dini məzhəbi nə pravoslavlığa, nə də katolikliyə uyğun gəlməyən ermənilərin Rusiya ilə əbədi qardaşlıqdan dəm vurması, Ermənistanın simvolik müstə­qilliklə barışaraq bu fövqəldövlətin hərbi meydanına çevril­məsi tarixin iki yüz illik sınağından çıxmış «ana-bala» münasibətlərindən daha çox strateji maraqların uyğunluğu və tarixin hər bir keçid mərhələsində Rusiyanın Azərbaycandan qoparıb aldığı torpaqların ermənilərin «ağzına atılması» ilə bağlıdır.

QEYDLƏR:

 1. Əliyev, M., Şimali Azərbaycanın Rusiya tərəfindən işgalının tarixşünaslıgı, Bakı, 2001,s.131-153

  Yenə orada,s.154-191

 2. Kommunist qəzeti, 30 yanvar 1964 cü il; İbraqimbeyli, X.M., Rossiya i Azerbaydjan v pervoy treti XIX veka, Moskva, 1969; 

   Abdullayev, Q.B., Azerbaydjan v XVIII beke i vzaimootnoşenie eqo s Rossiey, Bakı,1965; Azərbaycan tarixi, 3 cilddə, II c.,Bakı, 

   1964, XII fəsil

 3. Azərbaycan tarixi, Uzaq keçmişdən 1870-ci ilə qədər., II nəşr, Redaktoru Süleyman Əliyarlı, Bakı, 2009, XVI bölüm..

 4. Qubaydulin, A., Feodalnıye klassı i krestyanstvo v Azerbaydjane v XIX veke. - otd., s.30

 

  5. Bakixanov, A, Gülüstani-İrəm, Bakı, 1951, s.196-198

 6. Azərbaycan tarixi üzrə qaynaqlar, II nəşr, Redaktoru Süleyman Əliyarlı, Bakı,2007, sənəd 62, s.290

 7. Aktı sobrannıye Kavkazskoy Arxeoqrafiçeskoy Komissiey (sonralar Aktı...), t.6, ç.1,Tiflis, 1874, dok. 1035,1036, 1038, s.702-

   703,dok. 1163, s.785

  8.Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi (GMDA), f.2, siy.1,iş 1992, v.1

  Yenə orada.

 9. Aktı..., Pod red. A.Berje, t. IV, Tiflis, 1870, dok.1028, s.670

  10.Rusiya Federasiyası Mərkəzi Dövlət Arxivi (RFMDA), f.1377,siy.,1,iş 29; Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi (ARMDA), f.  63, siy 1,iş 14,v.574; f.75, siy.1,iş 11, v.13-68; f.47,siy.1,iş 6.v.12-49; GMDA, f.2, siy.1, iş 203, v.1-23

11. GMDA, f.2, siy.1,iş 3011, v.1-7; iş 3025, v.5-12

  12.Aktı..., t.6,ç.2,Tiflis,1876,dok1079-1081, c.725-726; t. 7, Tiflis, 1878, dok. 407, s.458; Pokrovckiy, V.P., Diplomatiya i voynı sarskoy Possii v XIX stoletiy, M.-L.,1924,s.186

 13. Aktı..., t.6,ç.2,Tiflis,1876,dok.1079-1081,s.725-726; t.7,Tiflis,1878, dok.1206,s.807-808.

  14.Aktı...,t.6,ç.1,Tiflis,1874,dok. 1097,s.738

  15.ARMDA, f.130,siy.1,iş13,v 2-3.

 16. GMDA, f.2, siy.1,iş 559, v. 106.

  Bu faizin çıxarildıgı qaynaq: Narodonaseleniye Armyanskoy oblasti 1834-1835 qq. - GMDA, f.2, siy.1,  iş 3859,v. 20

  17.Aktı..., t.7,Tiflis,1878, dok. 435, s. 483-484

  19.Qriboyedov, A.S.,Soçineniya, t.2,Moskva,1971, s. 339

  20.Şavrov, N.N., Novaya uqroza russkomu delu v Zakavkazye: Predstoyaşaya rasprodaja Muqani inarodsam, SPb,1911, s. 59-60

  21.ARMDA, f. 24, siy. 1,iş 141, v.226; Obozrenie Rossiyskix vladeniy za Kavkazom v statistiçeskom, etnoqrafiçeskom, topoqrafiçeskom otnoşeniyax, ç.III, tablisa "B", SPb, 1836

 22..Aktı..., t.7,Tiflis,1878, dok. 433, s.481.

  23.Yeroşkin, N.P., Krepoctniçeskoye samoderjaviye i yeqo politiçeskiye institutı (Pervaya polovina XIX veka), Moskva, 1981, s.56.  

  24.ARMDA, f.130,siy.1,iş 121, v.318-324, 391-393; GMDA, f.2, siy.1,iş 1597,v. 4-8; iş 2317, v. 1-53; RFMDTA, f.1377, siy.1, iş

      12,v.19,23; GMDA, f.2, siy.1,iş 1034,v.5-9.

 25. Aktı..., t.7, Tiflis, 1878,dok. 35,s.20, dok.368, s.423-424.

  Yenə orada,s.20,423-424

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Müəllifin digər yazıları







Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1337 san