09:00 02 may 2013
5947 dəfə oxunub
Çap versiyası
Elgün Qəhrəmanov

Bakı Dövlət Universiteti Qafqaz xalqları kafedrasının müəllimi

   2008-ci il 8 avqustda Gürcü qoşunları öz ərazi bütövlüyünü bərpa etmək üçün separatçı Cənubi Osetiyanın paytaxtı Sxinvali şəhərinə hücum etdi. Qısa müddət ərzində Sxinvali şəhərini ələ keçirən Gürcü ordusu tezliklə kapitulyasiya haqqında müqavilənin imzalanacağına ümid etdiyi vaxt Rusiya  tərəfi Gürcüstanı işğalçılıqda günahlandıraraq tezliklə Sxinvali şəhərini tərk etməsi haqqında ultimatum göndərdi. Bunun ardınca Rusiya öz vətəndaşlarını qorumaq adı ilə Gürcüstana hücum edəcəyini bildirdi. Gürcüstan Rusiyanın xəbərdarlıqlarına məhəl qoymayaraq Sxinvali şəhərini tərk etməyəcəyini bəyan etdi. Nəticədə elə həmin gün rus qoşunları Şimali və Cənubi Osetiyanı birləşdirən Rogun keçidi vasitəsilə öz vətəndaşlarını və sərhəddə yerləşdirilən rus sülhməramlılarını qorumaq adı ilə Cənubi Osetiyaya daxil oldu. Tezliklə Sxinvali şəhərini işğal edən ruslar Gürcüstanın dərinliklərinə doğru irəlilədilər. İşğal zamanı Rusiya tərəfdən 150 tank və zirehli texnika iştirak etmiş, Gürcüstan ərazilərini bombalamaq üçün Pskov şəhərinin diviziyası cəlb edilmişdir. Rus Osetin qoşunları Sxinvali şəhərini azad etməklə yetinməyərək, hücumu davam etdirərək Gürcüstanın Qori şəhərini işğal etdilər. Gürcüstanın paytaxtı olan Tbilisi şəhərinin 40 kilometrliyində yerləşən Qori şəhəri çox strateji bir yerdə yerləşir. Qori şəhərinin işğal edilməsilə ilə Gürcüstan faktiki olaraq iki hissəyə bölündü. Belə olduqda, işğal altında olan Gürcüstanın şimal hissəsi Gürcüstan dövlətinin nəzarəti altından çıxdı. Rus dəniz qüvvələri də işğalı davam etdirərək Gürcüstanın Poti limanını və Kadori ərazilərini tutdu (2, s. 76 ).

Beynəlxalq aləm Rusiyanın bu işğalçı hərəkatını birmənalı olaraq pislədi və Qərbin səyi ilə Rusiya prezidenti 12 avqust 2008-ci ildə işğalı dayandıraraq danışıqlara başlamağa qərar verdi. Münaqişənin həll edilməsi üçün qərb dövlətlərindən Fransanın prezidenti Sarkozi atəşkəs müqaviləsinin imzalanmasını təklif etdi. Uzun diplomatik danışıqlardan sonra Gürcüstan prezidenti Mixail Saakaşvili 15 avqust 2008-ci ildə atəşkəs müqaviləsini imzalamağa qərar verdi(1s. 121).

Baxmayaraq ki, Rusiya-Gürcüstan müharibəsi iki tərəf arasında baş vermişdir, amma onun nəticələri istər müharibə zamanı, istərsə də müharibədən sonrakı dövrdə də bütün Cənubi Qafqaz bölgəsinə təsir etmişdir.

Sovet İttifaqı dağıldıqdan sonra da Rusiya keçmiş ittifaq dövlətlərində olan maraqlarından imtina etmədi, sadəcə olaraq təsir mexanizmlərini dəyişdirərək bu ölkələrdə nüfuzunu saxlamaq üçün ənənəvi metodlarını işə saldı. Xalqlar həbsxanası olan Rusiyada məqsədli şəkildə etnik qrupların məskunlaşması nəzərə alınmadan dövlət qurumları yaradılmış, deportasiya və məcburi köçürmə  siyasətləri nəticəsində bəzi xalqlar öz yurd-yuvalarından məhrum edilmiş, digər xalqlar da həmin ərazilərə yerləşdirilmişdir. Heç şübhəsiz ki, Rus imperializminin əsas məqsədi xalqlar arasında süni şəkildə düşmənçilik toxumları səpmək idi. (8 s. 46).

Sovet İttifaqı dağıldıqdan sonra Rusiya tərəfindən əkilmiş düşmənçilik toxumları cücərmiş və silahlı münaqişələrə çevrilmişdir. Çoxlu etnos tərkibi ilə seçilən Qafqaz regionu Rusiyanın eksperimentlərinin qurbanına çevrilmiş, istər Şimali, istərsə də Cənubi Qafqaza Sovet İttifaqı dağıldıqdan sonra bir neçə münaqişə miras olaraq qalmışdır. Gürcüstan-Rusiya münasibətləri çərçivəsində rəsmi Moskva öz milli maraqlarını təmin etmək üçün bütün üsullardan istifadə edir. İstər separatçı qüvvələrin dəstəklənməsi, istərsə hərbi gücdən istifadə edərək təhdid  metodlarının tətbiqi, istərsə də enerji təminatının durdurulması Rusiyanın ən çox istifadə etdiyi təzyiq vasitələrindəndir. Rusiya ilə Gürcüstan arasında münasibətlərin gərginləşməsi Mixail Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra daha da şiddətli xarakter aldı. Münasibətlərin gərginləşməsinin səbəbləri arasında Saakaşvili hakimiyyətinin qərb meylli siyasəti, Rusiyanın maraqlarına cavab verməyən enerji layihələrində aktiv rol alması və s. kimi səbəbləri göstərmək olar. Gürcüstanın NATO-ya tam hüquqlu üzv olmaq istəyi və bu istiqamətdə atılan cəsarətli addımlar Rusiya tərəfindən heç də xoş qarşılana bilməz. Bunun qarşısını almaq üçün Rusiya hər vasitəyə əl atır. Bu vasitələrdən biri olaraq, 1999-cu ilin qışında Rusiya heç bir səbəb göstərmədən Gürcüstana verilən qazı kəsmiş, bunun ardınca isə 2001-ci ildə Gürcüstana qarşı birtərəfli viza rejimi tətbiq etməyə başlamışdır. 2002-2003-cü illərdə Gürcüstana nəql edilən qaz kəmərində baş verən partlayış Gürcüstan tərəfindən sabotaj kimi dəyərləndirilmiş və Rusiyanın maraqlarına xidmət edildiyi vurğulanmışdır. 2005-ci ildə Rusiyanın Qazprom şirkəti Gürcüstana satdığı qazın qiymətini 2 dəfə artıraraq 63 dollardan 110 dollara qaldırmış və beləliklə də bu ölkəni maliyyə cəhətdən çətin vəziyyətə salmışdır.

Rusiyanın Gürcüstana qarşı müxtəlif illərdə hərbi vasitələrdən istifadə etməsi faktları məlumdur. Gürcüstan tərəfinin iddialarına görə 2002-ci ildə Rusiya qırıcı təyyarələri Gürcüstan ərazilərini bombalamışdır. 2007-ci ildə Qara dənizdə Rusiyanın hərbi dəniz qüvvələri geniş hərbi təlimlər keçirərək regiondakı vəziyyəti gərginləşdirirdi. 2008-ci ildə Gürcüstana məxsus pilotsuz kəşfiyyatçı təyyarənin Abxaziya ərazisində vurulması gərginliyi daha da artıraraq qarşılıqlı ittihamları intensivləşdirmiş, hərbi toqquşma ehtimalını artırmışdı. Göründüyü kimi, "Beş günlük müharibə"yə qədər Rusiya Gürcüstan münasibətlərində gərginlik artan xətt üzrə inkişaf edirdi.

Müharibə ərəfəsində Rusiyanın Azərbaycanla bağlı siyasətinə də diqqət yetirək. Gürcüstandan fərqli olaraq Azərbaycan Rusiya ilə münasibətlərdə balans qorunub saxlanılır. Hərçənd ki, hər iki dövlət arasında bir yox, bir neçə məsələlərdə fikir ayrılığı mövcuddur, Azərbaycanın ehtiyatlı xarici siyasəti bu münasibətlərin gərginləşməsinə imkan yaratmır. Rusiyanın Dağlıq Qarabağda erməni separatçılarına hərtərəfli yardımı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarmışdı. Azərbaycanın qərbmeylli siyasəti, Rusiyanın enerji siyasətinə qarşı yönəlmiş regional layihələrdə iştirak etməsi, hərbi mütəxəssislərin MDB-yə alternativ olaraq qiymətləndirdikləri GUAM təşkilatını təsis edən dövlətlərdən biri olması Rusiyanın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqedən asılıdır. Rusiya Azərbaycana qarşı əsasən Qarabağ kartından təzyiq vasitəsi kimi istifadə etmişdir. Bundan başqa talış və ləzgi məsələləri də Rusiyanın zamanla əl atdığı vasitələrdəndir(5).

Müharibəyəqədərki dövrdə Rusiyanın Cənubi Qafqaz dövlətləri ilə əlaqədar siyasətini təhlil etdiyimiz zaman bu siyasətin ümumi xarakter daşımadığını, dövlətlərin Rusiyaya olan mövqelərindən asılı olaraq dəyişdiyinin şahidi ola bilərik. Rusiya ilə Gürcüstan arasında olan gərginliyin müharibə ilə nəticələnməsi gözlənilən idi. Müharibə iki dövlət arasında  olsa da, onun təsirləri digər qonşu dövlətlər olan Azərbaycan və Ermənistanda da özünü büruzə vermişdir. Cənubi Qafqaz siyasi iqtisadi və mədəni baxımdan bütövləşmiş region olmadığı üçün müharibənin təsiri ümumi olaraq regiona deyil, bu coğrafi bölgədə yerləşən dövlətlərə ayrı-ayrılıqda müxtəlif səviyyələrdə təsir etmişdir.

Heç şübhəsiz ki, müharibədən ən çox təsir görən ölkə Gürcüstan oldu. Gürcüstan Cənubi Osetiyada nəinki öz ərazi bütövlüyünü bərpa edə bilmədi, eyni zamanda öz əraziləri də müvəqqəti olsa da, rus qoşunlarının nəzarətinə keçdi. Müharibə zamanı Gürcüstan silahlı qüvvələrinə məxsus hərbi texnika rus qoşunları tərəfindən ya müsadirə olundu, ya da ki, qənimət olaraq  götürüldü. Bu müharibə Gürcüstan dövlətinə göstərdi ki, öz ərazi bütövlüyünü tək başına bərpa etmək iqtidarında deyil. Təəccüblü deyil ki, atəşkəs imzalandıqdan sonra ləngimədən Rusiya rəsmi şəkildə Cənubi Osetiyanın və  Abxaziyanın müstəqilliyini tanıdı və bu subyektlərə hər cür yardım göstərəcəyini bəyan etdi.

ABŞ və Avropa Birliyi müharibə boyunca Gürcüstanı dəstəklədiklərini bildirsələr də, faktiki olaraq Rusiya tərəfdən silahlı işğala məruz qaldığı halda ona lazımı yardımı göstərə bilmədilər. Münaqişənin başlandığı ilk gündən danışıqların aparılması təşəbbüsünü öz üzərinə götürən Avropa Birliyi münaqişənin yaranma səbəbləri ilə bağlı apardığı tədqiqatda Gürcüstanın günahkar olduğu qənaətinə gəlmişdir.

Nəticədə onu demək olar ki, Gürcüstan müharibədə məğlub olmaqla yanaşı, müharibəyəqədərki mövqelərini daha da pisləşdirdi. Gürcüstan tərəfindən öz ərazi bütövlüyünü bərpa etmək uğrunda başladılan müharibə ayrı-ayrı dövlətlər tərəfindən birmənalı qarşılanmamış, onun münaqişələri sülh yolu ilə həll etmək öhdəliyini pozduğu belə iddia edilmişdir. Müharibənin məhz Gürcüstan tərəfindən boşaldılması separatist Abxaziya və  Cənubi Osetiya dövlətlərinə Gürcüstanla birgə yaşamağın onlar üçün təhlükəli olduğunu iddia etmələrinə səbəb olmuşdur.

Hazırda Gürcüstan ilə separatçı Abxaziya və Cənubi Osetiya arasında münaqişənin tənzimlənməsinə dair intensiv danışıqlar aparılmır, separatist dövlətlər bundan sonrakı mərhələdə danışıqların yalnız müstəqilliyin tanınması haqqında ola biləcəyini vurğulayırlar.

Bütün bu proseslər onu göstərdi ki, Cənubi Qafqazda 90-ci illərdə formalaşmış güc balansı hələ də öz akuallığını saxlamaqdadır. Bu balansa əsasən bölgə Rusiyanın maraq dairəsində olmaqla yanaşı, qərbin də bu bölgədə enerji maraqları mövcuddur və Rusiya  bu maraqları qəbul edir . Hətta müharibə dövründə Rusiya silahlı qüvvələri Avropanı enerji resursları ilə təmin edən infrastrukturlara zərər verməməklə göstərməyə çalışırdı ki, mən sizin regiondakı maraqlarınızı qəbul edir və onlara ziyan vurmaq niyyətində deyiləm. Buna görə də, siz də mənim maraqlarıma hörmətlə yanaşın. Bu müharibədən sonra Gürcüstan və Ermənistanın xarici siyasətlərinin istiqamətlərində dəyişikliklər baş verməsə də, Azərbaycanın xarici siyasətinə yenidən baxışının şahidi olmaq olar. Azərbaycanın xarici siyasətinin istiqaməti balansı saxlamaqla  qərblə inteqrasiya kimi izah edilirdi. Amma müharibədən sonra Azərbaycan rəsmiləri konkret olaraq bildirmişlər ki, Azərbaycan nə NATO-nun , nə də ki, Avropa İttifaqının üzvü olmaq niyyətində deyil. Bu təşkilatlarla əməkdaşlıq Azərbaycanın prioritetlərindən olsa da, hazırda bu institulara tam inteqrasiya gündəmdə yoxdur. Ümumiyyətlə, balansı saxlamaqla qərbə inteqrasiya ifadəsini birmənalı qarşılamaq çətindir, çünki balansı qorumaqla başqa bir istiqamətə yönəlmək çox çətindir.

 

 ƏDƏBİYYAT

1.   Cornell. E. Svante. A Strategic Conflict Analysis of the South Caucasus with a Focus on Georgia. Wsahington, 2005, 148 p.

2.  Covering Conflict: Reporting on Conflicts in the North Caucasus in the Russian Meida. Article 19. Global Campaign for free esperssion. London? 2008, 123 p.

3.   Nichol Jim. Armenia, Azerbaijan and Georgia: Security Issues and implications for US interests. Washington, 2009, 196 p.

4.   Olga Oliker, Thomas S.Szayna. Faultines of Conflict in Central Asia and the South Caucasus. Washington, 2003, 407 p.

5.   Rovshan İbrahimov, Russian-Georgian Conflict-Reasons and Possible Results http// www.turkishweekly.net\ columnist\2971\russian-geoargian-conflict-reasons-and-possible-resutls.html

6.   Engaging Civil Society in the Nagorno Karabakh Conflict: What Role for the EU and its Neighbourhood polity? London, 2010, 145 p.

7.   Silah qalmaqalını araşdıracaq komissiya yaradılır, http//www.hafta-ichi.com/v4/pre.php?id=31917? 25/10/2010/

8.   Journal of Qafqaz University. İmpact "Five Days War" on South Caucasian State. Ceyhun Mahmudl, Agil Ahmedov

.

 

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:78835
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1252 san