07:35 30 may 2013
3430 dəfə oxunub
Çap versiyası
Vəsilə Hacıyeva
 Siyasi elmlər doktoru  

    Dünya idarəçiliyində gücün Qərbdən Şərqə istiqamət alması, dünya hakimiyyətində yeni qlobal aktorların (Hindistan, Braziliya, Türkiyə) meydana çıxması, Şərq blokuna aid Rusiya və Çinin güclən­mə­si, AB-nin çöküşü, yeni mənzərənin - güclər balansının nədən ibarət olacağı sualı yaradır. Yeni dünyanın şəkli, ierarxiyası, üstqurumu, qaydaları, onları konkretləşdirəcək beynəlxalq qurum­la­rın necə olacağı mə­sə­ləsini qoyur. Bir sözlə, dünya yeni qlobal sistem gözləntisi içindədir. Və bu sistem için­də önəmli yer­lərdən birinin Türkiyəyə aid olacağı artıq heç kimdə şübhə doğurmur.

Türkiyə II dünya döv­ləti və I dün­ya dövləti olmağa namizəd kimi ciddi tarixi, coğrafi, mədəni, mental, iqtisadi, demoqrafik və s. poten­si­al­la yanaşı, həm də qlobal proseslərin, dünya tarixinin 20 il əvvəldən başlaya­raq yaratdığı və ya­rat­maqda da­vam etdiyi fürsət və imkanlara malikdir. Belə ki, soyuq müharibədə sosialist blo­ku­nun məğ­lu­biy­yəti bir sıra dövlətlər və qlobal güclər üçün yeni, lakin bir-birindən fərqli isti­qa­mət­lərə, pro­­­ses­lərə yol açdı, yeni mər­hələni gətirdi. Uzunmüddətli perspektiv baxımından bunların içində Türkiyə xü­su­si yeri alır. Türkiyə Qərb blokunda so­yuq mü­haribənin önəmli aktorlarından biri oldu. NATO çərçivəsində or­du­nun infrastrukturunu təkmil­ləş­dir­mə ilə yanaşı NATO-nun vacib bir elementinə çevrildi və onun siyasi rəhbərliyində rol oynamağa baş­la­dı. So­yuq müharibə dövründə Şərq-Qərb qarşılaşmasında Şərq blokuna li­der­lik edən SSRİ Türkiyənin su­ve­ren­lik və bütövlüyünə ciddi təhdid yaratdığından soyuq müharibənin özü Türkiyə ordusunun inkişafı və güc­lənməsinə, modernləşməsinə səbəb oldu. Ordu bərk güc kimi bir qlobal ak­tor üçün daimi vacib ün­sür­dür. I Dünya dövləti olma yolunda bu günkü türk ordusu Türkiyənin əldə etdiyi ciddi şansdır.

Bir qütblü dünya dövrü də bu təkamül prosesində yerin aldı. Belə ki, bu dövr Rusiyanın xarici si­ya­sə­tin­də, ilk növ­bə­də Tür­kiyə ilə bağlı mövqeyində ciddi yumşalmalara yol açdı. Rusiya, xüsusən Putin döv­rün­də daha çox praq­­matik xarici siyasət apardı. Bu da Türkiyə ilə imkanların ciddi inkişafına imkan verdi. Ha­zır­da Rusi­ya türk şirkətləri üçün əhəmiyyətli bazar, Rusiya əhalisi Türkiyənin turizm sahəsində böyük bir mən­bə ol­ma­­sı ilə bərabər, siyasi münasibətlərdəki antoqonizm əməkdaşlıq və dialoqla əvəz olundu. Ərəb dün­­ya­sı­nın bir hissəsində sovet-rus ideoloji təsiri aradan qalxdı, liberal-demokratik dəyərlər, xüsusən də Tür­ki­­yə­nin bir örnək model olaraq ərəb ölkələrinin cəmiyyətlərində diqqət mərkəzinə gəldi ki, bu da Türkiyənin bu regionda yenidən əlaqələrinin qurmaq və genişləndirmək, təsir və nüfuz dairəsini artırmaq imkanı ver­di. Ərdoğan hakimiyyəti bu tarixi imkandan yararlanmağı bacardı, fürsəti qaçırmadı.

Türkiyənin son 20 ildə inkişafı qlobal hadisə olan SSRİ-nin dağılması ilə bağlıdır. O, Şərq-Qərb mü­na­sibətlərində qütbdən mərkəzə gələ bildi və post-sovet məkanının böyük bir hissəsini bazara çevirə bil­di. Üstəlik, SSRİ-nin dağılması post-sovet respublikaları ilə yanaşı Orta Şərqdə də əlaqələr qurmaq, ora­da nü­fu­zu artırmaq, yeni bazarlar tapmaq imkanı verdi. Şevket Pamukun bunu haqlı olaraq AKP hö­ku­mə­tinin xarici və iqtisadi siyasətinin müvəffəqiyyəti kimi izahı (11), Davudoğlunun qonşu dövlətlərlə "sıfır problem" te­zi­si­nə söykənən geosiyasətinin (2, §2.) müsbət tərəfləri ilə bərabər tarixin ver­diyi imkan və missiyanı da unut­maq lazım deyil. Burada iqtisadi inkişafla bərabər həm də bu məkanın intel­lektual imkanlarından (xüsusilə, Azərbaycan və Orta Asiya) yararlanaraq yumşaq güc olan mədəni gü­cü ar­tır­ma­sı­nı da qeyd etmək lazımdır. Azər­baycan və Orta Asiya respublikalarından intellektualların Türkiyəyə axını ilə yanaşı buraya mədəni təsirini yaymaq (TV, kinosənaye, litseylər vasitəsilə) oldu.

Qloballaşmanın - yeni qlobal sistemə ke­­çid prosesinin isə Türkiyənin II dünya dövlətinə cevrilməsi və I dünya dövləti olmaq yolunda yaratdığı im­kan­ları bir neçə istiqamətdə səciyyələndirmək olar: 1) Vətəndaş cə­miy­yəti təşkilatları formalaşdı; 2) Dias­po­­ralarda təşkilatlanma getdi; 3) İqtisadi inteqrasiya genişləndi; 4) İq­tisadi şirkətlər və xaricdəki diaspora təşkilatları dövlətin xarici siyasətində rol aldılar, bəzən də təkanverici qüv­və oldular ki, bu da yeni dünya sisteminin tələblərinə cavab vermə istiqamətində beynəlxalq yumşaq güc əldə etmə üçün bazadır.

Qərbin güc itirməsi onun Orta Şərqdəki təsir imkanlarının güclənən Rusiya və Çinə ötürülməsi prob­le­mi­ni törədir. Burada, təbii ki, Türkiyənin güclər nisbətini saxlamaqda Qərb üçün önəmi artır. Belə bir məqam in­diyəcən Orta Şərqdə onun qarşısına çəkilmiş səddləri qaldırmaqdadır. Proses beynəlxalq sis­tem­də Tür­ki­yə­nin güclənməsi, önünün açılması ilə yanaşı onun daxilindəki ən böyük problem olan kürd mə­­sələsinin həllinə də şərait yaradır. Bilirik ki, PKK-nın fəaliyyəti soyuq müharibədən qalib çıxmış Qər­bin, xüsusilə də Avro­pa­nın güclü və özündən əmin vəziyyətə çatması ilə bağlıdır. Soyuq müharibə dövrü bit­dikdən sonra PKK-nı ciddi şəkildə dəstəkləyən, ona bütün vasitə və formalarla yardım edən, bununla da PKK-nın güclənməsində və aktivləşməsində (hərbi və siyasi) əsas səbəbkarlardan olan Avropanın böh­ran­­lar yaşaması PKK-nın ilk növbədə maliyyə qaynağının azalması ilə onun zəifləməsi üçün əsas olur.

Bəs Türkiyə çoxqütblülüyə necə hazırlaşmalıdır? Soyuq müharibənin başa çatması və onun gətirdiyi re­gi­­o­nal, qlobal şərait Türkiyəyə regional güc olma fürsəti verdi. Lakin çoxqütblü sistem Türkiyəyə qlo­bal aktor olma imkanları yarada bilər. Təbii ki, əgər potensialdan maksimum faydalana, regional bloklaş­ma­lar apa­rarsa. Bütövlükdə Türkiyənin çoxqütblülüyə - yeni qlobal sistemə hazırlığı istiqamətində vacib görünən fəaliyyətləri ümumiləşdirərək aşağıdakı tezisləri irəli sürmək olar:

1) Regional bloklar yaratmaq. Bu zaman mümkün variantlar və imkanlarda sistemləşmələrə ge­dil­mə­lidir. Türkiyənin AB-nin üzvü olma ilə yanaşı, həm də digər regional bloklarda iş­ti­rakı mə­sələsinə "Tür­kiyə - 2023" proqramında toxunulub (5, s.41). Lakin təəssüf ki, bu məsələyə sis­tem­li bir kon­sepsiya, ən azı bir strategiya kimi baxılmayıb. Yerləşdiyi regionun sistemləşməsi istiqa­mə­tin­də bir təsəv­vür cızıl­ma­yıb, baxış sis­temi sərgilənməyib. Halbuki coğrafi şəraiti, qlobal proseslərin isti­qa­məti və Türkiyənin I dünya dövləti olma hədəfi bunu tələb edir. Regionun sistemləşməsi, burada altsis­tem­lərin - regional blok­la­rın variant, im­kan və missiyaları, bloklar arasında əlaqələrin xarakteri, tən­zim­lən­mə vasitələri is­ti­qa­mə­tin­də Türkiyə yara­dı­cı, aparıcı, aktiv aktor kimi fəaliyyət göstərməlidir. Bu blok­lar regional sis­tem­lərlə for­malaşacaq qlobal sis­tem­də qlobal aktor olmaq imkanı verəcək. Nəzərə alsaq ki, Tür­kiyə sadəcə böl­gə­nin güclü dövləti deyil, eyni za­manda bir neçə regionun əla­qələrini bir neçə aspektdən tə­min edir, onun bu bloklarda olması bölgə döv­lət­lə­ri, həm­çi­nin AB üçün get-gedə zərurət olacaqdır. Enerji ix­racatçıları və idxalatçıları enerjinin təhlükəsiz, eti­barlı, si­ya­si mü­ba­hi­sə­lərə alət olmadan ötürülməsinin ma­rağındadırlar. Bütün bunlara baxdıqda Türkiyə coğ­rafi ola­raq re­gi­on­­lar, qitələr arasında münasibətlərin mər­kəzində durur və bütün dəyər və imkanları, döv­lət­çilik ənə­nə­si, bərk və yumşaq güc vasitələri ilə re­gi­on­lar arasında tarazlıq yaratmaq, sürətlə qloballaşan, on­lar ara­sın­da əla­­qəni nizamlamağa və bununla da qlo­bal aktora çevrilməyə qadirdir. Lakin bu çox çətin nizam­lamanı regi­­onda bloklaşmalar, regional sis­tem­lər yaratmaqla mümkündür. AB yeganə hədəf olmamalı, hətta ümu­­miyyətlə hədəf yox, vasitələrdən - Tür­kiyəni qlobal aktora çevirəcək regional sistemlərdən biri olmalıdır. Belə sistemlərdən biri kimi Qaf­qaz­da və Orta Asiyada təhlükəsizlik və nizama əsas olacaq Trans Xə­zər iqti­sa­di təh­lükəsizlik sis­te­mi­nin ya­ranmasına zərurət var. Türkiyə daxil olmaqla Qafqaz və Orta Asi­ya­nın sis­tem­ləş­məsi həm Türkiyənin qlo­bal aktor kimi qəbul olunması, həm də region dövlətlərinin pers­pektivi üçün əhə­­miyyət kəsb edir. Belə ki, Xəzər regionundakı yeni müstəqil dövlətlərin hazırkı köv­rək suverenlikləri, qlo­­bal sistemin pozulan ta­razlığı, ikistandartlı siyasi fəaliyyətlərinə baxmayaraq SSRİ-nin dağılmasında və bu dövlətlərin müs­tə­qil­lik qazanmalarında dəstək vermiş, hazırda da bu dəstəyin ün­va­nı olan ABŞ və AB-nin zəif­ləməsi, Ru­si­ya və Çinin güclənməsi kimi qlobal sistemdə gedən dəyi­şik­lik­lər burada dayaq sis­temlərin və onların bey­nəlxalq qarantiyalarının olmasına zərurət yaradır. Trans Xəzər iqtisadi təh­lükəsizlik sistemi il­kin ola­raq Azərbaycan, Türkmənistan, Qazaxıstanın, Gürcüstan və Tür­­kiyənin blok­laşdığı, iqtsadi təh­lü­kə­sizlik prin­siplərinə əsaslanan regional təşkilat kimi regional və qlo­bal nizam üçün ciddi rolu ilə ya­na­şı Türkiyə üçün AB-dən fərqli olaraq daha etibarlı dayaq və güc mənbəyi olacaqdır.   

"Türkiyə - 2023" fəaliyyət planında 2023-cü ildə dünyanın görkəmi ilə bağlı bildirilir ki, "regional inteq­rasiyanın önəmi artacaq. Zəif dövlətlər suverenliklərini qorumaq üçün yaxın, müttəfiq dövlətlərlə in­teq­rasiyaya gedəcəklər". Bunun əlamətləri artıq Cənubi Qafqazda görünməkdədir. Belə ki, Gürcüstan məhz suverenliyini qorumaq məqsədilə tez bir zamanda NATO-ya üzvlüyə cəhd edir. (Həmçinin, Azər­bay­can Tür­ki­yə ilə strateji əməkdaşlıq müqaviləsi bağladı - 2006, 16 avqust). Lakin bu hədəf onun təhlü­kə­siz­liyi və rifahı üçün azdır. NATO-ya üzvlük onun ərazisinə təcavüzün qarşısını almaqda kömək edəcək. İqti­sadi və ardınca siyasi təhlükəsizliyinin təminatı isə olmayacaq. Çünki onun iqtisadi təhlükəsizliyi cid­di şəkildə Azər­bay­canla əlaqələrdən, regionun iqtisadi inteqrasiyasiyası, inkişafı və təhlükəsizliyindən, Trans Xəzər layihə­lə­rin­dən asılıdır ki, NATO-ya üzvlük bunları yoluna qoyacaq bir təşkilat deyil. Ona gö­rə Azərbaycanın ərazi bü­töv­lüyü və suverenliyi təmin olunmadan, onun regional təhlükəsizliyi hansısa şə­kildə beynəlxalq qaran­ti­ya­ya alınmadan nə Gürcüstanın, nə də bütövlükdə regionun davamlı sa­bit­li­yin­də, təhlükəsizliyindən, rifa­hın­dan danışmaq olmaz. Burada artıq Gürcüstanın da daxil olduğu regional iqti­sadi təhlükəsizlik sisteminə tələb olduğu görünür. Belə bir sistem Azərbaycan üçün xüsusi əhəmiyyət daşı­malıdır. Əli Həsənovun qeyd etdiyi kimi, Azərbaycan bloklara qoşulmamaq qərarı ilə bütün tərəflərlə (ABŞ, AB, Türkiyə, Rusiya, İran) yaxşı mü­nasibətlərdə və əməkdaşlıqda maraqlı olduğunu göstərdi və heç bir dövlət Azərbaycanın simasında özünə poten­sial təhlükə görməyəcək (3). Bununla belə, xüsusən son iki ildə İranla münasibətlərdəki gərilmələr göstər­di ki, sadəcə bizim niyyətimiz kifayət etmir. Tarixi id­diaları olan və hər addımda fürsət gözləyən, bə­zən də bunun üçün heç səbri çatmayan qonşularımız özləri Azərbaycan üçün olduqca böyük təhlükədirlər. Möv­cud bloklara qoşulmamaq Rusiya və İranı daha çox qıcıqlandırmamaq, istədikləri bəhanəni verməmək üçün düzgün qərardır. Lakin bu bloklardan fərqli, özündə təhlükəsizlik şərtlərini saxlamaqla daha çox iqti­sadi və mədəni inteqrasiyaya önə çıxaran bir sistemləşməyə getmək zamanın tələbidir. Bu mənada Bje­zin­ski­nin bir müsahibəsini yada salmaq yerinə düşər. O deyir: "ABŞ-ın və AB-nin çöküşü Azərbaycan və Gür­cüs­tan kimi dövlətləri təhdid altında qo­ya­caq. Regional bloklaşmalar Türkiyə kimi II dünya dövlətlərini bö­yü­düb gücləndirək" (6). Bir sözlə, Tür­kiyə ətrafında və onun daxil olduğu regional təşkilatlar və blokların yara­dıl­ması, onların əlaqə­lən­di­ril­mə­sində mərkəzə, nüvəyə və körpüyə çevrilmə istiqamətində fəaliyyət əsas vəzi­fələrdən olmalıdır.

2) Yeni sistemin gözlənilən aparıcı gücləri ilə gələcək münasibətlərin istiqamətini müəyyənləşdirmək və zəmin qoymaq. Bu aktorlar arasında qarşılıqlı asılılığı gücləndirmək. Müttəfiqlərlə yeni sistemdə birgə fəa­liy­yətin konturlarını cızmaq. Bu mənada hər zamankı kimi ön planda ABŞ durur. Lakin burada da mü­na­si­bət­lərin əvvəlki səpkidə olmadığı və olmayacağı hər iki tərəf üçün bəlli və anlaşılandır. Belə ki, Stra­te­ji və Bey­nəlxalq Tədqiqatlar Mərkəzinin (Va­şinqton) Türkiyə ilə bağlı mü­za­ki­rə­lə­rin­dən birində Tür­ki­yə­nin bey­nəl­xalq təhlükəsizlik üçün indi daha çox iş görməsinə və töhvə verməsinə baxma­ya­raq əv­vəl­ki ki­mi "rahat" bir dövlət olmadığı fikirlərilə razılaşan Bjezinski bunu normal hesab etməyi lazım bil­di: "Türkiyə müstəqil dövlətdir. Onun da öz maraqları var və biz bu maraqları nəzərə almalıyıq" (8).

Yeni mərhələdə Türkiyə ilə müttəfiqlik ABŞ-a qlobal supergüc olaraq qalma və ya Avrasiyada təsir dai­rəsini saxlamaq, qlobal məsələlərlə bağlı qərarvermə hallarında dəstək üçün lazım olacaqsa, Türkiyəyə ilk növ­bədə Orta Şərqdə təsirini artırmağa kömək edəcək. Bjezinski kitabında Türkiyəni Səudiyyə Ərəbis­ta­nı ilə bir­gə Orta Şərqdə nizamlayıcı aktor kimi gördüyünü yazır (13, p.132-185). (Son il­lər­də bu isti­qa­mət­də ciddi dö­nüş yaranmışdır. Xüsusən də İsraillə münasibətlərdəki yaranmış problemlər və problemin Fə­ləstin mə­sə­lə­si üzərində qurulması Türkiyənin ərəb dünyasındakı etibar və nüfuzunun bir sıç­rayışla yük­səlməsinə səbəb ol­du. İlk zamanlarda xarici siyasətdəki bu radikal dəyişiklik ABŞ-da bir çaş­qın­lıq və nara­hatlıq yaratsa da, son­ralar "ərəb baharı" prosesində Türkiyənin regiondakı təsir dairəsinin verdiyi effektlər onun İsraillə olan si­ya­sətinin həmçinin ABŞ və İsrail üçün yaxın və uzun müd­dətə sə­mərəliliyini gös­tərdi). Eyni zamanda, Orta Şərq­də güclənmək istiqamətində ABŞ-dan dəs­tək almaq, burada birgə fəa­liy­yət ikitərəfli münasibətlər, regio­nal və beynəl­xalq təhlükəsizlik üçün ciddi əhəmiyyət kəsb edəcək. ABŞ-ın yaxın və daimi müttəfiqlərinin yer­ləşdikləri regionlarda bir aparıcı aktora çevrilməsi və regionun məsələlərinin həlli öhdəliklərini boynuna gö­türəcək qədər güclü olması Amerikada sadəcə Bjezinskinin baxışı deyil. ABŞ-ın "Milli Təhlükəsizlik Stra­te­giyası"na Prezident B.Obamanın verdiyi ön söz­də ABŞ-ın 20-ci əsrin II yarısında olduğu kimi yeni əsrdə də bütün ağırlığın yalnız ABŞ-ın çiyinləri üzə­rinə düşməməsi gərəkdiyini və bu yükün müasir dünyada çox daha böyük olduğunu, təkbaşına yox, kol­lektiv fəaliyyət gərəkdiyini, ona görə də regionlardakı müttəfiqlərlə yeni və daha dərin əlaqələrin qurulmasının vacibliyini qeyd edir (12, p.4).

3) Türkiyənin yeni sistemdəki yeri, hədəf və maraqlarına istiqamətlənən, vacib region və dövlətlərin siyasi dai­rə­lə­rində Türkiyəyə münasibətin məqsədəuyğun olması, Türkiyənin maraqları ilə uzlaşan siyasi xəttin götürülməsi üçün akademik müstəvidə kompleks işlər görülməli, akademik əlaqələrə xüsusi diqqət yetirilməli, müvafiq siyasi kurs aparılmalıdır (Türkiyə - 2023, s.12).

4)  Müttəfiqliklər dərinləşdirilməli, ikitərəfli və çoxtərəfli münasibətlər, asılılıqlar artırılmalıdır. Həmçinin, daxili əlaqələr sistemi dərinləşdirilməli, buradaki qırılma və boşluqlar qaldırılmalıdır.

5) Qlobal gücə çevrilən qeyri-dövlət təşkilatlarının və transmilli şirkət­lə­rin qu­rulması istiqamətində (müttəfiq dövlətlərlə birgə) ciddi iş aparılmalıdır. Daxildəki yumşaq güc ün­sür­lə­ri­nin artırılması yönün­də cid­di iş aparılmalıdır. Onların transmilli təşkilatlara çevrilməsi və xarici əmək­daş­lı­ğı­na dəstək gös­tə­ril­mə­­li­dir. Cəmiyyətin hər bir sferasının regional və qlobal güc mənbəyinə çevrilməsinə çalışılmalıdır.

6) Güclü dəyərlər sistemi əsas şərtlərdən biridir. Tarixiliyin, müasirliyin, milliliyin, dinin və bəşə­ri­li­yin yer aldığı, bu elementlərin optimal ölçülərinin və düzgün subordinasiyasının olduğu struktural ni­zam­lan­ma­­sı aparılmalıdır. (İslamın müa­sir­liyə və tərəqqiyə yaratdığı imkanları, insana və cə­miyyətə ver­­diyi azad­lıq­ları, həmin azadlıqların in­ki­şa­fına olan tələbini qabardaraq müasirliyin, elmin qa­rantı və baza də­­yərlər sis­te­­mindən biri kimi ilkin ola­raq cəmiyyətə, daha sonra isə dünyaya təqdim et­mə­li. Bu istiqamətdə fəa­­liyyət həm də Türkiyə daxilində mil­li mentalitetdəki haçalanma ilə bağlı prob­le­min həllinə təkan verəcək, müa­sir­lik­lə ənənəvilik, qərb­li­lik­lə şərqlilik arasındakı ziddiyyəti qaldırmağa yar­dım edəcək). Dəyərlər sis­te­mi­nin hər bir elementinin xa­ricdə daha güclü və təkmil olmadığını anal­da­raq bir inkaşafa çat­dırılmalı və təq­dim edil­məlidir. Beləliklə, da­xil­də Şərq və Qərb normalarının harmonik vəh­dətini ya­ra­da­caq ünsürləri müəy­yən­­ləşdirmək, gündəmə gə­tirmək və beynəlxalq sistemə daşımaq la­zım­dır. Çəkin­mə­dən Yeni Dünya Niza­mı­nın normalarının əsasını verəcək dəyərlər sisteminin mənbə döv­lə­ti olan bir qlobal aktor kimi bey­nəlxalq sis­temə daxil olmaq isti­qa­­mətində hədəf seçmək və çalışmalar apa­­rıl­­malıdır. Dəyər id­xa­lat­çı­sın­dan dəyər ixra­cat­­çı­sına çevrilmək yönündə kompleks işlər görülməlidir. Bir söz­­lə, Şərq-Qərb mü­na­si­bət­lərində vasitəçi, eti­barlı aktor, mərkəz dəyərlərin ix­racatçısı, Şərq və Qərbi bir-birinə anladan, ortaq, işlək dəyər və normaların ifadə­çi­si mövqeyi hədəf götürülməlidir.

7)  Milli dövlətçiliyin özək element və keyfiyyətlərini qorumaqla (daxili və xarici əlaqə­lər siste­min­də mil­li dayaqları gücləndirməklə - xaricdə Türk Dünyası və diasporaları ilə güclü əla­qə­lər, ge­niş­lə­nən və dərin­lə­şən təşkilatlanma) yanaşı, bəşəri dəyərlərin önə çıxarılıb dünyada birstan­dart­lı tət­bi­qin­də öz missiyasını irə­li sürmək, Şərqlə Qərb, irqlər və dinlər arasında radi­ka­lizmin qarşısında duran, qlobal tən­zim­ləyicisi rolunu oyna­yacaq bir aktor olmaq çalışmalar reallaşdırılmalıdır.

8) Yeni sistemin yeni qaydalarını gerçəkləşdirəcək beynəlxalq təşkilatların yenidən qurulması istiqa­mə­tində fəal aktor kimi iş aparılmalıdır. Bu istiqamətdə fəal və iddialı olmağın özü özlüyündə bir güc və nü­fuz mənbəyi yaradacaqdır. Elə bir açıq beynəlxalq təşkilatlanma for­ma­laş­ma­lı­dır ki, dünyada güc dəyiş­mə­lə­ri mövcud təşkilatların legitimliyinin itməsi, hüquq və nor­ma­la­rın işləmə­mə­si­nə gətirib çıxarmasın. Böyüyən güclər kənarda qalmasın. Sistem özü dinamik şəkildə, mü­əy­yən prosedur və prin­siplərlə dövlətlərin güc­lən­məsi və zəifləməsinə müvafiq şəkildə onların beynəlxalq təş­kilatlardakı möv­qe­lərini tənzimləsin. 

9) Ciddi iş universitetlərdə, akademik sferada aparılmalıdır. Məqsəd regionun mədəni, dəyər ixrac edən mərkəzi kimi təhsil və elm sahəsində də mərkəz bir dövləti səviyyəsinə qalxmaq olmalıdır. Çünki bu sahə­də aparıcı səviyyəyə çatmadan bir qlobal aktora çevrilmək mümkün deyil. Akademik sahəyə həm dövlət tərə­findən, həm də vətəndaş cəmiyyəti, şirkətlər, fondlar tərəfindən böyük dəstək cəlb olunmalıdır. Həmin dəstəyin özünün strategiyası dövlət tərəfindən hazırlanmalıdır. Ətraf regionların intellektual potensialının ölkə­yə cəlb olunması, daxili potensialı artırmaq istiqamətində kompleks tədbirlər görül­mə­li­dir. Sadəcə təhsil­də yox, təhsil sferasının inkişafının da birbaşa asılı olduğu elm sahəsində regional mərkəzə çevrilməklə bəra­bər qlobal mərkəzə çevrilmək hədəfi götürülməlidir.

Bəs yeni sistemdə Türkiyənin yeri necə olmalıdır? Hazırkı proseslər yeni mənzərənin, güclər balan­sı­nın nədən ibarət ola­cağı sualı yaradır. Yeni dün­yanın şək­li, qaydaları, qaydaları qoyan üstqurumun, onların işlə­­məsini təmin edəcək beynəlxalq təş­ki­lat­ların necə ola­cağı məsələsini qoyur. Və Türkiyənin yeni dünya sis­temin­də yerini təyin etmək baxı­mın­dan Türkiyədə bu siya­səti aparan şəxs ola­raq Davudoğlunun yeni dün­ya ni­za­mı, ölkənin buradakı yeri haq­qında fikirləri önəm kəsb edir. Da­vud­oğlu yeni dünyaya doğ­ru gedən pro­sesə diqqəti çəkir və son 20 ilin analizini verərək de­yir: "Bizim yeni, real, inkluziv global ni­za­­ma eh­ti­ya­cımız var: dia­lo­qa, çox­tərəf­li­li­yə əsaslanan siyasi niza­ma, ədalətə dayanan iqtisadi nizama və uz­laş­ma­­ya söy­kənən mədəni nizama. Bütün regional məsələlər qlobal nizama istiqamətləndirilməlidir" (10).

Yeni dünya nizamı sadəcə yeni güc balansı olaraq qalacaq, yeni uzlaşmalar yaradacaq, yeni güc­lə­rin qlo­bal proseslərdəki maraqlarının mübarizəsini bir siyasi çərçivədə, qarşılıqlı maraqların dinc yolla tə­mi­ni isti­qamətində formalaşacaq, yoxsa çoxqütblü­lü­yə keçid ilə baş­layan beynəlxalq sosial nizama (beynəlxalq hüququn birstandartlı və ciddi vasitə olduğu) gətirəcək? Ni­za­mın yaranması və yaranarsa da davamlılığı bu su­al­ların cavablarından ası­lıdır. Işləyən və birstandartlı bey­nəl­xalq hüquq beynəlxalq təşkilatın legitimliyi deməkdir. Beynəlxalq təşkilatın legitimliyi və işləməsi onu va­sitə kimi yaradan hakim gücün və ya güclər balasının - qlobal siyasi sistemin sabitliyi və nüfuzu deməkdir.

Aydındır ki, qlobal nizamın təminatçısı kimi qlobal sistem çıxış edir. Dünya hazırda qlobal sistem böh­­ranı yaşadığından qlobal nizam problemi də böyükdür. Çünki qaydaların işləməməsi sis­tem böhranını törə­­dirsə, sistemin böhranı da öz növbəsində qaydasızlığı dərinləşdirir. Burada ar­tıq fərq­li, qəbul olunmuş qay­dalardan və meyarlardan kə­nar alt­sistemlər ya­ranır. Həmin altsistemlər sistemi nə­za­rətdə saxlamağa, ona təsir və təzyiq etməyə ça­lışır ki, bu da sis­tem­daxili an­to­qonizmi gücləndirir. Bu zaman mü­haribələrin, mü­na­qi­şələrin, ter­ror və s. halların art­ma­sı təbiidir. Proseslərin belə bir istiqamətdə get­mə­si yeni qlobal sistem və yeni dün­ya nizamı möv­zu­la­rı­nı aktuallaşdırır. Ona görədir ki, yeni qlobal sis­te­min necə olacağı və burada hansı döv­lət necə bir yerə ma­lik olacağı haqqında müxtəlif planlar cızılır.

Bəs yeni qlobal sistemdə Türkiyə harada dayanacaq? Hazırkı ikinci dünya dövləti mövqeyindən bi­rin­ciyə qalxa biləcəkmi? İmkanları nədir? Vasitələri, strategiyası nə olmalıdır? Regionlara, ABŞ, Rusiya, Çin və digərlərilə münasi­bət­lə­ri­ni necə qurmalıdır? Davudoğlu "Türkiyə kör­pü yox, mər­kəz bir dövlət ol­ma­lıdır" fikrinin üstündə durur. Da­vudoğluya görə, körpü olmaq öz var­lı­ğı­na sahib ol­ma­maqdır. Bu sə­bəb­dən, indiyə qədər Avropada Tür­kiyə Orta Şərqli, Orta Şərqdə isə Qərbə aid bir dövlət kimi dışlanıb. Bun­dan sonra Türkiyə mərkəz ol­maq­la Qərbdə qərbli, Şərqdə şərqli, Bal­kan­lar­da bal­kanlı, Qafqazda qaf­qaz­lı olmalıdır (1). Davudoğlu Tür­kiyənin indiyəcən apardığı passiv xarici si­ya­­sə­tin aktiv xarici siyasətlə əvəz­lənməsi prinsipini qoyur və AKP hakimiyyəti çərçivəsində bunu re­al­laş­dı­rır. Fik­rimcə, passiv xarici si­ya­sətdən aktiv xaricə si­ya­­sə­tə keçidin özü yeni qlobal sistemdə Türkiyənin mər­­kəz rolu daşıyacaq I dünya dövləti olmaq isti­qa­mə­tin­də vacib ilkin mərhələ oldu. Bu mərhələdə ak­tiv­lik və mərkəzləşmə dövlət-döv­lət münasibətlərində apa­rıl­mağa cəhd edildi. Görünür, bu səbəbdəndir ki, "qon­şularla sıfr problem" hə­dəfi heç də mümkün gö­rün­mür. Di­gər yandan, həmin qonşuların bir-birilə mü­­nasibətlərdəki gərilmələr də buna imkan vermir. De­mə­li, re­gi­on­da sistemləşmələr getməlidir. Yalnız qon­­şu dövlətlər arasındakı blok­laşmalar, onların mü­əy­yən norma və qay­dalarla regional təşkilatlar içində niza­­mı regionda dina­miz­mə yol açar ki, bu zaman Tür­kiyənin regionda mər­kəzləşməsi mümkün olar, qon­­şularla problemlərin çö­zül­məsi və ümumiyyətlə be­lə bir rolu üzərinə götürərək aktiv siyasət yürütmək üçün əlaqələrin tən­zim­lən­mə­si bir sistemli hal alar. Çün­ki mərkəz dövlət, Davudoğlunun da ifadə etdiyi kimi, regionda prob­lem­lə­rin, mübahisə və müna­qi­şə­lə­rin həlli ilə məşğul olan bir dövlət deməkdir. Bu cür qon­şuluqda və zəngin si­ya­si coğrafiyada sadəcə iki­tərəfli münasibətlərlə, Tür­ki­yə­nin aktiv rol oynayacağı re­gi­onal sistemlər və on­ların norma və qay­da­lar­la yaradacağı nizam olmadan bu yü­kü daşımaq müm­kün­süz görünür. Nəzərə alaq ki, döv­lə­tin öz ma­raq­ları və xalqı qarşısında öhdəlikləri də var və bü­rok­ratik apa­ratını, vaxtını, ener­ji­sini sadəcə regionun mə­sələlərinə, mərkəz dövlət olmanın öh­də­lik­lə­ri­nə həsr edə bil­məz. Mərkəz dövlət ol­ma dövləti da­xilən güc­ləndirirsə də, onun iqtisadiyyatı, mədəniyyəti, nü­fuzu ilə bir­gə təhlükəsizliyini, əra­zi bü­töv­lü­yü­nü möh­kəmləndirirsə də, burada daxili gücün xarici gücə əsas və da­yaq olduğunu unut­maq olmaz. Bir söz­lə, Tür­kiyənin mərkəzdə tarazlayıcı və tənzimləyici rola ma­lik olduğu regional alt­sis­tem­lərdən ibarət bir şəbəkə sistemin formalaşdırılması is­ti­qa­mətində proq­ram­laş­dırılmış fəaliyyət apa­rıl­ma­lıdır. AB-nin pers­pektivinin uğurlu olub-olmamasından ası­lı olmayaraq Tür­ki­yə Avropa ilə dərin bir sis­temləşmə için­də olmalıdır. Bu, onun Qərblə mü­na­si­bət­lə­rin­də siyasi əhə­miy­yət kəsb etməsi ilə yanaşı Or­ta Şərqi və həm­çinin, sərhədlərini nəzarətdə saxlaya bil­mə­si üçün lazımdır. Digər vəzifə Orta Şərqdə tən­zimləyici ak­tor kimi iştirak edəcəyi bir regional sistem ya­ratmaqdır. Nəzərə al­saq ki, Bjezinski də öz stra­teji baxışında Tür­kiyənin Səudiyyə Ərəbistanı ilə birgə Or­ta Şərqdə ni­zam­la­ma fəa­liy­yə­ti­ni apar­ma­sı­nı və burada əsas apa­rıcı aktor olaraq Türkiyəni dönə-dönə qeyd edir və əsas­landırır (6), ABŞ-ın dəs­­təyi və tərəf­daş­lı­ğının burada təmin olunacağı aydındır. Fərq­li sistemlər Qaf­qaz və Orta Asiya döv­lət­lə­­rilə qu­rul­malıdır. Yu­xarıda haqqında danışdığım Trans Xə­zər regional iqtisadi təh­lükəsizlik sistemi bu re­gionda da­ha bö­yük və dərin sistemləşməyə imkan ya­ra­da­caq bir özək sistem ki­mi qurula bilər. Xüsusilə də türk­dil­li döv­lət­lərin yaratmış olduqları qurumların bu is­tiqamətdə istənilən nə­ticələri vermədiyini nə­zə­rə ala­raq və AB-nin yaranması təcrübəsinə istinad edərək iq­tisadi əsaslar üzə­rin­də qurulan bir sistemin re­gi­onal və bey­nəl­xalq əngəlləri aşaraq arxasınca siyasi, təhlükəsizlik mə­sə­lə­lə­ri­nə də yol aça biləcəyini söy­ləmək olar. Bu sis­temləşmələr region ölkələrilə münasibətləri ge­niş­lən­dir­mək, dərinləşdirmək və sis­tem­lərin nor­­ma və qay­da­ları, operativ işçi qrupları va­si­təsilə tənzimləməni müm­­­kün etməklə, ətrafında bir ni­zam ya­­ratmaqla (bu ni­zam milli təhlükəsizlik və da­xili bütövlük üçün də şərtdir) yanaşı, re­gi­on­lar ara­sın­­­dakı əla­qəni də geniş­lən­dir­mək, dərin­ləş­dir­mək və taraz­laş­dır­maq­da bir vasitəçi, aparıcı aktor ki­mi bu əla­­qələr şə­bəkəsinə müəyyən nə­zarət imkanı verir. Hədəf olduqca böyük görünsə də, bunu Av­ra­si­ya­da I dün­­ya döv­ləti olmanın yolu və im­kan­ları kimi sə­ciyyələndirmək olar. Qloballaşma eyni zamanda bir şə­bə­­kə­ləş­mə, dərin sistemləşmədir. Bura­da­kı boş­luq­ların olması da, onların doldurulması isti­qa­mə­tin­də plan­­lı fəa­liy­yətin özü də ciddi imkanlar de­mək­dir. Faber bildirir ki, indi gücün əsas növü heç də bərk güc, ma­­terial və ya coğrafi imkanlar deyil, şə­bə­kə­­dəki boşluğu hiss etmək ba­ca­rı­ğı­dır. Siz bu sistemə mü­xa­lif­si­nizsə, struk­tur ya­rıq­la­rını kör­pü ilə digər qlo­bal şəbəkədə birləşdirməkdə olun. Əsas qlo­bal güc glo­bal şə­bə­kə­də­ki yarıqları kör­pü ilə birləşdir­mək­dir (9). Orta Şərqdə, Qafqaz və Orta Asiyada boşluqlar hə­lə möv­­cud­dur və Türki­yə­nin bu boşluqlarda sistemlər yara­daraq qlobal şəbəkəyə birləşdirmək imkanları vardır.     

Yeni sistemdə Türkiyənin mərkəz yeri, aydındır ki, həm də qlobal proseslərin daimi ünvanı olan, la­kin mü­barizə mövzusunun dəyişdiyi (ideoloji, dini və s.) Şərq-Qərb münasibətlərindəki tutacağı mövqe ilə də müəy­yənləcək. Yuxarıda söylədiyim kimi, qlobal güc olmanın əsas göstəricilərindən biri də Şərq-Qərb mü­na­sibətlərində mərkəzə gəlmək imkan və qabiliyyətləri, bunun mental dayaqları, yəni irqi və mil­li dö­züm­lü­lük xüsusiyyətləridir. Çünki qütb kiçildir, mərkəz böyüdür (bütövləşmə yolu ilə). Qlobal sis­tem­də qütbləşmə əya­lətləşməyə bərabərdir. Lakin bu, heç də qütbdən ayrılmaq demək deyil. Qütbsüz mər­kəz də yoxdur. Qüt­bü itirmək mərkəzi də itirməkdir. Mərkəzə gələrkən qütbü özünə mərkəz edərək bö­yü­mək nəzərdə tutul­ma­lı­dır. Bu prinsipdən yanaşdıqda Türkiyənin Şərq - Qərb münasibətlərində mər­kəz­çiliyinin onu qlobal gücə çevir­məsi kimi obyektiv əsasları var. Bununla belə qütblərin radikallaşması ha­lında mərkəzçilikdən qütbə çəkilmənin həyati təhlükəsizlik üçün zərurətini unutmaq olmaz. Məsələni cə­miyyətlə analogiya gə­ti­rərək izah etmək istərdim. Belə ki, hər hansı bir siyasi partiya mərkəzə gəl­məklə cə­miy­yətin ək­sər icmalarından dəs­tək almağa çalışır, lakin özək ideoloji bazanın daimi dəstəyi və bir­mə­na­lı etibarı ol­madan onun bütün təla­tüm və dəyişikliklərə tab gətirib siyasi səhnədə qalması, zəif, ya güclü ol­masına bax­mayaraq siyasi var­lı­ğı mümkünsüzdür. Bu mənada bu gün qloballaşma səbəbilə mil­li döv­lət­çi­liyin ye­rini bəşəriləşmə hesabına itir­məsi kimi nəzəriyyələrin (7) Türkiyə alimləri tərə­fin­dən də­yər al­ma­sı (4) təh­lükəlidir. Avropa mil­liy­yət­çi­li­yindən və irqçiliyindən fərqli olaraq tarix boyu ən çox im­pe­riya qur­muş və müxtəlif millətlərdən, irqlərdən olan xalqları idarə etmiş türklərdə mental xüsu­siy­yətlər fərq­li­dir. Əgər av­ropalılar üçün mərkəzə gəlmək çətindirsə, türklər üçün qütbə getmək, milli tə­əs­süb­keş­li­yi sax­lamaq çə­tin­dir. Tarix XX əsrdə Türkiyəyə və digər türk xalqlarına milli dövlət qurmaq, tək­rar dünya ida­­­rə­çiliyində yer tutmazdan əvvəl milli dövlətçilik əsas­larını formalaşdırmaq üçün bir şans ver­di. Bir si­ya­­si par­tiyanın ha­ki­miyyətə gəlib-getdiyi kimi böyük mil­lətlər və dövlətlər də dünya siya­sə­tin­də hakim möv­­­qe­yə gəlir və gedirlər. Milli dövlət sütunlarının qurulması və qorunması bu hakimiyyətdən gedərkən siyasi səhnədə qürurla qalmaq üçün şərtdir.

 

QEYDLƏR:

1.       Davutoğlu A. "Türkiye Merkez Ülke Olmalı" // Radikal. - 26.02.2002.

2.       Davutoğlu A. Stratejik Derinlik: Türkiye'nin Uluslararası Konumu. - Istanbul: Küre Yayınları, 2009 - 584 s.

3.       Əli Həsənov. Baş redaktordan. Geostrategiya. N 03(03). May 2011.

4.       Türkiye'nin stratejik vizyonu - 2023. Yeni güvenlik anlayışları ve Türkiye'nin değişen güvenlik politikası. www.tsv2023.org

5.       Türkiye'nin stratejik vizyonu - 2023. Uluslararası ilişkiler. Avrupa Birliği ve cok boyutlu türk dış politikası.

6.       Brzezinski. CSIS - Center for Strategic and International Studies. Washington. www.csis.org/multimedia/video-strategic-vision-america-and-crisis-global-power

7.       Erkki Tuomioja. "More Cooperation is More Security: Towards European Coherence in International Affairs". LSE. November 08, 2011. London.

8.       Foucault M. The Birth of Biopolitics. Picador. 2010. 368 pages.

9.       Peter Faber. "Structural Change in the International System". 11 Nov 2011. ISN. ETH. Zurich.

10.    Sarkozy threatens French pullout from visa-free zone. By Jamey Keaten. The Washington Times, LLC. Sunday, March 11, 2012.

11.    Statesmen's Forum: His Exellency Ahmet Davutoğlu Minister of Foreign Affairs. CSIS. Washington. www.csis.org/event/meeting-turkish-foreign-minister

12.     "Turkey in the World". LSE. June 15, 2011. London. Speaker(s): Michael Cox, Şevket Pamuk.

13.    US National Security Strategy. May, 2010.


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:34923
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.2368 san