06:38 22 iyul 2013
3547 dəfə oxunub
Çap versiyası
Reyhan Mirzəzadə

Publisist-politoloq

Onun mənəviyyat abidəsi olan müqəddəs Quran mübarək Ramazan ayında nazil olub

 1920-ci ildə Azərbaycanın bolşevizm pərdəsi altında Rusiya tərəfindən işğalından sonra, bolşevik liderləri xalqa yaxınlaşmaq, onların hüsn-rəğbətini qazanmaq məqsədi ilə təntənəli surətdə belə bir təlimat verdilər ki, onlar müsəlmanların dini-imanlarına, adət-ənənələrinə böyük ethiram və hörmətlə yanaşacaqlar. Təəssüf ki, bu vəd də bolşeviklərin başqa vədləri kimi, ancaq sözdə və kağızda qaldı. 1923-cü ildən istər ümumən Sovetlər İttifaqında , istərsə də Azərbaycanda müsəlman ruhaniliyinin təqibinə başlanıldı. Artıq 1928-ci ildə müsəlman ruhaniliyi bütün hüquqlarından məhrum edilmişdi.

Oxucuların diqqətinə 1923-cü ildə proletariatın "dahi rəhbəri" adlandırılan V.Leninin Kremldə keçirdiyi müşavirədən bəzi faktları çatdırmaq istərdim.

   Müşavirədə L.Trotski, F.Dzerjinski, Çiçerin və başqaları iştirak edirdi. V.Lenin: - "Nəhayət, ən əsas məsələ. Biz dinin kökünü kəsməliyik. Bu işə müsəlmanlardan başlamalıyıq. İslam bizə ciddi müqavimət göstərə bilər. Ona görə də gözlərinin odunu almaq, başqalarına dərs olmaq üçün Qafqazda 10 min, Türküstanda da  bir o qədər din xadimi güllələnməli, məscidlərin hamısı yerlə yeksan edilməli, ən nadir müsəlman  ibadətgahlarından isə klub, anbar kimi istifadə olunmalıdır. Biz ölkədə ideoloji vakum, bir növ ideoloji xaos yaratmalıyıq. Bu işləri biz əzizim Lev Davidoviç, (Trotski) sizə tapşırırıq!"

Azərbaycanın qabaqcıl ziyalıları, həmin dövrlərdə dinimizə qarşı yönəldilən kütləvi hücumları tam açıqlığı ilə görür və dərk edirdilər. Unudulmaz ədibimiz Abdulla Şaiq Talıbzadə yazırdı: "Mədəniyyətimizə hər vəchlə daxil olmaq istəyən ateizm insanlıq üçün ən böyük bəladır."

1923-cü ildən Azərbaycanda başlayan ateizm təbliğatının məntiqi nəticəsi 1925-ci ilin aprel ayında Bakıda "Allahsızlar cəmiyyəti"nin yaradılması   oldu. Cəmiyyətin sədri tanınmış bolşevik Vəli Xuluflu təyin olunmuşdu. Məktəb uşaqları, gənclər məcburi şəkildə "Allahsızlar cəmiyyəti" nə üzv edilirdi. Onlardan 30 qəpik alıb, əvəzində qırmızı kitabçalar verirdilər. 1926-cı ilin martında Bakıda "Allahsızlar cəmiyyəti" nin 1-ci konfransı çağırıldı. İki il ərzində cəmiyyət üzvlərinin sayı 1200-1400 nəfərə çatmışdı ki, onların da əksəriyyəti xaçpərəst və yəhudilər idi. Həmin o "Allahsızlar cəmiyyəti" nin üzvlərinə tanrı necə qəzəbləndisə, onların böyük əksəriyyəti kütləvi şəkildə 1937-1938-ci illərin repressiya qurbanlarına çevrildilər.

Xalqımızın milli mənliyinin əsasını təşkil edən islam dəyərləri tarixin böyük imtahanlarından üzüağ çıxdı. Millətimiz bu ali dəyərləri müqəddəs varlıq kimi daim uca tutdu. Zamanın hökmü ilə sınsa, əzilsə belə, xalqımız İslama, Qurana, böyük Allaha misilsiz məhəbbətini hər zaman yaşatdı. Milli məfkurəmizin tarixi abidəsi olan böyük "Dədə Qorqud" umuzu xatırlayaq.

"Kitabi-Dədə Qorqud"u oxuduqca burada Allahın "Qadir" adının daha tez-tez işləndiyi müşahidə olunur. "Qadir Tanrıdan hacət dilədi", "Ya qadir Allah, birliyin, varlığın, həqqiçün", "Qadir qorsa, yapam, çıxam", "Qadir qorsa, başın kəsəm,  "Qadir Tanrı yol vermiş" və s. Dastanda bir olan Allaha "Üstümüzdə Allah", "Qəhhar", "HaqqTaala", "Yaradan qadir Tanrı" "Yaradan Allah", "Ucalardan uca", "Yoxdan var edən allah", "Padşahlar padşahı", "Əziz", "Cabbar", "Səttar", "Əhəd", "Səməd", "Ulu", "Comərdlər comərdi" və başqa adlarla müraciət olunur. Oğuzların bir olan allahı necə sevmələri  abidədə Dəli Domrulun, Bəkil oğlu Əmranın dilindən söylənilmiş, Qazlıq Qoca oğlu Yeynəyin söyləmələrində belə təsvir olunmuşdur:

 

Ucalardan ucasan, ucaTanrı!

Kimsə bilməz necəsən, körklü Tanrı!

Sən anadan doğmadın,

Sən atadan olmadın,

Kimsə rizqin yemədin,

Kimsəyə güc etmədin,

Qamu yerdə əhədsən,

Allahu-Səmədsən...

...Ululuğa həddin yox:

Sənin boyun-qəddin yox.

Ya cismilə cəddin yox.

Urduğun ulıtmayan, ulu Tanrı!

Basdığın bəlirtməyən bəlli Tanrı!

Götürdüyün göyə yetirən görklü Tanrı!

Qaqdığın qəhr edən qəhhar Tanrı!..

 

Böyük Allahın "Kitabi-Dədə Qorqud" dakı adlarının demək olar ki, əksəriyyəti İslamın müqəddəs kitabı, elə dastanın özündə də "Yazılıb-düzülüb göydən endi Tanrı elmi" adlandırılan, vəhy yolu ilə 23 il ərzində Məhəmməd Peyğəmbərə yetişən "Qurani-Kərim" dən götürülmüşdür.

Təsadüfü deyildir ki, ümumdünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvi şah əsərləri olan "Leyli və Məcnun", "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Yeddi gözəl", "İsgəndərnamə" mənzum romanlarında ən qiymətli fikri, ecazkar sözü Allahın tərənnümünə həsr edib. "Sirlər xəzinəsi" belə bir bəşəri misralarla başlayır:

Şəfqətli, ədalətli Tanrının adı ki var,

Hikmət xəzinəsini açan açardır açar.

"İsgəndərnamə" yə diqqət yetirək:

 

Ey Tanrı, dünyada sənsən padişah,

 Biz kiçik bəndəyik, sən böyük Allah".

 Yaxud "Leyli və Məcnun" dakı  misraları yada salaq:

 Ey adı ən gözəl başlanğıc olan,

            Adınla başlanır yazdığım dastan".

 

Nizaminin hər bir əsərinə Allahın tərənnümü ilə başlaması dediyimiz kimi, təsadüfü deyildir. Bu onun yüksək zəka, dərin mənəviyyat,geniş dünya görüşü, mərifət, hikmət sahibi olduğuna dəlalət edir. "Allah", "Tanrı", "Yaradan" məfhumlarını Nizami bir məna siqlətinə malik anlayışlar kimi təqdim edir. Burada Nizaminin böyüklüyü, dahiliyi bir də onunla ölçülür ki, o, tək Allahlıq (monoteizm) ideyasına gəlməklə Məhəmməd Peyğəmbərin təkallahlıq anlayışını təsdiqləyir. Şair bununla da vahid din ideyasını irəli sürməklə xalqlar, millətlər, milli etnik qruplar, tayfalar arasında mövcud olan milli-dini zəmində çəkişmələrə, münaqişələrə son qoymaq istəyir.

"Xosrov və Şirin" poemasında Allahın tərənnümündən sonra "Peyğəmbərin tərifi" ndə oxuyuruq:

 

Böyük Məhəmmədə yüz min afərin!

                                     Xilqət torpağıdır, buna ol əmin.

 

Nizami islam şəriətinin böyük əxlaqi, mənəvi dəyərlərə malik olduğunu yüksək qiymətləndirir. Yaxud götürək onun "Sirlər xəzinəsi" poemasındakı "Peyğəmbərin mədhi" şerindəki misraları:

 

İslamın sütunutək o dörd bayraq ucaldı

Şəninə gecə-gündüz beş kərə təbil çaldı

      Oldu Məkkən, Mədinən çiçəklənən gülzarın,

Gözünə işıq gədi hər bir qərib zəvvarın.

 

Azərbaycanın orta əsrlər və sonrakı dövrlərdə yaşayıb yaratmış Bəhmənyar, Sührəverdi, Şeyx Mahmud Şəbüstəri, Seyid Yəhya Bakuvi kimi filosof və mütəfəkkirləri, Fələki Şirvani, Xacə Nəsrəddin Tusi, Hüseyn Tiflisi, Əbdürrəşid Bakuvi, Hacı Zeynalabidin Şirvani kimi alimləri, Xaqani, Nəsimi, Füzuli, Məsihi, Marağalı Əhvədi kimi dahi şairləri məhz islam zəminində yetişib böyük şəxsiyyətlər kimi tanınmışlar. Xüsusi ilə yada salmaq istərdik ki, həmin dövrdə aparılan tədqiqatlarda çox zaman din və mövhumat bir-biri ilə qarışdırılır, dolaşıq salınır, görkəmli mütəfəkkir və sənətkarların fanatizmə, xürafata qarşı mübarizəsi dinə qarşı mübarizə kimi təqdim edilirdi. Bu proses sonralar da davam etdi. Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı və digər görkəmli şəxsiyyətlərin mövhumata, cəhalətə qarşı ucalmış etiraz səsləri dinə qarşı olan münasibət kimi qələmə verilirdi. Tanınmış yazıçımız və naşirimiz Cəlil Məmmədquluzadənin bir hərəkəti belələrinə ən yaxşı cavab idi. Məlumdur ki, 1930-1931-ci illərdə "Molla Nəsrəddin" jurnalının adı dəyişdirilib "Allahsız" qoyulmuşdu. Bu işdən hiddətlənən böyük ədib: "Mən heç vaxt Allahsız olmamışam, mən yalnız mövhumata, xürafata qarşı mübarizə aparmışam" - deyib jurnalın redaktorluğundan imtina etmiş və ailəsini dolandırmaq üçün Bakı hamamlarından birində xəzinədar işləməyə məcbur olmuşdu. Bəzi alimlər isə öz elmi tədqiqatlarında bu cür böyük şəxsiyyətlərə böhtan atıb onlara materialist, ateist və.s kimi damğalar vurmuşdular.

Qurani-Kərimin nazil olmasından bir müddət əvvəl Fransada "Qadın insandırmı və ya onu insan saymaq olarmı?" mövzusunda toplantı keçirilmiş və bu toplantıda "Qadın insan olsa da, qüsurlu bir məxluqdur və kişinin 1/3-nə bərabərdir" qərarı qəbul olunmuşdu. İngiltərədə qadın çirkin bir məxluq elan edilmiş və onun İncilə əl vurmasına yasaq qoyulmuşdu. İngilis qadınına İncil oxumaq haqqı 1509-cu ildə hakimiyyətə gəlmiş kral VII Henrinin hakimiyyəti vaxtı verilmişdi. 

Qadınların adam sırasına aid olmadıqlarının daha bir "isbatı" 1753-cü ildə Almaniyada buraxılmış bir kitabda da əksini tapmışdı. 1690-cı ildə Almaniyada latın dilində nəşr edilmiş başqa bir kitabçada da qısa və aydın yazılmışdı: "Qadın adam deyil". Hətta XX əsrdə Almaniyada bir yazıçı qadının yazdığı "Qadın - bizim dövrümüzün azarıdır" adlı əsərinə bənzər bir cox kitablar buraxılmışdı.

Sonralar da alman faşistləri ağalığı ələ keçirdikləri ölkələrdə qadınların hüquqsuzluğunu müdafiə edirdilər. Onlar deyirdilər ki, siyasət və sənət qadınlar üçün deyil. Hitler Nyunberq qurultayında bildirmişdi ki, reyxstaqda qadınlar iştirak etmiş olsaydı, onu rüsvay edərdi. Hitlerin yaxını Hebbels də qürurlanırdı ki, biz nasional-sosialistlər qadını ictimai həyatdan qovmuşuq. Təbiət qadınları dörd divar arasındakı həyat üçün yaratmışdır.

Qadın haqqında məşhur xristian kilsə atası Loann Zlatoust görün nə sərsəmləmişdi: "Qadınlardan ən yaxşıları yalnız bəzənmiş tabutlardır".

Bütün bunlar islamdan əvvəlki cahilliyə dövrünü xatırladır. Çünki həmin dövrdə qız uşağına, qadına vəhşi bir münasibət mövcud idi. O dövrdən yadigar qalan bir rəvayət indi də adamı sarsıdır. Qəbilə başçılarından biri islamı qəbul etməmişdən əvvəl qızını diri-diri torpağa basdırır. Bu zaman balaca zavallı ona deyir: "Ata, əl saxla, qoy saqqalındakı tozunu silim..."

İslam dini qadına həmişə mərhəmətlə yanaşmış, onu yüksək dəyərləndirmişdir. Məhəmməd Peyğəmbərdən əvvəl ailədə qız uşağının dünyaya gəlməsi bədbəxtlik sayılırdı. Lakin Peyğəmbər qız uşağının doğulmasını ulu göylərin xüsusi xeyirxahlığı adlandırırdı. Ananın ayaqları dəydiyi yeri cənnət hesab edirdi. Qız uşağının doğulduğuna görə körpənin valideyin tərəfindən qətlə yetirilməsi Quranda pislənilirdi: "Allah-taala axirət günü hər bir uşağın hansı günahına görə diri-diri torpağa gömüldüyünü soruşacaqdır".

Məhəmməd Peyğəmbər müraciətlərinin birində buyurmuşdu: "Mən sizə vəsiyyət və sifariş edirəm ki, öz qadınlarınıza yaxşılıq edin. Ona görə ki, qadınlar sizin əlinizdə olan ilahi bir əmanətdirlər və allah yalnız onların icazəsi ilə qadınları sizə halal edibdir."

Bir nəfər Peyğəmbərin yanına gəlib deyir: "Mən cihad etmək istəyirəm, amma buna gücüm çatmır."Peyğəmbər soruşur: "Valideynlərindən sağ olanı varmı?"Həmin adam "anam var" deyir.Peyğəmbər buyurur: "Onun qulluğunda durmaqla allahın hüzuruna yetiş, bunu etsən, həm həcc və ümrə ziyarəti, həm də cihad etmiş olarsan."

Məhəmməd Peyğəmbərdən belə bir hədis nəql edilir: "Merac gecəsi mənə qadınlar haqqında o qədər tövsiyələr buyurdular ki, ümumiyyətlə,qadını heç bir vəchlə boşamağın mümkün olmadığını dərk etdim." Böyük Peyğəmbər onu da bildirmişdi ki, qadın barəsində ərin şübhəsini həmin hadisəni öz gözləri ilə görən 4 nəfər şəxsin şahidliyi təsdiq edilməlidir.

Göründüyü kimi,İslam dini qadına münasibətdə özündən əvvəlki bütün dinlərdən müqayisəedilməz dərəcədə irəli getmiş, bir sıra vəhşi adətləri qadağan etmişdi.Dinimiz hərbi yürüşlərdə qadınların köməyinə də böyük əhəmiyyət vermiş, qadının ailə-məişət həyatındakı misilsiz xidmətlərini qəbul etmiş, qadını zəriflik, gözəllik nümunəsi saymış, etibarlı və sədaqətli qadınları yüksək qiymətləndirmişdi. İslam aləmində ağıllı və cəsarətli qadınların dövlət xadimi, cəsur sərkərdə, istedadlı şairə, elm və ədəbiyyat xadimləri kimi yetişməsi nümunələri az deyildi.

Məlumdur ki,adın həyatda böyük əhəmiyyəti vardır. İslam təfəkkürünə görə, insan bütün həyatı boyu,hətta axirətdə də ona qoyulan adla çağırılacaqdır. Gündəlik həyatda bəzi adamların öz adına görə xəcalət çəkdiyini müşahidə edirik. Bu xəcalətin əsas səbəbi valideynlərin öz övladlarına ad qoymaqda düzgün qərar verməmələridir. Məhəmməd Peyğəmbər Abdullah və Əbdürrəhman kimi adları sevir, onlara üstünlük verirdi. Həmin dövrdə Əbdülüzza və Əbdüşşəms kimi allaha şəriklər qoşmağı ifadə edən adlar müsbət qarşılanmırdı. Uşaqlara gözəl adlar qoymagın vacibliyi haqqında Peyğəmbər demişdi:  "Qiyamət günü şübhəsizki adlarınızla və atalarınızın adları ilə çağrılacaqsınız. Elə isə özünüzə gözəl ad seçin".

Malik ibn Ənəs ailədə mütləq bir adamın Məhəmməd adını daşımasını tövsiyə edər və deyərdi ki,ailədə bir adam Məhəmməd adını daşıyarsa,ailənin bütün üzvlərinin ruzisi bol olar.

İslam dinində müharibə heç bir zaman iftixar ediləsi hadisə olmamışdır.Əgər müharibə baş verirdisə,bunun arxasında zor tətbiq etməklə hakimiyyət qurmaq deyil,məhz özünü müdafiə etmək və dünyada sülhü bərqərar etmək niyyəti olmuşdur. Məhəmməd Peyğəmbər məkkəli müşriklərin zülmü dözülməz hala çatdıqda zalımın müsibətlərinə son qoymaq üçün məcburən döyüşə icazə vermişdi. Lakin uşaqlar döyüşlərə əsgər kimi əsla cəlb olunmurdu. Vuruşlar zamanı düşmən tərəfin uşağı olsa belə, onun öldürülməsinə qəti icazə verilmirdi. İslam aciz, gücsüzlərə toxunmağı qadağan, onları hətta döyüş təhlükələrindən qorumağı əmr etmişdi.

Misir ruhanilərindən olan doktor Fuad Məhəmməd  Qahirədə çıxan "Minbər əl-İslam" jurnalında (1964-cü il, №1) dərc olunmuş məqaləsində təsdiq edirdi ki, ilkin müsəlman icmasının nizamnaməsi və şəriət müharibədə iştirak edən müsəlman əsgərlərinə uşaqları,qadın və qızları, xəstələri, qocaları, yaralıları öldürməyi, əkin sahələri və meyvə bağlarını məhv etməyi qadagan edirdi. Məhəmməd Peyğəmbər Mədinəyə köçdükdən sonra müsəlman icmasının nizamnaməsini tərtib etmişdi. İcmanın nizamnaməsində deyilirdi: "Bundan sonra mühacirlərlə ənsarilər vahid bir icma təşkil edirlər. Yəhudi və bütpərəstlər də həmin icmaya daxil olub öz dinlərini mühafizə edə bilərlər." Sonra həmin nizamnamədə istila olunmuş xalqların daşınan və daşınmayan əmlakının dağıdılması qadağan olunurdu.

İslam dönə-dönə təlqin edirdi ki, mənəvi hakimiyyət ancaq Allaha məxsusdur. Hökm ancaq Allahındır. Haqqı ancaq o bəyan edir. Hökm edən Allahdır, heç kəs onun hökmünü dəf edə bilməz. O, heç kəsi öz hökmünə şərik etməz. Kim Allahın hökmlərini qoyub, onun yaratdıqlarının hökmü ilə oturub-durursa, sonda peşmançılıq çəkəcəkdir.

Mütəxəssislər haqlı olaraq qeyd etmiş və edirlər ki, Məhəmməd Allahın rəsulu kimi onun yer üzündə birbaşa təmsilçisi idi və İslam dövlətinin bütün forma və funksiyalarını öz simasında birləşdirirdi.

Təbii ki, dövlətin müəyyən funksiyaları vardı. O, daxili təhlükəsizliyi qorumalı, sərhədlərin düşmənlərin hücumundan müdafiəsini təşkil etməli,  təcavüzün qarşısını almalı, ədaləti təmin etməli, cinayətkarları cəzalandırmalı, ictimai binalar tikdirməli, yollar çəkdirməli idi.

Qazılar olmasa da, hakimlər vardı. Hakim insanlar barəsində hökmü icra edənə, zülm edəni zülm etməyə qoymayana deyirdilər. Mübahisə,yaxud münaqişə meydana çıxanda, kiməsə zərər yetiriləndə hakimlər hökm verirdilər. Hər qəbilənin öz hakimləri vardı. Onlar ağıllı, geniş dünyagörüşünə malik, ədalətli, zülm və rəzilətdən uzaq olan adamlar kimi tanınırdı. Hakimlər içində qadınlar da vardı.

Qeyd etdiyimiz kimi, Quran İslamın mahiyyətini təmsil edən, müsəlmanların həyat tərzinin ifadəçisi olan, davranış qaydalarını tənzimləyən, ictimai məna daşıyan müqəddəs abidədir. İslamın dövlət dini olduğu ölkələrdə onun kəlamları hüquq normalarının və qanunvericiliyin əsasını təşkil edir. Böyük İslam övladlarının müsəlman əqidəsinə həkk olunan mərhəmətli fikirlərinin Quranın nazil olduğu bu mübarək Ramazan ayında ruhlara nur bəxş etməsi arzusundayıq. Belə ki, Peyğəmbər deyirdi: "Allahın ən sevimli bəndələri insanlar üçün daha xeyirli olanlar və Allahın haqqını yerinə yetirməyə daha çox çalışanlar, həmişə xeyir işlər görmək və yaxşılıq etmək istəyənlərdir." İmam Həsən Əsgəri buyururdu:"Allah oruc tutmağı həm də ona görə vacib etmişdir ki, ehtiyacsız yaşayanlar aclığın nə olduğunu bilsinlər və nəticədə yoxsullara qarşı mehriban olsunlar."  

Ramazan ayının töhfəsi, ilahi kitablardan sonuncusu və ən böyüyü olan Qurani-Kərim məlum olduğu kimi, ərəb dilində nazil olmuş və İslamın zühurundan başlayaraq onu qəbul etmiş bütün xalqlar tərəfindən yalnız bu dildə oxunmuş və oxunmaqdadır.

Quran öz məzmun və formasına görə möcüzəli və bənzərsiz sayıldığından (buna bir istilah kimi "icaz əl-Quran" deyilir) müsəlman ruhaniləri onun mətninin adi insan tərəfindən başqa dilə tərcüməsini nəinki qeyri-mümkün saymış, hətta bunu zərərli və küfr hesab edərək həmin təşəbbüsdə olanları cəzalandırmışlar. Elə bu səbəbdən də Quranın əsil ərəb mətni olmadan başqa müsəlman xalqlarının dillərinə çevrilməsinə uzun müddət icazə verilməmişdir. Yalnız XX əsrin 30-cu illərində Qahirədəki məşhur əl-Əzhar  dini mərkəzi tərəfindən bu yasaq aradan götürüldükdən sonra Quranın ilk öncə Türkiyədə olmaqla, həmin dillərə ayrıca və müstəqil tərcümələri yaranmışdır .

Quranın tərcüməsinin yasaq edilməsinə baxmayaraq, islamı qəbul etmiş qeyri-ərəb xalqlar hələ erkən vaxtlarda bu müqəddəs kitabdakı mətləbləri öz ana dillərində oxumağa, onu doğru-düzgün dərk etməyə ehtiyac duymuşlar. Bu ehtiyac onları Qurani-Kərimin tərcüməsi ilə bağlı düşünüb-daşınmağa, yeni yollar axtarmağa sövq etmişdir. Həmin axtarışların nəticəsi olaraq X yüzillikdən başlayaraq, Quranın ilkin sətiraltı tərcümələri meydana çıxmışdır. Günümüzə qədər gəlib çatmış qədim əlyazmalar sübut edir ki, bu işdə farslar öncül olmuşlar. Quranın belə sətiraltı tərcümələrində bu müqəddəs kitabın adətən iri süls xəttilə yazılan ərəbcə mətninin altında hər bir sözün aşağısında narın nəsx xəttilə (daha sonralar nəstəliq xəttilə də) onun farsca daşıdığı lüğəti mənası yazılmışdır. Tərcüməni əsil mətndən seçdirmək üçün çox vaxt onu qırmızı mürəkkəblə yazırdılar. X yüzilliyə aid belə Quran tərcümələrindən birinin əlyazması Kabuldakı Milli Arxivdə saxlanılır.

Quranın türkcəyə ən qədim tərcüməsi Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun kitabxanasında saxlanılan və "Orta Asiya təfsiri" kimi tanınan əlyazma hesab olunur. Bu əlyazmanın katibi və köçürülmə tarixi qeyd olunmasa da, V.Bartold, F.Köprülü kimi dünya şöhrətli türkoloqların fikrincə tərcümənin dil xüsusiyyətləri sübut edir ki, onun əsli XI əsrdə hazırlanmışdır.

İnqilabdan əvvəl Azərbaycan dilində Quranın iki tərcümə-təfsiri nəşr olunmuşdur. Tərcümənin birincisinin müəllifi Bakı qazısı, görkəmli Azərbaycan alimi, mükəmməl dini təhsil görmüş, dövrünün böyük ruhanisi və müctəhidi Mirməhəmməd Kərim Ağa olmuşdur. İkinci tərcümə-təfsir Zaqafqaziya Şeyxülislam Məhəmmədhəsən Movlazadə Şəkəniyə məxsusdur ki, onun bu kitabı 1908-ci ildə Tiflisin  "Qeyrət" mətbəəsində çap olunmuşdur.

1988-ci ilin sonunda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin tövsiyəsi ilə Quranın Azərbaycan dilinə daha uyğun şəkildə yeni tərcüməsi görkəmli alimlər akademik Ziya Bünyadov və Vasim Məmmədəliyevə həvalə olundu. Yeni variantda Qurani-Kərimin məsləhətçisi və redaktoru Şeyxüllislam Hacı Allahşükür Paşazadədir. Onun tərcümə zamanı dəyərli məsləhətləri və qeydləri böyük fayda vermişdir.

Müstəqilliyimizin ilk illərində qeyd olunan tərcümələrlə bərabər, Şeyxülislam Hacı Allahşükür Paşazadənin "Quranın təfsiri və tərcüməsi tarixi" və "İslamda ümmət və şüubilik" əsərləri ilə Azərbaycanda Quran elmləri təşəkkül tapmağa başladı. A.Məmmədovun bir sıra əsərlərində islam ictimai və fəlsəfi fikri tədqiq edildi. R.Mürsəlov,K.Məmmədova,R.Aslanova,R.Əliyev və başqaları islam elm və təliminin dünyəvi prinsiplərinin meydana gəlib inkişaf etməsi  proseslərini öyrənmək istiqamətində səmərəli fəaliyyət göstərdi. Bu işlər indi də layiqincə davam etdirilir.

İslamın cəmiyyətin həyatındakı rolunu yalnız ibadət, əxlaq və məişət məsələləri ilə məhdudlaşdırmaq,onun siyasət və dövlət məsələlərinə nüfuz etmədiyini düşünmək heç də doğru olmazdı. Bütün səmavi dinlər,o cümlədən islam da cəmiyyətə dini-əxlaqi dəyərlərlə yanaşı, sosial-siyasi, iqtisadi, mədəni prinsip və meyarlar gətirmişdir. Məhəmməd Peyğəmbər özünün varislik əlaqəsini belə izah edirdi: "Mənim məndən qabaqkı peyğəmbərlərə oxşarlığım ona bənzər ki, bir nəfər bir bina tiksin, onu yaxşı və gözəl tiksin, amma onun künclərindən birində bir kərpic yeri boş qalsın. Adamlar gəlib binanın ətrafında dolansınlar,ona heyran olsunlar,amma bir kərpicin naqisliyinə görə təəssüflərini bildirsinlər. Mən həmin o kərpic misalındayam Peyğəmbərlərin möhürüyəm."

Quranın dünyəvi əhəmiyyəti tarix boyu öz üstünlüklərini kainata diktə etmişdir. İngilis mütəfəkkiri Herbert Uells Avropada nəşr edilən bir elmi jurnalın verdiyi "Bəşəriyyət tarixinin əvvəlindən başlayaraq hansı kitab ona daha çox təsir bağışlamış və hansı kitab daha əhəmiyyətlidir?" sualına belə cavab vermişdi: "Ən əhəmiyyətli kitablardan biri Qurandır. Başqa kitablardan fərqli olaraq, yalnız bu kitab bütün dünyaya təsir göstərmişdir. Yalnız və yalnız bu kitab həqiqi dinin, təkallahlığın, əxlaq qaydalarının, mənəviyyatın düzgün göstəricisidir".

İngiltərənin siyasi və hərbi xadimi Corc Alonsonun sözləridir. "İslam dini paklıq, ədalət, namus, bərabərlik, doğruluq dinidir".

Avstriyalı siyasətçi, islamşünas Leo Poldvis islam dinini necə qəbul etməsi haqqında deyirdi: Mən İslamı qəbul etməzdən əvvəl bu din haqqında heç bir xüsusi təlimim olmayıb. Məni İslama gətirən onun yüksək əxlaqi dəyərləri və elmiliyi olmuşdur. İslam mənim nəzərimcə, digər dinlərlə müqayisədə ən kamilidir. Bu dində artıq, ya əskik heç nə yoxdur. Hər şey həmahəng və bir-birini tamamlayandır. Mən Quranı, sünnət və hədisləri dönə-dönə mütaliə elədim, islam tarixini oxudum. Onun əleyhinə və lehinə yazılmış kitablarla tanış olaraq islamı qəbul etdim. İndi müsəlman olmağımla fəxr edirəm".

Yaponiyalı iqtisadçı, ictimai xadim, rahib Ömər Mitanın dedikləri:

"Mən əminəm ki, islam tezliklə Yaponiyanın sadə, zəhmətsevər xalqı tərəfindən tədricən qəbul ediləcək. İslam - yəni Sülh! İslam  - yəni fiziki və mənəvi paklıq! İslam - yəni insanın insana məhəbbəti, sonda Allaha itaət!"

Tailand alimi Teyatat Teyasen də etiraf edir: "Mən inanıram ki, Quranda 1400 il əvvəl ifadə edilmiş hər şey doğrudur və elmi yollarla sübut edilmişdir. Bu, bütün elmləri bilən Allahın ilhamıdır. Beləliklə, bunu deməyin vaxtı gəlmişdir: Allahdan başqa Tanrı yoxdur və Həzrət Məhəmməd (c) onun rəsuludur."

 

  Məşədi-Kərbəlayi-Hacı

Reyhan Mirzəzadə

 

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:32041
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1241 san