11:05 30 oktyabr 2012
33709 dəfə oxunub
Çap versiyası
Azər Şükürov
Moskva Dağ-Mədən İnstitutunun məzunu, "Azinterpartlayış-X" MMC-nin baş direktoru

 

-     Azər müəllim, bildirdiniz ki, maliyyə sahəsində çətinlikləriniz var. İlk baxışdan düşünmək olar ki, sizin şirkətin maliyyə problemi olmamalıdır. Daha dəqiq desək, banklar özləri sizin şirkətə kredit verməkdə maraqlı olmalıdırlar. Çünki banklar üçün sizin sahə riskli hesab olunmamalıdır.

 

-   Bu, çox maraqlı məqamdır. Həqiqətən də bir sıra banklar bizə kredit vermək istəyirlər. Biz də bu krediti almaqda maraqlıyıq. Çünki ölkəmizə yeni texnika və texnologiya gətirmədən bu sahəni inkişaf etdirmək mümkün deyil. Bunun üçünsə böyük maliyyə tələb olunur. Ancaq bu krediti almağın mümkün mexanizmləri mövcud deyil. Bir neçə bankla bu mövzuda danışıqlar aparmışıq və ümumi razılıq əldə olunub. Ancaq sonda danışıqlar nəticəsiz qalıb. Məlum olub ki, girovsuz bankın kredit verməsi mümkün deyil. Elə sistem yaratmaq lazımdır ki, krediti təkcə girov müqabilində deyil, eyni zamanda riskli hesab olunmayan, bank mütəxəssisləri tərəfindən perspektivi təsdiq olunan konkret layihələrə də almaq mümkün olsun. Əks halda bu sahədə irəli getmək çox çətin olacaq. Çünki banklar bizə lazım olan vəsait üçün elə girov tələb edirlər ki, bu, faktiki mümkünsüzdür və iqtisadi baxımdan səmərəli deyil. Bizim təklifimiz budur ki, banklar bizim layihələri araşdırır, risklilik dərəcəsini müəyyənləşdirir və müsbət qərar qəbul edildikdə layihəyə kredit ayrılır. Yəni bu halda girov tələb edilmir, kredit konkret layihələrə verilir. Hətta bu sənayeyə kredit ayırmağın perspektivini araşdırmağa belə, banklarda maraq yoxdur. Çünki Azərbaycanda dağ-mədən sənayesi zəif inkişaf etdiyi üçün bu sənaye haqqında banklarda da informasiya qıtlığı var.

 

-     Azər müəllim, Azərbaycanda dağ-mədən sənayesinin inkişafı haqqında ətraflı açıqlamalar verdiniz. Bilmək istərdim, bu kimi faydalı qazıntı yataqlarının işlənilməsi zamanı effektivliyin yüksəldilməsi və itkilərin qarşısının alınması  istiqamətində keçmişə nisbətən daha hansı mütərəqqi üsullara baxılmalıdır?

 

-     Qeyd etmişdim ki, Azərbaycanda dağ-mədən sənayesinin ibtidai bazası hələ 1850-ci illərdə yaradılmış və bu bazanın inkişafı keçmiş ittifaq məkanında ümumi ənənəyə uyğun olaraq irəliləməklə inkişafa doğru yüksəlmişdir. Lakin o vaxtlar filizin çıxarılması, emalı və s. ilə bağlı yüksəliş digər sahələrdə olduğu kimi dünyada gedən tərəqqiyə və təcrübəyə uyğun deyildi və keçmiş ittifaqın müvafiq nazirlikləri tərəfindən idarə edilirdi. Məsələn, dağ-mədən sənayesində irəlidə gedən Almaniya Federativ Respublikası, Avstraliya, Kanada, ABŞ və s. kimi ölkələrin texnologiyalarının keçmiş ittifaq texnologiyaları ilə müqayisədə çox fərqlənməsinə baxmayaraq, bu kimi kapitalist ölkələrinin texnologiyalarının Azərbaycanda tətbiqi ittifaq tərəfindən təmin olunmadan mümkün deyildi. Bu səbəbdən kompleks filiz yataqlarından çıxarılan bəzi metalların emal edilməsi çox böyük çətinliklər yaratdığından, zənginləşdirmə texnologiyasının aşağı olması səbəbindən tullantıya göndərilən son materialda itkilərin miqdarı yüksək olurdu və sonda ümumi yataq üzrə itkilər yüksək həddə çatırdı.  Məsələn, Daşkəsən filiz yatağından çıxarılan yüksək tərkibə malik dəmir filizinin emal olunduqdan sonra atılan tullantısının tərkibi belə, zəngin olaraq qalırdı. Belə ki, tullantı hesab edilən bu məhsulda böyük miqdarda filiz atılırdı ki,  inkişaf etmiş ölkələrdə yataqlardan çıxarılan filizin miqdarı bəzən bizim bu tullantıların  tərkibindən aşağı olurdu.

Yeni yataqların işlənilməsi və çıxarılan xammalın emalı məsələləri vahid  bir mərkəzdən idarə olunmalı, mərkəzləşdirilmiş qaydada həyata keçirilməklə, yeni texnika və texnologiyaların mütərəqqi üsullarının vaxtında və ümumilikdə tətbiqinin yerinə yetirilməsi prosesini sadələşdirməlidir. Yataqlar  ayrı-ayrı özəl təşkilatlar tərəfindən istismar edilsə də, ümumi idarəetmənin konkret dövlət qurumunda birləşdirilməsi və koordinasiyanın  vahid rəhbərlik əsasında həyata keçirilməsi məqsədəuyğun olardı.

 

-    Azər  müəllim, Siz itkilərin qarşısının alınmasında əsas məqamlara toxundunuz. Lakin necə etmək lazımdır ki, bu kimi itkilər ümumiyyətlə olmasın?

 

-   Ölkəmizin iqtisadi mənafeyi baxımından sizin sualınızdakı məqamlar aydındır. Lakin faydalı qazıntıların çıxarılması və emalı ilə bağlı itkilərin olacağı labüddür.  Ancaq bu itkilərin minumuma endirilməsi mümkündür. Bu isə yuxarıda toxunulduğu kimi, hər hansı təşkilatın imkanları daxilində deyil. Yalnız mütərəqqi və ən yeni dünya texnologiyalarının gecikdirilmədən Azərbaycana gətirilməsi və tətbiqi bu məsələdə ciddi rol oynaya bilər. Bu baxımdan qeyd etməliyəm ki, əvəzsiz üzlük material kimi istifadə olunan və respublikada ikinci bir analoqu olmayan "Gülbaxt" əhəngdaşı yatağında heç bir yeni texnika və texnologiyanın tətbiqi barədə düşünülmədiyindən, yataq istismara başlayandan bu günə kimi,  yalnız ənənəvi bir üsulla istismar edildiyindən, ittifaq vaxtında itkilər 70%-ə qədər yüksəlirdisə, hal-hazırda bu itkilər 80%-ə qədər təşkil edir. Bu məqamda əlavə etmək istərdim ki, sistem və texnologiyaların tətbiqinin yüksək səviyyədə həyata keçirilməsi üçün savadlı mütəxəssislərin bir yerdə cəmlənməsi məqsədəuyğun olardı. Bu faktorlardan başqa itkilərin yüksəlməsi əfsuslar olsun ki, bəzən düşünülmüş şəkildə  bilavasitə özümüz tərəfindən yaradılır. Belə ki, Qaradağ əhəngdaşı yatağı və ətraf  yataqların işlənilməsi ilə bağlı illərdən bəri istismardan alınan faydalı qazıntı tullantıları yığılıb toplanmış və 10 ildən artıqdır ki, Qaradağ sement zavodu tərəfindən sement istehsalında müvəffiqiyyətlə istifadə olunur. Lakin gəlin görək sement istehsalı üçün əvəzsiz xammal sayılan yığılıb saxlanılmış tullantılar bu  gün hansı məqsədlər üçün istifadə edilir? Gölməçələrin doldurulmasında, yolların çəkilişində, dənizdə quru sahələrin yaradılmasında  və s. Hansı ki, yaxın gələcəkdə gücü Qaradağ sement zavodunun gücündən də artıq olan ikinci bir zavodun tikintisi bu ərazidə  başa çatdırılacaqdır. Sual olunur, bəs niyə əvəzsiz xammalın digər məqsədlər üçün talan olunmasına yol verilir, hansı ki, gələcək nəzərə alınmaqla, iki zavod üçün əhəngdaşı xammalı ehtiyatı elə də böyük deyildir. Bu baxımdan da, dağ-mədən sənayesinin vahid bir dövlət qurumunda birləşdirilməsi zəruri məsələlərdən biridir.

 

-  Azər müəllim, müasir texnika və texnologiyanın Azərbaycanda dağ-mədən sənayesində tətbiq olunmamasının böyük itkilərlə nəticələnməsi danılmaz faktdır. Siz necə, öz fəaliyyətinizdə bu texnika və texnologiyadan istifadə edirsinizmi?

 

-   Öncə onu qeyd etmək istəyirəm ki, dünya standartlarına uyğun yeni texnika və texnologiyaların dağ-mədən sənayesində kütləvi tətbiqi ancaq dövlətin imkanları daxilindədir. Hazırki mərhələdə hər hansı müəssisənin öz fəaliyyətini tam olaraq yeni texnika və texnologiyalarla qurması çətin məsələdir. Bunun da səbəbini artıq qeyd etmişik. Bu məhsullar dünya bazarında çox yüksək qiymətlərlə satılır ki, özəl şirkətlərin də maliyyə çatışmazlığı üzündən bunları əldə etməsi çətindir. Ancaq bütün bu çətinliklərə baxmayaraq, biz öz fəaliyyətimizdə dağ-mədən sənayesində keyfiyyətli iş görməyə təminat verən texnika və  texnologiyalardan istifadə edirik. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bizim şirkət Azərbaycanda bu sahədə  yeni texnika və texnologiyadan istifadə edən ilk şirkətlərdən olub. Müəssisəmizin gücü hesabına türk-alman, İsveç və yapon texnologiyasını işimizdə qismən tətbiq etməyə nail olmuşuq və bu istiqamətdə fəaliyyətimizi genişləndirmək niyyətindəyik. Dağ-mədən sənayesində görülən işlərin təxminən 30 faizi partlayış işlərinin həyata keçirilməsindən ibarətdir ki, bizim müəssisə bu işləri tam şəkildə dünya standartları səviyyəsinə gətirib çatdırmışdır. Əfsuslar olsun ki, bu partlayıcı maddəni biz idxal edirik. Hansı ki, bu sahənin də istehsalını respublikamızda qurmaq mümkündür. Bu da çox mühüm məsələdir. Çünki Azərbaycanda dağ-mədən sənayesi inkişaf etdikcə, bu partlayıcı maddənin külli miqdarda idxal olunması problemə çevriləcəkdir.

 

 

-    Azər  müəllim, Azərbaycanda elə də çox emal müəssisələri yoxdur. Bəs, faydalı qazıntı xammalının ixracı ilə bağlı nə deyə bilərsiniz?

 

-    Hələ ittifaq dövründə və hal-hazırda da faydalı qazıntılar ya konsentrat, ya da yarımfabrikat şəklində ixrac olunur. Son əmtəə məhsulunun əldə edilməsi üçün respublika daxilində lazımi hazırlığın olmaması səbəbindən Tanrının ölkəmizə bəxş etdiyi yer təkində yerləşən faydalı qazıntılar tam əmtəə şəklində deyil, uzun illər ya konsentrat (dəmir filizi və s.), ya da yarımfabrikat (yod və s.) şəklində ixrac olunmuşdur. Bu gün isə eyni məsələ qızıl yataqlarının işlənilməsinə də aiddir. Qızıl və gümüşün yarımfabrikat şəklində ixrac edilməsi göz qabağındadır. Məhsulun son əmtəə şəklində satılmaması səbəbindən  gəlir aşağı olur, yeni iş yerlərinin açılması lazımi səviyyədə genişləndirilmir, nəticə etibarı ilə dağ-mədən sənayesinin inkişafı üçün imkanlar açılmır. Bu baxımdan yaxın gələcəkdə istismara başlanması gözlənilən, hal-hazırda ciddi iş aparılan və unikal yataqlar sırasına daxil olan Filizçay kimi mis-polimetal yatağının da emal zavodu olmadığından konsentrat ixracı aqibəti gözləyir. Bu baxımdan yaxşı olardı ki, dağ-mədən sənayesinin inkişaf proqramında emal zavodlarına da vahid bir dövlət qurumu tərəfindən nəzarət olunması öz əksini tapsın.

 

 

-   Azər müəllim, dağ-mədən sənayesi ilə bağlı təhlükəsizlik tədbirləri haqqında nə deyərdiniz?

 

-   Çox mühüm və əsaslı suala toxundunuz. Sözüz ki, hər hansı bir sahədə çatışmazlıqlar bir-biri ilə zəncirvari əlaqədə olur. Bu baxımdan demək olar ki, yataqların işlənilməsi ilə bağlı təhlükəsizlik səviyyəsi çox da qənaətbəxş deyildir. Belə ki, əgər işlənilən sistemdə, texnika və texnologiyada qeyd olunan qüsurlar mövcuddursa, öz-özlüyündə işlərin görülməsində  təhlükəsizliyin vəziyyəti də ürəkaçan olmayacaqdır. Yenə də vurğulamaq məcburiyyətindəyəm ki, bu məsələnin həlli də yeni texnika və texnologiyaların tətbiqindən asılı olacaqdır.  Digər tərəfdən 20 ildən artıqdır ki, ölkəmiz müstəqillik şəraitindədir. Lakin bu sahədə hələ də normativ sənədlər işlənilib hazırlanmayıbdır. İttifaq vaxtında yeni texnika və texnologiyaların dəyişməsi ilə yanaşı bu normativ aktlar da hər 10 ildən bir uyğunlaşdırılır və yeniləşdirilirdi. Əfsuslar olsun ki, yeni normativ sənədlərin ölkəmizdə dağ-mədən sənayesinin xüsiyyətlərinə uyğun işlənib hazırlanması məsələləri həllini tapmayıbdır.

Burada bir məsələyə də toxunmaq istəyirəm.  Əgər əvvəllər faydalı qazıntı yataqlarının işlənilməsi üzrə yeraltı və açıq dağ-mədən işləri üzrə yüksək səviyyədə ali və orta texniki ixtisas təhsilli mütəxəssislər hazırlanırdısa, hazırda isə ixtisaslaşma yalnız açıq dağ-mədən işləri üzrə həyata keçirilir. Bu da tam deyil.  Bundan əlavə, qeyd etdiyim kimi, ixtisaslı kadrların yetişdirilməsində ittifaqın ayrı-ayrı institutlarında hazırlanmış və ittifaq miqyasında zəngin təcrübəyə malik mütəxəssislər respublikaya qayıdırdı ki, bununla da yüksək kadr potensialı yaradılırdı.

Yeni nəslin isə rus dilini zəif bilməsi və ya bilməməsi dağ-mədən sahəsində yeni kadrların hazırlanmasında çətinliklər yaradır. Çünki müvafiq ədəbiyyatın rus dilində olması onların öyrənmə imkanlarını məhdudlaşdırır. Qeyd etməliyəm ki, rəhbərlik etdiyim müəssisədə gənc mütəxəssislərin işə cəlb edilməsi və onların bilik səviyyələrinin artırılmasını həyata keçirmək bir rəhbər kimi qarşımda duran əsas vəzifələrdən biridir(ardı var).

 

Müsahibəni aldı: İsmayıl Qasımov

 

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:91094
Isrəfil [22avqust2012 11:55]
Cənab A. Şükürovun respublikanın iqtisadi inkişafının təməl prinsiplərinə həsr olunmuş silsilə müsahibələri vətənin gələcəyini düşünən vətəndaş mövqeyidir və alqışa layiqdir. Qaldırılan məsələlər əhatəlidir.Lakin ,zənnimcə, müəyyən inkişaf istiqamətlərində özəl sektorun rolunu kiçiltmək və ya dövlətin sərt nəzarəti altında saxlamaq bu sektorun investisiya yatırmaq marağını azaldar. Qloballaşan dünyada iqtisadi tərəqqiyə nail olmaq üçün xarici inestisiyanın cəlb olunması mühüm amildir. Məncə burada söhbət xammal bazasının ağıllı idarə olunmasından getməlidir və maliyyə məsələləri də daxil olmaqla dağ-mədən sənayesinin kompleks , davamlı inkişafı təmin olunmalıdır.Keçmiş sovetlər birliyində iqtisadiyyat çoxsaylı dövlət qurumları vasitəsi ilə idarə olunurdu,Dövlət Plan Komitəsi tərəfindən nizamlanırdı. Bizim respublikamızın timsalında bu funksiyaları ayrı-ayrı mühüm sahələrə cavabdeh olan dövlət qurumları daha uğurla həyata keçirə bilər, onlar lazımi hallarda investisiya cəlb edər, bəzən yerli imkanlara güvənilməsi barədə qərar verə bilər(ARDNŞ, Kənd Təsərrüfatı nazirliyi, AZAL, Nəqliyyat nazirliyi və s). Yerli dəyərli mütəxəssislərə geniş imkanlar yarada bilər. Xoşbəxtlikdən belə mütəxəssislər hələ qalmaqdadır. Zənnimcə, yaradılmalı olan müstəqil dövlət qurumu elə respublikamızda uğurla fəaliyyət göstərən ayrı-ayrı dövlət şirkətlərinin, konsernlərin, nazirliklərin mexanizminə uyğun qurulmalı, kifayət qədər səlahiyyətə malik olmalıdır.
Elvin [24avqust2012 08:21]
“Azinterpartlayış-X” MMC-nin direktoru Azər Şükürovun “Geostrategiya”jurnalına verdiyi müsahibəyə dair rəy Azər Şükürov Azərbaycan Respublikasında dağ-mədən sənayesinin keçmişi, bu günü və gələcək inkşafı ilə bağlı verdiyi müsahibədə ən vacib və global məsələlərə toxunaraq onların həlli yollarını izah etməyə çalışmışdır. Müsahib Azərbaycan Respublikasının sürətli inkşafını nəzərə alaraq ümidvardırki yaxın gələcəkdə onun nəzərə çatdırdığı bütün problemlər öz həllini tapacaqdır. “Hər şeyi kadrlar həll edir” deyən müəllif sovetlər dövründə dünyada tanınmış Neft və Kimya institutunun kadrları hesabına addımlarını atmaqla gələcəkdə kadr potensialının həllinə çalışmaqla dağ-mədən sənayesini inkşaf etdirmək üçün daha nələrin lazım olduğunu nəzərə çatdırır. Mən özüm də Azərbaycan Dövlət Neft Akademiyasının Qaz Neft Mədən fakultəsinin Açıq Dağ Mədən işlərinin təşkili ixtisasının bakalavr dərəcəsinə yiyələnmişəm. Azərbaycan Respublikasında dağ-mədən sənayesinin lazımı səviyyədə təşkil olunmadığından mən ixtisasıma uyğun işlə təmin oluna bilmədiyimdən ixtisasıma uyğun olmayam sahələrdə işləməyə məcbur olmuşam. Dağ-mədən sənayesi inkşaf edərsə mən ixtisasıma uyğun işlə məşğul olardım və gələcəkdə təhsilimi bu sahə ilə bağlı xarici ali təhsil ocaqlarının birində davam etdirərdim.
Əfqan [10sentyabr2012 21:30]
Mən dövrü mətbuatı demək olar ki, həmişə izləyirəm. Amma ölkənin dağ-mədən sənayesinin, bu günü və gələcək perspektivlərinin analizinin bu cür geniş işıqlandırılması ilə ilə ilk dəfə rastlaşıram. Bu sahə haqqında yazılar mənim üçün ona görə cəlbedicidir ki, mən özüm də dağ-mədən mühəndisiyəm. Ölkəmiz iqtisadiyyatın bütün sahələrində durmadan inkişaf edir. Amma müəllifin qeyd etdiyi kimi, dağ-mədən sənayesinin inkişafı isə bu sürətli inkişafın kölgəsində qalır. Azər müəllimin qaldırdığı məsələlər, dövlətin bu sənayenin inkişafına lazımınca investisiya qoymamasından tutmuş, kadr hazırlığı, geoloji kəşfiyyat işləri, məhsulun emalı va s. kimi məsələlər vaxtında, bəlkə də müəllifin qeyd etdiyi kimi gecikmiş məsələlərdir. Çünki, Azərbaycanın faydalı qazıntı yataqları əsasən ölkənin qərb zonasında yerləşir və dağ-mədən sənayesinin inkişafı birbaşa olaraq ölkə prezidenti İ.Ə.Əliyev cənablarının "Regionların inkişafı Dövlət proqramı"-nın yerinə yetirilməsinə xidmət edəcəkdir ki, bu da yeni iş yerlərinin açılmasına, xalqın rifah halının daha da yaxşılaşmasına, bu isə son nəticədə ölkənin daha sürətlə inkişafına və narahat dünyamızda ölkəmizin daha da güclü olmasına xidmət edəcəkdir. Ulu öndərimiz H.Ə.Əliyev cənablarının dediyi kimi "İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir". Həll edilməsinin vaxtı çoxdan çatmış bu cür dövlət əhəmiyyətli, aktual məsələlərə diqqət yetirdiyinə və işıq saldığına görə jurnalın yaradıcı heyyətinə minnətdarlıq edir, müəllifə isə bu cür dövlət əhəmiyyətli, ölkənin inkişafına yönəlik nəzərdə tutduğu gələcək planlarının yerinə yetməsində müvəffəqiyyətlər arzu edirəm.
A.Səmədov [23sentyabr2012 13:09]
“Azinterpartlayış-X” MMC-nin direktoru cənab A.Şükürovun yeni nəşr olunan çox dəyərli “Geostrategiya” jurnalının nömrələrində çap olunmuş müsahibəsi müasir Azərbaycan üçün olduqca aktual olan bir məsələyə-dağ-mədən sənayesinin mövcud vəziyyəti, onun inkişaf etdirilməsi və bununla əlaqədar qarşıya çıxan problemlərin araşdırılması və sahənin gələcək perspektivlərinə həsr olunmuşdur. Müsahibədə qoyulan məsələlər və onların optimal həll olunma yolları ilə bağlı fikirlər bir mütəxəssis kimi ürəyimcə oldu. Zənnimcə, müsahəbə ilə əlaqədar bildirilən rəylərdə qeyd olunan fikirlərin də bir çoxu orijinaldır və mən də həmin müəlliflərlə tam həmrəyəm. Eyni zamanda qeyd olunmalıdır ki, müasir dünya standartlarına uygun gələn dağ-mədən sənayesinin təşəkkülü kifayət qədər mürəkkəb məsələdir. Cənab A.Şükürov sözü gedən müsahibəsində bu məsələlərin şərhində sanki bir qədər ehtiyatlılıq etmişdir. Azər müəllim qeyd etdiyi kimi, Azərbaycanda dağ-mədən işləri aparılmasının qədim bir tarixi vardır. Azərbaycan da Kiçik Asiya ilə birgə qədim metallurgiyanın beşiklərindən biri hesab olunur. Bunu Naxçıvanda və Kiçik Qafqazda aparılmış arxeoloji qazıntılar sübut etmişdir. Yaxın keçmişə nəzər salsaq görərik ki, Sovet İttifaqı zamanı Azərbaycan sənaye – aqrar ölkəsi idi. Onun zəngin təbii sərvətləri bazasında neftçıxarma və neftemalı, maşınqayırma, kimya və digər sahələrlə yanaşı inkişaf etmiş dağ – mədən sənayesi (metallurgiya və inşaat materialları) də mövcud idi. Daşkəsən rayonunda eyni adlı zəngin dəmir filizləri və Zəylik alunit yataqları, Naxçıvan MR-də isə Gümüşlük qurğuşun – sink və Paraqaçay molibden yataqları o dövrdə Azərbaycanın dag – mədən sənayesinin sütunlarını təşkil edirdi. Lakin, qeyd olunan mineral-xammallardan heç biri Azərbaycanda son əmtəə məhsulunadək emal olunmurdu. Belə ki, Daşkəsən yatağının dəmir filizləri zənginləşdirildikdən sonra Gürcüstanın Rustavi şəhərinə, Gümüşlük yatağından alınmış qurğuşun – sink konsentratı Şimali Qafqaza – Vladiqafqaz şəhərindəki Elektrosink zavoduna, Paraqaçay yatağından hasil olunan molibden konsentratı isə Qazaxstanın Balxaş metallergiya kombinatına göndərilirdi. Göründüyü kimi respublikamızın əsas mineral-xammal sərvətləri keçmiş SSRİ-nin digər regionları üçün mineral-xammal bazası rolunu oynayırdı. SSRİ-nin süqutu ilə əlaqədar bu əlaqələr qırıldı. 10-15 il öncə ölkəmizin dağ- mədən sənayesinin inkişaf etdirilməsi yolunda dünya ölkələrinin qabaqcıl təcrübəsinə və xarici investisiyaların qoyulmasına kəskin ehtiyacı var idi. Elə o zaman bəzi xarici şirkətlərlə ölkəmizin bir sıra filiz yataqlarının birgə işlənməsi ilə əlaqədar saziş imzalandı. Sevindirici haldır ki, bu gün artıq Azərbaycan qızıl istehsal edən ölkələr sırasındadır. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əsası qoyulmuş və onun layiqli davamçısı İlham Əliyev cənabları tərəfindən davam etdirilən iqtisadi yüksəliş artıq davamlı şəkil almışdır. Hazırda ölkəmizin iqtisadi qüdrəti və güclü potensialı göz qabağındadır. Buna görə də biz mineral- xammal ehtiyatlarından zamanın tələbləri səviyyəsində, gələcək nəsillərin maraqlarını nəzərə almaqla istifadə etməliyik. Hesab edirik ki, bu sahədə yaxın keçmişdə (SSRİ dönəmində) buraxılmış qüsurlardan nəticə çıxarılmalıdır. Daşkəsən yatağında uzun müddət ərzində aparılmış istismar işləri zamanı filizlərdən yalnız dəmir metalı çıxarılmış, çox dəyərli metal olan kobalt isə tullantı süxurlarla birlikdə atılmışdır. Qeyd etmək yerinə düşər ki, 1941-1945-ci illərdəki müharibə zamanı sabiq SSRİ-nin müdafiə sənayesi üçün çox vacib metal olan kobaltın 60%-i Azərbaycanda (Daşkəsən yatağı) hasil olunmuşdur. Zəylik alunit yatağında da oxşar hadisə baş vermişdir. Belə ki, çox dəyərli hesab edilən qallium və vanadium metalları emal olunmamış və tullantı süxurlarla atılmışdır. O dövrdə mineral xammalın çıxarılması və emalı zamanı çoxlu itkilərin olması, xammaldan kompleks istifadə olunmaması, mədən sənaye istehsalı tullantılarından az istifadə olunması ilə əlaqədar 1984-cü il 5 iyul tarixdə Azərbaycan SSR Nazirlər Sovetinin 230 nömrəli qərarı da olmuşdur. Qeyd edək ki, yerin təkidəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin əsas tərkib hissəsi olmaqla hər bir ölkənin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyənləşdirən amillərdən biridir. Bu baxımdan Azərbaycan dünyanın zəngin ölkələrindəndir. Hazırda ölkəmizdə neft və qazdan başqa 800-dən artıq qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı, tikinti materialları və yeraltı su yataqları vardır. Artıq Azərbaycan özü mineral sərvətlərini yüksək səviyyədə hasil etməyə qadir olan bir ölkədir. Bundan ötəri onun həm maliyyə, həm də müvafiq texniki imkanları mövcuddur. Bu gün ölkəmizdə geniş vüsət almış tikinti – quruculuq işləri bilavasitə yerli inşaat materialları hesabına görülür və elə həmin xammalı istehsal edənlər də yerli sahibkarlardır. Sözü gedən müsahibədə adı çəkilən problemlər və onların həlli yolları yüksək professionallıqla, vətəndaş mövqeyindən yanaşmaqla və gələcəyə inamla şərh olunmuşdur Sonda qeyd etmək istərdik ki, cənab A.Şükürovun müsahibəsində ana xətt kimi keçən ölkəmizin neft-qaz istisna olmaqla bütün mineral-xammal ehtiyatlardan səmərəli istifadənin bütövlükdə vahid bir dağ-mədən dövlət qurumu tərəfindən idarə olunması yuxarıda göstərilən problemlərin aradan qaldırılmasına və bu sektorda canlanmanın baş verməsinə, yeni-yeni iş yerlərinin açilmasına və Azərbaycanımızın daha da qüdrətlənməsinə xidmət etmiş olardı.
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1992 san