09:50 02 oktyabr 2013
1651 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

   Azərbaycan yeni seçkilər qarşısındadır

 Azərbaycan cəmiyyəti növbəti dəfə seçim etməli, özünün qarşıdan gələn  ən azı 5 il müddətində prezidentini müəyyənləşdirməli, ölkənin strateji kursunu təsdiq etməlidir. Cəmi 2 onillikdən bir qədər artıq mövcud olmuş və həmin zaman ərzində real həyatın sərt sınaqlarından çıxmaq məcburiyyyətində qalmış Azərbaycan cəmiyyəti hər dəfə seçim məqamında  müəyyən problemlərlə üzləşmiş, daxildən və xaricdən edilən təzyiqlərə davam gətirərək götürülmüş kursu irəli aparmışdır.

Azərbaycan müstəqilliyin əldə edilməsi yolunda kifayət qədər qurbanlar vermiş,  ağır bir mübarizə yolu keçmişdir.  Azərbaycanın müstəqillik yolunda üzləşdiyi hərbi müdaxilə və xarici qüvvələrin himayədarlığı və hərtərəfli dəstəyi ilə separatçılıq çıxışları, terror aktları, daxili qiyamlar, beynəlxalq aləmdən təcrid olunmalar və haqsız təzyiqlər onu bu amalından capındırmağa yönəlmişdi. Müstəqilliyi qazanmaq çox çətin və son dərəcə mürəkkəb bir işdir. Lakin onun qorunub saxlanması və daimiliyinin təmin edilməsi  daha çətin və müqayisəyə gəlməyəcək dərəcədə mürəkkəb olan məsələlərdir.

Azərbaycanın müasir tarixinə, daha doğrusu,  ən yeni tarixinə sistemli yanaşma onun adekvat dərkinin və inkişafının düzgün proqnozlaşdırılaraq gələcəyini təmin etməyin vacib şərtlərindəndir. Müstəqil Azərbaycanın həyatında baş verən hadisələrə və gedən proseslərə qlobal baxış onun hazırkı vəziyyətini düzgün qiymətləndirməyə və müvafiq inkişaf strategiyası və taktikası seçməyə zəmanət verə bilir. Məhz bütöv yanaşma və situasiyanın tam  müşahidəsi  müasir zamanda taleyüklü seçimlərin əsasında dayana bilər.

Müstəqil Azərbaycanın  əsaslarının yaradılması, Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətə qayıdışına qədərki dövr ölkə tarixində daxili və xarici təzyiqlər şəraitində öz müstəqilliyini bərpa etmiş bir dövlətin həyat uğrunda ölüm-dirim mübarizəsi ilə xarakterikdir.  Mövcud vəziyyətdə ictimai həyatın müxtəlif sahələrində məqsədyönlü quruculuq işi aparılmalı, dağıdıcı proseslərin qarşısı dərhal alınmalı idi. Bunun üçün isə dövlətin və cəmiyyətin güc və imkanlarının səfərbər olunması, onun bir məcraya yönəldilməsi lazım idi. Həmin missiyanı öz üzərinə götürərək, cəmiyyəti  öz arxasınca aparmağa qadir olan, müstəqil dövlətin quruculuğu işini peşəkarcasına həyata keçirə biləcək liderin olması həyati əhəmiyyət kəsb edirdi.

Məhz 1993-cü ildə - Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil dövlətçiliyin formalaşdırılması, hakimiyyət strukturlarının zərrə-zərrə qurulması işi nizama salındı. Qarışıqlıq dövrünün doğurduğu özbaşınalıq, hərc-mərclik aradan qaldırıldı. Normal xarici siyasət sayəsində məsələlər bir-birinin ardınca qoyularaq düzgün məcraya istiqamətləndirildi. Diletant, hay-küylü xarici siyasətin törətdiyi fəsadlar tədricən aradan qaldırılmağa başladı. Ölkənin beynəlxalq aləmdə özünəməxsus imici formalaşdı.  

Həm daxildə ictimai münasibətlərin nizama salınması,  ictimai asayişin bərqərar olunması, qanunsuz hərbi birləşmələrin tədricən ləğvi və ölkənin normal güc strukturlarının yaradılması müstəqil dövlətin inkişafı və möhkəmlənməsi üçün vacib şərt kimi təmin edildi.

1993-cü ildən etibarən götürülən kurs çərçivəsində ictimai həyatın bütün sahələrində atılan addımlar vahid bir prosesin tərkib hissələridir. Onun hər birini digərlərindən ayırmaq, bir-birindən təcrid etmək mümkün deyildir.

Azərbaycan Respublikasında onilliklər boyu davam etdirilən daxili və xarici siyasət kursunun düzgünlüyü təsdiq edilmiş, ölkənin bütün istiqamətlərdə artan irəliləyişinə nail olunmuşdur.  

Mövcud olduğu  dövr ərzində Azərbaycan Respublikası özünəməxsus inkişaf ənənəsini formalaşdırmışdır. Onun sosial-iqtisadi inkişaf və ictimai-mədəni münasibətlər sistemi, müstəqil ölkənin ictimai mühitinin təkrarsız  düşüncə tərzi və davranış xüsusiyyətlərini öz xarakterinin keyfiyyətləri kimi nümayiş etdirmiş, bu cəhətləri və cizgiləri ilə dünyada tanınmışdır. Dünya ilk vaxtlarda Azərbaycanı yaxşı tanımırdı, onun haqqında düşmən təbliğatının  yaratmış olduğu neqativ obraz çox hallarda dünyanın müxtəlif yerlərində yanlış təsəvvür yarada bilirdi. Lakin zaman keçdikcə informasiya blokadasının aradan qaldırılması və  dövlətin apardığı məqsədyönlü ardıcıl məlumatlandırma işi, Azərbaycan haqqında, onun mədəniyyəti, münasibətləri, inkişaf səviyyəsi, qayğı və düşüncələri, iqtisadi və siyasi maraqları haqqında bilgilərin dünyaya çatdırılması sayəsində həmin neqativ obraz dəyişir.  Ona qərəzli münasibət bəsləyən dövlətlərin və bəzi beynəlxalq qüvvələrin istəyiindən asılı olmayaraq Azərbaycanın beynəlxalq aləmdə müsbət imici təsdiq olunmuşdur.

Müstəqil yaşamaq haqqını təsdiq etmiş dövlət kimi, Azərbaycan özünün siyasi ənənələrini, siyasi dəst-xəttini ortaya qoymuşdur. Məhz belə bir platformada Azərbaycan müstəqillik dövründə həyatın bütün istiqamətlərində quruculuq işini həyata keçirərək hər kəsin qəbul etdiyi uğurlara imza atmışdır. Mövcud olduğu dövrdə H. Əliyevin əsasını qoyduğu ictimai-iqtisadi, siyasi və mədəni kursun ardıcıl həyata keçirilməsi sayəsində Azərbaycanda müstəqil dövlətin günbəgün artan  inkişafı dönməz bir prosesə çevrilmişdir.  Öz tempini artıran və möhkəmlənən bu inkişafın davam etdirilməsi üçün sapınmadan, tərəddüd etmədən,  təkmilləşərək,  saflaşaraq irəliləməyi istəyir. Həmin xəttə alternativ yoxdur. Bunu neçə illərdən bəri seçkilər zamanı, ölkə həyatı üçün vacib olan taleyüklü məqamlarda iradələrin ortaya qoyulduğu zaman müşahidə edilib. Demokratik seçki ənənələrinin bütün tələblərinə əməl olunması şəraitində götürülmüş kursun irsiliyinin təmin edilməsi ölkədə aparılan siyasi kursun düzgünlüyünü bir daha təsdiq edir.

Bu vaxta qədər Azərbaycanın ictimai həyatının müxtəlif sahələrində H.Əliyev strateji kursunun addım-addım irəliləməsi haqqında kifayət qədər tədqiqatlar aparılmış, iqtisadi sahədə edilən dəyişikliklər əsasən iki qlobal vəzifənin həllinə yönəlirdi. Onlardan biri müstəqillik qazanmış ölkənin müstəqil iqtisadiyyatının yaradılması, digəri ictimai mülkiyyətə əsaslanan köhnə sosialist iqtisadiyyatından imtina edilərək, bazar münasibətlərinə söykənən iqtisadiyyatın formalaşdırılması idi.  Bu problemin hər biri özlüyündə həddən artıq nəhəng idi. Onların eyni vaxtda, həm də çoxsaylı digər problemlərin olduğu bir şəraitdə son dərəcə çətin idi. Bu sahədə atılan ilk addımlar uğursuz olsa da, Heydər Əliyevin qayıdışından sonra məqsədyönlü və ardıcıl addımlar sayəsində iqtisadi inkişaf strategiyasını lazımi məcraya yönəltmək və addım-addım dinamik inkişafa nail olaraq güclü iqtisadiyyat yaratmaq mümkün oldu. Artıq 2009-cu ildə Prezident İlham Əliyev iqtisadiyyatda keçid dövrünün başa çatması faktını təsdiq etdi. Xüsusən neft strategiyasının işlənib hazırlanması, daxili və xarici qüvvələrin müqavimətinə baxmayaraq, həyata keçirilməsi ölkə iqtisadiyyatının problemlərini həll etməyə, onu dünya iqtisadiyyatına inteqrasiyasına təkan verdi. Məhz belə bir iqtisadi inkişaf strategiyasının reallaşması sayəsində bu gün Azərbaycan inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələri sırasına çıxmışdır. Enerji resurslarının hasili və dünya bazarına nəql edilməsi ilə Azərbaycanın dünyada enerji təhlükəsizliyində rolu və yeri əvəzolunmaz səviyyəyə gəlib çıxmışdır. Bu gün Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun üstün inkişaf etdirilməsi haqqında düşünür. Azərbaycan investisiya idxal edən ölkədən digər dövlətlərə investisiya qoyan ölkəyə çevrilmişdir. Regionların inkişafı üzrə dövlət proqramı regionlarda sənaye və kənd təsərrüfatının bərpası və inkişafına, hər bir regionun ritmik inkişafına ünvanlanmışdır.

Sosial sahədə ötən 20 il ərzində əsaslı nailiyyətlər əldə edilmişdir. Faktik olaraq ölkə sosial xaosdan, hərc-mərclikdən  normal cəmiyyətə gəlib çıxmışdır. Düzdür bu sahədə hələ görüləsi işlər çoxdur. Lakin bu vaxta qədər əldə olunmuş səviyyə həmin sahədə işlərin daha uğurla getməsi üçün zəmin yaradır. Müxtəlif sosial sahələrin inkişafı üzrə dövlət proqramlarının qəbulu və reallaşdırılması bu sahənin problemlərinin həlli üçün geniş perspektivlər açır. İnsan inkişafı üzrə Azərbaycanın indeksinin yüksəlməsi əhəmiyyətli göstəricidir. İnflyasiyanın minimum həddə saxlanması, əhalinin gəlirlərinin artması, onların rifahının göstəricilərinin yüksəlməsi müsbət tendensiyanın inkişafından xəbər verir.

Mövcud olduğu dövr ərzində beynəlxalq münasibətlər sahəsində Azərbaycan Respublikası kifayət qədər böyük uğurlar əldə etmişdir. O, dünyadan təcrid olunmaq, informasiya blokadası vəziyyətindən çıxaraq dünyanın nüfuzlu dövlətlərindən biri səviyyəsinə yüksəlmişdir. Azərbaycan bu gün özünün müstəqil səsi, möhkəm mövqeyi, tutarlı sözü olan bir dövlət kimi tanınır. Onun mövqeyi və maraqları ilə hesablaşılır. O, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının üzvüdür. Yaşının az olmasına baxmayaraq, o, BMT-nin Təhlükəsizlik Şurasının üzvü  olmaq səviyyəsinə yüksəlmişdir. Müstəqillik dövrünə bütövlükdə diqqət yetirilsə onun beynəlxalq aləmdə nüfuzunun necə artdığını müşahidə etmək mümkündür.

Yarandığı gündən xeyli əvvəldən müstəqilliyinə əngəl kimi qondarma dəlillərlə separatçı hərəkata və xaricdən hərbi təcavüzə məruz qalan Azərbaycan bu gün də həmin problemin ağırlığını yaşamaqda davam edir. Ona qarşı dünyanın aparıcı dövlətlərinin ikili standartlar mövqeyində dayanmaqları üzündən bu münaqişə davam etsə də, Azərbaycanın həmin məsələdə mövqeyi daim qəti, daim prinsipial və güclü olmuşdur. Bu məsələdə əsaslı dönüş əldə edilməsə də, yeridilən xəttin düzgünlüyü reallıqda təsdiq edilmişdir.  

Azərbaycanda dövlət idarəçiliyi sistemi  yaranma və möhkəmlənmə mərhələsini keçərək mükəmməl formaya gəlib çıxmışdır. İctimai həyatın müxtəlif sahələrində düzgün idarəçiliyin həyata keçirilməsi, bu sahədə çatışmazlıqların aradan qaldırılması, neqativ halların qarşısının alınması istiqamətində aparılan iş zaman zaman öz nəticələrini göstərir.

Azərbaycan Respublikasında təhlükəsizlik təminatı sahəsində sistemli durumun möhkəm əsası qoyulmuşdur və bu sistem günbəgün möhkəmlənməkdədir.  Azərbaycan özünü müdafiə edə biləcək müasir silahlarla təchiz edilmiş orduya malikdir.  

Müstəqil dövlətin əsaslarının yaradılması,  onun hüquqi cəhətdən təmin edilməsi, müstəqil iqtisadiyyatının formalaşdırılması, təhlükəsizlik sisteminin qurulması və işlədilməsi, daxildə ictimai asayişin təmin edilməsi, xarici siyasətin prioritetlərinin müəyyənləşdirilməsi və xarici siyasət doktrinasının formalaşdırılması,  ölkədə vətəndaş cəmiyyətiquruculuğunun düzgün məcraya salınması,  ölkənin dünya miqyasında və regionda maraqlarının  təmin edilməsi istiqamətində görülmüş işlər və həyata keçirilmiş kurs Azərbaycanın onilliklər boyu apardığı siyasətin ayrılmaz  tərəfləridir və onların nəticələri də məntiqə uyğundur.

Bu gün Azərbaycan yenidən seçkilərə gedir, insanlar olub-keçənləri nəzərdən keçirərək  ölkənin inkişaf kursuna qiymət verirlər. Faktlar isə sübut edir ki, Azərbaycanın mövcud kursuna alternativ yoxdur. Ulu Öndərin əsasını qoyduğ strateji inkişaf kursunun qazandığı uğurlar hətta onun rəqibləri tərəfindən etiraf edilir. Prezident  İlham Əliyevin rəhbərliyi altında davam etdirilən bu inkişaf kursu davam etdirilməlidir. Bunu faktlar sübut edir və ölkənin maraqları tələb edir.  


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:56629
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.128 san