11:28 30 oktyabr 2013
2509 dəfə oxunub
Çap versiyası
Əziz Fərəcov
ETSN, MGKX, NGTM - geoloq

   Hazırda faciəli dövran- texnogen sivilizasiyamızın böhranı, bəşəriyyətin təbiətlə mürəkkəb münasibətlərində böhranı hökm sürür. İnsan cəmiyyətinin tarixi təbiətdənistifadənin, yəni insanın rahatlığının və rifahının yüksəldilməsi məqsədilə təbii ehtiyatların istifadəsinin tarixidir. Hələ XX əsrin əvvəllərində insanlar təmiz hava ilə nəfəs alırdılar, təmiz su içirdilər. Dünya nəhayətsiz, təbiətin ehtiyatları tükənməz sayılırdı. Bir neçə on illiklər keçdikdən sonra dünya ən qorxulu təhlükə -ekoloji təhlükə astanasında oldu.

Bəşəriyyət ekoloji problemlərin mühümlüyünü o vaxt anladı ki, insanların maddi fəaliyyətinin miqyas və intensivliyi elə oldu ki, planetimizin təbii mühiti istehsalın, nəqliyyatın, məişətin tullantılarının ümumi uducusu, xammal və enerjinin tükənməz mənbəyi ola bilmədi, biosferdə dönməz deqradasiya proseslərinin əlamətləri yarandı. Milyonlarla illər ərzində formalaşmış ekosistemlər böyük dəyişikliklərə uğrayır, qlobal səviyyəli insan təsirlərinə dayanıqsız olurlar.

Ekoloji adlandırılan böhran nədən yaranmışdır və nə üçün o, XX əsrin sonunda baş vermişdir? Bunun əsas səbəbləri əhalinin artması və elmi-texniki inqilabdır. Hələ XX əsrin başlanğıcında bəşəriyyət təxminən 1 milyard edirdi, XX əsrin sonuna yaxın isə 6 dəfə artdı. Bir sıra ekoloqlar hesab edirlər ki, 1-1,5 milyard əhali Yerdə şüurlu varlıqların yol verilə bilən miqdarıdır: bu halda təbii ehtiyatlar tükənməz, təbiət isə texnogen fəaliyyətdən doğan zərəri təbii yolla aradan qaldırıla bilərdi.

XX əsr bəşəriyyət üçün ən coşğun və narahat əsr, güclü sosial, iqtisadi və ekoloji dəyişikliklər əsri oldu. Onun başlanğıcında 60 milyard dollar həcmində ümumdünya məhsul istehsal edən iqtisadiyyat mövcud idi. Əsrin sonunda isə iqtisadiyyat bu qədər məhsulu cəmi bircə gündə yaradırdı, yəni cəmi bir yüz illik ərzində iqtisadiyyatın artma sürəti yüz dəfələrlə yüksəldi. Bu, əhalinin görünməmiş artımı (6 dəfə) ilə müşayiət olundu. Bu yüksəlişin başlıca və vahid mənbəyi təbii ehtiyatlar, bioehtiyatlar Yerin təbiətidir ki, bunlar da əvəzedilməz oldu. Bəşəriyyət energetik böhran mərhələsindədir və gələcək sivilizasiyanın xarakteri, onun keyfiyyət və tərkibi ilk növbədə enerji xərclərindən asılıdır. Bəşəriyyət üçün çıxış yolu - günəş enerjisinin konsentrasiyasıdır.

XX əsrin əsas təmayülləri bunlardır:

- ekosistemlərin sahəsinin ildə 1% sürətlə azalması; 40%-dən artıq olmayan toxunulmamış sahələr qalmışdır;

- atmosferdə parnik qazlarının (CO2) konsentrasiyasının dəyişməsi (bir neçə dəfə artımı);

- ozon təbəqəsinin ildə 1-2% zəifləməsi, ozon deşiklərinin təzahürü;

- meşələrin sahəsinin (xüsusilə tropik) azalması-ildə 200 min kv.km;

- səhraların sahəsinin genişlənməsi (ildə 60 min kv.km);

- torpaqların deqradasiyası;

- okean səviyyəsinin qalxması-ildə 2mm-dən 1 sm-ə qədər;

- texnogen qəzaların və fəlakətlərin artması- ziyanın və qurbanların sayının ildə 5-10% artması;

- bioloji növlərin yox olması. 20 milyon növdən ildə 5-150 min növ itir;

- suda, torpaqda, havada zərərli maddələrin toplanması;

- şirin suyun istifadəsinin çoxalması - XX əsrin əvvəlində 360 milyard kub. m-dən, XX əsrin sonunda 4000 milyard kub. m-ə qədər;

- iqlimin dəyişməsi (qlobal istiləşmə);

- həyatın keyfiyyətinin aşağı enməsi.

Bu dəyişmələrin sürəti XXI əsrdə saxlanılacaq və yalnız arta bilər.

Atmosferin zəhərli maddələrlə çirklənməsi ağciyər, boğaz və dəri xərçəngi, mərkəzi əsəb sisteminin pozulması, allergiya xəstəlikləri, qurğuşun zəhərlənməsinə gətirib çıxarır.

Atmosferin əsas çirkləndiricisi nəqliyyatdır. Yandırılan yanacağın 25% avtomobillərin payına düşür, bir avtomobil öz mövcudluğu ərzində 10 t CO tullayır.

Şirin su biosferdə cəmi 2%-dir, onun da 99%-i buzdan ibarətdir. Çaylarda və göllərdə 90 min kub km şirin su vardır, şirin suyun insan tərəfindən işlədilməsi ildə 4 min kub km edir. (70 %-i kənd təsərrüfatı, 30% sənaye və kommunal təsərrüfat).Şirin su ehtiyatlarının tükənməsi bir neçə onilliklərdən sonra baş verəcəkdir.

Şirin su hər yerdə çirklənmişdir, çirkləndiricilərin ümumi kütləsi ildə 15 milyard t artıqdır.

İqlimin qlobal dəyişməsi.XX əsrin başlanğıcından atmosferdə parnik qazlarının, ilk növbədə karbon qazının konsentrasiyasının yüksəlməsi müşahidə olunur, bunun nəticəsində yerə yaxın hərarət 10C yüksəlmişdir.İstiləşmə meyli saxlanır və proqnozlara görə 100 ildən sonra, Yerdə CO2 konsentrasiyası iki dəfə artmaqla, istiləşmə daha 30C yüksələcək.Artıq XXI əsrin başlanğıcında alimlər hər yerdə sunami, qasırğalar, subasmalar proqnoz edirlər.XXII əsrdə isə istiləşmə 5-100C edəcək və bu dönməz olacaq, ehtimal ki, sonuncu böyük daşqını yaradacaq. Beləliklə, XX əsrdə zəif müşahidə olunan iqlim dəyişmələri, XXII əsrdə insan üçün məhvedici ola bilər.

Ozon təbəqəsinin dağılması.Maksimum konsentrasiyası troposferdə 10-25 km yüksəklikdə olan ozon təbəqəsi Yerdə həyatı öldürücü ultrabənövşəyi şüalanmadan qoruyur.Ozon təbəqəsinin qalınlığının cəmi 1% dəyişməsi ultrabənövşəyi şüalanmanın intensivliyi 2%, dərinin xərçənglə xəstələnmə riskini isə 3-6% yüksəldir.

Təbii ehtiyatların tükənməsi.Bütün təbii ehtiyatlar tükənməz və tükənənlərə ayrılır. Tükənməzlərə kosmik mənşəli ehtiyatlar aiddir: günəş şüalanması enerjisi və onun törəmələri (hərəkət edən havanın enerjisi, suyun enerjisi). Tükənən ehtiyatlar - Yerin heyvan və bitki aləmi, faydalı qazıntılar.Bir çox tükənən ehtiyatlar yox olma qorxusu qarşısındadır. Hesablamalar göstərir ki, bəşəriyyətin inkişafının mövcud meyllərində 100 ildən sonra şirin suyun, atmosferdə oksigenin, ağacın, faydalı qazıntıların, münbit torpaqların ehtiyatları yox olacaqdır.

 

 

 

Azərbaycanda geoloji mühit, geoekoloji vəziyyətin təbii amilləri

Təbii geoekoloji baxımdan Azərbaycan ərazisinin geoloji mühiti özündə Böyük Qafqazın, Kiçik Qafqazın, onları ayıran Kür-Araz ovalığının və Dağlıq Talışın xüsusiyyətlərini saxlayır.

Mürəkkəb geoloji-tektonik quruluşu olan bu ərazi fəal geodinamik proseslər regionudur.Respublika ərazisində palçıq vulkanları geniş yayılmışdır.Burada, dünyanın heç bir başqa geoloji sahəsində rast gəlmədiyi nisbətən kiçik ərazidə 220-dən artıq palçıq vulkanı cəmlənmişdir.Onların çoxu dövri olaraq fəaliyyətdə olur və təbii geoekoloji amil kimi böyük təhlükə yaradır.

Azərbaycan ərazisində ekzogen geoloji proseslər geniş inkişaf etmişdir.Azərbaycanda yer təki neftlə, qazla, qara, əlvan, nadir və nəcib metallarla, mineral və termal sularla qeyri-filiz xammalın və inşaat materiallarının müxtəlif növləri ilə zəngindir.Bu səbəbdən də lokal sahələrdə geokimyəvi və qaz anomaliyaları rast gəlir.Hələ istehsal olunmayan filiz, ilk növbədə Avropada ən böyük olan Filizçay, Kasdağ, Katex, Mazımçay, Saqator və b. polimetalik yataqlar potensial geoekoloji təhlükədir.

Həyatın vəziyyətini müəyyən edən təbiət amillərindən biri geoloji amildir.Geoloji mühitin vəziyyətinin ekoloji cəhətcə qiymətləndirilməsi yeni məsələdir və hələ tam işlənilməmişdir.Burada əsasən geoloji amilin müxtəlif təbii mühitlərə, insanın vəziyyətinə, təbii və texnogen xarakterli obyektlərə təsiri başa düşülür.Xüsusən əsas diqqət, təsiri ətraf mühitə daha güclü olan geoaktiv zonaların ayrılmasına yönəldir.Geoloji amilin təsirinin regional, regional-transregional və qlobal səviyyələrdə öyrənməsi daha məqsədəuyğun sayılır.

Geoekologiya həm də fənnarası elmi istiqamət olaraq ekosferi, onun cəmiyyətlə inteqrasiya prosesində, geosferlər sistemi kimi öyrənir.Yerin geosferi mürəkkəb dinamik özünütənzimləyən sistemdir. Geoekoloji vəziyyətin müəyyən edilməsində Yer sistemini idarə edən əsas mexanizm və proseslərin, geosferlərin və insan fəaliyyətinin, təbii-texniki sistemlərin fəaliyyətinin geoekoloji aspektlərinin və s. öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Bura torpaq ehtiyatlarının istifadəsinin ekoloji problemlərinin aydınlaşdırılması da daxildir.Geoekoloji problemlərin bioloji, coğrafi, geoloji, sistem-analitik, kimyəvi, fiziki və b. təhlil metodları mövcuddur.Təbii və təbii-texniki sistemlərin ekoloji vəziyyətinin idarə olunması və siyasi problemlər də araşdırılır.İndi sosial-iqtisadi proseslərin və institutların ekoloqlaşdırılması zərurəti bəşəriyyətin ən mühüm mövcudluq vasitəsidir.

Geoloji, hidrogeoloji şəraitlər və proseslər, onların geoekoloji tərəfləri.Ərazidə relyefin məkan və zaman üzrə inkişaf tarixindən asılı olaraq mürəkkəb hidrometeoroloji, neotektonik, çöküntülərin açılışları, başqa fiziki-coğrafi amillərin qarşılıqlı əlaqəsi bir sıra təbii proseslərin inkişafı ilə yanaşı geokimyəvi proseslərin də getməsinə səbəb olur, bunun da təbii geokimyəvi yaranma səbəblərinin aydınlaşdırılmasında böyük rolu vardır. Geoloji quruluşun, əsas müstəqil amil kimi, təbii geokimyəvi landşaftın formalaşmasında mühüm rolu vardır.Landşaftın formalaşmasında onun təsirini öyrənərkən süxurlarda bu və ya başqa elementin yalnız ümumi miqdarını deyil, onların birləşmələrinin formalarını da nəzərə almaq lazımdır.Xüsusən, daha asan miqrasiya edən və ona görə də landşafta daha böyük təsir göstərən mütəhərrik komponentlər əhəmiyyətlidir.Bunlara üzvi birləşmələr, həll olunmuş duzlar, mübadilə kationları, bəzi mineral kolloidlər aiddir.

Mühüm miqrasiya amili tektonikadır, ilk növbədə çatlılıq dərəcəsi, layların düşmə şaquliliyi (dikliyi) və qırılmalar.Qırılma zonaları landşaftlarının geokimyası xüsusilə əhəmiyyətlidir.Belə landşaftlar adətən yanaşı ərazilərdən kəskin surətdə fərqlənirlər, onların öyrənilməsi faydalı qazıntı yataqlarının geokimyəvi axtarış üsullarının işlənilməsi, ekoloji məsələlərin həlli üçün çox önəmlidir.

Palçıq vulkanı püskürmələri zamanı landşaftlar vulkan brekçiyası, qazla, yeraltı lay suları ilə zənginləşir, geokimyəvi vəziyyət xeyli dəyişir.

Bütövlükdə Abşeron yarımadası tektonik cəhətcə Böyük Qafqaz meqaantiklinorisinin sinklinorisidir.Yarımada tektonik formaların cavanlığı ilə səciyyələnir.Morfologiyanın Yer qabığının geoloji strukturu ilə əlaqəsi Abşeron yarımadasında olduğu qədər heç yerdə təzahür etmir.Sahilə yaxın qurunun və sualtı yamacının və adaların relyefi, sahilin konturları bilavasitə bu sahələrin geotektonik xüsusiyyətlərini əks etdirir.

Mürəkkəb geoloji-tektonik quruluşlu olan Abşeron Yarımadası ərazisi fəal geodinamik proseslər regionu olmaqla Böyük Qafqazın Azərbaycan hissəsində ayrılan seysmoaktiv zonalardan biridir.Zona yarımadanı və ətraf adalar arxipelağını daxil edir. 1842-ci ildə Maştağada baş vermiş zəlzələnin intensivliyi 8 bal olmuşdur. Tarixi mikroseysmik məlumatlara görə ocağı özünün olmaqla yarımadada 1910, 1935(iki dəfə), 1937, 1938-ci illərdə təsirli zəlzələlər baş verib. 1910-cu il zəlzələsi (6-7 bal) Suraxanıda, Putada və Bakının başqa rayonlarında hiss olunub. Həmin ocaqdan ikinci təkan 1937-ci ildə baş vermişdir.Bu məlumatların təhlili zona daxilində üç zəif aktiv zəlzələ ocağı (Maştağa, Suraxanı və Bayıl) ayırmağa imkan vermişdir. 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:90409
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1349 san