06:45 25 noyabr 2013
1733 dəfə oxunub
Çap versiyası

Azərbaycan elminin inkişafında layiqli yer tutan insanlar çoxdur. Azərbaycan dilinin inkişafında Mirzə Kazımbəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbdülhəsən bəy Vəzirov, Səid Ünsüzadə, Rəşid bəy Əfəndiyev, Sultan Qənizadə, Məmmədtağı Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov, A.Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır. Müasir dövrdə Azərbaycan dilçiliyinin inkişafında fəal rol oynayan şəxslərdən biri də Yusif Seyidov idi. İlk növbədə, görkəmli elm xadiminin həyatı haqqında qısaca məlumat vermək istərdim.
Görkəmli elm xadimi, professor Yusif Mirəhməd oğlu Seyidov 1929-cu il mayın 2-də Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub. İki illik Naxçıvan müəllimlər institutunda təhsilini davam etdirib (1944-1946). Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1947-1952). 1955-ci ildə "Müasir Azərbaycan dilində feli bağlama tərkibləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1965-ci ildən əsası qoyulduğu ilk gündən Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına rəhbərlik etmişdir. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, tənqidçi və ədəbiyyatşünas kimi də çalışmışdır. 1965-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Yusif Seyidovun elmi yaradıcılığında qrammatika problemlərinin tədqiqi əsas mövzu kimi yer tutmuşdur. Yusif Seyidovun Azərbaycan dilinin qrammatikası haqqında ən son kitabı bildiyimə görə 2011-ci ildə nəşr olunmuşdur (BDU nəşriyyatı). Kitabın ön sözündə Yusif müəllimin söylədiyi bəzi fikirləri diqqətinizə çatdırmaq istərdim. "İndi biz Azərbaycan dili morfologiyasına aid əsərləri vərəqləyərkən bir anlaşılmaz dolaşıq aləmə düşmüş kimi oluruq. Səhvlər bir tərəfə qalsın, primitivlik baş alıb gedir. Bəzən adama elə gəlir ki, bu və ya digər yazının sahibinin adi dilçilik anlamı yoxdur." O, ölkəmizdə bu sahədə ən görkəmli mütəxəssislərdən - Azərbaycanşünas türkoloqlardan hesab olunur.
Elmi yaradıcılığında sintaktik əlaqələri haqqında elmi faktlarla çıxış etmiş alim burada öz fikrini çox gözəl əsaslandırmışdır. Həmçinin, türkologiyada hamıdan əvvəl tabesizlik və tabelilik əlaqələrinin bütün sintaktik vahidlər üzrə təzahür hallarını müəyyən etmiş, bu sahədə yeni elmi fikirlər irəli sürmüşdür. Məsələn, "Yeni dünya quran bizik" tipli cümlələrdə professorun fikrincə, mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi yoxdur. Digər bir fikri isə "mən gələndə", "sən gələndə" tipli birləşmələrdə tərəflər arasındakı əlaqənin məlum sintaktik əlaqə növlərindən heç birinə uyğun gəlməməsi barədəki nəzəri nəticələri dilçiliyimiz üçün tamamilə yeni idi. Yusif Seyidov morfologiyanın bir sıra nəzəri problemlərinə aydınlıq gətirmişdir.
Yusif Seyidov müəyyənləşdirmişdir ki, Azərbaycan dilində əsas nitq hissələrindən sayın, əvəzliyin, felin, eləcə də köməkçi nitq hissələrinin quruluşca mürəkkəbi yoxdur. Ayrıca leksik vahid halında kəsr sayı və inkar əvəzlikləri mövcüd deyil. Yusif Seyidov müəyyən etmişdir ki, bu sahələrdə olan ənənəvi səhvlər dillə nitqi, dil vahidləri ilə nitq vahidlərini fərqləndirə bilməməkdən irəli gəlmişdir.
Y.Seyidov cümlənin sintaktik təhlilində belə məsələlər qoyur:
1) Mümkün qədər hər söz ayrıca cümlə üzvü kimi təhlil edilməlidir. Ancaq bəzən bu mümkün olmur, bəzən iki və daha artıq sözü də bir yerdə bir cümlə üzvü kimi götürmək lazım gəlir. Y.Seyidov bunun da səbəblərini və elmi əsaslarını müəyyənləşdirmiş və göstərmişdir ki, iki halda bu mümkün olur:
a) Sözlərin məna əlaqələrinə görə. Məsələn, "qol çəkmək," "qulaq asmaq", "bu vaxt" kimi birləşmələr.
b) Qrammatik cəhətdən formalaşmasına görə. Məsələn, "mənim kitabım", "kağız qovluğu" kimi birləşmələr.
2) İkinci dərəcəli üzvlər baş üzvlərə aid olduqları kimi, özləri də bir-birlərinə aid ola bilər. Yəni tamamlığın, zərfliyin mütləq xəbərə aid olması vacib deyil. Tamamlıq xəbərə aid olduğu kimi, təyinə, zərfliyə, başqa bir tamamlığa da aid ola bilər, zərflik də onun kimi.
Çox təəssüflə bildirmək istəyirəm ki, dilçimizin dərslikləri orta təhsil məktəblərində əlavə vəasit kimi istifadə olunur. Görəsən, əsas dərslik kimi biz - müəllim və şagirdlər niyə istifadə etmirik? İnanıram ki, tezliklə dərslikdən hamılıqla istifadə edəcəyik.
Sonda, görkəmli dilçimiz Y.Seyidovun ailəsinə baş sağlığı verir və uca Tanrıdan ona rəhmət eləsin deyirəm. Ruhu şad olsun...
19.11.2013
Ədəbiyyat siyahısı
1. Azərbaycan müəllimi qəzeti, 13 noyabr 2009-cu il, № 44

 

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:14457
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1192 san