11:31 19 mart 2012
3361 dəfə oxunub
Çap versiyası
Elman Nəsirov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru

2011-ci il noyabrın 8-də MAQATE-nin rəhbəri Y.Amanonun İranın nüvə proqramı ilə bağlı növbəti hesabatından sonra bir tərəfdən ABŞ, Avropa dövlətləri və İsrail, digər tərəfdən isə İran arasında gərginlik son dərəcə artmışdır. Məlum hesabatda qeyd olunur ki, İran özünün nüvə proqramının hərbi istiqaməti üzrə fəaliyyət göstərmişdir. BMT TŞ və MAQATE-nin tələblərinə baxmayaraq, İran uranın zənginləşdirilməsi prosesini hələ də davam etdirir. Məruzədə xüsusi olaraq vurğulanır ki, İran MAQATE ilə lazımi səviyyədə əməkdaşlıq münasibətlərinin qurulmasını təmin etmədiyindən agentlik bu ölkədə hərbi istiqamətli nüvə proqramının olmaması ilə bağlı etibarlı təminatlara malik deyildir və elə bu səbəbdən də nüvə materiallarının müstəsna olaraq dinc məqsədlər üçün istifadə edildiyini təsdiqləyə bilməz. Məruzəyə əsasən, İran 4922 kq. aşağı zənginlikli urana (5%-ə qədər-uran-235) və 74 kq. 20%-ə qədər zənginləşdirilmiş urana malikdir. Müqayisə üçün qeyd edək ki, MAQATE-nin sonuncudan əvvəlki-2010-cu il noyabrın 23-də təqdim etdiyi hesabatında İranın 3500 kq 3,5%-ə qədər zənginləşdirilmiş və 35 kq. 19, 89%-dək zənginləşdirilmiş urana malik olduğu qeyd olunmuşdu. Rəsmi Tehran MAQATE-nin məruzəsini “qeyri-peşəkar, siyasi motivli və əsassız” adlandırdı. Prezident M.Əhmədinecat növbəti dəfə bəyan etdi ki, ölkəsi nüvə proqramı üzərində işləri dayandırmaq niyyətində deyildir. Beləliklə, Y.Amanonun məruzəsi dərc olunduqdan sonra ABŞ və aparıcı Qərb ölkələri İrana qarşı sanksiyaların daha da kəskinləşdirilməsi xəttinini müzakirə etməyə başladılar. İsrail isə İrana qarşı kəskin əməli addımlar atmağın vaxtı çatdığını bəyan etdi. Heç şübhəsiz, İrana qarşı məlum mövqenin formalaşmasında seçilmiş beynəlxalq subyekt ilə bağlı aparılan “psixoloji müharibə”nin də rolunu qiymətləndirməmək mümkün deyildir. Başqa sözlə, 2011-ci ilin oktyabr ayında, yəni MAQATE-nin böyük siyasi ajiotaja səbəb olmuş son hesabatından bir ay əvvəl ABŞ-ın nüfuzlu “The Washington Times” qəzeti beynəlxalq ictimaiyyətə ünvanlanmış belə bir məlumat yaydı ki, 1990-cı ilin əvvəlində 2 nüvə başlığı və onlar üçün orta mənzilli raketlər Qazaxıstandan oğurlanmış və məxfi yollarla İrana verilmişdir. Təxminən eyni vaxtda İran ərazisinə Ukraynadan 4 ədəd 152 millimetrlik taktiki nüvə sursatı ötürülmüşdür. Sonra məqalədə təsdiqlənir ki, İran hal-hazırda tətbiq olunmağa hazır vəziyyətdə 2 nüvə başlığı və 1000-dən artıq ballistik raketə malikdir. Həmin raketlər ABŞ-ın Yaxın və Orta Şərqdə, həmçinin Avropadakı hərbi bazalarına tuşlanıbdır. İran 6 atom bombası hazırlanmaq üçün lazım olan qədər zənginləşdirilmiş urana sahibdir. Zənnimizcə, İran məhdud sayda belə nüvə silahına malik olsaydı, bu rəsmi Tehranın nüvə proqramı ətrafında yaranmış beynəlxalq böhranın sonu olardı. Beynəlxalq birlik nüvə Hindistanı, nüvə Pakistanı və hətta nüvə Şimali Koreyası ilə bağlı nümayiş etdirdiyi davranışı-status-kvo vəziyyəti ilə barışmaq xəttini adekvat olaraq İrana da tətbiq edərdi. Yuxarıda sadalanan reallıqlar kontekstində 2011-ci il dekabrın 14-də Romada ABŞ və Avropa diplomatlarının bağlı qapılar arxasında İranın nüvə proqramı ilə bağlı bu ölkəyə qarşı yeni daha sərt sanksiyaların tətbiq edilməsi məsələsi müzakirə olundu. İlk dəfə olaraq, İranın enerji sektoru və Mərkəzi bankına qarşı sanksiyaların həyata keçirilməsi və bu prosesə Avropa İttifaqının cəlb edilməsi ilə bağlı ilkin razılaşmalar əldə edildi. Bu məsələ ilə bağlı son qərarın Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin 2012-ci ilin yanvarında keçiriləcək toplantısında qəbul ediləcəyi planlaşdırıldı. Məlumat üçün qeyd edək ki, 2006-cı ildən bəri BMT TŞ-nın İrana qarşı tətbiq etdiyi 6 qətnamənin 4-də (sonuncu 2010-cu il 9 iyun tarixli 1929 №-li qətnama də daxil olmaqla) rəsmi Tehrana qarşı çoxtərəfli sanksiyalar rejimi nəzərdə tutulsa da, bu qadağalar heç zaman enerji sektoruna aid edilməmişdir. Roma razılaşmaları Qərb ölkələri və İran arasındakı qarşıdurma mühitinə yeni nüanslar əlavə etdi. Yaranmış yeni şəraitdə rəsmi Tehranın məlum proseslərə reaksiyası kifayət qədər sərt oldu. (Ardı var)

Müəllifin digər yazıları







Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.2532 san