12:20 25 dekabr 2013
3015 dəfə oxunub
Çap versiyası
...

Düşünmək gözəldir!!

Müharibələrdə həlak olmuş uşaqların xatirəsinə...


1987-ci ilin yay tətili idi. Həmin vaxt 5 yaşım vardı. 3-cü sinfi yenicə bitirmiş qardaşım və 5-ci sinfi bitirmiş bacım 1 aylıq Şuşaya - Zarıslıdakı lagerə getməyə hazırlaşırdılar.

Atam axşam evə gələndə, istəsəm məni də onlarla lagerə göndərə biləcəyini dedi. Qardaşımgilin sevinə-sevinə hazırlaşması, lagerdə heç vaxt olmamağım məni həvəsləndirdi ki, atamın təklifi ilə razılaşım. Özüm boyda olan çamadanımı sürüyə -sürüyə otağın ortasına gətirib paltarlarımı yığdım. Daha doğrusu, özüm yığmadım, kənarda dayanıb «o köynəyi, şortiki qoy; o şalvar köhnədi, onu istəmirəm; təzə ayaqqabımı da qoy» - kimi göstərişlərimi verirdim, anam da icra edirdi. Nə də olmasa, evin kiçiyiyəm, küsməməyim üçün istəklərim yerinə yetirilməlidir.

Yükümün ağır, yoxsa yüngül olması da məni narahat etmirdi. Onsuz da çamadanımı qardaşım daşıyacaqdı. Hazırlıq işlərini qurtardıqdan sonra yerimə girib yatdım. Səhər yuxudan durub yeməyimizi yeyib bizi lagerə aparacaq avtobusa minmək üçün kəndin mərkəzinə getdik. Evdən çıxanda anama sonuncu göstərişimi verdim: «Kravatın altındakı yekə qarpıza əl dəyməyin, qayıdanda özüm kəsəcəm!». Doğurdan da qarpız yekə idi, təxminən 15 kilo olardı.

Şuşaya çatıb lagerdə yerləşdik. Lagerə gələnlərin ən kiçiyinin 10 yaşı vardı. Yeganə istisna mən idim. Təxminən 200 məktəblinin arasında ən kiçik olmağın bir başqa üstünlüyü var - hamı səninlə oynayır, deyib-gülür, özlərini isə böyük adam hesab edirlər. Dağın ətəyi, çayın kənarı, meşəlik və hamının sevimlisi olmaq belə məni ata-anamdan cəmi 12-15 gün ayrı qalmağa məcbur edə bildi.

«Evimizi istəyirəm» deyib ağlayırdım. Məcbur qalıb evimizə zəng elədilər. Atamla anam lagerə gəldilər. Atam məni nə qədər dilə tutdusa belə, lagerdə qalmağa razı sala bilmədi. Hətta yanıma gələndə ən çox xoşladığım «şüşə konfet» də alıb gətirmişdi. Amma yenə də alınmadı. Geri - evə qayıtmalı olduq. Atamın mənim üçün aldığı, amma lagerdəki uşaqlara payladığı konfetdən özümə cəmi 1 dənəsi qaldığından evə qayıtmağın sevincini unudub ağlamağa başladım.

Yolboyu ağlayırdım. Yolüstü atam maşını saxladı ki, məni sakitləşdirmək üçün nəsə alsın. Maşını saxladığı yerin yaxınlığında yemiş satırdılar. Mızıldana - mızıldana dedim ki, iki dənə qəşəng yemiş istəyirəm. Mən də atamla bərabər maşından düşdüm, maşının arxa qapısına söykənib gözlədim ki, atam yemiş alsın. Yemiş satan qadın məni görən kimi gülümsündü, nə qəşəng uşaqdı bu, yaxına gəl səni öpüm - dedi. Məndən təxminən 6-7 yaş böyük olan qızı da yanında idi. Həmin qız yaxınlaşıb başımı sığalladı, yanaqlarımdan öpdü, adımı soruşdu. Atam da 2 yemiş alıb arxa oturacağın üstünə qoydu.

Maşına minib yemişlərdən birini qucağıma götürdüm, xoş ətri vardı. Atam sükan arxasına keçdikdən sonra yolumuza davam etdik. Güzgüdən baxıb qucağımdakı yemişi bərk-bərk tutub iylədiyimi görüb dedi ki, dadlı yemiş olacaq, erməni qadın ən yaxşılarını seçib verdi. «O qadın erməniydi?» deyə maraqla soruşdum. Atam da «hə bala, ləhcəsindən o dəqiqə bilmək olur» dedi. Birinci dəfə idi erməni görürdüm. Həmin vaxta qədər elə bilirdim ki, digər millətlərdən olanlar nəsə başqa cür olur. Amma bu «nəsə»nin nə olduğunu bilmirdim. Həmin qadını artıq unutmuşam, bir tək bunu xatırlayıram ki, dolu bədənli idi, qızı da arıq, hündür boylu.

O vaxtlar şirin, yaraşıqlı uşaq idim. Evin sonbeşiyi olmağımdan irəli gələn dəcəlliyim də məni bir başqa sevdirirdi qohumlara, tanışlara... Amma bir erməni qadının mənə nəvaziş göstərəcəyini, erməni qızının başımdan sığallayıb üzümdən öpəcəyini təsəvvür etməzdim. Elə buna görə də atam həmin qadının erməni olduğunu deyəndə təəccüblənmişdim.

Əslində məhz həmin günlə bağlı xatirələrim çoxdu. Şüşə konfetimi uşaqlara paylamışdılar deyə axşama qədər heç nə yeməməyim; maşında yemişin birini qucaqlayıb, o birindən isə yastıq əvəzi istifadə edərək yatmağım, yuxuda da «şüşə konfet» deyib sayıqlamağım; ən pisi isə - evə çatanda yekə qarpızı yerində görməməyim idi!! Sonralar atamgil bu hadisələri danışıb gülürdülər, özümə də gülməli gəlirdi. İndi danışdığım isə yaddaşımın bir küncündə qalmışdı, adi vaxtlarda istəsəydim belə yadıma sala bilməzdim.

Təxminən 26 il sonra, 2013-cü ilin noyabr ayında yadıma düşməyinin səbəbi isə həmin hadisəni bir az fərqli formada, təkrar yaşamağım oldu. Bu dəfə hadisə real deyildi, virtual idi, yemiş satan qadının yerində isə mən özüm!! İmagine Konfliktologiya Mərkəzinin «Fall schooll» treyninqində virtual olaraq tanış olduğum bir erməninin FB profilində gördüyüm foto məni əzdi-keçdi, o günlərə qaytardı.

Balaca, şirin, gözəl bir qızcığazın fotosu idi o!!! Fotonu görən kimi «Aman Allah nə gözəl qızdı, necə də sevimlidi bu!» dedim, gözlərim güldü. Təxminən 1 dəqiqə gözlərimi fotodan çəkmədim. Yadıma düşəndə ki, bu, bir erməni qızının fotosudu, heç də narahat olmadım, sevgim azalmadı. Amma, bu həqiqəti bilmək, xatırlamaq məni məcbur etdi ki, düşünüm.

Düşündüm, düşündüm...

Həmin qızın fotosunu, yaxud özünü görən istənilən azərbaycanlının da ona məhəbbətlə baxacağını, xoş sözlər deyəcəyini, ona nəvaziş göstərəcəyini düşündüm.

Milli mənsubiyyətin imtiyaz olmadığını, insanlıq məfhumunun millət anlayışından daha yüksəkdə durduğunu düşündüm.

Düşündüm və yemiş satan qadının bir azərbaycanlı uşağa niyə nəvaziş göstərdiyini, qızının isə niyə başından sığallayıb yanaqlarından öpdüyünü anladım.

Düşündüm, yenə də düşündüm.

Hətta özümü fotodakı qızın yerinə də qoyub düşündüm və təəccübləndim: «Bir azərbaycanlı niyə mənə belə xoş sözlər desin ki?!» /kulis.az/








Şərh yaz
Yoxlama kodu:63333
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1062 san