08:24 28 dekabr 2013
3356 dəfə oxunub
Çap versiyası
...

  Kişilərin ayaqqabısından şampan içmək istədiyi qadın 

Cahidə Sonku... İlklərə imza atan qadın. İlk qadın rejissor və ilk qadın kinoprodüser. Türk filminin və teatrının ulduzu. Bütün bunları bir qadın bacarmışdı, bəli. Həm də bunu etməyin möcüzə sayıldığı bir şəraitdə - 30-cu illərdə. Bütün dünyada qadının daha çox əzildiyi və kişilərin aparıcı olduğu bir dövrdə o çıxdı, teatrda oynadı, filmdə çəkildi, üstəlik, rejissorluğu da sınadı. Türk tamaşaçısı o günə qədər aktrisa görmüşdü, əlbəttə, ancaq Cahidə qədər gözəlini görməmişdi. Sarı saçları ilə hamını valeh edirdi. O vaxtlar çox az qadının cəsarət edib geyindiyi dekolte paltarları, oynadığı iddialı rolları ilə "fetiş" olmuşdu Cahidə Sonku. Kişilər ayaqqabısından şampan içmək üçün növbəyə dayanırdı.

 

Sonkunu sənətə Möhsün Ərtoğrul qazandırmışdı. Məşhur rejissor, aktyor və prodüser. Ərtoğrulun diqqətini çəkmək, rəğbətini qazanmaq elə də asan deyildi, təbii. Di gəl, kino sahəsində heç bir təhsili olmayan on yeddi yaşlı bir qız bunu bacarmışdı. Amma Ərtoğrulun bir şərti var idi: fədakarlıq.  Ailəsini, dostlarını, şəxsi həyatını - hər şeyi unudacaqdı Cahidə. Sadəcə işləyəcək, çox işləyəcəkdi. Və o, çox çalışdı.

Operettalarda sadəcə rəqs edən bu qızcığaz çox qısa zamanda "balet"dən "prose"yə keçdi. Artıq sözlü rolları vardı. 1933-cü ildə isə Möhsün Ərtoğrulun rejissoru olduğu "Yeddi kəndin Zeynəbi" tamaşasında hətta oynadığı epizodik rol ilə də Ərtoğrula seçimində yanılmadığını sübut etdi. Həmin il yenə Möhsün Ərtoğrulun rejissoru olduğu "Söz bir, Allah bir" filmi ilə artıq baş rolda tamaşaçıların qarşısına çıxdı və çox sevildi. Kinoda ona böyük uğuru isə "Palçıqlı damın qız Aysel" filmi qazandırdı. Möhsün Ərtoğrul filmlərində baş rola çəkilən Sonku haqda artıq dedi-qodular da yaranmağa başlayırdı: "Möhsün bu gənc qıza aşiqdir, baş rollar ona əbəs yerə təklif edilmir".  Ancaq o, sadəcə çox istedadlı və çox gözəl idi. O günə qədər kameraların qarşısından çox aktrisalar gəlib keçmişdi, amma heç biri Cahidə kimi parlaq ulduz ola bilmədi. Tezliklə Sonku şöhrətinə, uğuruna  daha birini əlavə elədi. "Fədakar ana" filmi ilə həm özü yenə də kameraların qarşısına keçdi, həm də rejissorluğu sınayaraq Türkiyənin ilk qadın rejissoru olaraq tarixə keçdi. Onu hələ çox uğurlar gözləyirdi, həm iş, həm də şəxsi həyatında. Ancaq sadəcə qısa bir müddət üçün.

 

Və şəxsi həyat. Demək olar ki, hər filmdə kişiləri öz toruna salan gözəl qadın roluyla görülən Cahidə arzulanan, uğrunda yarışılan bir qadın idi artıq. Bir "fetiş". "İstanbul küçələrində" filmini çəkən ilk kinooperatorlardan biri olan Cəzmi Ar ilə evli olan sarışın, qıvrımsaçlı qadın çox keçmədən Ar ilə yollarını ayıraraq dövrünün məşhur aktyorlarından olan Talat Artəməl ilə evlənir. Xoşbəxt və qısa bir evlilik olur. Üçüncü dəfə isə məşhur tütün kralı İhsan Doruk ilə evlənir. Amma bu evliliyin təməli sevgiyə yox, daha çox  pula söykənirdi. Sonku puluna pul, şöhrətinə şöhrət əlavə etmişdi. Artıq Türkiyənin ən zəngin qadınlarından biri idi. Hətta onun haqqında ayaqqabısındakı parlaq daşlar belə əsl brilliant idi, deyirdilər. Hamı qarşısında təzim edir, ən seçkin məclislərə xüsusi olaraq çağırılırdı. Evindəki sərvət ilə "Şəhər teatrı"ndan aldığı maaş arasında o qədər böyük fərq var idi ki, bir gün Sonku "Xudahafiz, bundan sonra artıq daha rahat olmaq və  həyatımı daha yaxşı yaşamaq istəyirəm", deyib teatrla vidalaşaraq "Sonku" film şirkətini yaratdı və o günə kimi Türkiyədə heç bir prodüserin çəkmədiyi filmləri ərsəyə gətirdi. Təkcə Zəki Mürənlə çəkdiyi "Gözlənilən mahnı"dan bir milyondan çox pul qazanmışdı. Sonku xoşbəxt idi. Bu xoşbəxtlikdə qızı Enderin varlığı da böyük rol oynayırdı. Həyat ona çox yaxşı davranırdı. Amma gözlənilmədən İhsan Dorukdan boşandı, keçmiş əri qızını anasına göstərməkdən boyun qaçırtdı, film şirkəti yandı. Sonku içkiyə qurşandı. Ender, alqışlar, pul, daha heç biri yox idi. Türkiyə mədəniyyət tarixində hələ heç kəs Cahidə Sonku qədər şöhrətin və sərvətin zirvəsinə qalxa bilməyib və yenə heç kəs onun qədər yoxluq və səfalətin çuxuruna yuvarlanmayıb. Milyonları olan qadın artıq hər rastına çıxandan içki pulu istəyir, bir zamanlar işçisi olduğu kasıb insanların mərhəməti sayəsində ac qalmırdı. Ancaq hər şeydən ağırı qızını görə bilməməyi idi.

 

Ender Doruk. Demək olar ki, anasının taleyini yaşayacaqdı. Atası Londona köçərək yenidən evlənmiş, onu da özüylə aparmışdı. Ancaq İhsan Doruk öləndən sonra analığı ilə vərəsə uğrunda mübarizəsi Enderin məğlubiyyəti ilə bitir. Nəticə olaraq, Londonda kafelərin birində ofisiant işləyərək həyatına davam etməli olur. Beləliklə, Cahidə Sonku səfalətdən qurtulmaq üçün son şansını da belə itirir. Bu olaydan sonra qızını da birdəfəlik itirən Sonku içkiyə əvvəlkindən daha çox bağlanır. Artıq bahalı şampanları spirt əvəz etmişdi. Bu, isə artıq onu ölümə hər ötən gün daha da yaxınlaşdırırdı. Və bir gün Paris moda evlərinin hazırladığı paltarları bəyənməyən bu çox məşhur, istedadlı qadın köhnə nimdaş paltarda 62 yaşında Alkazar kinoteatrında həyata gözlərini əbədi yumdu. Son istəyi isə belə idi: "Mənə başmaqlarımı gətirin"./kulis.az/

Aytən NƏSİBBƏYLİ








Şərh yaz
Yoxlama kodu:69919
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1136 san