09:25 08 yanvar 2014
4014 dəfə oxunub
Çap versiyası
...

  Publika.az ölkəmizdə icra sahəsində ilk və yeganə sayılan ""İcra haqqında" Azərbaycan Respublikasının Qanununun kommentariyası" (bundan sonra Qanunun), ""İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununun kommentariyası" və "Borclunun əmlakı üzərinə həbs qoyulması" adlı kitabların, onlarla elmi məqalələrin müəllifi, hüquq magistri Paşa İbiş oğlu Səfərovun müsahibəsini təqdim edir.

-Siz daha çox icra hüququ sahəsində mövcud ədəbiyyat boşluğunu doldurmağa çalışan hüquq yazarı kimi tanınırsınız. Buna münasibətiniz?

 

- Bildiyimiz kimi insanlar pozulmuş, yaxud pozulması təhlükəsi ehtimal olunan hüquq və azadlıqlarının müdafiəsi və ya bərpası üçün məhkəməyə müraciət edirlər. Bu müraciətlərin nəticəsində məhkəmə həmin hüquq və azadlıqların müdafiəsi və ya bərpası üçün müvafiq qərar qəbul edir. Lakin qərarın qəbul edilməsi əsas deyil, əsas onun vaxtında və düzgün icra olunmasıdır. Buradan aydın olur ki, məhkəmə qərarlarının icrası, həmin qərarın qəbul olunması prosesindən daha çətin xüsusiyyətə malikdir. Baxmayaraq ki, hüquq sahəsində özünəməxsusluğu və mürəkkəbliyi ilə seçilən icra hüququ 2000-ci ildə qanunun qüvvəyə minməsi ilə bağlı ötən müddət ərzində kifayət qədər inkişafdadır, lakin bu hüquqda istər nəzəri, istərsə də təcrübi cəhətdən müəyyən çətinliklərin olması danılmazdır.

Azərbaycan hüquq nəzəriyyəsində icra hüququ yalnız bir - "cəza-icra" istiqamətində formalaşıb ki, bu sahə ilə bağlı həm tədris mərkəzlərində dərslər keçirilir, həm də bu sahədə dərslik və monoqrafiyalar çoxluq təşkil edir. Hətta bu inkişaf tendensiyası hüquq aləmində elə bir təsəvvür formalaşdırıb ki, icra hüququ dedikdə, hər kəs "cəza-icra hüququ"nu düşünür. Lakin "cəza-icra hüququ" cinayət işləri üzrə qəbul olunmuş məhkəmə qərarlarının bir hissəsinin icrasını nəzərdə tutur ki, bu da "icra hüququ"nu tam şəkildə əhatə edə bilmir və bilməz. Axı, icra hüququ cinayətlə yanaşı, mülki, inzibati-iqtisadi və inzibati xətalara dair işlər üzrə məhkəmə qərarlarının, həmçinin Qanunun 6-cı maddəsində sadalanan icra sənədlərinin icrası dairəsini müəyyən edir.

Məhz bu boşluqların doldurulması, istər nəzəriyyədə, istərsə də təcrübədə yaranan ədəbiyyat çətinliyinin aradan qaldırılması üçün icra hüququ sahəsində araşdırma aparmaq qərarına gəldim.

 

-İcra sahəsinə aid kitablarınız demək olar ki, bir-birinin ardınca qısa zaman kəsiyində ərsəyə gəlib. Bunu necə izah edə bilərsiniz?

 

- Təbii ki, ilk öncə yazmağa başlayanda ədəbiyyat qıtlığından kifayət qədər əziyyət çəkməli oldum. Bu səbəbdən Türkiyə, Gürcüstan, Ukrayna və Rusiyanın icra hüquqlarını araşdırmalı oldum.

İlk olaraq "Borclunun əmlakı üzərinə həbs qoyulması" kitabını hazırladım və kitab nəşr olunduqdan az sonra geniş oxucu kütləsi qazandı. Məndə bu sahəyə o qədər maraq yaranmışdır ki, mən "İcra məmurları haqqında" Qanuna kommentariya yazmaq qərarına gəldim və qısa zamanda həmin kitab da nəşr olundu. Bu kitab sırf icra məmurları və ədliyyə orqanlarında qulluğa qəbul olunmaq istəyən şəxslər üçün əlverişli oldu. Qazanılmış uğurlar nəticəsində tezliklə E.Quliyevlə birlikdə Qanunun kommentariyasını ərsəyə gətirdik. Kitab bir çox, o cümlədən Qanunda olan boşluqların qabardılması və mühüm təkliflərin irəli sürülməsi kimi xüsusiyyətləri ilə seçilirdi.

 

İstər Qanunda, istərsə də digər kitablarınızda qanunvericilikdə olan boşluqları göstərmiş, eyni zamanda bu barədə təklif və iradlarınızı bildirmisiniz.

 

- Qanun bir çox normativ hüquqi aktlara nisbətdə öz demokratikliyi ilə seçilir, amma bu o demək deyil ki, qanun tamamilə demokratiklik prinsipinə söykənir. Bəli, biz qanunvericilikdə olan boşluqları önə çəkməklə onu oxucunun diqqətinə çatdırmağa çalışırıq, eyni zamanda həmin boşluğun aradan qaldırılması üçün təkliflərlə çıxış etmişik. Məhz bütün bunlar qanunun demokratikləşməsinə, insan hüquq və azadlıqlarının qorunmasına və qanunun aliliyi ruhuna hörmət olunmasına xidmət edir. Məsələn, qanunun 3.2-ci maddəsində icra məmurunun tələblərinin Azərbaycan ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olması onu bildirir ki, bu tələb ünvanlamış şəxs ondan imtina edərsə, o zaman qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Əslində normada müəyyən bir natamamlıq mövcuddur, çünki icra məmurunun bəzi tələbləri var ki, orada sadəcə birbaşa tələbin yerinə yetirilməməsinin nəticələri göstərilir. Misal üçün, Qanunun 8.2-ci maddəsində deyilir ki, icra məmuru icra sənədini aldığı vaxtdan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu 10 gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Hesab edirik ki, sözügedən maddəyə "Məsuliyyət barədə qeyd icra məmurunun müvafiq bildirişində və məsuliyyət isə müvafiq qanunvericilikdə nəzərdə tutulur." məzmunda əlavə edilsəydi daha məqsədəmüvafiq olardı. Bu, eyni zamanda qanunun insanlara çatımlı olması prinsipinin tələblərinə riayət edilmiş olar.

 

Başqa bir misal. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmurunun borclunun əmlakını siyahıya alması və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparması qanunun 8-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuşdur.

 

Normanın məzmunundan aydın olur ki, əmlak tələbləri üzrə icra sənədini qəbul etmiş icra məmuru hələ icraata başlamaq haqqında qərar qəbul etməzdən əvvəl iş üzrə icraata başlayır və müəyyən hərəkətlər edir. Hesab edirik ki, bu düzgün deyil və qanundakı digər normalarla ziddiyyət təşkil edir.

Əslində icra məmuru icraata başlama haqqında qərar qəbul etdikdən sonra borclunun əmlakını siyahıya almalı və bu barədə əmlakın siyahıya alınmasında iştirak etmiş şəxslərin iştirakı ilə akt tərtib etməli və akt imzalanmalı və təsdiq olunmalıdır.

 

- Məhkəmə qətnaməsi 5-6 ildir ki, icra şöbəsində icra məmurunun icraatında icra olunmamış qalırsa, buna günahkar kimdir?

 

- Təbii ki, icra məmuru. Axı, Qanun icra məmuruna yetərincə səlahiyyət verib ki, icraatında olan icra işini vaxtında və düzgün icrasını təmin etsin.

Həmçinin, icra sənədini vermiş orqan da bu işdə maraqlı olmalı və vaxtaşırı icra sənədinin icrasına nəzarət etməlidir.

Məlumat üçün qeyd edə ki, 2012-ci il Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında olan icra işlərinin sayı 18473-ə çatıb, onlardan 75 faizinin icrası təmin edilib. Bu barədə Nazirlər Kabinetinin Milli Məclisə göndərdiyi 2012-ci ilə dair hesabatında qeyd olunub. Həmçinin icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2.325 şəxs barəsində inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib, onlardan 1880-ni üzrə borclu şəxs inzibati məsuliyyətə cəlb edilib, 698 şəxs barəsində isə inzibati həbs tətbiq edilib.

Məhkəmə qərarlarını qərəzli olaraq icra etməyən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə verilmiş təqdimatlar əsasında 219 cinayət işi başlanılıb, 3419 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

 

-Siz necə qiymətləndirirsiniz, icra məmuru, icra üçün nəzərdə tutulan qanunvericilik və icra sənədinin özəyini təşkil edən məhkəmə qərarı, bunların hansı öz funksiyasının öhdəsindən gəlir?

 

- İlkin olaraq icra məmurundan başlayaq. İcra məmurlarınnı öz vəzifələrinin öhdəsindən gəlməsi halı kifayət qədərdir, lakin mükəmməl deyil. Deyə bilərik ki, icra məmuru ya qanunvericilikdə ona verilmiş hüquqlardan kifayət qədər istifadə edə bilmir, ya da ki, buna şərait yaratmırlar. Hər bir halda qanun prizmasından baxsaq icra məmurlarının bu gün üçün fəaliyyətini qismən qənaətbəxş hesab etmək olar.

Qanunvericiliyə gəlincə, bu barədə bir qədər məlumat verdik, təkrar olunmaması üçün bu hissəyə səthi toxunaraq qeyd etmək istəyirəm ki, icra sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac vardır.

İcra sənədinə gəlincə, onların böyük bir hissəsini məhkəmə qərarları təşkil edir. Bu sahədə də qismən çatışmamazlıqlar mövcuddur.

 

-Demokratik icra siyasəti deyəndə vaxtında maneəsiz icra sistemini göz önümüzə gətirmək üçün nələri dəyişməliyik?

 

- İlk növbədə icra sahəsində mövcud qanunvericiliyi təkmilləşdirərək onu demaokratik qanunvericilik sisteminə salmalıyıq. Həmçinin bu işdə marağı olması üçün icra məmurlarının vəzifə maaşlarının da artımına ehtiyac duyulmalıdır.

Təsəvvür edin, hazırda ölkəmizdə icra məmurları azlıq təşkil edir. Əgər biz icra sənədlərinin vaxtında və düzgün icra edilməsini tələb ediriksə, o zaman icra məmuruna bu işdə məşğul olması üçün lazımı vaxt ayırmalıyıq.

Əgər bir icraçının icraatına hər gün 5-6 icra sənədi daxil olursa, o zaman biz o işlərin keyfiyyətindən söz aça bilmərik.

 

İcra sənədi hansı hallarda icra olunmaya bilər? Belə hallarla qarşılaşan tələbkarın məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması halını öncədən bilməsi üçün Qanun nə vəd verir?

 

- İcra sənədi bütün hallarda icra olunmalıdır. Bu sahədə Qanun icra məmuruna çətinlik yaradacaq hər hansı bir məsələni həll etməmiş qoymayıb. Mən bununla bağlı bir sxem də tərtib etmişəm.

 








Şərh yaz
Yoxlama kodu:48290
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1119 san