10:40 30 mart 2012
3065 dəfə oxunub
Çap versiyası
Elman Nəsirov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru

Cənubi Koreya da İrandan aldığı neftin həcmini 2010-cu ildəki səviyyəyə-ümumi idxalının 8,3%-nə endirməyi planlaşdırır. Heç şübhəsiz, bu addımlar İran üçün ciddi siqnal kimi qəbul edilməlidir. Onu da qeyd edək ki, İran sutkada təxminən 4 milyon barrel neft hasil edir və bunun da 2 milyon barrelə qədəri ixrac yönümlüdür. (Bəzi mənbələrdə sutkalıq hasilat 3,5-4,2 milyon barrel, ixracat isə 1,8-2,2 milyon barrel kimi göstərilir). İdxalda Avropanın payı orta hesabla sutkada 500 milyon barrel təşkil edir, başqa sözlə İranın neft ixracının 20-25%-i Avropa istiqamətlidir. Ekspert rəylərinə görə, neft embarqosun nəticəsində İran büdcəsi ildə 15-20 milyard dollar itirə bilər. Bu amilin ölkənin sosial-iqtisadi vəziyyətinə göstərə biləcəyi mənfi təsiri proqnozlaşdırmaq elə də çətin deyildir. Artıq beynəlxalq birliyin İrana artmaqda olan maliyyə-iqtisadi təzyiqləri fonunda ölkədaxili situasiya da adekvat olaraq gərginləşməkdədir. İran valyutası olan rialın məzənnəsi kəskin olaraq aşağı düşməkdədir. Əgər bir neçə il öncə bir ABŞ dolları 9700 riala bərabər idisə, 2011-ci ilin noyabr ayında 11000 rial təşkil etdi. Bu ilin 13 mart tarixinə olan məlumata görə isə bir ABŞ dolları 18980 riala bərabər tutulur. Son bir-neçə ay ərzində İranda yeyinti məhsullarının qiyməti 40-50% artmışdır. İranın rəsmi statistikasına görə, ölkədə inflyasiya 19 %, qeyri-rəsmi məlumata görə isə 24% təşkil edir. İşsizliyin səviyyəsi isə rəsmi rəqəmlərdə 11% göstərilsə, qeyri-rəsmi mənbələrin verdiyi informasiyaya görə bu göstərici 30%-dən yuxarıdır. Xüsusilə gənclər arasında işsizlik səviyyəsinin 50%-ə qədər qalxmasının mümkünlüyünü Rusiyanın nüfuzlu Yaxın Şərq İnstitutunun araşdırmaları da təsdiqləyir. “Ərəb baharı”nın hərəkətverici qüvvəsinin məhz təhsilli, lakin işsiz gənclər olduğunu nəzərə alsaq, əhalisinin sayı 75, 5 milyon nəfərə çatmış, ali məktəb tələbələrinin sayı 3,5 milyon nəfər təşkil edən bir ölkə üçün xarakterik olan bu kimi hallar ciddi siqnal kimi dəyərləndirilməlidir. OPEK daxilində neft hasilatına görə ikinci yerdə olan İran, nə qədər paradoksal olsa da, benzinə olan tələbatını ödəmək üçün ildə dövlət büdcəsindən orta hesabla 5 milyard dollar vəsait ayırmağa məcburdur. Eyni zamanda ölkənin neft sənayesinə 50 milyard dollar həcmində vəsaitin qoyulmasına böyük ehtiyac olduğunu bu sahə üzrə İranlı rəsmilər də etiraf edirlər. Ölkənin iqtisadi vəziyyəti isə bunu etməyə imkan vermir. Xüsusilə, İranın neft sektoruna embarqoların tətbiqi məsələsi aktuallaşdıqdan sonra ölkənin pul vahidi olan rialın məzənnəsi kəskin şəkildə aşağı düşməyə başlamışdır. Bu isə öz növbəsində ölkədə sosial vəziyyətin gərginləşməsinə şərait yaradan hal kimi qiymətləndirilə bilər. Məhz sosial vəziyyətin ağırlaşması ucbatından ölkədə boşanma halları kəskin artmışdır. İranın rəsmi statistikasına görə, son 5 il ərzində ölkədə boşanma halı 37 %-lik artıma malikdir. Əgər 2005-ci ildə ölkədə 84 min belə hal qeydə alınmışdırsa, 2010-cu ildə bu göstərici 137200 nəfərə çatmışdır. Boşanma halı qadınlarda, əsasən, 20-24 yaş, kişilərdə isə 25-29 yaşı arasında təsadüf edir. İran məngənəsində sıxıldığı situasiyadan qurtulmaq üçün bir çox hallarda rasional deyil, emosional-isterik davranışlara üstünlük verir. Təsadüfi deyildir ki, İran Çindən sonra ölüm hökümünün yerinə yetirilməsi səviyəsinə görə dünyada 2-ci yeri tutur. Təkcə 2011-ci ildə ölkə üzrə anoloji göstərici 200 nəfərə qədər təşkil etmişdir. İranda hakimiyyətin iki qanadı daxilində ciddi fikir ayrılıqlarının olması faktı da daha dünya üçün məxfi qrifli informasiya hesab olunmur. Başqa sözlə, bir tərəfdən prezident Mahmud Əhmədinecat olmaqla ali icra hakimiyyəti, digər tərəfdən isə ölkənin ali dini rəhbəri Xamneyi və qanunverici orqanı arasında qarşıdurmanın olması faktı danılmaz həqiqətdir. Bu həqiqət bu ilin mart ayının 14-də prezident Mahmud Əhmədinecatın parlamentarilərin təkidli tələblərinidən sonra ilk dəfə qanunverici orqana gəlib, hesabat verməsi prosesində bir daha təsdiqləndi. Prezidentin parlamentə çağırılması təşəbbüsünün əsas müəlliflərindən biri olan Əli Mottaxari və digər deputatların çıxışlarında Mahmud Əhmədinecat 11 gün ərzində nümayişkəranə şəkildə öz birbaşa funksiyalarını yerinə yetirməkdən imtina etməsi və bununla da Ayətulla Xamneyi ilə qarşıdurmaya getməsi, ölkənin Xarici İşlər Naziri Mənuçöhr Mottakini əsassız olaraq, Afrikada səfərdə olarkən istefaya göndərməsi, parlamenti səriştəsizlikdə ittiham etməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, qudası İsfəndiyar-Rəhim Moşaini prezident administrasiyasının rəhbəri təyin etməsi və onun adının ötən ilin ən səsli-küylü cinayət əməlində-banklardan müəmmalı şəkildə 2,6 milyard dollar vəsaitin yoxa çıxmasında hallanması, islam mənəviyyatı və dini-etik normalara riayət olunmasında etinasızlıq, iqtisadiyyatın bərbad vəziyətə düşməsi və ölkənin beynəlxalq təcrid vəziyyətinə yuvarlanması kimi ağır itihamlar səslənmişdir. Başqa bir daha ciddi ittiham isə onunla bağlı idi ki, prezident Mahmud Əhmədinecat İslam inqilabının baza prinsiplərini zəiflədən siyasət həyat keçirir. Həqiqətən də keçən il dəfələrlə prezident və ali dini rəhbər arasında ört-basdır edilməsi mümkün olmayan ziddiyyətlər haqqında mətbuatda məlumatlar yayılmışdır. Xüsusulə 2011-ci ilin aprel ayında bu ziddiyyətlər açıq müstəviyə keçdi və prezident yuxarıda qeyd olunduğu kimi 11 gün ərzində öz fəliyyətini dayandırdı. Aprelin 26-da İran hökumətinin iclasının prezidentin iştirakı olmadan keçirilməsi və ondan əvvəlki anoloji iclasa da prezidentin gəlməməsi ölkənin siyasi dəhlizlərində və eləcə də onun hüdudlarından kənarda müzakirə edilən əsas məsələyə çevrilmişdi. Hadisənin bir izahı var idi- Mahmud Əhmədinecatın vəzifəsindən istefaya göndərdiyi informasiya naziri Heydər Moslehini Ayətullah Xamneyi prezidentin iradəsinin əksinə gedərək vəzifəsinə bərpa etmişdi. Bundan savayı, Milli Təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlilinin prezident tərəfindən istefaya göndəriləcəyi haqqında məlumatların geniş yayıldığı bir zamanda Xamneyinin bu qərara etiraz etməsi onsuz da soyuq olan münasibətləri daha da tarıma çəkmişdi. Xamneyinin bu addımlarını prezidentin imicinə zərbə vurulması kimi dəyərləndirən Mahmud Əhmədinicat yuxarıda sadalananlardan savayı, daha bir neçə dövlət əhəmiyyətli tədbirə qatılmaqdan imtina etmişdi.

Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:41106
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.156 san