Şeyxülislam Allahşükür Paşazadə: Din xadiminin missiyası münaqişəyə deyil, sülh və əmin-amanlığa xidmət olmalıdır

19:04 / 11.06.2019

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə son vaxtlar bölgədə baş verən erməni təxribatları ilə bağlı AZƏRTAC-a açıqlama verib. Şeyxülislam deyib:

- Məlum olduğu kimi, mən adətən siyasi mövzulara toxunmamağa üstünlük verirəm, lakin mövzu Vətən, xalq maraqlarıdırsa, ona xələl gətirmək cəhdlərinə biganə qalmaq olmur.

Bu yaxınlarda bölgəmiz xaricində yaşayan Kilikiyalı erməni katolikosu I Aramın Qafqaz bölgəsi üçün həssas olan məsələyə dair təhrikedici və qızışdırıcı bəyanat verməsi bölgə xalqlarının hiddətinə səbəb olub. Əfsuslar olsun ki, Uca Yaradanın buyurduqlarına deyil, siyasi liderinin istəklərinə uyğun mövqe sərgiləyən bu din adamı öz ambisiyaları naminə siyasi alətə çevrilib. Siyasilərin təhriki ilə hərəkət edən Katolikos I Aramı Qafqaz bölgəsinin taleyi, bəyanatının bölgə xalqları, o cümlədən erməni xalqının özü üçün hansı faciələrə yol aça biləcəyi narahat etmir. Bu din xadiminin yeganə istəyi populist bəyanatlarla gündəmə gələrək dini karyerasında irəliləyiş təmin etməkdir. Bu yolda dividend yığmaq məqsədilə I Aram işğal olunmuş Qarabağ torpaqlarına dəfələrlə səfər edib. İndi isə yeni liderlərin diktəsi, siyasi dirijorluğu ilə bölgəni çalxalamaq, dini savaşın ideoloqu kimi çıxış etmək niyyətindədir.

Bu hərəkətlər və məsuliyyətsiz bəyanatlar, habelə Njde kimi faşist ideologiyası ardıcıllarının ermənilər tərəfindən qəhrəman səviyyəsinə qaldırılması kimi hallar, birmənalı şəkildə, Qafqazda sülhə, sabitliyə zərbə vurur. Münaqişəni yenidən qızışdırmağa, dini zəminə gətirməyə cəhd edən, xristian-müsəlman qarşıdurmasını körükləmək istəyən və beləcə, odla oynayan livanlı erməni katolikosunun məramı aydındır. Bütün ermənilərin Katolikosu II Qareginin bu məsələyə niyə susmasının səbəbi isə bəlli deyil. Özü də dəfələrlə Ermənistan rəhbərlərinin Dağlıq Qarabağa səfərlərində iştirak edən, onların önündə getməklə siyasilərin əsiri kimi çıxış etmiş olan II Qaregin zəbt etdikləri Azərbaycan torpaqlarının işğalına mənəvi haqq qazandırmaq istəyir. Unudur ki, sülhməramlı görüşlərimizdə imzaladığımız Birgə bəyannamələrdə biz xalqlarımızın dinc yanaşı yaşaması naminə yalnız sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində qarşılıqlı qəbul olunan qərarların hazırlanmasına yardım göstərəcəyimizə ümidimizi ifadə etmişik.

Qətiyyətlə bildiririk ki, bu yöndə hər hansı təxribatlara imkan vermək, belə avantüralara biganə qalmaq olmaz. I Aramın məlum havadarlarının tövsiyəsi ilə ölkə xaricində oturub bizim bölgəmizdəki hadisələrə qarışmaq, onları xoşagəlməz məcraya yönləndirmək cəhdlərinin qarşısı qətiyyətlə, birmənalı şəkildə alınmalıdır. Zənnimizcə, ilk növbədə, erməni xalqı özü belə təxribatlara münasibət bildirməlidir. Biz, öz növbəmizdə, Qafqaz Müsəlmanları İdarəsi olaraq, Katolikos I Aramdan belə məsuliyyətsiz, qızışdırıcı mahiyyətli bəyanatlarına son verməyi tələb edirik.

Bu məqamda tarixi mənbələrə istinadən bir neçə faktı xatırlatmaq istərdim. XIX əsrin əvvəllərindən etibarən Türkiyə və İrandakı erməni əhalisinin əksəriyyəti kütləvi şəkildə Qafqaza, xüsusilə, Azərbaycana yerləşdirilmişdir. Qarabağa köçürülən ermənilər 1978-ci ildə Mardakertdə - adı dəyişdirilən Ağdərədə (indiki Tərtər rayonunun Şıxarx kəndində) - bu ərazilərə köçmələrinin 150 illiyi ilə əlaqədar abidə də (“Marağa-150”) ucaltmışdılar ki, iddialarına, maraqlarına uyğun gəlməməsi səbəbindən sonradan sökülmüşdür.

Bütün saxtalaşdırma cəhdlərinə baxmayaraq, tarixi həqiqət bundan ibarətdir ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Ermənilərin Azərbaycan torpaqlarına köçmə tarixləri ilə üst-üstə düşən bu acı xronikada Azərbaycan torpaqlarının 1988-ci ildən başlanan işğalı ən qanlı səhifə oldu. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazisinin 20 faizinin erməni ekstremistləri tərəfindən işğal olunması, azərbaycanlıların etnik təmizləmə siyasəti nəticəsində deportasiyası, bir milyondan artıq soydaşımızın qaçqın, məcburi köçkün həyatı yaşamağa vadar edilməsi, işğal olunmuş ərazilərimizdə maddi-mənəvi irsimizin, milli-dini sərvətlərimizin məhv edilməsi, Xocalıda soyqırımı – bütün bunlar xalqımızın ən yaxın tarixində erməni ideoloqlarının “böyük Ermənistan” iddiaları səbəbindən yaşadığı faciələrdir. Münaqişə başlayan zamanlarda bir faciə də yaşana bilərdi ki, onun qarşısını biz çətinliklə də olsa ala bildik. Bu, münaqişənin dini müstəviyə keçməsinə imkan verməməyimiz sayəsində oldu. Buna o zaman da ciddi cəhdlər var idi - Ermənistan tərəfi siyasilərin təhriki ilə münaqişəni xristian-müsəlman qarşıdurmasına çevirərək xristian və müsəlman dünyalarını üz-üzə qoymaq niyyətində idi.

Biz, Qafqazın dini liderləri dəfələrlə bir araya gələrək bölgəmizin sabitliyi, xalqlarımızın səadəti naminə bütün mövcud münaqişələrin ədalətli sülh yolu ilə həlli üçün səylərimizi göstərmişik. Uzun onilliklər davam edən, təkcə bölgəmizdə deyil, dünyada sülh üçün təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayan zamandan etibarən Rus Pravoslav Kilsəsinin, Ümumdünya Kilsələr Şurasının vasitəçilik missiyalarının, Gürcü Pravoslav Kilsəsi rəhbərinin iştirakı ilə müxtəlif illərdə baş tutan çoxsaylı sülhməramlı görüşlərimizdə Azərbaycan və Ermənistan dini liderləri olaraq, münaqişənin heç bir vəchlə dini səciyyə daşımadığını öz birgə bəyanatlarımızda ifadə etmişik. Bununla, siyasi məqsədlər naminə xalqlarımızın dini zəmində qarşıdurmasının qarşısını almışıq. Bu işdə xüsusən Rus Pravoslav Kilsəsinin müstəsna rolu danılmazdır. Mərhum Patriarx II Aleksinin, hazırkı Patriarx Zati-müqəddəsləri Kirillin əsl dini lider missiyasına uyğun sülhməramlı vasitəçilik fəaliyyəti ən yüksək təqdirə layiq örnək nümunədir. Bu istiqamətdə dəyərli səylərinə, dəyişməz mövqelərinə görə biz Rus Pravoslav Kilsəsinə və onun rəhbərlərinə hər zaman minnətdarıq.

Biz dini liderə xas ağsaqqal mövqeyinin, müdrik yanaşmanın bariz nümunəsini Qafqazın qocaman din xadimi - Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın timsalında görürük. Son aylar gürcü dindarlar üçün önəmli ziyarət məkanı olan - Azərbaycan ərazisində yerləşən Keçikçidag məbəd-kompleksi ətrafında yaranmış məsələdə biz Gürcü Pravoslav Kilsəsi rəhbərinin təmkinli, xalqlarımız arasında sülh və qardaşlığın qorunub saxlanılmasını prioritet sayan yanaşmasının şahidi olduq. Bu sərhəd məsələsinin Gürcüstan və Azərbaycan rəsmiləri tərəfindən tezliklə həllini tapacağına ümidvar olduğunu bildirən Patriarx II İliya həzrətlərinin məsələni kənardan körükləyənlərə qarşı kəskin təpki və ciddi etirazı da özünü gözlətmədi. Gürcüstan Patriarxı bu məsələdə maraqlı olan kənar qüvvələrin, üçüncü tərəfin rolunu da istisna etmədi və bunun yolverilməz olduğuna dair qətiyyətli mövqe bildirdi. Bu müdrik ağsaqqal missiyasına görə Ümumgürcüstan Katolikos-Patriarxı II İliyaya dərin təşəkkürlərimizi bildiririk. Zənnimizcə, Patriarxın işarə etdiyi qızışdırıcı üçüncü qüvvə rolunda dost, qardaş Azərbaycan və gürcü xalqları arasında nifaq yaranmasını arzulayan ermənipərəst ünsürlərin təxribatçı rolu istisna oluna bilməz.

Əslində erməni izi, dünyanın harasında olursa olsun, Azərbaycana qarşı bütün məsələlərdə hiss edilir. Ölkəmizdə terror hadisələrindən başlayaraq, ölkə xaricində Azərbaycana qarşı təxribat, mənəvi-ideoloji təzyiq vasitələrinədək əl atmaları erməni ekstremistlərinin səciyyəvi cəhətləridir. Təsadüfi deyil ki, bu yaxınlarda azərbaycanlı jurnalist Fuad Abbasovun Moskvadan deportasiya edilməsi məsələsinin gündəmə gəlməsində aşkar erməni təsiri və təəssüflər olsun ki, ermənipərəst mövqedən çıxış etmə amili nəzərə çarpır. Əslən Qarabağdan olan, erməni təbliğatının qarşısını savadlı jurnalist olaraq alan, əsl vətəndaş mövqeyi nümayiş etdirən vətənpərvər insan F. Abbasovun Rusiyada varlığı, özəlliklə, azərbaycanlılar və çeçenlər arasında qarşıdurmaya dair erməni təxribatlarının qarşısını almaq yönündə fəaliyyəti ermənipərəstlərə sərf etmədi. Biz azərbaycanlılar həmyerlimiz Fuad Abbasova qarşı uydurma ittihamların götürülməsini, onun azad olunmasını istəyirik. Biz, dindarlar onun şəxsiyyətini və vətənpərvər fəaliyyətini yüksək dəyərləndirir, onun haqlarının müdafiəsini vacib sayırıq. Bu, bizim vətəndaşlıq borcumuz, haqqın yanında olmaq istəyimizdir. Şeyxülislam olaraq, dindarlarımızın mövqeyini və şəxsən öz mövqeyimi ifadə edərək həqiqətin öz yerini almasında, Rusiya və Azərbaycan qanunları çərçivəsində ədalətli həllini istəyirik.

Siyasi, dini, ideoloji, hərbi sahədə bütün təxribatlara baxmayaraq, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesinə, münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həllinə ümidlə baxır, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə qeyd-şərtsiz əməl olunmasını tələb edir, dünya birliyinin, ATƏT-in Minsk qrupunun sülhyaratma səylərindən real nəticələr gözləyirik. Dini liderlər, öz növbəsində, sülh və ədalətin bərpası naminə bu səylərə öz mümkün dəstəklərini əsirgəməməlidirlər.

Biz, dini liderlər Yaradanımız və xalqlarımız qarşısında məsuliyyət və borcumuzdan çıxış edərək, xalqlarımız və dövlətlərimiz arasında ədalətli sülhə və anlaşmaya, dinc yanaşı yaşamağa nail olmaq, qarşılıqlı etimadın gücləndirilməsi üçün bu addımları atmışıq və bundan sonra da davam edəcəyik. Bütün dinlər sülhə, barışa çağırır, ölümə deyil, həyata dəvət edir. Din buna xidmət etməlidir və dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir. Din xadiminin missiyası münaqişə və qarşıdurmaya deyil, barış və əmin-amanlığa xidmət olmalıdır.

Qoy Uca Yaradan Qafqaz torpağında daimi və ədalətli sülhü bərqərar etsin, xoşbəxtlik və səadəti xalqlarımız üzərindən əsirgəməsin. Amin!”.


Etiket:

Strategiya.az

Xəbərlər
25.08.2019

Türkiyə ordusu İraqın şimalında üç şəhid verib
 

25.08.2019

Türkiyə təhlükəsizlik qüvvələri 24 terrorçunu məhv edib

25.08.2019

Sabahın hava proqnozu açıqlanıb

25.08.2019

Xaçmazda 2 nəfər bıçaqlanıb

25.08.2019

Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib

25.08.2019

Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozulub

25.08.2019

“WordPress”in avtomatik yenilənmə siyasəti barədəXƏBƏRDARLIQ

25.08.2019

Şamaxıda yanğın olub

25.08.2019

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

25.08.2019

“Nur” şadlıq sarayında baş verən yanğın söndürülüb

25.08.2019

Çin lideri orduya döyüş hazırlığını yüksəltməyi tapşırıb

25.08.2019

"OPEC+" formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru

25.08.2019

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb

25.08.2019

Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

24.08.2019

Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır

24.08.2019

Avropa İttifaqı Amazonda yanğınların söndürülməsinə köməyini təklif edib

24.08.2019

Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü

24.08.2019

İran yeni raketini sınaqdan keçirib

24.08.2019

Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat - "Bibixanım" saxlanıldı (FOTO)

24.08.2019

Bazar gününə olan hava proqnozu

24.08.2019

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

24.08.2019

Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

24.08.2019

Azərbaycan millisi İsrail, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq

24.08.2019

Bakıda iki nəfər 18 manata görə bir nəfəri döydü - Polis isə...

24.08.2019

“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib

24.08.2019

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb

24.08.2019

Neftin qiyməti ucuzlaşıb

24.08.2019

Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib

24.08.2019

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır

24.08.2019

8 min manata yaxın pul və qızıl əşyalar oğurlayan Masallı sakini ələ keçdi

24.08.2019

Donald Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırıb

24.08.2019

Hirkan Milli Parkında yanğın tam söndürülüb

24.08.2019

İstirahət günlərində hava necə olacaq?

24.08.2019

Xəzər dənizində zəlzələ baş verib

24.08.2019

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

23.08.2019

Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

23.08.2019

"İnterpol" narkotik alverçisi olan azərbaycanlı barədə axtarış elan etdi

23.08.2019

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

23.08.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

23.08.2019

Göyçayda evdən külli miqdarda pul oğurlanıb

23.08.2019

Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

23.08.2019

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23.08.2019

Mərdəkan körpüsündən avtomobil aşıb

23.08.2019

Rusiyadan gələn maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlandı

23.08.2019

Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

23.08.2019

Ötən gün törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb

23.08.2019

Sabah 40 dərəcə isti olacaq

23.08.2019

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

23.08.2019

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib

23.08.2019

Azərbaycan Respublikasının Birinci vitse - prezidenti xanım Mehriban Əliyevaya Esse...