ABŞ seçki sistemi: demokratiyanın "erroziyası" ?-Analitika

13:31 / 02.12.2013

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Azərbaycan Respublikasında keçirilmiş 2013-cü il 9 oktyabr tarixli prezident seçkilərində hakimiyyətin mənbəyi olan xalq öz siyasi iradəsini ifadə edərək İlham Əliyevə etimad göstərmiş və növbəti 5 il müddətinə onu dövlətin başçısı seçmişdir. Yüksək elektorat  fəallığı ilə keçirilən  prezident seçkilərini dünyanın 100 ölkəsindən 1295  nəfərlik nüfuzlu müşahidəçi və ekspertlər qrupu izləmişdir. Faktiki olaraq beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti seçki öncəsi vəziyyəti, seçki prosesini və onun nəticələrini  demokratiya yolunda irəliyə döğru atılmış mühüm addım kimi dəyərləndirmişlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycanın bir sıra informasiya agentliklərinə müsahibəsində qeyd etdiyi kimi, seçkiləri təkcə MDB dövlətlərindən 400-dən çox müşahidəçi və ekspert izləmişdir. Beynəlxalq Mərkəzçi Demokratlar Təşkilatının Asiya-Sakit okean Konfransını 50-dən çox, Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransını təxminən 20 müşahidəçi, Latın Amerikası və Karib hövzəsi Dövlətlərinin Siyasi Partiyalarının Daimi Komissiyasını 10 nümayəndə, Türkdilli Dövlətlərin Parlament Assambleyasını 10 müşahidəçi, İslam Əməkdaşlıq Təşkilatını 5 müşahidəçi təmsil etmişdir. Seçkiləri müşahidə edənlər arasında Qara dəniz Hövzəsi Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının, Rusiya İctimai Palatasının, onlarca dövlətin mərkəzi seçki komissiyalarının, habelə Asiya və Okeaniya, Afrika dövlətlərinin, Bakıda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri vardır. Onların rəyləri müsbətdir.

Cənab Ramiz Mehdiyev xüsusi olaraq vurğulamışdır ki, Avropa Parlamentinin, Avropa Şurasının nümayəndələri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Parlament Assambleyası missiyalarının əlaqələndiricisi Mişel Vauzen, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, Avropa İttifaqının genişlənməsi məsələləri və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fyule, digər səlahiyyətli nümayəndələr Azərbaycanı ədalətli və şəffaf seçkilər keçirilməsi münasibətilə təbrik etmiş, ölkəmizin demokratik dəyərlərə sadiqliyini xüsusi vurğulamışlar. Bütün bunlara baxmayaraq, öz fəaliyyətlərində siyasi nihilizm və siyasi konyuktura təzyiq elementlərindən istifadəyə vərdiş etmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu  (DTİHB) və onun qeyri-obyektiv hesabatına istinad edən ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı həqiqət və reallığı son dərəcə təhrif edən, yalan və böhtanla qılaflanmış bir mövqe ortaya qoymuşdur. Bundan savayı, seçkinin nəticələrinə Dövlət Departamentinin bəyanatları ilə kölgə salan ABŞ 9 oktyabrda seçkilərlə bağlı Avropa Şurasının Müşahidə Missiyasının pozitiv mövqeyini də tənqid etmişdir.  ABŞ-ın ATƏT-dəki missiyasının hazırkı rəhbəri Kristofer Maduran Avropa Şurasının baş katibi Tornbyorn Yanqlandın adına ünvanladığı məktubda "biz seçkilərin azad və şəffaf olması barədə AŞ PA missiyasının bəyanatından təəccüblənirik", iradını yazmışdır. Avropa parlamentini təmsil edən müşahidəçilərin də seçkinin azad və şəffaf keçirilməsi ilə bağlı Bakıda elan etdikləri mövqeni Brüsselə qayıtdıqdan sonra sərtləşdirmələrinin motivlərini anlamaq elə də çətin deyildir. Başqa sözlə, bu anlaşılmaz mövqeyə  görə  yenidən okeanın  o tayından istiqamətverici  drijor çubuğunun səbəb olmasını proqnozlaşdırmaq mümkündür. Deməli, ABŞ müxtəlif beynəlxalq  qurumların seçkisonrası mövqelərinə "Amerikasayağı meyarlar"la baxılmasında təkidlidir və bunu yenə də adəti üzrə "demokratiya resepti" adı altında həyata keçirmək istəyir. Vəziyyətin parodoksallığı ondadır ki, Azərbaycanda keçirilən şəffaf və demokratik seçkilərə qarayaxmada "döğma qardaşlar" olan ATƏT-in məlum bürosu və ABŞ Dövlət Departamenti "Yeni dünya"da keçirilən 2012-ci il 6 noyabr seçkilərində bir-biriləri ilə "ögey qardaşlar"  kimi davranmışlar. Başqa sözlə, ABŞ administrasiyası DTİHB-in müşahidəçi missiyasının fəaliyyətinə qadağalar qoymuşdur və onların heç bir iradını qəbul etməmişdir. Deməli,  etirafı nə qədər acı  olsa da, bu, bir həqiqətdir ki, bir çox hallarda özlərini demokratiyanın beşiyi və bayraqdarı kimi təqdim edən ABŞ və onun təsir dairəsində olan müxtəlif ranqlı qurumlar bu idarəetmə formasından öz siyasi ambisiyalarını həyata keçirmək üçün ucuz bir vasitə kimi istifadə edirlər. Bu yerdə ABŞ-ın "qurucu ataları"ndan olan Bencamin Franklinin və Tomas Ceffersonun məşhur deyimlərini xatirlamamaq mümkün deyildir. Bencamin Franklinin fikrincə, ABŞ üçün "Demokratiya- iki qurdun və quzunun axşam yeməyinə nəyin yeyiləcəyini səsə qoymaları anlamındadır...". Təbii ki, bu halda "demokratik" səsvermə nəticəsində 2/1 nisbətində quzu "hüquqları qorunmaqla", "demokratik yolla" qurdların həzmi-rabiyyəsindən keçəcəkdir. Tomas Ceffersonun qənaətinə görə isə ABŞ üçün "Azadlıq-yaxşı silahlanmış quzunun həmin səsvermənin nəticələrinə yenidən baxılmasına nail ola bilməsi anlamında qəbul edilməlidir". Zənimizcə, ABŞ  siyasi sisteminin yaradıcılarının bu fikirlərinin əlavə şərhə ehtiyacı yoxdur.

Yuxarıda səsləndirdiyimiz fikrləri ABŞ-da 2012-ci il 6 noyabr tarixində keçirilmiş və olduqca ciddi hüquq pozuntuları ilə müşayiət olunmuş prezident seçkilərinin təhlili ilə əsaslandıraq.

Birincisi, dünyanın heç bir ölkəsində ABŞ-dakı qədər arxaik, qüsurlu və ciddi islahatlara ehtiyacı olan seçki sistemi yoxdur. Faktiki olaraq ABŞ-da prezidenti seçicilər-xalq deyil, seçici kollegiyaları seçir. Elektorat seçici kollegiyalarını, onlar da öz növbəsində prezidenti seçirlər. Hər ştatın Nümayəndələr Palatasında və Senatda təmsilçisi qədər seçici kollegiyası vardır. ABŞ Konstitusiyasına görə, seçici kollegiyalarının mütləq əksəriyyətinin səsini, yəni 270-dən az səs toplamayan namizəd prezident seçilmiş olur. Bir daha vurğulayırıq: 315 milyon əhalisi olan ABŞ-da xalq deyil, 538 nəfər  seçici kollegiyası olkənin növbəti prezidentinin kimliyini müəyyən edir. Onların mənsub olduğu partiyanın deyil, rəqib partiyanın namizədinə səs verdiyi hallar da ABŞ seçki prosesində qeydə alınmış analaşılmazlıqlar sırasındadır. ABŞ-ın yalnız 24 ştatında seçici kollegiyası üzvünün qeyri-adekvat davranışına görə müvafiq cəza nəzərdə tutulur. Hələ indiyədək belə cəza üsulu praktikada tətbiq edilməmişdir. Əgər prezidentliyə namizədlərdən heç birisi lazım olan qədər səs toplamasa, bu halda Nümayəndələr Palatası müqayisədə ən çox səs toplayan iddiaçını prezident elan edir.

ABŞ seçki sisteminin qeyri-demokratikliyinin digər bir göstəricisi onunla bağlıdır ki, seçkilərdə ölkə miqyasında daha az xalqın səsini toplayan namizəd seçici kollegiyalarının daha çox səsini ala bilər və president seçilə bilər. Belə hal ABŞ-da 3 dəfə qeydə alınmışdır: 1876-cı ildə Respublikaçılar partiyasının namizədi Raterford Heyz 185 seçici kollegiyasının səsini qazanmaqla (4034311 (47,95%) seçici səsi)  prezident seçilmişdi. Onun rəqibi Samyuel Tilden isə cəmi 1 səs az seçici kollegiyasının səsini (184 səs) qazandığından, ölkə miqyasında daha çox səs toplamasına (4288546 (50,97%-seçici səsi) baxmayaraq, məglub statusunda qalmışdır. 1888-ci ildə respublikaçı Bencamin Harrison 233 seçici kollegiyasının səsini toplamaqla (5443892 (47,82%)-seçici səsi) prezident seçilmişdi. Rəqibi Qrover Klivlend 168 seçici kollegiyasının səsini toplasa da, ölkə miqyasında daha çox seçici səsinə (5534488 (48,62%) malik olmasına baxmayaraq, ABŞ-ın qeyri-obyektiv və ədalətsiz seçki sistemi səbəbindən məğlub statusu ilə barışmalı olmuşdur. Nəhayət, eyni ədalətsizliyin növbəti nümunəsi : 2000-ci ildə demokrat Albert Qor da ölkə miqyasında daha çox seçici səsi (50 992 335) toplamasına baxmayaraq, 266 seçicisi kollegiyasını səsinə malik olduğundan  daha az seçici səsi toplamış (50 455 156) Corc Buş 271 seçici kollegiyasının səsi hesabına prezident  seçilmişdir.  Bəs ədalətsizliyin  baş verməsinin səbəbi nədir? Səbəb yenə də ABŞ seçki sisteminin daxili "erroziyası" ilə bağlıdır.  Məsələn, kiçik Vayominq ştatının 428 224 nəfər seçici vardır və 1 nəfər seçici kollegiyasına düşən seçicisinin sayı 142 741 nəfər təşkil edir. Böyük Nyu York ştatında 15 053 173 nəfər seçici vardır. Burada isə 1 nəfər seçici kollegiyasına düşən  seçicilərin sayı 519 075 nəfərə bərabərdir. Fərq göz qabağındadır. Deməli, 1 seçici kollegiyasına malik olmaq üçün ştatlar kifayət qədər fərqli  sayda elektorata malik olmalıdırlar. Bu vəziyyət yuxarıda nümunə gətirdiyimiz seçici səsi-seçici kollegiyası arasındakı məlum ziddiyəti şərtləndirir və nəticədə obyektivlikdən uzaq olan prezident seçkilərinə "yaşıl işıq" yandırmış olur.

Bu sistemin ən çox tənqidə məruz qalan digər xüsusiyyətinə nəzər salaq. Bu, "səslər qalibə verilir" prinsipidir.  Bu prinsipin mahiyyətini konkret nümunə əsasında izah  edək. Məsələn, ABŞ-ın əhalinin sayına görə ən böyük ştatı olan Kaliforniyada 2012-ci ilin nəticəsinə görə, 27 958 916 nəfər seçici və 55 seçici kollegiyası vardır. Deməli, bu ştatda əgər demokrat namizəd 30 seçici kollegiyası səsi toplayarsa, bu halda rəqibinin topladığı 25 seçici kollegiyası səsi onun əlindən alınır və daha çox səs toplayan namizədə verilir. Başqa sözlə, demokrat namizədin hesabına bütün 55 səs keçmiş olur. Hesab edirik ki, bu, kifayət qədər ədalətsiz yanaşmadır.

İkincisi, siyasi plüralizmin olmaması ABŞ seçki sisteminin ən böyük qüsurlarından biridır.Burada faktiki olaraq "üçüncü" partiyadan namizədin prezident seçilməsi qeyri-mümkündür. ABŞ-da federal səviyyədə 38 partiya qeydiyyatdan keçmişdir. 2012-ci il prezident seçkilərində müxtəlif ştatlarda 32 namizəd irəli sürülmüşdü. Onlardan yalnız 4 nəfərin adı qalib gəlmək üçün kifayət edəcək sayda ştatın seçki bülleteninə salınmışdı. Həmin namizədlər fəaliyyətdə olan prezident Barak Obama (Demokratlar Partiyası), Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni (Respublikaçılar Partiyası), Nyu-Meksiko ştatının keçmiş qubernatoru Heri Conson (Libertarian Partiyası-48 ştat və Kolumbiya federal dairəsinin seçki bülleteninə salınmışdı) və  Cill Stayn (Yaşıllar Partiyası-38 ştatın və Kolumbiya Federal dairəsinin bülleteninə adı daxil edilmişdi). Real olaraq isə ABŞ seçki sistemi növbəti dəfə yalnız 2 namizədin mübarizə aparmasına imkan vermişdi. Onlar demokrat Barak Obama və respublikaçı Mitt Romni olmuşdur.

Üçüncüsü, seçicilərin qeydə alınması çoxsaylı hüquq pozuntuları ilə müşayiət olunur. 2012-ci ilin əvvəlində hər beş nəfərdən bir amerikalının adının seçici siyahısına düşməməsi, 24 milyon seçici haqqında məlumatın qeyri-dəqiqliyi, 2,5 milyon vətəndaşın eyni zamanda bir neçə ştatda qeydə alınması faktları bəllidir. Seçici siyahılarında 1,8 milyon "ölü canlar"ın olması faktı da artıq sirr deyildir. Məlum olduğu kimi, ABŞ-da istifadə üçün daxili pasport yoxdur. Məsələn, sürücülük vəsiqəsini  pasport statusunda istifadə etmək olar. Ona görə də seçki məntəqələrində şəxsiyətin kimliyini müəyyən etməklə bağlı vahid yanaşma meyarı yoxdur. 19 ştatın seçki məntəqlərində ümumiyyətlə şəxsiyyətin kimliyini müəyyən etməklə bağlı suallar verilməmiş, sadəcə siyahıda adlarını axtarmaqla kifayətlənmişlər. Daha 16 ştatda isə şeçicinin şəkli olmadığı sənədlərlə səsvermədə iştirakına icazə verilmişdir. Statistikaya görə, əsasən, aztəminatlı ailələrə mənsub olan 11 milyon amerikalı seçicının  üzərində şəkli olan və səsvermə hüququ verən sənədi olmamışdır. Bu məsələ ABŞ-da kəskin diskussiyalara səbəb olmuşdur. Respublikaçılar həmin sənədlərin verilməsinin qəti tərəfdarı kimi çıxış etsələr də, demokratlar əks mövqedən çıxışları ilə yadda qalmışlar. Onu da qeyd edək ki, bəzi ştatlarda seçicini belə sənədlə təmin etmək funksiyasını yerinə yetirən ofislər ayda bir dəfə fəaliyyət göstərmişlər. Bu halın özü hakimiyyətə siyasi opponentlərini süni yolla seçki prosesindən uzaqlaşdırmaq üçün əlavə imkanlar vermişdir.

Beləliklə, ABŞ-da 2012-ci il 6 noyabr prezident seçkilərində səsvermə hüququna malik 26 milyon vətəndaş seçici kimi qeydə alınmamış, 5,9 milyon vətəndaş cinayət törətməkdə ittiham olunduğundan səsvermə hüququndan məhrum edilmiş və nəhayət 6 milyon vətəndaş öz adını seçici siyahısında tapa bilməmişdir.

Dördüncüsü, prezident seçkilərinin keçirilməsi üzrə mərkəzi müstəqil orqanın olmaması ABŞ seçki sisteminin əsas qüsurlarından biridir. ABŞ-da bu məqsədlə 2 Federal seçki komissiyası fəaliyyət göstərir. Federal seçki komissiyası seçkilər haqqında federal qanunların, əsasən, maliyyə sahəsində yerinə  yetirilməsinə nəzarəti həyata keçirir. Seçkilərə Dəstək Komissiyası isə (məşvərətçi orqandır) federal seçki qanunvericiliyinin həyata keçirilməsi prosesini müşahidə edir,  vəsaitlərin paylanmasını təmin edir. Hər iki komissiya ikipartiyalı əsasda formalaşır. Yeri gəlmişkən, "Federal seçki prosesinin islahatları haqqında" Karter-Beyker hesabatında (2005-ci il) seçki orqanlarının qeyri-partiya mənsubiyyəti bazasında formalaşdırılmasına dair təkliflər ölkədə ciddi müzakirələrə səbəb olsa da, bu məsələdə dəyişikliyə gətirib çıxarmamışdır. Bu sahədə ikipartiyalı dominantlıq hökm sürməkdədir və bir çox hallarda bu davranış tərzi partiyalararası lüzumsuz ziddiyətlərə yol açır və seçki prosesinə mənfi təsir göstərir. 2012-ci il prezident seçkilərində federal seçki komissiyaları partiyalardaxili anlaşılmazlıqlar və hər iki partiyanın bu komissiyalarda bərabər təmsilçiliyi uçbatından öz funksiyalarını faktiki olaraq yerinə yetirə bilmədilər. Bu fakt, yeri gəlmişkən, ATƏT-in sözügedən bürosunun həmin seçkilərin nəticələri ilə bağlı hesabatında da qeyd olunmuşdur.

Beşincisi, ABŞ-da seçki prosesinin maliyyələşdirilməsi sahəsində qanunvericilik bazası sağlam siyasi rəqabətə imkan vermir. Məlum olduğu kimi, ABŞ Ali Məhkəməsi prezident seçkilərinə özəl maliyyə dəstəyinə məhdudiyyətlər qoyulmasını qanunazidd hərəkət kimi tövsif etmişdir. Bununla bağlı ABŞ-da çoxsaylı tənqidi yanaşmalar vardır. Bu yanaşmalarda qeyd olunur ki, qanunvericiliyin qeyri-təkmilliyi səbəbindən seçki prosesinə olduqca böyük vəsaitlər xərclənir və faktiki olaraq güclü maliyyə dəstəyinə malik olmayan namizədlər seçki prosesinin autsayderinə çevrilirlər. Onu da qeyd edək ki, ilk dəfə hər iki prezidentliyə namizəd dövlətin verdiyi maliyyə vəsaitlərini götürməkdən imtina etmişlər və bununla da özəl pulların seçki marafonuna təsirini  maksimuma qaldırmışlar. Yalnız Respublikaçılar Partiyasının ilkin namizədlərindən olan Baddi Remer praymerizdə iştirak üçün dövlət büdcəsindən 91,2 milyon dollar vəsait götürmüş və sonra prezident seçkiləri prosesindən çıxmalı olmuşdur.

Beləliklə, seçki prosesinin təşkilinə və onun keçirilməsinə amerikasayağı bazar-kommersiya yanaşmasının hegemonluğu seçicilərin öz iradəsini sərbəst ifadə etmələri yolunda ciddi buxova çevrilmişdir və heç bir halda ölkədə demokratik seçkilər institutunun formalaşmasının indikatoru ola bilməz. Ölkədə aparılan ictimai sorğuların nəticələri göstərir ki, hər 7 nəfərdən bir amerikalı bu vəziyyətin saxlanmasının əleyhinədir.

Altıncısı,  ABŞ-da erkən səsvermələr seçki prosesinin qeyri-obyektiv keçirilməsinə münbit şərait yaradır. 2012-ci ildə ABŞ-ın 32 ştatında erkən səsvermə hüququ qanunvericiliklə təsbit olunmuşdur.  Məsələn, 2012-ci ilin 6 noyabr seçkiləri ilə bağlı Ayova ştatı birinci olaraq sentyabrın 27-də səsverməyə başladı. Oktyabrın 2-də Ohayo ştatı anoloji addımı atdı. Oktyabrın 15-də ABŞ-ın birinci xanımı Mişel Obama erkən səsvermə hüququndan istifadə etdi. Oktyabrın 25-də isə Barak Obama da erkən səsvermə hüququnu reallaşdırdı və seçiciləri onun nümunəsini təkrarlamağa çağırdı. Beləliklə, Barak Obama erkən səsvermə hüququndan  yenidən prezident seçilmək üçün seçkiqabağı təbliğat-təşviqat kampaniyasında istifadə edən ilk ABŞ prezidenti oldu.

Heç şübhəsiz, erkən seçki hüququnu reallaşdıran seçici ən azı seçkiyə qədər bir ay müddətində baş verən proseslərin onun seçiminə etdiyi təsirin fərqində olsa da, "eyni suya iki dəfə girməyin qeyri-mümkünlüyü" ilə barışmağa məhkumdur. Məsələn, seçkiqabağı teledebatlardan sonra seçicinin mövqeyində dəyişiklik baş verə bilər, seçimini bu və ya digər namizədin xeyrinə xəyalən dəyişə bilər. Lakin onu reallaşdıra bilməz, çünki artıq erkən seçkilərə qatılmış və seçki hüququndan istifadə etmişdir.

ABŞ-ın 21 ştatında seçici niyə erkən səsverməyə qatıldığı ilə bağlı izahat verməlidir. 27 ştatda isə heç bir izahat vermədən poçt vasitəsilə erkən səsverməni reallaşdırmaq mümkündür. 2 ştatda-Oreqon və Vaşinqtonda erkən səsvermə yalnız poçt vasitəsilə hayata keçirilir. ABŞ-ın 31 ştatında distant səsvermədə elektron texniki vasitələrdən istifadəyə icazə verilir. Bu halda kağız seçki bülleteninin faksla göndərilməsi və ya elektron poçtdan istifadə edilməsi praktikası tətbiq olunur. Etraf etmək lazımdır ki, səsvermə proseində istifadə edilən hər bir texnologiyanın etibarlı olacağına tam təminat yoxdur və bu halda gizli səsvermə hüququnun pozulması üçün münbit şərait yaranmış olur.

Beləliklə, 2012-ci il prezident seçkilərində seçicilərin təxminən 33%-nin  erkən səsvermə praktikasından istifadə etdiyi reallığını nəzərə aldıqda, nəticənin obyektivlik əmsalını xüsusi olaraq şərh etməyə lüzum qalmır.

Yeddincisi, ABŞ-da seçki prosesində "üçüncü" partiyalara təzyiq və işəgötürənlərin öz əməkdaşlarını "düzgün səsverməyə" məcbur etməsi halları reallıqdır. Bu hallar 2012-ci il prezident seçkiləri üçün də xarakterik olmuşdur.  Məsələn, Yaşıllar Partiyasından prezidentliyə namizədliyi rəsmi olaraq qeydə alınmış Cill Stayn 2012-ci oktyabrın 16-da polis tərəfindən  həbs olunmuşdur. O, Nyu-Yorkda Barak Obama və Mitt Romni arasında teledebatın keçirildiyi ərazidə oturaq piket keçirdiyi üçün cəzalandırılmışdır. Yaşlı xanım olan ekoloq-namizəd "üçüncü" partiyaların namizədlərinin  teledebatlara buraxılmamasına etirazini bildirmək üçün bu addımı atdığını əsaslandırmaq istəsə də,  ictimai asayişi pozma ittihamı ilə 8 saat qolubağlı polis məntəqəsində saxlanılmışdır. Onu 15 sutka həbs və ya 250 dollara qədər cərimə gözlədiyi haqqında məlumatlandırmışlar.

Seçki prosesində şirkət rəhbərlərinin öz işçilərini bu və ya digər namizədə səs verməyə məcbur etdikləri hallar da kifayət qədər geniş yayılmışdır. Məsələn,"Koch İndustries" konqlomeratının sahiblərinın "düzgün" səsvermə ilə bağlı 50 min əməkdaşına xüsusi gizli məktublar ünvanladıqları faktı daha məxfi deyildir. Məktubda qeyd olunurdu ki, seçim hər kəsin şəxsi işidir, lakin birmənalı olaraq xəbərdarlıq edilirdi ki, Barak Obama qalib gələcəyi təqdirdə iş yerlərində ixtisarlar labüd olacaqdır.

Anoloji məzmunlu məktubları öz əməkdaşlarına  Respublikaçılar Partiyasının namizədini müdafiə edən  "Westgate Resorts" hotellər şəbəkəsinin və "ASG Software Solutions" kompüter firmasının rəhbərləri də göndərmişlər. Bu faktlar, heç şübhəsiz, ABŞ vətəndaşlarının seçki hüquqlarının açıq şəkildə pozulduğunun və çirkli texnologiyaların nəhəng aysberqinin yalnız görünən hissələridir.

Nəhayət, ABŞ-da seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakı formal xarakter daşıyır və çoxsaylı məhdudiyyətlərlə müşahidə olunur. Yalnız Missuri, Nyu-Meksika və Cənubi Dakota ştalarında, o cümlədən Kolumbiya federal dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini izləmələrinə icazə verən qanunlar qəbul edilmişdir. Beynəlxalq müşahidəçilər öz fəaliyyətlərində beynəlxalq hüququn ümümi qəbul edilmiş prinsiplərini deyil, məhz ABŞ-ın hüquqi aktlarını əsas götürməyə məcburdurlar. Fikrimizin təsdiqi kimi, Texas ştatının prokuroru Qreq Ebbotun bəyanatını misal gətirə bilərik. Prokuror ATƏT DTİHB-in tərkibində olan müşahidəçilərin seçki məntəqlərinə 30 metrdən artıq yaxınlaşacağı təqdirdə onların cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlıq etmişdir. Həmin qurumun rəhbərinə prokurorun ünvanladığı məktubdakı aşağıdakı fikirlər xüsusi olaraq diqqəti cəlb edir: "Əgər ATƏT-in üzvləri öz demokratik sistemlərini yaxşılaşdırmaq üçün ABŞ seçki hüququ haqqında daha çox öyrənmək istəyirlərsə, bu halda Texas hakimiyyəti ilə müzakirələr aparmalıdırlar. ABŞ-ın hüdudları kənarından gəlmiş qrup və ya ayrı-ayrı şəxslərin bizim seçki prosesinə təsir etmək və ya ona müdaxilə etmək hüququ yoxdur." DTİHB-in seçki prosesində şəxsiyyət vəsiqələrindən istifadənin vacibliyi ilə bağlı iradına  Texas prokurorunun orijinal cavabına diqqət yetirək: "ATƏT-in öz mövqeyi ola bilər, lakin bu mövqe ABŞ ərazisində heç bir hüquqi qüvvəyə malik deyildir." Sitatın sonu. Zənnimizcə, ATƏT-ın DTİHB və ABŞ Dövlət Departamentinn Azərbaycanda keçirilən prezident seçkilərinin demokratikliyini sübhə altına alınan məlum mövqeləri fonunda bu sitat ibrətamizdir və böyük siyası məna kəsb edir. Başqa sözlə, bu yerdə əlavə şərhə ehtiyac qalmır. Hər şey gün kimi aydındır.

Görünür, ABŞ-ın 236 illik demokratiya tarixi və ənənələrinə malik olaması haqqında iddiaları da əsl reallığa tərs mütənasibdir. Öz gözündə "tiri" görməyən ABŞ başqalarının gözündə "qıl" axtarır və qısa zaman ərzində "demokratiyanın triumfunu" tələb edir. Davranış və fəaliyyətində amiranəliyə  və "əzələ nümayişinə" üstünlük verən və elə bu səbəbdən də haqlı olaraq dünya ictimaiyyətində getdikcə daha çox mənfi assosiasiya ilə qəbul edilən ABŞ unutmamalıdır ki, təkcə konstitusiyanı qəbul etmək üçün ona  11 il (1787-ci il), ölkəni köləlikdən azad etmək üçün 89 il (1865-ci il, konstitusiyaya 13-cü düzəliş), qadınlara səs hüququ vermək üçün 144 il (1920-ci il, konstitusiyaya 19-cu düzəliş) və bütün vətəndaşları qanun qarşısında bərabər etmək üçün düz 188 illik (1964-cü il, konstitusiyaya 24-cü düzəliş) zaman kəsiyi lazım olmuşdur. Təəssüf ki, demokratik dövlət quruculuğu yolunda atdığı bütün bu geçikmiş addımlar belə  ABŞ-ı demokratiyanın örnəyi ola biləcək bir dövlətə çevirə bilməmişdir.

ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilmiş azad, obyektiv, şəffaf və demokratik prezident seçkilərinin nəticələrinə kölgə salmaq xəttini seçmiş və bu yolla arsenalındakı siyasi təzyiq elementlərini işə salmış məlum davranışı bu həqiqəti bir daha təsdiqləmişdir.

 

 

 

 

 

 

 

 
 

Müəllifin digər yazıları


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM