Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi

11:45 / 08.05.2021

Bu gün Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin Xalq Qəzetində məqaləsi dərc olunub.

Strategiya.az həmin məqaləni təqdim edir:

 

Xalq mənim gücüm, inamım, arxamdır, ömrümün sonuna qədər xalqımıza, millətimizə, doğma vətənimiz Azərbaycana sədaqətlə xidmət edəcəyəm....


Heydər ƏLIYEV

Ümummilli lider

Şərəfli və keşməkeşli ömür yolu

Azərbaycan tarixinin bir qərinədən artıq dövrü ötən əsrin dünya miqyaslı nəhəng siyasətçisi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Fövqəlbəşər şəxsiyyət öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda həyatını fəda etmişdir. Azərbaycanı canından artıq sevən ulu öndərə olan sonsuz xalq məhəbbətinin sirri də elə məhz bundadır. Mustafa Kamal Atatürk demişdir: “Millət sevgisi qədər böyük mükafat ola bilməz.”. Ulu öndərin adı vətənpərvərlik rəmzinə, davranışları müdriklik etalonuna çevril­miş, onun həyat və fəaliyyəti isə xalqa, vətənə məhəbbət və sədaqət meyarı olmuşdur. Bütün bunların nəticəsidir ki, Azərbaycanın taleyində müstəsna rolu olan, istiqlalımızın və istiqbalımı­zın müəllifi, ölkəmizi hərtərəfli inkişaf etdirməklə dünya dövlətləri sırasında özünəməxsus yer tutmasına müvəffəq olmuş böyük tarixi şəxsiyyətin – Heydər Əliyevin doğum günü hər il respubli­kamızda, eləcə də ölkə hüdudlarından xeyli uzaqlarda təntənə ilə qeyd edilir, əbədiyaşar liderimizin xatirəsi yüksək ehtiramla yad olunur və parlaq şəxsiyyəti dərin məhəbbətlə xatırlanır.

Heydər Əliyev uşaqlıq illərindən fitri istedadı, bacarığı, təhsilə olan marağı, davranışı, yeniyetmə dövründən isə nəzəri bilikləri, səlis nitqi, cəsarəti ilə həmyaşıdlarından seçilir, həyata ba­xışı, milli-mənəvi dəyərlərə bağlılığı, vətənpərvərliyi və digər qeyri-adi müsbət cəhətləri ilə diqqət cəlb edirdi. İstiqan­lılığı, mehribanlığı, səmimiliyi, dürüst­lüyü və digər ali insani keyfiyyətləri böyükdən-kiçiyə hər kəsi ona hörmət bəsləməyə sövq edirdi. Gənc olması­na baxmayaraq, hərtərəfli püxtələşmiş dahi insan Heydər Əliyev 1944-cü ildə çoxlarının arzusunda olduğu, lakin hər insanın müvəffəq ola bilmədiyi, yalnız yüksək intellektli, əzmkar və bacarıqlı şəxslərin əldə edə biləcəyi uğuru qazan­maqla dövlət təhlükəsizliyi orqanlarına qulluğa qəbul edilməyə nail olur və dəyərli ömrünün demək olar ki, üçdə bir hissəsini həmin orqanda şərəflə qulluq keçir. Vurğulanmalıdır ki, ulu öndər mənəviyyat tariximizdə gələcək nəsillərə örnək ola biləcək məhəbbət dastanı da yaratmışdır. Belə ki, ailənin milli-mənəvi dəyərlər sistemində xüsusi əhəmiyyət kəsb etdiyini və dövlətdəki mühüm rolunu hər zaman qeyd edən, həmçinin onu cəmiyyətin özəyi, ülvi və müqəddəs hisslərin təcəssümü, xalqın mənəvi ka­millik səviyyəsinin, milli genefondun saf­lığının qorunmasının əsas vasitələrindən biri kimi qiymətləndirən Heydər Əliyevə məhəbbəti uğrunda əzmlə mübarizə aparmaqla sevgisinə qovuşmaqda, qəlbinə yaxın bir insanla ailə həyatı qur­maqda, ən əsası əhdinə sadiq qalmaqda heç kim və heç nə mane ola bilməmişdir. Cəsarətli və qətiyyəli insan bu yolda çalışdığı Dövlət Təhlükəsizlik Orqan­larının rəhbərliyinin mövqeyinə qarşı çıxmaqdan, buna görə hətta tutduğu vəzifəni itirməklə gələcək karyerasını təhlükəyə atmaqdan belə çəkinməmiş, öz haqlı inadından dönməyərək Zərifə xanım ilə müqəddəs ittifaq bağlamaq­la nikaha girmişdir. Söz düşmüşkən, akademik Zərifə xanım Əliyevanın həyat fəlsəfəsini, zəngin mənəvi dünyasını, of­talmologiya elminin inkişafındakı misilsiz xidmətlərini xüsusi vurğulamaq zəruridir. Ulu öndər demişdir ki, “.... Gənc yaş­larımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, uğurlar əldə etməyimdə hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamı­sı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib...”.

Azərbaycançılıq məfkurəsinin formalaşması müstəqilliyimizi şərtləndirdi

Tarix göstərir ki, hər bir xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli ideologiya böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında reallaşır. Azərbaycan xalqı ilə bağlı bu şərəfli missiyanı məhz ümummilli lider Heydər Əliyev həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev həyatının bütün dövrlərində, xüsusilə geniş səlahiyyətlər sahibi olduğu vaxtlarda tarixi ənənə və soykökünün təməl prinsipləri üzərində milli ideologiyanın formalaşması və möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər siste­mini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, azərbaycançılığı milli ideologiyaya çevirməyə nail olmuş­dur. Bu isə millətin həmrəyliyində və mənəvi bütövlüyündə, monolitliyində, bir xalq kimi formalaşması prosesində aparıcı amil olmaqla yanaşı, həm də müdrik rəhbərin xalqı öz ətrafında birləşdirməsində, bununla da, milli birliyin yaranmasında olduqca mühüm əhəmiyyət kəsb etmişdir.

Sirr deyil ki, XX əsrin 20-30-cu illərində qeyri millətlərin anti-Azərbaycan qüvvələrinin və ermənilərin kök saldığı, xalqımıza qarşı qanlı repressiyalar hazır­layıb həyata keçirmiş dövlət təhlükəsizlik orqanlarının millətimizin düşmənlərindən təmizlənməsi və milliləşdirilməsi kimi son dərəcə çətin prosesə ilk dəfə hələ sovet rejiminin ən qüdrətli vaxtlarında milli kökə və yaddaşa bağlı olan ümum­milli lider Heydər Əliyev başlamışdır. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksələn Heydər Əliyev 50-ci ildən baş­ladığı azərbaycanlılaşdırma prosesini yeni səlahiyyətləri çərçivəsində daha da inkişaf etdirmiş və məhz onun sayəsində təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı xeyli artmışdır. Beləliklə, Heydər Əliyev milli əhval-ruhiyyəli vətənpərvər ziyalı kadrları Dövlət Təhlükəsizlik Komitəsinə qulluğa qəbul etdirməklə, həm onları layiq olduqları işlə təmin edir, həm orqanı milliləşdirir, həm də əsassız təqiblərə və repressiyalara məruz qalmış xalqımızın qeyrətli övladla­rını onlara qarşı gözlənilən təhdidlərdən qorumaqla növbəti təhlükələrin qarşısını alırdı. Bununla da, gələcək müstəqil Azərbaycanın milli kadr potensialını formalaşdırırdı. Göründüyü kimi, Heydər Əliyevin DTX-da rəhbər vəzifələrdə ça­lışdığı müddətdə milli şüurun oyanması istiqamətində əməli addımlar atılmaqla milliləşmə prosesinin əsası qoyulmuşdur.

14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev milli-mənəvi dəyərləri bərqərar etmək, xalqın şanlı keçmişini, soykökünü qay­tarmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, eləcə də ana dilini inkişaf etdirmək üçün ölçüyəgəlməz işlər görmüşdür. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, o cümlədən ədiblərinin və şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə milli ədəbi düşüncənin də inkişafına təkan vermiş, azərbaycanlıların necə zəngin tarixə, qədim soykökünə malik olduğunu dünyaya bəyan etdirmişdir. Əzmkar lider Nizami Gəncəvinin və İmadəddin Nəsiminin yubileylərinin dün­ya miqyasında qeyd olunması ilə bağlı partiya qərarlarının verilməsinə belə nail olmuşdur. Milli-mənəvi dəyərlərə bütün varlığı ilə bağlı olan böyük insan xalqın düşüncələrini, adət-ənənələrini, azadlıq ideyalarını özündə yaşadan Azərbaycan folklorunun, o cümlədən aşıq musiqisinin dirçəldilməsini də diqqətində saxlamış­dır. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin 1972-ci ildə onun doğulduğu Göyçə mahalında, Bakıda və hətta Moskvada ən yüksək səviyyədə keçirilməsi bunun bariz nümunəsi olmuşdur. Bu tədbirlərin keçirilməsində məqsəd aşıq sənətinə və el sənətkarına yüksək dəyər verilməsi ilə yanaşı, Azərbaycanın tarixi sərhədləri, ata-baba­larımızın bu yerlərdə əzəldən yaşadıqları barədə həqiqətləri ictimaiyyətə, yeni nəslə və bütün dünyaya çatdırmaq idi. Azərbaycan xalqının türk mənşəli olması “Kitabi-Dədə Qorqud”da daha əhatəli əks olunduğundan, XX əsrin 20-50-ci illərində sovet ideologiyası dastanın öyrənilməsini qadağan etməklə uzun illər bu abidənin unutdurulmasına çalışsa da, Heydər Əliyev bu qadağanın da aradan qaldırılmasına və dastanın dərindən tədqiqinə normal şəraitin yaradılması­na nail olmuş, nəticədə “Kitabi-Dədə Qorqud”la bağlı çoxsaylı tarixi və ədəbi araşdırmalar aparılmış, bu mövzuda bədii film çəkilmişdir.

Azərbaycan dilini azərbaycançılığın başlanğıc məqamı, ən mühüm cəhəti, təməl prinsipi hesab edən ümummilli lider Heydər Əliyev kosmopolit ideyaların hökm sürdüyü bir dövrdə milli məfkurənin qorunub saxlanılması istiqamətindəki fəaliyyətində ana dilinin inkişaf etdirilməsi sahəsində də bir sıra mühüm işlər görmüşdür. Müdrik lider yəqin bilirdi ki, xalqa milli-mənəvi dəyərləri aşılamaq üçün ona, ilk növbədə, öz dilini qaytarmaq və sevdirmək lazımdır. Rus dilinin dövlət dili olmasına rəğmən, rəsmi çıxışlarının əksəriyyətində Azərbaycan dilində nitq söyləyən ulu öndər, bütün rəhbər vəzifəlilərdən də bunu tələb edirdi. Onun rəsmi partiya tədbirlərində ana dilində nitqləri həmin vaxtadək heç vaxt işlənməmiş milli siyasi ədəbi dil üslubunu yaratmaqla bərabər, böyük tarixi məna kəsb edirdi. Fədakar insanın ilk dəfə hakimiyyətə gəlişi ilə başlanan milliləşmə prosesi, demək olar ki, bu nitqlərin təsiri ilə başlamışdır. Dahi liderin yazıçılar, şairlər və sənət adamları ilə görüşəndə də yeni bir elmi-ədəbi üslubda danışması, onun zəngin ana dilinin bütün söz imkanlarına, çalarlarına zərgər dəqiqiliyi ilə bələd olduğunun göstəricisi idi. Ümummilli liderin gözəl nitqi ədibləri, şairləri, hətta ədəbiyyatçı alimləri belə heyran qoyurdu. O dövrdə yaşayan şairlərdən biri Heydər Əliyevə xitabən “Yoldaş Əliyev, Siz Azərbaycan dilində çox gözəl danışırsınız” deyəndə, müdrik rəhbər ona belə cavab vermişdi: “Sən niyə mənim rus dilində səlis danışmağıma deyil, Azərbaycan dilində gözəl danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, bu dili bilmək mənim, eləcə də hər bir azərbaycanlının müqəddəs borcudur!”. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, müxtəlif ciddi maneələrə baxmayaraq, Azərbaycan dilinin bu ali hüquqi aktda dövlət dili kimi təsbit olunması da cəsarətli liderin qətiyyətli mübarizəsinin nəticəsi idi. Bundan sonra, hüquqi əsas yarandığı üçün ana dilini inkişaf etdirmək, bu dildə elmi və bədii yaradıcılığı genişləndirmək, televiziya, mətbuat, radio, kino, teatr sahəsində milli dilin tətbiqini genişləndirmək daha asan oldu. Təbliğat üçün xüsusi önəm kəsb edən bu sahələrdə də milliləşmə prosesi başladı. Məhz ümummilli liderin təşəbbüsü və onun himayəsi ilə xalqımızın tarixini, adət-ənənələrini, qəhrəmanlıq keçmişini və s. əks etdirən mövzularda filmlər çəkilməyə başlanıldı. Təsadüfi deyildir ki, “Nəsimi”, “Babək”, “Dəli Kür” və digər bu kimi filmlər gənclərin milli ruhda tərbiyəsində, sonralar onların kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük siyasi rol oynadı.

Azərbaycanı qüdrətləndirən Heydər Əliyev və xalq bağlılığı

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın rifahından xəbər verən Yeni Azərbaycan Partiyası yaradılır. Müxalifət partiyası kimi yaradıl­mış Yeni Azərbaycan Partiyası düzgün fəaliyyəti, bilavasitə milli maraqlara və xalqa xidməti ilə qısa zamanda iqtidar partiyasına çevrilir. Yeri gəlmişkən qeyd olunmalıdır ki, hazırda bu partiya nəinki Azərbaycanda, həmçinin Cənubi Qaf­qazda ən böyük siyasi partiyadır.

SSRİ-nin süqutu ilə əlaqədar yaranmış tarixi şəraiti düzgün qiymətləndirməklə, vəziyyətdən bəhrələnən xalqımız ötən əsrin sonlarında ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, AXC-Müsavat iqtidarı təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxartdı. Müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr ölkə həyatını iflic edir, müharibə aparan, işğala məruz qalan dövlətdə vahid komandanlığa tabe olan ordu olmadığından silahlı qüvvələr ayrı-ayrı şəxslərin əlində alətə çevrilir, iqtisadiyyat tənəzzülə uğrayır, respublikada vətəndaş həmrəyliyi pozulur, hətta ölkədə “qardaş qanı” axıdılır və vəziyyət ADR-in acı taleyinin təkrarlanması, ikinci dəfə qazanılan müstəqilliyin də itirilməsi təhlükəsi həddinə çatır. Belə bir olduqca çətin şəraitdə dövlətçilik ənənələrinə böyük önəm verən və nicatın onda olmasına əmin olan xalq, doğru seçim edərək özünün sınanmış rəhbərini – ümummilli lider Heydər Əliyevi israrlı tələblə müstəqil Azərbaycanın rəhbərliyinə dəvət edir. Azərbaycanı və xalqını özündən çox sevən ulu öndər bütün təhlükələri gözaltına almaqla, heç birinə məhəl qoymadan xalqın çağırışını qəbul edərək, 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəlir və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilir. Bir müddət sonra Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan dünya şöhrətli siyasətçi Heydər Əliyev, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilir. Sağlam təfəkkürlü hər bir Azərbaycan vətəndaşı yaxşı dərk edir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin anda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nəinki bugünkü qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə, onun mövcudluğu şübhə altına düşə bilərdi. Dahi lider ölkəni böhran vəziyyətindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etmək üçün müdrik siyasəti ilə qısa müddət ərzində vətəndaş qarşıdurmasının və müharibənin dayandırılmasına nail olmaqla, Azərbaycanda sabitliyin bərpasını təmin edir ki, bu da böyük islahatların başlanmasına rəvac verir. Beləliklə də, ölkəsini olduqca ağır vəziyyətdən yüksək məharətlə çıxarmış ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə bütün sahələrdə islahatlar həyata keçirilməyə başlanılır. İslahatlar aparılarkən kortəbii ehkamçılığa və tələskənliyə qarşı çıxan müdrik rəhbər vurğulayırdı ki, “bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına uyğun olaraq təşkil olunmaqla yerli şərait, milli xüsusiyyətlər, ənənələr və xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla həyata keçirilməlidir”. Sadalananlar nəzərə alınmaqla iqtisadi islahatların yüksək peşəkarlıqla aparılması sözsüz ki, Heydər Əliyev dühasının bəhrəsi idi. Dünya təcrübəsi də təsdiq edir ki, islahatların uğurlu nəticəsi düşünülmüş, əsaslandırılmış strategiya və taktikadan başqa, bir çox sosial-siyasi və ideoloji amillərdən də asılıdır. Heydər Əliyev müstəqil şəraitdə, heç kimə ümid bəsləmədən iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, təkcə siyasi-mənəvi deyil, həm də maddi nəticələr əldə etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt hesab edirdi. Məlum olduğu kimi, ulu öndərin ikinci dəfə respublikamıza rəhbərliyinin ilk illərində ölkəmiz vətəndaş müharibəsindən yenicə qurtulmuş, atəşkəs rejimini təzəcə əldə etmiş ölkə olduğundan, həmin dövrdə investorları Azərbaycana sərmayə qoymaq üçün həvəsləndirmək, onların etimadını qazanmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Bununla belə, peşəkar siyasətçi 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” kimi möhtəşəm bir müqavilənin bağlanılmasına müvəffəq oldu. Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin, türk dünyasının bir-birilə, o cümlədən bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi “İpək Yolu” layihəsinin reallaşması da bu dahi şəxsiyyətin xidmətləri idi. Azərbaycan iqtisadiyyatının son inkişaf tarixi bariz şəkildə göstərir ki, Heydər Əliyev məntiqindəki “müstəqillik–iqtisadiyyat” dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə həmişə aktualdır. Dahi rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan artırmaqla onu xalqın bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək kimi bir-birini tamamlayan iki istiqamət ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli kimi çıxış edir. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində də əsaslı islahatların aparılmasına zəmin yarandı. Bu sahədə aparılan islahatlarda müdrik liderin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edirdi. Görülən səmərəli işlər, o cümlədən qeyd olunan fərman hüquq-mühafizə orqanlarını cinayətkar təzahürlərə, xüsusən də, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər etməklə, “cəzanın labüdlüyü” prinsipinin reallaşması istiqamətində ən ciddi tədbirlər görülməsini təmin etdi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğunda ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üçün təşəbbüs göstərməsi və bu işə hərtərəfli dəstək verməsi olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında “Heydər Əliyev Konstitusiyası” adlandırılır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Müdrik liderin təşəbbüsü və şəxsi nəzarəti ilə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm hüquqi aktlar qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə silsilə tədbirlər həyata keçirildi. Görülən böyük işlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası, Əmək və digər məcəllələrin qəbulu isə respublikamızda bu sahədə görülən işlərin səmərəliliyini daha da artırdı. Fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə malik Heydər Əliyevi böyük şəxsiyyət kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də, onun siyasətinin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanması idi. Hər kəsə bəllidir ki, 1993-cü ilin iyun ayından ölkəmizdə icrasına moratorium qoyulmuş ölüm cəzası sonradan məhdudlaşdırıldı, daha sonra isə,10 fevral 1998-ci il tarixdə bu cəza növü Şərqdə ilk dəfə olaraq Azərbaycanda ləğv edildi. Geniş ürəyə və zəngin mənəviyyata malik olan Heydər Əliyev təqsirkarları qanunvericiliyə uyğun olaraq cəzalandırmağın tərəfdarı olsa da, onun xeyirxahlığı, insanpərvərliyi bəzi hallarda cəzalandırılmış insanları bağışlamağa da sövq edirdi. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası bunun əyani göstəricisi idi.

Doğma Vətənimiz əmin əllərdədir

Vətəni və milləti qarşısın­da misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı ulu öndər Heydər Əliyevin xalq qarşı­sındakı ən böyük xidmətlərindən biri də, Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi bütün ali insani keyfiyyətlərə malik böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Bu, ondan irəli gəlirdi ki, vətənini canından çox sevən uzaqgörən insanı Azərbaycanın təkcə özünün rəhbərlik etdiyi dövr üçün deyil, ondan sonrakı taleyi də düşündürürdü. 2003-cü ildə səhhətində ciddi problemlər yaranan vaxtlarda belə öz sağlamlığını deyil, xalqını və Azərbaycanın firavan gələcəyini fikirləşən böyük qəlbli şəxsiyyət Heydər Əliyev ictimai rəyə və ümumxalq mövqeyinə əsaslanmaqla Azərbaycan xalqına müraciət edərkən cənab İlham Əliyevi ölkəyə rəhbərlik etməyə qadir lider kimi gördüyünü bildirmişdir. Ölkəmizin taleyinin həlledici məqamlarında hər zaman olduğu kimi, yenə də Heydər Əliyevin müdrik məsləhətinin intizarında olan xalq məhz sonsuz inam bəslədiyi rəhbərin millətinin və dövlətinin gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyəsindən bəhrələnərək düzgün seçim etməklə, bu gün digər dövlət başçılarına örnək olan böyük tarixi şəxsiyyət cənab İlham Əliyevi Prezident seçdi.

Aqil liderin prezidentliyi dövründə onun rəhbərliyi ilə görülən böyük işlərin sayəsində 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilmişdir. Bundan başqa, 2018-ci ildə Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi ma­raqlarının təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin Bakıda rəsmi açılış mərasimləri keçirilmişdir. Bundan əlavə, 20 sentyabr 1994-cü il tarixdə Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci ilin sentyabr ayının 14-də yeni, ölkəmiz üçün daha əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılmış, bu isə Azərbaycanda bundan sonra da uzun illər neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sek­toruna xarici investisiya qoyuluşunun təmin olunmasına zəmin yaratmışdır. Xüsusi vurğulamaq lazımdır ki, praqma­tik lider cənab İlham Əliyevin yürütdüyü son dərəcə təmkinli, səbirli, balanslaş­dırılmış siyasət sayəsində 12 avqust 2018-ci il tarixdə Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlət başçıla­rının iştirakı ilə imzalanan tarixi Aktau Konvensiyası ilə 1996-cı ildən davam edən Xəzərin hüquqi statusu ilə bağlı 22 illik danışıqlar milli maraqlarımızı qane edən sonluqla bitmiş və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi birdəfəlik öz həllini tapmışdır. 2018-ci ilin oktyabr ayının 19-da Azərbaycan–Türkiyə qardaşlığının təzahürü olaraq birgə səylərlə reallaşdırılan, hər iki ölkənin iqtisadi inkişafına, bütövlükdə regionun tərəqqisinə böyük töhfə olan “STAR” neft emalı zavodunun açılışı da neft strategiyasının uğurlarından olmuş­dur. Azərbaycandan Avropa bazarlarına təbii qazı ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmiş, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi də artıq yekunlaşdırılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də müstəsna əhəmiyyətli işlər görülmüş­dür. Belə ki, təməli 2007-ci ildə qoyul­muş Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olmuşdur. 2018-ci il sentyabrın 18-də isə yeni Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolu­nun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün işlər başa çatdırılmışdır.

Sözsüz ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğur­ları iqtisadi islahatların siyasi islahatlarla paralel şəkildə və yüksək peşəkarlıqla aparılması şərtləndirir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və zamanı önləyən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin yüksək erudisiyası, mükəmməl siyasi strategiyası, sarsıl­maz qətiyyəti, polad iradəsi, yorulmaz fəaliyyəti və xalqla iqtidar arasında olan sıx birliyin sayəsində planetimizin üzləşdiyi çoxsaylı qlobal çətinliklərə, ümumbəşəri ciddi və mürəkkəb problemlərə, eləcə də bütün dünyanı bürüyən koronavirus (COVID-19) pan­demiyasına, həmçinin müharibədən yeni çıxmış ölkə olmağımıza rəğmən, res­publikamızda iqtisadiyyat güclənir, bütün sahələrdə mütəmadi olaraq mütərəqqi islahatlar həyata keçirilir, regionların ta­razlı inkişafının davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə dövlətimiz daha da qüdrətlənir və doğma Azərbaycanımız durmadan çiçəklənir. Möhtərəm Prezi­dentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə nəhəng layihələr reallaşdı­rılır, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, dövlət-sahibkar münasibətlərinin və biznes-in­vestisiya mühitinin daha da sağlamlaş­dırılması, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olun­muş tədbirlərin icrası uğurla həyata keçi­rilir. Dünyada gedən neqativ proseslərlə əlaqədar olaraq yaranmış beynəlxalq iqtisadi böhran Azərbaycan iqtisadiyyatı­na dövlət başçısının tapşırığı ilə görülən qabaqlayıcı tədbirlər nəticəsində ciddi təsir göstərməmişdir. Reallaşdırılması nəzərdə tutulan tədbirlərdən və işlərdən heç birinin, o cümlədən, hər hansı bir sosial layihənin icrasının təxirə salınma­ması da bunun növbəti təzahürüdür. Vur­ğulanmalıdır ki, ölkəmizdə gedən sürətli inkişaf beynəlxalq təşkilatlar tərəfindən də hər zaman yüksək qiymətləndirilir. Belə ki, ən nüfuzlu aparıcı beynəlxalq qurumlardan biri olan Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yeri tutmuş­dur. Bundan əlavə, respublikamız 10 ən islahatçı dövlət sırasına daxil edilmişdir. Dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesa­batına əsasən, inkişaf etməkdə olan 74 ölkə arasında dövlətimiz əhalinin elektrik təchizatı səviyyəsinə görə 2-ci yerdə, inklüziv inkişaf indeksi üzrə 3-cü yerdə, hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə 5-ci yerdə, hökumətin uzunmüddətli strate­giyasına görə 10-cu yerdə, hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdə qərarlaşmaqla dünyanın bir çox ölkələrini geridə qoymuşdur. Göründüyü kimi, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl daxili və xarici siyasət sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, respublikamız hazırda da eyni templə inkişaf edir, beynəlxalq əlaqələr genişlənir və vətənimiz Azərbaycan dünya ölkələri sırasında tutduğu layiqli mövqeyini hərtərəfli möhkəmləndirir.

Güc birlikdədir

Sirr deyil ki, dövlətimizin qüdrətlənməsində və əldə olunan uğurlarda, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında zəngin biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik böyük dövlət xadimi – Azərbaycan Respubli­kasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Onun respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü böyük işlər dövlətimizin tərəqqisinə və xalqın rifahının yaxşılaşdırılmasına töhfələr verməkdədir. Qeyd olunanlar, eləcə də Mehriban xanımın sadəliyi, təvazökarlığı, səmimiliyi, bütün məsələlərdə ədalətli mövqeyi, vətəninə və xalqına bağlılığı, insanlığın təntənəsinə xidmət edən təşəbbüsləri və saysız-hesabsız xe­yirxah əməlləri bu nəcib insana son­suz xalq məhəbbətini qazandırmışdır. Mehriban xanımın bəşər mədəniyyətinin inkişafı istiqamətindəki səriştəli fəaliyyəti, dövlətlərarası dialoq prosesinə verdiyi töhfələr və dünyanın müxtəlif yerlərində həyata keçirdiyi humanitar tədbirlər isə ona Azərbaycan xalqının sevgisi ilə bərabər, bir sıra xarici ölkə vətəndaşlarının da rəğbətini qazandır­mışdır. Birinci vitse-prezidentin, xüsusən də, Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları ümumbəşəri maraqlar naminə bir araya gətirmək, dini tolerantlığı, multikultura­lizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq səviyyədə təqdir olunur. Təsadüfi deyil ki, şöhrəti respub­likamızın hüdudlarından kənara çıxan Mehriban xanım Əliyevanın gördüyü böyük işlərin sədası dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrindən gəlir və Birinci vitse-prezidentin səmərəli fəaliyyəti digər ölkələr tərəfindən də ali dövlət mükafatları verilməklə yüksək qiymətləndirilir.

Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mükəmməl siyasətdən bəhs edərkən, bu gün dünyada bir nömrəli problemə çevrilən və planetimizi cənginə alan ko­ronavirus infeksiyasına qarşı ölkəmizdə aparılan uğurlu mübarizəni xüsusi vur­ğulamaq lazımdır. Belə ki, bu təhlükəli virusun qlobal problemə çevrilməyə baş­ladığı ilk vaxtdan etibarən onun yayılma­sının və fəsadlarının qarşısının alınması, xalqımızın bu bəladan daha az zərər və minimal itki ilə çıxması üçün dövlət baş­çımızın çox tədbirli davranmaqla zama­nında müdrik qərarlar verməsi, həmçinin qətiyyətli addımlar atmaqla aidiyyəti dövlət orqanlarını və digər qurumları səfərbər edərək onlara göstərişlər, eyni zamanda, dəyərli tövsiyələr verməklə bütün preventiv tədbirlərin görülməsini təmin etməsi ümumbəşəri bəla ilə mübarizədə dövlətimizin uğurlarını şərtləndirdi. Bununla da, vaxtında qəbul edilən doğru qərarlar və görülən ciddi tədbirlər nəticəsində koronavirus infek­siyasının ölkəmizdə geniş yayılmasının qarşısı qətiyyətlə alınır və dövlətimiz bu sınaqdan da uğurla çıxır.

Ölkə rəhbəri cənab İlham Əliyevə və Mehriban xanıma sonsuz inamı olan xal­qın elə ilk günlərdən onların çağırışına yekdilliklə dəstək olaraq xüsusi karantin rejimi qaydalarına şərtsiz əməl etməsi də sözügedən məsələyə öz müsbət təsirini göstərdi. Dövlət başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dillərdə əzbər olmaqla xalqı öz lideri­nin ətrafında daha da sıx birləşdirərək insanlarda pandemiyaya qarşı mübarizə əzmi və böyük ruh yüksəkliyi yaratdı. Eyni zamanda, Mehriban xanımın “evdə qal” çağırışını böyükdən kiçiyə hamı rəğbətlə qarşıladı və heç kim zərurət olmadan evdən çölə çıxmadı. Çünki sağlam düşüncəli hər kəs yaxşı dərk edir ki, istər cənab Prezident İlham Əliyevin, istərsə də Mehriban xanımın hər bir çağırışı həmişə milli maraqların təmin edilməsinə, dövlətin qüdrətlənməsinə, xalqın rifahına və ölkədə firavan həyatın davamlılığına hesablanır. Xeyirxah məqsədlərə köklənmiş nəcib xarakteri ilə ürəkləri fəth etmiş Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xü­susi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də, leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradıl­masına dəstək çağırışı, onun hər zaman xüsusi qayğıya ehtiyacı olan insanların yanında olduğunun növbəti təzahürü idi.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezi­dent Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteran­ları ilə mütəmadi olaraq görüşmələri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri Vətən uğrun­da, xalq yolunda öz qanını və canını əsirgəməyən, bu yolda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümü olmaqla bərabər, həmçinin hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradaraq döyüş əzmini artırırdı ki, bu da haqq mübarizəsində qələbəmizə rəvac verdi.

Xüsusi vurğulanmalıdır ki, cənab Prezidentin ən sadiq məsləkdaşı Mehriban xanım Əliyevanın Vətən müharibəsi zamanı da yorulmaz fəaliyyəti diqqəti cəlb etmişdir. Birinci xa­nım ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vətənpərvər çağırışları ilə hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etməyə müyəssər oldu. Cəbhədə döyüşən qəhrəman hərbçilərimizə, o cümlədən yaralılarımıza duaları və hərtərəfli dəstəyi ilə yardımçı olan, şəhidlərimizin, eləcə də həlak olan dinc insanlarımızın əzizlərinin ağrı-acısına şərik çıxaraq bir ana, bir bacı kimi doğ­ma və qayğılı münasibəti ilə onları ovun­duran Birinci vitse-prezident xalqımıza böyük təsəlli oldu.

Bu gün cənab Prezidentə ünvanlanan minnətdarlıq məktublarının ardı-arasının kəsilməməsi, Mehriban xanımın saysız-hesabsız xeyirxah təşəbbüslərinə görə insanların məmnunluq hissləri ilə dolu təşəkkürlərini ifadə edən müraciətlərinin səngiməməsi ölkədə həyata keçirilən uğurlu siyasətin qədirbilən xalq tərəfindən dəyərləndirilməsinin və dəstəklənməsinin təcəssümü, hər iki vətənpərvər və xalqını sevən insa­na olan sonsuz xalq məhəbbətinin təzahürüdür.

Tarixi ədalətin bərpası və haqqın qələbəsi

Ölkəmizin uğurlarından bəhs edərkən ötən il xalqımızın müasir Azərbaycan tarixinin ən böyük uğurlarından birini əldə etdiyini sonsuz fərəh və qürur hissləri ilə xüsusi vurğulamaq zəruridir. Bu gün böyük iftixarla deyirik ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dam­lası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan hərbçilərimiz parlaq qələbəmizi təmin et­miş, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız azad edilərək, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Dövranın gərdişini dəyişən müdrik lider və yenilməz sərkərdə – İlham Heydər oğlu Əliyev dühasının Azərbaycana qazandırdığı möhtəşəm qələbə xalqa ən dəyərli ərməğan olmuş­dur.

Həyata keçirilən uğurlu xarici siyasətin və görülən böyük işlərin nəticəsində bütün dünyaya məlum idi ki, Ermənistan uzun zaman ərzində Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış tari­xi torpaqlarını – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanın işğal olun­muş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını nəzərdə tutan müddəaları özündə əks etdirən 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, həmin qətnamələr icra olunmur, bununla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar isə heç bir tədbir görmürdü. Ermənistan da bu illər ərzində mövcud vəziyyətdən istifadə edərək qeyd olunan qətnamələri yerinə yetirmir, hər vəchlə münaqişəni mümkün qədər çox və daha uzun müddətə dondurmağa çalışır və status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırış­larına məhəl qoymayaraq onları cavab­sız qoyurdu.

Qazanılan diplomatik uğurla­ra baxmayaraq, gedən proseslər, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin icra edilməməsi bu qənaətə gəlməyə əsas verirdi ki, beynəlxalq hüquq sözügedən məsələyə dair hissədə işləmir. Bütün bunları nəzərə alan müdrik rəhbərimiz cənab İlham Əliyev münaqişənin həlli ilə bağlı hər iki istiqamətdə işini etibarlı tutaraq, beynəlxalq dəstək və hüquqi baza yarat­maqla bərabər, həm də rəşadətli Silahlı Qüvvələr formalaşdırmışdır. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu stra­tegiyasını zamanın tələbləri ilə uzlaşdır­maqla reallaşdıran möhtərəm Preziden­timiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu sahədə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirilmiş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmışdır. Bununla da, artıq Azərbaycan Silahlı Qüvvələri müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər dəfə mötəbər kürsülərdən deyirdi: “...Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik...”. Hər bir azərbaycanlı, o cümlədən Silahlı Qüvvələrimizin əsgəri, çavuşu, giziri, zabiti və generalı tarixi torpaqlarımızı düşmənlərdən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir və buna hər an hazır idi. Xalqımız tam əmin idi ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğal altında olan tarixi torpaqlarımız tezliklə düşmənlərdən təmizlənəcək və doğma yurdumuzun hər bir guşəsində Azərbaycan bayrağı dalğalanacaqdır.

Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə göstərdi ki, Azərbaycan uzun müddət işğal altında olan torpaqlarını bu vaxta qədər istənilən an hərbi yolla düşmənlərdən azad edə bilərdi. Bununla belə, ölkəmiz bu məsələnin beynəlxalq hüquqla və sülh yolu ilə öz həllini tapmasının tərəfdarı olduğundan bu qədər səbrlə davran­mış, lakin düşmənin ikrah doğuran hərəkətləri, o cümlədən məlum son təxribatları haqq savaşının başlanmasını labüd etmişdir.

27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan Silah­lı Qüvvələrinin növbəti dəfə təxribat törədərək genişmiqyaslı şəkildə cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da ikinci Qarabağ müharibəsi başladı. Böyükdən kiçiyə hər kəs Vətən müharibəsinin qələbə ilə başa çatmasını qarşıya məqsəd qoydu. Dövlət başçısı cənab İlham Əliyevə olan sonsuz inam xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək mülki vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Ali Baş Koman­danın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən işğal altında olan ərazilərimizin bir-birinin ardınca qısa zamanda erməni qəsbkarlarından təmizlənməsi düşmənin zəbt etdiyi tarixi torpaqlarımızın tezliklə tam azad ediləcəyindən və ərazi bütöv­lüyümüzün bərpa olunacağından xəbər verirdi ki, bu da xalqda, o cümlədən orduda olan ruh yüksəkliyini daha da artırırdı. Elə ilk günlərdən düşmənə sarsı­dıcı zərbələr vuran qəhrəman övladların ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi, o cümlədən 4 okt­yabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubad­lı və nəhayət 8 noyabrda Şuşa şəhərini işğaldan azad etməsi Ermənistanı sülhə sövq etdi və düşmənin kapitulyasiya aktı­nı imzalaması ilə nəticələndi. Ardınca 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın işğaldan azad edildi. Bununla da, haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə başa çatdı və ədalət bərpa olundu. Təbii ki, bütün bunlar müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və sarsılmaz qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizli­yinin sıx vəhdətinin nəticəsində mümkün olmuşdur.

Qeyd etmək zəruridir ki, Ermənistanın növbəti təxribatlarının qarşısını almaq və düşməni sülhə sövq etmək məqsədi ilə gedən 44 günlük müharibədə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin şücaəti hərb tariximizin qəhrəmanlıq salnaməsini yaratmağa müvəffəq oldu. Təsadüfi deyil ki, NATO, eləcə də ABŞ, Böyük Britaniya, Almani­ya, Ukrayna və digər ölkələrin hərbçiləri Azərbaycanın Vətən müharibəsi təcrübəsindən bəhrələnmək, bunun­la əlaqədar öz ordularında müəyyən dəyişikliklər aparmaq fikirlərində ol­duqlarını açıq etiraf edirlər. Möhtərəm Prezident cənab İlham Əliyev demişdir: “...heç bir xarici qüvvə Azərbaycanın qa­zandığı Qələbəyə kölgə sala bilməz...”. Fürsətdən istifadə edib, uca Allahdan Vətən müharibəsində qəhrəmancasına həlak olan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm.

İntibah dövrünü yaşayan Azərbaycan

Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran ən əsas vəzifələrdən biri də işğaldan azad olunmuş torpaqlarımızda düşmən vəhşiliyi nəticəsində dağıdılmış yaşayış məntəqələrimizin, təhsil ocaq­larımızın, erməni vandalizminə məruz qalmış mədəni və dini abidələrimizin bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Bu məsələ siyasətində quruculuq, abadlıq prioritet istiqamət olan və Azərbaycanın hər bir guşəsini cənnətə çevirmiş cənab Prezidentin şəxsi nəzarətindədir. Hazırda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri yüksək sürətlə uğurla davam etdirilir. Belə ki, elektrik enerjisi, su və təbii qaz təminatı kimi təxirəsalınmaz kommunal təchizatı, həmçinin yol nəqliyyat və digər sosial infrastruktur yenidən qurulur, eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rəhbəri oldu­ğu və ulu öndərin xeyirxah ideyalarını layiqincə davam etdirən Heydər Əliyev Fondu tərəfindən dini abidələrimizin, o cümlədən məscidlərimizin bərpası üzrə layihələr icra olunur. Dövlət başçısı­nın təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur ki, bu da pandemiya şəraitində dünya iqtisadiyya­tında böyük problemlərin yarandığı bir dövrdə respublikamızın güc və qüdrətini sübut edən növbəti bariz nümunədir. Hər kəsə məlumdur ki, ölkə rəhbəri artıq bir neçə dəfə ailəsi ilə birlikdə işğaldan azad olunmuş ərazilərimizə səfər edərək, quruculuq və abadlıq işləri ilə şəxsən tanış olmuş, bu prosesə öz dəyərli tövsiyələrini vermiş və bir neçə nəhəng layihənin təməlini qoymuşdur. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarixi torpaqlarımızda sevinc və qürur dolu davranışları, səmimi paylaşımları hər birimizdə sözlə ifadə oluna bilməyən iftixar hissləri yaratmaqla, xalqımız tərəfindən böyük maraq və fərəhlə qarşı­lanır. Bütün bunlar dövlət başçısının və birinci xanımın vətənə, yurda, torpağa və xalqa bağlılığının təcəssümüdür.

Möhtərəm Prezident cənab İlham Əliyev demişdir: “...Bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal olunmuş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır...”. Qeyd olunanlar bir daha vətənpərvər liderimizin doğ­ma Azərbaycanın hər qarışına, eləcə də hər bir vətəndaşının rifah halının yüksəldilməsinə verdiyi önəmin və fəaliyyətinin əsas prinsipi olan “mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” ifadəsinin reallığının təzahürüdür.

Göründüyü kimi, “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” – deyən ulu öndər Heydər Əliyev təkcə öz həyatını dövlətinə və millətinə fəda etməklə kifayətlənməmiş, həm də Azərbaycan üçün atasıtək ömrü­nü Vətəninə və xalqına həsr edən cənab İlham Əliyev kimi nəhəng tarixi şəxsiyyət bəxş etmiş, əsl lider hazırlamışdır.

Bütün bunlar qəti əminliklə onu deməyə əsas verir ki, qədirbilən Azərbaycan xalqı Vətəni və milləti qarşısındakı bənzərsiz xidmətləri ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış nəhəng tarixi şəxsiyyət Heydər Əliyevi hər zaman yüksək ehti­ramla xatırlayacaq, onun əziz və unudul­maz xatirəsini daim xüsusi hörmətlə yad edəcəkdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM