10:28 24 Noyabr 2017
146 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir.

Mərkəzi Bankdan Strategiya.az-a bildiriblər ki, bununla bağlı həyata keçirilən sistemli islahatların nəticəsi kimi Azərbaycanda emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi, ölkədaxili kart əməliyyatları üzrə banklararası xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsi, kart infrastrukturu istifadəçilərinin xərclərinin aşağı salınması imkanının yaradılması məqsədilə AMB tərəfindən "Banklararası Kart Mərkəzi" (BKM) yaradılaraq ötən il aprelin 1-dən istismara verilib. Növbəti addım kimi, AMB tərəfindən BKM üzərindən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə "interçeync"in (banklararası qarşılıqlı xidmət haqlarının) aşağı salınması üçün Azərbaycan Banklar Assosiasiyasının, kart prosessinq mərkəzlərinin və bankların nümayəndələri ilə qarşılıqlı müzakirələr aparılıb və ümumi razılığa gəlinib.

İnterçeync – banklararası ödəniş kartları ilə əməliyyatların qəbulu üzrə ödənilən qarşılıqlı xidmət haqqıdır. Satış əməliyyatları üzrə təsərrüfat subyektinə xidmət göstərən bank tərəfindən ödəniş kartı sahibinin bankına ödənilən xidmət haqqının əsas komponentini təşkil edir.

Ödəniş kartları vasitəsilə nağdsız qaydada aparılan kart əməliyyatları üzrə tətbiq edilən interçeyncin aşağı salınması nağdsız ödənişlərdə təsərrüfat subyektlərinin xərclərinin azalmasına, bununla da nağdsız ödənişlərə maraqlarının artmasına və nağdsız dövriyyənin genişləndirilməsinə təkan verir.

Qarşılıqlı razılığa əsasən, interçeync premial olmayan (Visa Electron, Visa Classic və Maestro, Debit MasterCard Standard və MasterCard Standard) ödəniş kartı məhsulları üzrə bazarın tələbinə uyğun olaraq dəyişdirilib. Mobil telefon haqları üzrə interçeync 26 faiz azaldılaraq 1 faiz, ərzaq mağaza və supermarketlər üzrə 61 faiz azaldılaraq 0.5 faiz, aptek və dərman məhsulları üzrə 78 faiz azaldılaraq 0.3 faiz, avtomatlaşdırılmış yanacaqdoldurma məntəqələri üzrə 78.5 faiz azaldılaraq 0.3 faiz, e-ticarət əməliyyatları üzrə 16 faiz azaldılaraq 1.3 faiz həcmində müəyyənləşdirilib. Nəqliyyat və dövlət ödənişləri üzrə interçeync əsasən azaldılaraq 0.1 faiz səviyyəsində müəyyən edilib. Yeni interçeync tarifləri noyabrın 20-dən qüvvədədir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft ucuzlaşdı
10:24 16.12/2017
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7246 san