Qış arzuları

09:40 / 07.10.2019

Paşa Səfərov

Vəkil, hüquqşünas-ekspert

Frensis Skott Fitscerald

I

Keddilərin[1] bəziləri həddindən artıq kasıb idilər və həyətində əsəbi inəyin olduğu birotaqlı evdə yaşayırdılar, amma Dekster Qrinin atası Qara Ayı qəsəbəsində ikinci ən böyük ərzaq dükanının sahibi idi - birincisi Şerri Aylənddən olan zəngin insanların alış-veriş etdiyi “Mərkəz” idi. Dekster yalnız cib xərcliyi üçün keddilik edirdi.

Günlərin soyuq və davamsız olduğu payızda uzun Minnisota qışı nəhəng ağ yorğan kimi hər yeri örtəndə Dekster ağ qarla örtülmüş qolf meydançasında xizəklə sürüşürdü. Bu vaxtlar təbiət Deksterə darıxdırıcı gəlirdi: o, burada bu cür baxımsızlığın hökm sürdüyü, cığırları və oyuqları cılız sərçələrin zəbt etdiyi üçün əzab çəkirdi. Yayda rəngbərəg bayraqların dalğalandığı qolf topunu vurmaq üçün işarələnmiş yerlərdə qar yığınının altından buzla örtülmüş yeşiklərə baxanda adamın ürəyi sıxılırdı. Təpələri aşanda külək Deksterin sümüyünəcən işləyirdi, günəş çıxanda isə onun sonsuz gur parıltısından gözünü qıyaraq ağır-ağır yeriyirdi.

Apreldə qış qəfil bitdi. Qara Ayı gölündə qar azalmışdı, qolf həvəskarlarını qırmızı və qara toplarla mövsümü açmağa çağırırdı. Yüksək əhval-ruhiyyəsiz, qələbə zənginə bir damcı da inanmadan, soyuqlar qurtarırdı.

Dekster bu Şimal yazının necə həzin, payızın isə necə möhtəşəm olduğunu bilirdi. Payızda o, həyəcanla əllərini sıxır, öz-özünə danışır və birdən əl-qol atırdı, sanki gözə görünməyən ordu və xalqlara əmr verirdi. Oktyabr özü ilə ümidlər gətirirdi. Noyabr isə bir növ bu ümidlərin gerçəkləşməsini yaxınlaşdırırdı və beləcə Şerri Ayləndin sürəksiz parlaq yay günləri ona gəlir gətirəcəkdi. O, qolf üzrə çempion olur, öz xəyallarında dəfələrlə canlandırdığı möhtəşəm yarışda mister T.A.Hedriki məğlub edir, hər dəfə də usanmadan oyunun gedişatını dəyişir - gah zarafat edə-edə qalib gəlir, gah da sonuncu dəqiqələrdə təmtəraqla hesabda irəliləyir. Budur, o, mister Martimor Cons kimi “pirs-errou” markalı avtomobilindən düşür və Şerri Aylənd Qolf Klubunun mehmanxasında qürurla gəzişir. Budur o, heyran qalmış izdiham qarşısında tramplindən gölə tullanır və havada mayallaq aşır. Heyranlıqdan ağzı açıq qalmış izdihamın içində mister Martimor Cons da var.

Bir dəfə isə mister Cons - xəyalı yox, gerçək, canlı - Deksterə yaxınlaşdı, gözündə yaş Deksterin klubda ən yaxşı keddi olduğunu dedi. Mister Cons isə çox şeyə borcludur, çünki başı batmış digər keddilər sahədəki oyuqların sayı qədər top itiriblər.

- Xeyr, ser, - Dekster qətiyyətlə dedi. - Mən daha top arxasınca qaçmaq istəmirəm. - Susdu, sonra əlavə etdi: - Artıq böyümüşəm.

- Sənin heç on dörd yaşın yoxdur, lənətə gələsən, niyə elə bu gün getmək qərarına gəldin? Sən axı gələn həftə mənimlə Ştatdakı yarışa getməyə söz vermişdin.

- Xeyr, ser, mən qərara gəlmişəm ki, artıq böyümüşəm.

Dekster “Bir nömrəli keddi” nişanını təhvil verdi, məvacibini aldı, evlərinə - Qara Ayı qəsəbəsinə yollandı.

- İndiyə kimi gördüyüm ən yaxşı keddi, - həmin gün günorta içki içərkən Mister Martimor Cons dedi: - Heç vaxt top itirməyib! İşə canyandıran! Ağıllı! Sakit! Yaxşılıq bilən!

Bütün bunların yeganə səbəbkarı on bir yaşlı qız idi - bəzi qızlar kimi həm gözəl, həm də çirkin ördək balası. Belə qızlara bir neçə ildən sonra kişilərin çoxuna eşidilməmiş əzablar vermək nəsib olacaq. Qığılcam, lakin hiss oluna bilən! Güləndə dodaqlarının küncü aşağı düşən gülüşündə və ehtiraslı gözlərində - Tanrı günahımdan keçsin! - şeytanilik var idi. Bu cür qadınlarda həyat eşqi tez oyanır. Məhz, həyat eşqi çərçivədəki parıltıya bənzər bu varlıqda coşub-daşırdı.

Hövsələsizliyindən o, sahəyə düz doqquzda ağ kraxmallı don geyinmiş dayəsinin müşayiəti ilə gəlmişdi. Dayə içində beş təzə qolf çubuğu olan kətan çantanı daşıyırdı. Dekster onu birinci görəndə o, çox hirslənmişdi və bunu gizlətmək üçün qeyri-təbii səslə dayə ilə danışırdı, söhbəti yersiz ağız-burun əymələrlə bəzəyirdi.

- Gözəl gündür, Hilda, - Dekster onun səsini eşitdi. O, dodaqlarının küncünü aşağı əydi, gülümsədi, ətrafına göz gəzdirdi, ani olaraq Deksterə nəzər saldı.

Sonra dayəsinə dedi:

- Yaxşı, güman edirəm, bu gün burda çox adam olmaz, elə deyilmi?

Yenidən gülüş - nəşə saçan, süni, heyrətamiz...

- Bəs indi nə edək? - ətrafa göz gəzdirərək dayəyə dedi.

- Hər şey yaxşıdır. Mən indi hər şeyi təşkil edəcəm.

Dekster ağzı açıq halda dayanmışdı. O bilirdi ki, bir addım atsa, qız ona baxdığını görəcək, geriyə addım atsa, qızın üzünü yaxşı görməyəcək. Bir anlıq Dekster onun yaşının nə qədər az olduğunu anladı. Sonra onu keçən il bir neçə dəfə uşaq paltarında gördüyünü xatırladı. Qəflətən o, qeyri-ixtiyari güldü, özü-öz gülüşündən diksindi və qaçıb getdi.

- Ay oğlan...

Dekster dayandı.

- Oğlan!

Bu azmış kimi, bu mənasız gülüş də ona ünvanlanmışdı, neçə-neçə kişinin qocalanda da unutmayacağı gülüş.

- Oğlan, qolf təlimçisinin harada olduğunu bilirsən?

- O dərsdədir.

- Baş təlimçini haradan tapa bilərəm?

- Hələ gəlməyib.

- Ah. - Bir anlıq bu onu çıxılmaz vəziyyətə saldı. O, növbə ilə sağ, sonra sol ayağına söykəndi.

- Bizə keddi lazımdır, - dayə dedi. - Missis Martimor Cons bizi qolf oynamağa göndərdi, biz isə keddisiz nə edəcəyimizi bilmirik.

Bu anda miss Consun məşum baxışlarından sonra dayə susdu, lakin bu baxışların ardınca Deksterin yaxşı tanıdığı gülüş göründü.

- Burada məndən başqa keddi yoxdur, - Dekster dayəyə dedi, - mən də təlimçi gələnə qədər hər şeyə nəzarət etməliyəm.

- A-a.

Miss Cons öz məiyyəti ilə uzaqlaşmışdı, Deksterdən münasib uzaqlıqda onların arasında qızğın mübahisə başladı, nəticədə miss Cons qolf çubuqlarından birini götürüb yerə atdı. Daha sonra o, çubuğu yenidən götürdü və dayənin düz sinəsindən vurmaq istədi, dayə çubuğu tutub qızın əlindən aldı.

- Lənət sənə, alçaq qoca! - özünü saxlaya bilməyərək miss Cons qışqırdı.

Onlar yenə mübahisə etməyə başladılar. Dekster bu səhnənin necə komik göründüyünü düşünərək bir neçə dəfə güldü. Qızın haqlı olduğu fikrindən yaxa qurtara bilmirdi.

Kim bilir, təlimçi gəlməsəydi, hər şey necə bitəcəkdi. Dayə təlimçiyə dedi:

- Miss Consa keddi lazımdır, bu oğlan isə etiraz edir.

- Mister Mak-Kenna siz gələnə qədər buradan ayrılmamağımı tapşırdı, - Dekster tez dedi.

- O, artıq buradadır. - Miss Cons ehtiyatla təlimçiyə gülümsədi. Sonra o çantasını yerə atdı və ağayana ilk işarələnmiş yerə getdi.

- Nə edək? - təlimçi Deksterə tərəf çöndü. - Orda müqəvva kimi nə durmusan? Get, gənc xanımın çubuqlarını götür və ardınca get.

- Xeyr, mən bu gün işləmirəm.

- Nə? Necə yəni işləmirəm...

- Mən ümumiyyətlə artıq burada işləməyəcəm.

Bu qərar o qədər dəhşətli idi ki, Dekster özü qorxdu. O ən yaxşı keddi idi, yay ərzində burada otuz dollar qazana bilərdi. Lakin o, güclü emosional zərbə almışdı və qarışıq duyğuları ondan elə indicə dönüşü olmayan addım atmağı tələb edirdi.

Əslində hər şey daha mürəkkəb idi. Həm də bu gələcəkdə dəfələrlə təkrar olunacaqdı. Dekster şüursuz halda öz qış arzularına boyun əyərək qərar qəbul etdi.

 

II

 

İndi, əlbəttə ki, bu qış arzularının məziyyəti dəyişmişdi, amma məğzi dəyişməmişdi. Bir neçə ildən sonra onlar Deksteri inandırmışdı ki, Dövlət Universitetinin biznes fakültəsinə qəbul olmağa - atası təhsil haqqını ödəmişdi - deyil, qarşılaya bilmədiyi maddi ehtiyaclarına görə sıxıldığı, Şərqdə ən qədim və məşhur universitetdə oxusun. Amma sizdə elə təəssürat yaranmasın ki, o, bunu onda yaranan snobist duyğuların təsiri ilə etmişdi. Sadəcə elə alındı ki, onun qış arzularına ilk öncə zəngin olmaq haqqında planlar daxil idi - o, bərq vuran əşyalarla və bərq vuran insanlarla əlaqəni istəmirdi. O, parıltının özünü istəyirdi. Tez-tez bunu nə üçün istədiyini bilmədən ən yaxşısına nail olurdu və bəzən həyatın şərait yaratdığı sirli maneələrlə və qadağalarla rastlaşırdı. Bu, o imtinalardan biridir və onun iş həyatı ilə, bu hekayədə olduğu kimi, bağlı deyildi.

O, çox pul qazandı. Bu çox təəccüblü idi! Kollecdən sonra zəngin himayədarları Qara Ayı gölünə cəlb edən şəhərə köçmüşdü. Hələ iyirmi üç yaşı olanda, hələ iki il keçməmiş onun haqqında “Bu oğlanın gələcəyi parlaqdır” deyən insanlar var idi. Ətrafda varlı adamların oğulları gözlənilmədən riskli istiqrazlar alır və ya qəflətən ata-baba mülkünü sərmayəyə çevirir və ya Corc Vaşinqton Ticarət Kursunda dərəcə almaq üçün yorulmadan çalışırdı, Dekster isə universitet diplomu və inamlı olmağı sayəsində min dollar borc götürdü və şərikli camaşırxana aldı.

Dekster ilk dəfə ora gedəndə ora balaca bir camaşırxana idi. Lakin Dekster ingilislərdən qəşəng qolf corablarını qırışdırmadan yumağı öyrəndi və bir ilin içində brici-minikçi şalvarı geyənlərdən ibarət xeyli müştəri yığdı. Kişilər israr edirdilər ki, Şetland corabları və sviterləri qolf toplarını tapan keddinin camaşırxanasında yuyulsun. Az sonra onun camaşırxanasında qadın alt paltarları da yuyulmağa başlanıldı. Şəhərin mərkəzində daha beş şöbə açmışdı.

İyirmi altı yaşı olmamışdan əvvəl ölkədə böyük camaşırxana şəbəkəsi var idi. Daha sonra o hər şeyi satdı və Nyu Yorka getdi. Onun həyatının bizi maraqlandıran hissəsi onun ilk böyük uğurlar qazandığı dövrdür.

İyirmi üç yaşı olanda mister Hart - “Bu oğlanın gəlcəyi parlaqdır” deməyi xoşlayan boz saçlı kişilərdən biri idi - ona Şerri Aylənd Qolf Klubuna həftə sonu üçün qonaq kartı vermişdi. Beləliklə, bir gün o, qeydiyyatdan keçdi və günorta  mister Hart, mister Sendvud və mister T.A.Hedrik ilə dörd nəfərlik qolf oynamağa başladı. O, bir vaxtlar bu qolf meydançasında mister Hartın çantasını daşıdığını və hər oyuq və yarğanı əzbər bildiyini deməyi lazım bilmədi, amma bir də gördü ki, onların arxasınca gələn dörd keddiyə baxır. Dekster keddilərdə özünü xatırladacaq, keçmişi və bu günü arasındakı boşluğu dolduracaq hərəkət və ya işartı tapmağa çalışırdı.

Qəribə sürəksiz tanış təəssüratlarla qəfil zərbə vuran qəribə bir gün idi. Bir anlıq o nəyisə zəbt etdiyi hissinə qapıldı. Sonrakı dəqiqələrdə artıq yaxşı qolfçu olmayan və darıxdırıcı mister T.A.Hedrik üzərində dəhşətli üstünlüyündən təsirlənmişdi.

Sonra Mr. Hartın topu on beşinci çəmənliyin yaxınlığında itdiyindən önəmli bir hadisə baş verdi. Onlar nahamar yolun sıx ot bitən yerini axtararkən arxalarındakı təpədən “Vururam!” deyə xəbərdarlıq səsi gəldi. Onlar uçan top axtarışında qəfil təpəyə tərəf çöndülər və top mister T.A.Hedrikin qarnına dəydi.

- Ey, - mister T.A.Hedrik qışqırdı. - Lap ağ elədiniz. Bu çılğın qadınlardan bəzilərini meydançadan çıxartmaq lazımdır.

Təpənin başından səs və səsin sahibi gəlirdi.

- Sizi ötsək, etiraz etməzsiniz ki?

- Düz qarnıma vurdunuz! - mister Hedrik qışqırdı.

- Doğurdan? - Qız kişilərə yaxınlaşd. - Üzr istəyirəm, axı mən xəbərdarlıq etdim.

Qız kişiləri süzdü, sonra çəmənlikdə topu axtarmağa başladı.

- Çox uzağa atdım, görəsən?

Bu sualın təsadüfdən, yoxsa bilərəkdən verildiyini təxmin etmək qeyri-mümkün idi. Nəticədə bununla bağlı bütün şübhələr yoxa çıxdı, belə ki, təpənin başında onun oyun dostu göründü və qız ona səsləndi:

- Buradayam! Top bir yerə dəyməsəydi, düz oyuğa düşəcəkdi.

Növbəti dəfə vurmağa hazırlaşanda Dekster ona yaxından baxdı. O, mavi rəngdə zolaqlı pambıq don geyinmişdi, donun boğaz və çiyin hissəsi ağ parçayla haşiyələnmişdi, bu da onun qaralmış dərisinin rəngini vurğulayırdı. On bir yaşı olanda ehtiraslı gözləri və aşağı əyilmiş dodaqlarının küncü ilə uyuşmayan hədsiz incəliyi indi yoxa çıxmışdı. O, çox gözəl idi. Yanaqları rəsm əsərlərindəki işığa bənzəyirdi, bu rəngdən çox, canlı alov idi, sanki indicə sönəcəkdi. Bu rəng və dodaqların hərəkəti çılğın həyatın, mövcudluğun bütün ehtiraslarının sonsuzluğu təəssüratını yaradırdı. Bu təəssürat onun gözəl gözlərinin kədəri ilə qismən kölgələnirdi.

O, diqqətsiz və kəskin şəkilddə topu meydançanın o biri sonundakı oyuğa atdı. Qısa, qeyri-səmimi gülümsəyərək laqeyd şəkildə “Çox sağ olun!” deyərək növbəti işarəyə tərəf yollandı.

- Ah, bu Cudi Cons! - Cudinin qolf çubuğunu götürüb topu vurmağını gözləyərkən - onlar bir xeyli gözlədilər - mister Hedrik dedi: - Bu qizin ehtiyacı olan yeganə şey odur ki, yuxarı qaldırıb altı ay şillələyəsən, sonra köhnə atlı ordu kapitanına ərə verəsən.

- Belə bir gözəli? - otuzu təzəcə haqlamış mister Sendvud dedi.

- Gözəl? - mister Hedrik həqarətlə qışqırdı. - O, həmişə elə baxır, elə bil deyir ki, “Məni öpün!”. Öz böyük inək gözləriylə şəhərdə bir dənə də olsun, erkək buzovu gözdən qaçırmır.

Çətin ki, mister Hedrik analıq instiktinə işarə edirdi.

- İstəsəydi, yaxşı qolf oynaya bilərdi, - mister Sendvud dedi.

- Onun oyunda heç bir bacarığı yoxdur, - mister Hedrik təntənəli şəkildə söylədi.

- Onun gözəl bədən quruluşu var. - mister Sendvud əlavə etdi.

- Tanrıya şükür edin ki, topa möhkəm vurmur, - Deksterə göz-qaş edərək mister Hart dedi.

Günortadan sonra qızılının gur rənginə boyanmış və al-qırmızı ilə mavi rəngin arasında dəyişən qürub çağı başladı. Xışıltılı səslərlə dolu Qərb yayının gecəsi düşdü. Dekster Qolf Klubunun eyvanından baxdı, xəfif küləyin suyun səthində necə əsdiyini ay işığında gümüşü suları izləyirdi. Sonra ay onun dodaqlarına toxundu və göl hovuz kimi sakit və güzgü kimi dübbədüz oldu.

Dekster çimərlik paltarını geyindi və uzaqdakı bərəyə tərəf üzdü, islanmış paltarla tramplinin - ayaq basıb tullanmaq üçün yaylı taxtanın üzərinə uzandı.

Balıq hoppanır, səmada ulduz parlayır, gölün ətrafında işıqlar yanırdı. Qaranlıq yarımadadan röyal səsi gəlirdi, kimsə keçən yay, elə ondan əvvəlki illərin yayında da dillər əzbəri olmuş mahnıları ifa edirdi - “Lüksemburq qrafı”, “Çin-Çin” və “Şokolad əsgər” - su səthində səslənən röyalın səsləri çox xoşuna gəldiyi üçün, Dekster sakitcə uzanıb qulaq asırdı.

Bu şən mahnı hələ beş il əvvəl Dekster kollecin ikinci kursunda oxuyanda dəbə düşmüşdü. Bir dəfə bu mahnı tələbə ballarının birində səslənirdi, Deksterin bu ballarda iştirak etməyə imkanı yox idi, odur ki, pəncərənin altında durub qulaq asırdı. Mahnının musiqisi onun hisslərini cuşa gətirirdi, indi əldə etdiklərini düşünərkən də o, bu hissləri keçirirdi. O, indi daha aydın anlayırdı ki, axır ki, həyatın axarına düşüb və dünya bir də heç vaxt bu gecəki kimi möhtəşəm görünməyəcək.

Birdən uzun, solğun kölgə motorun əks-səda verən səsinin ətrafa yayaraq qaranlıq sahildən ayrıldı. Kölgənin ardınca suda iki ağ zolaq göründü, röyalın səsini batıran köpüklənən suyun səsiylə qayıq yanından keçdi. Dekster əlləri üstə dikəldi və yalnız sükanı idarə edən əlləri və sürətlə ondan uzaqlaşan qayıqdan ona baxan qara gözləri gördü. Qayıq gölün ortasına çatdı və məqsədsiz şəkildə gölün ortasında böyük köpük halqaları yaratmağa başladı. Sonra köpük halqalarından biri anlaşılmaz düz xətt boyunca bərəyə yaxınlaşdı.

- Kim var? - o, motoru söndürərək səsləndi. İndi o qədər yaxın idi ki, Dekster onun çəhrayı tulumdan ibarət çimərlik paltarını görə bilirdi.

Qayığın burnu bərəyə dəydi, az qalmışdı ki, qayıq çevrilsin və Dekster qıza tərəf yıxıldı. O və qız bir-birini tanıdılar.

- Siz günorta qalib gəldiyimiz o cənablardan biri deyilsinizmi? – o, soruşdu.

- Bəli.

- Bəs siz motorlu qayığı idarə edə bilirsiniz? Əgər bacarırsınızsa, zəhmət olmasa, buyurun sükan arxasına, mən də burada oturum. Mənim adım Cudi Consdur... - O, Deksterə mənasız qeyri-təbii gülüş bəxş etdi, o nə qədər süni gülümsəsə də, onun təbəssümü yöndəmsiz görünə bilməzdi, Cudinin təbəssümü heyranedici idi.

- Mən, bax orda, Şerri Aylənddə yaşayıram və məni evdə gözləyən var. Biz maşınla evə çatanda mən qayığa minib qaçdım. O, mənim onun idealı olduğumu deməməliydi.

Balıq üzürdü və yuxarıda - göydə uluzlar parlayırdı, gölün ətrafında işıqlar yanırdı. Dekster Cudi Consun yanında oturmuşdu və qız ona qayığı necə idarə etməyi izah edirdi. Sonra o, suya girdi və sörfinq lövhəsinə tərəf üzdü. Uçan qağayı və ya küləyin təsirindən dalğalanan ağac budağı kimi onun hərəkətləri də göz oxşayırdı. Onun gündən qaralıb Kaliforniya fındığına oxşayan qolları gümüşü ləpələrin arasında çevik hərəkətlər edirdi - suyun üzərində dirsəyi görünür, sonra su damcıları ilə bərabər bazu sümüyü və əli, sonra o, əllərini irəli uzadır və bir anda suyu yararaq üzür.

Onlar göldən uzaqda idilər, arxaya baxarkən Dekster gördü ki, qız artıq lövhəyə çıxıb və dizi üstə dayanıb, lövhənin ön hissəsi suyun üstündə şaxə qalxıb.

- Sürətlə, - o dedi, - bacardığınız qədər sürətlə!

O, itaətlə lingi irəli doğru sıxdı və o dəqiqə qayığın önündə ağ köpük çağladı. O, yenidən ətrafa baxanda qız sürətlə hərəkət edən lövhənin üzərində ayaq üstə dayanmışdı, əllərini yanlara doğru açmış və üzünü səmaya tərəf tutmuşdu.

- Dəhşət soyuqdur! - o pıçıldadı. - Adınız nədir?

Dekster adını dedi.

- Sabah bizə nahara gələrsiniz?

Onun ürəyi qayığın nizam-çarxı kimi fırlandı və artıq ikinci dəfədir ki, onun təsadüfi şıltaqlığı bütün həyatını dəyişdi.

 

III

 

Növbəti gecə onun aşağı düşməsini gözləyərkən Dekster xalçalarla döşənmiş qonaq otağında - ona bitişik olan Deksterdən qabaq Cudi Consu sevən gənclərlə dolu olduğu şüşə eyvanda dayanmışdı. Dekster bilirdi, onlar necə adamlardır - səliqəli geyimdə, sağlam həyat tərzi sürən günəş vannası qəbul etmiş gənclər tanınmış məktəblərdən Deksterin oxuduğu universitetə daxil olur. Dekster hiss edirdi ki, müəyyən mənada bu gənclərdən heç də pis deyil. O, bir az dolu bədənli və güclüdür. Amma yenə də öz-özünə etiraf edirdi ki, öz uşaqlarını bu gənclər kimi görmək istəyir. Bununla da başqa bir şeyi - o, sadəcə kobud, möhkəm kök olacağını, uşaqlarının ondan başlanğıc götürəcəyini - qəbul etdi.

Dəbli kostyumlar geyinmək növbəsi ona çatanda o, Amerikanın ən yaxşı dərzilərini artıq tanıyırdı və Amerikanın həmin ən yaxşı dərziləri bu gecə əynindəki kostyumu tikmişdilər. O, ciddi və təmkinli idi. Bu onun bitirdiyi universitetin məzunlarını fərqləndirən özəllik idi. O təmkinli olmağın faydasını bilirdi və ona riayət edirdi, başa düşürdü ki, öz hərəkətlərində və geyimində sərbəst olmaq istəyirsə,özünə inamlı olmalıdır. Bu sərbəstlik onun uşaqlarında da olar, yəqin. Onun anasının qızlıq adı Krimlix idi. O, Bohemiyalı kəndlinin qızı idi və ömrünün sonuna kimi ingilis dilini doğru-dürüst öyrənə bilmədi. Onun oğlu çox qabağa qaçmasın.

Yeddiyə işləmiş Cudi Cons aşağı düşdü. O, kifayət qədər örtülü mavi ipək don geyinmişdi. Bir anlıq Dekster təəssüf etdi ki, o ziyafət donu geyinməyib. Bu həssas hiss, o, Deksterlə qısaca salamlaşıb, bufetin qapısına tərəf gedib və qapını açıb “Marta naharı verə bilərsiniz” deyəndə daha da artdı. O, isə elə təsəvvür edirdi ki, eşikağası yeməyin hazır olduğunu elan edəcək, yeməkdən öncə kokteyl olacaq. Tezliklə o, bu düşüncələri unutdu, çünki onlar yan-yana oturub, bir-birinə baxmağa başladılar.

- Atam və anam olmayacaqlar, - Cudi fikirli halda dedi.

O, Cudinin atasını axırıncı dəfə nə vaxt gördüyünü xatırladı və sevindi ki, bu gecə burada yoxdur - onlar Deksteri tanıya bilərdilər. O, deyəsən, əlli mil Şimalda Minisota kəndlərindən biri Kibldə doğulub. O, doğulduğu yer kimi Qara Ayı qəsəbəsini deyil, Kiblin adını çəkə bilərdi. Lakin dəbdəbəli kurorta xidmət edən və tərslikdən çox yaxında yerləşən qəsəbədə böyüdüyünü demək elə də xoş deyildi.

Onlar Deksterin oxuduğu və Cudinin son iki il ərzində tez-tez ballarda olduğu universitet və şəhər haqqında söhbət edirdilər. Bu şəhərdən Şerri Ayləndə tanınmış simalar istirahət etməyə gəlirdilər və sabah Dekster bu şəhərə - öz çiçəklənən çamaşırxanalarına qayıtmalı idi.

Nahar vaxtı Cudi kədərli görünürdü və bunu duyan Dekster özünü itirdi. Cudinin öz səsiylə büruzə verdiyi hövsələsizliyi Deksteri narahat edirdi. O, gülümsəyəndə - Deksterə,  toyuq qaraciyərinə, heç nəyə - onu narahat edirdi ki, bu gülüşdə nə şadyanalıq var idi, nə də əyləncə. Onun al dodaqlarının küncləri aşağı doğru əyiləndə sanki dodaqlar gülümsəmir, öpülmək istəyirdi.

Nahardan sonra Cudi onu qaranlıq şüşə eyvana apardı və abu-havanı qəsdən dəyişdi.

- Ağlamağın gəlir, - o dedi.

- Canınızı sıxdım? - Dekster tələsik cavab verdi.

- Heç də. Sevimlisiniz. Sadəcə dəhşətli bir gün yaşadım. Bir nəfər xoşuma gəlirdi, lakin günorta etiraf etdi ki, bir qəpiyi də yoxdur. Əvvəllər o, bu haqda heç nə deməmişdi. Mən sizə ifrat dərəcədə eqoist görünürəm?

- Yəqin ki, sizi itirməkdən qorxduğu üçün deməyib.

- Çox güman ki, elədir, - o, cavab verdi. Lakin o, əvvəldən səhv edib. Mən onun yoxsul olduğunu bilsəydim. Mən dəfələrlə kasıblara vurulmuşam və hamısına da ərə getməyə hazır idim. İndi də heç ağlıma da gəlmirdi ki, o, kasıbdır, onun üçün elə də ürəyim getmirdi, ona görə də belə zərbəyə dözə bilmədim. Bəs birdən qız öz sevdiyi oğlana desə ki, duldur, onda necə? Ola bilər ki, oğlanın dul qadınlara qarşı etirazı olmaz, amma yenə də... Yolun əvvəlində səhvə yol verməyək... - gözlənilmədən öz sözünü kəsdi: - Bəs siz nəçisiniz?

Dekster bir anlıq tərəddüd etdi.

- Heç kəs, - dedi. - Mənim üçün hər şey hələ qabaqdadır.

- Kasıbsınız?

- Xeyr, - səmimi dedi. - Yəqin ki, Şimal-Qərbdə yaşıdlarımın arasında mənim qədər qazanan yoxdur. Bu haqda danışmaq yaxşı deyil, lakin siz özünüz yolun əvvəlində səhv etməməyi təklif etdiniz.

Araya sükut çökdü. Sonra Cudi gülümsədi və onun dodaqlarının küncü əyilərək təbəssümə çevrildi. Deksterin gözlərinə baxaraq ona yaxınlaşdı, Deksterin nəfəsi kəsildi, gözləyərək donub qalmışdı - indi o, möhtəşəm anlar yaşayacaq, onların öpüşlərində bilinməyən, görülməyən bir şey yaranacaq. Cudi həyəcanını bol-bol, dərindən, vəd yox, gerçəklik olan öpüşlərlə ötürdü. Bu öpüşlər sonsuz aclıq yaratmırdı, heç cür sönməyən toxluq, doyma hissi yaradırdı... Bu öpüşlər qalıqsız, səxavətlə bəxş edildiyi üçün sədəqə kimi ricanı çoxaldırdı.

Çox keçmədən Dekster əmin oldu ki, hələ qürurlu, xəyalpərvər balaca oğlan olanda Cudi Consu sevib.

 

IV

 

Hər şey belə başladı - elə-belə də davam edirdi, eşq atəşi gah alovlanırdı, gah da sönürdü. Dekster özünü indiyə kimi rast gəldiyi ən prinsipsiz insanın ixtiyarına vermişdi. O, öz cismani gözəlliyini bütün cazibədarlığını hiss etməyə məcbur edirdi. Onun fəndləri rəngbərəngliyi ilə seçilmirdi, əlverişli anı gözləmirdi, gedişatı əvvəlcədən planlaşdırmırdı - onun hərəkətlərində düşüncə iştirak etmirdi. Cudi nəsə istəyəndə bütün gözəlliyini işə salaraq düz hədəfə doğru gedirdi. Dekster onu dəyişdirmək istəmirdi. Onun çatışmayan cəhətləri onun hərəkətlərinə haqq qazandıran və aliləşdirən ehtiraslı enerjisi ilə bir bütöv təşkil edirdi.

O ilk gecə Cudinin başı Deksterin çiyninə düşəndə o, pıçıldadı:

- Bilmirəm, mənə nə olub. Keçən gecə elə bilirdim, başqasını sevirəm, bu gün isə mənə elə gəlir ki, sizi sevirəm... - bu sözlər Dekster üçün çox gözəl və romantik səslənirdi. Bu heyranedici və dəyişkən varlıq ona məxsusdur. Amma bir həftə sonra Cudinin bu cəhətinin başqa tərəfini gördü. Cudi Deksteri öz avtomobili ilə piknikə apardı, şam yeməyindən sonra öz avtomobilində başqa bir adamla yoxa çıxdı. Dekster dilxor oldu və özünü zorla ələ alaraq ona müraciət edənlərə cavab verdi. Sonra Cudi onu inandırmağa çalışırdı ki, o adamla öpüşməyib, amma Dekster bilirdi ki, o, yalan danışır, amma yenə də sevindi ki, Cudi həqiqəti deməkdən çəkinərək yalan danışdı.

Hələ yay qurtarmamışdı ki, Dekster müəyyən etdi ki, onda başqa birini əvəz edən onlarla gənc Cudiyə aşiqdir. Onların hər biri nə vaxtsa digərləri ilə müqayisədə Cudinin sevimlisi olub, yarısının isə Cudi hələ də həyatını epizodik nəvazişlərlə bəzəyirdi. Görəndə ki, aşiqi həvəsdən düşüb, oyundan çıxacaq, Cudi ona sevgi dəqiqələri bəxş edirdi, sonra da həmin aşiq daha bir il onun arxasınca sürünürdü. Cudi zavallı və köməksiz aşiqlərinə qarşı bu çapqınlığı pis niyyətlə etmirdi, həqiqətən də öz hərəkətlərinin mənfi tərəflərini görmürdü.

Şəhərə təzə adam gələndə köhnələr yaddan çıxırdı - bütün görüşlər qeyri-ixtiyarı təxirə salınırdı.

Bununla mübarizə aparmaq mənasız idi, çünki hər şey Cudidən asılı idi. Cudi o qızlardan deyildi ki, onu yola gətirmək mümkün olsun, onunla mübarizədə nə ağıl, nə də cazibə işə yarayırdı, əgər kimsə ona qarşı güclü həmləyə keçsə, o, dərhal bu əlaqələri sırf mənəvi yönə istiqamətləndirirdi və bu güc onun təkrarolunmaz gözəlliyindən irəli gəlirdi, buna görə də ən güclü və ən tədbirli aşiqləri də öz istəklərindən vaz keçərək onun qaydalarını qəbul edirdi. Cudini yalnız öz cazibədarlığı sayəsində öz istəklərinə nail olmaq əyləndirirdi. Bəlkə də onun həddindən artıq gənc aşiqi var idi, o da onlardan qorunmağa çalışarkən özündən başqa heç kəsə möhtac olmamağı öyrənmişdi.

Deksterin ilk sevdiyi günlərin sonrası narahatçılıq və qeyri-məmnunluqla əvəz olundu. Özünü unudub Cudidə yox olan Dekster hiss edirdi ki, onun bu köməksiz ekstaz vəziyyəti onu xilas etmir, onda asılılıq yaradır. İşlərinin bəxti onda gətirdi ki, qışda bu ekstaz vəziyyətlər Deksterə az-az qismət olurdu.

Tanışlıqlarının əvvəlində onların bu münasibəti güclü və qarşılıqlı idi, avqustun o üç günü, üç uzun axşam Cudinin kölgəli eyvanında, gündüzləri qəribə, adamı taqətdən salan öpüşlər, kölgəli otaqlarda və ya bağda, ot basmış çardaq səhər saat üçdə Cudi sübh kimi gümrah olarkən, günün nur saçan vaxtı onun baxışlarını utancaqlıqla qarşılayarkən. O, nişanlı kimi xoşbəxt idi, amma əslində nişanlı olmamağını anladığından daha dərindən duyurdu bu hissləri.

İlk dəfə elə bu üç gündə Cudiyə evlənmə təklifi etmişdi. O isə: “Nə vaxtsa bəlkə...”, sonra “Öp məni”, sonra “Səninlə evlənmək istəyirəm”, sonra ”Səni sevirəm” dedi, sonra... sonra,  daha heç nə.

Dördüncü gün sentyabrın ortalarına qədər onun evində qalan nyu-yorklu birinin gəlişi ilə sona çatdı. Onların nişanlanması haqqında gəzən şayiələr Deksterə əzab verirdi. Oğlan böyük trest kompaniyasının prezidentinin oğlu idi. Lakin ayın axırı məlum oldu ki, Cudi darıxır. Balların birində Cudi bütün gecə köhnə aşiqlərindən biri ilə bütün gecə motorlu qayıqda əyləşib, nyu-yorklu qonaq isə bütün klub boyu onu axtarıbdı. Cudi köhnə aşiqinə demişdi ki, qonağın əlindən lap təngə gəlib, iki gün sonra o, çıxıb getdi. Cudini qonaqla vağzalda görmüşdülər, deyilənə görə, qonaq matəmə batmışdı.

Beləcə, yay bitdi. Deksterin iyirmi dörd yaşı var idi və o, istədiyini eləyə bilərdi. O, iki şəhər klubuna gəlib-getməyə və onlardan birində yaşamağa başladı. Öz yaşıdlarından fərqli olaraq klub ballarında tez-tez iştirak etmirdi, yalnız Cudi Consun iştirak etdiyi ballara gedirdi. Dekster hamının sevimlisi idi - o, münasib ər sayılırdı və qızları olan uğurlu iş adamlarının diqqət mərkəzində idi. Deksterin açıq-aydın Cudiyə olan sədaqətini qoruması ona olan hörməti daha da artırırdı. Lakin o, hamının sevimlisi olmağa can atmırdı, cümə axşamları və şənbə günləri rəqs meydançalarında bir-birini itələyən, gənc evli cütlüklərlə nahar edənlərə nifrət edirdi. Dekster artıq şərqə - Nyu-Yorka köçmək haqqında düşünürdü. Cudi Consu da özü ilə aparmaq istəyirdi. Cudinin böyüdüyü dünya onu nə qədər təəssüfləndirsə də, Cudinin gözəlliyi qarşısında gücsüz idi.

Bunu unutmayaq, yoxsa onun Cudinin uğrunda nələri qurban verdiyini anlaya bilmərik.

Cudiylə ilk tanışlığından on səkkiz ay sonra o, başqa qızla nişanlandı. Onun adı Ayrin Şirer idi və atası Deksterin parlaq gələcəyinə inananlardan biri idi. Ayrin sarı saçlı, şirin və təvazökar dolu bədənli bir qız idi, onun iki adaxlası var idi, lakin Dekster ona evlilik təklifi edəndə o, nəzakətlə o birilərindən imtina etdi. Yay, payız, qış, yaz, daha bir yay və daha bir payızı Dekster Cudi Consun islaholunmaz dodaqlarına həsr etdi. O, Deksterə maraqla, həvəslə, acıqla, laqeydliklə, saymazyana qarşılıq verirdi. Cudi Deksteri o qədər təhqir etmiş, alçaltmışdı ki, sanki nə vaxtsa ondan xoşlandığının qisasını alırdı Deksterdən. Onu öz toruna salıb, o saat da bezirdi, yenidən özünə cəlb edirdi, bu zaman Deksterin qəlbində nifrət və kin oyanırdı. Cudi ona böyük xoşbəxtlik bəxş etmiş, eyni zamanda dözülməz mənəvi iztirablara duçar etmişdi. Dekster ona görə nələrə gedir, nələri qurban vermirdi. Cudi onu təhqir edir, ayaqlar altına atır, öz işinə laqeyd yanaşmağa vadar edirdi - elə-belə, öz kefi üçün. Lakin bir şeyi heç vaxt etmirdi - Deksteri tənqid. Deksterin fikrincə, bunu ona qarşı göstərdiyi həyasız və səmimi laqeydliyi korlamaq istəmədiyindən edirdi.

Payız yenə gəldi və Dekster ilk dəfə düşündü ki, Cudi Cons onun tayı deyil. Uzun müddət sonra özünü buna inandırmağa çalışdı və axırda bu fikirlə barışdı. Gecələr çarpayıda uzanarkən özüylə mübahisə edirdi. Cudinin ona yaşatdığı narahatlığı, əzabları xatırladı, Cudinin niyə yaxşı həyat yoldaşı olmayacağı barədə düşünürdü. Sonra onu sevdiyini etiraf edir və bu fikirlə yuxuya gedirdi. Düz bir həftə o, dəli kimi işlədi - onun telefonda zərif səsini eşitməmək üçün, stol arxasında əyləşib gözlərinə baxmamaq üçün - axşamları iş otağında masa arxasında əyləşib gələcək illər haqqında planlar qururdu.

Bir həftə sonra kluba getdi və rəqs zamanı yalnız bir dəfə Cudini rəqs etdiyi adamın əlindən aldı. Tanış olduqları gündən bu yana birinci dəfə idi ki, onunla bağda oturmağı xahiş etmədi və onun necə gözəl olduğunu da demədi. Cudinin bunun fərqinə varmaması onu kədərləndirdi. Dekster onun bu gün yeni pərəstişkarı olduğunu görəndə heç qısqanmadı da. O, qısqanamağı çoxdan tərgitmişdi. O, balda çox qaldı. Bir saatdan çox Ayrin Şirerin yanında oturdu, musiqi və kitablar haqqında danışdı. Hər ikisi haqqında çox az şey bilirdi. Amma indi o, öz vaxtının ağası idi, o, hesab edirdi ki, ona - Dekster Qrinə, gənc, eşidilməmiş dərəcədə uğurlu iş adamına belə şeyləri bilmək lazımdır.

Hadisə oktyabrda Deksterin iyirmi beş yaşı olanda baş verdi. Yanvarda Ayrinə evlənmə təklifi etdi. Nişanı iyunda elan etmək, üç ay sonra isə toy etmək qərarına gəldilər.

Minisotada qış sonsuzadək uzanır və artıq sərt küləklər mayda mülayim küləklə əvəz olunur, bütün qarlar əriyib Qara Ayı gölünə tökülür. Bu il ərzində ilk dəfə idi ki, Dekster mənəvi rahatlıq tapmışdı. Cudi Cons Florida, sonra da Hot- Sprinqsə getmişdi, kimləsə nişanlanmış, sonra ayrılmışdı. Cudidən ayrıldıqdan sonra ilk vaxtlar insanlar Cudiylə birlikdə olduğunu zənn edib ondan Cudini soruşanda Deksterin acığı gəlirdi, amma o, ziyafətlərdə Ayrin Şirerin yanında oturanda ondan artıq Cudini soruşmadılar, özləri ona Cudi haqqında danışırdılar.

Dekster artıq Cudi haqqında məlumat mənbəyi deyildi.

Nəhayət ki, may ayı gəlib çatdı. Dekster gecələr nəm, yağışla dolu qaranlıq küçə boyunca gəzir və heç bir sevincinin qalmadığını, bunun üçün çox az bir şeyin lazım olduğunu düşünürdü. Bir il əvvəl elə may ayında Cudi onu bağışlanası coşğunluğunun girdabına həbs etmişdi və bir anlıq Dekster ona inanmışdı. Necə ki, dəfələrlə onu sevdiyinə inanmışdı. O xoşbəxt anlar uğruna indiki rahatlığını qurban verərdi. O bilirdi ki, Ayrin onun üçün yalnız arxasında kölgə, uşaqları ilə danışan səs, çay süzən əl olacaq... Sevgi və alov yoxa çıxmışdı, gecələrin sehri, bir-birini əvəz edən fəsillərin möcüzəsi onun dodaqlarına uzanan, küncləri aşağı əyilmiş biçimli dodaqlar və xoşbəxtliyə çəkən gözlər. Bunlar onun yaddaşında dərin iz buraxmışdı. O qədər güclü və həyat dolu idi ki, öz sevgisini belə asanlıqla itirmək istəmirdi.

Mayın ortası yaz sınıq körpüdə bir neçə gün gecikəndə, yay fəslinə keçmək istəyərkən Dekster Ayringilin evində idi. Bir həftə sonra onların nişanı elan olunacaqdı və heç kəs bu xəbərə təəccüblənməyəcəkdi. Bu gecə universitet klubunun qonaq otağında yan-yana oturmalı, rəqs edənlərə tamaşa etməli idilər.

Dekster pillələrlə qalxıb “Ayrin”, - deyə çağırdı.

Qonaq otağından missis Şirer çıxdı.

- Salam, Dekster. Ayrinin başı ağrıyır, o öz otağına keçdi. O, sizinlə getmək istəyirdi, amma mən onu yatağa uzatdım.

- Nəsə ciddi bir şey olub?

- Xeyr. O, sabah səhər sizinlə qolf oynamağa gedəcək. Bu gecəlik onu üzrlü hesab edin, Dekster.

O, nəvazişlə Deksterə gülümsədi. Deksterlə o, bir-birinin xoşuna gəlirdilər. Dekster bir neçə dəqiqə onunla söhbət edib sağollaşdı.

Yaşadığı Universitet klubuna qayıdıb qapının ağzında rəqs edənlərə baxdı. Qapının dirəyinə söykəndi, bir-iki nəfərə başını yelləyib, əsnədi.

- Salam, əzizim.

Tanış səsi eşidəndə diksindi. Bu Cudi Cons idi, rəqs etdiyi gənci atıb gəlmişdi - Cudi Cons qızılı dondakı çini heykəl, saçında qızılı lent, paltarının ətəyindən görünən qızılı ayaqqabıda. O, zərif yanaqları qızararaq gülümsədi. İsti və işıqlı bir nəfəs zala doldu. O, smokinqinin cibindəki yumruğunu sıxdı. Birdən o, həyəcanlandı.

- Sən nə vaxt gəlmisən? - laqeydcəsinə soruşdu.

- Gedək, hər şeyi sənə danışacam.

O, çönüb getdi, Dekster də onun arxasınca. Cudi geri dönüb, bu xoşbəxtlikdən Dekster az qalırdı, ağlasın. Haradasa uzaqda Cudi sirli küçələrdə gəzir, fitnəkar musiqiyə bənzər hərəkətlər edirdi. Bütün sirli xoşbəxtliklər, bütün yeni ümidlər onunla birlikdə yoxa çıxmışdı, indi isə onunla birgə geri qayıtmışdılar.

O, yenidən qapıda göründü.

- Maşınla gəlmisən? Mən maşınlayam.

- Maşınlayam.

Qızılı paltar xışıldadı. Dekster maşının qapısını örtdü. Neçə-neçə maşına o, beləcə yaxınlaşmış, belə oturmuş, oturacağa söykənmiş, dirsəyi qapıya qoymuşdu... və gözləmişdi. Əgər onu ləkələyə biləcək biri olsaydı, o, çoxdan ləkələnmişdi - özündən başqa birisi. Onun mahiyyəti də elə bu idi.

O, özünü güclə məcbur etdi ki, maşını işə salsın. Maşını arxaya verib küçəyə çıxdı. Bütün bunların heç bir mənası yoxdur, o, öz- özünə düşünürdü. Cudi dəfələrlə belə edib və Deksteri öz həyatından silib, öz mühasibat dəftərindən düz olmayan hesabları sildiyi kimi.

O, yavaş-yavaş şəhərin aşağısıyla sürürdü, özünü elə aparırdı, sanki fikrə dalıb: küçələr boş idi, yalnız kinoteatrın yanında qələbəlik idi, bilyard zallarında arıq, sısqa oğlanlarla yanaşı, idmançılara oxşayan gənclər yığışmışdı. Barların çirkli, sarı işıqlı pəncərələrindən, salonlarından şüşə qədəhlərin cingiltisi və şillə səsləri gəlirdi.

Cudi diqqətlə ona baxırdı və sakitlik ağır yük kimi araya çökdü, lakin Dekster bu sükutu adi sözlərlə pozmaq istəmirdi. Yolayrıcında o, geriyə - Universitet klubuna döndü.

- Məndən ötrü darıxmışdın? - birdən Cudi soruşdu.

- Səndən ötrü hamı darıxmışdı.

“Görəsən, o, Ayrin Şirer haqqında bilir?” - deyə Dekster düşündü.

- Cavaba bax! - Cudi kədərsiz onu sınayıcı nəzərlərlə süzdü.

Dekster gözünü spidometrdən çəkmirdi.

- Sən əvvəlkindən yaraşıqlısan, - fikirli halda Cudi dedi. - Gözlərini unutmaq olmur, Dekster.

Cavab olaraq Dekster gülə bilərdi, amma gülmədi. Bu cür təriflər yalnız birinci kurs tələbələrinə təsir edə bilərdi.

Lakin Deksterin qəlbi riqqətə gəldi.

- Mən hər şeydən bezmişəm, əzizim.

O, hamıya belə müraciət edirdi - “əzizim” - etinasız və dostcasına, amma hər kəsə aid xüsusi intonasiyası var idi bu, kəlmənin.

- İstəyirəm mənimlə evlənəsən!

Cudi bunu elə qəfil dedi ki, Dekster özünü itirdi. O, indi Cudiyə deməlidir ki, başqasıyla evlənməyə hazırlaşır, lakin bunu bacarmırdı. Necə ki, and içə bilməzdi ki, onu heç vaxt sevməyib.

- Məncə, biz yola gedərik, - eyni tonla davam etdi, - əgər məni unudub, başqasına vurulmamısansa.

Onun təkəbbürü həqiqətən də sonsuz idi. İndi o, əslində demək istədi ki, buna heç vaxt inanmaz, əgər o, təzə eşqə düşübsə, bunu Cudini qısqandırmaq üçün edib. Cudi onu bağışlayacaq, çünki bunlar hamısı boş şeylərdir.

- Əlbəttə, sən məndən başqa heç kəsi sevə bilməzdin, - davam etdi. - Məni necə sevməyin xoşuma gəlir, Dekster. Keçən il olanları unutmusan?

- Xeyr, unutmamışam.

- Elə mən də.

Bu nə idi - səmimi bir hərəkət, yoxsa Cudi öz oyununa aldanıb?

- İstərdim ki, yenidən həmin anlar olsun! - dedi və Dekster özünü cavab verməyə məcbur etdi.

- Düşünmürəm ki, hər şeyi geri qaytara bilərik.

- Bəli, yəqin ki, bu, mümkün deyil. Eşitdiyimə görə, Ayrin Şirerin arxasınca düşmüsən.

Cudi bu adı vurğulamadan tələffüz etdi, Dekster birdən utandı.

- Ah, məni evə apar, - Cudi birdən ağladı. - Mən yenidən o axmaq uşaq-muşaqla rəqs etmək istəmirəm.

Sonra qəsəbəyə tərəf dönəndə Cudinin öz-özünə sakitcə ağladığını gördü. O, Cudinin ağlamağını indiyə kimi görməmişdi.

Qaranlıq küçə işıqlandı, onları zəngin qəsrlər əhatə etməyə başladı. Dekster maşını Martimer Consun heyranedici, cah-cəlallı, rütubətli ay işığının əzəməti ilə büsbütün işıqlanmış nəhəng ağ evinin qarşısında saxladı. Qəsrin böyüklüyü onu vahimələndirdi. Möhkəm divarlar, dəmir kərənlər, onların eni, dirəkləri, ehtişamı onun içində yaşayan Cudi adlı gözəlliklə ziddiyyət təşkil edirdi. Ev Cudinin zərifliyini vurğulamaq, kəpənək qanadlarının necə bir qasırğa yarada biləcəyini göstərmək üçün bu qədər ehtişamlı idi.

O, tamamilə hərəkətsiz oturmuşdu, bilirdi ki, tərpənsə, Cudini öz qollarında görəcək. Cudinin nəm yanağında iki damla yaş axdı və üst dodağında titrəyərək qaldı.

- Mən başqalarınından daha gözələm, - o, kədərlə dedi. - Niyə mən xoşbəxt ola bilmirəm? Onun dolmuş gözləri Deksterin qətiyyətini öldürürdü. Dodaqlarının küncləri yavaş-yavaş ifadə olunmaz matəmlə aşağı əyildi.

- Əgər razı olsan, səninlə evlənmək istəyirəm, Dekster! Yəqin, düşünürsən ki, mən buna layiq deyiləm, amma mən sənin istədyin kimi olacam, Dekster.

Nifrət, qürur, kin, zəifliklə dolu milyonlarla tənbeh və etiraflar onun dodaqlarında səslənməyə can atırdı. Sonra qarşısıalınmaz sevgi dalğası üzərindən keçdi və ağıl, şübhələr, ədəb-ərkan, şərəfdən nə qalmışdısa, özüylə yuyub apardı. Danışan onun sevdiyi qız idi. Onun özününkü, gözəli, onun qüruru.

- İçəri girməyəcəksən? - Cudinin tez-tez nəfəs aldığını eşitdi.

Hər ikisi gözləyir.

- Yaxşı, - onun səsi titrədi. - Gəlirəm.

 

V

 

Qəribədir ki, hər şey bitəndən sonra nə ilk günlər, nə də uzun müddət sonra Dekster o gecəyə görə təəssüf hissi keçirmirdi. Cudinin bu həvəsinin bir ay çəkməsinin on il sonra heç bir mənası olmayacaqdı. Məgər önəmlimidir ki, Cudiyə güzəştə gedərək özünü daha böyük əzablara düçar etdi, Ayrin Şirer və Deksteri öz oğlu kimi sevən valideynlərini təhqir etdi.

Ayrinə qarşı hissləri o qədər də dərin deyildi ki, onun yaddaşında iz buraxsın.

Qəlbinin dərinliklərində Dekster realist idi. Şəhər camaatının onun haqqında nə deyəcəyi vecinə deyildi - ona görə yox ki, bu şəhəri tərk edəcəkdi, hər kənar fikir gerçəyi yalnız səthi əks etdirə bilərdi. Cəmiyyətin fikrinə qarşı tamamilə laqeyd idi. Anlayanda ki, hər şey əbəsdir, Cudi Consun nə qəlbini ovsunlamaq, nə də onu tutub saxlamaq iqtidarında deyil. O, Cudini günahlandırmadı. O, Cudini sevirdi və sevmək üçün çox qoca olana qədər də sevəcək, lakin Cudi onun üçün deyil. Bununla da o, yalnız güclülərin bəxtinə düşən ən ağır iztirabları yaşadı, az öncə ani də olsa ən böyük xoşbəxtliyi yaşadığı kimi.

Hətta Deksterdən ayrılmaq üçün Cudinin uydurduğu yalan - guya, Cudi onu Ayrin Şirerdən ayırmaq istəmirdi - həmin Cudi ki, tək istəyi elə bu idi - Deksterdə ikrah hissi oyatmadı. O, təəccüblənməkdən, hər şeyi ironiyaya çevirməkdən uzaq idi.

Fevralda o, Şərqə getdi ki, camaşırxanaları satıb Nyu-Yorkda yerləşsin, lakin martda Amerikada müharibə başladı, bu da onun bütün planlarını pozdu. O, Qərbə - evə qayıtdı, işlərinin idarəsini şəriyinə tapşırdı və artıq aprelin sonu ölkə ərazisində təşkil olunan təlim düşərgələrinin birinə yola düşdü. O, müharibəni qəlbindəki dolaşıq hisslərdən xilas yolu kimi, bayram kimi qarşılayan minlərlə gəncdən biri idi.

 

VI

 

Bu hekayə onun həyat hekayəsi deyil, yadınızdadırsa, baxmayaraq ki, bəzən onun gənc ikən arzuladığı qış arzularından diqqətimizi yayındırmışıq. Biz o arzularla, elə Deksterin özü ilə də sağollaşmışıq. Yalnız yeddi il sonra baş verən bir hadisə qalıb.

Bu Nyu-Yorkda baş vermişdi. Dekster işlərində elə bir uğur qazanmışdı ki, onun üçün mümkün olmayan bir şey yox idi. Onun otuz iki yaşı var idi, Minnesotaya qısa səyahətdən başqa, demək olar ki, yeddi il idi ki, getməmişdi. Detroytdan Devlin adlı şəxs işlə bağlı olaraq onun ofisinə gəlmişdi və elə burada da onun həyatının bu hissəsinə nöqtə qoyan hadisə baş verdi.

- Demək, siz Orta Qərbdənsiniz? - sözgəlişi soruşdu. - Gülməlidir. Mən elə bilirdim, sizin kimi biri yüz faiz Uol-Stritdə doğulub, boya-başa çatıb. Bilirsiniz, mənim Detroytda olan dostlarımdan birinin həyat yoldaşı sizin yerlinizdir. Mən onların toyunda sağdış idim.

Onu nə gözlədiyini bilmədən Dekster ona qulaq asırdı.

- Cudi Sims, - Devlin açıq-aydın dedi. - Ailə qurmamışdan əvvəl adı Cudi Cons idi.

- Bəli, mən onu tanıyıram, - Deksteri darıxdırıcı səbrsizlik bürüdü. Doğrusu, onun ailə qurmasını eşitmişdi, sonra isə onun haqqında eşitməməyə çalışırdı.

- Çox yaxşı qızdır, - Devlin mənalı şəkildə fikrə getdi. - Zavallı!

- Niyə? - Dekster birdən şüurlu şəkildə həyəcanlandı.

- Oh. Lud Sims min yolun yolçusudur. Elə bilməyin ki, onunla pis rəftar edir, sadəcə içir və kənarda əylənir.

- Bəs o əylənmir?

- Xeyr, uşaqlarını böyüdür. Oh. O, əri ilə müqayisədə qocadır, - Devlin dedi.

- Qocadir? - Dekster qışqırdı. - Niyə axı, onun hələ iyirmi yeddi yaşı var?

Bir anlıq Deksteri küçəyə qaçmaq, qatara minib Detroyta getmək arzusu bürüdü. O, qəfil ayağa durdu.

- Yəqin işiniz var, - Devlin tələsik üzr istədi. - Mən bilmədim...

- Yox, işim yoxdur, - Dekster özünü ələ alıb dedi.- İşim yoxdur. Heç yoxdur. Dediniz onun iyirmi yeddi yaşı var... Yox, mən dedim onun iyirmi yeddi yaşı var.

- Bəli siz dediniz, - Devlin laqeydcəsinə təsdiqlədi.

- Bəs sonra?

- Nə mənada?

- Cudi Consu deyirəm.

Devlin aciz şəkildə Deksterə baxdı.

- Hər şeyi dedim. O, Cudini çox incidir. Boşanmaq istəmirlər. Cudi onun ən alçaq hərəkətlərini belə bağışlayır. Mənə elə gəlir ki, Cudi onu sevir. O, ilk dəfə Detroytə gələndə çox qəşəng qız idi.

“Qəşəng qız”- bu ifadə Deksterə gülünc göründü.

- Məgər o artıq qəşəng qız deyil?

- Ah. Belə də.

- Bura bax, - qəfil oturaraq Dekster dedi, - başa düşə bilmirəm. Gah deyirsən ki, qəşəng qız idi, gah deyirsən ki, belə də. Başa düşə bilmirəm, nə demək istəyirsən. Cudi Cons əsla qəşəng qız olmayıb. O, nadir gözəlliyə malik idi. Mən bunu hardan bilirəm? Mən onu tanıyıram. O...

Devlin nəzakətlə güldü.

- Sizinlə mübahisə etmək fikrim yoxdur. Məncə, Cudi çox yaxşı qızdır və o, mənim xoşuma gəlir. Başa düşə bilmirəm ki, Lud Sims kimi biri necə də Cudinin eşqindən dəli ola bilər, amma olub, - sonra o, əlavə etdi, - qadınların çoxu onun dərdindən divanədirlər.

Dekster Devlinə yaxından baxdı və ağlında belə bir fikir yarandı ki, bunun bir səbəbi olmalıdır, ya bu adam kordur, ya da nəsə içində gizli niyyət var.

- Qadınların çoxu tez solur, - Devlin barmaqlarını şaqqıldatdı. Məncə, siz özünüz də bunun şahidi olmusunuz. Yəqin, mən onun toy günü necə gözəl olduğunu unutmuşam. Biz tez-tez görüşürük axı. Onun qəşəng gözləri var.

Dekster kütləşdi. Həyatında birinci dəfə idi ki, sərxoş olmaq istədi. O, içində Devlinin dediklərindən nəyəsə gülürdü, amma bilmirdi, nəyə gülür və nəyə görə bu gülməlidir. Bir neçə dəqiqədən sonra Devlin getdi, Dekster kürsüyə çökdü və pəncərədən damların üstündə çəhrayı və qızılı kölgələrlə günəşin batdığı Nyu-York səmasına baxdı.

O isə düşünürdü ki, itirəcəyi bir şeyi olmadığından daha kədərin qurbanı olmayacaq - bu da daha bir itki - o, bu itkini elə dərindən duyurdu ki, sanki Cudi Cons onun arvadı olmuş, onun gözlərinin qabağında solmuşdu.

Bütün arzular yoxa çıxmışdı. İçində nəsə ölmüşdü. O, qorxu içində əlləri ilə üzünü örtdü ki, Şerri Aylənddə su şırıltısı, yolda görünən mavi əlbisə və parlayan günəşi xəyallarında canlandırsın. Onun öpüşlərindən nəmlənmiş dodaqlarını, zərif, kədərli gözləri, onun səhərlər təzə ağ kətana bənzəyən gümrahlığını...

Niyə bütün bunlar bu dünyada yoxdur? Nə vaxtsa var idi, indi yoxdur.

Uzun illər sonra o, birinci dəfədir ki, ağladı. Amma o, Cudiyə yox, özünə ağlayırdı. O dodaqların, gözlərin, əllərin qayğısına qalmadı. Qayğısına qalmaq istəyirdi, amma qalmadı. O, çox uzaqda idi və bir daha qayıda bilməyəcək. Qapılar bağlandı, günəş batdı. Zamanın hökmranlıq edə bilmədiyi xəyali gözəllikdən başqa heç nə qalmamışdı bu dünyada. O, heç kədəri də hiss edə bilmirdi, kədər də xəyallar, gənclik, həyat eşqinin bol olduğu, qışda arzular dilədiyi dünyaya məxsusdur.

- Çox əvvəllər, - dedi, - bunlar mənim dünyam idi. İndi hər şey yoxa çıxıb. Hamısı yoxa çıxıb, yoxa çıxıb. Mən ağlaya bilmirəm. Təəssüf də edə bilmirəm və bütün olanlar bir də geri qayıtmayacaq.

 

1922



[1] Keddi - qolf oyunçusunun köməkçisidir. Vəzifələrinə idman çantasının daşınması, qolf topunun tapılması və s. daxildir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM