“İcbari sığortalar haqqında” Qanunun vərəsəlik hüququnu məhdudlaşdırması Konstitusiyaya zidd hesab olunmalıdır

13:32 / 27.02.2018

Paşa Səfərov

Vəkil, hüquqşünas-ekspert

 

 

 

GİRİŞ

 

Müəyyən növ hüquq münasibətləri üzrə qanunvericiliyin müəyyən etdiyi mövcud hüquqlar və şəxsin gələcəkdə, hətta ölümündən sonra əldə edəcəyi hüquqlar mülki qanunvericilikdə nəzərdə tutulan vərəsəlik hüquq münasibətlərinin obyekti olması, həmçinin bu obyektin qanunamüvafiq qaydada konkret müəyyən dərəcəli vərəsələrə deyil, ümumi olaraq nəzərdə tutulan bütün növbə vərəsələrə aid olması faktı danılmazdır.

Hər hansı bir normativ hüququ aktın belə bir qaydanın mövcudluğunu nəzərdə tutmaması bu hüququn məhdudlaşdırılması anlamaına gəlmir. Həmçinin normativ hüquqi aktın hər hansı bir qeyd-şərt bildirməsi ölkədaxili hüquqda mövcud normativ hüquq akt səlahiyyətinə, eyni zamanda vərəsəlik hüququna zidd norma kimi qiymətləndirilməli və qanunvericilikdən kənarlaşdırılmalıdır.

 

I. Pozulmuş hüquq: məhkəməyə müraciət və nəticə

 

M.Seyid-Rzayev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (bundan sonra, məhkəmə) müraciət edərək göstərmişdir ki, 06 avqust 2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində R.İsmayılov idarə etdiyi maşınla onun bacısı S.Seyid-Rzayevanı vurmuş və nəticədə o, ölmüşdür. Bundan sonra R.İsmayılov törətmiş əmələ görə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmənin 01 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. R.İsmayılovun idarə etdiyi maşın “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra, “AzSığorta” ASC) tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. M.Seyid-Rzayev bacısı S.Seyid-Rzayevanın vərəsəsi kimi “Qanun üzrə vərəsəlik Şəhadətnaməsi” almış və bununla əlaqədar olaraq o, “AzSığorta” ASC-yə müraciət edərək bacısı S.Seyid-Rzayevanın vərəsəsi olaraq ona ödənilməli olan 5000 manat sığorta ödənişinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat 27 aprel 2016-cı il tarixli məktubla sığorta ödənişinin verilməsindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - “İcbari sığortalar haqqında” Qanun) 6.9-cu maddəsinə əsasən imtina etmişdir. Cavabdeh mübahisəli məktubunda göstərmişdir ki, sözügedən Qanunun normasına görə, M.Seyid-Rzayev bacısı S.Seyid-Rzayevanın ailə üzvü deyil, qardaşıdır, buna görə də o, Qanunda nəzərdə tutulan “ailə üzvləri” sıyahısına aid edilmir. Bundan sonra M.Seyid-Rzayev “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

 

a) birinci instansiya məhkəməsi

 

Məhkəmənin 01 iyun 2016-cı il tarixli, 2(004)-4587/2016 saylı qətnaməsi ilə iddiaçı M.Seyid-Rzayevin cavabdeh “AzSığorta” ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddiası təmin edilməmişdir.

 

Qətnamə aşağıdakı əsaslarla:

““İcbari sığortalar haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir.

Həmin Qanunun 6.9-cu maddəsinə görə, bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür.

Həmin Qanunun 7-ci maddəsinə görə, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.

Beləliklə, göründüyü kimi qanunverici məsuliyyətin icbari sığorta halında faydalanası şəxs kimi yalnız zərərçəkənin ailə üzvlərini fərdi qəza sığortasında isə faydalanan şəxs kimi faydalanan şəxslərin ailə üzvlərini və onun varislərini əhatə edir.

...M.Seyid-Rzayev “İcbari sığortalar haqqında” Qanunun 6.9-cü maddəsinə görə 06 avqust 2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş bacısı S.Seyid-Rzayevanın ailə üzvlərinin sıyahısına aid edilmir.”

 

b) apellyasiya instansiya məhkəməsi

 

Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı M.Seyid-Rzayev tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-6905/2016 saylı, 19 oktyabr 2016-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayətini təmin etməmiş, məhkəmənin 01 iyun 2016-cı il tarixli, 2(004)-4587/2016 saylı qətnaməsini dəyişdirmədən saxlamışdır.

 

Qətnamə aşağıdakı əsaslarla:

“Məhkəmə kollegiyası hesab edir ki, sığortaçı “AzSığorta” ASC-nin sığorta ödənişinin ödənilməsindən qanunun tələblərinə uyğun olaraq imtina etməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir.

...kollegiya qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanun “ailə üzvləri” anlayışını konkretləşdirib. İddiaçı mərhum bacısının qardaşı kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsində nəzərdə tutulmuş vərəsələr kateqoriyasına aid olsa da və bu əsasla da ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilsə də, o, ölən bacısının ailə üzvü statusuna malik olmadığı üçün ona cavabdeh tərəfindən haqlı olaraq sığorta ödənişinin verilməsinə imtina edilmişdir.

Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının sığorta ödənişinin ödənilməsi tələbi “AzSığorta”ASC-yə qarşı iddia qaldırmaq hüququ yaranmamasına dair də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.”

 

c) kassasiya instansiya məhkəməsi

 

Apellyasiya instansiya məhkəməsinin 01 iyun 2016-cı il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-1660/2017 saylı, 04 aprel 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətini təmin etməmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

Göründüyü kimi, birinci, apellyasiya və kassasiya instansiya məhkəməsi icbari sığortalar haqqında qanunvericilikdə nəzərdə tutulmuş “ailə üzvləri” anlayışının konkretləşdirilmiş dairəsi konteksindən çıxış edərək, iddiaçının “ikinci növbə vərəsə” olmasına baxmayaraq, onun üçüncü şəxsin (S.Seyid-Rzayevanın) “ailə üzvü” olmaması səbəbindən, onu sığorta ödənişi tələb edə bilməyən şəxs kimi qiymətləndirmişlər və bununla da şəxsin vərəsəlik hüququnu məhdudlaşdırmışlar.

 

II. Məhkəmə qərarlarına münasibət

 

Sözügedən iş üzrə mövcud məhkəmə qətnamələrini Konstitusiyanın 29-cu maddəsinin VII bəninə, Mülki Məcəllənin 1133-cü və 1159-cu maddələrinin tələblərinə uyğun olmayan hesab edərək tam həcmdə əsassız sayırıq. Belə ki, Konstitusiyanın 29-cü maddəsinin VII bəndində nəzərdə tutulmuş dövlətin vərəsəlik hüququna təminat verməsi, Mülki Məcəllənin 1133-cü maddəsində vərəsəlik hüququnun mövcudluğu, 1159-cu maddəsində şəxsin vərəsəlik hüququnun subyekti olması konteksindən çıxış edərək göstərmək niyyətindəyik ki, məhkəmələrin “İcbari sığorta haqqında” Qanuna əsaslanaraq şəxsi vərəsə olduğu halda tələb hüququnu məhdudlaşdırması özlüyündə icbari sığorta hüququnun vərəsəlik hüququnu məhdudlaşdırması anlamına gəlir.

Nəzərə alsaq ki, Konstitusiya əsas normativ hüquqi aktdır və ölkədaxili ən yüksək hüquqi qüvvəyə malikdir (Konstitusiya, maddə 147, bənd I) və qanunlar Konstitusiyaya zidd olmamalıdır (Konstitusiya, maddə 149, bənd III), o zaman “İcbari sığortalar haqqında” Qanunun 6.4-cü maddəsində mülki məsuliyyət sığortası üzrə üçüncü şəxslərin bütün növbə vərəsələrinin nəzərdə tutulmaması həmin şəxslərin vərəsəlik hüququnun məhdudlaşdırılmasıdır.

 

III. İcbari sığorta hüququnun vərəsəlik hüququna münasibəti

 

Doğrudur, Mülki Məcəllə sığorta hüququ üzrə vərəsəlik münasibətlərini qəbul edir. Belə ki, mülki məsuliyyətin icbari sığortasından fərqli olaraq digər sığorta növlərində vərəsəlik hüquq münasibətlərinin tətbiqinə, daha doğrusu vərəsəliyə icazə verilir. Məsələn, MM-in 919.1.2.1-ci maddəsinə görə, əmlak sığortası müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri bu Məcəllə ilə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir. Lakin bəzi hallar mövcuddur ki, qanunvericilik sığorta məsələlərində vərəsəslik hüququnu nəzərdə tutmur. Məsələn, sığorta olunanların təyin etdikləri şəxslərin aldıqları ödənişlər sığorta olunan vəfat etdikdə miras əmlakın tərkibinə daxil olmur.

Bundan başqa sığorta növlərinin bəzilərində vərəsəlik hüququnun məhdudlaşdırılmasına icazə verilir ki, bu da birbaşa sığortalıya (miras qoyana) məxsus bir seçimdir. Məsələn, sığortalının ailə üzvlərindən birinin (arvadının və s.) xeyrinə ölüm halı üçün bağladığı həyat sığorta müqaviləsi üzrə əldə edilən sığorta məbləği mirasa daxil edilmir. Ona görə ki, həmin sığorta məbləğini almaq hüququ müqavilədə adı göstərilən ailə üzvlərinə (üçüncü şəxslərə) məxsusdur. Bununla yanaşı bəzi hallarda sığorta məbləği mirasa daxil edilir, lakin üçüncü şəxsə verilmir. Məsələn, üçüncü şəxs sığortalıdan (sığorta etdirəndən) əvvəl öldükdə.

Bildiyimiz kimi icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur (Mülki Məcəllə, maddə 897.1) və icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir (Mülki Məcəllə, maddə 897.4).

Ölkədaxili hüquqi tarixə nəzər yetirsək şahidi olarıq ki, “İcbari sığortalar haqqında” Qanun 24 iyun 2011-ci il tarixdə qəbul olunmuşdur. Buna qədər yol-nəqliyyat hadisəsi ilə əlqədar mülki məsuliyyət üzrə mövcud münasibətləri tənzimləyən “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanun (Qanun 24 iyun 2011-ci il tarixdə “İcbari sığortalar haqqında” Qanunun qəbul olunması ilə bağlı ləğv olunmuşdur) mövcud idi. Həmin Qanunun 5-ci maddəsinə 1-ci bəndinə görə, aşağıdakılardan başqa (bu maddənin 2-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla) bu Qanuna görə sığorta və daşıma müqaviləsi üzrə tərəf hesab olunmayan, yol-nəqliyyat hadisəsi nəticəsində bütün zərər çəkən hüquqi və fiziki şəxslər, habelə onların vərəsələri (hüquqi varisləri) üçüncü şəxslər sayılırlar.

Sözügedən Qanunu hazırda qüvvədə olan olan “İcbari sığortalar haqqında” Qanun əvəz etmişdir.

“İcbari sığortalar haqqında” Qanunun prembulasına görə, bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki

məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, mülki məsuliyyətin icbari sığortası dedikdə aşağıdakı sığorta növləri başa düşülür:

a) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası,

b) daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası.

Qanunun 13.2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.

Hazırki, mövzuya uyğun olaraq göstəririk ki, Qanunun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Həmçinin Qanunun 54-cü maddəsinə görə, bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar.

Bildiririk ki, sözügedən Qanunun məhkəmələr tərəfindən tətbiq olunan 6.4-cü maddəsi ilkin görünüşdə, yəni müvafiq dəyişiklik edilmədən öncə aşağıdakı qaydada olmuşdur:

“6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir.”

Göstərilən normaya 28 noyabr 2014-cü il tarixli, 1113-IVQD saylı Qanunla dəyişiklik edilərək, 6.4-cü maddənin ikinci cümləsində birinci halda “ailə üzvləri,” sözlərindən sonra ”onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr,” sözləri əlavə edilmişdir.

Eyni zamanda sözügedən Qanunla “Bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür.” məzmunda 6.9-cu maddə əlavə edilmişdir.

Lakin bir nüansı unutmaq lazım deyil ki, hazırda qüvvədə olan AR Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin 15 avqust 1996-cı il tarixli, 453 saylı Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Təlimatın 1.9-cu bəndinə əsasən, yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkən bütün fiziki və hüquqi şəxslər, onların vərəsələri və hüquqi varisləri üçüncü şəxs hesab olunurlar.

Həmçinin Təlimatın 4.10-cu bəndinə görə, sığorta müqaviləsi üzrə tərəf hesab olunmayan, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən bütün fiziki və hüquqi şəxslər, habelə onların vərəsələri (hüquqi varisləri) üçüncü şəxs olmaqla sığorta hadisəsi nəticəsində vurulan zərər məbləğinin ödənilməsini yuxarıda qeyd olunan Qanunla müəyyən edilmiş sığorta məbləği dairəsində sığorta müqaviləsi bağlamış sığortaçıdan, zərərin qalan məbləğini isə nəqliyyat vasitəsi sahibindən tələb etmək hüququna malikdirlər.

Göründüyü kimi mövcud Təlimat “İcbari sığortalar haqqında” Qanundan öncə qəbul edilsə də, hal-hazırda qüvvədədir və onun 1.9-cu və 4.10-cu bəndləri ilə “İcbari sığortalar haqqında”

Qanunun 6.4-cü və 54-cü maddəsi ilə ziddiyyət təşkil edir. Belə ki, Təlimata görə üçüncü şəxslərin vərəsələri də üçüncü şəxs hesab olunurlar, Qanuna isə yalnız ailə üzvlərinə üçüncü şəxs statusu verir.

Beləliklə, göstərilənlərdən aydın olur ki, mülki məsuliyyətin icbari sığortası üzrə ilkin normativ hüquqi aktda üçüncü şəxslərin vərəsələrinin tələb hüququ nəzərdə tutulmuş, yeni qanunun ilkin variantında bu tələb hüququnun məhdudlaşdırılması ilə bağlı hər hanı bir müddəa nəzərdə tutulmamışdır ki, bu da vərəsəyə tələb hüququnu həyata keçirməyə mane olmurdu. Lakin qanuna 28 noyabr 2014-cü il tarixində edilmiş dəyişiklik konkret olaraq vərəsələr arasında ayrı-seçkilik yaratmışdır. Belə ki, Qanunda nəzərdə tutulan “ailə üzvləri” anlayışına aid olan insanlar Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə uyğun olaraq “birinci növbə vərəsə”lər hesab olunurlar. Buradan aydın olur ki, Qanun vərəsəlik hüququnda yalnız “birinci növbə vərəsə”lərə üçüncü şəxs statusu bağışlamışdır.

 

IV. Nəticə

 

Vərəsəlik hüququ kostitusion hüquq olmaqla məhdudlaşdırılmayan (qanunda nəzərdə tutulan hallar istisna olmaqla; məsələn, “məcburi pay” hüququ və s.) hüquqdur. Bu hüquq özünü normativ hüquqi akt şəkilində mülki qanunvericilikdə tapır və bu qanunvericiliklə bu hüquq münasibətlərinin bir sıra əlamətləri ilə yanaşı onun obyekti də müəyyən olunur. Eyni zamanda bu hüququn qanunvericilik tərəfindən ümumi olaraq məhdudlaşdırılması, həmçinin qorunması prizmasından baxsaq, bu hüququn hansısa bir qanun şəkilində məhdudlaşdırılması ümumi (əsas) norma olan mülki qanunvericiliyə və başlıcası konstitusiyaya ziddir (bu barədə yuxarıda məlumat verilmişdir).

Bundan başqa şəxsin icbari sığorta hüququnun vərəsəlik hüququnu bir sığorta (fərdi qəza sığortası) növü üzrə tanımaq, digəri (mülki məsuliyyət sığortası) üzrə məhdudlaşdırmaq halı, həmçinin bir sığorta (mülki məsuliyyət sığortası) növü üzrə vərəsəlik hüququnu yalnız “birinci dərəcəli vərəsə”lər üçün müəyyən etmək özlüyündə şəxsin vərəsəlik hüququna olan başlıca müdaxilədir ki, bu da vərəsələr arasında mövcud ayrı seçkiliyə gətirib çıxardır.

Beləliklə, hesab edirik ki, “İcbari sığortalar haqqında” Qanunun mülki məsuliyyət sığortası üzrə üçüncü şəxs qismində ölənin ailə üzvləri ilə yanaşı bütün növbə vərəsələri də (ikinci və digər növbə vərəsələr) qəbul edilməli və Qanunun 6.4-cü maddəsi vərəsələrin (ikinci və digər növbə vərəsələrin) üçüncü şəxs qismində tanınma hüququndan məhrum etmə kimi tövsif olunmamalıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
12.11.2019

Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı saxlanılıb

12.11.2019

Toya gedənlərin DİQQƏTİNƏ! Zəhərlənə bilərsiniz - VİDEO

12.11.2019

Komitə Bakıda dam örtüyü çökən yataqxana ilə bağlı məlumat yayıb

12.11.2019

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

12.11.2019

Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

12.11.2019

Noyabrın 14-15-də dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək

12.11.2019

Çin nəşri: Rusiya ABŞ-ı on dəfə məhv edə bilər

12.11.2019

Perunun Azərbaycandakı səfirliyi bağlanır

12.11.2019

Seçilmək üçün sevilmək lazımdır…

12.11.2019

DTX rəisi: 30-dan çox xarici vətəndaşın Azərbaycan ərazisindən istifadə etməklə silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısı alınıb

12.11.2019

Bakıda külək əsəcək, yağış yağacaq

12.11.2019

Azərbaycanda Konstitusiya İslahatlarının Müasir Mərhələsi: Konseptual Əsaslar və  İnnovasiyalar

12.11.2019

Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib

12.11.2019

Elşad Həsənov Yasamal rayonuna icra başçısı təyin edilib - SƏRƏNCAM

12.11.2019

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

12.11.2019

Prezident İlham Əliyev Zərdaba yeni icra başçısı təyin edib

12.11.2019

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

12.11.2019

Şirvan şəhərinə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

12.11.2019

Daha 5 istiqamətdə avtobusların gecə reyslərinin açılması planlaşdırılır

12.11.2019

Eddi Uelslə oyunu buraxacaq

12.11.2019

Bakı şəhər prokurorluğu iki nəfərin kanalizasiyada ölümü ilə bağlı məlumat yaydı

12.11.2019

İsrail Qəzzada cihadçıların liderini məhv etdi

12.11.2019

Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi

12.11.2019

Rusiyadan gələn Azərbaycan vətəndaşında beşbarmaq və bıçaqlar aşkarlandı

12.11.2019

Nazarbayev Putinlə Zelenskini görüşdürür

12.11.2019

Həbsdə olan xalası oğluna telefon aparan şəxs saxlanılıb

12.11.2019

Bu rayonda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

12.11.2019

Ukraynanın Xarici İşlər naziri Azərbaycana gələcək

12.11.2019

İcra hakimiyyəti: Nərimanovda uçqun baş verən yataqxananın sakinləri köçürülə bilər

12.11.2019

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

12.11.2019

Paralimpiya çempionu Tokio-2020-yə lisenziya qazanıb

12.11.2019

Azərbaycan nefti bahalaşıb

12.11.2019

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Konstitusiya Günü münasibətilə paylaşım edilib

12.11.2019

Tramp gülləkeçirməz şüşənin arxasından danışdı

12.11.2019

"Arsenal"dan Emeri açıqlaması

12.11.2019

İtmiş amerikan sualtı qayığı Yaponiya dənizinin dibində tapıldı - VİDEO

12.11.2019

Şətrəncçinin  gediş anı, gediş  günü...

12.11.2019

Noyabrın 12-də xarici valyutaların manata qarşı məzənnələri

12.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

12.11.2019

Cəbhədə atəşkəsi snayperlər pozdu

12.11.2019

Neft yenidən bahalaşıb

12.11.2019

Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb

12.11.2019

Konstitusiyamız və milli ideologiyamız

12.11.2019

Azərbaycanın gənc qılıncoynadanları dünya kubokunun mərhələ turnirində iştirak edib

12.11.2019

“Traktor” dünyada ən çox azarkeşə sahib futbol komandasıdır

12.11.2019

Sumqayıtda əl qumbarası və zenit top mərmisi aşkarlanıb

12.11.2019

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

11.11.2019

QNET-dən növbəti xeyriyyə aksiyası: Ərazi yaşıllığa büründü... - Fotolar

11.11.2019

Oleq Kuznetsov: Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir

11.11.2019

Bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən partiyaların sayı 13-ə çatıb