09:00 05 Dekabr 2017
624 dəfə oxunub
Çap versiyası
ŞƏFA ƏLİYEV
İqtisad elmləri doktoru, professor

Əsrin Müqaviləsi elə bir dövrdə və şəraitdə baş tutdu ki, həmin dövr Azərbaycan xalqının taleyüklü məsələlərinin həll olunduğu bir dövr idi. Ölkə iqtisadiyyatı tamamilə dağıdılmışdı. 1990-cı illərin əvvələrində müstəqilliyin bərpasından sonra hakimiyyətdə olanların səriştəsizliyindən Azərbaycanda xaos hökm sürürdü, özbaşınalıq hökmranlıq edirdi, dövlət idarəçiliyindən başı çıxmayanalar xalqı fəlakətə sürükləyirdi, qəbul olunan qərarlar isə heç bir reallığa əsaslanmırdı. Ölkədə vətəndaş qarşıdurması güclənmişdi, digər tərəfdən isə mənfur və xain ermənilər havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal etməkdə davam edirdi. İnsanlar ümidsizliyə qapılmış və sarsıntılar içində qalmışdı. Azərbaycanın dövlətçilik atributları gücləndirilməmiş və iqtisadi islahatlara başlamaq üçün zəmin yaradılmamışdı. Dövlət büdcəsi boş idi, sosial proqramlar işləmirdi. Azərbaycanın əsas sənaye sahəsi olan – neft sənayesi baxımsız vəziyyətə düşmüşdü, neft hasilatı minimum səviyyəyə enmiş, bu sahənin maddi-texniki bazası isə sürətlə zəifləyirdi. Bir sözlə, Azərbaycan həmin dövrdə çox mürəkkəb problemlərlə üz-üzə qalmışdı. İqtisadi tənəzzül güclənməklə bərabər, mövcud iqtisadi infrastruktur da dağılmaqda idi. İnsanlar belə bir dönəmdə Azərbaycan xalqının xilaskarına, dahi şəxsiyyətinə, qiymətli dühasına, görkəmli dövlət xadiminə-Heydər Əliyevə göz dikmişdilər, onun yolunu gözləyirdilər. Bütün bunların hər şeydən əvvəl yüksək vətəndaşlıq məsuliyyətini dərk edən ümummilli liderimiz Heydər Əliyev çoxsaylı baryerlərə, təhlükələrə və problemlərə baxmayaraq, xalqın xilası üçün həyatını təhlükəyə atdı, həyatının qalan hissəsini öz canından çox sevdiyi – Azərbaycan xalqına həsr etdi.


Heydər Əliyev 1993-cü ilin ortalarında ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə yığılıb qalmış mürəkkəb problemləri bir-birinin ardınca və kompleks şəkildə həll etməyə başladı. İlk növbədə, xalqın hakimiyyətə inamını geri qaytardı, xalqı ümidsizlikdən çıxartdı. İqtisadi xaotik prosesləri, xüsusilə tüğyan edən inflyasiyanı cilovladı, maliyyə-kredit sistemini və makroiqtisadi sabitliyi təmin etdi. Dövlətin idarəetmə strukturu gücləndirildi, ali qurumlar və institusional dövlət orqanlarının təşkili prosesləri sürətləndirildi. İqtisadi islahatlara hazırlıqlar görülərək başlanıldı, iqtisadiyyatın bütün sahələri üzrə sabitliyin təminatı tədbirlərinin icrasına start verildi.
Lakin, dahi Heydər Əliyev dərindən dərk edirdi ki, Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi və dünya iqtisadiyyatının tərkib hissəsinə uğurla daxil edilməsinin açarı və təməl daşı neftlə bağlıdır və neft sənayesindən asılıdır. Bunlarla baglı olaraq akademik X.Yusifzadə qeyd etmişdir ki, ölkəmizin müstəqillik illərindəki misilsiz inkişafında Azərbaycan neftinin həlledici rolu bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamıza rəhbərlik etdiyi illərdə o, neft sənayesinə ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi kimi baxmış, ona böyük önəm vermiş və neftçilərdən qayğısını heç vaxt əsirgəməmişdir. Bunu mən böyük Azərbaycan nefti uğrunda ümumilli liderimizin çoxillik gərgin mübarizəsinin şahidlərindən və iştirakçılarından biri kimi deyirəm [1]. Bu sənaye sahəsinin mahir bilicisi olan Ulu Öndər gərgin rejimdə neft sənayesinin böhrandan çıxarılması və inkişafı yollarını aramağa başladı. Ölkədəki ağır şəraitə, çoxlu problemlərin olmasına baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycanın bir dövlət kimi ən ağır taleyüklü məsələsi olan – milli resurslardan və sərvətlərdən xalqın rifahı, milli maraqlar qorunmaqla istifadəsi strategiyasını işləyib hazırlaya bildi. Beləliklə, tarix tezliklə Neft Strategiyasının mükəmməliyinə şahid olacaqdı, eyni zamanda dünya Əsrin Müqaviləsindən xəbər tutacaqdı. Amma, Heydər Əliyev çalışırdı ki, xalqımızın milli sərvəti olan neftdən istifadə şərtləri ölkəmiz üçün səmərəli olsun və gələcəkdə bu sahənin hesabına milli iqtisadi inkişaf modelini gücləndirmək potensialı formalaşdırılsın. Həmin dövrdə dünya kompaniyaları özlərinə sərf edən şərtlərdə maraqlı idilər. Lakin, Heydər Əliyev dühası bir sipər olaraq milli maraqlarımıza zidd olan halların qarşısını kəsdi. Əsrin Müqaviləsi layihəsi 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında imzalanmışdır. Bu tədbirdə Böyük Britanya, ABŞ, Türkiyə, Rusiya Federasiyası və digər ölkələrdən yüksək səviyyəli rəsmi şəxslər iştirak etmişlər. Bu tarixi imzalanma mərasimində Heydər Əliyev demişdir: Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezdentinin 21 yanvar 2013-cü il tarixli Sərəncamında qeyd edilir ki, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir[2].
Əsrin Müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ başladı. Ölkədə bazar iqtisadiyyatı mexanzimləri və infrastrukturun yaradılması prosesləri sürətləndirildi. Əsrin Müqaviləsinin icrası ilə əlaqədər olaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti təşkil olundu. Bu Şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birlikdə geniş həcmli tarixi işlərə başladı. Əsrin Müqaviləsi növbəti illərdə dünyanın 19 ölkəsinin 41 Neft Şirkəti ilə 30-dək Sazişin imzalanmasına imkan vermişdir. Azərbaycan xalqının milli sərvəti olan – karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına çıxarılmasını nəzərdə tutan Əsrin Müqaviləsi dünyada bu kateqoriyadan olan ən iri Sazişlərdən biri kimi tarixə düşmüşdür. Bu Müqavilənin bağlanması Azərbaycan iqtisadiyyatının inkişafına güclü təkan verdi, ölkəyə yeni texnologiyalar, innovasiyalar, mütərəqqi idarəetmə metodları gəlməyə başladı. Bazar iqtisadiyyatı mexanzimlərinin intensiv tətbiqi hesabına milli iqtisadiyyatın müasir fəaliyyət mexanzimləri formalaşdırıldı, sahibkarlığın və biznesin inkişafına əlverişli mühit yaradıldı. Azərbaycanda iqtisadi islahatların əsas fazasının səmərəli təşkil olunması mümkünləşdi və bu proseslərdə neft sənayesi özünün lokomotiv funksiyasını layiqincə yerinə yetirdi.
Milli iqtisadiyyatın hasilat sənayesi ilə yanaşı digər iqtisadiyyat sahələrinin – qeyri-neft sektoru sahələrinin inkişafı proseslərinin təməli qoyuldu. Neftdən gələn gəlirlərin hesabına milli iqtisadiyyatın müxtəlif sahələrinin modernizasiya prosesləri həyata keçirildi. Ölkədə geniş miqyaslı abadlıq-quruculuq işlərinin və tədbirlərinin görülməsi sürətləndirildi. Rəqabətqabiliyyətli infrastruktur şəbəkəsinin yaradılması təmin olundu. Ölkə əhalisinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində əhəmiyyətli addımlar atıldı. Xüsusilə, məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması məqsədilə geniş miqyaslı layihələr reallaşdırıldı. Ölkədə bütün çadır şəhərcikləri ləğv olundu. Məcburi köçkünlər yeni salınmış qəsəbələrdə və yaşayış massivlərində hər cür şəraitə malik mənzillərlə təmin edildilər. Əhalinin yaşayış səviyyəsi durmadan yüksəlməkdə davam etmiş, gəlirləri artmışdır.
Davamlı və sistemli, ilk növbədə Heydər Əliyev dühası, müdrikliyi və uzaqgörənliyi ilə mükəmməl hazırlanmış Neft Strategiyası əsasında neft hasilatı ilə yanaşı, təbii qaz hasilatı üzrə, həmçinin neft və təbii qazın dünya bazarlarına çıxarılması istiqamətində iri layihələrin reallaşdırılması mümkün olmuşdur. Regionun ən iri neft və təbii qaz nəqli layihələri Azərbaycanın təşəbbüsü və fəal maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və iştirakı ilə Bakı-Tbilisi-Ceyhan Neft kəmərinin 2002-ci ildə təməli qoyulmuş və 2006-cı ildə istifadəyə verilmişdir[3;4;5]. Ölkəmizdə Neft strategiyasının reallaşdırılması ilə bağlı olaraq həyata keçirilən önəmli tədbirlərin sırasında hasil olunan neft məhsullarının dünya bazarlarına çıxarılması infrastrukturunun yaradılması əhəmiyyətli yer tutmuşdur. Hələ Əsrin kontraktının icrasının ilk illərində kontrakt çərçivəsində hasil olunancaq neftin dünya bazarlarına nəqli problemləri kontrakt iştirakçılarını ciddi narahat edirdi. Bunu nəzərə alan Azərbaycan rəhbərliyi mürəkkəb və maliyyə resurslarının məhdudluğu şəraitində neft məhsullarının nəqli infrastrukturunun yaradılması proseslərinə başlamışdır. Bu məqsədlə, Beynəlxalq qurumlar, maliyyə institutları, kredit təşkilatları, müxtəlif ölkələrlə intensiv danışıqlar aparılır və neftin nəqli layihəsi üzərində işlər sürətləndirilirdi. Nəhayət, 1998-ci ilin oktyabr ayında bununla əlaqədər olaraq Ankara bəyannaməsi imzalanmışdı. Maraqlıdır ki, Azərbaycan neftinin hasilatında əhəmiyyətli fəaliyyət göstərən BP şirkəti ilk dövrlərdə bu layihənin reallığına və səmərəliliyinə şübhə ilə yanaşırdı. Amma, aparılan tədbirlər nəticəsində tezliklə neft nəqli üzrə əsas boru kəmərinin layihəsinə olan inamsızlıq aradan qaldırıldı. Müəyyən hazırlıq işlərindən sonra, nəhayət 2003-cü il sentyabr ayının 10-da boru xəttinin inşasına başlandı. Bu Azərbaycanın regionda və dünyada nüfuzunu xeyli qaldırdı və artıq Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş kimi baxılmağa başlanıldı. Qeyd edək ki, BTC-nin ümumi uzunluğu 1767 km təşkil edir. Azərbaycanın payına bu ərazinin 443 kilometri, Gürcüstanın payına – 248 kilometr və Türkiyənin payına isə 176 kilometr düşür. Kəmərin istismar müddəti 40 ilə hesablanmışdır. Bu kəmərin ötürücülük qabiliyyəti gündə bir mln. barel təşkil edir və lazım gələrsə bunun artırılması mümkündür. BTC-nin illik neft nəqli potensialı 60 mln. ton təşkil edir. Bu kəmər vasitəsilə əsas etibarı ilə Azəri-Çıraq-Günəşli yataqlarından çıxarılan neftin, həmçinin “Şahdəniz” yatağından çıxan kondensatın nəqli həyata keçirilir. BTC-nin idarə və istismar prosesləri SOCAR-ın törəmə müəssisəsi kimi fəaliyyət göstərən Bakı-Tibilisi-Ceyhan boru kəməri Kompani ( BTC ko) 11 səhmdar tərəfindən təşkil olunmuşdur və ən iri səhmdar olan BP tərəfindən idarə edilir. Azərbaycan BTC Ko-da 25 %-lik paya malikdir. Bu kompaniyanın maliyyə vəsaitləri və maliyyələşdirmə məsələləri Dövlət Neft Fondu tərəfindən həyata keçirilir. BTC üzrə neftin nəqlinə 2006-cı ildə başlanılmışdır. BTC təkcə neftin nəqli kimi mühüm əhəmiyyət kəsb etmir, həm də Azərbaycanın Gürcüstan və Türkiyə ilə birlikdə sıx həmrəyliyini, regionun və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın vacib tərəfdaş olduğunun təcəssümü kimi dəyərləndirilir.
Müstəqilliyin bərpasından sonra Azərbaycanın qarşısında duran tarixi vəzifələrdən biri kimi neft-qaz sektorunun milli maraqlar və milli iqtisadi maraqlar çərçivəsində təmin edilməsi idi. 1994-cü ildə Əsrin Müqaviləsi quvvəyə mindikdən sonra Azərbaycan uğurla və intensiv şəkildə Neft Strategiyasının yerinə yetirilməsinə nail oldu. Bu proseslərdə ikinci bir mühüm məsələ neftlə yanaşı, ölkəmizin təbi qaz yataqlarının istismarının sürələndirilməsi, bu sahələrə yüksək texnologiyaların gətirilməsi və nəhayət Azərbaycan nefti ilı yanaşı, Azərbaycan qazının dünya bazarlarına çıxarlmasının təmin edilməsi idi. Tarix göstərdi ki, Azərbaycan özünün bu strateji yanaşmalarında yanılmayıb. Neft layihələri üzrə Azərbaycan özünün üstün komponentlərindən istifadə etməklə, tezliklə dünya bazarlarına çıxmağa başladı və əldə edilən valyuta vəsaitləri digər iri layihələrin, o cümlədən təbii qazın hasilatı və dünya bazarlarına çıxarılması perspektivlərini açdı. Artıq dünya ölkələri də, xüsusilə Avropa Birliyi ölkələri Azərbaycanı özlərinin enerji sahəsində etibarlı tərəfdaşı kimi qəbul etmişlər. Bu amillər nəzərə alınmaqla, ildən-ilə istehsalı artan təbii qazın dünya bazarlarına, xüsusilə ilk növbədə Türkiyəyə, oradan isə Avropa ölkələrinə ixracının – nəqlinin təmin edilməsi üçün təbii qazın nəqli üzrə boru kəmərinin tikilməsi vacib idi. Azərbaycanın Xəzər dənizinin milli sektorunda ən iri qaz layihəsi Şahdəniz yatağı ilə bağlıdır. Bu yatağın təbii qaz ehtiyatları 1,2 trln. m3 həcmində qiymətləndirilir və buradakı ehtiyatların yeni mənbələrinin kəşfi və təsdiqlənməsi istisna olunmur. Artıq bu yataqlar üzrə ilkin və Azərbaycanın ilk iri təbii qaz layihəsi olan – Şahdəniz qaz-kondensat yatağının istismarının birinci mərhələsi üzrə təbii qaz istehsalı atrmaqdadır və Şahdəniz-2 üzrə yekun investisiya qərarları qəbul olunub və enerji layihəsinin icrası prosesləri gedir. Ümumiyyətlə, Şahdəniz yatağının istismarı üzrə tarixi layihələrin hələ bağlanmamasından əvvəl, buradan hasil olunacaq təbii qazın Türkiyəyə və Avropaya nəqlinin təşkili üzrə digər iri bir layihənin reallaşdırılmasına ehtiyac var idi. Bütün bu məsələlərin kontekstində Bakı-Tblisi-Ərzurum, başqa sözlə Cənubi Qafqaz Boru kəmərinin inşasına qərar verildi. Cənubi Qafqaz Boru kəmərinin əsas missiyası və təyinatı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz yatağından hasil olunan təbii qazın Gürcüstan və Türkiyəyə nəql olunmasının etibarlı şəkildə təmin edilməsidir [6;7;8]. Bu təbii qaz boru kəmərinin inşası üzrə tarixi razılaşmalar Türkiyənin İstanbul şəhərində 1999-cu il noyabr ayının 18-19 tarixlərində ABŞ-ın ciddi dəstəyi ilə və ATƏT-in konfransı çərçivəsidnə Azərbaycan, ABŞ, Türkiyə, Qazaxıstan, Gürcüstan və Türkmənistan dövlət rəhbərlərinin birgə imzaladıqları sənəddə öz əksini tapmışdır. Cənubi Qafqaz Boru kəmərinin uzunluğu 691 kilometr təşkil edir. Qeyd edək ki, bunun Azərbaycana aid olan hissəsi 443 kilometr, Gürcüstan hissəsi isə 248 kilometrdən ibarətdir, qalan hissəsi isə - 289 kilometri Türkiyənin ərazisinə düşür. Bu layihə çərçivəsində nəzərdə tutulan işlər 2006-cı ilin axırına başa çatdırılmış və boru kəməri istismara verilmişdir. Yenidənqurma işlərindən sonra Cənubi Qafqaz Boru kəmərinin nəql potensialı, konkret olaraq nəql gücü illik 20 mlrd. m3-ə qədər yüksələcəkdir. Cənubi Qafqaz Boru kəmərinin uğurla istismar edilməsi və yaxın perspektivdə onun nəql gücünün əhəmiyyətli səviyyədə artırılması Azərbaycanın təbii qazının Avropaya çıxarlmasının etibarlı təminatçısı kimi xarakterizə olunur və bu baxımdan boru kəməri təkcə regional əhəmiyyət daşımır, eyni zamanda Avropanın enerji təhlükəsizliyi kontekstində mühüm əhəmiyyət kəsb edir.
Yaxın perspektivdə Azərbaycanda təbii qaz istehsalının artımı gözlənilir. Belə ki, Şahdəniz-2 investisiya layihəsi üzrə işlər intensivləşməkdədir. Ümumiyyətlə ölkəmizdə perspektivli qaz yataqlarının istismara verilməsi prosesləri bundan sonrakı dövrü əhatə edəcəkdir. Bu amillər baxımından təbii qazın dünya bazarlarına səmərəli və sərfəli marşrutlarla, həm də optimal məsrəflərlə çıxarılması kifayət qədər aktualdır. Təbii qazın nəqlinə çəkilən məsrəflərin azalması və etibarlı nəql marşrurutunun istismara verilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təbii qazının Türkiyə ərazisinə tam çatdırılması və Türkiyədən Avropa ölkələrinə etibarlı boru kəmərlərinin çəkilməsi üzrə ölkəmiz Türkiyə ilə birlikdə tarixi missiyaları yerinə yetirirlər. Trans-Anadolu Qaz Boru Kəməri layihəsi də bu qəbildəndir. TANAP layihəsi Azərbaycan və Türkiyə hökumətləri arasında razılığa əsasən 2012-ci il 26 iyun tarixində İstanbulda imzalanmışdır. Layihəyə görə Azərbaycandan göndəriləcək təbii qaz Türkiyənin geniş bir ərazisində, onun Şərqindən Qərbinədək olan sərhədlərindək tranzit qaz sistemini təmin edəcəkdir[9]. Bundan əlavə, yeni nəql potensialı hesabına Avropa Birliyi ölkələrinə Azərbaycan təbii qazının ixracı həyata keçiriləcəkdir. Layihəyə əsasən ilk təbii qaz Türkiyə ərazisinə 2018-ci ildə daxil olacaqdır. Təbii qaz boru kəmərinin ümumi ötürücülük gücünün tədricən artırılması nəzərdə tutulmuşdur. Məsələn, 2020-ci ildə bu gösətirici 16 mlrd. m3, 3 il sonra – yəni 2023-cü ildə - 23 mlrd. m3, bundan sonra isə - 2026-cı ildə 31 mlrd. m3 təşkil edəcəkdir. TANAP-la nəql olunacaq Azərbaycan təbii qazının ümumi orta həcmi təxminən ildə 16 mlrd. m3 səviyyəsində başlanması gözlənirlir. Bu həcmin 10 mlrd. m3 Avropa Birliyi ölkələrinə, 6 mlrd. m3 isə Türkiyəyə satılacaqdır. TANAP Türkiyə kimi iri bir dövlətin təbii qazla təminatında əhəmiyyətli rol oynayacaqdır və bu ölkənin təbii qaza olan tələbatının ödənilməsində sabit tranzit kəmər rolunu oynayacaqdır. Bu boru kəmərinin vasitəsi ilə hazırda istismar olunan Cənubi Qafqaz Boru kəməri Avropa Birliyinin təbii qaz kəmərləri şəbəkəsinə qovuşacaqdır.
Transadriatik Qaz kəməri layihəsi– İtaliya, Yunanıstan və Albaniya hökumətləri arasında əldə edilmiş razılığa əsasn 2013-cü il fevral ayının 13-də imzalanmışdır. Bu beynəlxalq qaz boru kəmərinin vasitəsi ilə Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Qərbi Avropaya nəqli təmin olunacaqdır[10]. İlk vaxtlarda, TAP vasitəsi ilə il ərzində nəql olunacaq qazın ümumi həcm 10 mlrd. m3, sonralar isə tədricən ildə 20 mlrd. m3 səviyyəsinə çatdırılacaqdır. Qərbi Avropaya Azərbaycan qazının 2020-ci ilin əvvəllərində çatdırılması nəzərdə tutlmuşdur. TAP-ın ümumi uzunluğu 806 kilometrdir. Bunun Yunanıstan ərazisindəki hissəsi 478 kilometrdir, 105 kilometr hissə Adriatik dənizinin dibindən keçir, 8 kilometr hissəsi İtaliya ərazisinə düşür, yerdə qalan 215 kilometr isə Albaniyadan keçir.
Beləliklə, müstəqillik illərində neft strategiyasının reallaşdırılması, təbii qaz və nəqliyyat sektorları üzrə layihələrin həyata keçirilməsi, neftqaz resurslarının dünya bazarlarına nəqli ilə bağlı layihələrin maliyyələşdirilməsi və digər mühüm tədbirlərin görülməsi üçün Azərbaycan iqtisadiyyatına 200 mlrd. dollara yaxın investisiyalar yatırılmışdır. Neft Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsinin əsas ana xətti və istiqaməti kimi qalmaqdadır[11]. Müasir dövrdə Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınmışdır. Xüsusilə, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üzrə əsas partnyorlarından birinə çevrilmişdir. Belə ki, 14 sentyabr 2017-ci ildə Azəri-Çıraq-Günəşli neft yatağının işlənilməsi üzrə müqavilə 2050-ci ilə qədər uzadılmışdır. Bununla əlaqədər olaraq, Heydər Əliyev məktəbinin və tarixi irsinin layiqli davamçısı, dünayda yüksək nüfuz qazanan, inkişaf etmiş ölkələrinin liderləri, Beynəlxalq Təşkilatların rəhbərləri tərəfindən böyük hörmətlə qəbul edilən ölkə Prezidenti İlham Əliyev qeyd etmişdir ki, yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha yaxşı şərtlərlə kontrakt imzalanır[12]. Azəri-Çıraq-Günəşlidən 23 il ərzində 436 mln. ton neft hasil olunmuşdur və bu yataqda hasil edilməmiş 500 mln. ton neft ehtiyatı vardır. Ümumilikdə isə Azəri-Çıraq-Günəşli yatağının 1 mlrd. ton neft ehtiyatı mövcuddur. Yeni imzalanan kontraktda gözlənilən neft hasilatının həcmi 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsindən əhəmiyyətli səviyyədə çoxdur. Bu onu göstərir ki, Heydər Əliyev dühası və siyasəti ölməzdir, əbədidir, həmişəyaşardır. Ulu Öndərin dühası bu gün də Azərbaycan xalqının tərəqqi yoluna işıq saçır, Azərbaycan iqtisadiyyatının güclənməsinə xidmət edir. Ölkə Prezidenti İlham Əliyev Heydər Əliyev dühasından bəhrələnərək Azərbaycan xalqının xoşbəxt firavanlığına və rifahı naminə var qüvvəsi ilə çalışır. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyatının şaxələnməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə etmişdir [13]. Hazırda icra prosesləri gedən strateji yol xəritəsinin reallaşdırılması nəticəsində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti xeyli yüksələcəkdir, milli iqtisadiyyatın strukturu genişlənəcəkdir [14]. Neftdən əldə olunan gəlirlərin bir hissəsi Azərbaycan iqtisadiyyatının əlavə dəyər yaradan sahələrinin inkişafına yönəldiləcəkdir. Bununla da Azərbaycan iqtisadiyyatı antiböhran şəraitində daha güclü immunitetə və dayanıqlılığa malik olacaqdır [15;16;17]. Yaxın perspektvdə neft və təbii qaz hasilatının artım dinamikasının təmin edilməsi üçün ölkəmizin hasilat sənayesinə əhəmiyyətli səviyyədə investisiyaların yatırılması həyata keçiriləcəkdir. Bundan əlavə, Xəzər nefti Azərbaycanın dünyanın aparıcı ölkələri ilə iqtisadi və siyasi əlaqələrin qurulmasında mühüm əhəmiyyət daşıyır [18]. Eyni zamanda, əsas strateji hədəflər kimi qeyri-neft sektoru sahələrinin inkişafının qlobal iqtisadi çağırışlar və təhlükələr şəraitində modelləşdirilməsi təmin olunacaqdır. Bütün bu tədbirlər Heydər Əliyev siyasətinin uzunmüddətə hesablanmış strategiyasının tərkib hissəsi kimi çıxış edir. Ölkə Prezidenti İlham Əliyev haqlı olaraq qeyd edir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq[12].


Ədəbiyyat
1. Yusifzadə X. Heydər Əliyev və Azərbaycanda neft sənayesinin inkişafı. http://www.az.trend.az.
2. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 21yanvar 2013-cü il.
3. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəməri. http://www.azerbaijan.az.
4. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri. http://www.oilfund.az.
5. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri: Biblioqrafık göstərici /Burax. haz.: G.Hüseynova, G.Misirova; burax. məsul: K.Tahirov; red.: G.Səfərəliyeva; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. Diyarşünaslıq elmi biblioqrafıya şöbəsi.- B., 2009. -240 s.
6. Cənubi Qafqaz Boru kəməri (Bakı-Tblisi-Ərzurum). Azərbaycan Respublikasının Energetika Nazirliyi. http://www.minenergy.gov.az.
7. Bakı-Tblisi-Ərzurum qaz boru kəməri. http://www.socar.az.
8. Bakı-Tblisi-Ərzurum qaz ixrac boru kəməri Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. http://www.azertag.az.
9. TANAP. http://www.tanap.com.
10. TAP dünyanın iqtisadi əhəmiyyətli 10 layihəsi siyahısına daxil edilmişdir – 2016. http://www.ann.az
11. Гасанов A. Нефть стержень Азербайджана. http://www.ru.axar.az.
12. “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimində İlham Əliyevin nitqi. http://az.president.az/articles/25244.
13. Ramiz Mehdiyev: “Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının şaxələnməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə edilib” http://news.milli.az.
14. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
15. Şəkərəliyev A., Şəkərəliyev Q. Azərbaycan iqtisadiyyatı: reallıqlar və perspektivlər. Bakı, “Turxan”, NPB, 2016.-536 s.
16. Əliyev Ş.T. Azərbaycanın xarici iqtisadi siyasəti. Sumqayıt Dövlət Universitetinin nəşriyyatı, 2015.-185 s.
17. Əliyev Ş.T. İqtisadi diplomatiya. Bakı, Elm və təhsil, 2012.- 196 s.
18. Али Гасанов. Современные международные отношения и внешняя политика Азербайджана. (Второе издание, дополненное), Баку, “Zərdabi LDT” MMC, 2013, 1008 стр.

Açar sözlər: Azərbaycan, Heydər Əliyev dühası, əsrin müqaviləsi, Azəri-Çıraq-Günəşli neft yatağı, neft strategiyasının tarixi əhəmiyyəti, neft milli iqtisadiyyatın lokomotivi kimi, Bakı-Tblisi-Ceyhan, Cənubi Qafqaz Boru kəməri, TANAP, TAP, strateji yol xəritəsi.

Ключевые слова: Азербайджан, гениальность Гейдара Алиева, контракт века, нефтяные месторождения Азери-Чираг-Гюнешли, историческая важность нефтяной стратегии, нефть – локомотив национальной экономики, Баку-Тблиси-Джейхан, Южно-Кавказский Трубопровод, ТАНАП, ТАП, стратегические дорожные карты.
Key words: Azerbaijan, the genius of Heydar Aliyev, the contract of the century, the Azeri-Chirag-Gunashli oil fields, the historical importance of the oil strategy, the oil is the locomotive of the national economy, Baku-Tblisi-Ceyhan, the South Caucasus Pipeline, TANAP, TAP, strategic road maps.

Резюме
Гениальность Гейдара Алиева и Контракт Века
В статье исследованы Гениальность Гейдара Алиева и Контракт Века, заключенный 20 сентября 1994 года. Анализированы экономические аспекты, историческая важность Контракта Века и его значение в развитии национальной экономики Азербайджана. Раскрыты исторические заслуги и гениальность Гейдара Алиева по подготовке и заключению данного контракта ради благосостояния азербайджанского народа. Рассмотрен мультипликативный эффект Контракта Века по совершенствованию и расширению структуры национальной экономики, модернизации ее отдельных секторов. Анализированы роль Контракта Века по проведению основных экономических реформ в стране и по созданию оптимальной модели экономического развития исходя от глобальных экономических влияний. Систематизирована и раскрыта историческая ценность огромного труда Гейдара Алиева по развитию нефтяной отрасли Азербайджана и в целом экономики страны. Рассмотрены важные аспекты нефтяных и газовых трубопроводов по транспортировке нефти и газа в Турцию и, в дальнейшем, в Европейские страны. Обобщены и изложены процессы успешной реализации нефтегазовых контрактов и укрепления места Азербайджана среди стран мира, повышение его имиджа благодаря титаническим усилиям Президента Азербайджанской Республики Ильхама Алиева в современных условиях.

Summary
The genius of Heydar Aliyev and the contract of the century
The genius of Heydar Aliyev and the contract of the century, concluded on September 20, 1994 are investigated in the article. The economic aspects, the historical importance of the contract of the century and its significance in the development of the national economy of Azerbaijan are analyzed. The historical merit and genius of Heydar Aliyev on the preparation and conclusion of this contract for the welfare of the Azerbaijani people are revealed. The multiplicative effect of the contract of the century on the improvement and expansion of the structure of the national economy, the modernization of its individual sectors is considered. The role of the contract of the century in carrying out major economic reforms in the country and creating an optimal model of economic development based on global economic influences is analyzed. The historical value of Heydar Aliyev's enormous work on the development of the oil industry of Azerbaijan and the country's economy as a whole is systematized and disclosed. The important aspects of oil and gas pipelines for the transportation of oil and gas to Turkey and, subsequently, to European countries are considered. The processes of successful implementation of oil and gas contracts and the strengthening of Azerbaijan's place among the countries of the world are generalized and outlined, and its image due to the titanic efforts of the President of the Republic of Azerbaijan Ilham Aliyev is enhanced in modern conditions.

 

"GEOSTRATEGİYA" jurnalı №05 (41) SENTYABR-OKTYABR 2017

ŞƏFA ƏLİYEV
İqtisad elmləri doktoru, professor


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-12-2017
15-12-2017
15.12.2017 Neft bahalaşır
14-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7294 san