11:03 08 Dekabr 2017
1760 dəfə oxunub
Çap versiyası
...

Xarici siyasətin həyata keçirilməsi və eləcə də milli maraqların təmin edilməsi baxımından milli diasporların imkanların ciddi şəkildə istifadə edilməsi lazımdır. Burada xüsusi ilə Azərbaycan ilə həmsərhəd olan ölkəllərdə yaşayan azərbaycanlıları aid etmək olar. Məlumdur ki, Ermənistan istisna bütün həmsərhəd dövlətlərdə azərbaycanlılar yaşamaqdadır. Bir sıra hallarda azərbaycanlılar bu ölkələrdə gəlmə milli element deyildir. Tam əksinə yerli aborigen millət olmaqla qeyd edilən ölkələrin iqtisadi, siyasi, ictimai həyatında ciddi iştirak edən azərbaycanlılar öz varlıqları ilə xarici siyasətimiz üçün dəstəkdir. Onun üçün Azərbaycanın xarici siyaətində geosiyasi vasitələrin dəyərləndirilməsi baxımından Gürcüstan azərbaycanlıları amilinin tədqiq edilməsi olduqca aktualdır.

Gürcüstanın demoqrafik mənzərəsi, geosiyasi imkan
və gücünün dəyərləndirilməsi
Cənubi Qafqazda Gürcüstan ən polietnik dövlətdir. Sovet dövründə bu çoxmillətli respublikada muxtar qurumların formalaşması üçün əsas olmuşdur. Gürcüstanda, digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq, əsas etnik qrup - gürcülər - azlıq təşkil edir. Ermənistanda ermənilər ölkə əhalisinin təxminən 95 faizini, Azərbaycanda isə azərbaycanlılar 85 faizini təşkil edir, Gürcüstanda isə gürcülərin ümumi payı 50 faizdən çox deyildir. 2002-ci il siyahıyaalınması göstərir ki, Gürcüstanda gürcülər 84% təşkil edir. 1979-cu il rəsmi statistika tamamilə fərqli bir şəkil yaradır. Gürcüstan Sovet Ensiklopediyasında rəqəmlər: Gürcülər 68.8%, ruslar 7.4%, azərbaycanlılar 5.1%, ermənilər 9%, abxazlar 1.7%, osetinlər 3.2%, yunanlar 1.9%, ukraynalılar 0.9%, yəhudilər 0.6%, kürdlər 0,5%, digərləri isə 0,9%. Bu siyahıda acarlar ayrı bir etnos kimi göstərilmir. İstər abxaz, istərsə də miqrel, svanlar gürcülərin tərkibində ümumiləşdirilmişdir. 1979-cu il statistik göstəricisi ilə 2002-ci ilin statistikasının qeyri-bərabərliyi açıq şəkildə görünür. Demoqrafik inkişafa görə gürcülər Gürcüstandakı bütün qeyri-gürcü etnik qruplarından daha aşağıdadırlar. Son 15 ildə Gürcüstandan çox adamın ayrıldığı həqiqətdir, amma ölkəni tərk edənlərin miqyası o qədər də böyük deyil ki, 1979-cu və 2002-ci illər arasında çox böyük fərq olsun [9].
Gürcüstan öz enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində də Rusiya və Azərbaycandan tam asılı vəziyyətdədir. 2008-ci ildə bu ölkənin Rusiya ilə münasibətlərinin gərginləşməsi fonunda dərin enerji böhranına düçar olması və yalnız Azərbaycanın işə qarışmasından sonra vəziyyətdən çıxması, söylədiklərimizin əyani sübutu idi. Bundan başqa, Gürcüstanda daxili vəziyyətin qeyri-sabitliyi, 2008-ci ilin avqustunda Rusiya ilə qısamüddətli müharibədən sonra Abxaziya və Cənubi Osetiyanın öz “müstəqilliyini” elan etməsi və bu “müstəqilliyin” Rusiya, onun təsiri altında olan bir neçə dövlət tərəfindən faktiki tanınması, Cavaxetiya kimi potensial münaqişə ocağının mövcudluğu və s. məsələlər də onun regional lider şanslarını azaltmışdır [4, s.166].
Cənubi Qafqazda müttəfiqimiz olan Gürcüstanın da ciddi separatçılıq problemləri vardır. SSRİ dövlətləri içində Gürcüstan, müstəqilliyini ilk elan edən ölkələrdən biri olmuşdur. Gürcüstanın milli problemləri özünəməxsus xüsusiyyət daşımaqdadır. Birincisi, gürcülərdən fərqli bir etnik kimliyə malik bölgələrin Gürcüstandan ayrılmaq istəmələridir. Digər tərəfdən Abxaziya Respublikası müstəqillik istəyərkən, digər tərəfdən Cənubi Osetiya Muxtar Bölgəsi, Rusiya Federasiyası (RF) içində yerləşən Şimali Osetiya ilə birləşmək istəyir. Ayrıca Cavaxetiya bölgəsində yaşayan ermənilər də muxtariyyət tələb edir. Acaristan Muxtar Respublikası da uzun müddət Gürcüstan ordusunu ərazisinə buraxmamaqda idi. Acaristan başçısı Aslan Abaşidzenin Tbilisi ilə yaşanan gərginliklərdən sonra 6 May 2004-cü il tarixində ölkəni tərk etməsindən sonra problem müəyyən qədər həll edilmiş və Batumi mərkəzi hakimiyyətə bağlanmışdır. Problemin ikinci boyutu isə beynəlxalq əlaqələr bazasında yaşanmaqdadır. Müstəqilliyin əldə edilməsindən sonra Gürcüstan NATO və ABŞ-ı istifadə edərək Qərbə yaxınlaşma səyi içinə girmişdir. Rusiya bölgədəki bazalarını qoruma və bölgənin ondan uzaqlaşmasına maneə törətmək üçün 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxilə etmişdir. Bu çərçivədə Gürcüstan keçmişdə olduğu kimi, indi də böyük güclərin qarşıdurma sahəsi olmağa davam etməkdədir.

Gürcüstan azərbaycanlıları mövcud reallıqlar
və perspektiv baxımından
Gürcüstanda ən fəal, passionar milli azlıq azərbaycanlılardır. Azərbaycanlılar öz tarixi inkişaflarında və mədəni inkişaflarında, eləcə də ailə quruluşlarında Gürcüstanın unikal xalqıdır. Hələ, XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlıları arasında qalıq şəklində olsa da, böyük ailə forması qorunub saxlanılmışdır. Böyük ailələrin tərkibinə qan qohumluğuna əsaslanan 3-4, bəzən də 5 nəslin nümayəndəsini özündə birləşdirən daha yaxın və doğma şəxslər daxil idi [5, s.8]. Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlıların varlığı daim bu ölkənin ictimai-siyasi həyatına təsir etmişdir. Tiflisdə azərbaycanlıların sayı 1835-ci ildə 723 nəfər, 1876’da 2310 nəfər, 1897’də 5557 nəfər, 1902’də 6635 nəfər, 1922’də 3255 nəfər, 1939’da 5874 nəfər (1,1%), 1959’da 9560 (1,4%), 1979’da 12852 (1,2%), 1989’da 17968 (1,5%), 2002’də 33751 (1,3%) göstərilir [6, s.4].
1990-cı illərin əvvəllərində Gürcüstanda ifrat millətçilik fikirlərinin səsləndirilməsi və bir sıra mənfi addımların atılması azərbaycanlılara pis təsir etmişdi. Yenicə müstəqillik əldə etmiş Gürcüstan rəhbərliyinin səriştəsiz və milli diskriminasiya siyasəti bu ölkədə tarixən yaşayan azərbaycanlılardan da yan keçməmişdi. Z.Qamsaxurdiyanın hakimiyyəti dövründə qanunsuz şəkildə, yerli əhalinin razılığı olmadan tarixən azərbaycanlıların məskunlaşdığı 32 kəndin adı, eləcə də digər çay və yer adları dəyişdirildi. Azərbaycanlıların kompakt şəkildə yaşadığı bir sıra yaşayış məntəqələrində qanunsuz kriminal milliyyətçi hərbi qruplarla yerli əhali arasında bəzi xoşagəlməz hadisələr baş verdi. Bunun nəticəsində azərbaycanlılar bəzi yaşayış məntəqələrini tərk etməyə məcbur oldular[2, S.258].
Ümummilli Lider Heydər Əliyevin konseptual siyasi kursunun reallaşması ilə Azərbaycan və Gürcüstan arasında münasibətlər öz normal məcrasına dönməyə başladı. 1996-cı il martın 8-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı “Qafqaz bölgəsində sülh, sabitlik və təhlükəsizlik haqqında” Azərbaycan-Gürcüstan Bəyannaməsinin imzalanması respublikamızın Qafqazda həyata keçirdiyi xarici siyasətin mühüm uğuru idi. Tbilisidə iki dövlət başçısının imzaladığı birgə Bəyannamə “Ümumi Qafqaz evi” ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcını qoydu [3, s.186].
Burada xüsusi bir haşiyəyə çıxaraq onu qeyd etmək lazımdır ki, Gürcüstan azərbaycanlılarına və onların statusuna ən düzgün qiyməti də məhz Ümummilli Lider Heydər Əliyev verdi. 1996-cı ilin mart ayında Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan respublikasına ilk rəsmi səfəri çox mətləblərə işıq saldı. Gürcüstan-Azərbaycan dostluğunun qədim tarixinə yeni səhifələr yazıldı, yeni fəsillər əlavə olundu. Uzaqgörən ulu öndərimizin müdrikliyindən, tükənməz milli təəssübkeşliyindən, soydaşlarımıza, onların ata-baba yurdlarına olan dərin məhəbbətindən xəbər verən bir epizod yada düşür. Ümummilli Lider Heydər Əliyevin Gürcüstana səfəri ilə əlaqədar keçirilən təntənəli toplantı zamanı çıxış edən Eduard Şevardnadze xalqlarımızın tarixi dostluğundan danışarkən necə oldusa “Azərbaycan diasporu” sözünü işlətdi. Ümummilli Lider Heydər Əliyev o dəqiqə söhbətə müdaxilə elədi. “Diaspor – yox dedi – Azərbaycanlılar sonradan gəlmə deyillər. Tarixən bu yerlərdə yaşayırlar. Buralar onların əzəli, əbədi məskənləridir”. Şevardnadze gülümsündü və Ümummilli lider Heydər Əliyevin sözünü təsdiq elədi. Söhbətlərdən birində dövlətimizin başçısı soydaşlarımızın mətbu orqanı olan “Gürcüstan” qəzetinin ayağa qaldırılmasının, ona lazımi qayğı göstərilməsinin vacibliyini bildirmişdi[1, s.11].
Ümummilli Lider Heydər Əliyevin konseptual xarici siyasətini uğurla davam etdirən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Gürcüstan azərbaycanlılarına böyük önəm verməkdədir. Gürcüstana rəsmi səfərlərinin birində ölkə başçısı aşağıdakıları ifadə etmişdir: “Bu gün səfər çərçivəsində mən Marneuliyə sizinlə görüşə gəlmişəm. Mən əminəm ki, sizin Gürcüstanda fəaliyyətiniz də Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaqdır. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bizim əməkdaşlığımızı daha da möhkəmləndirir. Həm Gürcüstan, həm Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bizim ölkələrimizdə bütün xalqlar sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayır və bu, bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir. Biz çox istəyirik ki, həm Azərbaycanda yaşayan gürcülər, həm Gürcüstanda yaşayan azərbaycanlılar bundan sonra da ölkələrin ictimai, siyasi, iqtisadi həyatında öz rolunu oynasınlar və həm öz ölkələrinin dəyərli vətəndaşları kimi töhfə versinlər, eyni zamanda, əlbəttə, öz tarixi köklərini də unutmasınlar. Mən istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar rahat yaşasınlar. Onların iş yerləri ilə təmin edilməsi istiqamətində daha da ciddi addımlar atılsın, onlar öz dəyərini yaxşı hiss etsinlər və Gürcüstanın dəyərli vətəndaşları kimi bu ölkənin ümumi inkişafına öz töhfəsini versinlər. Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə həmişə dəstək olmuşlar və Gürcüstanın yaxşı vətəndaşları olmuşlar. Belə də olmalıdır, çünki siz bu torpaqlarda əsrlər boyu yaşayırsınız. Bu gün xalqlarımızı birləşdirən həm tarixi əlaqələr, həm çoxəsrlik dostluq, qardaşlıq münasibətləri, eyni zamanda, bax, bugünkü Gürcüstan-Azərbaycan əlaqələri əlbəttə ki, sizin də həyatınızda müsbət təsirini göstərir.” [7].
Azərbaycan Respublikası Prezidentinin fikirləri dövlətimizin Gürcüstan azərbaycanlıları amilini yüksək dəyərləndirdiyini göstərir. Bu da öz növbəsində Gürcüstan rəhbərliyinin fikirlərinə təsir edir. 2015-ci ilin aprel ayında azərbaycanlılar yaşayan bölgələrə səfər edən Gürcüstan Prezidenti G. Marqvelaşvili bəyan edib ki, mən Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə kənd təsərrüfatının, infrastrukturun getdikcə inkişaf etdiyini görürəm. İndi Gürcüstanın Ümumi Daxili Məhsulunun 9 faizini azərbaycanlılar verir. Bizə yeni imkanlar lazımdır ki, Avropa bazarına daxil olaq. Gürcüstanda bunun üçün potensial var. Ölkəmizdə kənd təsərrüfatı sahəsində yeni və Avropa standartlarına uyğun standartların tətbiqi böyük əhəmiyyət kəsb edir. Bu regionda iqtisadiyyatın inkişaf etdirilməsi və turizmin inkişafı vacibdir. Marneulidə və regionun digər bölgələrində yeni inkişaf perspektivləri işlənilməlidir. Bölgədə yeni layihələr həyata keçirilməlidir. Yüklərin daşınması, enerji və logistik layihələr Gürcüstan üçün səmərəli və faydalıdır [8 ].
Lakin Azərbaycan ilə yaxın münasibətlərinə baxmayaraq Gürcüstanda yaşayan azərbaycanlıların problemləri indi də az deyildir. Azərbaycan dövlətinin birbaşa diqqəti ilə bu problemlər sivil və müttəfiqlik münasibətlərinə xələl gətirilmədən həll edilməyə çaışılır. Bir sıra tədbirlər keçirilir. Məsələ, bu kontekstdə 2010-cu ilin may ayının 15-də Marneuli şəhərində Gürcüstan azərbaycanlı gənclərinin I qurultayı keçirilmişdir. Qurultayda Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Rauf Əliyev, Sabir Hacıyev, Gürcüstan parlamentinin üzvü Azər Süleymanov, Kvemo-Kartli qubernatorunun müavinləri Hüseyn Yusifov, Koba Kubiaşvili, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları qonaq qismində iştirak etmişlər. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına salamlarını çatdırmışdır. O, tədbirin əhəmiyyətini yüksək qiymətləndirmiş və toplantının azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyasına önəmli töhfələr verəcəyinə inamını ifadə etmişdir. Milli Məclisin deputatı Qənirə Paşayeva son illərdə Gürcüstanda azərbaycanlıların problemlərinin həlli sahəsində bir sıra uğurla layihələrin həyata keçirildiyini qeyd etmişdir. O, demişdir ki, Heydər Əliyev Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi, ARDNŞ və digər təşkilatlar tərəfindən həyata keçirilən bu layihələr azərbaycanlıların cəmiyyətə inteqrasiyasını stimullaşdırır. Q.Paşayeva Gürcüstanın Azərbaycandilli məktəblərində Gürcü dilli kurslarının açılması nəticəsində dövlət dilini bilən yeni kadrların yetişdiyini vurğulamışdır. Millət vəkili qurultayın azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə kimi tarixə düşəcəyinə inandığını bildirmişdir.
Azərbaycan dövləti Gürcüstanı bölgədə özünün strateji tərəfdaşı hesab edir. Onunla birgə bir çox beynəlxalq layihələr icra edir. Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin orada yaşayan azərbaycanlıların milli hüquqlarının qorunması üçün özünün bütün imkan və vasitələrindən istifadə edir. Eyni zamanda bu ölkədə baş verən hadisələrə münasibətdə milli maraqlarına uyğun praqmatik mövqe sərgiləyir. Bunun da başlıca səbəbi tarixi təcrübədir. Belə ki, Qamsaxurdiya dövrünün problemləri unudulmamışdır. Ona görə Azərbaycanda ümid edirlər ki, Gürcüstan höküməti istər daxili, istərsə də xarici siyasətdə bəşəri prinsipləri ön plana çəkəcəkdir.
Beləliklə, biz görürük ki, bizi əhatə edən ölkələrin hər birinin özünəməxsus problemləri və bu problemlərin də ortaq, eyni zamanda fərqli cəhətləri vardır. Onlar daim diqqət mərkəzində saxlanılmalı və eləcə də məsələləri təhlil edərkən uzaqməsafəli milli maraqlardan çıxış edilməlidir.

Nəticə
Gürcüstan azərbaycanlılarının ölkəmizin xarici siyasətində rolunu nəzərə alaraq onların demoqrafik durumunun pozulmaması üçün məqsədli tədbirlərin görülməsi zəruridir. Belə ki, Gürcüstanda azərbaycanlıların azalması fonunda erməni elementinin çoxalmasına heç cür yol vermək olmaz. Bu gələcəkdə Azərbaycan və Gürcüstanın birgə layihələrinə təhlükə kimi özünü göstərə bilər. Gürcüstan azərbaycanlılarının milli-mənəvi dəyərlərdən uzaqlaşmaması üçün milli maraqlarımızın təmin edilməsi üçün orada Azərbaycan dilli təhisl müəssisələrinin fəaliyyətinin davam etdirilməsinə hər cür yardım edilməlidir. Bu soydaşlarımızın milli şüurlarının qorunması üçün olduqca vacibdir. Digər tərəfdən Gürcüstan dövlət və hakimiyyət strukturlarında azərbaycanlıların daha fəal təmin edilməsi üçün onların gürcü dili və mədəniyyəti ilə yaxından tanışlığı lazımdır. Bunun üçün diasporanın Gürcüstan cəmiyyətində milli şüuru qoruma şərti ilə inteqrasiyasına xüsusi önəm verilməlidir. Gürcüstan cəmiyyətinin müxtəlif təbəqələri ilə ünsiyyətin qurulmasında azərbaycanlıların rolu böyük ola bilər.
Gələcəkdə Azərbaycan Gürcüstan azərbaycanlılarının öz ölkə ölkələrində biznes fəaliyyətlərinin maliyyə, texniki və digər dəstəklənməsi imkanlarını nəzərdən keçirməlidir. Gürcüstan biznes mühitində Azərbaycandan gələn investorlarla birgə, yerli azərbaycanlı iş adamlarının çəkisinin artması bizim milli maraqlarımıza xidmət edir. Gürcüstan azərbaycanlıları amilindən Gürcüstan-Ermənistan münasibətlərinə təsir vasitəsi kimi də istifadə etmək geosiyasi maraqlarımızın təmin edilməsində olduqca əhəmiyyətlidir.


Ədəbİyyat
1. Aslanov A. Azərbaycan-Gürcüstan dostluğunun ən şanlı səhifələrinin müəllifi Ulu ndər Heydər Əliyevdir. // “Azərbaycan“.-2009.-12 dekabr.-N 276.-S.11.
2. Çıraqov F. Azərbaycan–Gürcüstan münasibətlər. // Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016) /məqalələr toplusu/. Bakı: “Poliart” MMC, 2017, 904 s., s.253-277
3. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, “Azərbaycan” nəşriyyatı, 2005. 631 s.
4. Həsənov Ə.M. Azərbaycanın geosiyasəti. Bakı “Zərdabi LTD” MMC, 2015. -1056 s.
5. Əliyev Ə.T. XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti (tarixi-etnoqrafik tədqiqat). Bakı, “Elm və təhsil”, 2012. 156 səh.
6. Məmmədli Ş. B. Gürcüstan Azərbaycanlıları Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. http://elibrary.bsu.az/yenii/ebookspdf/uhgkT5jc.pdf s.4
7. http://www.president.az/articles/16680
8. http://ann.az/az/marqvelasvili-gurcustan-z-azerbaycanlilari-ile-gucludur/
9. https://www.newsgeorgia.ge/27673-2/

 

Açar sözlər: Gürcüstan, geosiyasi, azərbaycanlılar, diaspora

Ключевые слова: Грузия, геополитика, азербайджанцы, диаспо

Key words: Georgia, geopolitics, Azerbaijanis, diaspora


Резюме
Бахтияр Набиев
Грузинские азербайджанцы как фактор геополитических средств внешней политики Азербайджана
В статье исследуется фактор грузинских азербайджанцев с точки зрения оценки геополитических инструментов во внешней политике Азербайджана. Здесь, в первую очередь, изучается национальный состав Грузии. Затем, обсуждаются проблемы, стоящие перед страной. С другой стороны, изучается историческое развитие азербайджанской диаспоры в стране. В ходе исследования обсуждается роль азербайджанцев в политической, социальной и культурной жизни Грузии и их значение для Азербайджана. В итоге получены результаты и даются рекомендации.

Summary
Bakhtiyar Nabiyev
Georgian Azerbaijanis as a factor of geopolitical means
of Azerbaijan’s foreign policy
The article investigates the factor of Georgian Azerbaijanis in terms of evaluating geopolitical tools in Azerbaijan’s foreign policy. Here, first of all, the national composition of Georgia is being studied. Then, shortly, the problems facing the country are discussed. On the other hand, the historical development of the Azerbaijani diaspora in the country is provided. During the research, the role of the Azerbaijanis in the political, social and cultural life of Georgia and their importance for Azerbaijan are discussed. In the end, the results are obtained and recommendations are given.

 

"GEOSTRATEGİYA" jurnalı №05 (41) SENTYABR-OKTYABR 2017

 

Bəxtiyar Nəbiyev
Bakı Dövlət Universisteti


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Tramp Merkeli hədələyir
14:55 11.06/2018
 
Xəbər başlıqları
23-06-2018
23.06.2018 Neft bahalaşıb
22-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4425 san