08:30 26 Yanvar 2018
3584 dəfə oxunub
Çap versiyası
...

Ölkənin innovasiya yönümlü iqtisadiyyatının formalaşdırılmasının, iqtisadi təhlükəsizlyinin strateji resurslarından biri kiçik biznesdir. Kiçik biznes iqtisadi artımın və sosial sabitliyin real amili olmaqla, rəqabətin lazımi səviyyədə saxlanmasına, innovasiya proseslərinin sürətlənməsinə, iqtisadi fəallıq səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir edir. Kiçik sahibkarlıq bazar iqtisadiyyatının sosial əsası, dövlətin və cəmiyyətin sabitliyinin təminatçısıdır. Kiçik biznes iqtisadiyyata dinamiklik və çeviklik verən mühüm faktordır. Kiçik müəssisələrin fəaliyyət miqyasını genişləndirməklə, onun infrastukturunu inkişaf etdirməklə bir sıra problemlər həll edilir. Kiçik sahibkarlığın inkişafı cəmiyyətin eləcə də əhalinin tələbatlarını yüksək səviyyədə ödəməyə qadir olan rəqabətli bazar münasibətlərinin formalaşdırılmasında, mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsində, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasında vacib rol oynayır. Respublikamızın müasir inkişaf strategiyası iqtisadiyyatımızı hərtərəfli inkişaf etdirməyə, yeni keyfiyyət vəziyyətinə keçirməyə qadir olan hakimiyyət, biznes və innovasiya iştirakçılarının uzlaşdırılmış fəaliyyətini tələb edir.
İqtisadiyyatımızın modernləşdirilməsinə innovasiyalı inkişaf və yeni xarakterə malik sənayeləşmə daxildir. İnnovasiya yönümlü iqtisadiyyatda sabit iqtisadi artıma əsas etibarilə yenilik, yığım və sosial kapitaldan səmərəli istifadə hesabına nail olunur. İnnovasiya yeni məhsul, proses və xidmət yaradılması üçün intelektual fəaliyyətin nəticəələrinin tətbiqidir. İnnovasiya fəaliyyəti sahibkarlıq fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır və innovasiya kommersiyalaşdırıldıqda maraq yaradır. Bu prosesdə kiçik biznes böyük rol oynayır və çox böyük potensiala malikdir. İqtisadiyyatın klaster modeli əsasında diversifikasiyası prioritet sektorların və bütövlükdə iqtisadiyyatın inkişafının perspektiv vasitəsi kimi çıxış edir. Klasterlərin fərqləndirici cəhəti isə onun innovasiya yönümlüyüdür. Klaster bazarda oxşar vəzifələri olan və lokal ərazilərdə yerləşən kampaniya və firmalardır. Deməli, klaster dedikdə məhdud çoğrafi ərazi çərçivəsində istehsal-texnoloji, elmi-texniki və kommersiya əlaqələri əsasında kiçik və orta müəssisələrin aparıcı iri firmalar ətrafında cəmləşməsi başa düşülür. Bu cəmləşmə əməkdaşlığın səmərəli formasını nəzərdə tutur. İqtisadiyyatın diversifikasiyasının və modernləşdirilməsinin ənənəvi metodları ilə müqayisədə biznesin təşkilinin daha adekvat modeli kimi klasterləşmə ölkə iqtisadiyyatını qlobal rəqabətin təziyqlərinə qarşı durmağa imkan verir. Regional səviyyədə klaster strategiyası əsasında iri və kiçik biznesin, universitetlərin, innovasiya sistemi iştirakçılarının, maliyyə strukturlarının dinamik qarşılıqlı fəaliyyətinin dəstəklənməsi, bütövlükdə iqtisadiyyata dinamiklik verməklə, onun rəqabətqabiliyyətliyinin yüksəldilməsini təmin edir. Respublikamızda kiçik sahibkarlığın inkişafının iqtisadi cəhətdən ən səmərəli istiqaməti klasterlərin formalaşdırılması yolu ilə iri bizneslə inteqrasiyasıdır[1,s.78]. Klasterləşmə prosesinin miqyasının genişlənməsi və onun üstünlüklərinin sübut olunması klaster şəbəkələrinin mahiyyətinə, təşkili formalarına, fəaliyyət xüsusiyyətlərinə dair baxışları inkişaf etdirmiş və zənginləşmişdir. 2008-ci ildə BMT-nin AİK-nın “Firmanın innovasiya səviyyəsinin yüksəldilməsi: siyasətin seçilməsi və praktiki vasitələr” adlı icmalında klasterlərin əsas xüsusiyyətlərinə aşağıdakılar aid edilir:
- çoğrafi mərkəzləşmə (yaxın yerləşmiş firma istehsalın qarşılıqlı fəaliyyətində daha qənaətli imkanlarla cəlbedici olur);
- ixtisaslaşma (klasterlər müəyyən fəaliyyət sferası ətrafında cəmləşir);
- iqtisadi agentlərin çoxluğu (klasterlərin fəaliyyəti, yalnız firmaları deyil, bütün innovasiya iştirakçılarını əhatə edir);
- əməkdaşlıq və rəqabət;
- daxili dinamikada və inkişafda səmərəni əldə etmək üçün klasterlərin həcmində zəruri “kritik kütləyə” nail olmaq;
- klasterlərin həyat fəaliyyətinin uzunmüddətli perspektivə hesablanması;
- klasterə daxil olan firma və müəssisələrin innovasiya proseslərinə cəlb edilməsi.
Klasterin qeyd edilən xüsusiyyətlərindən göründüyü kimi, klasterləşmənin vəzifəsi müxtəlif səviyyələrdə, xüsusilə regional səviyyədə kapitalın hərəkətinin müxtəlif formalarını gücləndirməkdən, həm klaster daxili, həm də klaster şəbəkələri arasında biznes, hakimiyyət və innovasiya fəaliyyətinin digər iştirakçılar arasında səmərəli əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdən ibarətdir. Klaster şəbəkələrinin yaradılmasında əsas məqsəd innovasiya iştirakçıları arasında ənənəvi əməkdaşlığın diversifikasiyası, yüksək texnologiyaların səmərəli tətbiq edilməsi, regionun, sahənin, sektorun və bütövlükdə iqtisadiyyatın innovasiya-investisiya fəallığının artırılması, mütəxəssislərin hazırlanması və s. ola bilər.
Bazar iqtisadiyatı şəraitində kiçik müəssisələrəsasən hər hansı bir şəkildə iri müəssisələrin maraqları dairəsindədir. Kiçik müəssisələrin sabit fəaliyyəti və gəlirləri, maliyyə və investisiya imkanları onların iri bizneslə münasibətlərindən birbaşa asılıdır. İri biznesləəməkdaşlıq şəbəkəsində kiçik biznes müəssisələri iri müəssisələrin istehsal strukturlarının tərkib hissəsi kimi çıxış edir. Bu formada əməkdaşlıq iri biznes müəssisələrinə yeni satış bazarlarına çıxması, qabaqcıl yeni texnologiyalar haqqında vacib informasiyanın operativ əldə edilməsi və digər bu kimi məsələlərdə işgüzar fəallığın yüksəldilməsinə imkan verir. Klaster strategiyası əsasında iqtisadiyyatını inkişaf etdirən ölkələr iqtisadi üstünlüyü o zaman əldə edir ki, bu ölkələrdə oxşar sahələrin (klasterlərin), müəssisələrin təmərküzləşməsi mövcud olmuş olsun. Bu cür üstünlük, həmçinin klasterlər çərçivəsində sahə və ərazi üzrə müəssisələrin və firmaların qarşılıqlı surətdə əlaqədə olmasından qaynaqlanır. Klaster şəbəkəsi daxilində fəaliyyət göstərən kiçik müəssisələr bir sıra məsələlərin həll edilməsinə nail olur. Belə məsələlərə innovasiyanın yayılması, istehsalın təşkilinin asanlaşması, texnoloji baxımdan yeni qərarların qəbul edilməsində rəqabət imkanının olması və s. aid etmək olar. Qeyd edilənlərdən aydın olur ki, klaster onun iştirakşılarının fəaliyyətinin qarşılıqlı tamamlanmasına kömək edir, bütövlükdə klasterin rəqabət üstünlüyünü yaradır və işgüzar fəallığı stimullaşdırır. Araşdırmalar klaster nəzəriyyəsinin əsasında “istehsal miqyasının” səmərəsinin müəssisələrə təsiri və onların regional qarşılıqlı fəaliyyəti haqqında fərziyyə durduğunu göstərir. Klaster şəbəkəsində müəssisələr ümumi mülkiyyət və idarəetmə sistemi əsasında birləşmir. Klasterləşmə müəssisələrin coğrafi baxımından təmərküzləşməsi olub, regionun resurslarını, istehsal proseslərini, bu istiqamətdə müəyyən qarşılıqlı əlaqələri özündə birləşdirir və əks etdirir. Klaster ixtisaslaşmış xammal tədarükçülərini bu əməkdaşlıqda sinergetik səmərəni əks etdirən komplektləşdiricilərin yaxud xidmətlərin meydana çıxmasına səbəb olur və klasterin özündə marketinq, maliyyə və s. bu kimi ixtisaslaşmış xidmətlərə olan tələbin artmasına gətirib çıxarır.
Klasterin ilk tədqiqatçısı olan M.Porter onların ayrı-ayrı tiplərinin mövcudluğunun regional iqtisadiyyatın xüsusiyyətlərindən asılı olduğunu qeyd edir və üç əsas tipini bir-birindən fərqləndirir. Birinci tip klasterlər yerli sənaye müəssisələrini birləşdirir və onlar klasterdə olan yerli bazarlarda məhsul və xidmətlərini təklif edirlər. Bu növ klasterlər adətən həmin regionda əhalinin bölgüsünə proporsional olaraq paylanır və onlara yerli səhiyyə xidmətini, kommunal xidməti, pərakəndə ticarəti, tikinti xidmətini, tikinti materialları istehsalını və s. aid etmək olar. İkinci tip klasterlər əsas etibarı ilə ən zəruri təbii resurslar olan ərazilərdə yerləşən resurslardan asılı müəssisələrdən təşkil olunur. Onlara misal olaraq hasilat müəssisələrinin klasterlərini göstərmək olar. Üçüncü tip klasterlər belə müəssisələrin rəqabət qabiliyyətini yüksəltmək məqsədilə yaradılır. Belə klasterlər peşəkar tiplərə görə birləşən müəssisələrə əsaslanır. Bu klasterlər təbii resurslardan asılı deyildirlər. Onlar öz məhsul və xidmətlərini bir sıra hallarda müxtəlif ölkələrdə satırlar[2, s.105]. Onlar klaster müəssisələrin rəqabətqabliyyətliyini yüksəltmək məqsədilə yaradılır. Klasterləşmənin ilkin şərtləri kimi aşağıdakıları qeyd etmək olar:
- bazar iqtisadiyyatı şəraitində klasterlərin inzibati qərarlarla yaradılmaması;
- bütün səviyyələrdə, o cümlədən regional səviyyədə dövlət dəstəyi tədbirləri ilə klasterlərin formalaşdırılmasına və inkişafına fəal təsir edilməsi;
- klasterləşmənin dəstəklənməsinin məqsədli xarakter daşıması və rəqabət qabiliyyətlilik potensialı daha yüksək olan sahələrə istiqamətlənməsi;
- klaster siyasətinin prioritet istiqamətlərinin daimi monitorinqi və onların seçilməsi üçün etibarlı vasitələrin olması;
- klasterlərin dəstəklənməsi prinsip və müxanizmlərinin müəyyən edilməsi.
Kiçik sahibkarlığın inkişafının ən səmərəli, rəqabətqabiliyyətli və perspektivli istiqaməti klasterlərin formalaşdırılması vasitəsilə onun iri bizneslə əməkdaşlığıdır. Klaster şəbəkəsinin inkişafı həm hakimiyyətə, həm də biznesə müəyyən üstünlüklər verir. Belə ki, hakimiyyət üçün belə üstünlüklərə vergi bazasının artırılması, ayrı-ayrı biznes qruplarından asılılığın azaldılması, iqtisadiyyatın difersifikasiya imkanlarının artmasını, biznes üçün isə kadr infrastrukturunun yaxşılaşdırılması, tədqiqat və elmi-texniki araşdırmalar üçün infrastrukturun yaranmasını, məsrəflərin azaldılmasını, dünya bazarına daha uğurla çıxmaq üçün imkanların yaranmasını və s. aid etmək olar. Klasterlər aşağıda qeyd edilən səbəblərdən daha çox yenilik qabiliyyətinə malikdir:
- klaster iştirakçıları - firmalar istehlakçıların təlabatına daha tez və adekvat reaksiya vermək qabliyyətindədir;
- klaster iştirakşıları təsərrüfat fəaliyyətinin müxtəlif istiqamətlərindən istifadə edərək yeni texnologiyalara əl çatanlığını asanlaşdırır;
- innovasiya prosesinə istehlakçılar və tədarükçülər, həmçinin digər sahənin müəssisələri daxil edilir;
- firmadaxili kooperasiya nəticəsində elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə yönəldilən xərclər azalır;
- klasterdə olan firmalar intensiv rəqabət təzyiqi altında olurlar və şəxsi təsərrüfat fəaliyyətini onoloji kampaniyaların işləri ilə müqayisələrini gücləndirilər.
Klaster yüksək innovasiya fəallığını nəzərdə tutur. Klaster şəbəkəsində bir araya gələn kiçik sahibkarlar müxtəlif istiqamətlərdə rəqabət qabiliyyətliliyini artırmaq imkanı qazanırlar. Bu istiqamətlərə aşağıdakıları göstərmək olar[3, s. 303]:
 Yüksək innovasiya layihələrinə üz tutmaqla rəqibləri ilə müqayisədə daha yüksək iqtisadi artıma nail olunması;
 Eyni coğrafi zonada işləmək üstünlüyündən istifadə edərək məhsuldarlığın yüksəldilməsi;
 Yeni fəaliyyət istiqamətlərinin yaradılmasının stimullaşdırılması;
Kiçik sahibkarlığın inkişafının ən perspektivli, səmərəli və rəqabət qabiliyyətli istiqaməti klasterlərin formalaşdırılması vasitəsilə onun iri bizneslə əməkdaşlığıdır.
Respublikamızda klaster modeli əsasında kiçik sahibkarlığın inkişafına mane olan əsas problemlərə aşağıdakıları aid etmək olar:
 Klaster texnologiyasının reallaşdırılmasını təmin edən effektiv metodoloji bazanın olmaması;
 Biznes nümayəndələrinin, icraedici hakimiyyət orqanlarının klasterləşmənin tətbiqi barəsində kifayət qədər məlumatlarının olmaması;
 Klasterlərin təşkili üzrə mütəxəssislərin olmaması;
 İnnovasiyalı kiçik sahibkarlığın yeni formalarının inkişafının aşağı səviyyədə olması və s.
Kiçik müəssisə klasterlərinin fəaliyyət mexanizminin fərqləndirici xüsusiyyəti bir sıra müsbət səmərənin yaranmasıdır(bax: Şəkil 1):

Şəkil 1. Kiçik müəssisə klasterlərinin müsbət səmərəsinin təxmini sxemi.
Şəkil 1-dən göründüyü kimi, müəssisələrin istehsalda və yaxud hər hansı bir xidmətin göstərilməsində ixtisaslaşması əsasında iqtisadi fəaliyyətin miqyas səmərəsi yaranır. Bu isə son nəticədə klasterlərin fəaliyyətində multiplikativ səmərəyə gətirib çıxarır. Klaster şəbəkələri daxilində bir neçə növ məhsulun eyni vaxtda istehsalının təşkili əhatə səmərəsini verir. Müəssisələrin qarşılıqlı fəaliyyəti prosesində bir sıra əlavə xərclərin ixtisarı nəticəsində xərclərin azaldılması səmərəsinin ortaya çıxması məhsulun istehsalının daha az xərclə başa gəlməsinə şərait yaradır. Klasterli model çərçivəsində səmərəli fəaliyyət mexanizmlərinin seçilməsi və onun təmin edilməsi müxtəlif amillərin qarşılıqlı fəaliyyətinə, sinerqetik səmərəsinə şərait yaradır[4, s. 245]. Kiçik biznesin fəaliyyətinin klasterli yanaşma əsasında formalaşdırılmasının əsas prinsipləri kimi aşağıdakıları göstərmək olar:
 Müstəqillik və korporasiyalaşma. Klaster şəbəkəsi iştirakçıları öz fəaliyyətində azadlığını və müstəqilliyini saxlayır, eyni vaxtda bəzi məsələlərin həllində, onların tənzimlənməsində əlaqələndirilmiş fəaliyyət təmin edilir;
 Rəqabət prinsipi. Klasterə daxil olan müəssisələr həm daxili mühit subyektləri ilə, həm də klaster çərçivəsində öz aralarında rəqabət aparır;
 Sərbəst giriş və çıxış prinsipi. Klasterləşmə mexanizmi qaydalarına müvafiq olaraq klasterin istənilən subyekti şəxsi təşəbbüsü ilə onun tərkibinə daxil ola və çıxa bilər;
 Öhdəçilik prinsipi. Klasterə daxil olan subyekt hüquqi, kommersiya və istehsal-texnoloji müstəqilliyini saxlamaqla digər iştirakçılarla qarşılıqlı fəaliyyət üzrə öz üzərinə öhdəlik götürür. Klaster daxili layihələri reallaşdırmaq üçün yeni ideyaları və daxili vəzifələrin daha səmərəli həllini nəzərdə tutan yeni tərəf-müqabilləri cəlb etmək yolu ilə sahənin inkişafını dəstəkləməlidir.
 Qarşılıqlı tamamlama prinsipi. Klaster iştirakçıları arasındakı münasibətlər ən az xərclə qısa müddətdə məhsul istehsalına və onun bazara təklifinə nail olunmasına gətirib çıxarmalıdır.
 Məlumatlılıq prinsipi. İstehsaldakı, müxtəlif innovasiya proseslərindəki bütün dəyişikliklər haqqında məlumatlar klaster iştirakçılarının hamısı üçün əlçatan olmalıdır.
Ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf konsepsiyası ayrı-ayrı sahələrin və ərazilərin rəqabət potensialını reallaşdıran diferensiallaşdırılmış istehsal klasterləri şəbəkəsinin, bir çox yüksək texnoloji innovasiya klasterinin formalaşdırılmasını nəzərdə tutur. İqtisadiyyatın mühüm sektoru olan kiçik biznesdə klasteri formalaşdıran zaman bir sıra məsələlərin nəzərə alınması, əksər kiçik müəssisələrin innovasiya fəaliyyətinə meylliliyi, onların innovasiya fəallığının kommersiya istiqamətliliyi, kiçik müəssisələrin klasterli qarşılıqlı fəaliyyətə yüksək həssaslığı, kiçik biznes mühitində yüksək rəqabət səviyyəsi, kiçik sahibkarlığın formalaşmış infrastruktutunun, normativ bazasının olması və s. vacibdir. Bu prosesdə minimum prioritetlik kriteriyaları kimi iqtisadiyyatımız üçün təsərrüfat əməkdaşlığının inkişaf dərəcəsi və dinamikası, innovasiya sahibkarlığının prioritet inkişaf istiqamətlərinin ölkə reallıqlarına uyğun siyahısı və s. olmalıdır. Bunlarla bərabər klasterin inkişaf sisteminin vəzifələrinə aşağıdakı məsələlər aid edilməlidir:
 Mövcud texnologiyaların səviyyəsinin davamlı artımı üçün şərait yaratmaq;
 Həm klaster iştirakçısı kimi müəssisələr, həm də kənar təşkilatlar arasında səmərəli qarşılıqlı fəaliyyət sistemini formalaşdırmaq;
 Klaster modelinin genişləndirilməsinin prioritet istiqamətlərini müəyyənləşdirmək.
Beləliklə, klaster həm ayrı-ayrı sahələrin, regionların, həm də bütövlükdə iqtisadiyyatın rəqabət qabiliyyətini yüksəltməyə, innovasiya xarakterinin gücləndirilməsinə və ixracat potensialının artırılmasına, davamlı iqtisadi artımın resursları kimi sahibkarlığın, xüsusən də kiçik biznesin inkişafına təkan verən yeni idarəetmə texnologiyasıdır. Kiçik sahibkarlıq klasterlərinin formalaşdırılması və inkişafı iki yanaşma əsasında mümkündür. Əvvəla, birgə fəaliyyət göstərmək məqsədilə öz resurslarını birləşdirmək və potensiallarını gücləndirmək qərarına gələn müstəqil təsərrüfat subyektlərinin təşəbbüsü, ikincisi, ictimai əhəmiyyətli layihələrin reallaşdırılmasında müxtəlif səviyyəli hakimiyyət orqanlarının aktiv iştirakı vasitəsilə yaradılan klasterlərdir. Birinci halda klasterlərin fəaliyyəti öz-özünü tənzimləmə, müvafiq müqavilələr əsasında, hər hansı bir dövlət orqanının iştirakı olmadan həyatakeçirilir. Klasterlərin yaradılmasının bu variantı bəzi şərtlərin olmasını tələb edir. Buna görə də klaster modeli əsasında kiçik biznesin inkişaf təcrübəsinin lazımi səviyyədə olmadığı şəraitdə bu sektorun real imkanlarına cavab verə daha perspektivli təsir bağışlayan variant ikinci variantdır. İqtisadiyyatını və biznesini klasterli model əsasında inkişaf etdirən və bu sahədə uğur əldə edən ölkələrin təcrübəsi davamlı iqtisadi artım, rəqabət qabiliyyətli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması üçün dövlətin aktiv tənzimləyici rolunun zəruri olduğunu göstərir və s.

ƏDƏBİYYAT
1. Карпова Д.П. Использование кластерного подхода в управлении региональной экономикой // Региональная экономика и управление,№4.-2007.
2. Mихеев А.А. Развитие кластеров в региональных экономических системах: преимущества проблемы, пути поддержки // Проблемы современной экономики, №3.-2008.
3. Семенова Н. Кластеризация – новое явление в мировой экономике. http://www.nikst.ru.
4. Муравьев А.И. Предпринимательство: Санкт-Петербург, Издательство «Лань».-2011.


Açar sözlər: kiçik biznes, klaster şəbəkələri, innovasiya fəaliyyəti, innovasiyalı iqtisadiyyat.

Ключевые слова: малый бизнес, кластерные сети, инновационная деятельность, инновационная экономика.

Keywords: small business, cluster networks, innovation, innovative economy.


РЕЗЮМЕ
ВАЖНОСТЬ СОЗДАНИЯ СЕТИ КЛАСТЕРОВ В РАЗВИТИИ МАЛОГО БИЗНЕСА
В статье отображены направления и потенциал развития сектора малого бизнеса, а также задачи необходимости формирования сети кластероа в этой сфере в современных условиях. Новизна работы заключается в определении принципов кластерного подхода в развитии малого бизнеса и роли малого инновационного предпринимательства в формировании инновационной экономики, выявлены её преимущества и проблемы в этой сфере. Результаты исследования могут иметь особое значение в подготовке конкретных рекомендаций по развитию малого инновационного предпринимательства и формированию промышленных кластеров.

SUMMARY
THE IMPORTANCE OF CREATING A NETWORK OF CLUSTERS IN THE DEVELOPMENT OF SMALL BUSINESS
The article displays the direction and development potential of the small business sector, as well as tasks need to form the cluster networks in this field today. The novelty of the work is to determine the principles of the cluster approach in the development of small businesses, the role of small innovative business in the formation of an innovative economy, identifying its strengths and problems in this sphere. The results of the research may be of particular importance in the preparation of specific recommendations on the development of small innovative entrepreneurship and the formation of industrial clusters.

 

 

 

"GEOSTRATEGİYA" jurnalı №06 (42) NOYABR-DEKABR 2017

 

LYUDMİLA İSMAYİLOVA

Sumqayıt Dövlət Universiteti


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.2854 san