09:41 01 Mart 2018
4767 dəfə oxunub
Çap versiyası
Reyhan Mirzəzadə
Publisist-politoloq

     13 – mart dünya şöhrətli pedaqoq A.S.Makarenkonun anadan  olmasının 130 illiyi münasibəti ilə 

 “Millətləri yalnız və yalnız müəllimləri xilas edə bilər”

              Mustafa Kamal Atartürk

 

 “İnsanın azadlığa olan cəhdini intizamla birləşdirmək – budur əsas məsələ, bax pedaqogika belə olmalıdır!”.

 

                                                               Maksim Qorki

 

“Mən min dəfə əminəm ki, bizim məktəbdə canlı və yaradıcı nə varsa, hamısı A.S.Makarenkonun övladıdır”.

 

                                                              Vasili  Aleksandroviç  Suxomlinski

 

        

         “Məktəb dövlət təşkilatıdır, ailə isə məişət təşkilatıdır, ona görə məktəb, dövlət tərbiyəsinin müvəkkili kimi, ailə tərbiyəsinə təsir etməlidir”.

                                     

                                                                   Anton Semyonoviç Makarenko

 

 

         “Makarenko həmişə alovlar içərisində idi, həmişə yeni yollar axtarır, xəyallar qururdu. Lakin xəyalı həyata keçirəndən sonra o, öz hərəkətində donub qalmır, arxayınlaşmır, öz səhvlərini gizlətmir və bunları öz ağır yollarında cəsarətlə düzəldirdi”.

                                                                                         B.B.Komarovski

 

        

         “Dostum, öz əllərini bir anlığa nəzərdən keçir... Bəli, səninlə və yaşıdlarınla  ən yaxşı həyat barəsində söhbətə başlamazdan əvvəl, bu kitabçanın ardını oxumazdan qabaq öz əllərinə diqqət elə.Yəqin ki, əllərin tərtəmizdir?..Əgər əlinin bir yerində mürəkkəb ləkəsi qalmışdırsa  və ya hər hansı bir xeyirli, çətin  işdən əlin cızılıbsa, eybi yoxdur. Keçib gedər. Söhbətimiz bu barədə deyildir.

         Dostum, əllərinə nəzər sal, onlara hörmət və ümidlə bax. Axı səni əhatə edən hər şey-yer üzündə tikilmiş, qurulmuş və istehsal olunmuş nə varsa, hamısı, bəli, məhz hamısı insan əli ilə yaradılmışdır. Arxasında oturduğun miz də, oxuduğun sinifdəki parta da, bu gen dünyaya baxdığın pəncərə də, başının üstündəki dam da, geyindiyin paltar və  ayaqqabı da, bu sözlərin çap edildiyi səhifə də, onsuz bir gün də keçinə bilmədiyin çörək də -  insan əlinin məhsuludur. Bu əllər qələm və çəkic işlədir. Bu əllər gəmilərin və avtomaşınların sükanından, beldən və mikroskopdan yapışır. Bu əllər qənd parçasını sənin çay fincanına, ağır kərpici yeni evin bünövrəsinə  ehtiyatla qoymağa, dənizin dibindən incini, sənin barmağından tikanı çıxarmağa qadirdir. İnsan əli körpənin şaxşaxını da oynadır, əsgər tüfəngindən atəş də açır. Bu əllər topu basketbol səbətinə, raketi  Aya sərbəst yönəldə bilir.

         İnsan əlləri onun ağlına və iradəsinə tabedir. Bu əllər böş çölləri məhsuldar tarlalara çevirmiş, cır alma ağaclarını şirin bəhər verməyə məcbur etmişdir. Bu əllər keçilməz meşələrin içindən yollar salmış, dağları yarmış, ağcaqanadlı bataqlıqları qurutmuş, quru səhralara su gətirmişdir.Bu əllər çayların qabağına sədd çəkib turbinlərə hücum edən güclü sudan elektrik qüvvəsi almış və bunu hər yana, min-min kilometrlərlə məsafəyə vermişdir. Bu əllər insanın hər şeyə qadir biliyi ilə silahlanmışdır, hər hansı bir maddənin sirli tərkibində gözə görünməyən və çəkisi olmayan hissəcikləri hesablamağı, atomun təbiətində gizlənən sarsıdıcı və qüdrətli enerjini onun əlindən almağı öyrənmişdir. Bu əllər insan qəlbinin hökmü ilə elə lövhələr və heykəllər yaratmışdır ki, insanlar bunların misilsiz gözəlliyinə həmişə heyran olacaqlar.

         İnsan əlləri hər şeyi bacarır, hər şeyin öhdəsindən gəlir. Ancaq bu əlləri yaxşı iş görməyə alışdırmaq lazımdır. Elə etmək lazımdır ki, bu əllər mahir və bacarıqlı olsun, xeyirxah ürəyin və dəqiq ağlın hökmünü yerinə yetirsin. İnsan öz əllərindən çıxan işə və başqa adamın əməyinə hörmət etməli, “çiyin hissinə”-yəni sədaqətli qardaşlıq hissinə heç vaxt xəyanət etməməlidir. Hər bir döyüşçü bunu yaxşı bilir; sıx sırada, yanındakı ilə çiyin-çiyinə  durduqda ürəkdən hiss edir ki, o, hər şeydə yoldaşları ilə birlikdədir...”.

         Sevə-sevə qeyd etdiyim bu sadə və səmimi, eyni zamanda dərin və mükəmməl fikirlər hələ neçə illər bundan əvvəl-parta arxasında oturduğum vaxtlarda mütaliə etdiyim tərbiyəvi mövzudakı gözəl kitabların birindən xatirəmdə  qalıb.Digər mənbənin sərvəti olan bu cümlə isə sanki əvvəlkilərin  məntiqi  nöqtəsini qoyur: “Əsl işıqlı, xoşbəxt həyat sürmək üçün gərək çox biləsən, çox fikirləşəsən, beyin və əl ilə işləməyi öyrənəsən”.

         Beyin və əl ilə yaxşı işləmək üçün şübhəsiz ki, sənətlərin şərəflisi sayılan müəllimə ehtiyac böyükdür. Yaxşı deyiblər: “Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil”. Vaxtı ilə Azərbaycanda işıq üzü görən  “Füyuzat” jurnalı “Müəllim – hüzurunda əyləşən könül zəmisini icarəyə alan, ora həqiqət toxumunu, haqq sevdasını, millət və vətən sevgisinin toxumlarını əkən şəxsdir” – deyə yazırdı.

         Xalqlar müxtəlif olsa da, müəllimə bəslənən yüksək ehtiram dilindən, dinindən, irqindən asılı olmayaraq, bütün bəşəriyyətin qəlbində əbədi olaraq şölələnir.

Görkəmli rus pedaqoq və yazıçısı Konstantin Dmitriyeviç Uşinski müəllim haqqında çox qiymətli fikirlər irəli sürmüşdür. Uşinskiyə görə, müəllim məktəbdə və ümumiyyətlə, maarif sahəsində ən mühüm simadır: “İctimai tərbiyə orqanizmində hər kəsin öz yeri vardır. Lakin bu orqanizmdə ən mühüm üzv şübhəsiz, müəllim, tərbiyəçidir...Uşaqla  üzbəüz duran tərbiyəçi tərbiyənin bütün imkanlarını öz şəxsiyyətinda  daşıyır”.

Konstantin Dmitriyeviç qeyd edir ki, müəlimin şəxsiyyəti tərbiyədə hər şey deməkdir: o, şagirdi  tərbiyə  də  edə bilər, korlaya  da bilər. Pedaqoqun uşaq tərbiyəsində bu cür böyük rolunu nəzərə alaraq, Uşinski müəllim qarşısında çox böyük tələblər qoyur; bu tələblər müəllimin həm elmi səviyyəsinə, həm də əxlaqi sifətlərinə aiddir.

Uşinski öz əməli pedaqoji işindən başqa heç bir şey bilməyən, öz pedaqoji nəzəri biliyini artırmaqdan boyun qaçıran müəllimləri kəskin tənqid edirdi. Zərdüştün dediyi kimi: “Pis müəllim şüuru korlar. Sözün mənasını çatdırmaz. Ağlın inkişafını dayandırar, təlim-tərbiyəni fəsada çevirər.Nəticədə həyatın təbii axınına və gözəlliyinə ziyan yetirər.Mən bu kimi müəllimlərdən şikayət edirəm”.

“Müəllimin başında fənn nə qədər aydın olsa, şagirdlərin də başında bir o qədər aydın əks olunar. Hərgah müəllimin başındakı məlumat çox aydın deyildirsə, şagirdlərin başında tam bir zülmət olacaqdır” deyən Uşinski, müəllimdən çox aydın və dəqiq bilik tələb etməklə bərabər, eyni zamanda ondan növbənöv biliklər tələb edirdi.

Bilavasitə uşağın təlim-tərbiyəsi ilə məşğul olan müəllim, uşağı, onun inkişaf xüsusiyyətlərini, qabiliyyətlərini  öyrənməyə  kömək edən psixologiyanı bilməlidir. “Tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik, xırda ehtiyacları və eləcə də böyük ruhi tələbləri ilə tanış olmalıdır.Tərbiyəçi insanı ailədə, cəmiyyətdə, xalq arasında, bəşəriyyət içərisində və öz vicdanı ilə üzbəüz durduğu halda öyrənməlidir.O, uşağı bütün yaşlarda, bütün siniflərdə, bütün vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında, yüksələn və alçalan hallarda öyrənməlidir.Yalnız bu zaman o, insan təbiətinin özündən tərbiyə vasitələrini  əxz  edə bilər. Bu vasitələr isə olduqca çoxdur”.

Tanınmış sovet pedaqoq-novatoru, yazıçı, pedaqogika elmləri üzrə akademik Vasili Aleksandroviç Suxomlinski demişdir ki, tərbiyə hər şeydən əvvəl insanşünaslıqdır.Uşağı tanımadan, onun əqli inkişafını, təfəkkürünü, marağını, həvəsini, qabiliyyətini, istedadını, meyllərini bilmədən tərbiyə etmək olmaz. Xəstəxananın baş həkimi xəstələri olmadan əsl həkim ola bilmədiyi kimi, məktəb direktoru da özünün (qeyd edim ki, Suxomlinski xeyli müddət məktəb direktoru vəzifəsində çalışmışdır) tərbiyə etdiyi uşaqları olmadan tərbiyəçilərə rəhbərlik edə bilməz. Özünün - bu mənada ki, o, uşağın məktəbə daxil olduğu gündən kamal attestatı alana qədər uşaqla pillə-pillə yüksəlir, bilavasitə uşağın əqli, əxlaqi, estetik, emosional, fiziki inkişafına qayğı göstərir, onunla ümumi mənəvi maraq yaradır, özünün mənəvi sərvətlərini ona verir...

Uşaqlıq insan həyatının ən mühüm dövrüdür, gələcək həyata hazırlıq deyil, həqiqi, parlaq, özünəməxsus, təkraredilməz həyatdır.Uşaqlıq çağının necə keçməsindən, uşaqlıq illərində onun əlindən kimin tutub gəzdirməsindən, ətraf aləmdən onun ağıl və ürəyinə nəyin daxil olmasından – bugünkü uşağın necə insan olacağı həlledici dərəcədə bunlardan asılıdır.Məktəbəqədər və kiçik məktəb yaşı dövründə insanın xarakteri, təfəkkürü və nitqi formalaşır.Ola bilsin ki, uşağın ağlına və qəlbinə kitabdan, dərslikdən, dərsdən nə daxil olursa, məhz ona görə daxil olur ki,kitabla yanaşı, ətraf aləm də vardır; bu aləmdə uşaq anadan olduğu gündən özünün kitabı açıb oxuya bildiyi vaxta qədər öz çətin addımlarını atır...

Bu yazımın əsas mövzusu olan və haqqında imkanım qədər geniş bəhs edəcəyim dünya şöhrətli rus pedaqoqu və yazıçısı Anton Semyonoviç Makarenko valideynlərə xitabən deyirdi ki, uşağın necə olacağı əsas etibarı ilə sizin onu həyatının 5 yaşına kimi necə tərbiyə edəcəyinizdən asılıdır.Əgər siz uşağı 5 yaşına kimi lazımi qaydada tərbiyə etməmişsinizsə, sonra yenidən tərbiyə etmək lazım gələcəkdir, yenidən tərbiyə etmək isə çox çətindir.Buna görə də ailədə uşağın ilk yaşlarından tərbiyə edilməsi çox mühüm işdir.Əgər uşaq 6 yaşına kimi düzgün tərbiyə edilmişdirsə, heç bir qorxusu yoxdur, bu cür uşağa heç kim pis təsir edə bilməz.

Bilirik ki, oyunlar uşaqların həyatında böyük rol oynayır. Yaxşı təşkil olunmuş oyun prosesində uşağın bütün varlığı inkişaf edir, o, əməyə, həyata daha yaxşı hazırlaşır. Anton Semyonoviç bu barədə deyir: “Uşaq oyunda necədirsə, böyüyəndən sonra işdə də bir çox cəhətdən elə olacaqdır.Ona görə gələcək xadimin tərbiyəsi hər şeydən əvvəl oyun prosesində keçir”. Makarenko bu fikri ilə rus klassiklərinin irsini inkişaf etdirir.Məsələn, Q.V.Plexanov : “Oyun vaxt etibarı ilə özündən əvvəl gələn əməyin balasıdır” –deyirdi. P.F.Lesqaft isə yazırdı: “Oyun hərəkətdir; bu vasitə ilə uşaq həyata hazırlaşır...Oyun vasitəsilə uşaq öz vərdiş və adətlərinin əsasını təşkil edən təsirlərə alışır”.

Uşaq oyununun 1-ci mərhələsinə (məktəbəqədərki dövr) rəhbərlik işinə Makarenkonun qoyduğu tələblər çox əhəmiyyətlidir: “Uşaq üçün həddindən artıq oyuncaq almaq yaramaz, onun bir-iki mexaniki oyuncağı varsa, kifayət edər”. O, daha sonra yazır: “...Qoy uşaq bol oyuncaq içərisində özünü itirməsin. Ona az oyuncaq verin, lakin çalışın ki, o, sayca az oyuncaqdan oyun təşkil etməyi bacarsın.Çalışmaq lazımdır ki, uşaq doğrudan da oynasın, yaratsın, qursun, quraşdırsın”.Bunun üçün Makarenko uşaq oyununa dərhal müdaxilə etməyə çalışmadan onu müşahidə etməyi təklif edir.Məsələn, uşaq oyuncaq - atla oynayır, o, bunu arabaya qoşmağa çalışacaqdır.Belə vaxtda valideyn-tərbiyəçi dərhal ona oyuncaq-araba almaq və ya onun üçün oyuncaq-araba düzəltməyə tələsməməli,uşağın özünü qutulardan araba düzəltməyə təhrik etməlidir.Əsas məsələ də onun quraşdırması, yaratmasıdır. Bununla əlaqədar olaraq bir tələb də oyunda uşağa mümkün qədər sərbəstlik vermək və lazım gəldikdə, onu istiqamətləndirməkdir.

Uşağın oyuncaqlara qayğı ilə yanaşmasına nail olmaq lazımdır.Valideyn, yaxud bağça tərbiyəçisi oyuncaqların sındırılmasına, xarab edilməsinə yol verməməlidir.Əksinə, çalışmalıdır ki, uşaq oyuncağı sevsin, onu xarab olmaqdan qorusun.Makarenko valideynlərə məsləhət görür ki, onlar sınmış oyuncağın təmir olunması üçün həmişə tədbir görsün, onu heç bir zaman vaxtından əvvəl tullamasınlar.

“...Ata evdə həmişə hirslənirsə,hər boş şeyin üstündə hay-küy qaldırırsa, yerli-yersiz çomaqdan, yaxud qayışdan yapışırsa, hər bir suala kobud cavab verirsə, bu, təzyiq üzərində qurulmuş nüfuzdur.Bu cür nüfuz heç bir şey tərbiyə etmir, o, yalnız uşaqları dəhşətli atadan uzaqda dayanmağı öyrədir...

Valideyn uşağın şəxsiyyətinə hörmət etməli, ona qayğı ilə yanaşmalıdır.Makarenko deyirdi: “Lap əvvəldən siz işi elə qurmalısınız ki, uşaqlar özləri öz işləri haqqında sizə hər şeyi danışsınlar, hər şeyi sizə danışmaq istəsinlər, sizin bu işlərdən xəbər tutmanızın onlar üçün faydalı olduğunu bilsinlər.

Bütün bunlar üçün çox vaxt tələb olunmur, bunun üçün yalnız uşaqlara və onların həyatına diqqət vermək lazımdır.Siz bu diqqəti göstərsəniz və uşağın həyatındakı hadisələrlə maraqlanıb onları öyrənsəniz, uşaq bunu mütləq hiss edəcəkdir.Uşaqlar belə diqqəti sevirlər və bunun üçün valideynlərə hörmət edirlər”.

Bu zaman uşaqlarla valideyn arasında səmimi münasibət yaranır.Uşaq ən çətin dəqiqələrdə ata və anası ilə məsləhətləşir, öz sirrini onlara etibar edir, öz hisslərini onlardan gizlətmir.

Valideyn uşağın etimadına layiq olmalıdır.Uşaq sirrini açırsa, onu qorumaq lazımdır; əgər valideynlə məsləhətləşirsə, onu ifşa etmək olmaz.Uşağı utandırmaq, pis hərəkətlərini tez-tez ona xatırlatmaq məsləhət deyildir.Uşaq bir sıra hallarda məhz pərt olmamaq xatirinə yalan danışır.

Ailədə uşaqlara etimad göstərilməlidir:şirniyyatı, meyvəni və s.-ni açıq saxlamaq lazımdır.Bu, uşağın maddi tələbatının düzgün inkişafı üçün şərait yaradır.Uşaqlar belə şəraitdə “gözü tox” böyüyürlər.Lakin çalışmaq lazımdır ki, uçaq icazəsiz şey götürməsin, ailədə qoyulmuş qaydaya əməl etsin.Bu cəhətdən ailədə ümumi nəzarətin olması zəruridir.

Uşaq icazəsiz şey götürdükdə, yaxud məsələn, dolçanı sındırıb bunu valideyndən gizlətdikdə, əvvəlcə hadisənin baş verdiyi şəraiti öyrənmək və hadisə ilə əlaqədar olan bəzi cəhətləri aydınlaşdırmaq lazımdır.Bundan sonra əlverişli bir vaxtda uşaqla söhbət etmək olar.Uşağın özünə haqq qazandırması üçün müxtəlif bəhanələr uydurması imkanını aradan qaldırmaq məqsədi ilə sualı gözlənilmədən vermək məsləhətdir.Sualın qoyuluşundan çox şey asılıdr.Tutaq ki, uşaq dolçanı sındırmasını valideyndən gizlədir. Bu zaman valideyn dolçanı kim sındırdığını müəyyənləşdirmək üçün uşağa belə bir sual verə bilər; “Dolçanı sən sındırmısan?”. Həmin sualı başqa şəkildə də ifadə etmək mümkündür: “Dolçanı əlindən salıb sındırmısan?”.

Bu iki sual arasında böyük fərq vardır. Birinci halda valideynin verdiyi sual onun baş vermiş hadisədən xəbərsiz olduğunu göstərir.Buna görə də uşaqlar belə suallara adətən mənfi verir və öz günahlarını boyunlarına almırlar.İkinci halda isə ana (ata) sualı elə verir ki, sanki həqiqəti bilir. Lakin bəzi detalları (bizim misalımızda dolçanın uşağın əlindən, yoxsa stolun üstündən düşdüyünü) aydınlaşdırmaq istəyir.Bu zaman sualın qoyuluşu, məntiqi uşağı həqiqəti söyləməyə sövq edir.

Buradan nəticə çıxaraq: valideyn uşaqla söhbət edərkən sualı elə verməlidir ki, guya həqiqəti bilir. “Həsəni sən vurmusan?”, “Konfeti kim yeyib?”, “Pulu sən götürmüsən?” kimi suallara uşaqlar adətən düzgün cavab vermirlər. Uşaqdan belə soruşmaq lazımdır: “Həsəni nə üçün vurmusan?”, “O qədər konfeti necə yedin?”, “Pulu yerdən tapmısan?” və s. Uşaqlar belə suallara əksər hallarda düzgün cavab verirlər”. Bunlar böyük Makarenkonun tərbiyə təlimlərindəndir. Məşhur pedaqoqla yaxından tanış olaq.

Anton Semyonoviç Makarenko 1888-ci il martın 13-də Xarkov quberniyası Suma vilayətinin Belopole kəndində anadan olub. Atası Semyon Qriqoryeviç Cənub dəmir yolunun vaqon emalatxanasnda usta işləyirdi.

  V.S.Makarenkonun  “Mənim qardaşım Anton Semyonoviç” kitabından iqtibas: “A.S.Makarenkonun bütün bioqrafiyası Belopoledən olan ailəmizin tarixindən başlanır. Lakin Belopoleyə gəlməzdən öncə atamız bir neçə il vaqonların təmiri üçün artıq hansısa kiçik emalatxanaların olduğu Kryukovoda işləmişdi. Burada atamız anamızla tanış olmuş və 1875-ci ildə evlənmişdilər. Anamız köklü  kryukovolu idi və hələ mənim vaxtlarımda Poselyanskaya  küçəsində  onun valideynlərinin kifayət qədər böyük və sanballı, geniş həyəti və bağı-bağçası olan evi qalırdı. (Bəlkə indi də qalır, çünki sonuncu müharibədən Kremençuq böyük ziyan görmüşdü, Kryukovo isə demək olar toxunulmaz qalmışdı – bu barədə qardaşım qızı Tasya yazıb,  indilərdə  A.S.Makarenko muzeyinə çevrilmiş  evimizdə  yaşayır). Düşünürən ki, ailəmizdə ilk uşaq  körpə yaşlarında tələf olmuş Serafim imiş. Hər halda, 1881-ci il doğumlu  bacım Saşa (Aleksandra)  ailə hələ Kryukovoda  yaşayanda dünyaya gəlib. Deməli,  belə çıxır ki, ailənin Belopoleyə köçməsi təqribən 1881-1885-ci illərə təsadüf edir,  Anton – 1888-ci ildə, Natalya – 1891-ci ildə və mən, sonbeşik – 1895-ci ildə burada dünyaya göz açmışıq”.

Antonun ailəsi yoxsul yaşasa da, zəhmətkeş idi, işgüzar və mehriban bir həyat sürürdü.Hələ uşaq yaşlarından istedadlı olduğunu büruzə verən balaca Anton, 5 yaşında ikən yaxşı oxuyur, kitabı sevirdi.

Uşaqlığının ilk illərini Belopoledə keçirən  Anton, əvvəlcə burada 5 illik təhsil verən ikisinifli məktəbə daxil olur, sonra Kremençuq şəhər məktəbində təhsilini davam etdirir və 1904-cü ildə buranı nümunəvi əxlaq və  “əla” qiymətlərlə bitirir. Həmin il Anton Semyonoviç müəllimlər hazırlayan birillik pedaqoji kursa daxil olur, kursu bitirdikdən sonra ikiillik  məktəbdə dərs vermək hüququ ilə ibtidai məktəb müəllimi adını alır. 1905-ci il sentyabrın 1-dən Makarenko Kryukovoda dəmir yol emalatxanası fəhlələrinin uşaqları üçün açılmış ikisinifli dəmir yol məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayır. Çox gənc olduğuna baxmayaraq, elə həmin vaxtlardan  gələcək novator-pedaqoqun bir sıra qiymətli xüsusiyyətləri özünü aydın göstərir. O, həyatın və zamanın mütərəqqi tələblərini, meyllərini tez görür, dərk edir, pedaqoji fəaliyyətində öz əməli işi ilə yeni tələblərə fəallıqla cavab verməyə çalışır. Dərslərdən, sinif məşğələlərindən sonra da o, həmişə məktəbdə, uşaqların arasında olur. Məktəbdə şagirdlərin iştirakı ilə  məzmunlu müsamirələr təşkil edir, valideynlərlə əlaqə saxlamaq üçün valideyn komitəsi təşkil edir.

Anton Semyonoviç 1914-cü ildə Poltava Müəllimlər İnstitutuna daxil olur. İnstitutda təhsil aldığı illərdə külli miqdarda pedaqoji ədəbiyyat oxuyur. Konfranslarda dərin və məzmunlu məruzələrlə çıxışlar edir.

Makarenko institutu qızıl medalla bitirir. Poltava Müəllimlər İnstitutunun ona verdiyi xasiyyətnamədə yazılırdı: “Makarenko Anton öz istedadı, biliyi, inkişafı və zəhməti sevməsi ilə görkəmli tələbə olmuşdur. Pedaqogikaya və humanitar elmlərə xüsusi həvəs göstərmiş və bunlara aid çoxlu ədəbiyyat oxuyub gözəl əsərlər yazmışdır. Bütün fənlərdən, xüsusilə tarixdən və rus dilindən çox yaxşı müəllim olacaqdır”.

1917-ci il sentyabrın 1-dən A.S.Makarenko Kryukovo stansiyasındakı ali -ibtidai dəmir yol məktəbinin müfəttişi (yəni müdiri) təyin olunur.

Birinci Dünya müharibəsi və vətəndaş müharibəsi nəticəsində ata-anasız qalıb küçələrə tökülmüş uşaqların tərbiyə edilməsi o vaxtlar böyük dövlət əhəmiyyəti olan çətin bir iş idi.

Sovet hakimiyyəti ilərində də Makarenko həqiqi bir novator kimi çalışır, köhnə məktəbin yaramaz qalıqlarını, köhnəlmiş üsullarını aradan qaldırır, tərbiyə işinin yeni üsullarını axtarıb tapır. O, şagirdlərin möhkəm, mehriban kollektiv yaratmaq işinə xüsusi əhəmiyyət verir, məktəbyanı sahədə işləmək üçün şagirdlərdən ibarət əmək dəstələri təşkil edir. O, Kryukovo məktəbində uşaqları maraqlandıran və yaxşı tərbiyə edən hərbiləşdirmə üsulundan, hərbiləşdirilmiş əmək fəaliyyəti formalarından səmərəli istifadə edir, nəfəsli orkestr yaradır. 

Anton Semyonoviç 1919-cu ilin sentyabrından Poltava şəhər ibtidai məktəbinin müdiri vəzifəsində işləməyə başlayır. Bir il sonra isə Makarenkoya  azyaşlı qanunpozanlar üçün koloniya təşkil edilməsi tapşırılır.

Zəhmətkeş pedaqoq bütün bacarıq və qüvvəsini koloniyanın tərbiyə və təsərrüfat həyatını nizama salmağa sərf edərək, həyatı pozulmuş, əvvəllər cinayətlər törətmiş yeniyetmə və gəncləri qısa müddət ərzində tərbiyələndirib möhkəm və mehriban, nizam-intizamlı bir kollektiv yaradır. Makarenkonun təşəbbüsü ilə həmin koloniyaya görkəmli rus yazıçısı Maksim Qorkinin adı verilir. Müdrik və dahi yazıçının adını daşıyan koloniya öz inkişaf yollarına heç də asanlıqla qədəm qoymur.Yollar çox enişli-yoxuşlu və manelərlə dolu olur.

Çarizm vaxtı cinayətkar uşaqların “tərbiyə aldığı” və müharibələr vaxtı bütün avadanlığı və təsərrüfatı dağılmış binanı bir təhər qaydaya saldıqdan sonra koloniyaya ilk uşaqlar qəbul edilir.Uzun müddət avara həyat keçirən uşaqlar işləməyi və oxumağı təsəvvürlərinə belə gətirmir, heç bir nəsihət və məzəmmət qəbul etmirdilər.Onlar oğurluqlarını koloniyada da davam etdirir, pedaqoqları təhqir edir, ədəbsiz sözlər danışır, yeməkxanada boşqabları qırır, açıq-açığına bıçaq oynadırdılar. Makarenko bu çətin anları belə təsvir edir: “Koloniyadakı birinci aylar mənim üçün və mənim yoldaşlarım üçün ümidsizlik və bihudə gərginlik ayları idi.Bu aylar eyni zamanda həqiqəti axtarış ayları idi. Mən 1920-ci ilin qışında oxuduğum qədər bütün ömrümdə pedaqoji ədəbiyyat oxumamışdım. Bu mütaliənin başlıca nəticəsi olaraq, mən elə möhkəm və nədənsə birdən elə bir əsaslı qənaətə gəldim ki, öz-özümə dedim: mənim əlimdə heç bir nəzəriyyə yoxdur, mən nəzəriyyəni gözümün qabağında baş verən real hadisələrin məcmuyundan özüm çıxarmalıyam... mənə tez təhlil etmək və tez hərəkət etmək lazımdır”.

Həmin dövrün ağır iqtisadi böhranlı illərində koloniyanın yoxsul həyatını yaxşılaşdırmaq üçün oğlanlar çəkməçilik və dülgərlik emalatxanalarında çalışmağa, qızlar isə tikiş işlərinə cəlb edilir.Bundan başqa, hamı koloniyanın tarla və bostanında işləməyə cəlb olunur.

İki ildən sonra koloniyanın təsərrüfatı canlanmağa başlayır. Uşaqların koloniya təsərrüfatında fədakarcasına işləməsi, bu işlərin icra olunmasında pedaqoqların tələbkarlığı uşaqların şüurunda və əməyə münasibətində tədricən dönüş yaradır.Kolonistlərlərin böyük əksəriyyəti artıq öz həyatlarını yaxşılaşdırmaq üçün işləmək, qoyulan qaydalara tabe olmaq zərurətinə inanırlar. Bu, Makarenkonun ilk böyük qələbəsi olur.

Kolonistlər arasında intizamı pozmaq, oğurluq, dalaşma halları hələ davam etsə də, bunların sayı xeyli azalır. Lakin hələ tam möhkəmlənməmiş bu yeni tərbiyə sistemi hər an pozula bilərdi.Nəzərə alınsa ki, müxtəlif cinayətlər üstündə küçədən tutulmuş yeni-yeni uşaqların koloniyaya göndərilməsi davam edir, yeni uşaqlar özləri ilə illərlə küçənin murdar təsiri altında qazandıqları çirkin adət və əməlləri gətirir, digər tərəfdən də koloniyada hələ davam edən bir sıra pozucu hadisələr, yəni qumar oyunu, içki içilməsi, qonşu kəndlərin əmlakını oğurlamaq və s.bu kimi hərəkətlər yeni yaranmış uşaq kollektivini dağılmaq təhlükəsi ilə üz-üzə qoyurdu. Makarenko və onun silahdaşlarının ən vacib vəzifəsi hələ möhkəmlənməmiş uşaq kollektivini belə pozucu təsirlərdən qorumaq və yeni gələn uşaqları kollektivin təsiri altına almaq idi.

Koloniyanın yaradılmasının 5-ci ilində kolonistlərin əlbir əməyi və Makarenko kimi bacarıqlı rəhbərin sayəsində M.Qorki adına koloniya artıq möhkəm maddi bazaya malik olur.Onun mədəni üsulla becərilən tarlaları, cins inəkləri, donuzçuluq ferması, meyvə bağları, təmiz və rahat yataqxanası, gözəl fəaliyyət göstərən klubu var idi.Koloniyanın özünün məktəbi vardı ki, burada oxumaq hər bir kolonist üçün məcburi idi.

Makarenkonun təklifi və təşəbbüsü ilə kolonistlər  M.Qorki ilə məktublaşmağa başlayır. Qorki koloniyanın həyatı və Anton Semyonoviçin yüksək  peşəkarlıqla  tərbiyə  etdiyi yeni adamlarla, bu tərbiyənin nümunəvi metodları ilə yaxından maraqlandığı üçün tezliklə koloniyanın yaxın və səmimi dostuna çevrilir. Dahi yazıçı 1928-ci ildə koloniyaya gəlir. Qorki koloniyanın təşkilatçısı, ilhamçısı və rəhbəri olan Makarenko haqqında gözəl fikirlərini öz məktub və məqalələrində ifadə edib yazır: “Siz çox gözəl iş görürsünüz, bu iş son dərəcə gözəl bəhrələr verməlidir...Siz heyrətamiz dərəcədə böyük bir insansınız və məhz Rusiyanın ehtiyac hiss etdiyi adamlardansınız”. Qorki Makarenkonu istedadlı pedaqoq adlandırırdı.

Istedadlı pedaqoq tərbiyə işində şablona, hamıya eyni üsulla təsir etməyə qarşı çıxırdı. Hər kəsə öz qabiliyyətinə, xarakterinə, arzu və istəyinə, habelə inkişaf xüsusiyyətlərinə görə yanaşmağı məsləhət görürdü.

Makarenko ayrı-ayrı uşaqlara bir tərəfdən uşaq kollektivinin, digər tərəfdən pedaqoqun təsirini təşkil etməyi lazım bilirdi.Bu üsula o, “paralel təsir üsulu” adı vermişdi.Belə üsulun təsiri ilə həm fərd, həm də uşaq kollektivi  tərbiyə  olunur.Bu qarşlıqlı əlaqə haqqında Makarenko yazırdı ki, bizim şəxsiyyətə göstərdiyimiz hər bir təsir eyni zamanda uşaq kollektivinə də təsir etməlidir və əksinə, bizim kollektivlə hər hansı təmasımız eyni zamanda kollektivə daxil olan ayrı-ayrı şəxsiyyətləri də tərbiyələndirməlidir.

Anton Semyonoviç bildirirdi ki, müəllim tərbiyələndirdiyi uşağa öyrənilməsi lazım bilinən obyekt kimi deyil, tərbiyə olunması lazım gələn obyekt kimi baxmalıdır.Bu barədə pedaqoq yazırdı: “Tərbiyəçi hər şeydən əvvəl öz öhdəsindəki uşaqları yaxşı tanımalı, tərbiyə edilən hər bir uşağın həyatına və xarakterinin xüsusiyyətlərinə, onun istəklərinə, şübhələrinə, zəif cəhətlərinə və üstünlüklərinə bələd olmalıdır. Yaxşı tərbiyəçi hökmən gündəlik qeyd dəftərçəsi saxlamalı, tərbiyə edilən uşaqlar üzərində ayrı-ayrı müşahidələrini, bu və ya digər şəxsi xarakterizə  edən hadisələri, uşaqlarla keçirdiyi müsahibələri, uşağın inkişafını yazmalı, müxtəlif anlarda bütün uşaqlarda müşahidə edilən böhran və ya dönüş hallarını təhlil etməlidir. Bu gündəlik qeyd dəftərçəsi heç bir zaman rəsmi jurnal xarakterində olmamalıdır”.

Makarenko məktəbdə xarakter tərbiyəsinə  az fikir verildiyini böyük qüsur hesab edirdi. Pedaqoq göstərirdi ki, bəzən xarakter tərbiyəsinə diqqət verilsə də, bu diqqətin istiqaməti düzgün olmur. “Biz gözləyirik ki, şagird bu və ya başqa bir pis hərəkət etsin, sonra onu tərbiyə etməyə başlayaq. Təqsiri olmayan şagird bizi maraqlandırmır. Onun hansı istiqamətdə irəlilədiyini, onun zahirən qaydalı görünən varlığında nə cür xarakter inkişaf etdiyini biz bilmirik və bunu öyrənib bilməyi bacarmırıq. “Yerə baxan sakit adamlar”, “müqəddəs simalı adamlar”, pul yığanlar, hər şəraitə uyğunlaşanlar, maymaqlar, əzilib-büzülənlər, müftəxorlar, adamdan qaçanlar, xəyalpərəstlər, əzbərçilər və bu kimi başqa yayılmış xarakter tipləri bizim pedaqoji qayğımızdan kənarda qalır. Bəzən biz onların mövcud olduqlarını görürük, lakin əvvələn, onlar bizə mane olmurlar.İkincisi, hamısı birdir, biz onlarla nə etmək lazım olduğunu bilmirik.İşin əslində isə çox vaxt nadinclər və intizamı pozanlar deyil, belə xarakterə malik olan uşaqlar böyüyüb ziyanlı adamlara çevrilirlər”.

Makarenko izah edir ki, tərbiyə zamanı başa salmaq, inandırmaq təsir etmədikdə, cəza tətbiq etmək, ictimai təsir göstərmək lazımdır.Lakin cəza məsələsi çox incə məsələ olduğundan və böyük məharət tələb etdiyindən hər bir pedaqoqun cəza tətbiq etməsinə yol vermək olmaz.

Makarenko  özü cəzanı böyük pedaqoji məharətlə verir, onun psixoloji təsir qüvvəsini əvvəlcədən dəqiq müəyyənləşdirirdi. Müqəssir olan şagirdlər həmişə bu cəza ölçülərini ədalətli bir tədbir kimi qəbul edirdilər, özlərinin həmin cəzaya layiq olduqlarına şübhə etmirdilər.

Makarenkonun uşaqlara belə fərdi yanaşma məharətindən söhbət açan, vaxtilə koloniyada tərbiyəçi işləmiş E.Qottenberq yazırdı ki, Anton Semyonoviçin fərdi yanaşma bacarığına hamı heyran qalmışdı. O, ayrı-ayrı uşaqları dərindən tanıdığı üçün heç kəsə eyni tərzdə yanaşmır,hamıya, hətta eyni hərəkəti etmiş iki kolonistə eyni cəza vermirdi. Bir dəfə o, saat oğurlamış kolonistin qovulmasına etiraz edərək dedi ki, onun oğru olmaması haqqında inam yaratmaq lazımdır. Əksinə, koloniyanın tamaşa salonunda pəncərə pərdəsini oğurlamış kolonisti Makarenko ciddi ittiham etdi və onun üstünə qışqırdı. Qottenberq qeyd edir ki, bu oğlana ancaq elə qışqırmaq lazım idi. Ona başqa cür yanaşmaqla təsir etmək olmazdı. Ona çatdırmaq lazım idi ki, burada oğurluq etmək yaramaz. Doğrudan da həmin oğlan koloniyada bir daha oğurluq etmədi...

Böyük pedaqoq tərbiyə etdiyi hər bir uşağın fərdi xüsusiyyətini yaxşı bildiyi üçün bu və ya digər hərəkətin kim tərəfindən edildiyini sadəcə olaraq uşağın gözünə baxmaqla müəyyənləşdirirdi. Semyon Kalabalin nəql edir ki, bir dəfə koloniyada çox maraqlı hadisə baş verdi.1921-ci ildə ölkə ağır iqtisadi çətinlik çəkdiyi bir vaxtda hərbi hissə kommunarlara 150 ədəd dondurulmuş toyuq vermişdi. Birdən məlum oldu ki, toyuğun birini kimsə oğurlayıb. Makarenkonun sərəncamı ilə siqnal verildi. Üç dəqiqə ərzində 64 nəfər koloniyaçı sıraya düzüldü. Makarenko farağat komandası verdi, sağ cinahdan bir-bir uşaqların üzünə baxaraq hərəkət etməyə başladı.Təxminən sıranın ortasında birdən kiminsə gözlərinə dik baxıb qışqırdı:-Sıradan çıx! Yaramaz! Sənə hamıdan çox yemək lazımdır? Sən bizdən çoxmu  acsan?

Anton Semyonoviç sıradan Ximoçka təxəllüslü bir kolonisti çıxardı.

-Mən onu yeməmişəm, mən toyuğu gizlətmişəm, -deyə oğlan səsləndi.

Ximoçkanın bu sözlərindən biz donub qalmışdıq. Anton Semyonoviç oğrunu necə tanımışdı? Çoxu belə bir əqli nəticəyə gəlirdi: “O, hipnoz etmişdir”.

Ximoşka toyuğu gətirdi. Anton Semyonoviç komanda verdi:- Koloniya! Ximoçka toyuğu yeyənə kimi farağat dayan!

Özü də sağ cinahda dayandı. Ximoçka göz yaşları içində toyuğu yeməyə başladı...”.

Kalabalin qeyd edirdi ki, 1941-ci ildə Ximoçkanın arvadı öz əri haqqında yazırdı: “Vanya bir ər kimi, uşaqlarına ata kimi hər cəhətdən yaxşıdır, məsul işdə işləyir, ancaq qəribədir, toyuq əti yemir”.

Kalabalin Makarenkonun başqa bir uşağa fərdi xüsusiyyətlərinə uyğun necə yanaşması barədə yazır: “Bir dəfə koloniyada bir dəstə qız Makarenkonun yanına gəlib deyir ki, Vasya Qud yenə bizi söydü. Anton Semyonoviç qızları yola salıb mənə dedi: “Vasilini sadəcə qorxuzdurmaq lazımdır, bunula o, söyməyə son qoyar, onu çağır”.

Qud kabinetə daxil olur. Anton Semyonoviç Qudu ciddi ifadə ilə qarşılayır:

-Demək, sən hələ də şərəfli rus dili ilə adam söyməyə son qoymamısan? Sən o qədər utanmaz olmusan ki, hətta qızların yanında söyüş söyürsən?

A.S.Makarenko Qudu koloniyadan yarım kilometr aralı meşəyə aparır, saatını ona verərək, söymək üçün 6 saat ayırır (saat 12-dən 6-ya kimi). Düz saat 6-da Qud meşədən geri qayıdıb Makarenkonun kabinetinə daxil olur:

-Vaxt tamam oldu, saatı alın.

Bununla da Qud söyüşə son qoydu”.

Aqronom N.Y.Fere özünün “Mənim müəllimim” adlı xatirə yazısında Makarenkonun kolonistlərə necə düzgün yanaşmasından danışarkən qeyd edirdi ki, Anton Semyonoviç uşaqların günahlarını çox məharətlə açırdı.Bu sahədə onun ustalığına hətta təcrübəli tərbiyəçilər də təəccüb edirdilər.Hər şeydən çox uşaqlarda belə bir möhkəm inam yaranmışdı ki, Anton Semyonoviçdən heç bir şeyi gizlətmək olmaz. Fere öz xatiratında aşağıdakı əhvalatı  nəql edir: “...Koloniyanın bostanında böyük bir qarpız yetişdirilirdi. Kolonistlər  onu çox əzizləyib qoruyurdular.Bir gün məlum oldu ki, kimsə qarpızdan bir dilim kəsib yedikdən sonra qabığı yenə səliqə ilə kəsilmiş yerə qoymuşdur.Oğru tapılmırdı.Anton Semyonoviç komandirlərə sərəncam verdi ki, dəstələrində olan uşaqların siyahısını versinlər, eyni zamanda onlar öz dəstələrində kimin daha çox qarpız xoşlamasını qeyd etsinlər. Beş-altı nəfərin adı çəkilirdi.Məlum oldu ki, qızlar dəstəsində Valya adlı bir qız qarpızı daha çox sevir. Bu qız olduqca arıq, orta boylu, sakit xasiyyətli, öz duyğularını qızlardan həmişə gizlətməyə çalışan bir qız idi.Valya əvvəllər bir qarətçi dəstədə iştirak etmiş və tutulub koloniyaya gətirilmişdi.

Anton Semyonoviç Ximoçkadan və Quddan fərqli olaraq Valyaya çox mülayim yanaşdı və onu sakitcə yanına çağırıb dedi:

-Nə üçün icazəsiz mətbəxdən bıçağı götürmüsən?

-Mən bıçaq götürməmişəm, - deyə Valya çox tələsik cavab verdi.

Onun tələsməsi Makarenkonun diqqətini cəlb etdi.

-Yox, Valya, bıçağı sən götürmüsən, əgər növbətçi göndərsəm, onu sənin əşyalarının içərisindən tapar, yaxşı olmaz. Onu harada gizlətmisən?

Valya bir az susdu, sonra asta səslə cavab verdi:

-Bıçaq döşəyimdədir, döşəyimin içərisinə qoymuşam.

-Niyə qarpızı kəsib yeyəndən sonra qabığını kəsilmiş yerə qoyursan?-sualına qız  “Mən elə fikirləşirdim ki, o yenə göyərəcəkdir, - cavabını verdi.

Makarenko Valyanın bu sadəlövhlüyünü görüb ona heç bir cəza vermədi. O, kolonistlərə bildirdi ki, kim Valyanı oğurluq üstə təhqir etsə, bu hərəkəti ona xatırlatsa, koloniyadan xaric ediləcəkdir”.

Makarenkonun olduqca gözəl keyfiyyətlərindən biri də bu idi ki, bu yaradıcı pedaqoq insana qarşı həmişə nikbin idi.Onda gizli qalan xırda da olsa, müsbət cəhətləri görməyi bacarırdı.Anton Semyonoviç öz tərbiyə sistemində keçmişi xatırlatmağa, nöqsanları yada salmağa qarşı çıxırdı. Kolonist  öz keçmiş çirkin hərəkətlərindən danışmağa başlayanda, onu adətən koloniyada dinləməzdilər. “Bizi sənin keçmişin maraqlandırmır, koloniyaya daxil olmusan, indi öz qüvvəni ümumi kollektivin işlərində göstər”,- deyərdilər.

Təcrübəli və istedadlı pedaqoq yeni insan yetişdirməkdə tərbiyənin yüksək roluna inanaraq, belə bir nəticəyə gəlmişdi ki, elə xarakter yoxdur ki, onu tərbiyə etmək mümkün olmasın. Bu məqsədlə o, yazırdı: “Mən əminəm ki, insan təbiətini, adət və xarakterini tərbiyə etmək olar”.

M.Qorki öz təəssüratlarında Makarenkonun bu xüsusiyyətinə heyran olduğunu bildirərək yazırdı ki, bu istedadlı pedaqoq hər bir kolonisti tanıyırdı, onu beşcə sözlə elə xarakterizə edirdi ki, sanki onun xarakteri haqqında monumental şəkil düzəldirdi.

Tərbiyəçi V.N.Terski Anton Semyonoviçin hər bir uşağı tanıması təcrübəsindən danışarkən deyirdi: “O, bilirdi İvan bu gün hansı dəstədə necə işləmişdir, bu gün məktəbdə nə kimi qiymətlər almışdır, üç ay bundan əvvəl riyaziyyatdan qiymətləri necə olmuşdur, hansı dərnəklərdə və necə işləmiş, kiminlə dostluq edir, haralara gedir, dünən nə fikirləşirdi, sabah nə fikirləşəcəkdir”.

Terskinin bu qeydləri  XIII əsr görkəmli Azərbaycan alimi və mütəfəkkiri  Xacə  Məhəmməd NəsirəddinTusini və  onun zəngin pedaqoji irsinin unudulmaz nümunələrini yadıma salır.

Nəsirəddin Tusi elə bir əxlaq müğənnisi, tərbiyə nəzəriyyəçisi, müsbət əxlaqi keyfiyyətlər mücəssəməsi olmuşdur ki, onun bu sahədə mütərəqqi fikirləri hələ də öz əhəmiyyəti və təravətini itirməmişdir.

Tusi yazırdı: “Uşağın müəllimi ağıllı, idraklı, yüksək insani hisslər ustadı olmalıdır. O, uşaqların həvəs, meyl və əhvali-ruhiyyəsinə bələd olmaqla bərabər, özü şirindilli, vüqarlı, təmizkar və qabil olmalıdır.O, ümumiyyətlə, hər bir təriqət əhli ilə oturub-durmaq və danışmaq qaydalarından, hər kəsin xüsusiyyət və əhvalına görə onunla müdarə etməkdən bixəbər olmaqla pis, bəd əməllərdən iraq olmalıdır.

Tusi qeyd edir ki, valideynlər öz övladlarını yalnız belə müəllimlərin dərs dedikləri məktəblərə qoymalı və belə müəllimlərdən istifadə etməlidir.

Tusi öz dövründə fəaliyyət göstərən məktəbləri görüb “mühəqqiq” və “mütəkəllimlər”i rədd edirdi. Valideynlərə məsləhət görürdü ki, uşaqlarını savadlı və əqidəli görmək istəyirlərsə, yalnız yaxşı, qabil müəllimlərin gözəl sifətlərini mənimsəmək  üçün onların məktəblərində dərs almalı və belələrindən nümunə götürməlidirlər.

Tusi müəllimi alicənab, ülvitələb şəxs hesab edir və müəllimin üzərinə vəzifə  qoyur ki, kənardan baxanda onun mütəəlimlərini gördükdə, onların biliklərinə qibtə etsinlər və daim öz biliklərini artırmağa çalışsınlar.

Tusinin fikrincə, müəllim uşaqları elə öyrətməlidir ki, onlar həmişə yaxşı işlər görsünlər, hamıya yaxşlıq etməyi bacarsınlar və hörmət, ehtiram göstərməyə tez alışsınlar.

Tusi göstərir ki, müəllim həm uşaq, həm də valideynlər üçün sükançı və istiqamətləndiricidir.Müəllim elə istiqamət verməlidir ki, uşaq valideynin təsiri ilə lap başlanğıcdan istiqaməti düzgün götürmüş olsun. O, yazırdı ki, şübhəsiz ki, təlim verənlər hər şeydən qabaq uşağın təbiətini, istəyini, arzusunu, meylini bilməlidirlər. Onun fərasət, bacarıq və meylini bildikdən sonra həmin istiqamətdə ona şərait yaratsınlar.Çünki hər kəsin müxtəlif meyli və marağı mövcuddur ki, onun istiqamətləndirilməsi müəllimdən asılıdır.

Tusi müəllimlərə uşağın hər bir hərəkətini izləməyi, onu çətinliyə düşərsə, vəziyyətdən çıxış yolu tapmağı, çətin işləri həll etməyi, cəld hərəkətlərə, çətin əməllərə adət etməyi, sakit oturmaq, durmaq və danışığa təhrik etməyi, barmağa üzük taxmamağı, öz atası, nəsli, nəcabəti, mal-dövləti, mülk və paltarı ilə fəxr etməməyi, hamı ilə ədəbli davranmağı, yalan danışmamağı, danışanda and içməyə qoymamağı və s. öyrətməyi, deyilənlərə adət etdirməyi də məsləhət görür və əsərlərində bunlara geniş yer verirdi.

Tusi uşaqların oyun fəaliyyətinə fikir verməyi də müəllimin vəzifəsinə aid etmişdir.O, uşağa əziyyət verməyən, onun inkişafına köməklik göstərən, tərbiyə məqsədinə xidmət edən oyunlar öyrətməyi tövsiyə edirdi. Onun fikrincə, belə oyunlar uşağı sərbəst böyüdür və onun zehnini kütləşməkdən qoruyur.

Tusi öz əsərlərində uşaqların davranış qaydalarına da əlavələr etmişdi və ədəb haqqında fikirləri onun “Adəbul-mütəəllim”, “Əxlaqi-Nasiri”, “Kitabi-mədarik”, “Ovsaful-Əşrəf”, “Sifəsil” və s. kimi sırf pedaqoji əsərlərində geniş şərh olunmuşdur.

Tusi danışığa, nitqə, ünsiyyətə üstünlük verərək qeyd edir ki, insanın bu və ya digər xüsusiyyəti onun danışığı prosesində daha tez üzə çıxır. Qabında nə olduğu fövran aşkar olur.Buna görə də çox danışmamağı, başqası danışanda sözünü kəsməməyi, birisi şərh bəyanında olsa müsahibinin xəbəri olsa da, aşkar etməməyi və axıradək onu dinləməyi, yerindən yersiz cavab verməməyi, əgər ümumi sual verilirsə yerindən tələsik cavab verməməyi, suala düzgün cavab verməyən varsa onun sözünü kəsməməyi, sonadək dinləyib sonra öz fikrini söyləməyi, söz danışana tənə vurmamağı, iki nəfər söhbət edərsə araya girməməyi, əgər səndən gizli söhbət gedirsə ona qulaq asmamağı və s. təklif edir və bunları uşaqlara  öyrətməyi müəllim və ata-analar  üçün zəruri sayırdı.

Tusi heç vaxt özündən böyük, yaşlı adamlarla kinayə ilə danışmamağı, mümkün qədər qısa və başa düşüləcək tərzdə danışmağı, nitq vaxtı çətin, anlaşılmayan sözlər işlətməməyi, danışmaqdan əvvəl fikirləşməyi, müsahibənin sözündən narazı qaldıqda incəliklə bəyan etməyi, sözü danışarkən pis təsir edib-etmədiyini düşünməyi, yalan və doğru danışarlarsa aralığa girməməyi, yalvarmaqla yola gəlməyən adama yalvarmamağı, mübahisələrdə haqqın tərəfində olmağı, səfeh, dəli adamlarla söhbət etməməyi, yalan və iftira danışmamağı, çox eşidib az danışmağı hamıya, xüsusən yeniyetmələrə tövsiyə edirdi.

Tusi ədəb qaydalarından danışarkən ata-analara, yaşlı adamlara və müəllimlərə hörmət etməyi də uşaq və yeniyetmələr üçün vacib hesab edirdi.

Tusi istər təlim, istərsə də tərbiyə prosesində uşağın gördüyü işləri qiymətləndirməyi tövsiyə edərək yazırdı ki,yaxşı işlərə görə tərifləmək, pis işlərə görə pisləmək hökmən lazımdır. Lakin bununla belə, Tusi pedaqoqu nəyə görə tərifləməyi və necə pisləməyin yerini və şəraitini də nəzərdən qaçırmamağa çağırırdı.Pedaqoqa, istər ağır və istərsə də yüngül cəza verərkən əql və kamal, hədd və etidalla hərəkət etməyi, rəgbətləndirmə və cəzada həddi gözləməyi də dönə-dönə təklif edirdi...

Tusi istər öz dövründə, istərsə də özündən sonrakı dövrlərdə tərbiyə sahəsində özünə elə bir heykəl ucaltmışdır ki, o, bütün bəşəriyyət tərəfindən qorunur, bütün dünya xalqları tərəfindən alqışlanır. Aleksandr Nikolayeviç  Ostrovskinin dediyi kimi: “Tarix o yazıçılara böyük və dahi adlarını bəxş edir ki, onlar öz xalqları üçün yazmağı bacarmışlar və yalnız o əsərlər əsrlərin sınağından çıxa bilmişdir ki, onlar yarandıqları torpaqda – “öz evlərində” əsl xəlqi əsərlər kimi qarşılanmışdır: məhz həmin əsərlər vaxt getdikcə başqa xalqlar, eləcə də bütün bəşəriyyət tərəfindən anlaşılır və xüsusi ləyaqət kəsb edir”.

Bu fikirlər Tusiyə və Makarenkoya da aiddir. Tarix onlara ona görə böyük və dahi adlarını bəxş etmişdir ki, onlar öz xalqları üçün yazmağı bacarmışlar, onların irsləri ona görə zamanın sınağından çıxa bilmişdir ki, bu irs yarandıqları torpaqda – “öz evlərində” əsl xəlqi əsərlər kimi qarşılanmışdır, bu əsərlər vaxt ötdükcə başqa xalqlar, eləcə də bütün bəşəriyyət tərəfindən anlaşılmış və xüsusi ləyaqət bəxş etmişdir.

Tusi və Makarenko müxtəlif əsrlərin qanlı-qadalı illərində fəaliyyət göstərsələr də, tərbiyə haqqındakı fikirlərilə bütün dünya xalqları üçün eyni dərəcədə əzizdir.

Makarenko Qorki koloniyasını Zaporojyedə böyük əkin sahəsi olan yerə köçürmək istəyərkən hökumət orqanları onun koloniyasına ağır və çox çətin bir iş tapşırır. Xarkov yaxınlığındakı keçmiş Kuryaj monastırında yerləşən, lakin tamamilə uşaq müəssisəsi simasını itirərək pozulmuş böyük bir koloniyanı yenidən təşkil etmək məqsədi ilə 120 uşağı ilə birlikdə ora köçməyi təklif edir.

Bu koloniyada tərbiyə işləri o qədər pozulmuşdu ki, müəllimlər cinayətkar uşaqların qorxusundan növbətçi olan zaman içəridən qıfıllanmış otaqlarda əyləşirdilər.Uşaqların demək olar ki, hamısı hər gün Xarkov bazarında oğurluq edir və dilənçiliklə məşğul olurdular.

Makarenko məsələni öz kolonistlərinin müzakirəsinə qoyarkən uşaqlar əvvəlcə tərəddüd edir.Yaratdıqları rahat və gözəl həyatı buraxıb, sayca bunlardan 3 dəfə çox, eyni zamanda həddən artıq pozulmuş başqa bir kollektivi islah etmək hamıya çətin gəlirdi.

Ukrayna Maarif Komissarlığının pedaqoqları və mühafizəkar mütəxəssisləri Kuryajın pozulmuş uşaqlarını tədricən düzəltməyi tələb etsələr də, Makarenko belə bir şəraitdə “tədricənlik” taktikasını təhlükəli hesab edirdi. O, ehtiyat edirdi ki, M.Qorki adına koloniyanın 120 uşağı pozulmuş Kuryaj uşaqlarına təsir etmək əvəzinə, Kuryajın 300-ə qədər pozulmuş uşağı yaxşı kolonistləri də korlaya bilər.Ona görə də Makarenko Komissarlığın təklifinə zidd olaraq, “birdən-birə hücum” taktikasını qəbul edir.

1926-cı ilin may ayında  bütün koloniya qarşıda bayraq və nəfəsli orkestrin müşaiyəti ilə bayram paltarında hərbi sıra ilə Kuryaj monastırının həyətinə daxil olur.Bu marşdan heyrətə gəlmiş Kuryaj uşaqları yeni gəlmiş uşaqlarla birlikdə böyük salona toplaşır və burada M.Qorki adına koloniyanın Kuryaj koloniyası ilə birləşməsi elan olunur. İlk üç gün ərzində Kuryajda bütün həyatı sahmana salmağın planı – “Bəyannamə” oxunur.

Bütün uşaqlar yenidən dəstələrə bölünür, hər dəstənin görəcəyi işlər müəyyən edilir.Həmin gün kiçik tənəffüsdən sonra dəstələr öz komandirlərinin rəhbərliyi altında təmizlik işlərinə başlayır.Yataqxanalardan köhnə yataq paltarları bayıra tökülür, döşəmələr süpürülüb yuyulur, yeməkxana, klub, həyətyanı sahə səliqə-sahmana salınır.Kuryajın  uşaqları heyrət doğuran bu “hücumun” təsirindən hələ özlərinə gəlməmiş qorkiçilərdən nümunə götürərək yeni dəstələrin tərkibində işləməyə başlayır. Kuryajın uşaqları öz köhnə nimdaş paltarlarını soyunub yuyunduqdan sonra Qorki adına koloniyanın xüsusi formalı paltarını geyinib bayram süfrəsinə otururlar.Dönüş əsasən iki günün içində yaranır.

Makarenko “Kuryajın fəthi”ni müvəffəqiyyətlə başa çatdırır. Bu “əzəmətli fəth” Anton Semyonoviçin fərdi və nümunəvi iş üslubunu – yəni operativ düşünülmüş hazırlıqla işə başlamaq, işdə dəqiqlik, qəbul edilmiş qərarı mətin iradə ilə başa çatdırmaq, uşaq kollektivinin gücünə inanmaq, ən çətin şəraitdə belə risq etməkdən qorxmamaq, yüksək pedaqoji diqqət və həssaslıq kimi təkrarolunmaz keyfiyyətlərini bir daha nümayiş etdirir.

Makarenko yaxşı bilirdi ki, illərdən bəri bekarçılığa və avaraçılığa vərdiş etmiş Kuryaj uşaqlarını bir gündə islah etmək mümkün olmayacaq.Buna görə də ağıllı pedaqoq bu uşaqları dərhal ictimai-faydalı əməyə, kollektivin ümumi işinə cəlb edir.Sinifdənkənar işləri canlandırır. Az keçmədən emalatxanalar yaradılır, böyük əkin sahəsi qaydaya salınır. Sentyabr ayında bütün Kuryaj uşaqlarını əhatə edən məktəb fəaliyyətə başlayır, klub işləri canlanır, çoxlu dərnəklər işə düşür.Müntəzəm şəkildə kino-filmlər və teatr tamaşaları göstərilir. Beləliklə, Kuryajda bütün həyat keçmiş Qorki koloniyasında olan qaydada yoluna düşür.

Lakin... həmin vaxta qədər Kuryaj koloniyasının tamam pozulmasına göz yummuş, bu mənəvi fəlakətdən zərrə qədər narahat olmamış pedoloqlar və Xalq Maarif Komissarlığının bəzi işçiləri öz “nəzarət” və göstərişləri ilə Makarenkonun fəaliyyətinə mane olmağa çalışırlar. Bu “kabinet qəhrəmanları”  vaxtilə Kuryajda uşaqların dözülməz həyatına göz yumaraq, öz fəaliyyətsizlikləri ilə bu uşaq tərbiyə ocağının tamam dağılması və məhv olmasına səbəbkar olduqları halda, indi Makarenko və onun kollektivinin səyi, zəhməti sayəsində Kuryajın tamam islah olunması üsulundan narazı qalırdılar.

“Ya təhsil, ya məhsuldar əmək” deyən pedaqoqların əksinə olaraq, A.S. Makarenko həm nəzəri, həm də əməli cəhətdən sübut etdi ki, şagirdlərin məhsuldar əməyini onların təhsili ilə üzvi şəkildə əlaqələndirmək nəinki mümkündür, həm də zəruridir. Əleyhdarlarına qarşı çıxış edən görkəmli pedaqoq haqlı olaraq yazırdı ki, təhsillə, siyasi və ictimai tərbiyə ilə yanaşı getməyən əməyin tərbiyəvi faydası olmur. Belə əmək bitərəf proses olaraq qalır.

Onlar guya azad tərbiyə mövqeyindən çıxış edərək Anton Semyonoviçi uşaqlara yüksək intizam tələbləri verməkdə ittiham edir, onun uşaq kollektivinə böyük hüquqlqr verməsinə etiraz edirdilər. Yersiz müdaxilələri, müxtəlif təftişləri ilə onlar Makarenkonun tərbiyə sistemini dəyişdirməyə çalışırdılar. Lakin Makarenko heç bir güzəştə getmirdi.

1927-1928-ci illərdə Makarenkonun iş üsuluna edilən hücumlar artır, nəhayət, Ukrayna Xalq Maarif Komissarlığının elmi şurasında oturan bəzi pedoloq və mühafizəkar pedaqoqların “arzusu” ilə Makarenkonun tərbiyə sistemi haqqında biabırşı qərar çıxarılır.

Həmin vaxtlar Ukrayna Xalq Daxili İşlər Komissarlığı sahibsiz, yurdsuz uşaqlar üçün yeni əmək kommunası açaraq Makarenkonu bu kommunaya müdir təyin edir. Kommuna F.E.Dzerjinskinin adını daşıyır. 1927-ci ilin dekabrından 1928-ci ilin iyul ayına kimi Makarenko həm M.Qorki adına uşaq koloniyasına, həm də F.E.Dzerjinski adına kommunaya rəhbərlik edir. Qorki adına koloniyanın bir çox uşaqlarını fəhlə fakültəsinə və işə düzəldir, 60 nəfərini isə Dzerjinski kommunasına köçürür.

Anton Semyonoviç M.Qorki adına koloniyanın rəhbərliyini öz əməkdaşlarından birinə təhvil verib, F.E.Dzerjinski adına kommunaya köçür və bir daha Qorki adına koloniyaya getmir.Kuryajdakı koloniya  tədricən öz əvvəlki ağır vəziyyətinə düşür. Dzerjinski adına kommunada uşaq kollektivinin tarixi Qorki adına koloniyadakı kollektivin davamına çevrilir. Çünki Qorki adına əmək koloniyasından Dzerjinski adına kommunaya köçürülmüş 60 nəfər uşaq özləri ilə bura qorkiçilərin adət və ənənələrini, iş üslubunu da gətirirlər.Buna görə də Dzerjinski adına kommunada yeni uşaq kollektivini yaratmaq üçün Qorki adına koloniyanın keçdiyi əzab və əziyyətli yolu keçmək lazım gəlmir.

Həm M.Qorki adına koloniyada, həm də F.E.Dzerjinski adına kommunada həmişə məktəb olur və uşaqların burada oxuması məcburi bir tələb kimi həyata keçirilir.Kolonistlər və kommunarlar hər gün məktəbdə 5 saat dərs keçir, 4 saat işləməli olurlar.

Koloniyada və kommunada Anton Semyonoviç şagirdlərin öz geyimində, hərəkətlərində, davranışında, nitqində, əməkdə və istirahətdə, bütün həyat tərzində estetik şərtləri gözləmələrini tələb edirdi. Bir sıra vasitələrlə, məsələn, binanın təmizliyi, geyimin səliqəliliyi, hərəkətlərin dəqiqliyi, gül-çiçək bəslənilməsi, hərbi sıralar, xor, orkestr, teatr tamaşaları, müxtəlif ədəbiyyat mütaliə olunması və s. vasitələrlə Makarenko şagirdlərinə  estetik zövq və adətlər aşılayırdı.

Ümumiyyətlə, Makarenko estetik tərbiyəni uşağın lap kiçik yaşlarından başlamağı, bu məqsədlə nağıllardan, mahnılardan, oyunlardan, şəkilli kitablardan, daha sonra kinodan, teatrdan, müxtəlif sərgilərdən və s.-dən istifadə etməyi məsləhət görürdü.

Koloniyada və kommunada vaxta, işə, verilən sözə, deyilən fikrə dəqiq münasibət ənənəsi də mövcud idi. İclasa, tədbirə, işə, dərsə gecikmək olmazdı. Kommunarlardan biri iclasa 5 dəqiqə gecikəndə sədr deyirdi: “Sən 5 dəqiqə gecikibsən, ona görə 5 naryad almalısan (bu, 5 saat əlavə işləmək demək idi).Digər sahələrdə də bu cür dəqiqlik gözlənilirdi.Hamı işə vaxtında gedir, iclasa gecikmir, qoyulmuş qaydaları dəqiq icra edirdi.

Bayrağa hörmət kolonist və kommunarlar üçün müqəddəs və ən mühüm keyfiyyət idi.Bayrağı saxlamaq, başqa yerə köçürmək, kənara çıxarmaq, yürüşlər zamanı onu qorumaq üçün ciddi qaydalar müəyyən edilmişdi. Ənənəyə görə iki bayraqdar və onların köməkçiləri ümumi iclas tərəfindən ən yaxşı, ən layiqli uşaqlardan seçilirdi.Bayraqdarlar böyük imtiyazlara malik idi, onların ayrıca otağı, əlavə geyimi vardı. Bayrağın yanında dayanarkən onları “sən” deyə çağırmazdılar.

Kommunarlar bayrağın yanında gecə-gündüz keşikdə dayanırdılar, hətta uşaqlar yürüşdə olan zaman da bayraq keşikçisiz qalmırdı.Bayrağın şərəfi qüdrətli tərbiyə vasitəsi idi. Belə ki, bayraq müşaiyət olunan tədbirlərdə uşaqlar və yeniyetmələr ona hörmət əlaməti olaraq özlərini ədəbli və təmkinli aparırdılar. Anton Semyonoviç Makarenko bu barədə yazırdı: “Bayrağa hörmət yalnız vətənə məhəbbət hissinin deyil, kollektivdə dəqiq işin də rəmzidir- bayraq ən zəngin tərbiyə vasitəsidir”.

Koloniyada və kommunada tətbiq olunan ənənələr içərisində uşaqların davranış və münasibətlərinə aid qaydalar xüsusi yer tuturdu.Bu ənənələrə böyük uşaqların kiçiklərlə dostluğu, yoldaşa güzəştə getmək, divarlara söykənməmək, sürahidən tutmamaq və bir çox digər ənənələr daxil idi.

Qızlara yol vermək, yerini güzəşt etmək, paltolarını tutmaq, baş örtüyünü yerdən götürmək, onları ağır işdən azad etmək və s. uşaqlar arasında qızlara qayğı və diqqət ənənəsi kimi qəbul olunmuşdu. Lakin bütün bunlarla bərabər, kolonist və kommunarlar arasında bir gözəl ənənə də - “qızlarla məhəbbət romanları yaratmamaq” ənənəsi də ciddi gözlənilirdi.

Koloniya və kommunada uşaqların rəğbətləndirilməsi və cəzalandırılması zamanı da müəyyən ənənələr hökm sürürdü.Belə ki, Anton Semyonoviç sıra qarşısında əmrlə təşəkkür verməyi ən yüksək rəğbətləndirmə növü hesab edirdi. Bu zaman xüsusi mərasimlər təyin olunurdu. Hamı - uşaqlar və müəllimlər bayram geyimlərində sıraya düzülür, orkestrin sədaları altında bayraq gətirilir, təşəkkür alan uşaq qarşıya çıxır və əmr oxunurdu. Təşəkkür dəstənin və kommunanın ümumi dəftərinə və qırmızı lövhəyə yazılırdı.

İstər Qorki adına uşaq koloniyası, istərsə də Dzerjinski adına əmək kommunasına rəhbərlik etdiyi 16 il ərzində A.S.Makarenko və onun pedaqoji kollektivi ata-anasını, ev-eşiyini, doğmalarını itirmiş sahibsizlik və pis təsirlər nəticəsində tamamilə pozulmuş, hətta bir neçə məktəbdən qovulmuş, cinayətkar ünsürə çevrilmiş 3 min nəfərdən çox uşaq və yeniyetməni normal həyata qaytarmış, onlardan zəhmətsevər, vətənpərvər, savadlı, kollektivin mənafeyini üstün tutan, müxtəlif peşə sahibləri olan yüksək əxlaqlı vətəndaş yetişdirmişdir.

Dzerjinski kommunasından bəhs edərkən məhz bu kommunada işlədiyi dövrdə, 1930-cu ildə  Makarenkonun Azərbaycana gəlişi, üç gün, 23-25 iyul tarixlərində Bakıda olması faktı üzərində xüsusi dayanmaq istəyirəm.

Makarenko Bakıya gəlməzdən əvvəl Bakı fəhlələri ilə tanış idi. Belə ki, 1929-cu ildə Bakı Şəhər Soveti ilə Xarkov şəhər Soveti yarışdığından Bakı fəhlələrinin nümayəndələri Xarkov şəhərinə yola düşür. Bakılı qonaqlar A.S.Makarenkonun rəhbərlik etdiyi F.E.Dzerjinski adına kommunaya da gedirlər.Həmin vaxtlar bu kommuna təkcə keçmiş Sovetlər İttifaqında deyil,eyni zamanda xarici ölkələrdə də böyük şöhrət qazanmışdı.

Kommunada aparılan işlər Bakı fəhlələri nümayəndə heyətinin xoşuna gəlmiş və onlara yaxşı təsir bağışlamışdı. Bakılı qonaqlar kommunanın “Təsərrüfat kitabı”na aşağıdakı sözləri yazmışlar: “Burada kommunarlardan əslində nəinki təkcə istehsalatçılar, həm də öz həyatlarının gözəl təşkilatçıları hazırlanır. Bizə bu təcrübəni öyrənmək və Bakı uşaq evlərində bundan istifadə etmək lazımdır.Binanın, sinfin və yataq otaqlarının təmizliyi ən yaxşı təəssürat oyadır”.

Anton Semyonoviç və onun kommunarları Bakıda olarkən neft mütəxəssisləri, fəhlələr, ictimaiyyət nümayəndələri ilə bir sıra görüşlər keçirmiş, bu görüşlərdən biri də Bakının ən qədim neft mədənlərindən olan Bibiheybətdə olmuşdur.

Bakının neft mədənləri, mədənlərdə Bakı neftçilərinin əzmkarlıqla çalışmaları, buradakı qaynar həyat Dzerjinski kommunarlarında böyük maraq oyatmışdı. Onlar neftçıxarmanın bütün təfsilatı, mürəkkəbliyi və incəliyi barədə bibiheybətçilərə suallar verirdilər.Görüşün sonunda kommunarlardan biri – A.N.Şved çıxış edərək deyir: “Bibiheybət fəhlələri!Biz özümüzü xoşbəxt hesab edirik ki, sizin bayrağı, sizin çox böyük qələbənizi alqışlamaq bizə nəsib oldu.Biz sizə heyran olmuşuq, biz sizdən nümunə götürəcəyik, biz qalib gəlməyi sizdən öyrənəcəyik!”.

Kommunarlarla bakılıların növbəti görüşü şəhər mədəniyyət və istirahət parkında olur.Makarenkonun yazdığına görə, həmin görüşə 2 min nəfərdən artıq adam toplaşır. Bu görüş də olduqca təntənəli keçir və yaddaşlarda dərin izlər qoyur. Bakılılarla olan bu görüşü Makarenko “ən yaxşı saatlar” hesab edir, kommunarların bu yürüşünü “30-cu illərin marşı” əsərində şövqlə canlandırır.

A.S.Makarenko 1937-ci ildə uşaqların ailədə tərbiyəsi haqqında radio ilə 8 mühazirə oxumuşdur.Bu mühazirələrin hər bir cümləsi və hər bir tövsiyəsi son dərəcə əhəmiyyətli və maraqlıdır. Mühazirələrdən bəzi məqamları oxucuların diqqətinə  çatdırıram:

“Uşaqları tərbiyə etmək həyatımızın mühüm sahəsidir. Bizim uşaqlar  ölkəmizin və dünyanın gələcək vətəndaşlarıdır. Bizim uşaqlar gələcək atalar və analardır – onlar özləri də öz uşaqlarını tərbiyə edəcəklər. Bizim uşaqlar böyüyüb gözəl vətəndaş,  yaxşı ata və ana olmalıdırlar. Lakin iş bununla qurtarmır: bizim uşaqlarımız – bizim qocalığımızdır. Düzgün tərbiyə bizim xoşbəxt qocalığımızdır, pis tərbiyə bizim gələcək dərdimizdir, bizim gələcək göz yaşlarımızdır, bizim başqa adamlar qarşısınıda, bütün ölkə qarşısında təqsirimizdir.

         Valideynlər həmişə, hər şeydən əvvəl bu tərbiyə işinin böyük əhəmiyyətini və həmin iş üçün daşıdıqları böyük məsuliyyəti yadda saxlamalıdırlar...

         Hər şeydən əvvəl diqqətinizi bu məsələyə cəlb edirik: uşağı düzgün və normal tərbiyələndirmək korlanmış uşağı yenidən tərbiyələndirməyə nisbətən xeyli asandır. Uşağa lap kiçik yaşından düzgün tərbiyə vermək heç də bəzilərinə göründüyü qədər çətin iş deyildir. Bu çətin işin öhdəsindən hər bir adam, hər bir ata və ana gələ bilər. Hər bir adam, əgər bunu doğrudan da istəyirsə, öz uşağını asanlıqla yaxşı tərbiyə edə bilər. Bundan başqa, uşağa tərbiyə vermək özü sevinc və səadət bəxş edən xoş  bir işdir. Yenidən tərbiyələndirmək isə tamamilə ayrı məsələdir. Hərgah uşağınıza düzgün tərbiyə verilməyibsə, hərgah siz bir şeyi nəzərdən qaçırmış, onun haqqında az düşünmüş, tənbəllik etmiş və uşağı korlamışsınızsa, o zaman bir çox şeyləri yenidən düzəltmək, islah etmək lazım gələcəkdir. Həmin bu islah etmək, yenidən tərbiyələndirmək işi artıq elə də asan iş olmayacaqdır. Korlanmış uşağı yenidən tərbiyə edib islah etmək həm daha çox qüvvə, həm daha çox bilik, daha artıq səbr tələb edir...

         ...Biz bilirik ki, tərbiyə işi hər yerdə eyni müvəffəqiyyətlə getmir. Bu bir çox səbəblərdən və xüsusilə düzgün tərbiyə üsulları tətbiq etməkdən asılıdır. Lakin ailənin quruluşu, onun  strukturası da çox mühüm məsələdir.Müəyyən dərəcədə bu quruluş bizim özümüzdən asılıdır. Məsələn, qəti surətdə demək olar ki, tək bir oğlu, yaxud tək qızı tərbiyə etmək bir neçə uşağı tərbiyə etməkdən xeyli artıq və daha çətin işdir. Hətta ailə bəzi maddi çətinliklər hiss etsə belə, təkcə bir uşaqla kifayətlənmək olmaz. Tək uşaq tezliklə ailənin mərkəzi simasına çevrilir. Ata və ananın bu uşağa göstərdikləri qayğı adətən faydalı normadan artıq olur. Valideynin məhəbbəti belə hallarda müəyyən əsəbiliklə fərqlənir. Tək uşağın xəstəliyi, yaxud ölümü belə ailəyə çox ağır  təsir göstərir və onu zəruri olan rahatlıqdan məhrum edir. Çox vaxt yeganə uşaq öz müstəsna vəziyyətinə alışır və ailədə əzazil bir adama çevrilir. Valideynlər uşağa olan məhəbbətlərini və qayğılarını müəyyən çərçivə  daxilində saxlaya bilmirlər və beləliklə, istər – istəməz xudpəsənd bir adam tərbiyə edirlər.

         (Ailədə tək və çoxuşaqlılığın əhəmiyyəti barədə fikirləri bir qədər sonra Makarenkonun “Valideynlər üçün kitab”ından bəhs edərkən təqdim edəcəyəm – R. Mirzəzadə)

         Ata-analar bəzən elə beləcə də deyirlər: “Sözə qulaq assan, sənə at alaram, sözə qulaq assan, sirkə gedərik”.

         Aydındır ki, ailədə də uşaqları bir növ mükafatlandırma formasında bir qədər şirnikləndirmək olar; lakin sözə qulaq asmaq üçün, ata-anası ilə yaxşı rəftar etmək üçün uşaqları mükafatlandırmağa qətiyyən yol vermək olmaz. Uşaq yaxşı oxuyarkən, həqiqətən çətin bir iş görərkən onu mükafatlandırmaq olar. Lakin burada da mükafatı qabaqcadan elan etmək və uşaqları gözəl vədlərlə məktəb işinə və ya başqa işə həvəsləndirmək qətiyyən doğru deyildir.

         Ailə maddi cəhətdən çox gözəl şəraitdə yaşayırsa, uşağın başqa ailələr qarşısında bununla öyünməsinə, öz kostyumunu, öz mənzillərini tərifləməsinə yol vermək olmaz. O, anlamalıdır ki, ailənin zəngn olması ilə lovğalanmaq üçün heç bir əsas yoxdur. Artıq varı olan ailədə uşağın özünün əlavə ehtiyacları lap az təmin edilməlidir, pullar ümumi ailə ehtiyaclarının  təminatına sərf olunmalıdır. Artıq kostyum almaqdansa, kitab almaq yaxşıdır.

         Lakin ailə müxtəlif səbəblərə görə öz ehtiyacını çətinliklə təmin edirsə, diqqət etməlidir ki, uşaq başqa ailələrə paxıllıq etməsin.Uşaq bilməlidir ki, həyatın yaxşılaşması uğrunda mübarizədəki iftixar artıq qəpiklə iftixar etməkdən daha böyükdür”.

         Makarenko öz mühazirələrində  natamam ailələrdə uşaqların tərbiyəsi məsələlərində də xüsusi diqqət yetirmişdir.O, göstərirdi ki, ərlə arvad bir-birindən ayrıldıqda  bütün tərbiyə prosesi təhlükə altına düşür. “Valideynlərin bir yerdə yaşamamsı, bir-birindən boşanıb ayrılması uşaq tərbiyəsinə olduqca pis təsir edir. Çox vaxt uşaq valideynlər arasında mübahisə və çəkişmə obyektinə çevrilir, valideynlər bir-birinə açıqdan-açığa nifrət edirlər və bunu uşaqlardan gizlətmirlər”.

Anton Semyonoviç atanın, yaxud ananın öz ailəsini atıb başqa ailəyə getməsini  “ən xəstə hal” hesab edirdi. Böyük pedaqoq yazırdı: “Mən yaxşı başa düşürəm ki, biz köhnə normaya qayıda bilmərik. Lakin bu məsələyə çox yüngül yanaşmaq da olmaz.Sevginin özünü də təşkil etməyi bacarmaq lazımdır”.

Anton Semyonoviçin valideynlərə müraciətlə dediyi aşağıdakı sözlər bu gün də çox müasir səslənir: “Atanın, yaxud ananın ailədən çıxıb getməsiilə  ailə bir kollektiv kimi dağılır və uşağın tərbiyə olunması çətinləşir. Ona görə siz öz uşağınızın qarşısında məsuliyyət hiss edirsinizsə, çıxıb getməzdən əvvəl ciddi fikirləşin. Mən  kitabçada hər şeyi deməmişəm, lakin öz aramızda sizə deyə bilərəm ki, hərgah sizin iki uşağınıız varsa və siz öz arvadınızı artıq sevməyib başqasını sevirsinizsə, yeni hissinizi söndürün. Ağırdır, çətindir. Lakin siz bu hissi söndürməyə borclusunuz. Öz ailənizdə ata olaraq qalın.Siz bunu etməyə borclusunuz, çünki sizin uşağınızın simasında gələcək vətəndaş böyüyür və siz öz sevgi səadətinizi buna müəyyən dərəcədə qurban verməlisiniz”.

Həssas pedaqoqun bu fikirləri mənə  pedaqogikaya dair mütaliə etdiyim kitablardan birini xatırladır. H.Əlizadənin  “Tərbiyənin demoqrafik problemləri” adlı kitabını oxuyarkən təsvir olunan bir məhkəmə baxışı məni xeyli təsirləndirmişdi.

Məhkəmədə boşanma məsələsinə baxılırdı. Nə az, nə çox, düz 12 il bir bəxt ulduzunun şöləsində ömür – gün sürmüş, ancaq onun ilıq nəfəsində isinməmiş  ər – arvad  bir – birini ittiham edirdi. Onlar  təkcə bir – birilərindən deyil, həm də gərginlik içində salonda oturmuş qohum - əqrəbalarından, tanış – bilişlərindən də utanmırdılar. Ər arvadı, arvad isə ərini acı, tikanlı sözlərlə ittiham edirdi.

         Qohum - əqrəba, tanış – biliş həyəcanlı idi. Kimi əri, kimi də arvadı suçlu, günahkar sayırdı. Arxa cərgədə isə 9 – 10 yaşında, göz yaşlarına qərq olmuş bir qız, bir oğlan uşağı oturmuşdu. Onlar için-için ağlayaraq bir ailənin faciəsini yaşayırdılar. Əmiləri, xalaları ovundurmaq istəyəndə bacı – qardaş bir – birinə sığınıb daha da hıçqırırdılar. Bəlkə də bu uşaqlar öz təmiz hisslərinin fəhmində sezmişdilər ki, onlara daha təskinlik lazım deyil. Onsuz da yaşlıları öz baxışları ilə nəinki hüquq qanunlarından, həm də sərt əxlaq qaydalarından betər ittiham edən bu günahsız uşaqlar artıq faciəli əmrə alışmışdılar. Yersiz  söz – söhbətin, ailə ixtilaflarının axarında onlar öz qayğısız uşaqlıq illərini çoxdan itirmişdilər. Indi isə hamının gözü qarşısında  atalı – analı yetimə çevrilirdilər.

         Ata – ananın bəlkə də fikirləşmədən atdığı güllə onların özlərindən əvvəl övladlarına dəymişdi. Görəsən, onların gələcək həyatı necə olacaq? Atasız qalan bu uşaqları ana təkbaşına düzgün tərbiyə edə biləcəkmi? Müəllimlər, sinif yoldaşları onları necə qavrayacaq və başa düşəcək? Bu uşaqların  tərbiyəsində hansı xüsusiyyətlər nəzərə alınmalıdır?

         Kitabın ön sözündəki qeydlərdən: “...Ailənin demoqrafik göstəricilərində əmələ gəlmiş köklü dəyişikliklər uşaq şəxsiyyətinin başlıca xüsusiyyətlərində özünün aydın əksini tapır.Boşanma, ölüm, doğum, təkrar nigah, miqrasiya və s.-nin zəmanənin həmin qlobal demoqrafik amillərindən hər birinin öz əməli pedaqoji nəticələri vardır.Müəyyən edilmişdir ki,əgər demoqrafik amillərin uşaq və yeniyetmə şəxsiyyətinə təsiri məktəb və ailə tərəfindən vaxtında səmərəli yollarla tənzim edilmirsə, onları tərbiyə baxımından ağır pedaqoji nəticələrə gətirib çıxarır. Demoqrafik amillər təlim-tərbiyə prosesində zəruri surətdə nəzərə alınmalıdır. Bu işdə məktəb xüsusilə mühüm rol oynamalıdır. Müəllimlər bir tərəfədən demoqrafik amillərin şagird şəxsiyyətinə neqativ təsirinin neytrallaşdırılması sahəsində sistemli iş aparmalı, digər tərəfdən uşaqların ailə tərbiyəsi sahəsində onların nəzərə alınmasını, valideynlərin özlərinin vasitəsilə tənzimlənməsini təşkil etməlidirlər...”.

         Makarenko bu barədə qətiyyətlə bildirirdi: “Siz hələ həyat yoldaşı seçəndə uşaqların tərbiyəsi üçün məsuliyyət daşıyırsınız”. O, hər hansı səbəbdən bir-birini atan valideynlərə də öz çəkişmə və mübahisələrində hər şeydən artıq uşaqları düşünməyi məsləhət görürdü.

Boşanmadan sonra ailə münasibətlərində ( ata-uşaq, keçmiş ər-arvad, ana-uşaq münasibətləri və s.) əmələ gələn dəyişikliklər uşaqların tərbiyəsi baxımından onların təşkili məsələləri- müasir pedaqogikada xüsusi əhəmiyyət kəsb edən bu məsələlər Makarenkonun ailə tərbiyəsi haqqındakı əsərlərində bədii sözün qüdrətilə təhlil olunur.

         Hər hansı səbəbdən bir – birini atan valideynlərə məsləhət vermək lazımdır ki, onlar öz çəkişmə və mübahisələrində hər şeydən artıq uşaqları düşünsünlər. Baş vermiş narazılığı daha böyük nəzakətlə həll etməyə çalışmaq lazımdır. Sabiq həyat yoldaşına nifrət etdiyini uşaqlardan gizlətmək mümkündür. Əlbəttə, ailəsini tərk etmiş ata üçün uşaqlara tərbiyə verməyi bir təhər davam etdirmək  çətindir.Hərgah o öz köhnə ailəsinə yaxşı, nəcib təsir göstərə bilmirsə, hamısından  yaxşısı odur ki, həmin ailənin onu tamamilə yaddan çıxartmasına çalışsın, bu daha namuslu hərəkət olar. Öz – özünə aydındır ki, belə bir vəziyyət atanı maddi məsuliyyətdən azad etmir, o, tərk etdiyi ailəyə əvvəlki kimi maddi yardım göstərməlidir...

         Siz həmişə valideyn olduğunuzu yadda saxlamalı və bilməlisiniz ki, oğlunuzu yaxud qızınızı yalnız öz sevinciniz üçün tərbiyə etmirsiniz. Sizin ailənizdə və sizin rəhbərliyininz altında gələcək vətəndaş, gələcək xadim və gələcək mübariz böyüyür. Siz pis adam tərbiyə etsəniz, bunun bəlasını yalnız özünüz deyil, bir çox adamlar və bütün ölkə çəkəcəkdir. Bu suala qarşı etinasız olmayın, bunu cansıxıcı bir boşboğazlıq hesab etməyin. Axı siz öz zavodunuzda, öz müəssisənizdə yaxşı məhsul əvəzinə, yararsız məhsul verməkdən utanırsınız. Cəmiyyətə pis, yaxud ziyanlı adamlar vermək sizin üçün daha böyük ayıb olmalıdır.

         ...Sizin öz davraşınız  ən həlledici məsələdir. Elə bilməyin ki, siz uşağı yalnız onunla danışanda və ya onu öyrədəndə, yaxud ona əmr verəndə tərbiyələndirirsiniz. Siz onu öz həyatınızın hər bir anında, hətta evdə olmadığınız zaman da tərbiyə edirsiniz. Siz necə geyinirsiniz, başqa adamlarla və özgə adamlar haqqında necə danışırsınız, necə sevinir və necə kədərlənirsiniz, dostlar və düşmənlərlə necə rəftar edirsiniz, necə gülürsünüz, qəzeti necə oxuyursunuz – bütün bunların uşaq üçün böyük əhəmiyyəti vardır. Uşaq sizin həyatınızın ahəngindəki ən kiçik dəyişikliyi görür, yaxud hiss edir, sizin fikrinizin bütün dönüşləri gözəgörünməyən yollarla ona çatır, siz bunları görmürsünüz. Hərgah siz evdə kobud, yaxud lovğasınızsa və ya sərxoşluq edirsinizsə, hərgah siz bunlardan daha pis hərəkətə yol verib ananı təhqir edirsinizsə, bununla öz uşaqlarınıza böyük ziyan vurursunuz, onları pis tərbiyə edirsiniz və sizin nalayiq davranışınız ən ağır nəticələr verəcəkdir.

         Özünüzə qarşı valideyn kimi tələbkar olun, öz ailənizə bir valideyn kimi hörmət edin, hər bir addımınızı valideyn kimi nəzarət altına alın – tərbiyənin birinci və ən əsas üsulu budur.

         Halbuki biz bəzən elə valideynlərə rast gəlirik ki, onlar  uşaqları tərbiyə etmək üçün nə isə can qurtaran bir fəndgir resept axtarmaq lazım olduğunu düşünürlər. Onlar belə fikirləşirlər ki, bu resepti ən ümidsiz tənbəlin əlinə versən o, məhz həmin reseptin köməyilə çalışqan adam tərbiyə edər, fırıldaqçı bu reseptin köməyilə namuslu vətəndaş tərbiyə edər, nəhayət, bu resept yalançının əlində də möcüzə törədər və onun uşağı böyüyüb doğru danışan bir adam olar.

         Belə möcüzələr heç bir zaman olmur. Tərbiyəçinin öz şəxsiyyətində böyük qüsurlar olduqda, heç bir resept kömək edə bilməz.

         ... Pedant valideynlər əmindirlər ki, uşaqlar valideynin hər sözünü mütləq ürək döyüntüsü ilə dinləməlidirlər, guya valideynin hər sözü müqəddəs bir kəlamdır. Onlar soyuq bir ahənglə sərəncam verirlər. Onların ağzından çıxan  söz dərhal bir qanuna çevrilməlidir. Belə valideynlər hər şeydən çox bundan qorxurlar ki, birdən uşaqlar atalarının səhv etdiyini, onların öz sözündə möhkəm adam olmadığını düşünərlər. Hərgah  belə bir ata: “ Sabah yağış yağacaqdır, gəzmək olmaz” demişdirsə, ertəsi gün yaxşı hava olsa da  bütün ailə belə hesab edir ki, gəzmək olmaz. Atanın müəyyən bir kinofilmdən xoşu gəlmir, o, dərhal uşaqlarına kinoya getməyi, o cümlədən yaxşı kinofilmlərə də tamaşa etməyi qadağan edir. Ata uşağa cəza verir, sonra aydın olur ki, uşağın təqsiri əvvəldən zənn edildiyi kimi böyük deyilmiş. Buna baxmayaraq, ata dünya dağılsa da öz cəzasını ləğv etmir: mən necə demişəm elə də olmalıdır.  Belə ata üçün hər gün iş tapılır, o, uşağın hər bir hərəkətində qayda – qanunun pozulmasını görür və arası kəsilmədən ona yeni qanunlar, yeni sərəncamlar verir. Uşağın həyatı, onun marağı, onun tədricən böyüməsi belə atanın nəzərinə dəymir, o, ailədə öz bürokratik ağalığından başqa bir şey görmür.

         ...Valideyn uşağı məhəbbət vasitəsilə itaətə gətirmək istəyir, lakin məhəbbət nüfuzundan fərqli olaraq burada valideyn uşağı öpüşlər və şirin sözlərlə deyil, daima güzəştə getmək, yumşaqlıq, həddindən artıq mərhəmətlə ələ almağa çalışır. Ata, yaxud ana uşağın qarşısına mərhəmətli bir mələk surətində çıxır. Onlar hər şeyə icazə verirlər, heç bir şeyə heyfləri gəlmir, xəsislik etmirlər, onlar gözəl valideyndirlər.  Onlar hər hansı münaqişədən qorxur, ailədə dincliyi hər şeydən üstün tuturlar, onlar hər şeyi qurban verməyə hazırdırlar, təki hər şey öz yerində, öz qaydasında olsun. Belə ailədə tezliklə uşaqlar valideynlərinə əmr etməyə başlayırlar. Valideynlərin müqavimət göstərməməsi uşağın arzuları, şıltaqlıqları, tələbləri üçün geniş meydan açır. Bəzən valideynlər azacıq müqavimət göstərməyə  cəsarət edirlər, lakin artıq gecdir – zərərli təcrübə ailədə artıq yaranmış və kök salmışdır...

         Valideynləri ən çox çətinliyə salan bir məsələdir: tənbəl adlanan uşaqlarla necə rəftar etmək lazımdır? Burada qeyd etmək lazımdır ki, tənbəllik, yəni əmək səyi göstərməyə nifrət etmək yalnız tək – tək hallarda səhhətin pis olması ilə, fiziki zəifliklə, ölgün ruhla izah oluna bilər. Belə hallarda əlbəttə, ən yaxşı tədbir həkimə müraciət etməkdir. Lakin çox vaxt uşaqda tənbəllik düzgün tərbiyə olunmamaq nəticəsində inkişaf edir. Bəzi valideynlər uşaqda hələ ən kiçik yaşlarından enerji tərbiyə etmir, onu maneələri aradan qaldırmağa öyrətmir, onda ailə təsərrüfatına maraq oyatmır, onda əmək vərdişi və əməyin həmişə verdiyi zövqlərə həvəs tərbiyə etmirlər.

Tənbəllik əleyhinə mübarizənin təkcə bir üsulu vardır: uşağı tədricən əmək sahəsinə cəlb etmək, onda yavaş – yavaş əməyə həvəs oyatmaq...

         İşi pis gördüyü üçün uşağı söymək, utandırmaq, danlamaq lazım deyildir. Sadə və sakit demək lazımdır ki, iş yaxşı görülməmişdir, onu düzəltmək, yaxud təzədən yerinə yetirmək lazımdır. Heç vaxt uşağa tapşırdıqları işi valideynlər özləri görməməlidirlər, yalnız tək – tək hallarda işin uşaq üçün çox ağır olan hissəsini valideyn özü görə bilər. Bu zaman o, işin düzgün təyin edilməsində buraxdığı səhvini islah edir...

         Uşaq ən kiçik yaşından süfrəni, yaxud paltarını çirkləndirmədən yeyə bilməlidir, o, şeylərdən istifadə edərkən onları kirləndirməməyi və sındırmamağı bacarmalıdır. Bu  adətləri aşılamaq bir qədər çətindir, buna baxmayaraq, bu adətləri necə olursa – olsun, yaratmağa çalışmaq lazımdır. Bu sahədə müəyyən adətlər olmasa, heç bir nəsihət kömək etməz. Adət dəfələrlə təmrin (mümarisə) etmək vasitəsilə əmələ gəlir. Ona görə təmrinləri düzgün aparmaq lazımdır. Hərgah uşaq otaqda qaçarkən kürsünü yerə yıxmışdırsa, ona kürsü ilə ehtiyatlı rəftar etmək haqqında uzun- uzadı nitq demək lazım deyildir. Ona demək lazımdır:

- Sən elə keçə bilərsənmi ki, kürsünü yerə yıxmayasan? Bir dəfə keç, baxaq görək. Çox gözəl, sən bunu yaxşı bacarırsan.

Tutaq ki, yeddi yaşlı uşaq paltarını ləkələmiş, yaxud cırmışdır. Ona  başqa  bir paltar verib demək lazımdır:

-Al, sənə təzə bir paltar verirəm. Bu təmizdir. Sənə bir həftə möhlət verirəm. Görək bu paltar bir həftədən sonra necə olacaqdır?”.

Makarenkonun ədəbi irsi zəngin və  çoxcəhətlidir. Burada müxtəlif janrlar- roman, povest, pyes, hekayə, oçerk, publisistik məqalə, kino-ssenari və s.ədəbi növlər mövcuddur.Görkəmli pedaqoqun bədii yaradıcılığında  Maksim Qorkinin böyük rolu olmuşdur.

1914-cü ildə Anton Semyonoviç ilk əsərini – “Səfeh gün” adlı hekayəsini Qorkiyə göndərir. Dahi yazıçı hekayəni oxuyub müəllifinə belə bir cavab yazır: “Hekayə mövzusuna görə maraqlıdır, lakin zəif yazılmışdır.Keşişin həyəcanlarının dramatizmi aydın deyildir, dialoqlar da maraqsızdır.Başqa bir şey yazmağa çalışın”.

Bu cavabdan sonra Makarenko yazıçılıq arzusundan əl çəkir və belə hesab edir ki, bu sahədə onun qabiliyyəti zəifdir.Buna görə həmişə yüksək tutduğu müəllimlik sənətini davam etdirir. Eyni zamanda Qorkinin əsərlərini bir daha dərindən oxumaqla, insan haqqında daha dolğun təsəvvür əldə etməyə çalışır.Qorki qəhrəmanlarının nikbinliyi Makarenkonun pedaqoji sisteminin əsasını təşkil edir.O, yazır: “...Mən görürdüm ki, Qorki nikbinliyi ilə Qorki tələbkarlığının birləşməsində həyat hikməti vardır...”.

Makarenkonun istedad və bacarığına, dərin və parlaq zəkasına hörmətlə yanaşan Qorki, zəhmətkeş pedaqoqun öz ədəbi yaradıcılığına davam etməyi zəruri sayır və bunu ona tövsiyə edir.

1930-cu ildə Dzerjinski adına kommunanın 3 illik həyatına dair “30 - cu ilin marşı” adlı əsərini yazır, kitab 1932-ci ildə çap olunur və  Qorki əsərə yüksək qiymət verir. Görkəmli yazıçı 17 dekabr 1932-ci il tarixli İtaliyanın Sorento şəhərindən Makarenkoya göndərdiyi məktubunda yazır: “Dünən sizin “30-cu ilin marşı” kitabınızı oxuyub qurtardım. Mən onu həyəcan və sevinclə oxuyurdum...Sizi bu kitab münasibəti ilə ürəkdən təbrik edirəm”.

Qorki daha sonra 30 yanvar 1933-cü il tarixli növbəti məktubunda yazır: “Siz 12 ildir ki, çalışırsınız və əməyinizin nəticəsi hədsiz qiymətlidir. Bunlar haqqında isə heç kəsin xəbəri yoxdur və əgər siz yazmasanız, heç kəs də bilməyəcəkdir”.

Bundan sonra Makarenko “Pedaqoji poema” üzərindəki işini daha böyük həvəslə davam etdirir, onun birinci hissəsini Aleksey Maksimoviçə göndərir. Nəhayət, əsər 1935-ci ildə tam çap edilir.

M.Qorki  “Pedaqoji poema”nı oxuduqdan sonra Makarenkonun yaradıcılıq məharətinə, sənətkarlığına yüksək qiymət verir və ona yazır: “Zənnimcə, “Poema”nız çox müvəffəqiyyətlidir. Onun süjetinin əhəmiyyəti, olduqca maraqlı materialı bir yana qalsın, siz bu materialı çox uğurlu işləyə bilibsiniz və hekayəti söyləmək üçün müvafiq, canlı, səmimi ahəng tapıbsınız. Sizin yumorunuz bu hekayəti bəzəyir və zənginləşdirir”.

 “Pedaqoji poema” dünya ədəbiyyatında yeni tipli əsər sayılır. Əsər öz poetikasına görə romandır. Lakin onun hər cümləsində həssas pedaqoq qəlbinin hərarəti vardır. Anton Semyonoviçin pedaqogika və psixologiyaya həsr etdiyi əsərlərdə özünəməxsus yazıçılıq istedadı bütün aydınlığı ilə hiss olunur.

Müəllif əsərdə uşaq kollektivinə və əmək tərbiyəsinə əsaslanaraq keçmiş tüfeyli, cinayətkar uşaqları necə normal həyat şəraitinə daxil etdiyini, onlarda necə ictimai borcu yerinə yetirmək, kollektiv üçün məsuliyyət hissləri yaşamaq, iradə, təşəbbüskarlıq, çətinlikləri aradan qaldırmaq üçün inad və səy tərbiyə etdiyini bədii lövhələrlə təsvir edir.

Yazıçı-jurnalist  F.Viqdorova  yazır: “Pedaqoji poema” kitabının qəhrəmanlarından biri olan Semyon Karabanov haqqında yazdığım kitab üzərində işləyərkən mən Anton Semyonoviçin 30-cu illərin əvvəllərində yaşayan bir qrup məzunlara yazdığı  xasiyyətnaməni oxudum. Bütün bu rəylər qeyri-rəsmi şəkildə, səmimi və sadə yazılmışdır.Məsələn, kommunar Volçenko haqqında (“Pedaqoji poema”da o , Vanya Zayçenko adlandırılmışdır) belə deyilir: “Gözəl xasiyyəti vardır. Zahirən çox gözəl və gülərüzlüdür.Böyük iradəyə malikdir.Kommunada onu çox sevirlər və “Volçok” adlandırırlar”.

Bu məzunların hər biri keçmişdə səfil olmuşdur.Lakin onların hər biri haqqında  Anton Semyonoviç yazırdı: “Tamamilə namusludur”, “Çox təmiz, namuslu və alicənab xasiyyətə malikdir”, “...Tamamilə namusludur. Səfillikdən heç bir əsər qalmamışdır, “Gözəl yoldaşdır, sadəlövhdür”, “Eqoizmdən heç bir əsər qalmamışdır”.

Xasiyyətnamələrdə məni bir şey təəccübləndirdi: bu da həmin adamların həyatda özlərini doğrultmasıdır.Müəllimin konstruktor bacarığını duyduğu gənc indi mühəndis olmuşdur.Vaxtilə Anton Semyonoviçin tərbiyə etdiyi adamlar müharibə cəbhələrində mərdlik və qəhrəmanlıq göstərmişlər.Makarenkonun uzqagörənliyi özünün doğrultmuşdur.Onun əvvəlcədən dediyi sözlər doğru çıxmışdır. Bu, Makarenkonun insana diqqətlə nəzər yetirmək, onda olan yararlı və qiymətli xüsusiyyətləri duymaq bacarığından irəli gəlirdi...

“Pedaqoji poema”da ən parlaq qəhrəmanlardan biri mühəndis-hidroloq  Aleksandr Zadorov olmuşdur.O, 1942-ci ilin dekabr ayında cəbhədən Anton Semyonoviçin arvadına yazdığı məktubda deyirdi: “Mənə elə gəlir ki, uşaqların və yaşlıların tərbiyəsi məsələləri indiki kimi heç vaxt qarşıda kəskin şəkildə durmamışdır. Heç vaxt vəzifə, namus hissi, yoldaşlıq hissi, vətənə məhəbbət hissi tərbiyə etmək indiki kimi mühüm vəzifə olmamışıdır.Bütün bunlar Anton Semyonoviçin bizimlə apardığı işin əsasını təşkil edirdi. Bütün bunları mən öz haqqımda yazır, bu hissləri qüvvə  və bacarığım dairəsində tabeçiliyimdə olanlara aşılamağa çalışıram”.

      Hər iki qüdrətli insanı – Qorki və Makarenkonu bir-birinə səmimiyyətdə, ədalətsevərlikdə, əməksevərlikdə, insansevərlikdə, xəlqilikdə və vətəndaşlıq cəsarətində olan əqidə birliyi bağlayırdı. Qorki Makarenko üçün həm böyük yazıçı, həm də böyük müəllim idi. “Mənim ilk müəllimim” adlı məqaləsində Makarenko yazırdı:

“Mənim həyatımda, mənim ilk işimdə Aleksey Maksimoviç Qorkinin əhəmiyyəti müstəsna dərəcədə böyükdür.

        Mənim gözümün qarşısında  hər zaman xalqın  içindən çıxmış, özü parlamış  bir obraz vardı.  Mən öz “ayağı yalınlarıma”  həyatın “dibində” dolaşaraq mədəniyyətin zirvəsinə qalxmış bir insan örnəyi göstərməli olanda  həmişə deyirdim:

        Qorki! Örnək bax odur, bax ondan nümunə götürməlisiniz!

         Dünya mədəniyyətinin böyük ustadı! Aleksey Maksimoviçin nəhəng dəyərinin  “Qərbi Avropa sivilizasiyası”  anlayışı ilə  işarə olunanla ortaq heç nəyi yoxdur. Qorki bəşəriyyətin ən ağıllı başlarının yaratdığı yaxşı nə varsa, ona  cövhər hopdurmuşdur.

        Aleksey Maksimoviç  mənim və mənim dostlarımın işi ilə maraqlanırdı.  Biz onun işin mahiyyətinə varmaq, mühüm olanı seçib ayırmaq, ardınca isə sadə, anlaşıqlı formada  dərin fəlsəfi ümumiləşdirmə aparmaq  bacarığına məəttəl qalırdıq.

        Qorki adına  koloniyada Aleksey Maksimoviç üç gün qaldı.  Etiraf edim ki, bu müddət ərzində  mənim bir il ərzində görə bilmədiyim çoxlu sayda nəsə yeni, xarakterik, olduqca mühüm halları fikir verib görmüşdü.

       O, burada tərbiyə olunan 400 uşaqdan çoxları ilə yaxınlaşdı və yeni dostlarından çoxu onunla əlaqəsini üzmədi. Qorki onlarla yazışır, məsləhətləri ilə kömək edirdi.

        Aleksey Maksimoviç  mənim yazıçı həyatıma işıq saldı. Əgər  Aleksey Maksimoviçin həssas, lakin təkidli inadkarlığı olmasaydı, mən çətin ki, “Pedaqoji poema”nı və ya hansısa digər əsərimi yaza bilərdim.  Dörd il müqavimət göstərdim, yazmaqdan boyun qaçırdım,  aramızdakı bu “mücadilə” dörd il sürdü. Həmişə hesab edirdim ki,   mənim yolum başqadır – pedaqoji işdir;  həm də ciddi ədəbi zəhmət üçün mənim vaxtım yox idi. Yeri gəlmişkən, bu sonuncu xüsusat yazmaqdan  boyun qaçırarkən mənim isnad etdiyim dəlil idi. 

         Belə olduqda, Aleksey Maksimoviç  mənə 5 min rubl  göndərərək tələb etdi ki, dərhal məzuniyyət götürüm və  oturub kitabı yazım. Məzuniyyət götürmədim (işi başlı-başına qoyub gedə bilməzdim), lakin Qorkinin inadkar təkidi  nəhayət, öz sözünü dedi:  pedaqoq  yazıçı  oldu.

        Mənim böyük müəllimimlə dəfələrlə görüşümüz oldu. Qorki mənimlə ədəbi məsələlər barədə az danışardı;  mənim qoçaqlarımın necə yaşadıqlarından  sorğu-sual edərdi. Ailə məsələləri, ailənin uşaqlara münasibəti, ailəni möhkəmlətmək barədə nə etmək lazım gəldiyi barədə fikirlərim  Aleksey  Maksimoviçi çox maraqlandırırdı.  Bu söhbətlərin gedişində  Aleksey Maksimoviç  sanki sözgəlişi  mənim işimin bu və digər sahəsi barədə  bir-iki söz salırdı.  Uzun-uzadı məsləhətlərdənsə, bu bir-iki söz  daha böyük önəm daşıyırdı.

       Son zamanlar Aleksey Maksimoviçi məktəb haqqında məsələ  narahat edirdi.   Bir dəfə birlikdə Moskvadan yola çıxmışdıq. Yolboyu elə hey bizim məktəbin  necə  olması barədə danışır, deyirdi ki, məktəb fənləri gənclərdəki  təşəbbüskarlığı  sıxışdırmamalıdır,  məktəbdə  elə bir şərait yaratmaq lazımdır ki, birini digəri ilə birləşdirmək mümkün olsun.

        Yaşamağa sonsuz sevgi, geniş fəlsəfi ağıl və həyata müdrikliklə dolu, bütün təfərrüatlara  nüfuz edə bilən, onlarda rasional cücərtiləri axtarıb tapan və  onları fəlsəfi ümumiləşdirməyə qədər qaldırmağı bacaran  baxış  - bu, Qorki üçün səciyyəvi idi.

        Mənimlə misalda, fokusda olduğu kimi, Qorkinin önəmi və bu böyük, hələlik sonadək qiymətləndirilməmiş insanın qəlbinin bəzi tərəfləri əksini tapır. Biz  insan tərbiyəsinin bu böyük yazıçının yaradıcılığı ilə qarşımıza qoyulan  böyük problemlərinə daha dərindən və məsuliyyətlə yanaşmalıyıq”.

Əvvəllər ədəbi yaradıcılığından naümid olan Makarenko, Qorki ilə sıx əlaqə nəticəsində  “1930-cu ilin marşı”, “FD-1”, “Pedaqoji poema”, “Valideynlər üçün kitab” , “Qalalar üzərində bayraqlar”, “Namus”, “Major”, “Nyuton həlqələri”, “İradə, mərdlik, məqsədyönlülük”, “Mənim ilk müəllimim”, “Yaxın, doğma, unudulmaz”, “Maksim  Qorki mənim həyatımda”  və onlarla başqa qiymətli əsər və məqalələrin  müəllifi kimi şöhrət qazanır.

“Valideynlər üçün kitab” əsərini yaradarkən Makarenko özünün qeyd etdiyi kimi, ailə tərbiyəsinin heç olmasa əsas məsələlərini həll etmək, yaxud aydınlaşdırmaq, valideynlərə  onların gözlərini açmaqda, onlara tərbiyə haqqında fikirlər sahəsinə daxil olmaqda köməklik göstərmək, ata-analar arasında pedaqoji və əxlaqi fikir oyatmaq məqsədini güdmüşdür.

Bayaq qeyd etdiyim kimi, “Pedaqoji poema”da Anton Semyonoviçin kolonistlərlə bərabər,teatr tamaşasında necə iştirak etməsinə dair yumorla dolu müxtəlif epizodlar təsvir edilmişdir. Makarenko ilə birgə başqa pedaqoqlar da uşaqlarla idman, stolüstü  oyunlarda iştirak edər, udar, uduzardılar. Pedaqoqun uşaq oyununda belə iştirakı oyuna düzgün istiqamət verməyə kömək etdiyi kimi, uşaqları öyrənmək, onlara daha çox yaxınlaşmaq üçün də əlverişli şərait yaradır. Makarenko uşaq oyunlarından bəhs etdiyi bir çıxışında deyir: “Mən pedaqoq olmaq etibarı ilə özüm də uşaqlarla az-çox oynamalıyam.Əgər mən təkcə öyüd vermək, tələb etmək, israr etməklə məşğul olsam, kənar qüvvə olaram, bəlkə də faydalı qüvvə olaram, amma yaxın qüvvə ola bilmərəm. Mən hökmən uşaqlarla bir qədər oynamalıyam, bunu mən bütün yoldaşlarımdan da tələb edirdim”.

Ailə, uşağı hər yol ilə idmana həvəsləndirməlidir.Lakin diqqət etməlidir ki, bu maraq quru müşahidəçilik marağı olmasın. Əgər sizin oğlunuz böyük bir həvəslə bütün futbol yarışlarına qaçırsa, bütün rekordsmenlərin adlarını, rekordların rəqəmlərini bilir, lakin özü heç bir bədən tərbiyəsi dərnəyində iştirak etmirsə, konkilərdə gəzmirsə, xizəklərdə sürüşmürsə, voleybolun nə olduğunu bilmirsə, belə idman marağının faydası çox azdır, çox vaxt isə zərərə bərabərdir. Habelə sizin uşağınız şahmata böyük maraq göstərib özü şahmat oynamırsa, bu maraqdan heç bir fayda yoxdur.

“Valideynlər üçün kitab”ın 4-cü fəsli ailə kollektivində pul probleminə həsr olunmuşdur.Bir neçə ailənin həyatının (xüsusilə Pıjovlar ailəsinin) təsviri və təhlili nəticəsində Anton Semyonoviç göstərir ki, ciddi pul qayda-qanunu olmayan ailədə pul uşağın tərbiyəsini pozur.Bu məsələ ilə əlaqədar olaraq sonralar bir valideyn tərəfindən verilmiş sualın cavabında Makarenko belə demişdir: “Pulu uşaqlara elə vermək lazımdır ki, onların pulu hara istəsələr xərcləməyə ixtiyarları olsun, lakin əslində addımbaşı öz arzularını tormozlasınlar”.

Tək uşağa daha xoşbəxt həyat təmin etmək, ona daha dolğun qayğı  göstərmək mümkün olduğunu irəli sürən valideynlərin çox böyük səhv etdiklərini göstərməkdən ötrü Makarenko “Valideynlər üçün kitab” da Ketovlar ailəsini təsvir edir.

         Pyotr Aleksandroviç Ketov Xalq Torpaq Komissarlığında məsul vəzifədə çalışır. Dərin ağla malik olan bu adam həmişə hər şeyi təhlil etməyə, gələcək üçün planlar tutmağa meyl göstərir. Evində tam bir səliqə hökm sürür. O, sevdiyi qıza evlənir və ondan bir oğlu olur. Pyotr Aleksandroviç öz oğluna gözəl tərbiyə verməyi nəzərdə tutaraq cürbəcür planlar qurur. Oğlu Vitya iki yaşa çatarkən arvadı bir qız uşağı da dünyaya gətirmək istəyir. Pyotr Aleksandroviç öz kəskin mühakiməsini işə salaraq, onu fikrindən daşındırmağa nail olur. Onun tək və çoxuşaqlı ailə haqqında yürütdüyü mühakimə bəzi valideynlər üçün də xarakterikdir. O, deyir : “ böyük ailədə ancaq orta şəxsiyyət, adi adam tərbiyə etmək mümkündür”. Əgər valideyn tək bir uşaq yetişdirərsə, onu yaxşı geyindirər, inkişafı üçün ona yaxşı qayğı göstərə bilər; uşaq valideynin bütün məhəbbət əməyini öz üzərində təmərküzləşdirsə, guya ondan böyük şəxsiyyət yetişər. Onun fikrincə, bu məhəbbət və qayğını çox uşaq arasında bölmək olmaz ; çoxuşaqlı ailədə valideyn hər uşaq üçün qayğı göstərə bilmir, övladlar bir- təhər, özbaşına böyüyürlər. O, arvadı ilə söhbətini belə bitirir: “ Biz yalnız bir adam yetişdirəcəyik, ancaq o standart olmayacaq, o ağıllı adam, həyatın bəzəyi olacaq...”  Lakin həyat onun bu fikrini yalana çıxarır.

         Novellada ata və ananın Vitya üzərində necə əsdikləri, onu hər bir ağırlıq və  əziyyətdən necə qorumaları göstərilir. Vitya həqiqətən öz  zehni inkişafında çox sürətlə irəliləyir: 5 yaşında o rus dilindən başqa alman dilində də düzgün danışır, 10 yaşında klassiklərlə  tanış olmağa başlayır. Pyotr  Aleksandroviç  onun iri addımlarla inkişaf etməsinə valehdir, oğlu onu öz iti ağlı, dərin mühakiməsi ilə aludə edir.

         Vitya böyüdükcə onun xarakteri də təşəkkül tapmağa başlayır, lakin bu xarakterdə bəzi qüsurlar özünü göstərir: o ətrafdakı adamlara aşağı gözlə baxmağa başlayır, valideyninin ona göstərdiyi qayğını onların borcu kimi qiymətləndirir.

         Vitya  səhv etmirdi. O, ailənin mərkəzində dururdu, ata və anası onun zəkası qarşısında pərəstiş edirdilər. Məktəbdə o, əla qiymətlərlə oxuyur, yoldaşlarına qarşı isə etinasız, soyuq münasibət bəsləyirdi. O , hətta doqquzuncu sinifdə oxumadan ali məktəbə daxil olur. Bu vaxtdan etibarən ata və ana artıq övladının qulluqçusuna çevrilirlər. Ata öz iş otağını ona verir, oğlu dərs oxuyanda artıq barmaqları üstündə yeriyir, anası qulluqçu kimi onun xidmətində hazır durur.

        Valideyn öz övladına bəslədiyi hər cür həddi aşan məhəbbətin arxasında Viktorun onlara qarşı getdikcə soyuqlaşan münasibətini görmür.; Viktor artıq anasının xidmətləri qarşısında təşəkkür etmir, qocalmağa başlayan atasının xəstələndiyini sezmir. Atasının mədəsini əməliyyat etmək məsələsi müzakirə olunan vaxt belə darülfünunun  IV kursunda oxuyan Viktor bu müzakirədə iştirak etmir, anasının əməliyyat haqqındakı fikrini yarımçıq qoyub teatra getmək üçün ondan pul istəyir. Hətta anasının Pyotr Aleksandroviç üçün aptekdən dərman almaq haqqındakı xahişini də - yox, gedə bilmərəm, məni gözləyirlər – deyə rədd edir.

         Bu novellası ilə A.S.Makarenko tək uşağın tərbiyəsində ata və ananın öz övladına qarşı necə səhv münasibət tutduqlarını və “bir uşağı daha yaxşı tərbiyə etmək mümkündür” fikrinin necə yanlış olduğunu göstərmək istəmişdir.

          A.S.Makarenko  “Valideynlər üçün kitab ”da daha sonra çoxuşaqlı ailəni təbliğ edərək 13 uşağı olan Vetginlər ailəsini təsvir edir. Makarenkonun dediyinə görə, bu təsvirində o, bir dostunun ailəsini vermişdir. Ailənin böyük uşağı 18 yaşında, kiçik uşağı isə yaş yarımdır. Makarenko bu ailənin həyatını böyük bir məhəbbətlə təsvir edir. Bu ailədə bütün uşaqlar gümrah və şən yaşayır, bir – birinin qayğısına qalır, bir – birinə kömək edirlər. Əyinlərində bahalı paltar olmurdusa da, lakin hamısı təmiz və səliqəli geyinir. Ailədə hamının vəzifəsi vardır: 2 – si meşədə odun qırır, 2 – 3 – ü meşədə göbələk, giləmeyvə və s. toplayır, yerdə qalanlar evdə, həyətdə təsərrüfat işləri ilə məşğul olur: həyət bostanını becərir, evdə yır – yığış edir, kiçik uşağa baxır, paltarları təmir edir, yuyub ütüləyir, xörək bişirir, süfrə salıb yığışdırır. Hər kəs öz vəzifəsini gülərüz və işgüzarlıqla yerinə yetirir, heç kəs bir – birinə mane olmur, heç kəs şikayət etmir.

         Bütün uşaqlar ata – anasına hörmət edir, onların işini yüngülləşdirməyə  çalışır . Ata və ana isə öz növbəsində sakit oturmur, ailənin bütün təsərrüfat işlərini təşkil edir, uşaqların gücü çatmayan işləri özləri görürlər. Onlar özləri çalışmaqla bərabər, övladlarının gündəlik həyatına və işinə istiqamət verirlər. Ailədə ər - arvad  heç vaxt münaqişə etmir, hər zaman qarşılıqlı hörmətlə dolanırlar. Bu mehribanlıq onların uşaqlarında da özünü göstərir.

         Vetgin istehsalatda da yaxşı usta idi. İşlədiyi istehsalatda hamı onu sevir, onunla məsləhətləşir, ondan yardım  alırdı. Qonşuları onun ailə tərbiyəsi təcrübəsindən öyrənirdi.

         Sonralar bu ailənin uşaqları böyüyüb, ata və anaya daha çox kömək edirlər. Böyük uşaqları aldıqları təqaüdü, sonra isə əmək haqqını ailəyə verir, onun ümumi təminatını yaxşılaşdırmaqda iştirak edirlər...

         Bu novellası ilə Makarenkonun məqsədi özünün dediyi kimi, heç də tərbiyə metodlarını Vetginlərdən öyrənməyi təbliğ etmək deyil, çox uşaq tərbiyə  etməkdən qorxan ailələri böyük ailə sahibi olmaq üçün həvəsləndirmək istəyirdi.

         Bəs əgər ailədə ancaq bir uşaq olmuş və hansı səbəbdənsə yeni uşaq olmursa, nə etməli? Bu suala Anton Semyonoviç belə cavab verir:

         “...Öz ailənizə özgə uşaq gətirin, uşaq evindən alın və ya valideynindən məhrum olmuş yetim uşaq götürün. Onu öz övladınız kimi sevin, onu özünüzün ailəsində dünyaya gəlmədiyini unudun və ən başlıcası, ona böyük mərhəmət göstərmiş olduğunuzu düşünməyin. O sizin “çəp” ailənizin yardımına gəlib, onu təhlükəli əyintidən xilas etmişdir. Maddi vəziyyətiniz necə çətin olmuş olsa da, bunu hökmən edin”.

         Anton Semyonoviçin öncə bir xeyirxah, mərhəmətli, diqqətcil, həssas insan olduğu barədə xeyli xatirələr əldə etsəm də, bu yazımda onlardan yalnız  bir neçəsini qeyd etmək imkanında oluram və bir maraqlı xatirə də diqqətimdən yan ötə bilmir. Bu, V.Zaytsevin  “8 Mart” adlı xatirə-novellasıdır.

          “Anton Semyonoviç komandirlər şurasının katibi Lyonya Razunovski ilə şahmat oynayırdı. Topla gediş edən Anton Semyonoviç fikrə daldı.

Bu hal Razunovskinin diqqətindən qaçmadı:

-         Sizin bu gün, Anton Semyonoviç,  elə hey fikriniz yayınır.

     Makarenko gülümsündü:

-          Elə bilirsən beynimdə təkcə sənin şahmatındır?

Bunu deyib dərhal yeni bir gediş etdi.

Bir müddət susqun halda oynadılar. Sonra Makarenko dedi:

-         İki gündən sonra  8 martdır.  Bu haqda fikirləşmisən?

Razunovski  sualedici nəzərlə Makarenkoya baxdı. Anton Semyonoviç izah etdi:

-         Əgər bizim qızlar öz ailələrində, evlərində yaşasaydılar, bu günü hansısa bir formada hiss edərdilər. Bu saat onların ailəsi – kommunadır.  Deməli, lazımdır ki, hər şey ailədəki kimi olsun.

   8 mart günündə səhər yeməkxanada qızların əyləşdikləri masaların  hər birində çiçəklər olan güldan qoyulmuşdu.

         Anton Semyonoviç  kommunarları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi. Sonra yarızarafat formasında  “gələcəyə baxıb”, onun yetirmələri olan bu qızların necə xanım olacaqları barədə fikir söylədi. O,  qızlarda artıq özünü göstərən musiqiyə,  rəqslərə və ya ictimai işlərə olan meyli nəzərə aldı.  Onun sözləri hamını güldürdü, kommunarlar bərkdən əl çaldılar.

          Bundan sonra Anton Semyonoviç  elan etdi:

-         Bu gün yeməkxanada bütün günü qızlara yalnız oğlanlar, özü də könüllülük əsasında xidmət edəcəklərlər,  - və qızlara göz vurdu.

        Bunu eşidən yuxarı yaşlı kommunarlardan bir neçəsi taxta  məcməyiləri götürüb, yemək paylanma pəncərəsinə cumdular.

        Naharda Anton Semyonoviç  yenə də yeməkxanada idi. Lyonya Razunovski  kommuna üzrə əmri elan etdi. Əmrdə istisnasız olaraq bütün qızlara: kimə yaxşı oxuduğuna görə, kimə işdəki uğurlarına görə, kimə isə dərnəklərdə iştirakına görə, səliqəliliyinə görə və s. təşəkkür elan olunurdu.

        O gün  Anton Semyonoviç  bizimlə birlikdə nahar etdi.

         Yeməyin sonunda süfrəyə kofe və bulkadan əlavə  şirniyyat növü kimi halva da gətirildi.  Şirin halvanı xoşlayanlara ikincisi də, üçüncüsü də gətirildi.

        Makarenko ilə qonşuluqdakı kiçik masanın arxasında,  totuq, qıpqırmızı üzünə və balaca boyuna  görə “Yumaq” ləqəbi ilə tanınan Venka Kotoviç oturmuşdu. Anton Semyonoviç maraqlandı:

-         Hə, necədir, Veniamin, halvanı xoşladın?

-         O-o! –  deyə  “Yumaq” baş barmağını qaldırıb səsləndi, - istərdim hər ay qızlar bayramı olsun!..

 

Axşam isə bütün kommuna  ilə, orkestrlə, parad kostyumlarında sirkə yollandıq...

1939-cu il aprelin 1-də A.S.Makarenko Moskva yaxınlığındakı istirahət evindən Moskvaya gələrkən qatarda özünü pis hiss edir və Qalitsino  stansiyasında ürək tutmasından vəfat edir. Onun ölüm xəbərini eşidən kolonist və kommunarlar öz həqiqi atalarını dəfn etmək üçün Moskvaya  yığışır  və dəfn mərasimini təşkil etmək məqsədi ilə komandirlər şurası yaradırlar. Uzun illər bir-birini görə bilməyən bu şəxslər dəfn mərasimində bir ailənin üzvləri kimi birləşərək yenə Makarenko kollektivinin intizamı, dəqiqliyi və ənənələri ilə hərəkət edirlər.

Matəm mitinqində komandirlər şurası adından çıxış edən və “Pedaqoji poema”da Ujikov adı ilə təsvir edilən  A.M.Tyubin göz yaşları ilə deyir:

-Mən bun gün atamı itirdim. Belə cavan vaxtında atanı itirməyin nə demək olduğunu təsəvvür etsəniz, mənim nə üçün çətinliklə danışdığımı bilərsiniz. Onun cəmisi 51 yaşı vardı.Qan qohumluğu olan atam mənim 4 yaşım olanda anamı atmışdır. O, mənim yadımda deyil və mən ona nifrət etməyə alışmışam. Mənim əsl atam Anton Semyonoviç olmuşdur. Anton Semyonoviç məni bir dəfə də olsun tərifləməmiş, o, həmişə məni danlayardı. Məni məhz danladığı üçün mən indi mühəndis olmusam. Kommunadan gedəndən sonra da “Pedaqoji poema”nı oxuyarkən onun sözləri mənim hərəkətlərimə, mənim həyatıma düzəlişlər verirdi... O, öz sərəncamlarının danışıqsız olaraq yerinə yetirilməsini tələb edirdi, lakin o, bizim hər birimizə dərindən də inanırdı.O, insanda olan ən yaxşı tapıb aça bilirdi. O, böyük humanist idi”.

Yeni insan yetişdirməsi, özünün demək olar ki, dünyəvi təlim-tərbiyə metodları, ənənə və qaydaları ilə Makarenkonun bəşəriyyət qarşısındakı xidmətləri danılmazdır. Bu xidmətlərin nəticəsidir ki, YUNESKO-nun gəldiyi qərara görə, Anton Semyonoviç Makarenko XX əsrdə  pedaqoji təfəkkür üsulunu müəyyən etmiş dörd pedaqoqdan Con Dyui  (Amerika filosof və pedaqoqu), Georq Gerşenşteyner (Alman pedaqoqu), Mariya  Montessori ( italyan həkimi, pedaqoqu və folosofu) biri hesab olunur. 

         Anton Makarenkonun qardaşı – Vitali Semyonoviç özünün “Mənim qardaşım Anton Semyonoviç” kitabında yazır: “...Özünün ukraynalı mənşəyinə baxmayaraq,  Anton 100 faiz  rus idi”. 

A.S.Makarenkonun bioqrafı prof. Qetz Hilliq bu maraqlı insanın milli mənşəyi  və milli özünüdərki məsələsinə  ayrıca  tədqiqat  həsr etmiş, onun yekunları  “A.S.Makarenkonun milli özünüdərki məsələsinə dair” məruzəsində  təqdim olunmuşdur. Burada həm onun qardaşının iddiası, həm də Anton Semyonoviçin rus özünüdərki bütövlükdə təsdiqini tapmışdır.

Hilliq qeyd edir ki,  A.S.Makarenko  bütün əsərlərini  rusca yazıb və şəxsi yazışmalarını rus dilində aparıb.   Eyni zamanda o, ukrayna dilini də bilmiş və sevmiş,  öz əsərlərindəki  surətlərin dialoquna tez-tez  və yerli-yerində  ukraynalı danışıq  üslubunu daxil etmişdir.

Makarenkoşünaslıq üzrə “A.S.Makarenkonun pedaqoji təcrübəsi” mövzusunda ilk sovet namizədlik dissertasiyası Moskvada 21 iyun 1941-ci ildə K.Libknext adına İnstitutun Elmi Şurasında İvan Fyodoroviç Kozlov tərəfinfdən müdafiə olunub.  Sonralar elə onun tərəfindən əvvəlcə Anton Semyonoviç Makarenkonun seçilmiş əsərlərinin, ardınca isə əsərlərinin tam külliyyatının  nəşrinə  səy göstərilmiş və  “A.S.Makarenkonun pedaqoji təcrübəsi haqqında”  kitab çapa hazırlanmışdır.

Görkəmli  rus yazıçısı Aleksandr Alfredoviç  Bekin gözəl bir sözünü heç zaman unutmuram: “Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə  döyüşməkdə  görürəm”. Bir dahi də deyib ki, insan hər zaman qəhrəman olmaz, amma hər zaman insan ola bilər.

Makarenko  həyatının mənasını yorulmadan işləməkdə  və çətinliklərlə  döyüşməkdə görən Qəhrəman İnsan idi. Vətəninin yüzlərlə, minlərlə  aciz  balasına mənəvi ata olub məsləkdaşları ilə bərabər onları həyatın dibindən çıxararaq sabahın zirvələrinə ucaltdı. O, pedaqogikada misli görünməmiş təcrübəni həyata keçirdi və  milyon-milyon insan  üçün əsl  Ata simvoluna çevrildi. Görkəmli pedaqoqun çoxsaylı təlim-tərbiyə metodları; o cümlədən məzunlarla görüş, son zəng, məktəbin adını daşıyan şəxsin doğum gününün qeyd olunması, məhsul bayramı, təqvimin qırmızı günlərinin qeyd edilməsi, kəndin, şəhərin tarixinin öyrənilməsi, müxtəlif əmək ənənələri A.S.Makarenkonun təcrübəsi əsasında  Azərbaycan məktəbləri və cəmiyyətində də vətəndaşlıq vəsiqəsi qazanmışdır.

Xalqımız  və müstəqil dövlətimiz bu unudulmaz insanın adına və işinə həmişə hörmət-izzətlə  yanaşmış, Anton Semyonoviç Makarenkonun adı Azərbaycanda məhəbbətlə  əbədiləşdirilmişdir.

Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki A.S.Makarenko adına Respublika  Humanitar Fənlər Təmayüllü Gimnaziya Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində  əsaslı təmir edilmişdir. 2011-ci il oktyabrın 18-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yenidənqurmadan sonra gimnaziyanın açılışında iştirak etmişdir.

Gimnaziya bir tədris korpusu, iki yataqxana binası, yeməkxana və yardımçı binalardan ibarətdir. 700 yerlik gimnaziyada əyani vəsaitlərlə, müasir avadanlıqlarla təchiz olunmuş 38 sinif otağı, multimedia və fənn kabinetləri, 2 kompyuter sinfi, kimya, fizika laboratoriyaları, kitabxana, idman və akt zalları vardır. İki yataqxana binasında ümumilikdə 48 yataq otağı, dərsdənkənar məşğələ sinifləri, tibb məntəqəsi, istirahət guşələri mövcuddur.

Gimnaziyanın həyətində süni örtüklü futbol, basketbol və voleybol meydançaları yaradılmış, müxtəlif idman avadanlıqları quraşdırılmışdır.

Martın 13 - də Anton Semyonoviçin anadan olmasının 130 illiyi müxtəlif  ölkələrdə  olduğu kimi, Azərbaycanda da qeyd ediləcək, xalqımız üçün bayramlar ayı olan mart ayına daha bir yubiley bayramı qovuşacaqdır.

...Amerika yazıçısı Josef Heller deyirdi ki, son cümləm olmasa, heç vaxt yazıya  başlaya bilmərəm. Qəribədir, Makarenkodan yazmağı düşünəndə, ağlıma öncə elə son cümləm gəldi: Yaxşı müəllim və pedaqoq hər şeydən əvvəl elə bir adamdır ki, o, uşaqları sevir, onlarla ünsiyyətdə öz xoşbəxtlyini tapır. Hər bir uşağın gələcəkdə yaxşı adam olacağına inanır, onlarla dostluq etməyi bacarır, uşaqların sevincini də, qəmini də yaxından bölüşə bilir, uşağın qəlbinə girə bilir və özünün də nə vaxsa uşaq olduğunu unutmur. Bizim müdrik və sadə Makarenkomuz kimi...

 


Müəllifin digər yazıları

  1. Millətin zəkası ilə düşünən şair-diplomat; Qriboyedov rus xalqının nadir şəxsiyyətlərindən idi
  2. A.P.Çexov: “Xalqın gücü və nicatı namusla fikirləşən, duymağı və işləməyi bacaran ziyalılarındadı”
  3. QAFQAZ OĞLU, RUS ÖVLADI – QÜDRƏTLİ MAYAKOVSKİ
  4. Publisist Reyhan Mirzəzadənin “Rus ədəbiyyatı qəlbimin işığında” kitabı çapdan çıxıb
  5. Maksim Qorki – 150
  6. Pedaqogikada misli görünməmiş təcrübə
  7. Bir ailənin üç dahisi - onlar əfsavəvi şəxsiyyət idi
  8. Rusiyada təhsilin, teatrın və maarifin inkişafına böyük təsir göstərən qüdrətli sənətkar
  9. Azərbaycanı Rusiyaya və Avropaya tanıdan ilk rus yazıçısı
  10. Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır
  11. “Avropada rus yazıçılarından Turgenev qədər çox oxunan ikinci bir yazıçı yox idi”
  12. “Böyük şairlər xalqın vicdanıdır”
  13. “Nə qədər ki, rus sözü qulaqlarda səslənir, sən yaşayacaq və ölməyəcəksən!”
  14. Mir Cəlal Paşayev: “Yazıçının ən böyük arzusu insanların səadətidir”
  15. “...Onlar Rusiyanı necə bir ölkəyə çevirmişlərsə, Rusiya eləcə də olacaqdır...”
  16. "Qoqolun yaratdığı surətlər rus həyatı qədər ölməzdir”
  17. “...Şeiriylə dolaşdı Yer kürəsini, Puşkin- Rusiyanın şair balası...”
  18. PARLAQ MƏFKURƏLİ İNSAN
  19. RUS ƏDƏBİYYATININ BÖYÜK KLASSİKİ - NEKRASOV
  20. QARDAŞ XALQIN ZƏFƏR BAYRAMI
  21. AZADLIQ CARÇISI
  22. BÖYÜK XALQIN PARLAQ QƏLƏBƏSİ
  23. ZƏNGİN MƏDƏNİYYƏTİ OLAN XALQ
  24. ......27 iyul.....Dan Ulduzu-tale ulduzu....
  25. Ərəb xalqının böyük oğlu
  26. MOABİTDƏ - FAŞİST ZİNDANINDA UCALAN HAQQIN SƏSİ
  27. BƏŞƏRİN ÖLMƏZ DÜHASI, HƏQİQİ İNSAN AŞİQİ
  28. Vurğunam Bakıya ona görə ki, qoynunda Yesenin inci yaratdı
  29. MİR CƏLAL VƏ RUS ƏDƏBİYYATI
  30. MİR CƏLAL VƏ LEV TOLSTOY
  31. İstedadlı yazıçı, böyük alim, sevimli ata
  32. Müsaid bin İbrahim əs-Süleym: "Hər bir Səudiyyə insanının ürəyində Azərbaycanın xüsusi yeri var."
  33. Qanlı döyüşlərdə Dağıstanın və Azərbaycanın mərdliklə müdafiəsi Əziz Əliyev gücünün təzahürü idi - Foto
  34. Ailəsinə və xalqına bağışlanan zəngin irs - Eksklüziv fotolar
  35. Babaların vətənpərvərlik məfkurəsi - FOTO
  36. 2 aprel - Beynəlxalq Uşaq Kitabı günüdür
  37. DÜNYANI MAARİFLƏNDİRƏN DİN - İslam aləmi Qurban bayramına hazırlaşır
  38. Böyük ədibə məhəbbətlə
  39. "Yapon xalqı əsrimizin tapmacasıdır"- FOTOLAR
  40. Polşa Konstitusiyası Avropanın ən qədim konstitusiyasıdır-FOTOLAR
  41. Ürəklərdə əbədi məhəbbət məşəli yandıran insan - FOTOLAR
  42. Mehriban Əliyeva: “Mən kitab adamıyam”
  43. "Uşaqlar valideynlərindən daha çox zəmanələrinin övladlarıdır"- Foto
  44. Dühalar diyarı - Fotolar
  45. "Poeziya hər şeydən əvvəl həyat, sonra isə incəsənətdir"
  46. Dünyanın ən sirli və maraqlı xalqı-FOTOLAR
  47. HƏYATIN MÜQƏDDƏS AMALI
  48. MERDEKA-İNDONEZİYA DİLİNDƏ AZADLIQ DEMƏKDİR
  49. Dost və qardaş Mərakeşdə taxt-tac günü qeyd ediləcək - Fotolar
  50. İslam- paklıq, ədalət, namus, bərabərlik, doğruluq dinidir
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
15-08-2018
14-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7001 san