08:19 29 May 2018
5286 dəfə oxunub
Çap versiyası
...

 

Badigülcamal. Bu nə ad? Görən kim qoymuşdu bu adı ona? Gül camalına, sərv boyuna, ala gözlərinə, şux qamətinə necə də yaraşırdı bu ad. Elə bu gül camallı Məcnun etməmişdimi 18 yaşlı Müslümü?..
“Bu sevda baş tutmaz. Mən səndən dörd yaş böyüyəm. Özü də ərdə olmuşam” –deyə Badigülcamal ilk dəfə Müslümə yox cavabı versə də, gözü-könlü hələ də onda idi. Elə Müslümün məhəbbəti qəlbində onu başqasına ərə verdilər.
Taleyinmi qisməti idi, ya Badigülcamalın gecələr xəlvətcə xısın-xısın tökdüyü göz yaşlarınınmı?. O, cəmi bir neçə ayın gəlini oldu. Əri vəfat edən Badigülcamal qara libasda ata evinə döndü…
Müslümsə hələ də qəlbində bu sevdanı yaşadır və bir gün ona qovuşmaq arzusu ilə yaşayırdı.
***
Badigülcamal Tiflisdə məşhur Terequ1ovların ailəsində döğulub, boya-başa catmışdı. “Rus-tatar” məktəbindən sonra Birinci Qızlar Seminariyasında oxuyan Badigülcamal seminariyada təkcə yaxşı oxumağı ilə deyil, gözəlliyi ilə də çoxlarının diqqətini cəlb etmişdir. Mehriban, şən, hazırcavab olan Badigülcamal qardaşı Əlinin seminariya yoldaşlarının da sevimlisi idi.
…1904-cü ilin əvvəlləri. Müslüm Maqomayev əziz dostu Üzeyr Hacıbəyovla bir necə aydan sonra Seminariyanı bitirəcək. Çoxları buna sevinsə də nə Müslüm, nə də Üzeyir bəy sevinmirdi. Çünki hər ikisinin ilk sevdası burada Tiflisdə idi. Sevdiyindən ayrılmaq hər ikisi üçün çox cətin idi. Amma getməli idilər. Seminariyanın qayda-qanunu belə idi, hara göndərsəydi orada da işləməli idilər.
5 avqust 1904-cü ildə Qafqaz Tədris İdarəsindən Müslümə belə bir məktub gəlir ki: “Müəllim Əbdül Müslüm Maqomayev- Siz 1904-cü il sentyabrın 1-dən Bekovic kəndindəki Prixod məktəbinə müəllim təyin edilirsiniz”.
Müslüm bunu istəməsə də Bekovic də çox könülsüz fəaliyyətə başlayır. Bir il burada cətinliklə qalan Müslüm ərizə yazıb Azərbaycana köçürülməsini xahiş edir. Xoşbəxtlikdən onu Lənkərana üç sinifli məktəbə müəllim təyin edirlər. 1905-ci ilin sentyabrından burada müəllimliyə başlayan Müslüm yenə də rahatlığını tapmırki-tapmır. Sevgi dolu ürəyi, duyğuları, düşüncələri, ilhamı qalır Tiflisdə-Badigülcamalın yanında. Bir müddət cavabsız qalan mətublarına sonda cavab gəlir. Çox xəsisliklə yazılan məktub cəmi iki-üç cümlədən ibarətdir. “Aldım məktubunuzu. Sağ olun. Tiflisdə havalar pis keçmir. Vaxtınız olnada yazın”. Bu son cümlə Müslümü ruhlandırdı, qanadlandırdı, qəlbində qəribə bir inam yaratdı. Yenə Tiflisə məktub yağışı başladı. Sonra isə Müslüm “qanadlanıb uçur” Tiflisə doğru. “Görünür dünyada talelərin cazibəsi deyilən bir sehr var imiş”.
***
1906-cı ilin 4 avqustu.Tiflisdə sünni məscidində Qroznı şəhərinin sakini Əbdül Müslüm Maqomed oğlu Maqomayevlə tiflisli Badigülcamal Həsən qızının qanuni nigaha girən günü. XOŞBƏXT bir ailənin təməl daşının qoyulduğu gün. 31 il qoşa ömür sürməyi qismət edəcək gün. Sonra amansız ölüm Müslümü canı qədər sevdiyi Badigülcamalından alaraq, onu 25 il Müslümsüz qoyacaq…
İndi isə onların xoşbəxt günləridir. Müslüm musiqi ilə daha mükəmməl məşğul olmaq üçün Bakıya can atır. Bunun üçün üz tutur Qafqaz Tədris İdarəsinə. “Bu şəhadətnamə verilir Rusiya İmperiyasının təəbəsi Əbdül Müslüm Maqomayevə. O, Bakı şəhər gimnaziyasında evdə dərs deyəcək müəllim kimi yoxlanılmış, yazı və çoğrafiyadan şifahi imtahanlarda yaxşı bilik göstərmişdi. Buna görə də Əbdül Müslüm Maqomayevə yalnız öz həmdinlərinin evlərində coğrafiya dərsi demək şərti ilə ev müəllimi rütbəsi götürməyə icazə verilir.
Tiflis, 24 iyun 1909-cu il”.
Beləliklə, 1911-ci ildə Müslüm ailəsilə birlikdə köçür Bakıya. Bakıda Sabunçuda “Səadət” məktəbində işləyən Müslümü cəmi bir il sonra “Nicat” cəmiyyəti Türk operasına dirijor dəvət edir. Bir necə il kecir qəzetlər, jurnallar Müslümdən yazır, teatrlarda operaları bir-birini əvəz edir…
Tale ikinci dəfə Badigülcamalın üzünə gülmüşdü. Müslümlə, övladları Cəmaləddin və Maqo¬med¬-lə çox xoşbəxt idi. Müslümün evcanlılığı, ailəyə bağlılığı ona daha xoş gəlirdi. İşləri nə qədər çox olsa da Badigülcamala, uşaqlara qayğısını, diqqətini hər an büruzə verirdi, onların ən kicik istəyini yerinə yetirməyə can atırdı. Axı indi Müslüm çox hörmətli, məşhur bir adam idi. Hər yerdə hamı onu hörmətlə, izzətlə qarşılayırdı. Bütün bunlar Badigülcamalın icində bir rahatlıq yaradırdı.
***
…18 sentyabr həm Müslümün, həm də Üzeyir bəyin doğum günü. Badigülcamal bu günü gözəl qeyd etmək üçün az qala bir ay əvvəl hazırlıqlara başlardı. Bu ziyafət əvvəl böyük bacanaq Müslümgildə, sonra isə Üzeyir bəyin evində davam edərdi. Necə xoşbəxt günlər idi. Badigülcamal pərvanə kimi frlanardı Müslümün başına, hər bir istəyini həmən yerinə yetirərdi…
1937-ci ilin dəhşətli bir yay günü. Ağır və uzun sürən xəstəlik VƏRƏM böyük bəstəkar, sevimli ömür-gün yoldaşı, mehriban ata -Müslümü əbədi olaraq gülcamallı sevgilisindən, əziz övladlarından, mehriban qohumlarından, dostlarından ayırdı.
1903-cü ildə 18 yaşında Müslüm Badigülcamala yazdığı məktubun sonunda belə bir cümlə yazıb: “Əzizim, bağışlayın ki, qala bilmədim”. Onda Badigülcamal hələ Maqomayeva deyildi- Terequlova idi. Onda Müslümün Badigülcamalın yanında qala bilməməsi onu bu qədər yandırıb-yaxmamışdı. İndi isə Badigülcamal üçün həyat donmuşdu. Çünki, o, hər şeyini, sevgi dolu xoş günlərini, gönül dünyasını itirmişdi!//www.jurnalistika.info

Qərənfil Dünyamin qızı


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Alın yazım - 2
11:32 16.07/2018
Çəhrayı qərənfillər
14:55 25.05/2018
BAŞA DÜŞMƏDİ
09:19 17.05/2018
"Orada bir evim var"
13:01 08.05/2018
Bizim Bərdə torpağı
13:58 12.03/2018
Sizi deyib gəlmişəm
09:28 22.02/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.601 san