08:00 12 İyul 2018
653 dəfə oxunub
Çap versiyası
...

III məqalə

Üçüncü minilliyin əvvəllərində Azərbaycanda media seqmentinə artan diqqət ölkədə açıq informasiya cəmiyyətinin formalaşmasına müsbət təsir göstərmişdir. Bu durumda dövlətin bütövlüyünə yaranan informasiya təhdidləri uğurla aradan qaldırılır, vahid informasiya məkanının tamlığı daha möhkəm özüllər üzərində qurulurdu. Eyni zamanda, vətəndaş cəmiyyətinin intensiv şəkildə formalaşması üçün zəruri informasiya şərtləri ərsəyə gətirilir, vətəndaş cəmiyyəti ilə dövlət hakimiyyəti arasında açıq qarşılıqlı əlaqələr üçün informasiya mühiti təmin olunurdu. Milli informasiya məhsulları bazarının fəaliyyəti üçün qaydalar və şərtlər uğurla müəyyən edilirdi. Bütün bunlar nəticə etibarı ilə Azərbaycan kütləvi informasiya vasitələrinin palitrasını əsaslı şəkildə dəyişdi.
Dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində medianın mühüm sahəsi sayılan radio və televiziya da dinamik inkişaf yolu keçərək öz fəaliyyətində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri əldə etmişdir. Artıq 2002-ci ildə regional və respublika miqyasında 30-dan artıq radio və televiziyanın fəaliyyət göstərməsi bu sahədə intensiv inkişafın real göstəriciləri qismində çıxış edirdi. Dövlət televiziya kanalları ilə yanaşı, ANS, “Space”, “Lider”, “Azad Azərbaycan” kimi kanallar təsis edilmiş, bu sahədə mühüm yeniliklər yaranmışdı.
Buna həm də digər iki başlıca faktor təsir göstərirdi: əvvəla, Azərbaycan cəmiyyətinin sosial strukturunda ciddi yeniliklər meydana gəlmişdi, ikincisi də təkcə Azərbaycanda yox, bütün dünyada medianın tipologiyasını dəyişməyi tələb edən yeni texnoloji proseslərə start verilmişdi və qeyd edilən məqamlar Heydər Əliyev tərəfindən layiqincə qiymətləndirilirdi. Beləliklə, KİV-in cəmiyyətdə malik olduğu hakimiyyətin sərhədləri genişlənir, lakin o, eyni zamanda siyasətin və iqtisadiyyatın fasiləsiz təsir hədəfinə çevrilirdi. Amma nəzərə almaq lazımdır ki, sonuncular özləri də ciddi şəkildə KİV-in təsirinə məruz qalırdılar. Təbii ki, bütün bunlara həm də ictimai-siyasi quruluşdan, dövrün reallıqlarından asılı olaraq yanaşmaq lazımdır.
Məsələn, Kommunist Partiyasının hakim olduğu sovet cəmiyyətində KİV partiya siyasətinin kollektiv təbliğatçısı, təşviqatçısı və təşkilatçısı idi. Lakin SSRİ-nin süqutundan sonra dəyişən sosial və siyasi struktur postsovet məkanında KİV-in inkişafında ciddi təsir göstərmişdir. Q.Q. Poçeptsov postsovet dönəmində KİV tarixinin üç mərhələsini ayırır: birincisi, mərkəzləşdirilmənin tənəzzülü mərhələsi. Bu dövrdə çoxsaylı yeni KİV-lər yaradılır, lakin informasiya axınının təmini üçün yetərincə maddi və intellektual resursun olmasına diqqət yetrilmir. İkincisi, biznes və ya satış mərhələsi. Birinci mərhələdə sayları çoxalan qəzetlər, jurnallar, kanallar burada artıq alqı-satqı predmetinə çevrilirlər. Üçüncü mərhələ isə KİV arasında artıq ciddi rəqabətin başlanması ilə xarakterizə edilir [5, 54]. Göstərilən mərhələlər Azərbaycan KİV-nin postsovet dönəmində inkişaf tarixinə də aid edilə bilər.
Azərbaycan mediasının tərəqqisində yeni dövr Heydər Əliyevin zəngin irsini, onun siyasi ənənələrini müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirən, eyni zamanda bu siyasəti yeni yanaşmalarla daha da zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağıldır. Hüquqi, demokratik dövlət quruculuğu prosesinin daha geniş və intensiv vüsət almasına xüsusi diqqət yetirən İlham Əliyev ölkənin, cəmiyyətin həyatında kütləvi informasiya vasitələrinin rolunu yüksək dəyərləndirərək demokratik, müstəqil medianın inkişafına əlverişli şərait yaradılmasını öz siyasətinin prioritet istiqamətlərindən biri olaraq müəyyən etmişdir. Cəmiyyətda başlanan yeni modernizasiya prosesi mediaya da əsaslı surətdə təsir göstərmişdir.
Yazılı mətbu orqanların fəaliyyətinin elə bu orqanların özləri tərəfindən tənzimlənməsi məqsədilə daha bir vacib addım 2003-cü ilin martında Mətbuat Şurasının yaradılması olmuş, bu, mətbuatın özünütənzimləməsi istiqamətində mühüm təşəbbüsə çevrilmişdir. “Kütləvi informasiya vasitələri üzərində dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən sonra ölkənin media təsərrüfatında və bütövlükdə jurnalistikamızda yaranmış sərbəstlik, özünüifadə vasitələri bir qədər də dərinləşdiyindən mühitin şərtlərini formalaşdırmaq, peşənin mənafeyini cəmiyyətin və dövlətin maraqları ilə uzlaşdırmaq missiyasının gerçəkləşməsi qələm sahiblərinin birbaşa özlərindən asılı olan vəzifə kimi qarşıya qoyuldu. Azərbaycan Mətbuat Şurası da məhz bu vəzifənin icrası zərurətindən irəli gələrək yaradıldı” [1, 18].
Mətbuat Şurasının fəaliyyəti media sahəsində qarşıya çıxan bir sıra problemlərin effektiv həllinə imkan vermiş, bəzi məsələlər məhkəmə instansiyalarına qədər həllini tapmışdır. Bu mənada onun fəaliyyəti Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir: “Şura yaranana qədər Azərbaycan mətbuatında gedən proseslər, deyə bilərəm, imkan vermirdi ki, mətbuat tam müstəqil mətbuat kimi fəaliyyət göstərsin. Azərbaycan mətbuatının keçid dövrü o illərdə olmuşdur. Mətbuat Şurası isə böyük funksiyanı öz üzərinə götürmüşdü. İlk növbədə, jurnalistlərin hüquqlarını qorumağa başlamışdır. Hesab edirəm ki, bu istiqamətdə böyük nailiyyətlərə çata bilmişdir” [7].
Bu dövrdə elektron kütləvi informasiya sahəsində qanunvericiliyə nəzarət funksiyasını həyata keçirən müstəqil dövlət orqanı kimi Milli Televiziya və Radio Şurasının yaradılması da medianın tarixində növbəti mühüm hadisəyə çevrilmişdir. Azərbaycan Dövlət Televiziyası və Radiosunun “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-yə çevrilməsi, 2004-cü ildə “İctimai Televiziya və radio yayımı haqqında” Qanunun qəbul edilməsi, 2005-ci ildə isə AzTV 2-nin bazasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətə başlaması Azərbaycanın media sahəsində də seçdiyi demokratik inkişaf xətti ilə tam uyğunluq təşkil edirdi. Bu, eyni zamanda sistemli liberal islahatların davamlılığını təsdiq edən addım olmuşdur.
Qeyd edilənlər öz növbəsində ölkənin dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid kontekstində şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına əlverişli zəmin yaradır. Əlbəttə ki, bu şəraitin formalaşmasında ölkə rəhbərliyinin, o cümlədən Prezident İlham Əliyevin kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, medianın iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədilə gördüyü tədbirlər, verdiyi fərman və sərəncamlar müstəsna əhəmiyyətə malik olmuşdur.
İkinci bir tərəfdən, dövlət siyasətinin mühakiməsi, onun tənqidi, korrektəsi, ictimai tələbin hakimiyyətə çatdırılması, ümumiyyətlə, dövlət siyasətinin hazırlanmasında ictimaiyyətin iştirakı bu gün media olmadan mümkün deyil. Başqa sözlə, media həm dövlət siyasətinin təbliğatçısı, həm də vətəndaşların ümumdövlət işlərində iştirakının təşkilatçısı kimi çıxış edir. Digər bir tərəfdən, media dövlətdə psixoloji mühitin formalaşmasına, özünə və dövlətə inamın yaranmasına bilavasitə cavabdehdir. Bu səbəbdən dövlət mediaya dəstək verilməsində və onun fəaliyyətinin tənzimlənməsində maraqlı tərəfdir və qeyd edilən amil dövlətin mövcud informasiya siyasətində indinin özündə də çox vacib bir yer tutur.
Azərbaycanın malik olduğu multikultural ənənələr də bu gün dövlətin media siyasətində də özünü qabarıq büruzə verir: “Bu gün Azərbaycan Respublikasında qabaqcıl, dünya standartlarına uyğun azad, plüralist mətbuat formalaşmışdır…Təsis edilən qəzet və jurnallar müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə məxsusdur. Bölgələrdə 100-ə yaxın mətbuat orqanı nəşr olunur. Respublikada çoxlu sayda elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi və digər jurnallar işıq üzü görür, cəmiyyət həyatının ən müxtəlif çeşid və ağırlıqlı problemləri işıqlandırılır. Azərbaycanda rus, ləzgi, talış, gürcü, avar, kürd milli azlıqlarının dillərində qəzetlər çıxır. Eyni zamanda ingilis, fransız, alman, ərəb və başqa dillərdə mətbuat orqanları nəşr olunur” [2, 12].
Ötən dövrün təhlili göstərir ki, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edərək, bu səpkidə vacib işlərin müəllifinə çevrilmişdir. Milli mətbuatın dünyanın mütərəqqi ənənələrinə əsaslanmaqla da inkişafını vacib hesab edən dövlət başçısı ümumiyyətlə, hər bir vətəndaşın bütün azadlıqlardan istifadə edə bilməsini prioritet vəzifələrdən biri olaraq müəyyən etmişdir. Dövlət başçısının yanaşmasına əsasən, azad medianın formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətləri sırasında yer alır. Eyni zamanda Prezident azad medianı ölkənin əsas sərvətlərindən biri qismində dəyərləndirir: “Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir. Bir daha demək istəyirəm ki, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Bir daha demək istəyirəm, həm jurnalistlər bunu bilsinlər, həm bizim ictimaiyyət də bir daha Azərbaycanın rəsmi mövqeyini eşitsin ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər” [7].
Heydər Əliyevin media sahəsində həyata keçirdiyi siyasəti innovativ yanaşmalarla layiqli şəkildə davam etdirən İlham Əliyev jurnalistələrin əməyini hər zaman yüksək qiymətləndirmiş və bunu konkret sərəncam və fərmanları ilə möhkəmləndirmişdir. Bu xüsusda 2005-ci il 21 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamların imzalanması real göstərici hesab edilə bilər. Mətbuatın yubileylərinin qeyd olunması da diqqət mərkəzində olmuşdur.
Göstərilən yüksək diqqət və qayğı fonunda dövlət informasiya siyasətinin əsas subyekti olaraq qalmaqda davam edir. O öz informasiya arsenalını məhz media vasitəsilə ərsəyə gətirir, onu cəmiyyətə ötürür, beynəlxalq gündəmə çıxarır. Vahid informasiya məkanının formalaşması da bu kontekstdə məxsusi əhəmiyyəy kəsb edir. Daha bir vacib məqam isə ondan ibarətdir ki, dövlət informasiya siyasətinin formalaşması və reallaşması çərçivəsində media təbii şəkildə “yumşaq güc” şəkilində mühüm təsir vasitəsinə çevrilir. Qərbdə kifayət qədər geniş yayılan “yumşaq güc” konsepsiyasının əsasını qoyan C.Nay təsdiq edir ki, beynəlxalq arenada təsir gücünü, nüfuzunu daim artırmaq istəyən dövlət daim çoxsaylı informasiya materiallarının istehsalına çalışmalı, təsir dairəsini nümayiş etdirməli, gündəmi formalaşdırmağı bacarmalıdır. O hesab edirdi ki, müxtəlif informasiya kanallarına çıxışı olan dövlətlə çox ciddi üstünlük əldə etmiş olurlar [6, 87].
Media ilə əlaqədar həyata keçirilən siyasət İlham Əliyevin hakimiyyəti dövründə həm də dövrün çağırışlarına tam uyğunlaşdırılımış, eyni zamanda Azərbaycan bu sahədə müəyyən yeniliklərin əsasını da yaratmışdır. Əldə edilən nəticə isə ondan ibarətdir ki, bu gün Azərbaycan mediası bu və ya digər hadisələrə münasibətdə ictimai fikrin formalaşdırılmasında çox ciddi rol oynayır.
Media sahəsində atılan tarixi addımlardan biri də Azərbaycan Prezidentinin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları olmuşdur. Həmin sərəncamlar söz azadlığının inkişafına yeni töhfə olmaqla yanaşı, həm də mediaya göstərilən dövlət qayğısının davamlı və sistemli səciyyə daşıdığının növbəti təzahürünə çevrilmişdir. Bu konsepsiya milli mətbuatın problemlərinin həllinə mühüm töhfələr vermiş, media vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişafında yeni mərhələ açmış, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin qanunçuluq, şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət prinsipləri əsasında həyata keçirilməsini müəyyən etmişdir [8].
Medianın inkişafı istiqamətində atılan bu addımlar Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə münbit şəraitin yaradılmasına, təmsil etdikləri düşərgə və siyasi baxışlardan asılı olmayaraq hər bir KİV mənsubu üçün informasiya əlçatanlılğınının təmin edilməsinə, onların maddi rifah halının yüksəldməsinə töhfəsini verməkdədir. Eyni zamanda, həyata keçirilən tədbirlər sayəsində bu gün ölkədə müasir tələblərə tam cavab verən informasiya infrastrukturu yaradılmışdır. Bu, vahid informasiya məkanının formalaşmasında və təşəkkülündə böyük rol oynayır. Auditoriyanın ən müxtəlif seqmentlərinin informasiya tələbi bütün bunların nəticəsində uğurla təmin olunur. Media artıq siyasi, iqtisadi, sosial, mədəni və digər sahələr üzrə cəmiyyəti obyektiv informasiyalarla tam təmin edir.
Dövlətin mediaya qayğısı isə davamlı olaraq artır. Azərbaycan mediasının inkişaf tarixində unudulmaz hadisələrdən biri də Prezident İlham Əliyevin 2010-cu il 10 iyun tarixli “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı olmuş, həmin sərəncam əsasında respublikanın bölgələrində “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda konfranslar keçirilmişdir. Yenə də bir çox qəzet və informasiya agentliyinə birdəfəlik yardımların verilməsi, Mətbuat Şurasının yeni binasının təntənəli açılış mərasiminin keçirilməsi, jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsaitin ayrılması medianın tarixində mühüm yer tutur.
Dövlət tərəfindən yaradılan şərait fonunda hazırda Azərbaycanda özəl (kommersiya), dövlət, hər hansı təşkilatın (məsələn siyasi partiya) nəzarətində olan KİV və ictimai-hüquqi əsasda fəaliyyət göstərən yazılı media orqanları və digər kütləvi informasiya vasitələri mövcuddur. Həmin media vasitələri dövlət siyasətinin təqdimatında cəmiyyət üçün həssas sayılan məqamların, müxtəlif səpkili problemlərin qabardılmasına daha çox diqqət yetirir. Bəzi hallarda kommerisya maraqları naminə medianın hazırladığı materiallar daha çox tənqid üzərində qurulur. Bu, həm də media üçün yaradılan demokratik şəraitin təzahürüdür. Düzdür, burada müxtəlif dövlət qurumlarının təsis etdikləri media orqanları müəyyən qədər fərqlənir. Çünki adından göründüyü kimi, bu cür media orqanları dövlətə və ya onun ayrı-ayrı orqanlarına mənsub olur, dövlət nəzarətində saxlanır və maliyyələşir. Belə medianın üstünlüyü iri kaptialdan asılı olmaması, parlament və hökumət tərəfindən nəzarətdə saxlanmasıdır. Bu amillər dövlət siyasətinin belə media vasitələrindən daha geniş və xırda detallara qədər işıqlandırılmasını təmin edən başlıca faktor kimi çıxış edir.
Söz, fikir və mətbuat azadlığı üçün respublikada yaradılmış liberal və tolerant mühit şəraitində jurnalistikanın milli maraqların qorunması, dövrün çağırışlarına adekvat cavab verməsi, vətəndaşlıq mövqeyindən çıxış etməsi aktuallığını qoruyan vacib tələblər sırasında yer alır. Xüsusən də internet medianın, sosial şəbəkələrdə bloggerliyin sürətli inkişafı şəraitində bu məsələ daha çox aktual xarakter daşımağa başlayır.
İnternet vasitəsilə kommunikasiyanın sosial formaları təkcə Azərbaycan yox, dünya miqyasında getdikcə daha geniş miqyas almağa başlamışdır. Azərbaycanada internet medianın inkişafının əsası 1990-cı illərin ortalarına təsadüf edir. Həmin dövrdə internet medianın inkişaf səviyyəsi Qərb ölkələri ilə müqayisədə geri qalsa da, son 10 ildə vəziyyət köklü surətdə dəyişmişdir. Xüsusən də informasiyanın, kommunikasiya texnologiyalarının cəmiyyət həyatında oynadığı rolun artması internet medianın inkişafına da mühüm təkan vermişdir.
Tədqiqatçılar internet medianı ənənəvi analoqları ilə oxşarlığına görə aşağıdakı növlərə ayırırlar: internet-qəzetlər; internet-jurnallar; internet-radiolar; veb-televiziyalar; internet üzərindən yayımlanan ixtisaslaşmıq informasiya agentlikləri; meqamedia resursları, informasiya holdinqləri [4]. Qeyd edilən hər bir nümunəyə bu gün Azərbaycan media məkanında rast gəlmək mümkündür.
Azərbaycan informasiya məkanında təkcə qəzetlərin elektron versiyaları yox, sadəcə internetdə mövcud olan kütləvi informasiya vasitələri əhəmiyyətli rol oynayırlar. Özü də belə media vasitələrinin informasiya məkanında xüsusi çəkisi sürətlə artır, onlar ənənəvi medianı əhəmiyyətli dərəcədə mövqe itkilərinə məruz qoyurlar. Digər tərəfdən, bir neçə dildə yayımlanmaları onların oxucu auditoriyalarının bütün dünya miqyasında formalaşmasına səbəb olur. Bu gün Azərbaycanda əhalinin artıq 75 faizindən çoxu internetə gündəlik çıxış imkanına malikdir.
Hazırda internetin artan templəri vətəndaş jurnalistikasının inkişafına daha böyük töhfələr verməyə başlamışdır. Xüsusilə də “Facebook”, “Twitter” və digər sosial şəbəkələr vətəndaş jurnalistikasını daha aktiv vəziyyətə gətirmişdir. Azərbaycanda bunun çoxsalı nümunələrini müşahidə etmək mümkündür. Ölkəmizdə daha çox populyor olan Facebook sosial şəbəkəsinin hazırda 1,3 milyondan çox istifadəçisi vardır. Burada bəzən informasiyanın yayılma və daha çox auditoiyaya ünvanlanması ənənəvi media vasitələrini, o cümlədən, televiziya və radionu belə qabaqlayır. Digər tərəfdən, sosial şəbəkələrdə yayılan informasiyalara, qaldırılan problemlərə vətəndaşlar çox asanlıqla münasibətini bildirir, onun kollektiv müzakirəsi həyata keçirilir. İstənilən halda bir məsələ tam dəqiqdir ki, internet, sosial şəbəkələr vətəndaş jurnalistikasının inkişafını getdikcə daha da sürətləndirir, onun auditoriyasını durmadan genişləndirir.
Bütün bunlar öz növbəsində vətəndaş cəmiyyətinin formalaşmasını, onun icimai-siyasi, sosial-iqtisadi, mədəni və digər proseslərdə daha yaxından iştirakını şərtləndirir. Ancaq belə bir vəziyyətdə insanlar, vətəndaş cəmiyyətinin özü belə KİV-ə təsir göstərir, onun fəaliyyətini nəzarətdə saxlayır. Bu, ilk növbədə KİV-lərin öz fəaliyyətlərini davam etdirə bilməsi üçün vacib olan oxucu sayı, tamaşaçı, dinləyici kontingenti kimi mühüm elementlərin üzərindən həyata keçirilir. İ.Dzyaloşinski müasir jurnalistlərin fəaliyyətinin dörd istiqamətini fərqləndirir: insanların şüur və davranışının idarə olunması; məlumatın neytral şəkildə çatırılması; auditoriya qarşısında duran problemlərin qabardılması və onların həlli yollarını tapmaq cəhdləri və nəhayət, sadəcə pul qazanmaq [3, 33-34].
Dövlətin informasiya siyasəti nəticəsində media ölkəmizdə siyasi, iqtisadi, həm də vacib sosial rol oynamaqda davam edir. Azərbaycanın yeni siyasi tarixi göstərir ki, bu gün media müxtəlif siyasi məqsədlərə xidmət göstərmək üçün bütün texniki və ideoloji imkanlara malikdir. Buraya insanların maarifləndirilməsindən tutmuş onlarda ləyaqət hissinin inkişaf etdirilməsi, azadlıq və sosial ədalətin bərqərar olunması, siyasətdə rəqabətli iştirak, şəxsiyyəti zənginləşdirmək kimi ən müxtəlif imkanlar aid edilə bilər. Eyni zamanda, vahid informasiya məkanı yaradan media orqanları cəmiyyətdə həmrəyliyik və ümummilli ideyaların formalaşmasına yönəlmiş vahid və ümumişlək bir informasiya kursunun işlənib hazırlanmasında aparıcı rola sahibdirlər.
Beləliklə, qarşıda dayayan başlıca vəzifələrdən biri Azərbaycanın sosial inkişafının əsas məqsədlərindən biri olaraq açıq informasiya cəmiyyətinin qurulması prosesinin daha böyük intensivliklə davam etdirilməsidir. Sözügedən istiqamətdə yenə genişmiqyaslı işlər görülür və nəticə etibarı ilə açıq informasiya cəmiyyəti Azərbaycanda sürətlə təşəkkül tapır. Bu kontekstdə sosial və siyasi proseslərə getdikcə daha çox insan cəlb edilir və KİV hadisələrin qeyd olunan istiqamətdə inkişafına böyük töhfələr verir. Məsələyə beynəlxalq miqyasda yanaşdıqda demək olar ki, bu hal Azərbaycanın Avroatlantik məkana inteqrasiya prosesini daha da sürətləndirir, qloballaşma prosesinə ölkəmizi daha intensiv formada cəlb edir, beynəlxalq informasiya mübadiləsinə uğurlu zəmin yaradır.

Ədəbiyyat
1. Azərbaycan Mətbuat Şurası – 10 il Qanun Nəşriyyatı, 2013, 220 s.
2. 135 illik yol. Bakı. 2010. 224 s.
3. Дзялошинский И.М. Редакционная политика как фактор успешной деятельности СМИ. М.: Союз распространителей печатной продукции, 2000. 426 c.
4. Калмыков А.А. Фирсова Н.С. Журналистика современности в системе массовых коммуникаций // Консультант директора. – 2007. – № 4, 280 c.
5. Почепцов Г.Г. Информационные войны. М.: "Рефлук", К.: "Ваклер", 2000. 576 c.
6. Nye J.S. The Paradox of American power: Why the world’s only superpower can’t go it alone. Oxford University Press, 2002. 418 p.
7. http://president.az/articles/15874/ 08.07.2017.
8. http://kivdf.gov.az/menu/151/.../ 15.08.2017.

Açar sözlər: dövlət informasiya siyasəti, informasiya cəmiyyəti, informasiya məkanı, kommunikasiyanın sosial formaları, söz və mətbuat azadlığı, vətəndaş cəmiyyəti.

Key words: state information policy, information society, information space, social forms of communication, freedom of speech and press, civil society.

Ключевые слова: государственная информационная политика, информационное общество, информационное пространство, социальные формы коммуникации, свобода слова и печати, гражданское общество.


SUMMARY
History of state information policy of the Republic of Azerbaijan
(1991-2016). III article.
Khalid Niyazov
For the purpose of more dynamic development of media in recent years in the field of media, steps have been taken to address a wide range of issues, from improving legislation to strengthening the material and technical base of this segment. The process of adoption of normative acts on the improvement and development of the legislative base of the mass media was implemented, which was accompanied by a focus on the world's best practices and international standards, and continued in close cooperation with various media organizations. Currently, thanks to the measures taken in the direction of media development, they provide the society with timely information about the political, economic, social, cultural and other spheres.
Increasing the role of information and communication technologies in public life has given impetus to the development of Internet media. Media organizations that operate directly in the virtual space successfully perform many functions and tasks of traditional media.
The development and diversification of media, in turn, cause the formation of civil society, its closer participation in social, political, economical, cultural and other processes.

РЕЗЮМЕ
История государственной информационной политики
Азербайджанской Республики (1991-2016). III статья.
Халид Ниязов
С целью более динамичного развития медиа за последние годы в сфере СМИ были предприняты шаги по рассмотрению широкого диапазона вопросов, начиная от совершенствования законодательства до усиления материально-технической базы этого сегмента. Был реализован процесс принятия нормативных актов по совершенствованию и развитию законодательной базы средств массовой информации, который сопровождался акцентированием внимания на передовой мировой опыт и международные стандарты, а также продолжался в условиях тесного сотрудничества с различными медийными организациями. В настоящее время, благодаря мерам, предпринятым в направлении развития медиа, они своевременно предоставляют обществу объективную информацию о политической, экономической, социальной, культурной и других сферах.
Повышение роли информации и коммуникационных технологий в общественной жизни дало толчок развитию интернет-медиа. Медийные организации, действующие непосредственно в виртуальном пространстве, успешно выполняют множество функций и задач традиционных СМИ.
Развитие и диверсификация медиа, в свою очередь, обуславливают формирование гражданского общества, его более тесное участие в общественно-политических, социально-экономических, культурных и других процессах.

 

Xalid Niyazov
Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6909 san