14:31 13 Avqust 2018
391 dəfə oxunub
Çap versiyası
...

“Trans-Adriatik” (TAP) qaz boru kəməri Avropanın təbii qaz tədarükündə güclü mənbə olacaq.

AZƏRTAC “Washington Examiner”ə istinadla xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunes deyib.

“ABŞ hazırda mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edir və Qərbi Avropaya daha çox qaz nəql edə biləcəyi təqdirdə, eləcə də TAP qaz boru kəməri ilə İtaliyaya qaz daşındıqda qitənin qaz tədarükü üzrə iki güclü mənbə olacaq”, - deyə D.Nunes qeyd edib.

Xatırladaq ki, ötən günlərdə “S&P Global Platts” agentliyi ABŞ-ın İranın enerji istehlakçılarına qarşı yeni sanksiyalarının “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilmədiyini bildirib.

Bir qədər əvvəl isə ABŞ Prezidenti Donald Tramp İtaliya Baş naziri Cüzeppe Konte ilə Vaşinqtonda keçirdiyi görüşdə Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP layihəsinə dəstəyini ifadə edib.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. İyunun 30-dan “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.

“Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollardır və may ayının sonuna kimi bu layihəyə 17,8 milyard dollar xərclənib. CQBKG layihəsinin dəyəri isə 4,5 milyard dollardır və mayın sonuna həmin layihəyə 4,2 milyard dollar sərf edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib. TAP layihəsi üzrə isə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna bu layihəyə 3 milyard avro sərf olunub.

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Layihə üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard dollar təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 94,8 faizi, TAP-la bağlı isə 74,6 faizi yerinə yetirilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6586 san