15:05 16 Avqust 2018
3102 dəfə oxunub
Çap versiyası
...

 

Jurnalist Fuad Babayevlə qəzalı vəziyyətdə olan Xanəgah məscidi ilə bağlı danışdıq.

-          Fuad müəllim, səhv etmirəmsə, iyun ayının ortalarında Qubanın Xanəgah kəndindəki məscidin görüntülərini paylaşdınız və bu şəkilləri görənlərə məlum oldu ki, abidə dağılır.

-          Tamamilə doğrudur. İyun ayının 18-də növbəti dəfə kəndimizə getmişdim. Və məscidə baş çəkdim. Qərara aldım ki, şəkillər çəkim və heç olmasa sosial şəbəkədə paylaşım.

-          Şəkilləri paylaşdınız və ...

-          Şəkilləri paylaşdıqdan sonra Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının “Foto qalereya” bölümündə “Bir məscidin 14 şəkli” fotoreportajını yerləşdirdim. Və həmin reportajın linkini də dəyərli həmkarlarıma göndərdim. Demək olar ki, dərhal reaksiya verdilər. Dəyərli həmkarım, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilk reaksiya verən dostlardan oldu. Və Aysel Aslanın “Tarixi abidə kimi qeydə alınan məscid dağılır, aidiyyəti nazirlik isə susur” yazısı dərc edildi.

-          Səhv etmirəmsə, televiziyada da bu problemə diqqət ayrıldı.

-          Doğrudur. İctimai Televiziyanın Xəbərlərində də dəyərli həmkarlarım məscidin durumunu əyani şəkildə göstərən süjet hazırlayıb yayımladılar.

-          İndi də ictimaiyyətin məlumatlandırılması prosesi uğurla davam edir. Belə demək olarmı?

-          Düşünürəm ki, demək olar. Media mənsublarının bu məsələyə həssas yanaşmaları nəticəsində ondan çox yazı gedib bu problemlə bağlı. Fürsətdən istifadə edib bu mövzunu işıqlandıran bütün həmkarlarıma dərin minnətdarlığımı bildirirəm.

-          Media mənsublarının  bu məsələyə diqqət göstərmələri təqdirəlayiq haldır. Bəs ictimaiyyət? Yetkililər?

-          “Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Faiq İsmayilovla görüşdük. Faiq müəllim dəyərli məsləhətlərini verdi. Və görüşümüzdən az sonra   www.azpress.az saytında maraqlı bir yazı ilə çıxış etdi. Həmin yazıda Xanəgah məscidinin 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunu ilə mühafizə olunduğu vurğulanır. Və qeyd edilir ki, abidənin mühafizəsinin təşkilinə Azərbaycan Mədəniyyət Nazirliyinin müvafiq qurumları və yerli icra hakimiyyəti nümayəndələri məsuliyyət daşıyırlar.

-          Həmin yazıda abidə haqqında da xeyli məlumat vardı gərək ki...

-          Bəli. Faiq müəllim Xanəgah məscidinin unikal tikinti quruluşuna malik olduğunu qeyd edib. Ekspertin araşdırması nəticəsində abidənin tarixi, tikinti quruluşu barədə elmi mənbələrdə məlumat olmadığı məlum olub. Elə həmin yazıda abidənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Mədəniyyət Nazirliyində yerli əhəmiyyətli abidə kimi (№4660) qeydə alındığı, inşa tarixinin XIX əsrə aid olduğu göstərilir.

Faiq müəllim həmçinin qeyd edib ki, abidənin ümumi görünüşü, bu tarixi memarlıq nümunəsinin təhlükəli vəziyyətdə olduğundan xəbər verir. Belə ki zaman-zaman baxımsızlıq ucbatından,  təbiət hadisələrinin təsiri nəticəsində abidə yararsız hala düşərək özünün son dövrünü yaşayır.
“Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Xanəgah məscidinin unikal formasını, nadir memarlıq quruluşunu, tarixi əhəmiyyətini və əhali üçün xüsusi önəmini nəzərə alaraq, abidənin uçulmasının qarşısını almaq üçün, bərpa edilənə qədər abidə təcili konservasiya olunmasının vacibliyini önə çəkir. Və vurğulayır ki, bu barədə yerli icra strukturları, Mədəniyyət Nazirliyi, Azərbərpa Layihə İnstitutu qərar qəbul etməlidir. 

-          Onda gözləmək qalır. Elə deyilmi?

-          Mətbuatda bu məsələni daimi əsaslarla işıqlandırmağa davam etmək niyyətindəyəm.

-          Ümid edirəm ki, Xanəgah məscidinin bərpa olunacağı günü görə biləcəyik. Özü də tezliklə.

-          Mən də buna ümid edirəm.

Müsahibəni  İsmayıl Qasımov aldı

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8174 san