11:22 26 Avqust 2014
12091 dəfə oxunub
Çap versiyası

  Sovet Azərbaycanında mülkiyyətçi, mülkədar ən xatalı sözlərdən biri idi. İnsanlar hətta bu sözü dillərlinə gətirməyə qorxurdular. Çünki çox mülk sahibinin son aqibətini, acı taleyini  görmüşdülər.  Özü  də ki,  bu söz o dövrün leksikonuna da yad bir kəlmə idi. Çünki hər şey sovetin mülkiyyəti sayılırdı. Ona görə də hamı “bizim” deyirdi. “Bizim məktəb”, “bizim kolxoz”, “bizim idarə”, “bizim zavod”, “bizim Leonid İliç Brejnev”. Misalları nə qədər istəyirsinizsə artıra bilərəm.

Buna necə uyğunlaşmışıqsa, müstəqillik dövründə də hələ ki, “mənim” sözü dəbə minmir ki, minmir. Biri pul tökür, zəhmət çəkir klinika açır, adını əndərəbadi yevropeyski bir isimlə adlandırır. Yazmır ki, məsəlçün “Mahirin klinikası”. Yaxud da özəl məktəbə  bütün qütblərin, dənizlərin, dağların adını verirlər, amma öz adlarını verməkdən çəkinirlər. Məsəlçün yazmırlar “Mahirin orta məktəbi”, “Mahirin ali məktəbi”. O cümlədən dükanlar, ictimai iaşə obyektləri, idman zalları, bərbərxanalar, apteklər, daha haralar, daha nələr. Bircə leyla Şıxlinskaya bu sahədə ilk və son qaranquş oldu. Yaratdığı özəl tibb müəssisəsinə “Leyla Şıxlinskayanın klinikası” adını verdi, öz adını verdi. Amma bütün bunlara baxmayaraq hər bir məkanın, obyektin Azərbaycanda öz sahibi var və onlar rəsmi olaraq sahibkardırlar.

Sovet dövrü isə sahib olmaya-olmaya sahibkara çevrilmək  böyük fəxarət sayılırdı. Bu məktəblər, xəstəxanalar nömrəylə yox, adla çağrılırdı. Cavadzadənin klinikası, Ramizə İsmayılovanın məktəbi, Aliyə Təhmasibin məktəbi, İbrahim İbrahimovun institutu, Nikitinin kolxozu, Şamama Həsənovanın kolxozu...  Heç kim də qısqanclıq eləmirdi. Əksinə onlarla fəxr edirdilər, ən yüksək dövlət təltifləri də öz yerində. Onlardan biri, bəlkə də  birincisi 190 nömrəli orta məktəbin direktoru Sona Tağıyeva idi. Mənim  Sona müəlliməm və onun məktəbi.

BİRİNCİ SİNİF

Bizim yazıçılar binasının gənc sakinlərinin əksəriyyəti 190 və  132 nömrəli məktəbdə oxuyurdular. Rusca təhsil almaq istəyənlər isə 189 nömrəli məktəbə gedirdilər.

 Atam, anam məni də  190 nömrəli məktəbin birinci sinfinə qoydular. Özü də  qorxuzdular. “Bax, özünü yaxşı apar. Buranın direktoru Sona xanımdır a... Çalış gözünə də görünməyəsən. Özünü pis aparsan...”

Bəxtimiz gətirmişdi. İkinci növbə oxuyurduq. Yuxarı siniflər səhər növbəsi olduğundan Sona müəllimə əsas diqqətini onlara yönəldirdi. O vaxt xuliqanlığı ilə ad çıxarmış Sovetski məhləsinin sakinlərinin çoxu 190 nömrəli məktəbi seçirdi. Daha doğrusu öz uşaqlarıyla bacara bilməyən valideynlər belə Sona xanıma üz tuturdular. Bilirdilər ki, Sona müəllimə onları tərbiyə etməyi bacaracaq. İndi yadıma gələndə dəhşətə gəlirəm. Özünü pis aparan, dərsini oxumayan bir şagird bir sinifdə neçə il  qalar axı? Bir il, iki il, üç il. Ta o vaxtacan ki, Sona müəllimə ondan adam düzəldirdi. İndiki kimi deyildi e... Oxudun oxumadın kamal attestatı alasan – tupoy olsan da. Özü də o vaxtlar elə bir dövr idi ki, göstərici, plan deyilən anlayışlar vardı. Hər hansı bir minus məktəbin ayağına yazılırdı. Amma 190 nömrəli məktəbin göstəriciləri, olimpiyadalarda ön yerə çıxması, qızıl medalların sayı bu minusları kölgədə qoyurdu. Bir də ki, 190 nömrəli məktəb qafqazda yeganə ordenli məktəb idi. Qırmızı Əmək Bayrağı ordeniylə təltif edilməsi də Sona xanımın və onun kollektivinin nailiyyəti idi.

Elə bilməyin ki, Sona xanım tək idi. Əsla. Əgər bu gün hər hansı məktəbdə bu cür müəllim kontingenti olsa direktor kreslosu  uğrunda qan su yerinə axar. Sosialist Əməyi Qəhrəmanı, əməkdar müəllim, atam Qabilə də dərs demiş Zərbəli Səmədov, uzun müddət Bakı təhsilinə başçılıq etmiş Sadıq Məmmədzadə, 132 nömrəli məktəbin direktoru, SSRİ Ali Sovetinin deputatı olmuş Ramizə İsmayılova, o vaxt Azərbaycanın və SSRİ-nin rəhbərlərindən olan Heydər Əliyevin bacısı Şəfiqə Əliyeva. Fənlər üzrə lap adi müəllimlər belə adla çağrılırdı.

İLK QORXU

190 nömrəli məktəb beş mərtəbəli idi. Sağ və sol tərəfdən paralel olaraq pilləkənlərlə yuxarı qalxırdılar.  Sona müəllimə də tənəffüsdə yox, əsasən dərs vaxtı mərtəbələri gəzirdi.  Ona görə də birinci sinifdə oxuyan  mən  direktorla rastlaşmamışdım. Heç üzdən də tanımırdım.  İkinci növbədə biz əsasən dərs hissə müdiri Əfruz xanımı tanıyırdıq.  Birinci növbədəki kimi şagirdləri sıraya düzüb himn oxutdurmur, idman elətdirmirdilər. Eləcə gəlib girirdik sinfə. Direktoru isə heç görmürdük.

Sona müəllimə ikinci növbədə mərtəbələri nadir hallarda gəzirdi. Özü də Sona xanım yuxarı mərtəbələrə qalxanda o biri pilləkənlərlə də tərbiyə işləri üzrə müavin Səkinə xanım qalxırdı. Dərsdən yayınan şagirdlər Sona müəllimədən qorxub o biri başdakı  pilləkanla aradan çıxmağa calışanda Səkinə müəllimə qabağına çıxardı. Tutmağa gücü çatmayanda  də heç olmasa üzündən tanıyıb, sonradan valideynini məktəbə çağırardılar. Valideyn də gəlib iki saat direktorun otağında qızarar, utanar, sonda da “Sona xanım, bacarmıram bu uşaqla. Bütün günü zavodda oluruq, fəhlə adamıq. Uşağım sənə əmanət, tərbiyə elə” deyib gedərdi.  Böyük Sabir demişkən “Əti sənin, sümüyü mənim”.

İkinci sinifdə oxuyurdum. Su içmək bəhanəsiylə müəllimdən icazə alıb sinif otağından çıxdım. Su içdim. Amma nədənsə geri qayıtmağa tələsmədim. Dəhlizdə heç kim yox idi. 28 kvadrat metrlik dar mənzildə yaşayan mənim üçün sanki meydan idi. Başladım tək-tənha bu başdan o başa qaçmağa, sürüşməyə. Bir də baxdım ki, o başdan kimsə gəlir. Tanımadım kimdir. Yaxınlaşıb qulağımdan tutdu. Yaşlı, saçları ağ, beli bir az bükülmüş qadın idi. Tənbeh elədi.  Qulağımdan tutsa da dartmadı, burmadı, heç incitmədi də. Amma bu qulaqburması mənim sonrakı həyatımda – nizam-intizam məsələlərində böyük rol oynadı. Demə bu  yaşlı qadın Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı ordenli direktorum -  Sona xanım imiş.

SONA XANIMIN CƏZASI

Yeddinci sinifdə oxuyurduq. Nə üstündəydi yadımda deyil, onuncu sinifdə oxuyanlarla davamız düşmüşdü. Mənə xətər dəyməsə də, direktorun otağına tutub məni də apardılar. Əlbəttə ki, taqsır onuncu sinif şagirdlərindəydi. Biz beş nəfər bir qıraqda dayanmışdıq, onuncu sinfin hündür boy şagirdləri isə ayaqüstə düzülüb başlarını aşağı salmışdılar. Sona xanım yerindən durdu. Onlara yaxınlaşdı. Boyu balaca idi Sona müəllimənin. Nə desə yaxşıdır “xuliqan”lara?  “Başını aşağı elə”.  Şagird də başını aşağı əydi. Sona müəllimə sağ əlini qaldırıb  pis aparanların qulaqlarını növbəylə çəkdi. Sonra üzr istətdi. Bu  qulaq çəkmək yox, qulaqburması idi.  Bu özünü pis aparanları sanki qıdıqlasa da, amma mənən yumruq zərbəsindən də qüvvətliydi. Bunun qarşılığında cavab qaytarmaq nədir, heç cınqırlarını da çıxarmırdılar, valideynlərinə gedib şikayət də etmirdilər. Bilirdilər ki, evdə desələr ki, Sona xanım onların qulağını çəkib, şillə yeyəcəkdilər. Üstəlik də ata-anaları tezdən durub gəlib Sona xanımın otağında üzr diləyəcəkdi. Çünki onlar özləri də 190-nın, Sona müəllimənin yetirmələriydi. Bu qulaqburmaların xeyrini onlar da görmüşdülər. Sona xanımın nəsli davam edirdi.

Sona xanım milis çağırmırdı. Amma cəzası bütün cəzalardan ağır idi. Ziyalı, vəzifəli ailələrdən olanları xüsusi diqqət mərkəzində saxlayırdı. “Onlar özlərini pis aparsa, dərslərini pis oxusalar, day başqalarından nə tələb eləyək?” deyərək. 

Bu qorxunun qabağında dəcəlliyimizdən qalmırdıq. Onuncu sinifdə dərsdən qaçıb Sabirin heykəliylə üzbəüz, monolitin altındakı kafeyə  isti kakao ilə isti bulka yeməyə gedirdik. Bir də görürdük ki, ya sinif rəhbərimiz, ya da zavuç qapıda dayanıb. Hara qaçmağımızı da ehtimal edirdilər. Bəzilərinin harda, hansı küncdə siqaret çəkməklərini, siqareti gizlətdikləri taynikləri  də gözəl bilirdi. Məhlələrində ad çıxaran, mənəm-mənəm deyən, hətta cibində bıçaq gəzdirən ən pis şagird də Sona xanımın qarşısında başını əyir, vurduğu xəfif, yumşaq şillədən əriyir, hətta ağlayırdı da... Fiziki cəhətdən cansız, alçaq boylu  olsa da, böyük zəhmi vardı Sona xanımın. Ailə üzvlərini erkən itirə-itirə getsə də, 190 nömrəli məktəbi özünə doğma ailə saymışdı. Bu məktəbi özünkü sayırdı. 1945-ci ildən – 29 yaşında ikən bu böyük ailənin başçısına çevrilmişdi.

 HƏM DƏ SONA MÜƏLLİMƏ

Onu hamı Sona xanım çağırırdı. Elə biz şagirdlər də. Amma yeddinci sinifdən qara günlərimiz başladı. Sona xanım bizə kimyadan dərs keçməyə başladı. Düzünü desəm dəqiq fənləri yaxşı bilmirdim. Kimyadan isə sıfır idim. Buna baxmayaraq Sona müəllimə rüblüyə mənə “3” – kafi yazırdı. Beləcə heç nə bilməyə-bilməyə, danışmaya-danışmaya 7-ci sinfi üçlə başa vurdum. Səkkizinci sinifdə də heç bir irəliləyiş olmadı. Amma yenə üçümü aldım. Məndə elə bir təsəvvür yaranmışdı ki, Sona müəllimə  atama görə hörmət edir mənə.  İstəmir ki, iki alıb sinifdə qalım. Bu məni razı salsa da, amma  Sona müəlliməyə, onun müəllimliyənə qarşı daxilən bir hörmətsizlik hissi yaradırdı. “Nə oldu? Deyirdilər ki, belə asır, belə kəsir. Heç tənbeh də eləmir ki, oxu. Heç söymür də. Eləcə üçümü yazır.” deyərək.

Doqquzuncu sinifdə  vəziyyət dəyişdi.  Mənim yolum aydın idi. Filoloq olacaqdım. Filoloq olmaq üçünsə yalnız humanitar fənləri bilsəydin kifayət idi. Amma attestat balı deyilən bir şey də var idi ki, o da yüksək olmalıydı. Ali məktəbə qəbulda aldığın qiymətlərin üstünə əlavə olunub son nəticə çıxarılırdı.  Əgər attestatda dörd dənə “4”, qalanı “əla” idisə deməli balın “5” sayılırdı. Beş dənə dördün olardısa artıq bal dörd yarıma enirdi. Mən bunu bilmirdim. Amma kimsə atamı başa salmışdı.

Doqquzuncu sinifdə oxuyurdum. Günlərin bir günü atam əlimdən tutub apardı məni Sona xanımın yanına. O günəcən atamı bir dəfə də məktəbə çağırmamışdılar. İçəri girdik. Atam “Sona xanım, Mahir filoloq olacaq. Amma kimyadan üç alsa ali məktəbə daxil olması mümkünsüzdür. Çünki attestat balına təsir edəcək. Ona görə də bu məsələyə həssas yanaşmağınızı xahiş edirəm. Bütün fənlərdən beşdir, bircə texniki fənlərdən mənə oxşayıb” dedi.  Sona müəllimə heç nə demədi. Sadəcə başıyla razı olduğunu ifadə etdi. Otaqdan çıxdıq.  Attestata  fənn üzrə vahid qiymət səkkiz rüblük qiymətin əsasında gedirdi. Məsələn kimyadan “4” almaq üçün Sona müəllimə mənə doqquz, onuncu siniflərdə bütün rübləri dörd yazmalıydı. Yaxud da doqquzuncu sinifdə “üç”, onuncu sinifdə isə “dörd”. Üstəlik imtahanda da “4” almalıydım.

 Beləcə doqquzuncu sinifdə bütün  rüblərdə kimyadan “3” aldım.  Belə də gözləyirdim.  Sona xanım kimi müəllimələr bundan artıq saxtakarlığa gedə bilməzdilər.  “Üç”ü yazırdısa, hələ allahıma şükür etməliydim. Sinifdə 28 nəfər idik. Onlardan üçü ikinci, üçüncü il bir sinifdə sayanlar idi. Çoxdan əsgərliyə getməliydilər. Amma oxuyurdular. Doqquzuncu sinfin birinci rübünün sonunda möcüzə baş verdi. 28 nəfərdən iyirmi beşi, o cümlədən mən də kimyadan rüblüyə “5” aldıq. Hələ iki, üç il sinifdə qalanları demirəm. Onlar “4” aldılar. İkinci rübü də bu göstəriciylə başa vurduq. Qış tətilindən sonra isə qara günlərimiz başladı. Sona müəllimə nə desə yaxşıdır? “Siz elə bilirsiniz ki, sizə beşi elə-belə yazmışam? Mən Sona müəlliməyəm. Mənim fənnimdən hamı bir nəfər kimi beş almalıdır. Özü də ki, buraxılış imtahanına maarif nazirliyindən komissiya gəlir. Özünüzü toparlayın. Sabahdan bütün dərslər kimya olacaq. Düz beş ay. Gələndə yeddinci-səkkizinci sinif kimya dərsliyini də gətirin. Əvvəldən başlayacağıq”.

Başqa müəllimlər proqramların başa çatdırmışdılar. Təkrara keçmişdilər. Ona görə də Sona xanım direktorluq hökmündən istifadə edərək, onların da dərs saatlarını götürmüşdü. Beş ay ərzində, gündə 4-6 saat olmaq şərtiylə Sona müəllimə bizə kimya dərsini keçdi. Keçmədi ye... kimyanı öyrətdi. Mendeleyev cədvəlini gözüyumulu bilirdim. Kimyanı o dərəcədə mənimsəmişdim, Sona müəllimə kimyanı mənə elə sevdirmişdi ki, hətta filoloq yox, kimyagər olmaq fikrinə düşmüşdüm.

Beləcə gəlib çıxdıq buraxılış imtahanına. O vaxtlar belə bir qayda vardı. Qızıl medala namizədlər  bileti çəkməli, fikirləşmədən həmən cavab verməliydilər.  İmtahan vaxtı Sona müəllimə hamımızı otağa yığdı. Başda iki nəfər tanımadığımız  adam oturmuşdu. Demə Sona müəllimə direktor olduğu üçün onun imtahanları Maarif nazirliyinin nəzarəti altında keçirilirmiş. İmtahan başlamamış Sona müəllimə ayağa durub “mənim şagirdlərimin hamısı bilet çəkəcək, fikirləşmədən də cavab verəcəklər” dedi. Elə də oldu. Nəticədə 25 nəfər “5”, üç nəfər isə “4” aldı. Dörd alanlar  isə neçə il bir sinifdə  sayanlar idi. Baxmayaraq ki, onlar da beşə cavab vermişdilər.  Bu imtahandan o vaxtın “Azərbaycan müəllimi” qəzetində də yazdılar, nümunə göstərdilər. Mən isə kimyadan attestata öz halalca “dörd”ümü aldım. Nə olsun ki, imtahanda “əla” almışdım. Rüblükdə “üç”üm vardı, axı?!

Sahib Ələkbərov

190 nömrəli məktəb  Səbail rayonunun  ərazisində yerləşir. Sahib Ələkbərovu bu rayona təzəcə icra hakimiyyətinin başçısı təyin etmişdilər. Tədbirlərini “Xəbərlər”də işıqlandırmağa isə mən gedirdim. Sahib müəllimi köhnə komsomol rəhbərim kimi çoxdan tanıyırdım. Əsgəri xidmətdə olarkən Azərbaycan komsomolunun 1987-ci ildə keçirilən 32-ci qurultayına nümayəndə də seçilmişdim. Bir dəfə hansısa tədbirlə bağlı Sahib müəllimə sualım meydana çıxdı. Axtardım. Şöbə müdiri işləyən Qabil dedi ki, Sahib müəllimin başı qarışıqdır. Birinci vəzifə kimi qarşısına məqsəd qoyub ki, 190 nömrəli məktəbi yay tətili dövründə əsaslı təmir elətdirib başa çatdırsın. Axtarsan orda taparsan”. Bilmirəm Sahib müəllim 190-nın məzunudur, ya yox? Amma icra başçısı kimi bu ilk addımı mənə ləzzət elədi.

190-ın məzunları

190-ın məşhur məzunları çoxdur. Adlarını çəkmək istəmirəm. Bu məqaləyə sığışmaz deyə. Mən də bu məktəbin məzunu olmağımla fəxr edirəm. İllər ötdükcə qiyməti daha çox görünür. Azərbaycanın təhsil sistemində, bu məktəbdə də hər şey dəyişib. Amma bir şey dəyişməyib. Adı. Bura Sona xanımın məktəbidir.

Akademik Cavadzadə dünyasını dəyişdikdən sonra “Cavadzadənin klinikası” rəsmi olaraq öz adına qovuşdu. İvanovkadakı kolxoz da Nikitinin adını daşıyır. 190 nömrəli məktəb də öz sahibinin adını gözləyir. Yəqin ki, bu qərar verilsə  bir vaxtlar bu məktəbin məzunu, özü də, qızları da Sona xanımın şagirdi olan, indi isə onun adını daşıyan, şəhid Osman Mirzəyevin də ruhu inciməz, əksinə şad olar. Biz də şad olardıq. 


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
DİN və din
17:38 23.05/2018
 
Xəbər başlıqları
25-05-2018
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0357 san