09:37 07 Yanvar 2014
10435 dəfə oxunub
Çap versiyası

  RAFİQ  YUSİFLİ

    

" Ömür hesabatı" xatirə-povestindən hissə (elektron mətbuatı üçün işlənmiş)

 

Məmləkətim,  məmləkətim...     

Nə səndə tikilən pencəyim qaldı,

Nə yollarını ölçmüş ayaqqabım...

... İndi yalnız saçlarımın ağında,

alnımın qırışında,

ürəyimin infarktındasan,

məmləkətim!

Məmləkətim, məmləkətim!

 

    Nazim Hikmət (azəri türkcəsində)

Ömrünün 60 ilindən çoxunu müqəddəs həkimlik peşəsinə  həsr  etmiş və bunun 30 ilini Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində calışmış, bugün də dəyərli məsləhətlərini heç kimdən əsirgəməyən 84 yaşlı dostum, müdrik insan, Tapdıq Behbudov haqqında kitabın yazılmasına başlanan ilk gündən Tapdıq həkimin bir arzusu var idi, kitabda hazırda ermənilrin yerlə yeksan etdiyi bizim Füzuli Rayon Mərkəzi Xəstəxanaın vaxtı ilə əzəmətli binasının şəklini tapıb, verək. Bu məqsədlə çox yerlərə baş vurduq, heç nə tapa bilmədik, ona görə də xəstəxana binasının xarabalığının şəklini verməkdən başqa əlacımız qalmadı. Yeri gəlmişkən, hansınızda şəhərimizin, kəndlərimizin şəkilləri, video çəkilişləri qalıbsa, onları qoruyun. Çünki nə vaxtsa biz o xarabalıqlara qayıda bilsək, bir divar tapmayacayıq deyək ki, burda yaşamışıq, bu məktəbdə oxumuşuq, bu çinar, qoz, tut ağacının altında, bulaq başında sərinləmişik.

Füzulililər üçün əziz yer olan köhnə klubun qarşısındakı yüzillik ağacları, onların altında çay dəstgahların, şahmat, nərd oynanılan yerləri, şux zarafat, söhbət edib dincəldikləri çayxananı görməyəcəyik. Ermənilər orada daşı daş üstə qoymayıblar, bir ağac, bir bulaq qalmayıb o yerlərdə. Vaxtı ilə o torpaqda yaşayan, o küçələrdə gəzənlərdən qalan və qayıdan olsa, orada bir nişanə tapmayacaqlar. Yeni qurulan Füzuli, Aybasanlı, Gecəgözlü, Seyidəhmədli, Qoçəhmədli və digər yerlər nə qədər bərpa edilsə, müasir olsa da, bizim gördüyümüz olmayacaq. Bu nisgili unuda bilmirik. Xülasə, dərdimiz böyükdür, onu çəkmək asan deyil.   Filosof şairimiz Məhəmməd Füzulinin bir qəzəlini çox sevirəm, bu sevgi ilk öncə o vaxt yarandı ki, rəhmətlik Ağabala Abdullayev "Zabul segahda" bu qəzəli oxuyub, dəfələrlə qulaq assam da, bu qəzəlin, bu səsin möcüzəsindən doymamışam. Yeri gəlmişkən, bu qəzəldəki tibbi etika barədə deyilənlər istənilən  qalın kitablardan az əhəmiyyəyli deyil. Qəzəl belə başlayır:

 

"Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib!"

 

Son beyti isə belədir:

"Öldürüb yüz sən kimi bidərdi bu dərdim mənim

Gəl Füzuli dərdini sanma çox asan, ey təbib!"

 

Əvvəllər bu qəzəli eşidəndə hamı kimi mən də ancaq təbii olaraq böyük Füzulinin eşq,  əhəbbət dərdinin necə ağır dərd olduğunu başa düşür, qəbul edirdim. Son illərin hadisələri baş verəndən, doğma torpağımız Füzulini itirəndən sonra, Füzuli torpağı, şəhərinin dərdi xəyalıma gəlir. Allah "Qaryagin" adını dəyişib "Füzuli" qoyanlara qəni-qəni rəhmət eləsin, fəxr edirdik bu adla, amma indi həm Kərbəlada uyuyan Füzulidən, həm də doğma torpağımız Füzulidən aralı düşmüşük və "çox asan" olmayan dərdini çəkirik.

 Atalarımızın belə bir sözü var: "Köçən yurdun qədrini, düşən yurdda bilərlər". Əvvəllər bu məsəli müxtəlif hallarda hamımız eşitmişik, işlətmişik, amma öz doğma yurdumuzdan, torpaqlarımızdan köçkün düşəndən sonra bunun əsl gerçəkliyini, bu sözlərdə necə böyük hikmət olduğunu hiss etmişik. Köçüb düşdüyümüz yerlər heç vaxt Füzulinin yerini verə bilməz, torpağı, havası, suyu, insanları heç yerdə yoxdur Füzulinin. Füzulidə kimin ağlına gələrdi ki, torpağa nəsə əkəsən, amma bitməyə. Torpağa hardansa bir toxum, yediyinn meyvənin dənəsi, bir qarğanın dimdiyindən düşən qoz, kiminsə yerə sancdığı çubuq bir azdan yarpaqlayıb böyük ağac olurdu.

Füzulidə hansı kəhrizin, bulağın, quyunun, çayın suyun içən adam deyə bilərdi ki, dadı xoşuma agəlmir, boğazım, mədəm ağrıyır, köpürəm.  Kim deyə bilərdi ki, bu nə havadı, nə yazı bilinir, nə yayı, nə qışı, nə payızı. Füzulinin hər fəslinin bir gözəlliyi, yaraşığı var idi. Illərdir kol dibindən ən çox sevdiyim bənövşə yığmağın həsrətindəyəm, amma yazda hansı qapıya, bağa-baxçaya getsəydin baharın ilk bənövşəsini tapardın. Qacar meşəsində kolların dibi, Çərəkənin bükləri xalı kimi bənövşə ilə dolu olardı. Həyatımızın o sevincli, xoşbəxt vaxtlarında rəhmətlik Mətləb Misirin "Məmməd Araz, Araz mənlə danışmır" şeirinə dostlarıma yaxşı tanış olan bir zarafat-nəzirə yazmışdım:

 

Hər bükündə qoma-qoma bənövşəm,

Diz söykəyib, bircə-bircə dərmişəm,

Ay Çərəkən, görüşünə gəlmişəm,

Axı, küsmək sənə, mənə yaraşmır,

Mətləb Misir, Çərəkən mənnən danışmır.

   Amma Qarabağ müharibəsi başlayandan bu gözəllikdən məhrum olduq. 1992-ci ilin mart ayının 16-sı idi, hamı axır çərşənbə bayramını qeyd edəcəkdi. Erməni  quldurları Füzuli rayonunun Hərbi Komissarlığını top atəşinə tutdular (çox güman ki, bunu peşəkar rus hərbiçiləri və ya digərləri ilə həyata keçirdilıər, çünki belə dəqiq top atəşini adi "saqqalılar" edə bilməzdi), əhali şəhəri tərk etməyə başladı. Qadın, uşaq ayaqyalın, başıaçıq şəhərdən çıxan yolları doldurmuşdu. Kürəyində evin qocasını, uşağını aparanları, ekskavatorun çanağında arvad-uşağı görəndə adamın ürəyi ağrıyırdı. Bu mənzərəni azca olsa təsəvvür etmək üçün məşhur rus rəssamı Karl Bryullyovun "Pompeyin son günü" tablosuna baxın, həmin əsərdə Vezuvi vulkanının püskürməsindən vahiməyə düşən insanların həyatlarını qurtarmaq səhnəsi, mənzərəsi çox ustalıqla təsvir edilib. Əsər haqqında çox fikirlər var, bircə bu cümlə məncə bəs edər:-Это целая трагедия людского ужаса и людских страданий.

 Bəli, Füzuli əhalisi bələ vəziyyətdə idi, o gün. Əhali pərən-pərən  düşüb, evlərini tərk edəndən sonra (deyirlər axırıncı çərşənbədə evində olmayan 7 il həmin axşamı evində keçirə bilmir, biz artıq 21 ildir bu bayramı Füzulidəki evimizdə keçirmirik, yazın necə gəldiyini duya bilmirik) isə bu misraları yazmalı oldum:

 

Nə vaxt kol dibində açdı bənövşə,

Nə vaxt ətir saçdı çöl, çəmən, meşə,

Səhər salam verib doğan günəşə,

Şehlə üzümüzü yuya bilmədik,

By yaz necə gəldi duya bilmədik.

 

Hələ "Xarı bülbül", Bir dəfə may ayının əvvəli, yazın ən gözəl çağları idi. Uşaqlarla birlikdə Qacar kəndi istiqamətində gəzməyə çıxmşdıq. Kəndə çatmamış Köndələn çayının  kənarında olan dağa qalxdıq. Dağın döşündə nə görsək yaxşıdır, dünyanın ən möcüzəli gülü sayılan "Xar Bülbülü". Mən deyim ki, bu gülün məskəni sayılan Şuşada onu tapmaq üçün bəlkə də saatlarla gəzmək lazım gələrdi. "Xarı Bülbülün" rayonumuzda zəmisi var idi.

 Bəs insanları, Füzulidə, kəndlərdə bir adam digərinin yanından salam verməmiş, hal-əhval tutmamış necə keçə bilərdi, tanıdı, tanımadı. Hələ Bakıya təzə köçəndə bir dostumuzun atası səhər tezdən metro vaqonuna girəndə-hamılıqca sabahınız xeyir-deyirdi, bu idi kənd admının səmimiliyi, mehribanlığı!!!. Indi illərlə bir binada, bir girişdə, bir mərtbədə yaşadığın adamın, qonşunun nə adını bilirsən, nə dərd-sərindən xəbərin olur. Füzuli camaatının bir-birinə münasibətinin bənzəri olmayan bir əlmətini də xatırladım, müxtəlif yerlərdə, rayonlarda, hətta ölkələrdə insanlar tanımadıqları adamlara müəyyən sözlərlə müraciət edirlər. Məsələn, qədeş, ay yoldaş, ay əmoğlu, ay vətəndaş, a kişi, a bəy, товарищмужчина, müsyö, ser və s. Bəs füzulililər necə? Xatırlayırsınızsa, onlar bir vaxtlar tanımadıqları adama istiqanlılıqla bir sözlə müraciət edirdilər-"qohum." Qohum filan yer hardadır, qohum saat neçədir və s. Biri sənə "qohum" deyirsə, sən ona necə biganə qalar, onun dediyinə əməl etməyə bilərsən?

Amma dərd də deyəsən yavaş-yavaş soyuyur. Yadımdadır köçkünlüyün ilk illərində küçədə, avtobusda, metroda rastlaşan füzulililər yaxından tanıdı-tanımadı qucaqlaşar, kövrələr, düşdükləri yeri, uşaqları soruşar, ayrılmaq istəməzdilər. Indi hamı bir-birini yaddan çıxarır, bəzən uzaqdan bası ilə salamlaşır, hətta olur ki, görməzliyə vurur.

  İlk illərdə toy məclislərimizdə el sənətkarlarımız Nizami "Sorma məndən nəyim qaldı", Eldar  "İndi o yerlərdə sular coşurlar", Manaf "Bizim də yurdumuz, yuvamız olub", Təşkilat "Qarabağ şikəstəsi", Dədə Süleyman, Qəndab muğam və ya "Danışan dil, dodağım Qarabağ" deyib, oxuyanda məclisdəkilərin çoxu ağlayırdı. Amma indi elə deyil.

Ilk vaxtlar yanıma gələn füzulilidən ünvanın soruşanda Füzulidəki ünvanın deyirdi, amma indi elə deyil, yataqxana, baxça, məktəbdə qaldığı ünvanı deyir. Yaşı 20-dən az olan uşağın Füzuli haqda heç təsəvvürü yoxdur. Indi söhbət düşəndə çoxları eyni şeyi deyir - tutaq ki, Füzulini qaytardılar, kim gedəcək, iki cüt bir tək yaşlı adam qalıb, qalanı ölüb gedib. Bir avtobus adam qala, ya qalmaya. Amma çoxları, mən və dostlarım arzu eləmişik ki, o günü görək, pay-piyada, qaça-qaça gedərik!

Son illər Füzuliyə yolum düşəndə həmişə arzu edirdim ki, kaş hava açıq, buludsuz olaydı. Heç olmazsa dağlarımızı, şəhərdəki hündür ağacları görə biləydim. Sonuncu dəfə gedəndə nəsə o yerlər, dağlar, çaylar, torpaq üçün elə darıxdım və ürəyimdə öz-özümə eşitdiyim bayatılardan dedim, sonra da, bir neçə yenisini yazdım.. Mənə elə gəlir ki, qəzəli ancaq filosof şair yaza bilər, povest, roman, poema ancaq peşəkar yazıçı, şairlərin işidir. Amma hər bir normal düşünə bilən adam nə vaxtsa, hansı təsirdənsə bir qoşma, bayatı kimi şey yaza bilər. Lap gənclik illərimdən   ən çox dostlarım üçün yazdığım zarafat şeirlərim olub, bir neçə misralar da nəvələrim üçün yazmışam. Amma son 5-10 ildə demək olar ki, sevinc məzmunlu şeir yazmamışam. Yazdıqlarım ancaq yaxınlarım, dostlarıma məlumdur. Tək bir neçə il əvvəl dostum, şair Əbülfət Mədətoğlu zəng elədi ki, sənin məndə olan "Ruh" şerin sabah "Ədalət" qəzetində gedəcək, qəzeti alarsan. Xülasə, bayatıların bir neçəsini yazıb Tapdıq həkimə göndərdim. Doxtur hər şeyin incəliyinə gedən və bir az da son vaxtlar kövrəkləşən insandır. Dedi ki, bayatıların məni bu gecə yatmağa qoymayıb, xahiş edirəm  kitabda bunları ver, çap olunsun. Onun arzusunu yerinə yetirdim, türklər demiş, "kusura baxmayın".

 

 

Qarabağa yol bağlı,

Həm sağ bağlı, sol bağlı,

Düşmənə əsir düşüb,

Ayaq bağlı, qol bağlı.

 

Başı qarlı Kirsə bax,

Duman imkan versə, bax,

Düşmən tapdağındadı,

Üzündəki hirsə bax.

 

Şehinən,

Çiçək ağlar şehinən,

Xəstə olsam sağallam,

Kirsdən gələn mehinən.

 

Ərgünəşim, öz dağım,

Şeir dağım, söz dağım,

Səndə gəzə bilmirəm,

Indi oldun göz dağım.

 

Axır gedir Quruçay,

Köndələnçay, Quruçay,

Suyundan qan qoxuyur,

Səni görüm quru, çay.

 

Dumanın ağı, gəl, get,

Dolan bu dağı gəl, get,

Qəlbində yurd həsrəti,

Dilində ağı gəl, get.

 

Kəsilib hər umudu,

Ölən qərib bumudu,

Nə kişnəyən göyü var,

Nə ağlayan buludu.

 

Gül əkdik, bitəni yox,

Bülbüllərin ötəni yox,

El-obam qürbətdədir,

Ölməyə vətəni yox.

 

 

Dağlar oy,

Bu dərələr, dağlar oy,

Quruyubdu göz yaşım

İndi də qan ağlar oy.

 

Əzizinəm Qarabağ,

Qara baxça, qara bağ,

Ətəyində gül, çiçək,

Zirvəsində qara bax.

 

Əzizinəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Aləm cənnətə dönüb,

Yaddan çıxıb Qarabağ.

 

Lap qədimdən bayatılar, oxşamalar, ağılar var, baxırsan çox sadə sözlərdir, amma kitablar qədər mənası var. Bayatıları sevırəm, təbiiki,onların çoxunun müəllifi var, amma əsrlər keçib, dildən-dilə yayılıb, sahibi unudulub, xalqın məhsuluna çevrilib, bəlkə elə bu yaxşıdır. Bir vaxtlar  sizə çatdırmaq istədiyim bu bayatıların birı, ikisi yaddaşlarda qalsaydı, dərdim olmazdı.

      P.S. Həkim kimi gündə onlarla xəstəylə söhbət edirəm, çoxu da qocalarla, çünki əsasən ürək xəstəlikləri onlarda olur. Sağalacaqları barədə ümidverici sözlər deyirəm, amma əksərindən eşitdiyim cavab (şirin və  qəmli Qarabağ ləhcəsində) belə olur:

-    Ay doxdur, dünyanı tutub getmiyəjəm  ha...Deyirəm heç olmasa, torpağımızı qaytaraydılar gedib, orda öleydim..

 

Qocalır insan, saralır yarpaq,                                                           Sən ha çox yaşamaq istə,                                   Hər ömrün sonu torpaq,                                              Birinə  torpağın  altda, birinə üstdə.

                                    

 Və bir də  qəlbimdən yuxarıda dediyim bayatı keçir:

 

 

                                     Gül  əkdik,  bitəni yox,                             

          Bülbüllərin ötəni yox,

                                           El-obam    qürbətdədir,

Ölməyə vətəni yox.


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Saqqallı uşaq
10:25 29.11/2017
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
 
Xəbər başlıqları
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4999 san