17:03 01 Noyabr 2013
109131 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, professor, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri


Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Son 10 il ərzində dünyada iqtisadi inkişaf baxımından

Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur"


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Giriş

 

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın siyasi kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli  mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi.  Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslandıraraq dövlətimizin yeni siyasi kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu siyasi xəttində ilk növbədə bir sıra ən mühüm və  təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu.

Həmin vəzifələrdən biri və  ən əsası  Azərbaycanı beynəlxalq aləmdəki  təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq  işini dünya ictimaiyyətinə olduğu kimi  çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını  yarmaqdan ibarət idi. Ona görə də  yeni siyasi kursunun həyata keçirilməsi uçün hər şeydən  əvvəl müharibəni dayandırmaq və dinc şərait təmin edilməli idi.  Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttini ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.

Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiyası, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir.

            Ümummilli  lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və  böyük ustalıqla gəlmək  bacarığı nümayiş  etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli  və çoxtərəfli siyasi  münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.

            Bu baxımdan  Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq  mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. "Əsrin müqaviləsi" və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələrin Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.

1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur.Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə  iştirak etməklə səmərəli əməkdaşlıq ölkəmizin  problemlərini dünya ictimaiyyətinə çatdırmaq  üçün mühüm əhəmiyyət kəsb etmişdir.

Həmin illərdə çox ciddi islahatlar aparılmış, bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmiş, Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması geniş vüsət almışdır. Müstəqil Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirmiş, o dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.

 

 

Azərbaycanın sosial-iqtisadi inkişafının mühüm mərhələsi

 

Son on il ərzində Azərbaycan xalqı və dövləti sözün əsl mənasında sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsiı, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir.

Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizm də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarınından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilmişdir. 

2003-2013-cü illər Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Azərbaycanın kredit reytinqləri artmaqdadır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən rəqabətqabiliyyətli 40 iqtisadiyyat arasındadır.

Keçən 10 ildə ölkə iqtisadiyyatı 3 dəfə artmış, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmiş, 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatdırılmışdır. 2005-2009-cu illərdə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlət olmuş, 2009-cu ildə Azərbaycan iqtisadiyyatında 9 faiz artım olmuş, son 8 ildə isə qeyri-neft sektoru 2 dəfə artmışdır.

Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanmış, Azərbaycan iqtisadiyyatına bütövlükdə 130 milyard dollardan çox sərmayə qoyulmuş, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötmüşdür. Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olmuşdur.

Bu gün Azərbaycan ümumi daxili məhsulla nisbətdə ən az xarici borcu olan ölkələrdən biridir və onun səviyyəsi cəmi 7 faizdir. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə yoxsulluğun səviyyəsi 6,2 faizə, işsizlik isə 5 faizə düşmüşdür. Bütövlükdə, 2003-cü ildən bu günədək ölkədə bir milyondan çox yeni iş yeri yaradılmış, 2012-ci ilin nəticələrinə görə, ölkədə inflyasiya cəmi 1 faiz təşkil etmişdir.

2012-ci ildə Azərbaycana 22 milyard dollar məbləğində sərmayə yatırılmış, ölkəmiz adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə keçmiş Sovet məkanında aparıcı ölkədir. 2013-cü İlin birinci yarısında isə ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulmuşdur. Bunun böyük hissəsi, təqribən 7 milyardı daxili sərmayədir, 5 milyard isə xarici sərmayələrdir. Azərbaycan dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilmiş və qətiyyətlə demək olar ki, 2003-cü ildə qarşıya qoydulan bütün məqsədlərə nail olunmuşdur.

Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir, bütün hesabatlarda biz öncül mövqelərdə duduruq. 2012-ci ildə dünyanın aparıcı "Fitch", "Moody's" və "Standard & Poor's" reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar. Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupuna yüksəlmiş, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz dünyada 39-cu, MDB məkanında isə 1-ci yerdədir.

2008-ci ildə Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmiş və 2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykinin orbitə çıxarılmasıölkəmizin həyatında çox əlamətdar, tarixi bir gün, böyük nailiyyət olmaqla yanaşı və Azərbaycan kosmik ölkələr sırasına daxil olmuşdur.

Azərbaycanın yeni neft strategiyasının işə düşməsi, xüsusilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və şaxələndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropa və dünya bazarına çıxışını təmin etdi ki, bu da təkcə keçən on ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur.

Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. "Əsrin müqaviləsi"nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın təchizatçısı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlobal enerji bazarında mühüm iştirakçıya çevrilmişdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir.

Eyni zamanda, ölkəmiz son illərdə təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artmışdır. Azərbaycanın müəllifi olduğu və Türkiyə ilə birlikdə reallaşdırılan TANAP layihəsi həyata keçirildikdən, yəni 2017-ci ildən sonra Avropanın təbii qaz bazarında ölkənin rolu daha da yüksələcəkdir. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaqdır. Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin mavi yanacağa olan tələbatının ödənməsinə imkan verəcək.

 

Xarici siyasət, mədəni-humanitar sahədə qazanılan uğurlar

 

Ölkəmiz Avropa təhlükəsizlik  arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan"Avropa Qonşuluq Siyasətinə" qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında  enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzalamış, 2008-ci ildə isə İttifaqın "Şərq tərəfdaşlığı" proqramına qoşulmaqla  bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə  yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə dövlət siyasətini, milli maraqlarımızı ifadə edən layihələr həyata keçirilir. Bununla yanaşı, Azərbaycanla İKT-nin müxtəlif strukturları arasında  münasibətlərin inkişaf  edib  möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Onu da qeyd etmək lazımdır ki,  beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı  ilə Bakıda mədəniyyətlərarası dialoqa dair  möhtəşəm tədbirlərin  keçirilməsi, eləcə də Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı  elan edilməsi ilə bağlı qərar da, İKT ilə əməkdaşlığın və Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.

Bununla yanaşı, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə  BMT-yə üzv olan 193 dövlətdən 155 dövlətinin dəstəyini qazanaraq inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması  Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Belə ki, Azərbaycan, ötən 20 il ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal  problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də  əsas aktorlarından birinə çevrilməsidir.  Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin  artan fəallığı danılmaz faktdır. Bu  müstəqillik illərində ölkəmizin davamlı inkişafına, dünyada qazandığı hörmətə, qlobal təhlükəsizliyə töhfələrinə verilən beynəlxalq qiymət olmuşdur.

BMT Təhlükəsizlik Şurasında təmsil olunmaqla yanaşı, Qoşulmama Hərəkatının üzvü oldu. MDB ölkələrindən yeganə olaraq Azərbaycan Meksikada keçirilən "Böyük iyirmilik"in (G-20) üzvü olan ölkələrin Xarici İşlər Nazirlərinin işçi toplantısına dəvət aldı. Seulda keçirilən nüvə təhlükəsizliyinə qarşı mübarizəyə həsr olunmuş Sammitdə, NATO-nun Çikaqo zirvə toplantısında Prezident İlham Əliyevin məntiqli çıxışı çox maraqla qarşılanmışdır.

Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilmişdir. 2011 və 2013-cü illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunmuş və bu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırılmışdır. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını almışdır.

Bakıda və bölgələrdə keçirilən Mədəniyyətlərarası Dialoq, Dünya Bankının Azərbaycan üzrə II İqtisadi Siyasət, "Rusiya-Azərbaycan dialoqu-2012", III Rusiya-Azərbaycan Regionlararası Forumlarına, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assamleyasına, Qəbələdə beynəlxalq musiqi festivallarına, "Eurovision" musiqi yarışmasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı artıq dünyanın qlobal səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur.

Bununla yanaşı, "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, Avronest Parlament Assambleyasının Avropadan kənarda ilk iclasına, BMT-nin VII İnternet İdarəçilik Forumuna və digər möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bir daha göstərdi ki, ölkəmiz Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli mərkəzdir.

Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilmişdir. Bu tədbirlərin, o cümlədən  bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin metəmadi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi AOK-da inam yaratmışdır. Ona görə də 2012-ci ilin dekabr ayının 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil.Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar ölkəmizin uğuru olmaqla, Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən qəbul edilməsinin əyani göstəricisidir.

Bununla yanaşı, FİDE-nin qərarına əsasən ölkəmizin Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırmışdır. Bundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə dair rəsmi qərar qəbul edilmiş və İslam Həmrəyliyi İdman Federasiyasının bu il iyulun 21-25-də Səudiyyə Ərəbistanının paytaxtı Ciddə şəhərində keçirilən səkkizinci seçki-hesabat Baş Assambleyasında səsvermə yolu ilə təsdiq olunmuşdur.

Əsası  ümummilli lider tərəfindən qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurlu  həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası  regional və beynəlxalq əlaqələrə  daha yaxından  qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə də əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi  inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə girir. Bütün yuxarıda göstərilənlər önu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün  Azərbaycanın dünya  miqyasında nüfuzunu xeyli  artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına və dinamik şəkildə davam etdirən cənab İlham Əliyev yüksək diplomatik fəaliyyəti sayəsində ölkəmizin dünyanın  siyasi-iqtisadi mənzərəsini müəyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir  göstərmək imkanı qazanmışdır. Azərbaycanın artıq dünyanın 70-dən artıq ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

            Azərbaycan artıq Cənubi Qafqaz  regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir.  Bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi  bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin  demilitarizasiyası, Avroatlantik strukturlara inteqrasiya və s. məsələlərə yönəldilmişdir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda  sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli  tərəfdaş hesab  edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyev qeyd etdiyi kimi "Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, ərazilərimizin işğalı faktını nəzərə alaraq ordu quruculuğu prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilmiş, və bu gün Azərbaycan ordusu maddi-texniki, silah-sursat təchizatı, döyüş qabiliyyəti parametrlərinə görə Cənubi Qafqazın ən güclü ordusudur.

2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idisə, 2012-ci ildə bu rəqəm 3,6 milyarda, bu il isə 3,7 milyard dollara çatmışdır. Yəni, bu, onu göstərir ki, ordu quruculuğu Azərbaycan dövlətinin prioritet məsələsidir. 2005-ci ildə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi təsis olunmuş, hərbi təyinatlı müəssisələr işə salınmış və həmin müəssisələrdə artıq 750 çeşiddə məhsul istehsal edilir. Müqayisə üçün qeyd etmək olar ki, təcavüzkar Ermənistanın bütün büdcəsi 2 milyard dollara yaxındır. Yəni, bizim ancaq hərbi məqsədlər üçün istifadə olunan vəsaitimiz Ermənistanın bütövlükdə bütün xərclərindən təxminən iki dəfə çoxdur.

Ölkəmizin artan bu siyasi fəallığının nəticəsi kimi, 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edilmişdir.

Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqləndi.

Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə, Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir.

 Eyni zamanda, dövlət başçısı cənab  İlham Əliyev bəyan  etmişdir ki, Dağlıq Qarabağa heç vaxt  müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır.  Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətin bu  işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq  normaları  ilə  təsdiq edildiyini vurğulamışdır.  Ona görə ancaq Azərbaycan xalqının  iradəsinə, gücünə arxalanmağı bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin  vacibliyini bildirməklə yanaşı qeyd etmişdir ki, "Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq".

 

Nəticə

 

Ümummili lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyevin  münaqişənin nizama salınması prosesində hücum taktikasına üstünlük  verməsi və bu istiqamətdə ardıcıl, qətiyyətli diplomatik addımların atılması problemin Azərbaycanın milli maraqları təmin olunmaqla aradan qaldırılması və uğurlu nəticələrin əldə edilməsinə möhkəm zəmin yaratmışdır. Dövlət başçısıİİlham Əliyevin dəfələrlə və birmənalı olaraq "Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz" fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü  təmin olunmaqla münaqişənin ədalətli şəkildə  həll olunacağı ilə bağlı ümidləri daha artırmışdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun  son on ildə dinamik şəkildə inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksələməsini təmin etmiş, bu gün dövlətimiz və xalqımız üçün çox vacib olan problem -  işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə və ərazi bütövlüyünün bərpa olunacağına  olan ümidləri daha da artıraraq perespektivdə Azərbaycanın ən qüdrətli dövlətər sırasında duracağını  şərtləndirmişdir.

 


Müəllifin digər yazıları

  1. Elçin Əhmədov: Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional təhlükəsizliyin mühüm platformasına çevrilir
  2. Azərbaycanın daxili və xarici siyasətində multikultural və tolerant dəyərlər
  3. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik parlamentli respublika
  4. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  5. Elçin Əhmədov: AŞPA-nın Türkiyə ilə bağlı qərarı qərəzlidir, islamofobiyanın və ikili standartların daha bir nümunəsidir
  6. Elçin Əhmədov: Aprel doyüşləri Azərbaycan ordusunun gücünü göstərməklə yanaşı, Ermənistanda dərin hərbi və siyasi böhrana gətirib çıxartdı
  7. Qaradağlı soyqırımı - Xocalı soyqlrımının başlanğıcı idi
  8. Biz nəinki Cocuq Mərcanlıya, eləcə də Daglıq Qarabaga, Xankəndinə, Xocalıya və Şuşaya qayıdacagıq!
  9. QANLI 20 YANVAR – MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  10. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  11. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  12. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  13. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  14. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  15. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  16. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  17. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  18. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  19. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  20. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  21. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  22. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  23. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  24. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  25. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  26. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  27. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  28. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  29. BMT necə və nə üçun yaradıldı?
  30. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  31. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  32. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  33. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  34. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  35. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  36. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  37. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  38. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  39. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  40. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  41. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  42. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  43. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  44. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  45. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  46. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  47. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  48. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  49. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  50. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  51. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  52. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  53. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.35 san