13:23 03 İyun 2015
11180 dəfə oxunub
Çap versiyası
Paşa ARAZ
Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Sən, yalnız fiziki ölmüsən əziz dost...

Ədəbiyyatı əbədiyət qədər sevirdin, indi də...

O, şəkər xəstəliyindən əziyyət çəkirdi. Con Fante kimi! Həkimi də Qabriel Markesin “Polkovnikə məktub yoxdur” povestində həkimin dediyi sözü demişdi: “şəkər xəstəliyinin ən yaxşı müalicəsi kasıbçılıqdır”. Onsuz da kasıb idi. Tanrının və təbiətin ona bəxş etdiyi lazımsız bir sərvət (kasıbçılıq) nəticəsində xəstəliyini müalicə etmək qərarına gəldi. Nəticədə şəkər xəstəliyindən də qorxulu olan vərəmə yoluxdu. Frans Kafka kimi! Daha həkimə getmədi...

Bundan xəbər tutan həkim Feodor Dostoyevskinin “Əbədi ər” romanında həkimin dediyi kimi “vərəmli adamlar sabah öləcəklərini bilmədən bir-bir dünyadan gedirlər” sözünü xatırlatdı.

Beləcə sonuncu səhəri gözləyərkən ölüm barəsində azacıq olsa da düşünməyə başlamışdı. Bu qorxulu ad (ölüm) bir çox hallarda əzabdan qurtuluş təyinatını yerinə yetirir. Bu dəfə belə bir pay təmənnasız və əvəzsiz olaraq onun payına düşməkdə idi.

Səhər Aleksandr Soljenitsının “İvan Denisoviçin bir günü” povetində dediyi  “amma səhərin başqa əlacı olmadığından açıldı” ifadə kimi başqa əlacı olmadığından açıldı. Beləcə o da öləcəyini bilmədən həmin səhər öldü. Lakin ölüm nə yaxınlarını, nə də ki, başqalarını gözlənilən dərəcədə sarsıtmadı.

 

Arzularla yaşamağın özü arzudur...

Hər sabahın bir hədiyyəsi var...

Dərnəgül qəsəbəsində avtobus dayanacağının lap yaxınlığında kardon və taxta yeşik hissələrindən düzəlmiş, tavanı məktəb stollarının taxtasından, döşəməsi torpaq olan yarımqaranlıq çayxanada yorğun işdən sonra çay içərkən gözəl və təmiz arzularımız var idi. Bu arzular qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxananın  dörd kvadratmetr döşəməsi olan otaqcıqda birtəhər yatdığımız axşamlarda misilsiz və sərhədsiz dünyada yaşayırdılar. Biz böyük dünyanın kiçik sakinləri idik, lakin böyük dünyalar barəsində fikirləşirdik.

Divara xəmirlə yapışdırdığın türk mügənnisinin şəkili sənin arzular aləminin əsas sakini kimi mənim dünyamın da sakini var idi – hind aktirisası. Mən onu çalışdığım tikinti şirkətindən aldığım pulların tarixini və məbləğini qeyd etdiyim kiçik dəftərçənin içərsində saxlayırdım. Bəzən yorğun zamanlarımızda sən divara, mənsə dəftərçəyə baxırdıq və keçmişdən ürəyimizin dərinliklərində sirr kimi saxladğımız hadisələri bir-birimizə danışmağa məcbur olurduq.

Hər şey elə alaqaranlıq çayxanada xidmətçi işləyən qadının saxta baxışlarından başladı. Beləcə əvvəl sənin arzularını, sonra səni, daha sonra hər şeyi itirdim.

İndi hər gün işə gedərkən yanından ötdüyüm cəzaçəkmə müəssisəsinin divarlarının başında vahiməli görsənən tikanlı məftillərə baxdıqca səni və nakam qalmış arzularımızı xatırlayıram.

 

Bizim bir dünyamız var idi, sonra o bölündü...

Ən çətin yol sonu görünməyəndir...

28 May metrosunun ətrafı 1996-cı ildə tamam başqa idi. Mən bütün günü əlimdə tutduğum çek kitabçasını, sən isə yerə düzdüyün şokalad qutularını satmaqla məşğul idin. Bu qədim və amansız şəhərə hər ikimiz qatarla gəlmişdik, məhz bizə bələdçilik etmiş qatardan ayrılmamaq, bir çətinlik olarsa qayıtmaq üçün bu ərazini seçdik. Biz minlərlə insan kimi bu şəhərdə qalmaq və yaşamaq niyyətində idik.

Bir ildən sonra elə dəmiryolu vağzalında minəcəyin qatarın platformasında qarşı-qarşıya dayanaraq taleyimizin bizə bəxş etdiyi yol barəsində danışırdıq. Sən hərbi xidmətə gedirdin, mən isə universitetə. Gedərkən mənə hərbi xidmətdən qayıtdıqdan sonra şəhərə gələcəyini və o arzunu həyata keçirəcəyinə söz verdin.

Dörd illik tələbə həyatının hər günündə səni düşündüm, çox günündə dəmiryolu vağzalına baş çəkdim, o lənətə gəlmiş qatarlara baxdıqca gözlərim yaşardı. Mən tək və çətinliklərlə üz-üzə qalmışdım.

Səni yola saldığımdan on altı il sonra həmin vağzalda görüşdük. Həyat bizə aman verməmişdir. Bu görüş sevincdən daha çox, keçmişi xatrlamaqıa insanı cəzalandırmaq xarakteri daşıyırdı.

Bəzən kəndə gedəndə  səni xəbər alıram.

 

 

 

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Saqqallı uşaq
10:25 29.11/2017
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
 
Xəbər başlıqları
18-12-2017
18.12.2017 Neft bahalaşıb
17-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5995 san