09:06 04 Oktyabr 2016
3069 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, professor , “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərlkəzinin rəhbəri

Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, eləcə də, ölkəmiz coğrafi baxımdan Avropa və Asiya arasında yerləşir. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və təhlükəsizlik şəraitində bir ailə kimi yaşamışlar. Son vaxtlar təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər baş qaldırmışdır ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olmuşdur. Təəssüflər olsun ki, müasir dövrdə biz daha çox bu barədə danışmalı olur və bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyin şahidi olur və bunu xalqların dinc şəraitdə bu cür təhlükələrlə qarşılaşdığını görürük.

Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün dünya üçün artıq bir nümunədir. Bu baxımdan Azərbaycanın nümunələri öyrənilməklə bir sıra addımlar atılmışdır. Mədəniyyətlərarası və dinlərarası dialoqla əlaqədar son illər Azərbaycanda bir sıra mühüm əhəmiyyətli tədbirlər keçirilmiş, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilmişdir. Mötəbər beynəlxalq qurumların öz tədbirlərini respublikamızda keçirməsi ölkəmizin Avropa mədəniyyəti ilə İslam mədəniyyəti arasında körpü rolunu oynadığını təsdiqləyir. Məhz, 2008-ci ildə də “Bakı prosesi” ölkəmizin təşəbbüsü ilə başlamış və bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir. Nəticədə, iki sivilizasiya arasında dialoqun yüksək səviyyədə təşkil edilməsində mühüm rol oynayan Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu getdikcə yüksəlmişdir.

Bununla yanaşı, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilmişdir.

Belə ki, 2011-ci, 2013-cü, eləcə də 2015-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları yüksək səviyyədə təşkil olunmuş və bu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırılmışdır. Bakıda keçirilən üç Ümumdünya Mədəniyyətlərarası

Dialoq Forumunun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişlər və bu mühüm tədbirlər ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Eyni zamanda, bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir. Forumda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunmuş, dialoqa yönələn maneələr nəzərdən keçirilmiş və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə edilmişdir. Bununla yanaşı, dünyanın bütün qitələrindən gəlmiş insanların təmsil olunduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, mədəniyyət məsələləri üzrə ekspertlər və tanınmış ziyalılar iştirak etmişlər.

Bununla yanaşı, son illərdə “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, BMT-nin VII İnternet İdarəçilik Forumuna, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assamleyasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan artıq Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli mərkəzlərdən biri kimi qəbul olunur. Bundan əlavə, ölkəmiz III Qlobal Açıq Cəmiyyətlər Forumununda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında, ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak etmişlər. Bundan əlavə, “Bakı-2015” ilk Olimpiya Oyunları idman tarixində yeni maraqlı səhifə açamışdır. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Eyni zamanda, bu Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olmuşdur. Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edəcək. İki il ərzində hər iki mühüm idman bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir.

Bütün bunlarla yanaşı, 2011-ci ildən başlayaraq hər il ölkəmizdə Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. İndiyə qədər reallaşan beş mühüm Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını almışdır.

2016-cı il oktyabrın 29-30-da keçirilən və 80-dən çox ölkədən 400-ə yaxın tanınmış elm, mədəniyyət xadiminin, Nobel mükafatı laureatlarının iştirak etdiyi V Bakı Beynəlxalq Humanitar Forumunda qeyd olunmuşdur ki, bu sahədə məsələlərin müzakirəsi üçün Bakıda mütəmadi olaraq unikal tribuna, platforma imkanı yaradılır və multikulturalizm nümunəsi olan Azərbaycan ziyalılarının mülahizələri də böyük marağa səbəb olmuşdur. Ümumiyyətlə, ölkəmizdə keçirilmiş çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və digər aktual problemlər geniş müzakirə olunmuşdur.

Bununla yanaşı, V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin məqsədlərindən danışaraq Azərbaycanda multikulturalizmin inkişafını yüksək qiymətləndirmişdir: “...Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər”.

Müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəsini verdiyini diqqətə çatdıran dövlət başçısı Azərbaycanda aparılan siyasətin bu müsbət meyilləri gündəlik həyatda gücləndirdiyini demişdir: “...Bu məqsədlə 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin

mədəniyyət nazirlərini dəvət etmişdik və birgə sessiya keçirilmişdi. Bu, dünyada çox böyük əks-səda yaratmışdı. Bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə layiq görüldü və bu görüşə, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. 2009-cu ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini qəbul etdik və bu görüşə Avropadan mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, bizim təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlamışdır. Biz əlbəttə, çox fəxr edirik ki, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur”.

I Bakı Beynəlxalq Humanitar Forumunu təşkil olunanda dünyada hələ bu gün mövcud olan təhlükələrin olmadığını bildirən Azərbaycan Prezidenti son bir neçə il ərzində həm bizim bölgədə, Yaxın Şərqdə, Avropada, digər yerlərdə çox təhlükəli, narahatedici hadisələrin baş verdiyini diqqətə çatdırmışdır: “...Qanlı toqquşmalar, müharibələr, bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşüb. Bu, öz növbəsində bundan əziyyət çəkən ölkələrdə radikalizm meyillərini gücləndirir”.

Eyni zamanda, belə qlobal miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən dövlət başçısı İlham Əliyev V Bakı Beynəlxalq Humanitar Forumda vurgulamışdır ki, humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə həmişə böyük diqqət göstərməyimizə baxmayaraq, xalqımız və dövlətimizin uzun illərdir humanitar fəlakətlə üzləşmişdir: “Bizim tarixi əzəli torpağımız Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon Ermənistan tərəfindən işğal edilib, günahsız insanlar qətlə yetirilib, xalqımıza qarşı hərbi cinayət, Xocalı soyqırımı törədilib. Xocalı şəhərində soyqırımı nəticəsində 613 dinc insan qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaqdır. Bütün bu erməni vəhşilikləri sənədləşdirilib, videomateriallar, fotomateriallar, şahidlərin ifadələri var. Artıq dünyanın on ölkəsi Xocalı soyqırımını soyqırımı kimi tanıyıb.İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerlə-yeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan ediblər. Fərq bundan ibarətdir.

Erməni faşizmi böyük fəlakət törədib və günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət çəkirlər”.

Bundan əlavə, Azərbaycan dövlətinin yürütdüyü tolerantlıq siyasətinin daha da genişlənməsi və möhkəmlənməsi, tolerantlıq mühitinin qorunub saxlanılması və təşviqi məqsədilə dövlət başçısı İlham Əliyev bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Bunun başlanğıcı olaraq, 2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti yaradılmışdır. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq dövlət başçısı 2014-cü il mayın 14-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il mayın 18-də Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı nitqində bu barədə demişdir: “Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur... Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək”.

Beləliklə, multikulturalizm hazırda Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Bu il aprelin 25-27-də BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir. Müasir dövrdə Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindəndir. Çoxmillətli və çoxkonfesiyalı respublika olan Azərbaycanın milli siyasəti bütün etnik qruplar, o cümlədən, milli azlıqlar üçün şəraitin təmin edilməsi və yaradılmasıdır. Ölkəmizdə multikulturalizm artıq Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasi kursudur.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın oktyabrın 30-da yəhudi icmasına təbrikində deyildiyi kimi, “Yüz illərdir ölkəmizdə məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudilər Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-

seçkiliyə məruz qalmamış, tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın, multikultural mühitin hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil və mədəniyyətlərini, milli-mənəvi adət-ənənələrini günümüzə qədər qoruyub saxlamışlar... Məmnuniyyət hissi ilə onu da qeyd etmək istərdim ki, yəhudi əsilli vətəndaşlarımız bu gün müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, elmi-mədəni həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirir”.

Bununla yanaşı, Azərbaycanda mövcud olan multikulturalizm mühiti bir sıra beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilmiş və bu məsələdə ölkəmizin təcrübəsinin öyrənilməsi vacib hesab edilmişdir. Mühüm məsələlərin müzakirə edildiyi, müzakirələrin aparıldığı Forum çərçivəsində ictimai-siyasi xadimlərin, beynəlxalq ekspertlərin də qeyd etdiyi kimi, Azərbaycan dünya mədəniyyətləri, dinləri arasında körpü rolunu oynayır. Ölkəmizin yüzilliklərə söykənən şərəfli tarixi və müstəqilliyimizi yenidən bərpa etdikdən sonrakı dövrləri bir daha göstərir ki, həqiqətən də Azərbaycanın sivilizasiyalararası dialoqun qurulmasında təşəbbüskarlığı ələ almağa mənəvi haqqı vardır. Çünki tarixi mədəniyyət abidələrinin, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması və dini ehtiyaclarının təmin olunması – bütün bunlar Azərbaycanın dini-mənəvi mühitini əks etdirən real göstəricilərdir. Eyni zamanda, mədəniyyətlərarası dialoq barışdırıcı amil kimi çıxış edərək, müharibə və münaqişələrin qarşısını almaqla inam və qarşılıqlı etimad yaratmaqda böyük təsirə malikdir. Aparılan müşahidələr, həyata keçirilən tədbirlər də göstərir ki, ölkəmiz dinlərarası və mədəniyyətlərarası dialoqa artıq öz töhfəsini verməkdədir.

Ümumiyyətlə, ölkəmizdə keçirilən tədbirlərin məqsədi xalqlar, dövlətlər və sivilizasiyalar arasında dialoq imkanlarını genişləndirmək, cəmiyyətdə sülh, əmin-amanlıq və dözümlülük mühitini inkişaf etdirmək, müasir dünyamızda müzakirə olunan inkişaf modelləri ətrafında fikir mübadiləsi aparmaq, milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəməkdən ibarətdir. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda münaqişələrin artması tendensiyasının müşayiət olunması, xüsusilə də, islamafoboya kimi təhlükəli meyllərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.

Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.


Müəllifin digər yazıları

  1. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik parlamentli respublika
  2. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  3. Elçin Əhmədov: AŞPA-nın Türkiyə ilə bağlı qərarı qərəzlidir, islamofobiyanın və ikili standartların daha bir nümunəsidir
  4. Elçin Əhmədov: Aprel doyüşləri Azərbaycan ordusunun gücünü göstərməklə yanaşı, Ermənistanda dərin hərbi və siyasi böhrana gətirib çıxartdı
  5. Qaradağlı soyqırımı - Xocalı soyqlrımının başlanğıcı idi
  6. Biz nəinki Cocuq Mərcanlıya, eləcə də Daglıq Qarabaga, Xankəndinə, Xocalıya və Şuşaya qayıdacagıq!
  7. QANLI 20 YANVAR – MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  8. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  9. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  10. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  11. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  12. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  13. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  14. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  15. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  16. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  17. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  18. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  19. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  20. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  21. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  22. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  23. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  24. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  25. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  26. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  27. BMT necə və nə üçun yaradıldı?
  28. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  29. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  30. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  31. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  32. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  33. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  34. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  35. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  36. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  37. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  38. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  39. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  40. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  41. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  42. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  43. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  44. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  45. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  46. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  47. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  48. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  49. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  50. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  51. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Qızıl fond- Habil Əliyev
20:47 28.05/2017
 
Xəbər başlıqları
30-05-2017
29-05-2017
29.05.2017 Zibillikdə sursat
29.05.2017 Neft ucuzlaşdı
29.05.2017 Abşeronda yanğın
28-05-2017
28.05.2017 "Volkswagen" yanıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2747 san