15:40 11 Noyabr 2016
2882 dəfə oxunub
Çap versiyası

 

-         Zərnigar xanım gec gələr görəsən?

-         Bu ritorik sual olar da hər halda, elə deyil?

-         Ritorik sual deyil.

-         Həəə. Onda vəziyyət ağırdı.

-         Niyə?

-         Ona görə ki... Ona görə ki, əgər bu sual ritorik sual deyilsə, demək ona cavab verilməlidir.

-         Aha.

-         Amma sizin sualınızın cavabı yoxdur.

-         Başa düşmürəm, niyə yoxdur axı bu sualın cavabı?

-         Xahiş edirəm, əsəbiləşməyin. Qəzənfər müəllim, Sizin cəmi 28 yaşınız var. Amma, Siz çox əsəbisiniz.

-         Həsən, bəsdi də. Bəsdi məzələndin.

-         Mən və məzələnmək bunlar ayrı-ayrı kateqoriyalardır.

-         Vəssalam da...  Başlandı.

-         Hələ heç nə başlanmayıb. Hər şey Zərnigar xanım, bizim adında düz 9 söz olan institumuzun ən mötəbər şöbələrindən birinin müdirəsi, xatırladım ki, o həm də fəlsəfə doktorudur, gələndən sonra başlanacaq. 

-         Nə başlanacaq?

-         Sualınızı məmnuniyyətlə cavablandırıram. Zərnigar xanım bax o qapını açıb bu otağa daxil olan kimi, siz, bizim institutun gənc və əslində elə də böyük ümidlər verməyən kiçik elmi işçisi Qəzənfər müəllim ayağa qalxacaqsınız.

-         Mən?

-         Bəli, siz. Ayağa qalxacaqsınız və Zərnigar xanımdan icazə istəyəcəksiniz.

-         Hə. Əgər vaxtında gəlsə. 

-         Zərnigar xanım dərhal xatırladacaq ki, başa çatmaqda olan həftə ərzində siz artıq dördüncü dəfədir ki,  icazə alırsınız.

-         Dördüncü dəfə?

-         Hə, düz dördüncü dəfədir.

-         Doğrudan?

-         Bəli, bəli. Amma. Siz indi mənə desəniz ki, bu gün, bax indi nəyə görə icazə almaq istəyirsiniz... Ola bilsin mən Zərnigar xanımın nə zaman qayıdacağını sizə deyim.

-         Həsən, sən Allah, zarafatı burax.

-         Mən zarafat etmirəm.

-         Bilirsən nə vaxt gələcək Zərnigar xanım?

-         Mən əlbəttə bunu bilmirəm. Bunu heç  bizim adında düz 9 söz olan institumuzun direktoru da bilmir. Amma...

-         Bilirsən, bilirsən.

-         Hə, icazə sənin nəyinə lazımdır? İlin-günün bu vaxtında?

-         Həsən, bu tanışlıq saytı var e... Düzü bir az utanıram sənə deməyə.

-         Tanışlıq saytı var?

-         Hə, çaloynarazıqal. com-u deyirəm də.

-         Elə sayt var?

-         Özün deməmişdin mənə?

-         Həə? Mən demişdim? Qoy yadıma salım. Hə. Ola bilər.

-         O saytda bir xanımla tanış olmuşam.

-         Aha.

-         Bayaq yazdı ki, saat 4-də metronun yanına gəlim. Görüşək.

-         4-də? İndi neçədir saat?

-         Saat? 4-ün yarısıdır.

-         Həəə. Maraqlıdır. Görüşüb neyləmək fikriniz var?

-         A kişi, heç nə eləmək fikrimiz yoxdu. “Prostu” görüşmək istəyirik. Tanış olmaq.

-         Bəs demirsən ki, çaloyna... Nəydi o saytın adı?

-         Çaloynakom.az

-         Hə, həmin o saytda tanış olmusunuz?

-         Ay balam, orda tanış olmuşuq e, olmağına. Amma o orda Ancelina Colinin şəklini qoyub.

-         Kimin, kimin?

-         Ancelina Colinin!

-         Ha-ha-ha. Sən Allah, Qəzənfər, sən kimin şəklini qoymusan bəs?

-         Mən? Mən şəkil-zad qoymamışam.

-         Necə  yəni  şəkil qoymamışam?

-         Qoymamışam şəkil.

-         Yaxşı bəs adın nədir orada? Hər halda...

-         Adım Maçodur.

-         Nə?!

-         Maço!

-         Doğrudan? Ha-ha-ha. Maço? Komediyasan vallah sən. Bax, Zərnigar xanım bütün günü yazır kompüterdə. Biz də bilirik ki, dissertasiyasını yazır. Amma sən nə edirsən? Mən də deyirəm bu Qəzənfər bütün günü kompüterdə nə yazır? Sən demə maçolayırmış...

-         Yaxşı. Bəsdi. Onsuz da getmirəm. Gedərəm, Zərnigar xanım gəlib çıxar...

-         Qulaq as. Bəs o xanımın adı nədir orda?

-         Nə?

-         Anselina Colini deyirəm də.

-         Hə... O da adını yazıb...

-         Nə yazıb?

-         Şakira?

-         Nə?

-         Şakiraaa!

-         Başa düşmədim, adını qoyub Ancelina Coli, Şakiranın şəklini qoyub?

-         Hə də.

-         Bəlkə başı xarabdı?

-         Orda hamı elə eləyir də.

-         Necə eləyirlər?

-         Nə bilim, adlarını cürbəcür yazırlar... Aktrisaların şəkillərini qoyurlar.

-         Hə. Başa düşdüm.

-         Başa düşdünsə, de görüm Zərnigar xanım nə vaxt gələcək?

-         Mən əlbəttə dəqiq deyə bilmərəm...

-         Həsən, bəsdi də.

-         Yaxşı. Mən tamamilə təsadüfən Zərnigar xanımın rəfiqəsi ilə telefon söhbətini eşitmişəm.

-         Eşitmisən?

-         Hə. Eşitmişəm.

-         Nə eşitmisən?

-         Rəfiqəsi var ha, Pakizə xanım?

-         O kimdir?

-         Ay qardaş, bu institutun min illik “zavxoz”u  Qəmbər müəllimi qızı Pakizəni də tanımırsan?

-         Hə, o balaca qırmızı maşını olan?

-         Ay, “malades”. Bax, o balaca qırmızı maşını olan Pakizə xanıma deyirdi ki, Zərnigar xanım...

-         Ürəyimiz çəkildi də. Nə deyirdi?

-         Heç, deyirdi ki, bu dəfə saytda Maço adlı bir dənəsi ilə, vallah elə belə də dedi,  tanış olub. 4-də də metronun yanında görüşməlidirlər.

-         Nəəə?

-         Hə, vallah. 

-         Maço?

-         Hə.

-         Maaçço?

-         Nə oldu sənə? Ay Qəzənfər... Qəzənfər, eşitmirsən? Ay qardaş, nə oldu sənə? İşə düşmədik...

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.568 san