09:07 28 May 2017
1991 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, professor, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri

 

 

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dövləti və xalqının Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşdığını, Bakının mərkəzində Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldığını bildirərək, dünya miqyasında baş vermiş tarixi hadisənin - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi üçün bu yaxınlarda Sərəncam imzalanmışdır.

Birinci dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətinin əsas hissəsini ilk növbədə Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq təşkil edirdi. Bununla yanaşı, Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, Ermənistanın ərazi iddiası məsələsini həll etmək idi.

Çətin beynəlxalq şəraitdə müstəqilliyini elan etmiş və hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti ilk addım kimi Türkiyə ilə müqavilə bağlamağı qərara almışdı. Belə ki, 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsinin imzalanması Azərbaycan xalqı üçün həyati əhəmiyyətli sənəd olmaqla yanaşı, Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Bunun ardınca iyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru paşanın başçılıq etdiyi 300 nəfər məsləhətçidən ibarət türk hərbi nümayəndəliyi ilə yanaşı, Qafqaz İslam ordusunun şəxsi heyətinin təxminən yarısı yerli əhalidən toplanmış könüllülərdən ibarət idi.

1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır şəraitdə, eləcə də soyqırımı taleyini yaşamış Azərbaycan xalqını bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Belə ki, hökumət iyun ayının 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdikdən sonra, təcili olaraq dövlət quruculuğu prosesinə başladı. Bütün bunlarla yanaşı, Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm bir hissəsini dövlət müstəqilliyinin qorunub saxlanması, eləcə də xarici müdaxilənin qarşısının alınması üçün ordu quruculuğuna yönəltmişdi.

Bu baxımdan ordu quruculuğu istiqamətində iyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə mühüm addım atıldıi və faktiki olaraq ilk milli ordu yaradıldı. Bir gün sonra, Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə, iyul ayının 15-də Fövqəladə Təhqiqat komissiyası yaratmaq barədə qərar qəbul olundu və komissiya birinci dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində bütün türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırımı cinayətlərinin araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etməli idi. 1918-ci il noyabrın 9-da mavi, qırmızı və yaşıl zolaqlı, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan bayraq (Azərbaycanın hazırkı dövlət bayrağı) dövlət bayrağı kimi qəbul edildi. Müstəqi respublikanın dövlət himninin qəbulu, eləcə də Azərbaycanın milli valyutanın dövriyyəyə buraxılması da, Cümhuriyyət hökumətinin uğurlu islahatlarından biri kimi böyük əhəmiyyət kəsb edirdi.

1918-ci il iyunun 27-dən iyulun 1-dək Göyçay ətrafında birləşmiş türk-azərbaycan hərbi qüvvələri ilə Bakı Xalq Komissarları sovetinin hərbi qüvvələri arasında gedən döyüşlərin nəticəsində Bakı sovetinin hərbi qüvvələri məğlub oldu və onların Gəncə üzərinə hücumları dəf edildi. Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu iyun-avqust aylarında Gəncədə, Yevlaxda, Göyçayda, və digər bölgələrdəki ağır döyüşlərdə bolşevik- daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Beləliklə,

1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara, özbaşınalıqlara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçərək, mühüm dövlət təsisatları məhz burada yerləşdirildi, ölkədə dövlət quruculuğun əsas mərhələsinə başlanıldı.

Ancaq mürəkkəb beynəlxalq şəaitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, eləcə də səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif məktəblər, gimnaziyalar, qız məktəbləri, kitabxanalar və xəstəxanaların açılması o dövrdə sosial-iqtisadi yönümlü islahatların həyata keçirilməsi istiqamətində atılan mühüm addım idi. Bu baxımdan Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun Cümhuriyyət xadimlərinin xalq qarşısında çox mühüm tarixi xidməti idi. Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etməsi heç şübhəsiz, elm və təhsilə göstərilən böyük diqqət idi.

Ümumiyyətlə, Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumilikdə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may – 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.

Azərbaycan Parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin çox mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Çarizmdən miras qalmış inzibati-ərazi bölgüsünün əhalinin milli tərkibinə uyğun gəlməməsi Cənubi Qafqazda yeni yaranmış dövlətlər arasında meydana çıxan kəskin ərazi-sərhəd problemləri yaratdı. 1918-ci ildə Azərbaycan və Ermənistan Respublikaları yaranana qədər Dağlıq Qarabağın Gəncə quberniyasından çıxmaq, yaxud müstəqil olmaq və ya İrəvan quberniyasına daxil olmaq məsələsi qaldırılmamışdı. Respublikalar yaranan kimi Ermənistanın təbliği, təhriki və təzyiqi ilə Qarabağın dağlıq hissəsindəki erməni əhalisinin müəyyən təbəqələri Azərbaycan Respublikasının hakimiyyətini tanımaqdan imtina etdilər. Qarabağ ermənilərinin 1918-ci ilin iyulunda keçirilən birinci qurultayı Dağlıq Qarabağı müstəqil elan etdi. Ermənistanın tərkibinə daxil olmaq məsələsi hələ qaldırılmamışdı. Lakin erməni daşnaklarının ən böyük iddiası Qarabağı və Zəngəzuru özünə birləşdirmək idi. Ermənistan hökuməti işğal planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələr yeritdi və bu da Qarabağda qanlı müharibənin başlanmasına səbəb oldu. Azərbaycan hökuməti Cənubi Qafqaz respublikaları arasında bütün mübahisəli məsələləri və ixtilafları dinc yolla həll etmək üçün Gürcüstan və Ermənistan hökumətlərinə üç respublika nümayəndələrinin iştirakı ilə müşavirə eçirməyi təklif etdi. Bu məqsədlə 1918-ci ilin noyabrında Tiflisdə konfrans çağırıldı, lakin Ermənistan hökumətinin nümayəndəsi gəlmədiyi üçün konfrans baş tutmadı.

Tarixən Azərbaycan ərazisi olan Qarabağ torpaqlarını ələ keçirməyə can atan erməni silahlı qüvvələri yüzlərcə yaşayış məntəqəsini dağıtmış, minlərlə dinc azərbaycanlı əhalisini qəddarcasına məhv etmişdilər.1919-cu ilin yanvarında daşnak Ermənistan hökuməti Qarabağla əlaqədar Azərbaycana qarşı ərazi iddiası irəli sürdü. Bununla da Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi üçün ilk böyük cəhd edildi və demək olar ki, seperatçılıq hərəkatının başlanğıcı qoyuldu. Problemi dinc vasitələrlə həll etmək üçün Azərbaycan hökuməti dəfələrlə təkliflərlə çıxış etsə də, erməni daşnaklarının tutduğu mövqe bu təkliflərin həyata keçməsinə maneçilik törədirdi. Ərazi bütövlüyünü qoruyub saxlamağı və öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi özünün başlıca vəzifəsi hesab edən Azərbaycan Xalq Cümhuriyyəti Ermənistanın bu ərazi iddialarını qəti şəkildə rədd etdi. Azərbaycan Parlamenti Dağlıq Qarabağ məsələsini müzakirə edərək, separatçılıq hərəkatının qarşısını almaq üçün əməli tədbirlər həyata keçirməyə başladı.

Bu məqsədlə Azərbaycan hökuməti Şuşa, Cəbrayıl, Cavanşir və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb mərkəzi Şuşa şəhəri olmaqla həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğu yaratdı. Həmin ilin fevralın 12-də Xosrov bəy Sultanov general-qubernator təyin edildi. Azərbaycan hökuməti ona tapşırdı ki, seperatçılıq hərəkatının qarşısını alıb, orada qayda-qanun yaratsın və yerli hakimiyyət təşkil etsin. Azərbaycan hökumətinin gərgin səyi nəticəsində 1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndəliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında müqavilə imzalandı. İmzalanan müqaviləyə görə toqquşmalar dayandırılmalı, mübahisəli məsələlər, o cümlədən də sərhəd məsələləri danışıqlar yolu ilə həll edilməli idi. Lakin Ermənistan tərəfi bu sazişi kobud surətdə pozaraq öz hücumlarını davam etdirdi.

Azərbaycan hökuməti yenə də münaqişəni nizama salmaq və mübahisəli məsələləri danışıqlar yolu ilə həll etmək məqsədilə 1919-cu il dekabrın 14-də Bakıda erməni-Azərbaycan konfransının keçirilməsinin təşəbbüsçüsü oldu. Lakin konfransın qərarları Ermənistan nümayəndələri tərəfindən əsassız şəkildə rədd edildi. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin ərazi iddiaları üzündən Azərbaycan – Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmadı.Bütün bunlara baxmayaraq Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu dövrdə Ermənistanın Qarabağı diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı.

Belə bir mürəkkəb hərbi-siyasi şəraitdə Sovet Rusiyası ilə Almaniya arasında Brest-Litovsk müqaviləsinə əlavə olaraq avqust ayının 27-də imzalanan sənədin 14-cü maddəsi Azərbaycana aid idi. Bu maddəyə əsasən, Almaniya üçüncü dövlətin, yəni Osmanlı Türkiyəsinin hərbi qüvvələrinin Bakı, Şamaxı və Quba mahallarının müəyyən olunmuş sərhədlərini keçməsinə kömək etməməli idi. Bunun əvəzində isə, Rusiya imkan daxilində Bakı əyalətində neft və neft məhsulları çıxarılmasına şərait yaratmalı və çıxarılan neftin dörddə biri Almaniyaya verilməli idi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam ordusunun Bakını azad etməsindən sonra sentyabr ayının 23-də Berlində aparılan danışıqlar nəticəsində Almaniya ilə Osmanlı Türkiyəsi arasında protokol imzalandı. Bu sənədə görə Almaniya əvvəlki 27 avqust tarixli müqavilədən imtina edir, Azərbaycanı diplomatik cəhətdən tanıyacağını bildirir və onun müstəqilliyinin Sovet Rusiyası tərəfindən tanınacağına yardım göstərməyi vəd edirdi. Lakin 1918-ci ilin payızında alman-türk bloku birinci dünya müharibəsinin nəticələrinə görə məğlub olduqdan sonra, Mudros barışığına əsasən noyabr ayının 17-də müttəfiq qoşunları Bakıya daxil olmaqla Azərbaycanın istiqlaliyyətini ciddi təhlükə qarşısına qoydu.

Bu dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və hökuməti xarici təhlükənin qarşısını almaq üçün müstəqil respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində böyük iş aparırdı. Bununla əlaqədar 1918-ci ilin dekabrın 7-də açılmış Azərbaycan Parlamenti Paris sülh konfransında iştirak etmək üçün Parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə geniş səlahiyyətlərə malik xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyə dövrünün görəmli dövlət xadimlərindən biri olan Ə.M.Topçubaşov qarşıya çıxan bütün çətinliklərə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin tanınması üçün çox fərakarlıq göstərdi. Bunun nəticəsində Azərbaycanın 1920-ci il yanvarın 11-də müttəfiq dövlətlərin Ali Şurası tərəfindən de-fakto tanınması haqqında qərar qəbul olundu. Azərbaycanın istiqlaliyyətinin Paris Sülh konfransı tərəfindən tanınması tarixi əhəmiyyətli hadisə idi. Azərbaycanın müstəqilliyinin tanınması ona olan marağı da artırdı. Artıq Belçika, İsveçrə, Hollandiya, Çexiya və Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. ABŞ, İngiltərə, Fransa və İtaliya Azərbaycanla iqtisadi əlaqələrinin genişləndirməyə başladı.

1920-ci il mart ayının 20-də Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrini əhatə edən saziş və müqavilələr imzalanmışdı. Tərəflər arasında imzalanan dostluq müqaviləsinə əsasən İran Azərbaycan Respublikasını de-yure tanıdığını bildirdi. Qısa müddətdə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Ənzəlidə, Məşhədlə vitse-

konsulluq, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı. 1920-ci il aprel ayının ortalarında Azərbaycan Parlamenti Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveç, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis etmək haqqında qanun qəbul etdi. Bir sıra xarici dövlətlərin nümayəndəlikləri isə Azərbaycanda fəaliyyətə başlamışdı. Beləliklə, aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti təcridçilikdən çıxıb geniş beynəlxalq əlaqələr sisteminə daxil olmuşdu. Lakin az sonra, aprelin 28-də XI Qızıl ordunun Azərbaycanı işğalı ilə Xalq Cümhuriyyətinin süqut etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını dayandırdı. Lakin 1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyin XX əsrin sonunda yenidən bərpası xalqımızın milli-azadlıq ruhunun hər zaman yaşadığından xəbər verir. Belə ki, 20 il əvvəl, yəni 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoydu.

SSRİ-nin süqutu ilə yaranan əlverişli tarixi şərait və milli-azadlıq mübarizəsi nəticəsində xalqımız XX yüzillikdə artıq ikinci dəfə öz dövlət müstəqilliyini elan etmişdir. Lakin əsrin sonunda öz istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan dövləti öz suveren hüquqlarını reallaşdırmaq üçün ciddi maneələrlə qarşılaşdı. Heç şübhəsiz ki, bu, ilk növbədə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü ilə bağlı idi.

Yalnız 1993-cü ilin ikinci yarısından Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz ümumilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslandıraraq dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində ilk növbədə bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu.

1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməklə səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir. Həmin illərdə çox ciddi islahatlar aparılmış, bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmiş, Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması geniş vüsət almışdır. Müstəqil Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirmiş, o dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.

2003-cü ildən keçən son on dörd il ərzində isə, Azərbaycan xalqı və dövləti sözün əsl mənasında sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsiı, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Bununla yanaşı, dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir, bütün hesabatlarda biz öncül mövqelərdə duduruq. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz artıq dünyada 37-ci, MDB məkanında isə 1-ci yerdədir. Gənc müstəüqil dövlət üçün bu, çox böyük nailiyyətdir və Azərbaycan iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etdiyini göstərir.

Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın təchizatçısı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlobal enerji bazarında mühüm iştirakçıya çevrilmişdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir. Eyni zamanda, ölkəmiz son illərdə təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artmışdır.

2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü qeyd edildi. Simvolik haldır ki, məhz həmin gün “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir və bu nəhəng transmilli layihənin icrasında ölkəmiz öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir. Məhz Azərbaycanın uzun illər ərzində apardığı enerji siyasəti nəticəsində, qətiyyətli siyasət nəticəsində bu böyük layihə artıq reallaşır. “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihələrdə də liderliyi öz üzərinə götürmüşdür.

Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilmişdir. 2011-ci, 2013-cü, 2015, eləcə də 2017-ci ildə 4 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları yüksək səviyyədə təşkil olunmuş və bu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırılmışdır.

Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı İlham Əliyev qeyd etdiyi kimi “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

Əsası ümummilli lider tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə də əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə girir. Bütün yuxarıda göstərilənlər önu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.


Müəllifin digər yazıları

  1. Azərbaycanın daxili və xarici siyasətində multikultural və tolerant dəyərlər
  2. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik parlamentli respublika
  3. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  4. Elçin Əhmədov: AŞPA-nın Türkiyə ilə bağlı qərarı qərəzlidir, islamofobiyanın və ikili standartların daha bir nümunəsidir
  5. Elçin Əhmədov: Aprel doyüşləri Azərbaycan ordusunun gücünü göstərməklə yanaşı, Ermənistanda dərin hərbi və siyasi böhrana gətirib çıxartdı
  6. Qaradağlı soyqırımı - Xocalı soyqlrımının başlanğıcı idi
  7. Biz nəinki Cocuq Mərcanlıya, eləcə də Daglıq Qarabaga, Xankəndinə, Xocalıya və Şuşaya qayıdacagıq!
  8. QANLI 20 YANVAR – MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  9. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  10. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  11. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  12. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  13. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  14. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  15. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  16. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  17. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  18. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  19. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  20. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  21. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  22. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  23. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  24. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  25. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  26. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  27. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  28. BMT necə və nə üçun yaradıldı?
  29. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  30. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  31. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  32. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  33. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  34. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  35. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  36. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  37. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  38. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  39. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  40. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  41. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  42. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  43. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  44. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  45. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  46. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  47. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  48. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  49. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  50. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  51. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  52. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-10-2017
22-10-2017
21-10-2017
21.10.2017 Neft bahalaşıb
20-10-2017
20.10.2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4952 san