08:03 12 İyun 2017
1680 dəfə oxunub
Çap versiyası
...

 

 

Azərbaycan elminin, ədəbiyyatının inkişafında, dilçiliyinin və milli şüurunun formalaşmasında xüsusi xidmətləri olan ziyalı və dövlət xadimlərinin məhv edildiyi məşum 37-ci il hadisələrindən 80 ildən artıq müddət keçsə də, tarixlə maraqlanan hər kəs bilir ki, başımıza gətirilən o faciə xalqımızın qan yaddaşında izsiz ötüşməyib. Repressiyanın ən geniş həbs dalğası da məhz 1937-ci ilin iyun və iyul aylarına təsadüf edib. Stalin-Beriya-Mikoyan üçlüyünün, Azərbaycan türkləri başda olmaqla, türk-müsəlman xalqlarına nifrəti o qədər böyük idi ki, həmin dövrdə sosial yönümlü dövlət qurulması ideyasını mənimsəmiş milli kommunist kadrları da bir göz qırpımında verilən sanksiyalarla evində qandallayıb, aylarla işgəncələr verib və saxta ifadələri imzalatdırıb, cəmi-cümlətanı 15 dəqiqəlik mühakimədən sonra edam etdirmək adiləşmişdi. Amma nə yazıq ki, bu işdə onların ən böyük köməkçisi ətrafına erməni cəlladları yığan öz millətimizdən olan Mircəfər Bağırov olmuşdur.

Acınacaqlısı odur ki, son illərdə M.Bağırovun “milli qəhrəman” kimi təbliğ edilməsi prosesi gedir. Bu məqsədli təbliğat yüzlərlə ziyalımızın və onların sürgünlərdə xəstəlik tapan, illərlə “vətən xaininin övladı”, “vətən xaininin ailəsi” kimi damğalarla öz yurduna qayıtmağa, normal iş tapmağa imkan verilməyən, Qazaxıstanın səhralarında, Sibirin çöllərində zülm çəkən, itib-batan və çürüyən ailə üzvlərinin günahsız ruhlarının təhqir edilməsidir. “Bağırovçuluq” xətəliyinə tutulmuş bəzi yaddaşı korşalmış özünü ziyalı hesab edən şəxslərin yəqin ki, ya nakam taleli minlərlə azərbaycanlıların kimliyindən xəbərləri olmayıb, ya da xalqımızın başına gətirilən bu bəladan onların heç ruhu da incimir. Halbuki repressiya dövründə dilə gətirilməyəcək dərəcədə iyrənc üsul və vasitələrlə millətin düşünən beyinlərinə divan tutulmuşdur. Xalqın elminə, ədəbiyyatına, dilçiliyinə, ən əsası da genofonduna kimlərin zərbə vurduğunun yaddan çıxarılmaması naminə həmin cinayət faktlarının yer aldığı araşdırmalara ehtiyac var.

Onu da qeyd edim ki, indiyə qədər 37-ci ilin qurbanlarının arasında Azərbaycan ədəbiyyatının tanınmış simalarının faciəvi taleləri haqda daha çox yazılıb. Amma o dövrün toz basmış arxiv materiallarını vərəqləyəndə bu kədərli hadisələrin qurbanlarının Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Caviddən ibarət olmadığını görürük. Xalqımızın düşmənləri “sapı özümüzdən olan baltaların” köməyi ilə, məmur və hərbçilər də daxil olmaqla, bütöv bir ziyalı nəslini məhv ediblər. Ən faciəlisi də odur ki, yaradıcı təbəqənin bir çox nümayəndəsini yaratdıqları əsərlərlə birlikdə aradan götürüblər. Onların arasında sovet dövlət xadimi kimi adları qulağımıza tanış gələn şəxslər də, bəzilərinin adını çoxumuzun birinci dəfə eşitdiyimiz ziyalılar da var: Ayna Sultanova, Vəli Xuluflu, Qəzənfər Musabəyov, Sultanməcid Əfəndiyev, Dadaş Bünyadzadə, Həbib Cəbiyev, Əliheydər Qarayev, Əsgər Fərəczadə, Hüseyn Rəhmanov, Cəmşid Naxçıvanski, Müzəffər Nərimanov, Mirzə Davud Hüseynov, Həsən Səfərov, Abdulla Tağızadə, İdris Həsənov, Qulam Bağırov və digərləri.

 

RUHULLA AXUNDOVUN FACİƏSİ

 

Yuxarıda qeyd etdiyim kimi, ən nadir işgəncə və cəza üsulunu mənimsəmiş həmin rejim yeganə amalı sosial yönümlü dövlət qurmaq olan milli kadrları da məhv etmişdir. Onların başında isə Ruhulla Əli oğlu Axundov gəlir. Müsəlman din xadiminin nəslindən gələn R. Axundov 1 (13) yanvar 1897 tarixində Bakının Şüvəlan kəndində anadan olmuşdur. Ruhulla ibtidai təhsilini mədrəsədə almışdır. Tərcümeyi-halında real peşə məktəbini və ticarət məktəbini bitirdiyi qeyd edilir. Uşaqlıqdan R.Axundov ruscanı yaxşı bilirdi və bu dildə sərbəst danışırdı. Onun heç vaxt tam ali təhsili olmasa da, dəfələrlə qəzet redaktoru olmuş, ciddi əsərləri tərcümə etmiş və 30-cu illərdə Azərbaycanın elm sahəsinə rəhbərlik etmişdir. Bununla yanaşı, o, Sovet dövründə Azərbaycan rəhbərləri arasında savadlı olmasına görə seçilirdi. Bunu respublika rəhbərliyində olan hər kəs, hətta onun baş düşməni M. Bağırov belə etiraf etmişdir.

 

Ruhani ailədən çıxan inqilabçı

 

1916-cı ildən R. Axundov Bakıdakı mətbəələrin birində işə başlamışdır. Fevral İnqilabından sonra solçu eser partiyasının üzvü olmuşdur. 1918–1920-ci illərdə o, gizli fəaliyyətə keçmiş, 1919-ci ildə eserçi təşkilatdan bolşevik təşkilatına keçmişdir. Mətbəədə işləməyə davam edən R.Axundov "Kommunist" qəzetini nəşr etmiş və eyni zamanda bu qəzetin redaktoru olmuşdur. 1920-ci ilin mart ayında R. Axundov yelkənli qayıqla Bakıdan Krasnovodska (indiki Türkmənbaşı), oradan isə Rusiya Kommunist (b) Partiyasının IX qurultayının nümayəndəsi olaraq Moskvaya getmişdir. 1920-ci ildə Sovet hakimiyyəti bərqərar olduqdan sonra Bakıya dönmüşdür. Bundan sonra R.Axundov partiya və dövlətin yüksək pillələrində əhəmiyyətli vəzifələrdə olmuşdur. 1920–1921 illərdə Azərbaycan KP (b) MK-da şöbə müdiri və "Kommunist" qəzetinin redaktoru olmuşdur. 1921-ci ilin əvvəllərində fəal kommunist olan və bunun nəticəsi olaraq yüksək rəhbər vəzifələrdə çalışan Frida Namovna Şlyomova (1901-ci il təvəllüdlü) ilə evlənmişdir. 1922-ci ildə onların oğlu Fərid doğulmuşdur. Fərid 1941-ci ildə Moskvanın mühasirəsi əsnasında həlak olmuşdur. 1933-cü ildə anadan olan qızı Aneliya haqqında daha geniş məlumat yoxdur.

R.Axundov elm xadimi olmasa da, onun inzibati vəzifələrinə Azərbaycan elminə başçılıq etmək səlahiyyətləri də daxil idi. O, inqilabçı olmuş, daha sonra partiya xadimlərindən birinə çevrilmişdi. Onun şəxsiyyəti iki səbəbdən diqqəti cəlb edir. Birincisi, R.Axundovun 1920 və 1930-cu illərdə Azərbaycan elm və mədəniyyətinin inkişafında, ümumiyyətlə, müsbət təsirə malik roludur. Çünki tarixdən məlum olduğu kimi, 20-ci illərin ikinci yarısında Bakının, ümumiyyətlə, türk mədəniyyətinin mərkəzinə çevrilməsi (I Türkoloji Qurultayın Bakıda keçirilməsi və sonrakı proseslər) Azərbaycan SSR rəhbərlərindən daha çox onun fəaliyyəti nəticəsində reallaşmışdır. İkinci səbəb isə himayə etdiyi elm adamları və yazıçılarla eyni taleyi paylaşmasıdır. M.Bağırovun uydurma dosyelərlə ona tələ qurmasının səbəbi isə mərkəzi hakimiyyətin diqqətini cəlb edən R. Axundovu özünə ən güclü rəqib görməsindən qaynaqlanırdı.

 

Axundovu 1920-ci illərdə Stalin himayə edib?

 

Rusiya türkoloqlarının araşdırmalarının nəticəsi olaraq Moskvada nəşr edilən “Repressiya olunmuş türkologiya” kitabında 5 cilddən ibarət olan R. Axundovun istintaq işində repressiya dövründən əvvəl – 20-ci, 30-cu illərdə Azərbaycanda hansı vəziyyətin hakim olduğuna dair daha çox fakt və məlumatın yer aldığı qeyd edilir.

Belə ki, Azərbaycanda Sovet hakimiyyəti bərqərar olduqdan sonra milli kommunistlər arasında düşüncə fərqliliyi yaranmış və çəkişmələr başlanmışdı. R. Axundovun bəraəti əsnasında şahidlik edən köhnə bolşeviklərdən O. Şatunovskayanın fikrincə, mübarizə iki qrup arasında idi: birinciyə Xalq Komissarları Sovetinin sədri, daha sonra Azərbaycan MİK (Mərkəzi İcraiyyə Komitəsi) başçısı olmuş Nəriman Nərimanovun liderliyindəki milli təmayüllü kommunistlər, ikinci qrupa köhnə ənənələrə malik beynəlmiləllər daxil idi. R.Axundov ikinci qrupa aid edilirdi.

R.Axundov özünün istintaq işindəki ifadəsində və bəraət alması prosesində o dövrdə onunla işləyənlərin ifadələrinə görə qurultayqabağı müzakirənin ilk mərhələsində Bakıda Trotskinin platformasının, ancaq Moskvada öz fikirlərini dəyişərək Qurultayda Lenin paltformasının lehinə səs vermişdi. Sonuncu hadisəni Marksizim-Leninizm İnstitutundan verilən sənəd də sübut edir. Qurultaydan sonra R. Axundov bir müddət Moskvada qalmış və Şərq İşçilərinin Kommunist Universitetində pedaqoji işçi olaraq çalışmışdır. O. Şatunovskayanın sözlərinə görə, Axundovun Moskvada qalmasının səbəbi N. Nərimanovla fikirayrılığı idi. O qeyd edir ki, bu dövrdə R.Axundov İ.V.Stalinlə sıx əlaqələr qurmuş və sonuncu ən azından 1920-ci illərin sonlarına qədər onu müdafiə etmiş və qorumuşdur.

1922-ci ildə R.Axundov yenidən Bakıya göndərildi. Görünən odur ki, artıq bu zaman rəsmi Moskva rəhbərliyi R.Axundovun daxil olduğu qrupu dəstəkləyirdi. Əvvəl o, Bakı Partiya Komitəsinin katibi oldu, 1924-ci ildə isə karyerasında ən yüksək zirvəyə çatdı: Azərbaycan KP MK-nın ikinci katibi oldu. Daha sonra S.M. Kirov Leninqrada təyinat aldıqdan sonra R. Axundova Azərbaycan KP MK-nın birinci katibi vəzifəsini həvalə etsə də, yazılanlara görə özünün istəmədiyinə görə bu vəzifəni müvəqqəti olaraq icara etdi.

 

ABŞ-a getməyə icazə vermədilər

 

Azərbaycan KP MK-nın ikinci katibi olduğu dövrdə R. Axundova iki sahədə – ideoloji və Azərbaycan milli problemləri sahəsində idarəçilik səlahiyyəti verilmişdi. Heç şübhəsiz, Ruhulla Axundov rus və dünya mədəniyyəti meylinə sahib möhkəm kommunist və beynəlmiləl idi. Bu yerdə onun yoldaşı ilə birlikdə 1924-ci ilin əksər hissəsini əhatə edən xaricə səfər etdiyini xatırlatmaq yerinə düşər. Bir neçə ay gözlərindəki infeksion xəstəliklə əlaqədar olaraq İtaliyada müalicə alan R.Axundov oradan ABŞ-a getmək istəsə də, xəstəliyi səbəbindən (bəlkə də siyasi səbəblərdən) onu bu ölkəyə buraxmadılar. Uzun müddət Ellis adasında əcnəbilər üçün nəzərdə tutulan izolyasiya düşərgəsində saxladılar.

İstintaq zamanı o dövrdəki xarici səfəri və "inqilab əleyhinə əlaqələri" ilə bağlı da sorğu-suala tutdular. Ancaq bu "əlaqələr" haqqında ciddi ifadələr yer almamışdır. O. Şatunovskaya bir məsələ haqqında da yazmışdır: “R. Axundov yəhudi ilə evlənmişdi, bu reallıq onun millətçi olması ilə əlaqədar nəticə əldə etmək imkanı verməzdi”. Belə ki, 20-ci illərin əvvəllərində onun bütün yaxın ətrafı qeyri-azərbaycanlılardan ibarət idi.

R. Axundovun beynəlmiləlçiliyi daha çox Azərbaycan əlifbası məsələsində özünü hiss etdirirdi. SSRİ-nin ərəb əlifbasından imtina edərək latın əlifbasını qəbul edən müsəlman respublikalarından ilki Azərbaycan idi. Bu məsələdə 20-ci illərdə kommunist-beynəmiləlçi Türkiyə tərəfdarı millətçi ziyalılarla eyni düşüncəyə malik idilər. Çünki bu dövrdə Türkiyədə də latın əlifbasına keçid islahatı tətbiq edilirdi. R.Axundov dindar ailədən çıxsa da, ərəb əlifbasına kəskin qarşı olan və latın əlifbasının lehinə olanlardan biri idi. Onun uğursuz ABŞ səfərinin əsas məqsədi (ən azı rəsmi olaraq) də latın əlifbası üçün mətbəə şriftləri almaq olmuşdur.

 

“Rusca-Azərbaycanca lüğət”in müəllifi

 

R. Axundov dilçilik sahəsinə də töhfələr vermişdir: o, Azərbaycan KP MK-da çalışdığı dövrdə özünün tərtib etdiyi “Rusca-Azərbaycanca lüğət”i nəşr etdirmişdi. Onun başçılığı və iştirakı ilə marksizm-leninzm klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi aparılmış və R. Axundov bu işi həbs olunmasına qədər (fasilələrlə) davam etdirmişdir. Bunlarla birlikdə R. Axundov köhnə rejimin dövründə çalışan ziyalıların təcrübə və qabiliyyətindən yararlanmağı, digər türk xalqlarının alimlərini təcrübə üçün Bakıya dəvət etməyi lazım bilirdi. İstintaq zamanı Azərbaycan KP MK sabiq ikinci katibinin "burjua milliyyətçiliyi" və "pantürkizm"ini sübut etmək üçün bu "dəlillər" yetərli idi. Onun və əslən Krımdan olan Bəkir Çobanzadənin istintaq işində R. Axundovun bu məşhur elm xadimini 10 il müddətinə dəstəklədiyinə dair bir çox məlumat yer almışdır. 1923-ci ildə müsavatçı Firuddin Bəy Köçərlinin "Azərbaycan ədəbiyyatının tarixi ilə əlaqədar məlumatlar" adlı kitabı nəşr olunmuşdu. Onun müəllifi kitab nəşr olunduğu sırada həyatda olmasa da, nəşrinə icazəni R. Axundov vermişdi. O, eyni zamanda Bakıda çalışan türk alimi İsmail Hikmətin kitabının, "inqilab əleyhdarı olmaqda" günahlandırılan Əhməd Cavadın şeirlərinin də nəşr olunmasına icazə vermişdi. R. Axundovun yalnız elm və incəsənət sahələrinin dəstəkçisi kimi qəbul etmək səhvdir. O öz dövrünün xalq adından danışmaq hüququna sahib cəsarətli və sərt xarakterli şəxsiyyəti idi. İstintaq zamanı bu həqiqətə heç bir şübhə yeri qoymayan nümunələr də var.

1955-ci ildə Azərbaycan KP MK-nın köhnə üçüncü katibi Yusif İbad oğlu Qasımovun bildirdiyinə görə, 20-ci illərin ikinci yarısında Azərbaycan rəhbərliyində iki qrup mübarizə aparırdı. Birinə – R.Axundov, H.Cəbiyev, H.Rəhmanov, M.Nərimanov (yalnız soyadı oxşarlığı var) , M. Fərəczadə, digərinə – Q. Musabəyov, Ş. Əfəndiyev, M. Qarayev və Y. Qasımovun özü daxil idi. 20 il həbs cəzasına məhkum edilərək bəraət dövrünə qədər yaşayan Y. Qasımovdan başqa, soyadları sadalananların hamısı 1936–1937-ci illərdə həbs edilərək güllənmişdilər. Y. Qasımovun bildirdiyinə görə, bu qruplar arasında siyasi baxımdan fikir fərqliliyi yox idi. Mübarizə yalnız hakimiyyət üçün idi. S. Kirovun dövründə R. Axundovun mövqeyi olduqca güclü idi, ancaq 1926-ci ildə Leninqrada təyinat aldıqdan sonra onu yerinə L.Mirzoyanın gəlməsi

ilə prioritet digər qrupa keçdi. Köhnə ikinci katiblə təzə birinci katibin arasında normal münasibət yaranmadı.

 

V.Mayakovski ona şeir həsr etmişdi

 

Əvvəl R.Axundov 1928-ci ilin martında teatr binasında keçirilən yığıncaqdakı çıxışına görə tənqid olundu. Bu yığıncaqda R. Axundov sənət sahəsində çalışan partiyaçıları partiya üzvü olmayanların yanında təhqir etmişdi. Bir qədər sonra, 18 aprel 1928-ci il tarixində onun rəqibləri tərəfindən istifadə edilən və R. Axundovun nüfuzunu olduqca aşağı salan hadisə baş verdi. R. Axundov qatarda 1917-ci ildən partiya üzvü olan Xoxlov soyadlı birisi ilə dava etmişdi. Hadisənin ictimailəşməsini istəyənlər bu məsələni "Pravda" qəzeti səviyyəsinə çıxardılar. Mixail Koltsov “Beynəlxalq vaqonda” felyetonunda yazmışdı: "MİK üzvü Ruhulla Əli oğlu Axundov Moskva-Xarkov qatarının vaqon-restoranında pəncərənin pərdəsini bağlamaq istəməyən sərnişini yumruqlamışdır. Aydınlaşdırma aparılanda yoldaş R. Axundov MİK (Mərkəzi İcraiyyə Komitəsi) üzvü olduğunu təsdiq edən şəxsi vəsiqəsini ortaya atmışdır” ("Pravda" qəzeti, №111/3943, 15.05.1928).

Hadisəyə "Pravda"nın münasibət bildirməsi bu məsələnin geniş şəkildə yayılması məqsədi daşıyırdı. Hətta bu hadisə ilə bağlı V.V. Mayakovskinin "Pravda" qəzetində çapa gedən həmin felyetondan sitatla başlayan şeiri çap olundu. Onun “...məşhur sovet pompaduru tətilə gedir...” misrası ilə başlayan şeiri “Pompadur” (“Krokodil” jurnalı, 1930, №12) adlanırdı. Şair R.Axundovu tanımırdı və onun xarici görünüşünün necə olduğunu da bilmirdi. Ondan bəhs edərkən "keçəl" ifadəsinə yol vermişdi. Halbuki hadisə baş verəndə cəmi 31 yaşı olan R.Axundov heç vaxt keçəl olmamışdı. Həqiqətdə isə məsələni ictimailəşdirmək üçün siqnal vermək lazım idi. Şeirin həmin hadisəni tam əks etdirmədiyini, xarakteri təsvir edilənin Ruhullanın şəxsiyyətinə uyğun olmadığını illər sonra A.Mikoyan da etiraf etmişdi (“Yunost” jurnalı, 1969, №1). Nə qədər paradoksal olsa da, bundan sonra uzun illər bu şeir R.Axundovun mövcud olmasını sübut edən tək bir dəlil oldu. Belə ki, onun adı (onun haqqında məqalə yazan qəzet yazarının da) 20 illik müddətə qadağan edilsə də, ona həsr edilən şeir sitatı ilə birlikdə V.V. Mayakovskinin şeirlər toplusunda dəfələrlə nəşr edildi.

Qatardakı hadisədən sonra R. Axundov Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsindən uzaqlaşdırıldı. Onun hərəkətlərini 14 dekabr 1928-ci il tarixində Mərkəzi Təftiş Komissiyası (MTK) araşdırdı. R. Axundov özünün günahkar omadığını sübut etmək istəyir və M. Koltsovun cəzalandırılmasını tələb edirdi. Ancaq R. Axundov pariya biletinə qeyd edilməklə cəzalandırıldı. Qatarda olan hadisə əslində adi insident idi, amma L. Mirzoyan və R. Axundovun digər rəqibləri bu hadisədən istifadə etməyə çalışırdılar. İstintaq işində müəyyən olunur ki, bu hadisə R. Axundovun bütün həyatı boyu izləmişdir. Ancaq işgəncələrlə işləmədiyi bir çox günahı "boynuna götürən" R. Axundov sona qədər Xoxlovu döydüyünə görə özünü günahkar saymamışdı.

 

Sonun başlanğıcı

 

Bir il müddətinə R. Axundov Moskvaya getdi və Qırmızı Professorlar İnstitutunda təhsil almağa başladı. Ancaq onun təhsilini başa vurmasına ehtiyac qalmadı və yenidən Bakıya dəvət edildi. L.Mirzoyanın yerinə keçən N.Qikalo təcrübəli kadrı geri çağırmaq qərarı aldı. İstintaq işində ona qarşı töhmət geri götürülməsə də, MTK-nın R. Axundovun Azərbaycan KP MK-nın İdarə Heyəti üzvlüyünə gətirilməsi və “Bakinski raboçi” qəzetinin baş redaktoru vəzifəsinə təyin edilməsinə etiraz etmədiyinə dair sənəd var. Bu sənəddə 2-3 avqust 1929-cu il tarixi qeyd edilib və şübhəsiz bu zaman R. Axundov artıq Bakıdaydı. Qısa bir müddət sonra o yenidən Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsinə gətirildi.

Ancaq bu vəzifədə o uzun müddət işləyə bilmədi. Kadrların yeni yerdəyişməsi zamanı R. Axundov Sov. İK(b)P-nin Tbilisidə yerləşən Zaqafqaziya Vilayət Komitəsinin üçüncü katibliyinə təyin edildi (Azərbaycan SSR 1936-cı ilə qədər Zaqafqaziya SFSR-ə daxil olduğu

üçün Azərbaycan partiya təşkilatı da ora tabe idi). Ancaq bu təyinat R. Axundovun karyerasının sonunun başlanğıcı idi. Vilayət Komitəsinin birinci katibi V. Lominadze idi. Həmin il "Sırtsov-Lominadze" antipartiya qrupuna qarşı mübarizə başladı və bütün ətrafı təzyiqə məruz qaldı. MTK 15 noyabr 1930-ci il tarixli "Zaqafqaziya təşkilatının qrup mübarizəsinə dair" toplantısının protokoluna əsasən, V. Lominadze partiyadan xaric edildi, R. Axundova yenə də ağır töhmət verildi. Bütün bunlara baxmayaraq o dövrdə bu məsələyə İ.Stalin qarışmışdı. Üçüncü dəfə R. Axundov müvəqqəti olaraq, bu dəfə iki ildən daha çox müddətinə Moskvaya getmək məcburiyyətində qaldı. R. Axundova bu dövrdə heç bir vəzifədə verilmədi, rəsmi olaraq marksizm-leninzm klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcümə işini görürdü.

Bu müddətdə M.Bağırovu və R. Axundovu ümumi tale birləşdirirdi: hər ikisi eyni zamanda, 1930-ci ildə rəhbər vəzifədən kənarlaşdırılmışdı. Ümumiyyətlə, onların taleyində paralellər çox olub. Məsələn, hər ikisi dindar ailədən çıxmışdı. Ən sonuncusu isə hər ikisinin güllənməsi idi.

1932-ci ildə M. Bağırov Azərbaycan Xalq Komissarları Sovetinin sədri, bir il sonra isə Azərbaycan KP MK-nin birinci katibi təyin edildi. Uzun müddətdən sonra tez-tez dəyişən partiya təşkilatının rəhbər vəzifəsinə ilk olaraq milli mənşəli biri gətirilmişdi. Şübhəsiz, bundan bir müddət əvvəl Zaqafqaziya Vilayət Komitəsi başçısı olan L. Beriya ona kömək etmişdi. 1933-ci ildə R. Axundov yenidən Bakıya dəvət edildi və bu onun həyatında sonuncu oldu.

 

“Azərbaycandakı ən yaxşı bolşevik”

 

R. Axundov yenidən Azərbaycan rəhbərliyində yüksək vəzifə tapşırıldı. O yenidən Mərkəzi Komitə Bürosuna daxil edildi, partiyanın konfrans və iclaslarında çıxışlar edirdi, Sovetlərin qurultaylarına qatılmaq üçün Moskvaya gedirdi. R. Axundov KP-nın 17-ci qurultayında (1934) nümayəndə idi. Onun həyatında sonuncu olan bu Qurultayda hətta hər kəsin gözü qarşısında İ.Stalin onu qucaqlamışdı. 1935-ci ildə o dövr üçün nadir mükafatlardan sayıldığı halda R.Axundov "Lenin" ordeni aldı. M.Bağırov zahirən ona hörmət göstərirdi. Amma gizli düşmənçilik davam edirdi. F. Şlyomova 1933-ci ildə Moskvadan Bakıya qayıtdığı dövrdə M.Bağırovun iştirakı ilə yemək süfrəsində Azərbaycan Xalq Komissarları Sovetinin o zamankı başçısı Hüseyn Rəhmanovun R.Axundov haqqındakı sözləri xatırlayır: “Azərbaycandakı ən yaxşı bolşevikin şərəfinə!”. Hər kəs Ruhullanı alqışlayırdı, amma mən M.Bağırovu baxışlarından qorxurdum". İki rəhbər şəxs arasında ilk açıq problem 1934-ci ildə Azərbaycan Kommunist Partiyasının 16-cı Qurultayında baş verdi. Qurultay zamanı üzvlərin bir çoxu çıxış edərkən "yoldaş Beriyanın liderliyi altında" ifadələrinə yer verirdi. Ancaq Ruhulla Axundov L.Beriyanın bu şəkildə mədh edilməsinə qarşı idi və qurultaydaki çıxışında o zaman üçün standart ifadə olan bu sözləri istifadə etmədi. Bu diqqəti çəkdi və xüsusilə M. Bağırov buna laqeyd qalmadı. Birinci katibin narahat olduğu digər bir məsələ R. Axundovun çıxışının uzun müddət alqışlanması oldu. F.Şlyomovanın fikrincə, 1934-ci ildəki problemi müvəqqəti olaraq qurultaya qatılan L.Beriyanın özü yoluna qoydu. O, R. Axundovun çıxışında mənfi heç bir şey görmədi və bu səbəbdən R. Axundov Mərkəzi Komitə bürosunun üzvlüyündə qaldı.

 

Düymə udaraq intihar edən kim idi?

 

Araşdırmalarda bəlli olur ki, əslində R.Axundov Bakıya qayıtdıqdan sonra rəsmi olaraq ona Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitə bürosunun üzvlüyünə uyğun gəlməyən ikinci dərəcəli vəzifələr həvalə edilmişdi. 1933-ci ildən həbs olunana qədər R. Axundov Azərbaycan Xalq Komissarları Sovetinə tabe olan İncəsənət Komitəsinin başçısı və SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının (EAAF) sədr müavini vəzifəsində çalışmışdır. Onun ölümündən sonra filial Azərbaycan SSR Elmlər Akademiyasına çevrildi.

Ali təhsil aldığı barədə diplomu olmayan R. Axundov filial rəhbəri fəaliyyətini yerinə yetirirdi. Çünki filial rəhbəri İ. Meşşaninov Leninqradda yaşayır, Bakıya arabir gəlirdi. Bununla yanaşı, R. Axundov marksizm-leninzm klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsinin

redaktoru idi və çox vaxt bu əsərlərin tərcümə işini görürdü. F.Şlyomovanın sonradan xatırladığına görə, hətta ərinin həbs olunmasından sonra da onun tərcümələri kitabxanalardan yığışdırılmadı. Bəlkə də bu əsərlərin dilimizə yeganə tərcüməsi olduğuna görə ondan imtina etməmək məcburiyyətində qalmışdılar.

Repressiya dövrü başlayanda M.Bağırovun mövqeyi güclü idi. Çünki Tbilisi və Moskvada M.Bağırovu dəstəkləyirdilər. Ölkə repressiya rejiminə 1936-ci ilin yazında keçdi. Bakıda həbslər iki istiqamətdə aparılırdı. Bakıda humanitar elmlər sahəsində çalışan keçmiş Trotskiçilərdən ibarət qruplar həbs edildi. R. Axundovla əlaqələri pis olsa da, onlarla görüşməyə məcbur idi. Onlardan biri o dövrdə EAAF-ın Dilçilik şöbəsinə başçılıq edən H. Qarber idi. Trotskiçi olmaqda günahlandırılandan biri də R. Axundovun rəhbərliyi altında Leninin əsərlərini tərcümə edən Rəhmətov idi. Amma daha sonra R. Axundovla daha çox əlaqəsi olan “millətçilər”in də təzyiqinə başlandı. Əvvəl onun köhnə tanışı, İncəsənt Komitəsinin xətti ilə (nəşriyyat müdiri və daha sonra teatr müdiri olaraq) birbaşa onun rəhbərliyi altında çalışan alban əsilli (Balkan yarımadasındakı Albaniyadan olan) Əhməd Bəni Triniç həbs olundu. Ə.Triniç uzun müddətdir M.Bağırovla düşmənçilik münasibətində idi. Bu səbəbdən M.Bağırov Azərbaycan KP Mərkəzi Komitə Bürosunun toplantısında kim tərəfindənsə ona ötürülən (və ya təşkil edilən) Ə.Triniçin 1918-ci ildə Azərbaycan parlamentinin mühafizəsində işləmək üçün xahişinin olduğu ərizəni oxudu. Bu ərizə Ə.Triniçin dərhal partiyadan xaric edilməsi və həbs olunması üçün əsas oldu. Ə.Triniç istintaq dövründə düymə udaraq intihar etdi.

 

M. Bağırov: “Sən qarşımda ağlayacaqsan”

 

Ruhulla Axundovun ətrafındakı halqa getdikcə daralırdı. 16 ildə ilk dəfə olaraq noyabr 1936-ci ildə keçirilən Sovetlərin qurultayına nümayəndə kimi seçilmədi. Bu qurultay yeni konstitusiyanı qəbul etməliydi. Bu hadisə öz-özlüyündə çox şeydən xəbər verirdi. Q.Nuriyev həbs edilməsi ərəfəsində, 1936-ci ilin dekabrında R. Axundovla son görüşünü xatırlayır: "O çox pərişan və narahat halda idi. M. Bağırovla bir mövzuda mübahisə etdiyini deyir, təkbaşına Azərbaycanı idarə etmək istədiyi və heç kimlə hesablaşmadığı səbəbləri ilə onu söyürdü". F.Şlyomovanın xatırladığına görə, onun həyat yoldaşı, həmin dövrdə "öz işlərini görməkdən tamamilə vaz keçmişdi". M.Bağırov bu faciəvi hadisədən bir qədər əvvəl içkili olanda ona bildirmişdi: "Mənim inandığım bir neçə adam varsa, onlardan biri sənsən. Hirslənirsən, bir daha belə hirslənə bilməyəcəksən. Sən qarşımda ağlayacaqsan".

Həbs olunmasına bir gündən az bir müddət qalmış R. Axundov Şərqşünaslıq İnstitutunda tədris müdiri vəzifəsi üçün Moskvadan dəvət almışdı. O çox sevinmiş və həyat yoldaşına bunları söyləmişdi: "Gedirik, onlar (M.Bağırov və digərləri) sərəfsizdirlər, onlarla işləmək mümkün deyil”. Ancaq bu əsnada artıq onun həbs olunması üçün sənəd tərtib edilirdi. 14 sentyabr 1954 tarixində həbsdə olan M.Bağırov ifadəsində demişdir ki, R. Axundovun həbsinə icazə üçün İ.Stalinlə məsləhətləşmiş və guya o soruşmuşdur: "Onun əvəzləyəcək (tərcüməçilik və redaktorluq işləri nəzərdə tutulur) Azərbaycan dilini mükəmməl bilən kimsə varmı?" və buna qəti cavab aldıqdan sonra İ.Stalin R. Axundovun həbsinə icazə vermişdi.

 

Sumbatovun otağından xərəklə aparırdılar

 

5 dekabr 1955-ci il tarixli istintaq işindən məlum olur ki, NKVD işçiləri R.Axundovla bağlı istintaq işini saxtalaşdırmaq üçün 24 və 27 iyul 1937-ci il tarixlərindəki ifadə protokollarını çoxaldaraq onun surətlərini digərləri ilə birləşdirmiş, R. Axundovun bu ifadələrdən imtina etdiyi barədə aktları da gizlətmişdilər. Bütün yollarla etirafı təminetmənin nə məqsəd daşıdığına gəlincə, 25 avqust 1954 tarixində Azərbaycan NKVD-sinin daha bir işçisi A. Xanumov etiraf edir: "Sumbatov və Bağırovun dindirilməsində şəxsən iştirak etdiyi R. Axundov NKVD İdarəsinin rəisi Y.Sumbatovun (M.Bağırovun azərbaycanlı ziyalıları məhv etməsi sahəsində “sağ əli” olan atası erməni, anası gürcü olan Sumbatov-Topuridze) otağında həmişə döyülürdü. M.Bağırov tez-tez məhbusların dindirilməsində iştirak etmək üçün Daxili İşlər Komissarlığına

gəlirdi. Ruhulla Axundovu o dərəcədə döyürdülər ki, nəticədə onu Sumbatovun otağından xərəklə aparırdılar. Onun Y.Sumbatovun kabinetində vəhşicəsinə dövüldüyünü əməliyyat işçilərin bir çoxu bilirdi. Xəstə bir insanın onun üzərində aparılan sınaqlara və bu qədər işgəncələrə necə dözdüyü bizi heyrətləndirirdi". Yəqin ki, “qarşımda ağlayacaqsan” deyəndə M. Bağırov bunu nəzərdə tuturdu. M.Bağırovun dövründə həbsxanada nəzarətçi olaraq çalışan A. Tağıyevin şahid ifadələrinə görə, məhbusları dindirməyə çağıran bütün rəislər və müstəntiqlər həmişə onları döyürdülər. Bundan daha acınacaqlısı da var idi: “M.Bağırov və L.Beriyanın dövründə kameralarda su o qədər çox olmalıydı ki, məhbuslar üzə bilsin, biri bu zaman boğuldu”.

 

Birinci katibin ən güclü rəqibi

 

Yuxarıda qeyd edilənlər sübut edir ki, R.Axundov gücü çatdığı qədər müqavimət göstərirdi. Ən pis halda zorla imzalatdırılan ifadəsindən imtina edirdi. R.Axundov və digər Azərbaycan kommunistləri işgəncələrlə imzaladıqları ifadələri geri götürməklə əsl həqiqəti sübut etmək istəyirdilər. Ancaq onlar bilmirdilər ki, istintaq üçün bir dəfə ifadənin altında imza atmaq da yetərli idi. NKVD-nin ənənələrinə uyğun olaraq, A.Vışinski tərəfindən "nəzəri olaraq" əsaslandırılırdı ki, sonradan ifadələrdən imtina heç bir əhəmiyyət daşımırdı.

Xilas olmaq üçün şans bütün ittihamları rədd etmək idi. Bu kimi nümunələr ittifaq üzrə repressiya dövründə olmuşdur. Bakıda yaranmış vəziyyət isə hətta məhbusun istintaqda özünü necə aparmasının əhəmiyyətsiz olduğunu sübut edirdi. Ancaq R. Axundov və onun yoldaşlarının məruz qaldığı "fiziki təzyiq üsullarına" çox az insan dayana bilirdi. Ən nəhayət, 9 aprel 1937 tarixindəki ifadəsində R. Axundov özünün "inqilab əleyhdarı" biri olduğunu qəbul etməsə də, ona "partiya daxilində və xaricində olan Azərbaycan millətçiləri”nin 54 nəfərlik siyahısını yazmağı məcbur etdilər. Bu siyahıya Azərbaycanın o dövrdəki məşhur partiya işçiləri, yazıçılar, rəssamlar, sənətçilər daxil idi. Siyahıdakıların bəziləri həbs olundu. Bəziləri isə öz növbəsini gözləyirdi. Xilas olanlar da vardı: partiya xadimi Mirbəşir Qasımov, yazıçı Məmməd Səid Ordubadi, şair Səməd Vurğun və bəstəkar Üzeyir Hacıbəyov. Siyahının gələcək hadisələrə təsiri mümkün deyildi, çünki hər şey M. Bağırovun iradəsi daxilində idi. Amma Ruhulla Axundovun bağışlanmasından söhbət gedə bilməzdi: o birinci katibin ən güclü rəqibi idi.

 

Xilas üçün son şans

 

Amma bəzən istintaq işlərinə Moskvanın müdaxiləsi hallarına rast gəlinirdi. Sentyabr 1937-ci tarixi R. Axundov və bir sıra digər məhbusların istintaqı üçün dönüş nöqtəsi oldu. Əslində onun güllələnmədən xilası üçün şans da ola bilrədi. 12493 saylı "antiinqilabçı təşkilat”la əlaqədar istintaq işi üzrə məhbusların sayı 100-dən çox idi. Moskvadan onları iki qrupa ayırmaq əmri gəldi. Bir az aşağı dərəcədən olan məhbusları – elm adamlarını, yazıçıları, sənətçiləri və digərlərini, eyni zamanda bütün bitərəfləri Moskvadan gələcək "üçlüyü" ("troyka") gözləmək üçün Bakıda saxlamaq, R. Axundov da daxil olmaqla, Azərbaycanın dövlət və partiya işçilərini Moskvaya göndərmək haqqında qərar qəbul olundu.

Bu qərar isə R. Axundovun həyatını bir neçə ay uzatmaqdan o tərəfə getmədi. 13 sentyabr 1937-ci ildə R. Axundov Moskvaya aparılaraq NKVD-nin Lubyankadakı həbsxanaya yerləşdirildi. Moskvada istintaqın yeni dövrü başladı. Bakıdan gələnlərə Q.Musabəyov, H.Cəbiyev və ayrı-ayrı regionlarda həbs olunan digər Azərbaycan dövlət xadimləri əlavə edildi. İstintaqın yönünün dəyişməsinin əsl səbəbi nə idi? Həmin vaxt Azərbaycanda vəziyyət doğrudan da həddindən artıq dəhşətli idi. Bu dövrə qədər M.Bağırovdan və onun "sağ əli" sayılan daxili işlər komissarı Y.Sumbatovdan başqa, Azərbaycan rəhbərliyinin bütün yüksək vəzifəliləri həbs olunmuşdu. Hətta onların da bu həbs dalğasından nəsib almaları gündəmə gəlmişdi. Belə ki, 1938-ci ilin aprelində Y.Sumbatov vəzifəsindən uzaqlaşdırıldı. Lakin bu dəyişiklik Moskvada həbsdə olan öz əqidələrinə naxələf çıxmayan kommunistlərin son xilas şansına təsir etmədi.

 

15 dəqiqəlik məhkəmədə edam hökmü

 

1938 ilin aprelində R. Axundov barədə iddianamə təşkil edildi. 13 Aprel 1938 tarixində SSRİ-nin Prokuroru A.Y. Vışinski bəzi hissələri lap gülməli olan sənədi təsdiqlədi. Nəticədə R. Axundov 1929-ci ildən "milliyyətçi təşkilatın" qurucusu və lideri, İngiltərə, Almaniya və Türkiyə lehinə casus, "üsyançı qərargahın" qurucusu, 1936-ci ildə Bakıdan keçən K.Voroşilova qarşı sui-qəsd cəhdinin təşkilatçısı kimi RSFSR Cinayət Məcəlləsinin 58-ci maddəsinin 6, 7, 8, 9 və 10-cu bəndlərinə görə günahkar hesab edildi.

20 apreldə R. Axundov birgünlüyə Lefortovo həbsxanasına aparıldı. 21 aprel saat 9:00-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası qarşısına çıxarıldı (hakimlər – Zaryanov, Matuleviç, Jdan, katib – Batner). Məhkəmə 15 dəqiqə davam etdi. Edam cəzası barədə hökm çıxarıldı, həmin gün – 21 aprel 1938-ci il tarixində hökmün yerinə yetirilməsinə dair sənəd qəbul edildi. Eyni gündə digər Azərbaycan rəhbərləri də məhkum edilərək gülləndilər: Qəzənfər Musabəyov, Sultanməcid Əfəndiyev, Dadaş Bünyadzadə, Həbib Cəbiyev, Əliheydər Qarayev, Əsgər Fərəczadə, Hüseyn Rəhmanov, Müzəffər Nərimanov, Mirzə Davud Hüseynov və Həsən Səfərov.

 

Axundova bəraət, Bağırova güllələnmə

 

Frida Şlyomova-Axundova isə sırf R.Axundovun həyat yoldaşı olduğuna görə 10 iyun 1937-ci ildə həbs olundu və 1938-ci ilin iyununda 8 il həbs cəzasına məhkum edildi, 1944-ci ildə müddəti başa çatmamış azad edildi. 1954-ci ilə qədər o, Özbəkistanın Buxara vilayətində yaşamış, suvarma sistemlərinin istehsalı müəssisəsində şöbə müdiri vəzifəsində çalışmışdı. İstintaq işinə yenidən baxılması üçün onun yazdığı ilk ərizənin tarixi 13 sentyabr 1954-cü ildir. Bu dövrdə artıq L.Beriya güllələnmiş, M. Bağırov həbs olunmuşdu. Sənədlərin araşdırılması 1 il davam etmiş, üç cilddən ibarət olan istintaq işinə daha iki qovluq əlavə olunmuşdu.

5 dekabr 1955 tarixində SSRİ-nin Baş Prokuroru P. Baranovun təsdiqlədiyi və hərbi prokuror Strukovun təsdiq etdiyi istintaq işində yer alırdı: "M.Bağırov, Y.Sumbatov və digərlərinin... günahlandırılması üzrə istintaq işindəki faktlara görə, R. Axundovun saxta istintaq sənədləri ilə məhkum olunduğu ortaya çıxarılmışdır. Şahidlər Mircəfər Bağırovun R. Axundovun istintaqına xüsusi maraq göstərdiyi və bunu onun şəxsi münasibətlərindən qaynaqlandığını sübut etdilər. O şəxsən istintaqı idarə etmiş, R. Axundov da daxil olmaqla, məhbusları özü dindirmiş və sonrakı həbslərə əmrlər vermişdir". Sumbatov həbsxanada xərçəng xəstəliyindən ölmüşdü, digərlərinin istintaqı sona çatmaqada idi. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Ruhulla Əli oğlu Axundovun ölümündən sonra bəraət verilməsi barədə qərar qəbul etdi.

Onun və yüzlərlə milli ziyalının qatili olan M. Bağrova gəlincə, 27 may 1956 tarixində M.Bağırov və yaxın ətrafından olan 5 nəfərin məkhəmə işi ilə əlaqədar məlumat yayıldı. Bu məlumatda bildirilirdi: "Sovet qanunları ilə qəti şəkildə qadağan edilmiş metodlarla məhbuslardan əslində törətmədikləri halda inqilab əleyhinə cinayət işədikləri barədə ifadələr alınmş, üstəlik məhbusları günahkar olmayan digərlərinə qarşı yalan və iftiralar söyləməyə məcbur etmək üçün güc tətbiq etmişlər" ("Bakinski raboçi" qəzeti, 27.05.1956). Onların günahı ucbatından öldürülənlər arasında R.Axundov da xatırlanırdı. Məhkəmənin qərarı ilə M. Bağırov, T.Borşev, H.Qriqoryan və R. Markaryan güllələndi, A. Atakişiyev və S.Yemelyanov 25 illik həbs cəzasına məhkum edildilər.

20 ildən sonra R.Axundova bəraət verilməsi və M. Bağırovun güllələnməsi isə “vətən xainləri” və “xalq düşmənləri”nin əslində xalqın başına gətirilən faciələrdə birbaşa iştirak edən xəyanətkarların kimlər olduğunu sübut etdi.

 

Qaşqay ZİYƏDDİNOĞLU


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Ucuzlaşdı - VİDEO
01:25 27.06/2017
 
Xəbər başlıqları
27-06-2017
27.06.2017 Neft bahalaşıb
26-06-2017
26.06.2017 Neft bahalaşıb
25-06-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4731 san