09:16 14 İyun 2017
1528 dəfə oxunub
Çap versiyası
...

 

 

Yaxın Şərqdəki son vəziyyət və növbəti Körfəz böhranını ABŞ-dakı hakimiyyət dəyişikliyindən sonra yaranmış siyasi durumun təzahürü hesab etmək olar. Seçkiqabağı vədlərdən fərqli olaraq rəsmi Vaşinqtonun regiondakı maraqlarından imtina etmədiyi İran və Suriya ilə bağlı son qərarlarla da sübut olundu. Bu vəziyyət isə Türkiyə və İran başda olmaqla bölgənin söz sahibi olan dövlətlərini ciddi addımlar atmağa sövq edir. Ağ Evin sonuncu həmlələri Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmağın növbəti mərhələsinə start verildiyinə, İranla münasibətlərdə “soyuq müharibə”dən sonrakı düşmənçilik dövrünə yenidən qədəm qoyulduğuna işarə edir.

 

Türkiyənin əvəzinə kürd dəstələri

Türkiyənin bütün etirazlarına baxmayaraq, Suriya məsələsində atılan son addımlar – PKK-nın uzantısı olan Şimali Suriyadakı PYD kürd dəstələrinə silah verilməsi təbii ki, Türkiyəni narahat edir. Üstəlik, bu silahlandırma prosesinin İŞİD terror təşkilatının mərkəzi bazası olan Rakkanın azad edilməsi əməliyyatının NATO üzrə müttəfiqi olan Türkiyə SQ-nin iştirakı ilə deyil, separatçı başıpozuq dəstələrlə birgə başlamaq üçün hesablandığı ortaya çıxdı. Halbuki belə bir əməliyyat aparılmasını Türkiyə rəhbərliyi aylar öncə, Əl-Babı azad etdikdən sonra təklif etmişdi. ABŞ hökuməti buna müsbət cavab vermədiyi halda indi bu əməliyyata terrorçuluqla suçlanan PYD dəstələri ilə getməsi regionda maraqlar balansının yenidən pozulacağına şübhə yeri qoymur.

Bu proses yaxın keçmişimizdə analoji hadisələrlə paralellər aparmağa imkan verir. Belə ki, 2003-cü ildə ABŞ və onun ətrafındakı koalisiya qüvvələri İraqa cənubdan hücum edəndə Şimali İraqda silahlandırıb təlim keçdiyi kürd peşmərgə dəstələri ölkənin şimalından əməliyyatlara qoşulmuşdu. Halbuki bundan öncə Türkiyənin İraqın şimalından əməliyyata qoşulması məsələsi müzakirə olunmuşdu. Daha sonra C.Buş hakimiyyətinin siyasəti, Türkiyə parlamenti və hökumətinin tərəddüdü nəticəsində rəsmi Ankara oyundankənar vəziyyətdə qaldı. 14 il bundan öncə 2003-cü ilin martında ABŞ quru qoşunları ölkənin cənubundan daxil oldu. ABŞ silahlı qüvvələri cənubdan, təlim keşmiş və silahlandırılmış peşmərgə isə şimaldan Bağdadın mərkəzinə doğru irəliləməyə başladı. Kürd silahlı dəstələri amerikalı əsgərlərlə birlikdə şimaldakı Kərkük və Mosul şəhərlərini ələ keçirərək irəlilədilər. Səddam Hüseynin vətəni Tikrit şəhəri də əsasən talançılıqla məşğul olan peşmərgə qüvvələrinin iştirakı ilə işğal edildi. Birləşmiş qüvvələr Bağdadın şimalından şəhərə girdi.

Nəzarətsiz qalan Şimali İraqda hakimiyyət fromalaşdıran həmin peşmərgələrin indiki məqamda müstəqillik üşün referendum keçirilməsi barədə qərar qəbul etməsi də maraq doğurur.

 

Tramp Buşların yolu ilə gedir?

İndiki vəziyyətdə olduğu kimi, ABŞ-ın İraqa mümkün ola biləcək hərbi müdaxiləsi haqqında ilkin ehtimallar hələ 11 sentyabr 2001-ci il hadisələrindən sonra KİV-də peyda olmağa başlamışdı. Qərb mətbuatının məlumatına görə, Böyük Britaniyanın baş naziri Tony Bleyr hələ 2002-ci ilin aprelində prezident Corc Buşa İraqın işğalında iştirak üçün razılıq vermişdi. ABŞ hakimiyyəti, hətta bu müharibəni işıqlandıracaq jurnalistlər üçün aylar öncə təlimlər keçmişdi. Habelə ölkədə nüvə silahının olmasını və hökumətin rəsmi dairələrinin beynəlxalq terrorizmə dəstək verməsini bəhanə edərək ABŞ və onun müttəfiqləri öz hərbi hava qüvvəllərini İraqa göndərmişdilər. Əslində məqsəd İraq neftinə nəzarəti ələ keçirmək üçün S.Hüseyn hökumətini devirmək idi. ABŞ-ın İraqa müdaxiləsinin neft amili ilə əlaqələndirdikdə, məsələnin ideoloji tərəfini

anlamaq çətinləşir. Müharibədən əvvəl dini münaqişələrin qızışdırılması, kürd birləşmələrinin insan hüquqları, demokratiya hay-küyü ilə ayağa qaldırılması bu müharibəyə ideoloji don geyindirmək cəhdlərini də açıq-aşkar göstərirdi. Belə ki, şəxsən Corc Buşun "Bu bir səlib müharibəsidir" açıqlaması savaşa dini çalarlar qatılmasının əyani sübutudur. Kiçik Corc Buş atasının yolu ilə gedərək İraqı böyük münaqişəyə cəlb edərək parçalamağa nail oldu. Bu isə Yaxın Şərqə sabitlik gətirmədi, əksinə İraq və regionun onunla həmsərhəd ölkələrində terrorçu qrupların fəallaşması, hətta dövlət qurmaq fikrinə düşməsinə şərait yaratdı.

Təsadüfi deyil ki, 2015-ci ildə Böyük Britaniyanın sabiq baş naziri T. Bleyr İraqın 2003-cü ildə ABŞ ordusu və onun müttəfiqləri tərəfindən işğal edilməsinin İŞİD terror qruplaşmasının yaranmasına səbəb olduğunu etiraf edib. Səddam Hüseyni 2003-cü ildə devrilənlərin 2015-ci ildəki hadisələrə görə məsuliyyət daşıdıqlarını təsdiq edən T. Bleyr, həmçinin işğala səbəb olmuş kəşfiyyatın verdiyi yanlış məlumatlara və rejimin devrilməsindən sonra gözlənilən hadisələrin planlaşdırılması zamanı yol verilmiş ciddi səhvlərə görə üzr istəyib.

 

İraqın işğal ssenarisi Qətərə qarşı tətbiq edilir

İndiki vəziyyətdə oxşar ssenari dövriyyəyə buraxılıb. İraqın ən yaxın qonşusu Suriya bu gün ondan da betər hala salınmışdır. Bu dəfə başda rolda iştirak edənlərin tərkibi o qədər fərqlənməsə də, hədəflər və tərkibi müxtəlifdir. Lakin ittihamlar, demək olar ki, eynidir və saxta ittihamlar sovrulmaqdadır. Belə ki, aparılan hesablamalara görə, İraqı işğal etmək üçün 2001-ci ilin sentaybr ayından 2003-cü ilin sentyabr ayınadək ABŞ hökuməti İraqla bağlı 935 yalan məlumat yaymışdır. 260 yalan bəyanat verməklə prezident Corc Buş bu siyahıya başçılıq edir. Bu bəyanatların tərkibi S. Hüseynin kütləvi qırğın silahına malik olması, İraqın "Əl-Qaidə” ilə əlaqələri haqqında olub. İndi də Qətər dövləti "Əl-Qaidə”, İŞİD-lə əlaqələndirilir. Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən və Maldiv dövlətlərinin Qətəri regionda terror qruplaşmalarını dəstəkləməkdə ittiham edərək onunla diplomatik əlaqələri dondurması, Səudiyyə Ərəbistanının Qətərlə sərhədləri bağlayaraq qonşu ölkəylə bütün quru, dəniz və hava əlaqələrini kəsməsi dünyada təəccüblə qarşılanmışdır. Qətəri terrorçu qrupları dəstəkləməkdə günahlandıran Səudiyyə Ərəbistanı, bütün müsəlman ölkələri eyni addımı atmağa çağırıb.

Bir tərəfdən Qətəri İŞİD-ə dəstək verməkdə, digər tərəfdən, Yəməndə hərbi əməliyyatlar aparması üçün İrana yardım etməkdə günahlandırma təkcə region ölkələrində deyil, bütün dünyada beyinlərdə çaşqınlıq yaradıb. Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən sonra Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsindən sonra qızışıb. Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi çağırışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Bu bəyanata etinasız yanaşma göstərir ki, bu duruma hazırlıq əvvəldən gedirmiş. Hətta bu bəyanatın Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən təşkil edildiyinə şübhələr də yaranır.

 

Qətərin hədəfə alınması Türkiyəyə təzyiqdir

Aparılan bu siyasətin görünməyən tərəfləri regiondakı tarazlığın alt-üst edilməsinə yönəldiyinə dəlalət edir. Bu günlərdə AKP sədrinin müavini Mahir Ünalın son bəyanatı da regionda vəziyyətin o qədər sadə olmadığını göstərir: “Qətər böhranı səbəbi ilə qlobal güclər bölgəni yenidən dizayn etməyə çalışır, buna görə Türkiyəyə də təzyiq edilir”. Qətər problemi ilə əlaqədar Türkiyəyə təzyiqlər konkret açıqlanmasa da, elə tam dəqiqləşdirilməyən bir bəyanata görə Qətərin birdən-birə təcrid edilməsi, hədəfə alınması dolayisi yolla da olsa Türkiyəyə təzyiq kimi başa düşülməlidir.

Ona görə ki, bugünkü durumda Qətər Türkiyəyə ən yaxın ərəb ölkəsidir. Rusiya ilə Türkiyə arasındakı təyyarə böhranından sonra Türkiyəyə qaz nəqlində ən böyük dəstəyi Azərbaycandan sonra Qətər vermişdi. Son illərdə isə Qətərlə Türkiyə münasibətlərinin strateji səviyyəyə qalxması və iki ölkənin daha da yaxınlaşması prosesi gedir. Əməkdaşlıq Türkiyənin bu ölkədə hərbi baza qurmaq səviyyəsinə qədər yüksəlmişdir. Türkiyə Respublikası ilə Qətər dövləti arasında “Hərbi təlim, müdafiə sənayesi və Qətər ərazisində Türkiyə Silahlı Qüvvələrinin yerləşdirilməsi haqqında əməkdaşlıq Sazişi” 2 il bundan qabaq, yəni 15 iyun 2015-ci il tarixində qüvvəyə minmişdir. Sözügedən müqavilə əsasında oktyabr 2015-ci il tarixindən etibarən Türkiyə SQ qoşunlarının Qətərdə yerləşdirilməsi ilə əlaqədar işlərə başlanılmışdır. Bu istiqamətdə görüləcək işlər üçün tələbatları yerində təsbit etmək, müvafiq ərazinin kəşfini həyata keçirmək və lazımlı koordinasiyanı təmin etmək məqsədilə 2015-ci ildən etibarən iki ölkə silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət həyata keçirilir. Həmin saziş çərçivəsində Türkiyə Qətərə müasir müdafiə sənayesi məhsullarını da satmaqda davam edir.

“Qətər ərazisində Türkiyə Silahlı Qüvvələrinin yerləşdirilməsinin həyata keçirilməsi üzrə Saziş” 28 aprel 2016-cı il tarixində imzalanmışdır. Yaranmış ekstremal vəziyyətə görə 7 iyun 2017-ci il tarixində TBMM Türkiyə hərbçilərinin Qətərə göndərilməsinə icazə vermiş, prezident R.T. Ərdoğan isə bu qərarı təsdiq etmişdir. Türkiyənin Qətərdə baza yaradılması üzrə hüquqi prosedur, beləliklə, başa çatdırılmışdır. 12 iyun 2017-ci il tarixində üçnəfərlik hərbi heyət hazırlıq işlərinin vəziyyətini yoxlamaq üçün Qətərə göndərilmişdir. Göründüyü kimi, iki ölkə arasında belə bir strateji əməkdaşlıq prosesi getdiyi halda ərəb dünyası Qətəri təcrid yolunu seçmişdir. Çox güman ki, regionda hegemonçuluğu əldən vermək istəməyən dövlətlər və qüvvələrə bu vəziyyət sərf etmir.

 

Ramazan ayında blokada islam həmrəyliyinə ziddir

Bu vəziyyətdə S. Ərəbistanının Qətərlə sərhədə qoşun yığması, faktiki olaraq Qətərin iqtisadi, siyasi və diplomatik cəhətdən blokadaya alınması Türkiyə və İranın reaksiyasına səbəb oldu. Bu iki ölkənin Qətərə humanitar yardımlar etməsi durumun görünəndən də mürəkkəb olduğuna dəlalət edir. Türkiyə prezidenti R.T.Ərdoğan yaranmış vəziyyətdən çıxmaq üçün Səudiyyə Ərəbistanına çağırış edərək Ramazan bayramına qədər böhranı aradan qaldırmağı məsləhət görmüşdür.

Türkiyə prezidentinin bu çağırışına müsbət reaksiya gəlməsə də, Qətərin yaxın qonşusu BƏƏ-nin rəsmisi ölkənin Türkiyə və İrandan yardım istəməsini tragikomik durum kimi dəyərləndirib. BBƏ rəsmisi tərəfindən ərəblər və digər müsəlmanlar arasında ayrı-seçkiliyə işarə edilməsinin özü islam həmrəyliyinə zidd çıxış sayılmalıdır. Vəziyyətin faciəyə doğru getməsi ehtimalı dəqiqdir, amma burada ərəb olmayan iki ölkədən Qətərin yardım istəməsi komik deyil. Tragikomik olan vəziyyət odur ki, müsəlman və ərəb olan ölkələr müsəlman qardaşlarının yaşadığı digər bir ərəb dövlətini blokadaya alaraq Ramazan ayında müsəlmanların ərzaqla təminatına problem yaradır.

 

Regionun ən zəngin dövləti

Birdən-birə dünya gündəminin mövzusuna çevrilən Qətər dövləti haqqında qısa araşdırma aparmaq oxucular üçün faydalı ola bilər. İndiyə qədər beynəlxalq müstəvidə özünə yer qazanan “Qətər Airveys” aviaşirkəti və “Əl-Cəzirə” telekanalı ilə az-çox tanıdığımız Qətər Əmirliyi 1971-ci il sentyabrın 1-dən etibarən ingilis müstəmləkəçiliyindən xilas olub. Cəmi 46 il əvvəl müstəqilliyini əldə edən Qətər dövləti regionun ən varlı dövləti hesab edilir. Ərəbistan yarımadasında cəmi 11,6 min kvadrat kilometr əraziyə malik olan Qətər Əmirliyi artan neft və təbii qaz ehtiyatları sayəsində adambaşına düşən gəlirə görə dünyanın ən zəngin ölkəsidir. OPEK-in üzvü olan Qətər təbii qaz ehtiyatlarına görə dünyada 3-cü, qaz ixracına görə 6-cı yerdədir, iri neft və neft məhsulları ixracatçısıdır.

Əhalinin sayı və ərazisinə görə region ölkələrindən fərqlənsə də, bu ölkə nisbətən çətin vəziyyətdə olan Hindistan, Pakistan, İran, Nepal və digər ölkələrədən miqrantların yeganə qazanc mənbəyidir. Təbii qaz və neft ehtiyatları hesabına əhalisinin sosial durumuna görə digər region dövlətlərindən daha üstün vəziyyətdə olan Qətərin hədəfə alınması Şimali Afrikanın ən zəngin dövləti olan Liviyanın daxildən parçalanmasını və terror meydanına çevrilməsini yada salır. Belə çıxır ki, sözügedən qlobal güclərə Yaxın Şərqdə, ümumiyyətlə, müsəlman aləmində insanların dinc, əmina-amanlıq şəraitində və firavan yaşadığı dövlətlərin mövcudluğu ən böyük maneə hesab edilir. Görünən odur ki, Qətər dövlətini daxildən parçalamağa nail olmayan xarici qüvvələr onu İraq kimi başqa ittihamlarla kənardan ələ keçirməyə hazırlaşır.

Bu məqamda FIFA-nın 2022-ci ildə Futbol üzə Dünya Çempionatının Qətərdə keçirilməsi barədə qərarının taleyi də gündəmə gəlmişdir. FİFA rəsmisinin bu çempionata hələ 5 ildən çox vaxt qaldığını əsas gətirərək o vaxta qədər vəziyyətin normal hala düşəcəyinə ümid etdiyi barədə bəyanatı var. Amma D.Trampın dəstəyi ilə Səudiyyə Ərəbistanının başçılığında aparılan kampaniyanın qarşısının alınması mümkün olsa, bu beynəlxalq idman tədbirinin baş tutmasına şübhələr aradan qalxa bilər.

 

Böhran Qətər-Azərbaycan əlaqələrinə zərər verə bilərmi?

Sonda Qətər dövlətinin münaqişəyə cəlb edilməsinin Azərbaycana təsirlərinə toxunmağın məqamı çatmışdır. Qətər-Azərbaycan münasibətlərinə nəzər yetirəndə məlum olur ki, iki dövlət arasında diplomatik əlaqələr 1994-cü ildə yaradılmış, 2007-ci ildə hər iki ölkədə səfirliklərin fəaliyyətə başlaması ilə əlaqələr intensivləşmişdir. Hazırda Azərbaycanın Dohada, Qətərin isə Bakıda səfirlikləri fəaliyyət göstərir.

Son 10 il ərzində bir çox səviyyələrdə görüşlər keçirilmişdir. Ən son belə yüksək səviyyəli görüşlər 2016-cı ilin martında Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin Bakıya və 2017-ci ilin fevralında Azərbaycan prezidentinin Dohaya rəsmi səfərləri zamanı baş tutmuşdur. Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin Bakıya səfəri zamanı iki ölkə liderlərinin təkbətək görüşündə iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanmışdır. Prezident İlham Əliyev Azərbaycan-Qətər siyasi münasibətlərini “mükəmməl” adlandırmışdır. Azərbaycan prezidenti İlham Əliyev Dohaya səfərindən əvvəl “Əl-Cəzirə” kanalına müsahibəsində deyib ki, Qətərlə də münasibətlər Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın bu ölkə ilə hərbi sahədə əlaqələri, turizm sahəsində əməkdaşlığı genişlənir. 2016-cı ildən etibarən Azərbaycan Qətər də daxil olmaqla, bir sıra Ərəb ölkələrindən gələn vətəndaşlar üçün viza prosedurlarını asanlaşdırıb. Nəticədə 2015-ci illə müqayisədə 2016-cı ildə Qətərdən Azərbaycana 5,5 dəfə çox turist gəlib. İqtisadi və ticarət əlaqələrinə gəldikdə isə Azərbaycanla Qətər arasında ət, nar şirəsi və naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilib. Təxmini hesablamalara görə, 2016-cı ilədək iki ölkə arasındakı ticarət dövriyyəsi 65–70 milyon ABŞ dollarından çox olub. Bundan başqa, rəsmilər dövlət səhmləri olan Qətər şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməkdə və investisiya qoymaqda maraqlı olduqlarını bildiriblər. Gəlinən ümumi nəticə odur ki, iki dövlət arasında turizm, nəqliyyat, gömrük, təhsil, səhiyyə, mədəniyyət, idman kimi bir çox sahələrdə sıx əlaqələr mövcuddur. İqtisadi əməkdaşlıqla bağlı imzalanmış sənədlər ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Qətər dövləti siyasi və diplomatik sahədə də həmişə ikitərəfli münasibətlərin inkişafına çalışıb. Bu ölkə BMT, İKT və digər beynəlxalq təşkilatların çərçivəsində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini daim dəstəkləyib. İndiki vəziyyətdə Azərbaycan Respublikası açıq şəkildə mövcud böhran barədə hansısa bəyanat verməyib. Çünki Azərbaycanın xarici siyasətdə əsas götürdüyü mövqe, adətən,

bütün ölkələrə qarşı daha çox neytral yanaşmağa üstünlük verməkdir. Digər tərəfdən, son 2 ildə Azərbaycanla Körfəz ölkələri arasındakı münasibətlərdə yaxınlaşma baş verib. Bu səbəb Azərbaycan indiki anda hansısa bir bəyanat verməkdən və ya diplomatik addım atmaqdan çəkindirir. Güman ki, Körfəzdəki böhran uzun müddət davam edərsə, əməkdaşlığa hansısa təsir göstərə bilər.

Ən nəhayət, indiki vəziyyətdə regionda istənilməyən dövləti hədəfə almaq üçün, vaxtilə İraq məsələsində olduğu kimi, Səudiyyə Ərəbistanı və ətrafındakı dövlətlər vasitəsilə Körfəzin yenidən müharibə meydanına çevrilməsi prosesinə rəvac verilmişdir. Ən acınacaqlısı odur ki, İraq müharibəsində ABŞ və koalisiya qüvvələrinin baza kimi istifadə etdikləri Qətər dövləti birdən-birə beynəlxalq terrorizmə dəstək verməkdə günahlandırılmışdır. Bu günlərdə rəsmi Dohanın nüvə silahına malik olması barədə bəyanatlar səslənsə, təəccüb etməmək lazımdır. Növbəti hədəfin İran olacağı ehtimalı da mövcuddur.

Qaşqay ZİYƏDDİNOĞLU


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Ucuzlaşdı - VİDEO
01:25 27.06/2017
 
Xəbər başlıqları
27-06-2017
27.06.2017 Neft bahalaşıb
26-06-2017
26.06.2017 Neft bahalaşıb
25-06-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1814 san