19:51 19 İyun 2017
3303 dəfə oxunub
Çap versiyası
...

 

 

Repressiya dövründə edam cəzasına məhkum edilən elm xadimləri arasında məşhur türkoloq Bəkir Vahap oğlu Çobanzadə də var. Onun 3 cilddən ibarət 26926 saylı istintaq işində yer almış tərcümeyi-halına əsaslansaq, B.V. Çobanzadənin 44 illik həyatı təlatümlərlə dolu olmuşdur.

 

Qarasubazardan Qalatasaraya

Krım tatarı (türkü) olan Bəkir 1883-cü il mayın 15-də (27-də) Krımdakı Qarasubazar (indiki Beloqorsk) şəhəri yaxınlığındakı Arqun kəndində çoban ailəsində (atası Qurd Vahap çoban idi, ona görə də Çobanzadə soyadını götürmüşdür) anadan olmuşdur. Balaca Bəkir 7–8 yaşlarında olarakən atası ilə bərabər Qarabay yaylağında yay aylarında çobanlıqla məşğul olmuşdur. İbtidai təhsilini kənddə, orta təhsilini Qarasubazar məktəbində almışdır. Möcüzəvi bir təsadüf əsəri olaraq 14 yaşında qeyri-adi zəkası ilə diqqəti cəlb etmiş və bu səbəbdən Xeyriyyə Cəmiyyəti onu Türkiyəyə İstanbuldakı "Sultaniyyə" (Qalatasaray) liseyində təhsilini davam etdirməyə göndərmişdir.

Bəzən “Bəkir Sidqi” imzasından da istifadə edən B. Çobanzadə ilk poeziya əsəri olan "Anan hardadır" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil Krım" ideyaları ilə yaşayan Cəfər Seyidəhməd, Əbdülkərim Hilmi və digər gənclərlə birlikdə "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından olmuşdur. Daha sonra 1914–1919-cu illər arasında Budapeşt Universitetində mükəmməl türkologiya təhsili almış, universitetin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, elə burada doktorluq dissertasiyası müdafiə etmişdir. Budapeştdə türk dilində çıxan "Şərq" qəzetinin redaktoru olmuşdur. "Krım", "Göy kitab" (İstanbul) jurnallarında və "Şərq" qəzetində şeirləri dərc edilmişdir. Bu dövrdə Türkiyə, Krım, Orta Asiya və Rusiya dövri mətbuatında ictimai-siyasi, elmi məqalələrini müxtəlif imzalarla çap etdirmişdir.

 

“Ağ”ları deyil, “qırmızı”ları seçdi

İstintaqa özünün məlumat verdiyinə görə, universiteti bitirdiyi ildə hərbi xidmətə cəlb edilmiş, Macar Ordusunun (o vaxt Avstriya-Macarıstan) tərkibində əcnəbi alayını fromalaşdıranlardan olmuşdur. 1920-ci ildə başqa bir şəxsin pasportu ilə Türkiyədən keçərək Krıma qayıtmışdır. Lakin başbəlalı yarımada Krım türklərinin hər hansı bir milli fəaliyyətinin qadağan edən general P.Vrangelin əsarəti altında idi. İstintaqa B. Çobanzadənin verdiyi ifadəyə görə, yuxarıdakı səbəbdən "ağ”lara qarşı gizli fəaliyyətə başlamışdır. Bütün hallarda əvvəllər o, Krım türklərinə milli muxtariyyət tanıyan Sovet rəhbərliyini qəbul etmişdir. Vətənə qayıtdıqdan sonra Krım inqilabi komitəsinin rəisi, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olmuş, eyni zamanda ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışmışdır.

1924-ci ilə qədər B. Çobanzadə Krımın ictimai həyatında aktiv fəaliyyət göstərmişdir. O əvvəllər qanuni olaraq fəaliyyət göstərən millətçi "Milli firqə" Partiyasının rəhbərlərindən və Krım Mərkəz İdarə Komitəsinin üzvü olmuşdur. Lakin bir müddət sonra "Milli firqəçilər" təzyiqlərə məruz qaldılar. B. Çobanzadənin özü də bir sıra məsələlərə görə bu partiyadan ayrıldı: onun partiya işçiləri ilə Krım türklərinin dilinin əlifbası məsələsində fikirayrılığı var idi, onun partiyadaşları ərəb əlifbasının dəyişdirilməməsində israrlı idi, B. Çobanzadə isə latın əlifbasına keçidin tərəfdarı idi. Bütün bunlar onun siyasətdən uzaqlaşmasına və öz həyatını elmi-pedogoji fəaliyyətlərə həsr etməsinə təsir göstərdi.

 

Azərbaycan dili və ədəbiyyatının mühüm tədqiqatçısı

1925-ci ildə Krımı birdəfəlik tərk edərək həbs olunana qədər yaşadığı Bakıya gəldi. O, Bakı Dövlət Universitetinin professoru olmuş və 1930-cu illərdə SSRİ EA-nın Azərbaycan Filialında çalışmışdır. B. Çobanzadənin Krımda və Bakıdakı elmi fəaliyyəti uğurlu olmuşdur. Ölümündən əvvəl B. Çobanzadə öz fəaliyyətini belə qiymətləndirmişdir (bu sənəd istintaq işinın 1-ci cildində yer alır, amma nömrəsi yoxdur) : “Mən öz peşəsi üzrə Sovet Şərqinin ilk professoru kimi, Sovet rəhbərliyi tərəfindən belə bir mövqeyə gətirilmiş və bu ölkələrin öz dillərində açıq dərs verirdim. Elmi fəaliyyətinin dövründə mənim yüz əllidən (150) çox elmi əsərim olmuşdur. Onlardan ən azı yüz (100) ədədi Azərbaycan dili və ədəbiyyatı problemlərinin elmi əsaslandırılmasına həsr edilən Azərbaycan dilində ilk tədqiqatlardır. Bunların çoxu indi də öz elmi əhəmiyyətini itirməmişdir.

Tərəfimdən sıfırdan başlayaraq yüzlərlə dil və ədəbiyyat alimi yetişdirilmişdir. Bu tələbələrim arasında öz elmi işlərinə təsdiq alaraq öz ölkələrinin xaricində fəaliyyətə belə layiq görülən onlarca yüksək dərəcəli elmi işçilər – dosent və assistentlər var”.

B.Çobanzadənin qabiliyyət səviyyəsini sübut edən, uydurma olmadığına inandığımız fakta istintaq işində də rast gəlirik. Məhbus tarixçi Vəli Xuluflunun xatırladığna görə, xarici elm xadimləri heyətinin Bakıya səfəri zamanı tərcüməçi olaraq o dövrün məşhur botaniki A.Qrossgeymi (sonradan professor olan) dəvət etmişdilər. Ancaq o verilən vəzifənin öhdəsindən gələ bilmədi. Vəziyyətdən çıxmaq üçün orada olanlar arasında fransız dilini bilən yeganə şəxs olaraq B. Çobanzadə köməyə çatmışdır. Bundan sonra azərbaycanlı elm xadimləri söyləmişlər: "Biz Qrossgeym kimiləri olduğundan çox qiymətləndirir, öz kadrlarımızı tam qiymətləndirmirik".

 

Türkoloji Qurultayın təşkilatçısı

Bakıya gəldiyi ilk illərdə B. Çobanzadə böyük nüfuza və rəsmi dəstəyə sahib idi. Onu R.Axundovun himayə etdiyi faktı məlumdur. Professor B. Çobanzadənin əsərləri davamlı olaraq nəşr edilmiş, onun tərəfindən milli kadrlar yetişdirilmiş, özü ilk dövrlərdə Bakıda yaşayan Yeni Əlifba üzrə Ümumittifaq Mərkəzi Komitəsinin işlərinə fəal olaraq qatılmış, 1926-ci ildə Bakıda keçirilən I Türkoloji Qurultayın təşkilatçılarından biri olmuşdur. Ancaq 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərində "burjua millətçiləri"nə qarşı mübarizəyə start verildi və B. Çobanzadə tənqid "atəşinə" hədəf olanlardan birincisi idi. Dindirilmələrin birində bildirmişdir ki, tanış Azərbaycan kommunstlərinin onu xəbərdar etdikləri üçün hələ 1930-1931-ci illərdə həbs edilməsini gözləyirdi. O zaman həbs edilmədi və 1937-ci ildəki istintaq işində "əvvəllər məhkumluğu olmayan" yazılmışdır. Bəlkə də ona o dövrdə onun həbs olunmamasında həqiqətən R.Axundovun rolu olmuşdur.

 

R.Axundovdan sonra onu da həbs etdilər

30-cu illərin ortalarında mövcud vəziyyət B. Çobanzadə üçün olduqca uğurlu idi. R.Axundov SSRİ EA-nın Azərbaycan Filialına başçılıq etdiyi dövrdə doğrudan da professor B. Çobanzadəyə kömək etmişdir. Ancaq Azərbaycanda hakimiyyət uğrunda mübarizənin və kütləvi təzyiq dalğasının başlanması onun ölümünə səbəb oldu. 1936-ci ilin dekabrında R.Axundovun həbsindən dərhal sonra SSRİ EA-nın Azərbaycan Filialında həbslər başladı və ilk qurbanlardan biri B. Çobanzadə oldu. 1937-ci ilin yanvar ayında Kislovodskiyə getmişdi. Amma istintaq işi artıq təşkil edilmişdi: sabiq müsavatçı M.Baharlı və trotskiçi Çiçikalovdan onun əleyhinə ifadələr alınmışdı (yuxarıda qeyd edildiyi kimi, o zamana qədər hələ R.Axundov ifadə verməmişdi). Bu ifadələr isə yetərli idi.

İstintaq işi həbs üçün əsas olan sənədlə və həbs qətiimkan tədbirinin seçilməsi qərarı ilə başlayır. Hər iki sənəd Azərbaycan Daxili İşlər Xalq Komissarlığının (NKVD) Dövlət Təhlükəsizliyi İdarəsinin 4-cü İdarəsinin 4-cü şöbəsinin müdir müavini, leytenant (əslində podpolkovnik) Serov tərəfindən təşkil edilmiş, qərar 27 yanvar 1937-ci il tarixində Y.Sumbatov tərəfindən təsdiq edilmişdir. Eyni gün elm xadiminin Bakıdakı mənzilində axtarış aparılmış, 38

kitab və digər sənədlər müsadirə edilmişdir. Amma B. Çobanzadə 1937-ci ilin yanvar ayının 27-dən 29-na keçən gecə Kislovodskinin "Qornyak" ("Dağ mədəni") sanatoriyasında həbs olunmuşdur (bəzi ədəbiyyatlarda onun həbs olunma tarixi olaraq göstərilən 12 yanvar 1937-ci il tarixi istintaq işində sübut olunmur). Həbslə əlaqədar 28 yanvar tarixli sanksiya Şimali Qafqaz NKVD İdarəsinin müdir müavini Rayev tərəfindən verilmişdir. Bu şəxs bir ildən sonra Y.Sumbatovun yerinə Azərbaycan Daxili İşlər Xalq Komissarlığının rəhbəri vəzifəsinə gətirilmiş, bu vəzifədə bür ildən az bir müddətlə çalışan Rayev 1938-ci ilin noyabrında M.Bağırovun otağında həbs olunmuşdur.

İstintaq işindəki sənədlərdə B. Çobanzadənin xüsusi mühafizə altında Bakıya aparılmazdan əvvəl Pyatiqorsk şəhərindəki həbsxanada saxlanıldığı yer alır. Bakıya bir müddət sonra fevralın 2-də gətirilmişdir. İki dəfə – Pyatiqorsk şəhərində və fevralın 2-də Bakıda B.Çobanzadə məhbus anketi doldurmuşdur. Burada onun təvəllüdü 15 may 1883-ci il kimi göstərilir. Bu tarixi həqiqət saymaq daha uyğundur. Dilbilmə sütununda qeyd edilmişdir: rus, fransız, macar, fars, ərəb və digərləri yazılmışdır.

 

Daşnaklarla əlaqədə günahlandırıldı?!.

İstintaq işinın əsas hissəsi B. Çobanzadənin dindirilmə protokollarını əhatə edir. İlki 7-9 fevral 1937, sonuncusu 1 sentyabr 1937-ci il tarixi olan 32 dindirilmənin aparıldığı yazılmışdır. Həcminə görə G.S. Qubaydulinin istintaq işinə yaxındır (R.Axundovun istintaq işi də bəraət qisminin genişliyi səbəbindən həcmcə böyükdür). B. Çobanzadədən başqa, heç kim elə geniş ifadələr verməmişdir.

Əgər əvvəllər gizli fəaliyyət göstərdiyi üçün uzun müddət qorxmaq üçün əsaslı bir səbəb görməyərək müqavimət göstərən R.Axundovdan fərqli olaraq, qorxudulan elm xadimi B.Çobanzadə işgəncələrə çox dözə bilmədi. Görünən odur ki, belə geniş ifadələrlə canını qurtarmağa çalışmışdır. İstintaq işindən məlum olur ki, məhbus ifadələrində hər hansı bir məhdudlaşdırma etmək istəmiş, amma müstəntiqlər onun daha da irəli getməsi üçün güc tətbiq etmişlər. Dindirilmənin hələ ilk vaxtlarında B. Çobanzadə "İnqilab əleyhdarı fəaliyyətə" görə peşmançılıq duyduğunu ifadə etmişdir. Ancaq elm xadimi əvvəllər "Milli firqə" dövründən bəhs edir. Onun vətəni Krıma qayıtdığı dövrdən həbs olunana qədər (1920-1937-ci illər arasında) davamlı olaraq "millətçi" və "pantürkçü" təşkilatlarda fəaliyyət göstərdiyini söyləmək üçün güc tətbiq etmişlər. 16 fevral 1937-ci il tarixində alınan ifadədə "inqilab əleyhdarı fəaliyyəti prinsipcə" etiraf edir, 23 apreldəki ifadəsi "üsyançı hərəkat", "silahlı üsyan planları" hazırlıqlarının aparılmasında iştirakını əhatə edir. Professoru "Milli firqə"çilərlə (Bakıya gəldikdən sonra belə), müsavatçılarla, hətta daşnakçılarla, özbək "pantürkçüləri" ilə əlaqələrdə olduğunu qəbul etməyə məcbur etmişlər. Onun əleyhinə oxşar ifadələri ziyalılardan Əziz (Qaziz) Qubaydullin, V. Xuluflu, H. Zeynallı və digərləri də vermişdir. Onun tərcümeyi-halındakı hər hansı fakt elm xadiminin cinayəti kimi görülürdü. Pantürkçü kimi digər təşkilatlarla və cərəyanlarla əlaqədə suçlamaq olar, amma qatı türkçünü antitürk terror təşkilatının üzvü olan daşnakçılarla əlaqədə günahlandırmaq sovet repressiya maşının heç bir hədd-hüdud tanımadığını göstərirdi.

 

Rayonlara və Orta Asiyaya səfərlərində inqilab əleyhdarı fəaliyyət

Onun 1920-ci ildə Krıma qayıtması Krım mühacirlərinin lideri Cəfər Seyidəhmədovun "Sovet rəhbərliyinə qarşı mübarizə üçün verdiyi vəzifələri yerinəyetirmə" kimi təqdim olunurdu. Dindirmədə 1926-ci ildə Bakıda keçirilən Türkoloji Qurultayın “gizli yığıncağa” çevrildiyini qəbul etdi: "Biz digər cümhuriyyətlərin millətçi və inqilab əleyhdarı nümayəndələri ilə bir blokda birləşmək qərarı aldıq". B. Çobanzadə və digər elm xadimlərinın elmi məqsədli Orta Asiya gəzintiləri guya "inqilab əleyhdarı millətçi təşkilatlarla" əlaqələr qurmaq, onların real imkanlarını müəyyənləşdirmək və kadrlarla əlaqədar məlumat almaq işlərinə yönəlmişdi". 1936-ci ildə B. Çobanzadənin diaklekt və folklor materialları əldə etmək məqsədilə Azərbaycanın kənd təsərrüfatı rayonlarında elmi iş gəzintisi "müəllimlər və dastançıların təşkilata üzv qəbul

edilməsi" və "Folkloru öyrənmək adı ilə kəndlilərin təşkilat ətrafında birləşdirilməsi" olaraq təqdim edilirdi.

Hətta protokollardan birində Azərbaycan Allahsızlar (Ateistlər) Biriliyinin "üsyançı qrupların təşkil edilməsi üçün qalxan" kimi istifadə edildiyi iddia olunurdu. Bir sıra protokollara elm xadiminin həqiqi tanışlıqları, gəzintiləri və əlaqələri də "inqilab əleyhdarı fəaliyyət" olaraq əlavə olunurdu. Məsələn 7 may 1937-ci il tarixli dindirilmənin geniş protokolu B. Çobanzadənin "inqilab əleyhdarı" özbəklərlə əlaqələrindən bəhs edilir: bu, həqiqi olduğuna heç bir şübhə olmayan elm xadiminin Özbəkistan səfərinin vaxtı və getdiyi yerlər, görüşdüyü yazar və elm xadimləri (Fitrət, Qazi Qulam Yunusov və digərləri) ilə əlaqədar əhəmiyyətli məlumatları əhatə edir.

 

Eşitmədiyi mərkəzə üzv, tanımadığı şəxslərlə həmkar olduğunu qəbul etdi

Amma 1937-ci ildə ədalətli araşdırma aparmaq üçün özlərini zəhmət vermir, işi yeni şəxslərin həbsləri ilə genişləndirirdilər. İşdə guya RSFSR Xalq Komissarları Sovetinin sədr müavini T. Raskulovun liderliyi altında 1934-ci il sonunda "Birləşmiş mərkəz" qurulduğu istiqamətində ifadələr yer alır. "Mərkəz”in üzvləri arasında Moskvadakı Şərqşünaslıq İnstitutunun köhnə müdiri S. Asfendiyarov, Qaraçay Çərkəz Vilayət idarə Komitəsi başçısı O.Aliyev və digərləri, üstəlik Ə. Qubaydullin və B. Çobanzadənin adı çəkilirdi. Halbuki o vaxt professor Ə. Qubaydullindən başqa, adlarını sıraladığı şəxsləri ya heç tanımır və ya bəzilərini 1928-ci ildə və ya 1930-cu ilə qədər görmüş, "Mərkəz"in mövcud olduğu dövrdə onların fəaliyyəti haqqında yalnız başqalarından eşitmişdir. Bəraət dövründə ifadə edildiyi kimi, bəzi hallarda iş sənədləri, hətta Azərbaycan NKVD-sinin digər sənədləri ilə təkzib edilirdi. Bu zaman Ruhulla Axundovun istintaq işində, həqiqəti əks etdirdiyinə heç bir şübhə olmayan, maraqlı sənəd ortaya çıxmışdır. Bu sənəddə bildirilir: "Çobanzadə Bəkir Azərbaycan SSR NKVD-si tərəfindən 1928-ci ildən 1935-ci ilə qədər müddətdə Azərbaycanda yaşayan digərləri ilə birlikdə (Krım türkləri ) “Başıpozuq” casusluq şəbəkəsi” üzrə təqibə alınmışdır. 1935-ci ilin sonunda Azərbaycan Daxili İşlər Xalq Komissarlığının başçısı Y.Sumbatov SSRİ NKVD-sinə göndərdiyi hesabatda B. Çobanzadənin antosovet fəaliyyətinin sübut olunmadığı və onun köhnə "Milli firqə"çilərlə heç bir inqilab əleyhdarı əlaqədə olmadığı yer alır. Bu səbəbdən B.Çobanzadə ilə əlaqədar casusluq şəbəkəsi üzrə araşdırma-təqibə son verilmişdir.

 

İstintaqa Y.Sumbatov başçılıq edir, H.Qriqoryan isə dindirirdi

Repressiya dövründə də Y. Sumbatov çox yaxşı bilirdi ki, B.Çobanzadə uzun müddətdir siyasətdən uzaqdır. Çünki bu istintaq işinə Y.Sumbatovun özü başçılıq edirdi və sənədlərin bir çoxunda onu imzası var idi. Onu qeyd etmək yerinə düşər ki, hələ 13.09.1929-cu il tarixində B.Çobanzadə özünü müdafiə üçün yazılı olaraq "Milli firqəçi"lərdən üz çevirdiyini "Bakinski raboçi" qəzetində açıqlamaq məcburiyyətində qalmışdır. Ancaq bundan sonra onu 30-cu illərdə C.Seyidəhmədovdan "silahlı üsyana hazırlıq üçün təlimat" aldığını söyləməyə məcbur etdilər. Tanınmış şərqşünas A.N.Samoyloviçin adının çəkildiyi 13-14 iyul 1937-ci il tarixli protokolda həqiqəti əks etdirdiyinə heç bir şübhə yeri qalmayan iki böyük türkoloqun şəxsi münasibətləri yer alır: onlar 1924-ci ildə Bakıda keçirilən Azərbaycan Regionşünaslıq qurultayında tanış olmuşlar, daha sonra 1925-ci ildə Leninqradda, eyni ilin sonunda I Türkoloji Qurultayına hazırlıq üçün Bakıya gələn A.Samoyloviçlə 1926-ci ilin fevralında qurultayda görüşüblər. Onlar 1928-ci ildə Bakıda keçirilən Orfoqrafiya konfransında, eyni ildə Leninqradda, 1929-ci ildə Səmərqənddə keçirilən Ədəbiyyat və Dil Problemləri konfransı əsnasında da görüşüblər. Son görüş 1936-ci ildə Leninqradda olmuşdur. Burada toxunulan məsələ B.Çobanzadənin SSRİ Elmlər Akademiyasının müxbir üzvlüyü üçün A.Samoyloviçin öz həmkarı haqqında müsbət təqdimatı və bu istiqamətdə uğursuz səyi həqiqəti əks etdirir.

Sözügedən protokol və zaman etibarilə ona yaxın olan Ə. Qubaydullinin dindirilməsindəki oxşar protokollar sübut edir ki, o vaxt hələ həbs olunmamış A. Samoyloviçin əleyhinə məqsədli şəkildə sənədlər toplanırdı. Görünən odur ki, onun həbsinə hazırlıq gedirdi. B.Çobanzadənin adı A.Samoyloviçin dindirmə işində əhəmiyyətə malik idi. "Yaponiya lehində casusluq" ittihamı ilə

müqayisədə "pantürkçülük"də günahlandırma ikinci dərəcəli əhəmiyyət daşıyırdı. Müstəntiqlərin hansı şəkildə məqsədlərinə çatmağa çalışdıqları çox açıqdır. Dindirilmələrin böyük əksəriyyətində adı keçən Şer və Azərbaycan NKVD-sinin 4-cü şöbəsinin müdiri H.Qriqoryan iştirak edirdi. Bir neçə dindirmədə Daxili İşlər Xalq Komissarlığı başçısının köməkçisi B. Gerasimov iştirak etmişdir. B. Gerasimov 1938-ci ildə güllələnmiş, Şer məhbus düşərgəsinə göndərilmişdi. H.Qriqoryan 1953-ci ilə qədər işləmiş, 1956-ci ildə M.Bağırovla birlikdə edam cəzasına məhkum edilmişdi.

 

Ruhulla Axundovla üzləşdirmə də saxta çıxdı

İstintaqın bəzi "üsulları" M.Bağırovun qurbanlarının bəraətinə hazırlıq əsnasında ortaya çıxmışdır. Ruhulla Axundovun istintaq işində 11 mart 1955 tarixinə aid araşdırma protokolu var. Burada 22.08.1937-ci il tarixli B.Çobanzadə və R.Axundovun üzləşdirmə protokolundan bəhs edilir: "B.Çobanzadənin 17-20.04.1937-ci il tarixli üzləşdirmə protokolları müqayisə edildiyi zaman protokoldakı ifadənin mətni B.Çobanzadənin dindirmə protokolundakı mətnin surətinin çıxarılıb təkrar yazılmasıdır". Sonra, hətta nöqtələrin də bir-birinə uyğun gəldiyi mətndən çıxarışlar var. Orada bildirilir: "B.Çobanzadənin dindirmə protokolu mürəkkəb qələmlə yazılmış, məhbusun imzaladığı mətnlərə məhbus tərəfindən deyil, onun dərkənarı olmadan karandaşla dəyişikliklər edilmişdir, düzəldilən mətnlər təkrar yazılmış və istintaq işinə əlavə olunmuşdur".

Saxtakarlıqla birlikdə müstəntiqlər lazımlı ifadələri almaq üçün "intellektuallıqdan uzaq üsullara da malik olmuşlar. Şahidlərin ifadələri sübut etdiyi kimi, Ruhulla Axundov və Azərbaycanın digər partiya və dövlət xadimlərinın şüurunu itirənə qədər döyülməsi hallarını B.Çobanzadə ilə əlaqədar söyləmək üçün bizdə dəlil yoxdur.

 

Pantürkçü təşkilatın fəal rəhbərlərindən biri?

Sonuncu dindirmə sənədlərinin rəsmi şəkildə tərib olunmasından dərhal bir gün sonra, 2 sentyabr 1937 L.Çinman tərəfindən iddianamə hazırlanmış, Y. Sumbatov və prokuror (imza anlaşılmır) tərəfindən təsdiq edilmişdir. Bu sənəddə iddia edilir: "İstintaq meydana çıxarmışdır ki, günahkar Çobanzadə Bəkir Vahapoviç ittifaq daxilində inqilab əleyhdarı pantürkçü təşkilatlardan birinin fəal rəhbərlərindən olmuş, birləşmiş inqilab əleyhdarı pantürkçü mərkəzə üzv olmuş və 1920-ci ildən həbs olunduğu ana qədər birbaşa SSRİ-nin milli respublikalarında inqilab əleyhdarı fəaliyyətlərdə iştirk edərək Sovet rəhbərliyinə qarşı fəal mübarizə mövqeyinə malik olmuşdur".

Daha sonra "inqilab əleyhdarı fəaliyyət mərhələləri" ifadələrindən çıxarışlar sıralanır. Bu çıxarışlar arasında "Cəfər Seyidəhmədovun əmrlərini yerinə yetirmək" üçün Bakıya gəlişi, R.Axundovun rəhbərliyi altında "Azərbaycanda inqilab əleyhdarı üsyançı qrupların yaradılması işləri" və "casus işi" üçün alman, ingilis və yapon kəşfiyyatından pul aldığı iddiaları da var. Nəticə: “sadalananları əsas götürərək Çobanzadə Bəkir Vahapoviç... Azərbaycan SSR Cinayət Məcəlləsinin 60, 63 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə günahlandırılır".

 

Etiraf, yoxsa yaşamaq naminə hayqırış

Məlum olduğu kimi, məhbusları iki yerə ayırırdılar. B. Çobanzadə və digər bitərəflər, partiya üzvü olmayanlar Bakıda qalanlar qrupuna aid idilər. Prosedur Hərbi Kollegiyanın "troyka" ("üçlük") adlandırılan səyyar iclasını gözləməyə tələb edirdi. İstintaq 1937-ci ilin sentyabr əvvəllərində sona çatdı, amma "troyka"nın gəlişini bir aydan çox gözlədilər. Bu dövrdə işdə nəzərəçarpan əhəmiyyətli sənəd var: "Filologiya üzrə elmlər doktoru, professor B. Çobanzadədən Y.Sumbatovun adına yazdığı 21 sentyabr 1937-ci il tarixli ərizə”. Məhbus istintaq zamanı verdiyi ifadələri təsdiqləyir və Sovet rəhbərliyi dövründə bütün fəaliyyət müddətində... yaxın ətrafının milli təmayüllü şəxslərdən ibarət olduğuna, onların təsiri və rəhbərliyi altında olduğuna görə "peşmançılıq duyduğunu dilə gətirir. O bu təşkilatlarda rəhbərliyə malik olmadığını və “milli təmayüllü"lər təhdidlə ələ aldıqlarını yazır, “canımı boğazıma gətirdilər", – şəklində vurğulayır. Bəlkə də dindirənlər onu canını boğazına yığdıqları üçün belə bir ifadə vermişdir.

"İnqilab əleyhdarı, pantürkçü fəaliyyətdə olduğunu" etiraf edərək, eyni zamanda elm sahəsində və kadrların yetişdirilməsində həqiqi xidmətlərini sıralayaraq o açıqlayır: "Mən tam səmimiyyətlə bildirirəm ki, mübarizədən vaz keçmişəm, qətiyyətlə bütün növdən olan inqilab əleyhdarı işlərdən əl çəkirəm və Böyük Kommunist Partiyasının rəhbərliyi altında bizim unikal vətənimizdə sosializmin qurulmasına hədsiz şövqlə iştirak etməyə hazıram. Mən qətiliklə və geri dönmədən öz geçmişimlə, köhnə inqilab əleyhdarı pantürkçü işlərlə əlaqədar olduğum bütün təşkilatlarla və şəxslərlə əlaqələri kəsməyi qərara aldım. Bu məqsədlə mənə uyğun üsullarla özümü və mənim tanıdığım inqilab əleyhdarı təşkilat, qrup və şəxslərin ortaya çıxarılması üçün istintaqa kömək etmişəm. Bu səbəbdən böyük Kommunist Partiyasından və Sovet rəhbərliyindən öz peşəmlə və Sovetlər Birliyinin güclənməsi işlərimlə və bundan sonra da bütün növdən olan inqilab əleyhdarı millətçilərin ortaya çıxarılmasına kömək etməyə imkan verilməsini xahiş edirəm". Ruhun belə hayqırışı heç bir əhəmiyyət ifadə etmirdi. Hər şey çoxdan həll edilmişdi. Ərizə üzərində dərkənar var: yoldaş Qrigoryana. İşə əlavə edilsin. 9 / X. 1937 (imza anlaşılmır).

 

Bəkir Çobanzadənin ömrü bir gün daha uzandı

Onu xatırlatmaq yerinə düşər ki, R.Axundovun işində olduğu kimi B.Çobanzadənin "təşkilat üzvü" olaraq xarakterizə etdiyi şəxslərin hamısı həbs olunmadı: bir qədər əvvəl R.Axundov tərəfindən adları çəkilənlərdən Üzeyir Hacıbəyov və Abdulla Şaiq, bəraət dövründə bildirildiyinə görə, o işdə iştirak edən yazar Süleyman Rüstəm, dil və ədəbiyyat mütəxəssisləri Əli Sultanlı, Mikayıl Rəfili, Feyzulla Qasımzadə və digərləri. Nəhayət, İ. O. Matuleviç (sədr), İ.M. Zıryanov və Y.K. Jiqur, katib A.F. Kostyuşkodan ibarət olan "troyka" gəldi. Onları SSRİ Prokurorluğunun nümayəndəsi R. Ç Rozovski müşayiət edirdi. Müttəhimlərin sayı çox olduğu üçün məhkəmə 3 gün davam etdi: 11–13 noyabr 1937-ci il. Bütün şübhəlilər dərhal ən ağır cəzaya məhkum edildilər.

B. Çobanzadənin növbəsi ikinci gün, 12 oktyabrda gəldi. Protokoldan göründüyü kimi, məhkəmə 11:20-də başladı və 11:40-da başa çatdı. B. Çobanzadə "özünü tamamilə günahkar saydı" və ilkin istintaqda verdiyi ifadələrini təsdiqlədi. Elm xadimi bütün dörd maddə üzrə günahkar hesab olundu və edam cəzasına məhkum edildi. Hökmün son hissəsi belədir: "Hökm qətidir və 1 dekabr 1934-ci il tarixli SSRİ Mərkəzi İdarə Komitəsinin qərarına uyğun olaraq dərhal yerinə yetirilməlidir". B. Çobanzadənin ömrü bir gün daha uzandı. Hamısını birlikdə güllələmək daha asan idi. Məhkəmələr bir gün daha davam etdi. Hamı sonuncu gün – 13 oktyabr 1937 edam edildi. Edam tarixi B. Çobanzadənin işində hökmün yerinə yetirildiyi sənəddə yer almışdır. Lakin B. Çobanzadənin dəfn yeri məlum deyildir.

 

B.Çobanzadə, A.Tağızadə və C. Məmmədzadə güllələnməyib?

4 il bundan qabaq B.Çobanzadənin ölümünün 75-ci ildönümü münasibəti ilə Türkiyədə “Qardaş qələmlər” aylıq ədəbiyyat jurnalındakı “Krım türklərinin böyük alimi Bəkir Sidqi Çobanzadə” adlı yazıda (№83, 2013-cü il) Hüseyn Albayraq onun Sibirə sürgünə göndərildiyi barədə iddialara yer verib. Belə ki, yazıda 7 avqust 1942-ci il tarixli "Azad Krım" qəzetində Abdullah İsmail imzası ilə dərc edilən bir yazıda B. Çobanzadənin sürgündə olması ilə əlaqədar məlumatlar verilir:

"1938-ci ilin dekabr ayında, mənfi 38 dərəcə soyuq bir havada, Sibirdəki kiçik axar sulardan biri olan Troy-Peçorskinin sahilində Pokrovka kəndi ətrafında ucu-bucağı olmayan meşədə gözətçinin əmri altında odun kəsirdim. Düşərgəmizin qarşısından məhbus dəstəsinin keçdiyini gördük. Onlar da bizi görmüşdülər və siqaret çəkmək bəhanəsi ilə dayandılar. Bizdən 10–15 addım qədər məsafədə idilər. Hardan gəldiklərini soruşduq. Qafqazdan gəldiklərini söylədilər. Marağımız daha da artdı. İnsan ruhu və rəngini itirmiş olan zavallılar bir-birlərinə baxışdılar. Bu zaman onlardan biri mənim adımı ağzından qaçırdı. Ona diqqətlə baxdığım zaman, Bakıda nəşr olunan "Yeni yol" qəzetində tam on il birlikdə çalışdığım keçmiş jurnalist və tarix müəllimi Həsən İmmovun solmuş çöhrəsini çətinliklə tanıya bildim. Sürgün məhbusları arasında 1924-ci ildə Krımdan Azərbaycana gəlib Bakı Universitetinin Türkologiya bölməsində

Türk dili və ədəbiyyatı professoru olmuş Bəkir Sidqi Çobanzadə, tanınmış tarixçi Abdulla Tağızadə, Cabbar Məmmədzadə və bir çox ziyalılar vardı...

Uzaqdan, bir-birimizə yaxınlaşmayaraq, 15 dəqiqəyə qədər müddət ərzində danışdıqdan sonra, Qafqazdan olan sürgün məhbuslarını bizdən ayırdılar. Uzaqlaşdılar və gözdən itdilər. Anlaşıldığına görə, daha şimaldakı Barkuta getdilər. İndi sevimli şair və professorumuz və yoldaşlarının taleyi gözə görünməyən o qüvvənin əlindədir. Kim bilir, bəlkə yenə görüşərik ... "

B.Çobanzadə ilə birlikdə adıçəkilən ikinci şəxs SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının elmi işçisi, Azərbaycan orfoqrafiyası və terminologiyası sahəsində tanınmış mütəxəssislərdən biri sayılan Abdulla Məmməd oğlu Tağızadə ilk təhsilini Gəncədə alıb, sonra Bakıda oxuyub. A.Tağızadə orta məktəblər üçün türk dili dərsliklərinin yaradılmasdında yaxından iştirak edib. "Qədim türk dilləri" (Bakı 1927), "Müxtəsər üslubiyyat" (Bakı 1933) kitablarını yazıb. 1937-ci ildə həbs edilən Abdulla Tağızadə də 1938-ci ilin yanvarında güllələnməliydi. Ən azından istintaq sənədləri bunu təsdiq edir.

Üçüncü şəxs İrəvanda ziyalı ailəsində anadan olmuş Cabbar Məmmədzadə (1882-1937) İrəvan müəllimlər seminariyasını 1902-ci ildə bitirmiş, 1907-ci ildən həmin seminariyada müəllim işləmişdir. 1918-ci ilin avqustunda müəllimlər seminariyası bağlandıqdan sonra Naxçıvana gəlmiş, iki il oradakı ali ibtidai məktəbdə dərs demişdir. Həmin illərdə onun 3 kitabı (“Самоучителъ тюрского языка для русских”, “Самоучителъ русского языка для тюрок”, “Самоучителъ русского языка для персов”) nəşr olunmuşdur. O, 1920-ci ildə Bakıya köçmüş və ali məktəblərdə mühazirələr oxumuşdur. 1937-ci ildə “Azərbaycanda tədris metodikası tarixi” adlı əsərinə görə ona pedaqoji elmlər doktoru elmi dərəcəsi verilmişdir. C.Məmmədzadə də B.Çobanzadə ilə eyni gündə güllələnmişdir.

Amma bu şəxslərin sürgündə görülməsi iddialarının həqiqi və ya yalan olduğu çox güman ki, araşdırılmayıb. Ona görə də həmin ziyalıların Sibirə göndərilməsi şübhələri də mövcuddur. Hətta belə bir ehtimal da var ki, o dövrdə yaxınlarının əllərini birdəfəlik üzməsi üçün siyasi rəqib kimi görülməyən ədəbiyyatçılar, güllənmə hökmü çıxarılsa da, ondan betər olan, son ucu ölüm olan Sibir sürgününə göndəriliblər. Sayısız-hesabsız cavabsız suallarla və müəmmalarla dolu 37-ci il repressiyasının o qədər sirli və dəhşətli tərəfləri var ki, bu iddianın da doğruluğuna inanmaq mümkündür.

 

Güllələnməyə aparılan məhbuslar niyə döyülürdü?

Bu dəhşətli faktlardan biri Moskvada nəşr edilən “Repressiya olunmuş türkologiya” kitabında əksini tapmışdır. Bu faktı normal insan düşüncəsi həzm edə bilmir.

Belə ki, Y. Sumbatovun dövründə Bakıda güllələnməyə parılan məhbusların başına gətirilənlər barədə onun mühafizəçisi Tağıyev 1954-ci ildə belə izah edir: "Məhbusları edama apararkən tez-tez onları döyürdülər. Bu vəziyyətlərdə güllələnmək üçün gözləyən məhbusları edama aparmazdan əvvəl yerləşdirdikləri xüsusi otaqlarda döyürdülər".

R.Axundovun bəraəti ilə bağlı cinayət işində dindirilən Tağıyevin şahidliyinə görə, bu vəhşicə davranışda Y.Sumbatov və onun köməkçisi B.Gerasimov da iştirak edirdi: "Artıq edama məhkum edilmiş məhbusları hansı məqsədlə döydüklərini mən bilmirəm". Onsuz da bir neçə dəqiqə sonra güllələnməyə aparılacaq məhkumları niyə döyürdülər? Edamdan əvvəl döyməyi heç bir "səbəblə" əsaslandırmaq mümkün deyildi, bu, açıq-aydın sadizm (zorakılığa meyl etmə, alçaldılma və digər əzablardan həzz alma) idi. Əgər B.Çobanzadənin istintaq dövründə "fiziki təsir üsullarından" xilas olmaq ehtimalı var idisə, bu vəziyyətdə xüsusi rəftara tabe tutulması ehtimalı çox inandırıcı deyildi. Yəni onun da edamdan qabaq döyülməsinə şübhə yox idi.

 

20 ildən sonra bəraət

Professor B. Çobanzadənin həyat yoldaşı, sənətçi Ruqiyə Gireyevna Abdulina ərinin edam edilməsindən bir gün sonra, 14 oktyabr 1937-ci il tarixində həbs edildi. "Vətən xaini”nin ailə üzvü kimi 8 il müddətində məhbus düşərgəsinə göndərildi. 1955-ci ildə o, Azərbaycanın Xaçmaz şəhərində musiqi məktəbində müəllim olaraq çalışırdı (onun Bakıda yaşaması qadağan edilmişdi). 21 fevral 1955-ci ildə o, Azərbaycan Daxili İşlər Nazirliyinə onun və həyat

yoldaşının istintaq işlərinə yenidən baxılması xahişi ilə müraciət etmişdi. O yazırdı: "Mən öz sahəmdə mütəxəssisəm, müstəqil şəkildə çalışırdım, niyə onun hərəkətləri üçün hesab verməliydim? İllər keçməsinə baxmayaraq, bu günə qədər mən gəncliyimi, karyeramı, mülkümü nə üçün itirdiyimi başa düşməmişəm". 13 dekabr 1955-ci il tarixində Ruqiyə Gireyevna bəraət aldı.

B. Çobanzadənin özünün bəraəti çox uzandı və bu proses Moskvada güllələnən R.Axundov və digər partiya xadimlərindən daha sonraya qaldı. 19 oktyabr 1955-ci il tarixində SSRİ Hərbi Prokurorluğu Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə (KQB) B. Çobanzadənin istintaq işinın Moskvaya göndərilməsi üçün bir tələbnamə göndərdi. Bu işlərlə birlikdə 402 səhifədən ibarət olan "Professor" adlı və "Başıpozuq" adlı casusluq işləri də Moskvaya göndərildi. Sonuncu səsnədlərdən istintaq işinə yalnız casusluq təqibinin 1935-ci ildə başa çatdırıldığına dair sənəd əlavə olunmuşdur. Sənəddə Türkiyə kəşfiyyatı lehinə çalışmadığına dair 27.03.1956-ci il tarixli sənədlər də yer alır.Yalnız 18 sentyabr 1956-cı il tarixində hərbi prokuror podpolkovnik B.Plexanov SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası üçün yekun sənədi hazırladı, 4 gün sonra bu sənədi SSRİ Baş prokurorunun köməkçisi təsdiqlədi.

Artıq sənəddə təsdiq edilirdi ki, mərhumun ifadələri "həqiqəti əks etdirmir", ona böhtan atan şəxslər ölümlərindən sonra bəraət almış və ya almaqdadırlar: "B. Çobanzadənin xarici kəşfiyyatla əlaqələrinə dair sübut yoxdur". O da qeyd edilirdi ki, onu tanıyan professor və müəllimlərdən M. Şirəliyev, F.Qasımzadə, M. Dadaşzadə, A. Sultanlı və Pirumov elm xadiminin lehinə ifadələr vermişlər. Nəticə: hökmün dəyişdirilməsi lazımdır. Yekun sənədində eyni zamanda bildirilir: "İstintaq işi üzrə dindirmədə iştirak edən Azərbaycan NKVD-sinin köhnə işçiləri Gerasimov, Serov, Qriqoryan, Çinman məhkum edilmiş, Sumbatov isə həbs olunaraq istintaq işlərini saxtalaşdırdığı günahından mühakimə olunur". Sumbatov məhkum edilmədi, çünki məhkəməyə qədər yaşaya bilmədi. B. Çobanzadənin bəraətinin son mərhələsi 6 aydan çox davam etdi (onunla müqayisədə R.Ə.Axundovun bəraəti 2 gün davam etmişdi). Yalnız 6 iyun 1957-ci il tarixində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası "cinayət tərkibi olmadığı üçün" 12 oktyabr 1937-ci il tarixli hökmün istintaq işinı qüvvədən düşmüş hesab etdi.

 

B.Çobanzadənin elmi və ədəbi irsi

Elm xadiminin istintaq işinı ilk dəfə olaraq Azərbaycan Elmlər Akademiyasının alimi Z.Bünyadov araşdırmış və onun haqqında qısa yazı yazmışdır ("Elm" jrunalı, 08.02.1990). B.Çobanzadənin tərcümeyi-halı və əsərlərinin siyahısı, Krım türklərinin ədəbiyyatından Türkiyə türkcəsinə tərcümələrin, eyni zamanda B.Çobanzadədən bəhs edən yazının tərcüməsinin olduğu geniş bir kitabın İstanbulda nəşr olunduğunu da qeyd etmək yerinə düşər.

Böyük elm xadiminin 20 illik fəaliyyəti isə çox məhsuldar olmuşdur. "Rusiya tatarlarının mədəni həyatının inkişafı üzrə bir tədqiqat" (1915), "Türk ədəbiyyatında yeni addımlar" (1916), "Krım tatarcasının qrammatikası haqqında elmi tədqiqat" (1924), “Türk dili və ədəbiyyatının tədris üsulu” (I hissə) (1924), “Türk dili və ədəbiyyatının tədris üsulu” (II hissə), “Türk-tatar lisaniyyatına mədxəl” (1924), “Türk dili sərflərinin ümumi qüsurları” (1924), “Füzuli monoqrafiyası” (1925), "Nəvainin dili üzrə monoqrafiya" (1926), “Kumık dili və şifahi ədəbiyyatı üzrə tədqiqat işləri” (1926), “Türk-tatar dialektolojisi” (1927), “Türk ədəbiyyatı (əski türk ədəbiyyatının xülasələri)” (1929), “Türk ədəbiyyatı (xalq ədəbiyyatı xülasələri)” (1929), “Türk qrammatikası” (1930), "Azərbaycan türk ədəbiyyatının yeni dövrü" (1930), "Azərbaycan türk dilinin elmi qrammatikası "(1930), “Xarici dil tədrisinin təməl metodu məsələləri" (1932), "Özbək dilinin tədrisinin təməl metodu" (1932), "Qaraçay-Balkar dili üzərinə qeydlər" (1932), "İbni Mühennanın türk qrammatikası" (1933), "Leyla və Məcnun mövzusunun təhlilinə doğru” (1934), "Kitabi-Dədə Qorqudun ədəbi linqvistik təhlili" (1935) kimi əsərləri bu gün hələ elmi dəyərini mühafizə etməkdədir.

B.Çobanzadə Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş aparmış, eyni zamanda Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxumuşdur (1920-1936). Bu illərdə

Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlamışdır. I Ümumittifaq Türkologiya qurultayının təşkilində fəal çalışmışdır (1926). Türk xalqlarının yeni əlifbaya keçməsində fəal iş aparmışdır. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışmışdır (1924-1929). Moskvada Şərq xalqları İnstitutunun həqiqi üzvü seçilmişdir. Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdur. Nəzəri-filoloji irsi zəngin və çoxcəhətli idi. Sovet Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqinə və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olmuşdur. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunmuşdur. B.Şobanzadə Krım türkü olsa da, Azərbaycan dilçiliyi və elmi üçün böyük və əvəzsiz töhfələr vermişdir.

Bununla yanaşı, B.Çobanzadə Krım türklərinin ən tanınmış şairlərindən olmuşdur. "Yaz axşamı ay altında", "Səs soyuq bu qurbət", "Ah tapılsam", "Su anası", "Dunay daşa", "Anam", "Buludlar" kimi şeirlərinin də yer aldığı "Boran" adlı şeir kitabı 1927-ci ildə nəşr edilib. Şairin şeirlərindən bir hissəsi Abdulla Lətifzadənin şeirləri ilə birlikdə kitab halında Əşrəf Şəmizadə tərəfindən də nəşr edildi (1971). Onun rus dilindən mükəmməl şəkildə tərcümə etdiyi A.Puşkinin “Baxçasaray çeşməsi” poeması da Krım türklərinin ədəbiyyat dairləri tərəfindən yüksək qiymətləndirilir.

Qaşqay ZİYƏDDİNOĞLU


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-08-2017
21-08-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.247 san