09:25 21 İyun 2017
2176 dəfə oxunub
Çap versiyası

 

 

Avropanın həll olunmamış ən böyük problemlərindən biri olan Kipr məsələsi bu günlərdə yenidən gündəmə çıxarılıb. Verilən məlumata görə, 28 iyun 2017-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının təşkilatçılığı altında İsveçrənin Cenevrə şəhərində Kiprlə əlaqədar konfrans keçiriləcək. Konfransda adadakı iki tərəflə yanaşı, üç qarantor dövlət (Türkiyə, Yunanıstan, Böyük Britaniya) iştirak edəcək, Avropa İttifaqı (Aİ) isə müşahidəçi qismində danışıqlara qoşulacaq. Türkiyə rəhbərliyi xarici siyasətdə Şimali İraq, Suriya və Qətərdəki vəziyyətə istiqamətləndiyi bir vaxtda Kiprlə bağlı son yeniliklər və bu barədə gələn xəbərlər indiki məqamda bu cəhdin rəsmi Ankara və Şimali Kipr Türk Respublikasının (ŞKTR) maraqlarına uyğun olmadığını göstərir.

Türkiyədəki müşahidəçilərin qənaətinə görə, bu danışıqlar dünyanı idarə etmək istəyən qlobal güclərin ortaya qoyduğu planın bir hissəsidir. Ona görə də bu cəhdləri həmin qüvvələrin regiondakı geostrateji, enerji və digər maraqlarını, ümumiyyətlə, bölgədəki Yaxın Şərq geosiyasəti kontekstində qiymətləndirmək lazımdır. Məhz bu səbəbdən Kipr məsələsindəki indiki vəziyyət bəzi proqnoz, təhlil və ehtimalların gündəmə gəlməsinə şərait yaradır.

 

“Annan Planı”na “yox” deyən Avropa İttifaqına üzv oldu

 

Əslində Avropa İttifaqının müzakirələrdə müşahidəçi olaraq iştirak etməsinin özü Kipr yunanları və Yunanıstan tərəfinin mövqeyini gücləndirir. Yəni Avropa İttifaqı yunanlara dəstək verməyə hazır olacaq, türk tərəfinə isə təzyiq etməyə çalışacaq. Çünki Yunanıstan və Cənubi Kipr ittifaqın üzvləridir və təbii olaraq tamhüququlu üzvlərin tərəfində dayanacaqdır. Bu vəziyyətdə Kipr probleminin ədalətli həllini, özü də Avropa dövlətlərindən, gözləmək sadəlövhlük olardı. Belə ki, bütün beynəlxalq müqavilələrin müvafiq müəddəalarını pozaraq, həm də əhalisinin əksəriyyətinin “Annan planı”na “yox” dediyi halda yunan icmasını Kipr Respublikası adı ilə birliyə üzv kimi qəbul edən də, bununla da Cənubi Kiprə bütün adanın adından təmsilçi olmaq hüququ verən də Avropa İttifaqıdır.

Məlum olduğu kimi, “Annan planı” 2004-cü ilin aprelində adanın hər iki hissəsində səsverməyə çıxarlmış, türklərin 65 faizi bu plana “hə” desə də, yunanların 75 faizi “yox” deyərək onu rədd etmişdir. BMT-nin keçmiş Baş katibi Kofi Annanın adı ilə bağlı olan bu plana görə Kipr federal dövlət quruluşuna malik olmalı idi. 10 aydan bir dövlət başçısı və baş nazir vəzifələri yunan və türk icmasından olmaqla yerlərini dəyişəcəkdi. Qurulacaq yeni dövlətin adı Biləşmiş Kipr Respublikası olacaqdı. Lakin müəyyən cəhətlərinə görə türklərin maraqlarına da zidd olan bu təkliflər paketinə yunanların mənfi mövqe bildirməsinə görə bu Plan da tarixə qovuşdu. Düzdür, 2008-ci ildə hər iki icmanın liderləri həmin planın bəzi hissələrini təşkil edən müddəalar barədə razılığa gəlmişdilər. İndiki danışıqların əsasını həmin müddəaların təşkil etməsinə şübhə yoxdur. Ümumi götürəndə, Avropa İttifaqına üzvlüklə “mükafatlandırılaraq”, Kipr adından danışmaq hüququ əldə edən yunanlar üçün adada hər iki tərəfi qane edən, problemin ədaləti həllinə dair danışıqlar aparmaq o qədər də maraq kəsb etmir.

 

Dağılmaqda olan Avropa İttifaqı Kipri biləşdirir

 

Tarixdən o da məlumdur ki, 1974-cü ildən sonra aparılan danışıqların hamısında adada federasiya və ya konfederasiya yaradılması təklifləri müzakirə edilmişdir. Türk tərəfi də 1960-70-ci illərdəki etnik münaqişə zəminində məlum qətllərə baxmayaraq, yeni respublika elan edənə qədər də, ondan sonra da bu təkliflərə həmişə müsbət yanaşmışdır.

Hərçənd ki, dünyada və Avropanın özündə yaranmış son vəziyyət hazırda federasiyadan və ya konfederasiyadan danışmağın yersiz olduğunu göstərir. Federasiyaların, ittifaqların dağıldığı, Böyük Briyaniyanın Aİ-dən ayrıldığı, hətta Birləşmiş Krallığın adada yerləşən ştatlarının müstəqillik tələb etdiyi, İspaniyanın və Belçikanın ərazi bütövlüyünün müzakirə edildiyi bir

dövrdə, adadakı iki ayrı xalqı, iki ayrı dövləti birləşdirmək cəhdinin məntiqi yoxdur. Halbuki yunanlar adada federasiya deyil, unitar bir dövlət quruluşu istəyirlər.

Amma ABŞ, Aİ və Yunanıstan tərəfi israrla Kipri birləşdirməyə çalışır. Onların məntiqinə görə, bir adada iki dövlətin mövcud olması qəbuledilməzdir. Ona görə ki, burada tərəflərdən biri türk icmasıdır. Məhz bu səbədən də ŞKTR indiyə qədər Türkiyədən başqa, heç bir dövlət tərəfindən tanınmır. Halbuki dünya təcrübəsində eyni adada və yarımadada müxtəlif dövlətlərin mövcud olması nümunələri çoxdur. Məsələn, elə Böyük Britaniyanın ştatlarından olan Şimali İrlandiya əyaləti İrlandiya Respublikası ilə, İndoneziyanın bir hisəsi Şərqi Timor , Malayziya və Papua yeni Qvineya ilə eyni adada yerləşir. İki koreya dövləti eyni yarımadada yerləşir. Belə təcrübələrin çox olduğuna baxmayaraq, Avropa Kiprdə türk dövlətinin mövcudluğunu həzm edə bilmir.

 

Kipr adasını Türkiyənin əlindən almaq istəyirlər

 

Bu vəziyyətdə Aİ-də "Kipr Respublikası" adından çıxış edən yunanların iddiası isə elə böyükdür ki, onlar, hətta Türkiyənin qarantor ölkə olmaqdan imtina etməsini gözləyirlər. Onlar anlamaq istəmirlər ki, Kiprdə iki bərabərhüquqlu xalq, iki ayrı dövlət var. Digər tərəfdən, Türkiyənin Kiprdə strateji təhlükəsizlik səviyyəsində xüsusi maraqları var. Çünki Osmanlı dövləti xarici dövlətlər tərəfindən parçalandıqdan sonra Aralıq dənizində Türkiyənin əlindən alınan strateji adaların sırasına Kiprin də qoşulması yolverilməzdir. Bu səbəbdən də qarantorluqdan imtina deyil, onu daha da effektiv etmək, həqiqətən gücləndirmək, iki bərabərhüquqlu tərəfin mövcud olduğu məsələsində israr etmək, torpaq, xəritə, əhali, mülkiyyət məsələlərində güzəştə getməmək lazımdır. Belə ki, Kiprdəki rumlar (yunanlar) türklərdən, Karpaz dağları daxil olmaqla, 7 faizə yaxın torpaq istəyirlər. Halbuki tərəflər zəmanət və ittifaq məsələlərində tam razılığa gəlmədən torpaq və mülkiyyət məsələsi gündəmə gətirilə bilməz.

Mülkiyyət problemi siyasi iştirak və hüquqla birbaşa əlaqədardır. Bu səbəblə rumlar əhali və mülkiyyət məsələlərindən istifadə edərək şimal zolağında üstünlük əldə etməyin yollarını axtarırlar. Yunanlar Aİ üzvlüyü üstünlüyündən faydalanaraq şimalda yunan əhalinin sayının artırılması, demoqrafik quruluşun dəyişdirilməsi haqqında planlar qururlar. Yunanlar Şimali Kipr Türk Respublikasının indiki prezidenti Mustafa Axıncının torpaq məsələsində verdiyi böyük güzəştləri yetərli hesab etmirlər. Qismən də olsa buna nail olurlar. Çünki danışıqlar prosesindəki indiki vəziyyətdə türk tərəfinin “Annan planı”nın bəzi müddəalarını qəbul etməsi ehtimalları var. Halbuki rədd edilən, özü də yunanlar tərəfindən rədd edilən bir planın müzakirələrdə əsas götürülməsi səhv yanaşmadır.

Belə ki, “Annan planı” qəbul edilsəydi, cənubdakı 160 min yunan əhali şimala yerləşəcəkdi. Şimaldakı türklər vaxt keçdikcə azlıqda qalacaqdılar. Çünki adadakı yunan əhali, türk əhalidən təxminən 4 dəfə çoxdur. Buna görə də yunanlar adanın hamısına nəzrət etmək və yeganə hakim qüvvə olmaq istəyirlər. Türkləri də milli azlıq, icma kimi görür, vaxt keçdikcə assimilyasiya edəcəklərini və ya adadan qovacaqlarını düşünürlər. Türk tərəfinin Kiprdə indiyə qədər əldə etdiyi zəmanət, uğur və səlahiyyətlərinin müzakirəyə çıxarılmasından da istifadə edilir. 1959 – 1960-cı illərdə Sürix və Londonda imzalanan zəmanət və ittifaq müqavilələrinin ləğv edilməsi ilə, Türkiyə Sülhməramlı Qüvvələrinin adadan çəkilməsi ilə Kipri də Krit adası kimi Türkiyənin əlindən almaq istəyirlər.

 

Şimali Kipr blokada şəraitində yaşayır

 

Bununla da yunanlar Türkiyəni mühasirəyə almaq istəyirlər. Əldə edilən məlumata görə, bu yaxınlarda Yunanıstan və Cənubi Kipr Yunan İcması, Aİ çərçivəsində görüş keçirib. Türkiyənin Egey və Aralıq dənizində müasirəyə alınması, regiondan sıxışdırıb çıxarılması planları hazırlanır. Krit və Rodos adalarından sonra Kipr də tamamilə yunanların nəzarətinə keçsə, Yunanıstan Türkiyəni qərbdən və cənubdan çevrələyərək blokadaya sala bilər. Bu zaman Türkiyənin kommersiya gəmiləri Yunanıstandan icazə almadan dənizə çıxa bilməz.

Onu da xatırlatmaq lazımdır ki, Kipr məsələsində həm adadakı yunanlar arasında, həm də Yunanıstanda tam bir milli uzlaşma, həmrəylik mövcuddur. Kilsə də, kommunistlər də bu məsələdə eyni mövqedədirlər. Xristian ermənilərin tərəfini saxlayan Qərb də problemə “Səlib yürüşü” mövqeyindən yaxınlaşır, adadakı məsələyə müsəlman - xristian qarşıdurması məsələsi kimi baxır. Əgər Qərb, yəni Avropa İttifaqı Kipr məsələsinə obyektiv münasibət göstərsəydi, onun ədalətli həllini istəsəydi 2004-cü ildə “Annan planı” referenduma çıxarılmazdan qabaq verdiyi vədlərə əməl edər, Kipr türklərinə tətbiq olunan blokadanı qaldırardı. Verilən vədlərin heç birini yerinə yetirmədi. Əksinə məlum Plana 65 faiz səslə razılıq vermiş türklərin cəzalandırılması 43 ildir ki, davam edir.

 

Türkiyənin 18 adası işğal edilib

 

Avropa İttifaqının danışıqlara qatılan nümayəndələri və Türkiyə tərəfi bunu unutmamalıdır ki, əgər adada 1974-cü ildən indiyə qədər heç bir ciddi münaqişə baş verməyibsə, Kipr Sülh Əməliyyatı və şimaldakı Türkiyə Sülhməramlı Qüvvələri sayəsindədir. Adada türklərin və yunanların bundan sonra bir-birinə qaynaşmış şəkildə yaşaya biləcəyini düşünmək isə xəyaldır.

Bu məqamda yunanların bu danışıqlara həvəslə getməsinin səbəbi barədə bir xatırlatma yerinə düşər. Son dövrlərdə Egey dənizindəki 18 türk adasının Yunanıstan tərəfindən işğal edilməsinə ciddi şəkildə etiraz etməyən Türkiyənin bu məsələdə də geri addım ata biləcəyini düşünürlər. Adalar məsələsində Türkiyənin qəti və ciddi addım atmaması yunanları daha həvəsləndirib. Belə ki, son illərdə regiondakı gərgin vəziyyətdən istifadə edən Yunanıstan silahlı qüvvələri Egey dənizində Türkiyəyə məxsus kiçik, amma strateji və turizm cəhətdən perspektivli olan adaları sakit şəkildə ələ keçirib. İşğal altındakı adalar məsələsi isə yalnız Milli Müdafiə Nazirliyinin sabiq katibi Ümid Yalın vasitəsi ilə vaxtaşırı mətbuatda qaldırılmaqla gündəmə gəlib.

İndiki məqamda yunanların üstünlüyü şəraitində ŞKTR və Türkiyənini güzəştlərinə hesablanmış bu danışıqlardan hər hansı ciddi nailiyyət əldə edilməsi də sual altındadır. Çünki qeyd edildiyi kimi, yunan tərəfi adadakı Türkiyə sülhməramlı qüvvələrinin geri çəkilməsini ön şərt kimi qoyur.

Kipr adası ilə bağlı danışıqlara start verilməsini adanın ətrafında enerji ehtiyatının mövcudluğunu, Kiprin İsrailə yaxın olmasını, Aralıq dənizi regionundakı geosiyasətin dəyişməsini, ən nəhayət, Suriya və İraq başda olmaqla Yaxın Şərqdəki vəziyyəti nəzərə almaqla qiymətləndirmək lazımdır.

Məhz bu amilləri də nəzərdən keçirərək, sonda fikrimizi bu məsələ ilə bağlı Türkiyə mediasında səslənən və Avropanın indiki mövqeyinin ədalətdən uzaq, ikili standartlardan xali olmadığını göstərən belə bir maraqlı dəyərləndirmə ilə, daha doğrusu, sualla yekunlaşdırmaq istəyərdim: “İraq və Suriyanı parçalayanlar niyə Kipri birləşdirmək istəyirlər?”

 


Müəllifin digər yazıları

  1. QANİÇƏN REJİMƏ MEYDAN OXUYAN PEDAQOQ
  2. KƏNGƏRLİ NƏSLİNİN SONUNCU GENERALI
  3. PROFESSORU CASUS KİMİ İTTİHAM ETDİLƏR - Foto
  4. VƏZİR NƏSLİNİN SƏFİR ÖVLADI - Repressiyanın 80-ci ili (VII yazı)
  5. BOYNU BÜKÜK ACARA (III yazı – Siyasi təhlil)
  6. 15 SENTYABR ZƏFƏRİNİN 99-CU İLDÖNÜMÜ
  7. Bir səfərdən üç yazı - AVROPA HARA, BİZ HARA (II yazı-müşahidə)
  8. Bir səfərdən üç yazı - MƏN GEDİRƏM BATUMA (I yazı–təəssürat)
  9. Repressiyanın 80-ci ili - SAĞLIĞINDA BƏRAƏT ALAN YEGANƏ ALİM - (VI yazı)
  10. Repressiyanın 80-ci ili (V yazı) - ÖLÜMÜ SÜRGÜNDƏN ÜSTÜN TUTAN ALİM
  11. SARKİSYAN VƏ DİGƏR MÜHARİBƏ CİNAYƏTKARLARINI HƏRBİ TRİBUNAL GÖZLƏYİR
  12. Müharibə zamanı KİV-də obyektivlik problemləri
  13. Repressiyanın 80-ci ili (IV yazı) - UNUDULMUŞ ŞƏRQŞÜNAS: Zifeld-Sumumyaqi
  14. Reklam mədəniyyətsizliyi - Prezidentin yaratdığı yeni qurumun fəaliyyəti bu problemin qarşısını ala bilər
  15. Repressiyanın 80-ci ili (III yazı) - GƏNCƏLİ ABDULLANIN BAKIDAKI NAKAM SONU
  16. SİLAHLI QÜVVƏLƏRİMİZİN 99 YAŞI
  17. AVROPASAYAĞI ƏDALƏT: İraqı və Suriyanı bölənlər Kipri birləşdirmək istəyir
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4804 san