07:53 03 İyul 2017
2709 dəfə oxunub
Çap versiyası

 

 

Ölkəmizdə reklamın vəziyyəti ilə bağlı müntəzəm olaraq televiziya, elektron media, ümumiyyətlə, mətbuatda müxtəlif fikirlər səslənir. Reklamın inkişaf problemləri barədə dəfələrlə yazılıb, deyilib, mənfi və müsbət cəhətləri diqqətə çatdırılıb. Habelə antireklam məsələləri də medianın gündəminin daimi mövzularındandır. Məni narahat edən məsələ, bir qədər antireklam xarakterli olsa da, ekrandan və efirdən bizə sırınan bəzi reklamların bərbad vəziyyətidir. Bu isə diqqət və əhatə dairəsinin genişliyi baxımından Azərbyacan cəmiyyətinə müsbət təsir göstərmir.

Əvvəla etiraf etməliyik ki, bəzi sahələrdə olduğu kimi, reklam sahəsində də dünyanın inkişaf etmiş ölkələrində əldə edilmiş səviyyədən geri qalmaqdayıq. Şübhəsiz, inkişaf etmiş ölkələrdəki reklamın səviyyəsini tutdura bilməməyimizin səbəbləri arasında keyfiyyətli reklam təqdim olunmaması dayanır desək, yanılmarıq. Yəni hər bir işin təqdim olunmasının öz qaydası, mədəniyyəti olmadıqda ortaya keyfiyyətsiz, mənfi reaksiya doğuran məhsul çıxır. Son dövrlər ölkənin elektron KİV-lərində, ekran və efirində dövriyyəyə buraxılan reklamların bəziləri bu qəbildəndir.

Elə mən də dolayısı yolla reklam sahəsinin inkişafına təsir edən cəhətinə toxunmaq istəyirəm. Əvvəla, bizim media qurumlarına “layiq görülən” reklamların bir çoxu milli mentalitetimizə tamamilə zidd elementlərlə dolu olur. Ən çox da televiziya və radioda bizə təqdim edilən reklamlar əsəbləri tarıma çəkir. Məsələn, işdən evə qayıdanda maşında və ya avtobusda radiodan hansısa plastik boru reklamını eşidirsən: “ə, ayıbdır, şalvarını çıxarma”. Plastik borunun şalvara nə dəxli var? Ən əsası da belə bir elementin bu reklamda yer almasına nə ehtiyac var? Bu, doğrudan da, biabırçılıqdı! Hələ o reklamı səsləndirən aktyorun səsi beyindəki ən reaksiyasız neyronu da qıcıqlandırmağı bacarırsa, buna reklamdan başqa, əcaib olan nə ad desən vermək olar. Digər tərəfdən, bu reklamdakı həmin şəxsin səsi

oyaq uşağı və yatan yaşlı insanı belə qorxudacaq səviyyədə yüksəkdir. Halbuki “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (15 may 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmişdir) 20-ci maddəsinin 2-ci bəndinə görə, reklamın, o cümlədən onun başlanması barədə xəbərdarlığın səsinin yüksəklik həddi yayımlanan proqramın (verilişin) səs yüksəkliyi həddindən artıq olmamalıdır.

Tezliyin və adını çəkmək istəmədiyim radiolardan birində efirə gedən biabırçı reklamdan nümunə: Bir qadın sual verir: “Necə oldu? Rahat boşana bildin”. Digər qadın cavab verir: “Hə, evi satdırdım, pulunun yarısını, maşınını əlindən aldım”. Bu cür reklam çarxı hazırlayanlar hansı məmləkətdə yaşayırlar? Bunlar cəmiyyəti hara sürükləyirlər?

Birincisi, ailələrin dağılması kimi mənfi halları təbliğ etmək reklam haqqında qanunvericiliyin pozulması deyilmi? Belə ki, “Reklam haqqında” Qanunun 4-cü maddəsinin 4-cü bəndinə görə, “... reklam milli mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Reklamda ...etik normalara zidd hallara yol verilməməlidir”. Adıçəkilən reklamda bu maddənin müvafiq bəndini pozulması halları var.

İkincisi, feminizmin yüksəlişdə olduğu Avropanın göbəyində yerləşən ölkələrdə belə insan hüquqlarının əsas götürülməsi səbəbindən bu cür reklamlara icazə vermirlər. Yəni hər hansı boşanan qadının dilindən bir kişini və ya uşağın atasını az qala düşmən kimi təqdim etməklə hansısa hüquq şirkətinin reklamını aparmaq “milli mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə ziyan vura biləcək hərəkətlərə təhrik” və “etik normalara zidd hallara yol vermək”dir.

Göstərilən nümunələrin sayını artırmaq da olar. Məhz bu səbəbdən, müasir texnologiyaların inkişafı ilə bütün qayda, adət-ənənə və prinsiplərin pozulduğu bir durumda heç olmasa, bu cür etik normalara sığmayan, mədəniyyətdən uzaq reklamların efirə üfürülməsinin qarşısı alınmalıdır. Ən azından bu tədbirləri görməyi qanunlarımız tələb edir. Belə ki, “Reklam haqqında” Azərbaycan

Respublikasının Qanununun “Reklam sahəsində dövlət nəzarəti” adlanan 34-cü maddəsinin 1-ci bəndinə görə, reklam fəaliyyətinə dövlət nəzarətinin məqsədi reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir.

İndi isə haqqında daha çox yazılan şəhərin ictimai-iaşə obyektlərinin, özəl şirkətlərin, sahibkarlıq subyektlərinin qarşısına vurulan, küçələrdə yerləşdirilən reklamların vəziyyətinə toxunmaq istərdik. “Reklam haqqında” Qanunun 1-ci maddəsində qeyd edilir ki, reklamın sifarişi, istehsalı (hazırlanması) və yayımlanması sahəsində münasibətlərin, onlara dövlət nəzarətinin və tənzimləməsinin, həmçinin reklam sahəsində özünütənzimləmənin hüquqi əsaslarını “Reklam haqqında” Qanun müəyyən edir.

Bu məsələdə əsas məqam dil məsələsidir ki, bu problem hələ də öz aktuallığını qoruyur. Yəni mətbuatımızın illərdir qaldırdığı məsələ öz həllini tapmır. Vaxtilə, sovet dövründə mağazaların, obyektlərin adlarında ruscanın həcmi böyük olduğu kimi, indi də çalışırıq ki, ingilis dilində variant daha böyük, hətta iki dəfə böyük olsun. Məsələn, obyektin adı Azərbaycanca “Ağ ulduz”dur. Amma onun doğma dilimizdə adını tapmaq üçün 4 dəfə ondan böyük olan, iki yerdə olmaqla, o yandan bu yana binanı bəzəyən “White Star”ın ətrafını incələməli olursan. Halbuki “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsini 7-ci bəndində aydın şəkildə deyilir: “Reklamda “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır”. Bizim göstərdiyimiz nümunəyə, özü də paytaxtdakı əksər obyektlərin adlarına baxanda belə bir fikir yaranır ki, sahibkarlar ya Qanunun 4-cü maddəsinin müvafiq bəndini tərsinə başa

düşürlər, ya da onlar “oxumaq və tamam əksini əməl etmək” devizini rəhbər tuturlar.

Sadaladığımız problemlərin əksəriyyətinin, ən əsası da sonuncuların, yəni açıq ərazilərdə, metroda, avtobuslarda, ictimai-iaşə obyektlərinin, sahibkarlıq subyektlərinin, şirkətlərin yerləşdiyi binaların qarşısında yerləşdirilən reklamların müvafiq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması yönündə mühüm addım bu günlərdə Azərbyacna Respublikasının Prezidenti tərəfindən atılmışdır. Ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını bu sahədə qayda-qanun yaratmaq baxımından mühüm addım hesab etmək olar.

Ümid edirik ki, bu sahədə olan bütün sadalanan problemlərin aktual və həll edilməsi müşkülə çevrildiyi bir vaxtda dövlət başçısının reklam sahəsinə nəzarət edəcək bir qurumun yaradılması ilə bağlı fərman verməsi bu sahədəki nöqsanları aradan qaldırmaq sahəsində böyük iş aparmağa imkan verəcək.


Müəllifin digər yazıları

  1. Türkiyə cənubundakı terror yuvalarını təmizləyəcək
  2. Seçki-2018: namizədlər, vədlər və reallıqlar
  3. QANİÇƏN REJİMƏ MEYDAN OXUYAN PEDAQOQ
  4. KƏNGƏRLİ NƏSLİNİN SONUNCU GENERALI
  5. PROFESSORU CASUS KİMİ İTTİHAM ETDİLƏR - Foto
  6. VƏZİR NƏSLİNİN SƏFİR ÖVLADI - Repressiyanın 80-ci ili (VII yazı)
  7. BOYNU BÜKÜK ACARA (III yazı – Siyasi təhlil)
  8. 15 SENTYABR ZƏFƏRİNİN 99-CU İLDÖNÜMÜ
  9. Bir səfərdən üç yazı - AVROPA HARA, BİZ HARA (II yazı-müşahidə)
  10. Bir səfərdən üç yazı - MƏN GEDİRƏM BATUMA (I yazı–təəssürat)
  11. Repressiyanın 80-ci ili - SAĞLIĞINDA BƏRAƏT ALAN YEGANƏ ALİM - (VI yazı)
  12. Repressiyanın 80-ci ili (V yazı) - ÖLÜMÜ SÜRGÜNDƏN ÜSTÜN TUTAN ALİM
  13. SARKİSYAN VƏ DİGƏR MÜHARİBƏ CİNAYƏTKARLARINI HƏRBİ TRİBUNAL GÖZLƏYİR
  14. Müharibə zamanı KİV-də obyektivlik problemləri
  15. Repressiyanın 80-ci ili (IV yazı) - UNUDULMUŞ ŞƏRQŞÜNAS: Zifeld-Sumumyaqi
  16. Reklam mədəniyyətsizliyi - Prezidentin yaratdığı yeni qurumun fəaliyyəti bu problemin qarşısını ala bilər
  17. Repressiyanın 80-ci ili (III yazı) - GƏNCƏLİ ABDULLANIN BAKIDAKI NAKAM SONU
  18. SİLAHLI QÜVVƏLƏRİMİZİN 99 YAŞI
  19. AVROPASAYAĞI ƏDALƏT: İraqı və Suriyanı bölənlər Kipri birləşdirmək istəyir
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.096 san