08:51 07 İyul 2017
3877 dəfə oxunub
Çap versiyası

 

Bəşər tarixinin başlanğıcından silahlı qarşıdurma, münaqişə və müharibələr mövcud olmuşdur. Bu hadisələrdə insan amili əsas rol oynadığı üçün silahlı münaqişələr, törənmə səbəblərindən asılı olmayaraq, həmişə diqqət mərkəzində olmuşdur. Buna baxmayaraq, sözün həqiqi mənasında müharibələr haqda obyektiv məlumatların çatdırılması məsələsi ciddi problem olaraq qalmaqdadır.

Münaqişə bölgəsinə ezam olunan jurnalistdən tələb olunan ilk vəzifələrdən biri, təbii ki, hadisələri işıqlandırarkən maksimum obyektivliyi qorumağa çalış-maqdır. Bəzən praqmatiklikdən yan keçməklə jurnalistin mənəvi yanaşması ortaya çıxa, onun şəxsiyyətinin qapalı və açıq tərəfləri də öz əksini tapa bilər. Silahlı münaqişə və döyüşlərin baş verdiyi zonalarda fəaliyyət göstərən, xüsusilə hərbi jurnalistlərin peşə borcu nəinki hadisələrdə birbaşa iştirak etmək, hətta məlumatı ən obyektiv şəkildə çatdırmaqdır [7].

Obyektivlik jurnalistikanın tarixi qədər köhnə və jurnalistika ilə qaynaşmış bir anlayışdır. Ən sadə tərifi odur ki, xəbərə öz fikir və şərhini daxil etməmək, bütün istiqamət və tərəfləri ilə xəbəri hazırlayıb çatdırmaqdır. Döyüş meydanında da obyektivlik ümumi bir meyar kimi qəbul edilir.

Birinci Dünya müharibəsi dövründə Böyük Britaniyanın Baş naziri Devid Lloyd Corc bunları söyləmişdir: “İnsanlar həqiqəti öyrənsələr, müharibə günü sabah dayandırıla bilər. Şübhəsiz ki, həqiqəti bilə bilməzlər və bilməyəcəklər”. Bu sözlər son illərdəki müharibələr üçün də etibarlıdır. Müharibə sonrası ortaya çıxan gerçəklər isə müharibələri dayandıra, hücumların qarşısını ala bilməz. Müharibə jurnalisti Mətə Çubukçu yazır: “Jurnalistin hər vaxt obyektiv olmasının gərəkliliyi qəbul edilsə də, atəş altında yerinə yetirilən jurnalist fəaliyyətinin digərlərindən fərqi vardır. Jurnalist obyektivliyi mümkün qədər qorumağa çalışaraq xəbərini həqiqətləri başa salmaq, yalan söyləməmək üzərində qurmalıdır” [6, 64-65] .

Bütün münaqişələrdə olduğu kimi, informasiya faktoru Ermənistan-Azərbaycan münaqişəsində, daha doğrusu, I Qarabağ müharibəsində az rol oynamayıb [5,7]. 1988–1990-cı illərdə mərkəzin mövqeyini əks etdirən və vəziyyətlə bağlı həqiqəti ciddi cəhdlə əhalidən gizlətməyə çalışan yeganə informasiya mənbəyi rəsmi KİV idi. Əlbəttə, bu normallaşmaya təsir etmirdi, əksinə münasibətləri daha da gərginləşdirirdi [5, 77–78]. I Qarabağ müharibəsi dövründə Azərbaycan reportyorları işğala məruz qalan ölkənin jurnalistləri olduqlarından həm də daxili senzura ilə fəaliyyət göstərməyə məcbur idilər. Çünki onlar başa düşürdülər ki, hazırladıqları materiallar təkcə öz ölkələrində deyil, təmas xəttinin o biri tərəfində də diqqətlə izlənilir... İstər Qarabağ, istərsə də digər etnik konfliktlərdə jurnalistlərin iş təcrübəsini araşdırarkən məlum olur ki, münaqişə tərəfinə məxsus jurnalistin obyektiv olması çətin məsələdir [1, 21] . Müharibədəki jurnalistlər fərqli səbəblərlə daxili senzuranı işə sala bilərlər, redaktorlar bəzi xəbərləri "milli maraqlar"a uyğun gəlmədiyi səbəbindən

yayımlamaqdan imtina edə bilərlər. Nə qədər paradoksal görünsə də, jurnalistlər müharibə dövründə senzuradan o qədər də narahat olmazlar [6, 82] .

Tətqiqatlar göstərir ki, mətbuat Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələri işıqlandırarkən aşağıdakı prinsipə uyğun hərəkət etmişdir: “Dağlıq Qarabağ hadisələri haqqında yazmaq qadağan deyil, lakin yazarkən belə bir prinsipə riayət etmək lazımdır – publikasiyalar DQMV əhalisində, Azərbaycanda və Ermənistanda narazılıq yaratmamalıdır”. Araşdırmalar, həmçinin məhdud-laşdırılmış aşkarlığın istifadə etdiyi “yaradıcılıq işi”nin hadisələrin səbəbləri haq-qında obyektiv və operativ təhlillərin olmamasını, hadisələrin işıqlandırılmasında gecikmələrin olmasını, balanslaşdırılmamış informasiyanın ötürülməsini, fikirlərin şərhində qüsurların və təhriflərin olduğunu ortaya çıxarır [2, 334].

Müharibə və ya böhran şəraitlərində obyektivliyin mümkün olub-olmadığı yeni bir müzakirə mövzusu deyil. Bir baxışa görə, jurnalist obyektiv olmağa çalışmalıdır. Digər baxış isə mütləq obyektivliyin qeyri-mümkün olduğu qənaətini müdafiə edir... Müharibə jurnalistikasının ən məşhur simalarından olan BBC-nin prodüseri Martin Bell “Həqiqət bizim ən etibarlı dəyərimizdir”, – deyə bildirir. Ancaq Bell, obyektiv jurnalistikanın yalnız hal şahidliyinə (by Stander journalism) söykəndiyini, bunun da elə ciddi məna kəsb etmədiyini əlavə edir. Onun sözlərinə görə, hər növ xəbər hazırlamaq fəaliyyətinə subyektivlik daxildir [6, 59-62] .

Nə qədər təzadlı olsa da, bəzi hallarda qeyri-hərbi jurnalistlərin fəaliyyəti ictimai rəydə “satılmış”, qeyri-azad, “qaynar nöqtələr”dən xəbər verən jurnalistlər əksinə misilsiz mənbə qəbul edilir, onun verdiyi məlumatların qeyri-obyektivliyinə şübhələr yaxına buraxılmır. Bu zaman belə bir fikir səsləndirməyə əsas var ki, bir çox hallarda icimai rəy müəyyən mənada münaqişə bölgəsində olan jurnalistin və ya orada verilən məlumatların yayımını gerçəkləşdirən media qurumunun verdiyi informasiyadan asılı vəziyyətdədir.

Burada belə bir məqamı da qeyd etmək yerinə düşər ki, hansısa qiyam düşərgəsindən reportaj hazırlayan jurnalistin verdiyi məlumat bəzən obyektiv qəbul edilmədiyi kimi, getdiyi yerdə onu hansısa dövlətin kəşfiyyat orqanına işləyən “casus” kimi də qarşılaya bilərlər. Azərbaycan, Bosniya, Kosovo, Əfqanıstan və Fələstində müxbirlik edən, müharibə jurnalistikası ilə bağlı geniş araşdırmalar aparan Mətə Çubuqçu dünyada müharibə jurnalistlikasının dörd qrupda toplandığını bildirir:

1. Obyektivliyi müdafiə edən jurnalistlər;

2. Obyektivliyi qoruyub, döyüşün həqiqi tərəfini göstərən jurnalistlər;

3. “Bir iş görmək lazımdır” deyənlər;

4. Hərbçilərlə birlikdə hərəkət edənlər.

Obyektivlik və soyuqqanlılıq siyasət, iqtisadiyyat və ya səhiyyə xəbərlərində qoruna bilər. Döyüş meydanlarının qarışıqlığı və xaosundan obyektivlik gözləmək doğru olmaya bilər. Döyüş meydanlarında hal şahidi olmaq, tarixin qədim dövrlərindəki salnaməçilərindən irəli getməmək və nəyisə izah etmək mənasını verər, ancaq bu yetərli deyil. Jurnalist xəbərə hal şahidi olaraq kənardan yanaşmamalı, obyektivliyini qoruyaraq öz baxışını da ortaya qoymalıdır. [6, 63]

Son illərin hadisələri göstərir ki, KİV-lər və müxtəlif ölkələrin hərbi qurumları arasında münasibətlər, xüsusilə əgər söhbət hərbi əməliyyatlardan

gedirsə, demək olar ki, eynidir. Əfqanıstan hadisələri ilə əlaqədar olaraq (1979 – 1988-ci illər) KİV sovet qoşunlarının bu ölkədəki kontingentinin bəynəlmiləl missiyası haqqında məqalə, korrespondensiya, müsahibə, oçerklər çap edir, televiziya və radio proqramlarında reportajlar hazırlayıb geniş auditoriyaya təqdim edirdi. Lakin bu materiallar jurnalist yaradıcılığı baxımından əksər tələblərə cavab versə də, onların məzmunu obyektiv xarakter daşımırdı. Hadisələrin əsl səbəbi, gedişi, xüsusilə də itkilər oxuculardan tamaşaçı və dinləyicilərdən gizlədilirdi. [2, 239] Rusiyanın Çeçenistana qarşı birinci hərbi kampaniyası zamanı da belə bir vəziyyət yarandı. Federal hərbi qruplaşmaların komandanlığı heç də həmişə baş verən hadisələrlə bağlı jurnalistlərə dolğun informasiya vermirdi, bu isə hadisələr barədə ətraflı məlumat təqdim etmək istəyən reportyorların digər informasiya mənbələri axtarmağa sövq edirdi. Təşəbbüsü ələ alaraq respublikadakı mənbələrə (agentliklərin məlumatlarına və Moskvadakı ikinci dərəcəli digər mənbələrə) yönələn jurnalistlər üçün bilavasitə əsas informasiya mənbəyi Çeçenistan tərəfi oldu. Aydındır ki, bu durum Şimali Qafqazda hadisələrin inkişafı barədə oxucu və tamaşaçı auditoriyasında ümumi təsəvvürü formalaşdırmaq baxımından düzgün istiqamət yaratmadı. Vəziyyət II Çeçenistan hərbi kampaniyası zamanı diametral tərzdə dəyişsə də, bu halda da ideal obyektivlikdən uzaq oldu.

2003-cü ildə İran körfəzindəki hərbi əməliyyatların hazırlanması və keçirilməsi zamanı ABŞ komandanlığı bu problemlərlə qarşılaşdı. Müttəfiq komandanlıq əməliyyatlar hazırlanması zamanı dezinformasiyadan da istifadə etmişdi. Əlbəttə, hərbi komandanlıq ABŞ-ın bütün dünyaya nümunə olan "Mətbuat azadlığı haqqında" qanunundan yan keçməklə fəaliyyət göstərirdi.

Son dövrün münaqişələrində daha bir xarakterik xüsusiyyət müharibə ilə yanaşı terrorizmə qarşı mübarizədir ki, onun miqyası sözün əsl mənasında müharibələrdən aşağı deyil. KİV-də terrordan bəhs olunması xüsusi mövzudur və onun işıqlandırılması isə daha da təzadlıdır. Belə ki, jurnalist terror aktından bəhs etməklə dünya ictimaiyyətini diqqətini bu problemə yönəltməyə çalışır, digər tərəfdən, terrorçuların pulsuz reklam olunmasına imkan yaradır. Çünki bəşəriyyətin marağı “beynəlxalq terrorizm”in mahiyyətinin, onun daxili anatomiyasının və zahiri cəhdlərinin obyektiv təhlilini tələb edir. Bu işdə cəmiyyətdəki funksiyasına görə mühüm yer tutan KİV-in böyük rol oynaya biləcəyi heç kimdə şübhə doğurmur. Bununla əlaqədar olaraq, media qarşısında olduqca mürəkkəb və bəlkə də cavabının tapılması həm sahə elminin, həm də KİV-in imkanları xaricində olan suallar meydana çıxır [3, 238-239].

Aparılan təbliğat kampaniyaları isə çox vaxt mənfi nəticələrə də gətirib çıxarır. Məsələn, BBC sentyabrın 11-də özünün Əfqanıstandakı müxbiri Con Simpsona istinad edərək “Əl-Qaidə”ni atom silahı hazırlamaqda suçlayan xəbər yayır. Təəssüf ki, obyektivliyi, tərəfsizliyi ilə seçilən Qərb mətbuatında yer almış bu cür neqativ nümunələrin sayını artırmaq da olar. Qərb mətbuatının praktikasında bu cür tendensiyalar özünü Vyetnam müharibəsinin, Serbiyada aparılan hərbi əməliyyatların və Körfəz müharibələrinin işıqlandırılmasında da büruzə vermişdir. 11 sentyabr hücumlarını və Əfqanıstan hərəkatını izləyən bəzi media qurumlarının KİV-in fəaliyyət prinsiplərindən və beynəlxalq humanitar

hüququn tələblərindən uzaqlaşıb ordu ilə eyni cərgədə durması təəssüf hissi doğurur.

ABŞ rəhbərliyi lap əvvəldən informasiya mənbələrini öz nəzarəti altında saxlaya biləcəyinə və informasiya axınını CNN vasitəsi ilə idarə edəcəyinə inanırdı. Lakin, 11 sentyabrdan sonra Əfqanıstandan yayımlar yayan və Talibanla əlaqələr yarada bilən tək kanal “Al Jazeera” (“Əl-cəzirə”) ABŞ-ın və bütün Qərb ölkələrinin media rahatlığını pozdu. Ağ Evin rəhbərliyi Qətər əmirinin əli ilə “Al Jazeera”nın verilişlərinin yayımına mane olmağa çalışırdı.

Artıq iki əsrə yaxın bir müddətdə Azərbaycan torpaqlarını hissə-hissə işğal edən, beynəlxalq prinsip və normalara məhəl qoymadan regionda elementar humanitar hüquqların pozulmasına bais olan Ermənistanla bağlı materialların hazırlanmasında kütləvi informasiya vasitələrini təmkinli olmağa, bəşəri dəyərlərə söykənməyə çağıran Qərb mediası özü bu sınaqlardan üzüağ çıxa bilmədi. Amma, yaxşı haldır ki, CNN, BBC, Fox News kanallarının mövqelərini bölüşməyən KİV qurumları da var idi.

Jurnalistikada Obyektivlik və Dəqiqlik (FAİR – Fairness and Accuracy in Reporting) Təşkilatının KİV və mediakratiyanın ictimai monitorinqinin təşkili üzrə aparıcı analitiki Stiv Rendal 11 sentyabrdan sonra ABŞ-da başlayan millətçilik ab-havasına qapılan Amerika KİV-ini sağlam düşüncəli olmağa çağırır və dünyada nə baş verdiyini bilmək üçün ABŞ teletamaşaçılarının artıq xarici kanallara üz tutduqlarını vurğulayır. S.Rendal CNN-in auditoriyasının beynəlxalq xəbərlərlə tanış olmaq üçün öz kanallarını “Al Jazeera”, “RussiaToday”, Çin Mərkəzi Televiziyası (CCTV), “Euronews”, “Deutsche Welle”, “France 24” və İranın “Press TV” kanallarına çevirdiyini bildirir [3, 245-249].

Qeyd olunanlardan belə qənaətə gəlmək ola bilər ki, hansısa müharibə haqqında tərəfsiz jurnalistin müşahidələri beynəlxalq ictimaiyyətdə daha obyektiv fikir formalaşdıra bilər. Lakin bu da həmişə mümkün deyil. Məsələn, Böyük Britaniyadan olan Tomas de Vaal (BBC World Service, “The Moscow Times”, və “The Times” qəzetlərinin əməkdaşı olmuş) Qarabağ münaqişəsini araşdırmaq üçün bölgəyə dəfələrlə səfər etsə də, nəşr etdirdiyi kitabda Qarabağ müharibəsinin səbəbləri haqda obyektiv fikir formalaşdıra bilmədi və ya bundan uzaq oldu. Bu da hələlik dözümsüzlük mühitindən qurtulmayan münaqişənin hər iki tərəfindəki ictimai fikirdə narazılıq yaratdı.

Səngərin bir tərəfində olanda təbii olaraq informasiyanın birtərəfli ötürülməsi və məlumat alan tərəfdə qeyri-obyektiv fikir formalaşdırmaq istisna deyil. Belə ki, bu hallarda jurnalist daha çox kənar məhdudiyyətlərlə qarşı-qarşıya qalır, cəbhənin bu tərəfindən o tərəfinə tez-tez keçmək imkanından da məhrum olur. Amma Tomas de Vaal bu imkanlara sahib olsa da, nəşr etdirdiyi kitabda obyektivlik prinsiplərindən daha çox, özünün qeyd etdiyi kimi, mətbuatın və mütaliənin formalaşdırdığı fikirlərin ortaya çıxardığı dar məntiqli yanaşmaya üstünlük verir [4].

Beləliklə, jurnalistlərin fəaliyyətində ümumi bir meyar kimi qəbul edilən obyektivlik anlayışının tətbiqində ortaya problemlərlə bağlı tədqiqatçı və mütəxəssislərin fikirlərindən o qənaət hasil olur ki, münaqişə zonasında tam olaraq buna nail olmaq mümkün deyil. Bəzən daxili senzura buna mane olur, bəzən də

media qurumunun hansısa dairələrdən asılılığı. Digər bir problem jurnalistin münaqişə zonasının məlumat mənbəyinin ayrılmaz hissəsinə çevrilməsidir. Bu halda ictimai rəy münaqişə bölgəsində olan media qurumunun verdiyi informasiyadan asılı vəziyyətdə olur. Bu zaman hər hansı bir mütləq obyektivlikdən danışmaq qeyri-mümkündür.

 

ƏDƏBİYYAT SİYAHISI

1. Ekstremal jurnalistika. “Dinc dünya” Araşdırma Mərkəzi. “Şərq-Qərb” ASC. Bakı: 2003.

2. Mazanlı İlham. “KİV: millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi”. “Renessans”. Bakı: 2014.

3. Mazanlı İlham.“Jurnalistika və müasir dövrün qlobal problemləri”, Bakı: 2013.

4. Tomas de Vaal. “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında”. “İlay” MMC. Bakı: 2008.

5. Журналисты на войне в Карабахе — М.: «Права человека», 2002.

6. Çubukçu, Mete, “Ateş altında gazetecilik: savaş ve savaş haberciliği”, İstanbul, Metis Yayınları, 2005. 7. www.periodico.ru/na_voine/opasnaya1.php


Müəllifin digər yazıları

  1. Türkiyə cənubundakı terror yuvalarını təmizləyəcək
  2. Seçki-2018: namizədlər, vədlər və reallıqlar
  3. QANİÇƏN REJİMƏ MEYDAN OXUYAN PEDAQOQ
  4. KƏNGƏRLİ NƏSLİNİN SONUNCU GENERALI
  5. PROFESSORU CASUS KİMİ İTTİHAM ETDİLƏR - Foto
  6. VƏZİR NƏSLİNİN SƏFİR ÖVLADI - Repressiyanın 80-ci ili (VII yazı)
  7. BOYNU BÜKÜK ACARA (III yazı – Siyasi təhlil)
  8. 15 SENTYABR ZƏFƏRİNİN 99-CU İLDÖNÜMÜ
  9. Bir səfərdən üç yazı - AVROPA HARA, BİZ HARA (II yazı-müşahidə)
  10. Bir səfərdən üç yazı - MƏN GEDİRƏM BATUMA (I yazı–təəssürat)
  11. Repressiyanın 80-ci ili - SAĞLIĞINDA BƏRAƏT ALAN YEGANƏ ALİM - (VI yazı)
  12. Repressiyanın 80-ci ili (V yazı) - ÖLÜMÜ SÜRGÜNDƏN ÜSTÜN TUTAN ALİM
  13. SARKİSYAN VƏ DİGƏR MÜHARİBƏ CİNAYƏTKARLARINI HƏRBİ TRİBUNAL GÖZLƏYİR
  14. Müharibə zamanı KİV-də obyektivlik problemləri
  15. Repressiyanın 80-ci ili (IV yazı) - UNUDULMUŞ ŞƏRQŞÜNAS: Zifeld-Sumumyaqi
  16. Reklam mədəniyyətsizliyi - Prezidentin yaratdığı yeni qurumun fəaliyyəti bu problemin qarşısını ala bilər
  17. Repressiyanın 80-ci ili (III yazı) - GƏNCƏLİ ABDULLANIN BAKIDAKI NAKAM SONU
  18. SİLAHLI QÜVVƏLƏRİMİZİN 99 YAŞI
  19. AVROPASAYAĞI ƏDALƏT: İraqı və Suriyanı bölənlər Kipri birləşdirmək istəyir
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
22-05-2018
21-05-2018
21.05.2018 Neft bahalaşdı
20-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1054 san