12:10 26 İyul 2017
2222 dəfə oxunub
Çap versiyası

 

Repressiyanın məhv etdiyi ziyalılar qrupunun üzvlərindən biri də Azərbaycanda dilçilik və tərcümə sahəsində böyük işlər görmüş İdris Həsənovdur. Onunla taleyi ilə bağlı müəmmalı məsələlər çoxdur. Belə ki, İ.Həsənov haqqında iki –  1938–1939 illərinə aid 28306 saylı istintaq işində və 1949-ci ilə aid 37467 saylı istintaq işində bəhs edilir. Çünki İ. Həsənov 10 il ərzində eyni ittihamlarla iki dəfə həbs olunaraq sürgün cəzasına məhkum olunan nadir ziyalılardandır. Digər müəmma isə onun ölümü ilə bağlıdır. Bu barədə sonda.

 

Moskvada elmi dərəcə alan gəncəli

 

İdris Məşədi Zaman oğlu Həsənov 1897-ci ildə Gəncədə sənətkar ailəsində anadan olmuşdur. O, ötən yazılarımızda ağrılı taleyindən bəhs etdiyimiz A.M. Tağızadənin həmyaşıdı və həmyerlisi idi. Amma istintaq işlərinin heç birində onların xüsusi dostluğu ilə əlaqədar heç bir məlumat yoxdur. Əksinə onların ən azından peşəsinə aid mövzularda rəqib olduqlarına dair məlumatlar var.

İnqilaba qədər İ. Həsənov doğulduğu şəhərdə yaşamış, 1908-ci ildə ibtidai təhsilini başa vurduqdan sonra Gəncədə peşə məktəbinə daxil olmuş, 1913-cü ildə məktəbi bitirdikdən sonra orada Qarşılıqlı Kreditlər Vəqfində mühasib olaraq çalışmışdır. İ. Həsənov yalnız inqilabdan sonra təhsilini davam etdirmiş, 1924-ci ildə Azərbaycan Dövlət Universitetindən məzun olmuşdur. 1927–1931 illər arasında Moskvada yaşamış və Şərq Zəhmətkeşlərinin Kommunist Partiyası Universitetində (ŞZKPU) Azərbaycan dilindən dərs demiş, Şərq Xalqlarının Milli Mədəniyyətlərinin Elmi-Tədqiqat İnstitutunda alim adı almışdır (dissertasiya müdafiə etmişdir).

 

Polivanovla birlikdə çalışan azərbaycanlı

 

Moskvada olduğu zaman o, ŞZKPU-da görkəmli şərqşünas Y.D. Polivanovun 1929-cu ilə qədər başçılıq etdiyi şöbədə çalışmışdır. Qeyd olunduğu kimi, onlar birlikdə 7-10 çap vərəqi həcmində "Azərbaycan dilinin qrammatikası" və “Gəncə dialektinin vokalizminə dair” əsərlər yaratmışlar (Lartsev 1988: 314). Nə yazıq ki, bu əsərlər itmişdir. Ədəbi dil və onun orfoqrafiyası mövzularında İ.Həsənov, böyük ehtimalla Y.Polivanovun təsiri ilə əlaqəli olaraq, xüsusi fikirlərə malik olmuşdur.

Bakıya qayıtdıqdan sonra Azərbaycan Pedaqoji İnstitutunda çalışmış, əvvəl dosent, daha sonra professor adı almışdır. 1935-ci ildə ona filologiya elmləri üzrə doktorluq elmi dərəcəsi verilmişdir. O, geniş olaraq dialektizmindən istifadə edən xalq ləhcələrinə, habelə yazıçı və şairlərin (Sabir, Məmmədquluzadə) üslublarına istiqamətlənməyə çağırmış, Azərbaycan dil normalarının Türkiyə türkcəsinə, ərəbizm və türkizm yaxınlaşdırılmasına qarşı çıxmışdır. 30-cu illərdə belə mövqe bir çox cəhətdən mərkəzin mövqeyinə uyğun idi. Halbuki onun həmkarlarının çoxu (B. Çobanzadə, A.Tağızadə, Q.Bağırov) tamamilə başqa mövqeyə malik idilər. Əvvəllər İ. Həsənov təklənmişdi. Zifeld-Sumumyagi və Q.Bağırovun rəhbərliyi dövründə institutda baş verən qarşıdurmalar, hətta istintaq işlərində də öz əksini tapmışdır.

 

Karyerasının ən yüksək zirvəsi

 

İ.Həsənovun mərkəzin mövqeyinə yaxın fikirdə olması, böyük ehtimalla, repressiya rejiminin ilk qurbanları arasında olmamasını təmin etdi. Üstəlik, 1937-ci ilin sentyabr ayında İdris Həsənov öz iş karyerasının ən yüksək zirvəsinə çatdı. Müstəqil olmasına baxmayaraq, SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunun rəhbəri vəzifəsinin icrası (Zifeld-Sumumyaqinin yerinə) müvəqqəti olaraq ona tapşırılmışdı.

Bu vaxta qədər işçilərin çoxu həbs olunmuş və ya vəzifədən çıxarılmışdı. İ.Həsənovun İnstituta başçılıq etdiyi bir neçə aylıq dövrdə heç bir "elmi iş"in təhvil verilməməsi təbii idi. Amma bu vəziyyət daha sonra onun "zərərli" olması üçün dəlil olaraq istifadə edildi. İ. Həsənova qarşı digər ittihamlar: "1937-ci ildə İnstitutun maliyyə mənbələri böyük ölçüdə dəyərləndirilmədən başa çatsa da, gəlir xəzinəsindən 43 min 644 rubl 50 qəpik təyinatı üzrə xərclənmədən silinmişdir”. 1938-ci ilin fevralında (Zifeld-Sumumyaqinin həbs olunması ilə eyni zamanda) İ.Həsənov vəzifədən alınaraq onun yerinə A.A. Klimov vəzifəyə gətirildi. Həbsinə isə çox az qalırdı.

 

Həbs olunması arqumentləri əsassız idi

 

İdris Həsənov birinci istintaq işindən məlum olur ki, onun həbsi üçün əsas B. Çobanzadənin, V.Xuluflunun və Azərbaycan Pedaqoji İnstitutunun dekan müavini Abdulla Şərifovun ifadələri olmuşdur. Abdulla Şərifov İ.Həsənovu özünün "təşkilat"a cəlb etdiyini iddia etmişdir. Həmin istiintaq işindən məlum olur ki, A.Şərifov 3 iyul 1938-ci il tarixində güllələnmişdir. Yəni ölmüş şəxsin iddiaları əsasında həbs olunmuşdur.

İ.Həsənovun həbs olunmasından sonra NKVD tərəfindən EAAF-a onun fəaliyyəti ilə bağlı sorğu göndərilmişdir. A. Klimov və Dilçilik şöbəsinin yeni başçısı Quliyev tərəfindən imzalanan cavab məktubu, şübhəsiz ki, istintaqın ittihamları üçün imkanlar təmin etmişdir: “İnstitutun keçmiş direktor müavini İdris Həsənovun haqqında sorğunuza belə cavab veririk: İdris Həsənov Azərbaycan dilçiliyi sahəsində uzun müddət pantürkçü təbliğat və ziyankarlıq işi aparmışdır. O, 1926-cı ildə çapdan çıxmış "Gəncə əhalisinin dialektində mənsubiyyət şəkilçisiz isimlərin hallanması" adlı ilk əsərinin elə birinci sətrindən özünün pantürkçü təbliğatını yaymağa başlayır. Onun bütün fikir və mülahizələri "vahid qədim türk dilləri"nin varisi olan türk dili haqqında pantürkçü-müsavatçı ideyaların davamıdır. Pantürkçü ideyaya sadiq olan İ.Həsənov Azərbaycan dilinin qrammatikasına Osmanlı formalarını tətbiq etmək fikrində olduğunu söyləmişdir (məsələn, "almamış", "gəlməmiş", "almadan", "gəlmədən" və s.). Bundan əlavə, Azərbaycan dilində o, rus və beynəlmiləl sözləri varvarizm və "yad" sözlər adlandırmışdır...

Azərbaycan dilinin orfoqrafiyası işlənib hazırlanarkən İ.Həsənov digər vətən xainləri ilə birlikdə dilimizi ərəb, fars və Osmanlı sözləri ilə doldurmağa çalışmış, bununla da, Qərbin, kapitalist ölkələrinin mədəniyyətini təbliğ etmişdir. APİ üçün müəllim kadrlarının hazırlanması işində də ziyankarlıq mövqeyindən fəaliyyət göstərmişdir".

 

Heç bir ittihamı qəbul etməyən şərəfli insan

 

İ.Həsənovun özü iddiaları qəbul etmədi və saxta etiraflara imza atmadı. Ona qarşı verilən digər ifadələr çox qısa idi. A.Klimovun eyni vəziyyətdə olan Zifeld-Sumumyaqiyə qarşı ifadələrində daha ədalətli davrandığı, amma İ.Həsənova qarşı mərhəmətsiz olduğu müəyyən olunmuşdur. Buna səbəb İ.Həsənovun müsəlman və türk olması, İnstitutun bir çox əməkdaşları ilə şəxsi münasibətlərinin ürəkaçan olmamasının təsiri ola bilərdi. Reallıqda ittiham üçün ən böyük sübut, az qala, onun köhnə işlərindən olan Gəncə ləhcəsində ismin hallanması məsələsində Türk dillərinin yaxınlığından bəhs etməsi oldu.

Sorğunun cavabında deyilirdi: “Azərbaycan dilinin orfoqrafiyasının formalaşdırılması işlərində indi ifşa olunmuş “xalq düşmənləri” (Çobanzadə, Tağızadə və digərləri) ilə birlikdə Azərbaycan dilini fars, ərəb, Osmanlı sözləri ilə doldurulması kimi xain işlər icra etmişdir". Bunlara yuxarıda sözügedən maliyyə qaynaqlarının sərf edilməməsi (məlum olan həqiqət odur ki, kütləvi həbslərdən sonra İnstitutda pulu ödəmək üçün heç kim qalmamışdı) ilə əlaqədar məlumatlar əlavə olunub.

Cəmi iki dindirmə protokolu var: yalnız anket məlumatlarının yer aldığı 5 aprel 1938-ci il tarixli (müstəntiq Mustafayev) protokol və 28 sentyabr 1938-ci il tarixli (müstəntiqin imzası anlaşılmır, böyük ehtimalla Petrunindir) protokol. Əgər Zifeld-Sumumyaqi və digərləri hər hansı ifadə verir və "yanlış”larını etiraf edirdilərsə, bu vəziyyətdə 5 səhifəlik protokolda şübhəlinin cavabları eyni cürdür: “İnkar edirəm. İnqilab əleyhdarı fəaliyyət göstərmədim", “Heç bir inqilab əleyhdarı iş görməmişəm”, “Xeyr, təsdiqləmirəm”, “Onlar mənə böhtan atırlar” və s. İ.Həsənovun 1938-1939-cu illərdə istintaq işi bu cür qətiyyətlilik xüsusiyyətinin yer alması baxımından bəlkə də o dövrdəki işlər arasında bu qəbildən olan yeganə istintaq işdidir. İ.Həsənovun dindirilməsinin hansı şəkildə aparıldığından xəbərdar olmasaq da, artıq 1938-ci ilin sentyabrından onu rahat buraxmağı qərara aldılar.

 

Günahsız alim 8 illik sürgünə məhkum edildi

 

Amma hansı səbəbdənsə istintaq işində dindirmənin başa çatdığına dair 28 sentyabr və 26 dekabr 1938-ci il tarixlərinə malik iki protokol var. 1938-ci ilin dekabrında İ.Həsənovla əlaqədar olaraq A.Klimovu, S.Tavesovu və Y.Kozini dindirmişlər. Onların hamısı (A.Klimov bir neçə ay əvvəl yazdıqlarının əksinə olaraq) hər hansı bir zərərli fəaliyyətdən bəhs etməmiş, yalnız İ.Həsənovun rəhbər vəzifəni yerinə yetirmədiyini bəyan etmişlər. Kozinin ifadə etdiyinə görə, o, "institutu çətin vəziyyətdən xilas edə bilmədi". Halbuki 1937-ci ildə bunu etmək İ.Həsənovun imkanı xaricində idi.

İ.Həsənovun işi üzrə iddianamə Zifeld-Sumumyaqinin iddianaməsi ilə eyni tarixə malikdir. Artıq institut iddianaməsindəki rəsmiyyət təkrar edilmiş, üstəlik "zərərli orfoqrafiyanın tərtib edilməsində real iştirakın"dan bəhs edilmişdi. Sonrakı prosedurlar da Zifeld-Sumumyaqinin işində olduğundan fərqlənmirdi. Belə ki,  eyni gündə, 21 iyun 1939 tarixində Xüsusi Məşvərətçi Şuranın iclasında belə bir qərar çıxdı: "İdris Məşədi Zaman oğlu Həsənov antisovet təşkilatında iştirakına görə 8 il müddətinə islah-əmək düşərgəsinə göndərilsin". İ. Həsənovun mart 1939-ci il tarixli tibbi arayışında, Zifeld-Sumumyaqinin "praktik olaraq sağlam" arayışından fərqli olaraq, "xroniki oynaq revmatizmi" diaqnozu yer alıb. Amma İ.Həsənov, Zifeld-Sumumyaqidən fərqli olaraq, Kolımada həyatda qalmağı bacardı. O günə gün olaraq 8 illik cəzasını çəkdi, 3 aprel 1946 tarixində Seymçan (Maqadan) düşərgəsindən azad edildi. Ancaq onu Kolımada, bu dəfə öz razılığı ilə, xazinədar işlədi.

 

Sürgündən xilas olsa da...

 

8 oktyabr 1946-cı il tarixində o, nəhayət, Kolımadan Azərbaycana qayıtdı. Məhkumluğu olduğu üçün o, Bakı və ya Gəncədə (o vaxtkı Kirovabadda) yaşamaq hüququna malik deyildi. Əvvəllər o ailəsinin yaşadığı Bakıda qalmağa səy göstərmiş, amma 1947-ci ilin martında o, Şamxora (Şəmkirə) getmək məcburiyyətində qalmışdı. 1947-ci ilin sentyabrında bacısının yaşadığı  Gəncəyə köçməyə nail oldu. 1947-ci ilin sentyabrında başlayaraq iki il müddətində o, Kirovabadda Azərbaycan dilində tədris verilən 3 məktəbdə rus dilindən dərs demiş, əvvəllər bacısının evində, daha sonra kirayə mənzillərdə yaşamışdır.

1948-ci ildə 1937-ci ildəki repressiya dalğasında və sonrakı illərdə siyasi məsələlərə görə həbs edilən və həbs müddəti sona çatan bütün sabiq məhkumların SSRİ-nin ucqar bölgələrinə sürgün edilməsinə dair L.Beriyanın gizli təlimatı ortaya çıxdı. 1949-ci ilin əvvəllərinə qədər İ.Həsənova xüsusi diqqət yetirilməmişdir. Hətta Azərbaycan Dövlət Təhlükəsizlik Nazirliyində (DTN) onun harada yaşadığını bilmirdilər. 11 yanvar 1949-cu il tarixində onun axtarılmasına dair qərar qəbul edildi. Əvvəllər İ.Həsənovu Şamxor rayonunda axtardılar, yalnız martda onun Kirovabadda olduğunu təyin etdilər.

 

Müraciətləri cavabsız qaldı, Goranboyda işləyə bilmədi

 

Amma onun özü bundan əvvəl və sonra hüquqlarının qaytarılması xahişi ilə respublika və ölkə rəhbərliyinə məktublar yazdı. İstintaq işlərindən birində onun 21.06.1948-ci il tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N.M. Şvernikə, 05.09.1949-ci il tarixli İ.V. Stalinə yazdığı eyni mətnə ​​malik və 06.09.1949-ci il tarixli Azərbaycan Dövlət Təhlükəsizlik naziri S.F. Yemelyanova yazdığı məktublar yer almışdır. Sonuncu məktubda o yuxarıda sadalanan elmi işlərinin siyahısını təqdim etmişdir. Məktubların hamısında tam günahsız olduğunu bəyan etmişdir. Onun tərəfindən yazılan sonuncu məktub böyük ehtimalla DTN-in təsiri ilə məktəbdən uzaqlaşdırıldıqdan sonra (20 avqust) yazılmışdı.

14 oktyabrda İ.Həsənovun 1938–1939 illərə aid istintaq işi tələb edildi: "DTN və SSRİ Prokurorluğunun 66/241-ss saylı 27.10.48 tarixli əmrlərinə əsas gətirilərək həbs olunmalıdır və tərəfimizdən Kirovabadda yaşadığı müəyyən olunmuşdur". Həbs olunması bir qədər gecikdi. İ.Həsənovun özünün bir müddət sonra ifadəsində dediyi kimi, 15 oktyabrda ona Qasım İsmayılov (indiki Goranboy) rayonunda müəllim kimi çalışa biləcəyinin mümkünlüyü bildirilmişdi. 24 oktyabrda o, Bakıya getdi və yaxınlarının yanında yaşadı. O, Qasım İsmayılov rayonunda müəllim işləmək üçün cəhd göstərdi, amma keşmişdə məhkumluğu olması səbəbi ilə onun təklifini rədd etdilər. 7 dekabrda artıq yaşamaq icazəsi olmayan Gəncəyə, bacısının evinə qayıtdı. Məlum olan odur ki, DTN yenə bir müddət onu “itirmişdi”, amma Gəncəyə qayıtdıqdan dərhal sonra onu tapdılar. 20 dekabr tarixində nazir müavini A.Ş. Atakişiyev Kirovabad Dövlət Təhlükəsizlik şöbəsinin rəisi Yermakova gizli qeyd göndərmişdi: "İ.Həsənov 66 saylı Direktivin əhatəsinə daxil olur, prokurorun icazə sənədi var, onu tutun və Bakıya göndərin".

 

“Azadlıqda olması cəmiyyət üçün təhlükəlidir”

 

Həmin gün İ.Həsənov həbs olundu və podpolkovnik Levkin tərəfindən dindirildi. Rəsmi olaraq ikinci istintaq işi 29 dekabr 1949-cu il tarixində açıldı. Halbuki bəzi sənədlərdə tarix əvvəlki vaxta aiddir. Bəzi sənədlər qəsdən əvvəlki tarixlə yazılmışdı. 24 dekabr tarixində o artıq Bakıya göndərilmişdi, amma onun həbs olunmasına icazə 26 dekabr tarixində verilmişdi. Həbs qətiimkan tədbirinin tətbiqinə (ehtiyat tədbirləri seçilməsinə) dair qərarın tarixi – 28 dekabr, işin başlanması haqqında qərarın tarixi – 29 dekabr olaraq göstərilir. 30.12.1949-cu il tarixindən 16.01.1950-ci il tarixi arasında Bakıda müstəntiq Odinçov daha dörd dindirmə yerinə yetirdi. Əvvəlki ittihamlara cavab olaraq İ.Həsənov yenə özünü günahkar saymadı. B. Çobanzadənin, V.Xuluflunun və A. Şərifovun ifadələri ilə əlaqədar olaraq isə bildirmişdir: "Azərbaycan dilinin terminləri və orfografiyası qaydalarının bəzi məsələlərində problemlər baş verdi. Aydın olan səbəbdən onlar mənə böhtan atdılar".

Üstəlik, İ.Həsənovun pasport rejimini pozmaqda günahlandırdılar: “Bakı və Kirovabadda pasport qeydiyyatı olmadan yaşamışdır”. Buna cavab olaraq o Kirovabadda pasport masası müdirinin şifahi icazəsi ilə yaşadığını, Bakıya gələndə isə bir neçə gün qalacağını düşündüyünü söylədi.16 yanvar 1950-ci il tarixində istintaqın sona çatmasına dair protokol, "şimalda yaşamağa və fiziki işə uyğun olduğu" barədə (nevroz olmasına baxmayaraq) tibb arayış ortaya çıxdı. 17 yanvar tarixində Odinçov, Quskov və Padarov tərəfindən təşkil edilən iddianamə eyni gün baxan Yemelyanov tərəfindən qəbul olundu. Orada bildirilirdi: "İ.Həsənovun azadlıqda olmasının cəmiyyət üçün təhlükəli olduğu nəzərə alınaraq 21 dekabr 1949-cu il tarixində həbs olunmuşdur”.

 

İ.Həsənovun müəmmalı ölümü

 

Düşərgədən sonra İ.Həsənovun “anti-sovet fəaliyyəti” ilə əlaqədar məlumatlar əldə olunmamış və ikinci dəfə 1939-ci ilin ittihamları ilə məhkum edilmişdi. İstintaq 11 il əvvəl olduğu kimi, təşkil edildi və 8 aprel 1950-ci il tarixində Xüsusi Məşvərət Şurası bu vəziyyətlər üçün standart olan hökm çıxardı: ÖMÜRLÜK SÜRGÜN. 9 mayda iddianamədə bildirildiyi kimi, Krasnoyarsk diyarına (yerin dəqiq adı qeyd edilmir) göndərilib. Bununla da İdris Məşədi Zaman oğlu Həsənovun “izi” birdədəlik itir.

Bəzi məlumatlara görə, həyatda son ümidini, inamını itirmiş alim 1950-ci il noyabrın 3-də özünü dənizə ataraq dünyasını dəyişmişdir. Bəzi məlumatlarda da onun ikinci dəfə sürgün həyatı yaşamaq istəmədiyi üçün intihar etdiyi yazılır. Onun özünü dənizə ataraq intihar etməsində də müəmma var. Belə ki, onun həbsdə ola-ola dəniz sahilinə hansı yolla gedib çıxması da şübhəlidir. Keçmiş sovet arxivlərindən əldə edilərək İnernet resurslarında yayılan (http://lists.memo.ru/index4.htm, https://ru.openlist.wiki) sənədlərdə onun Krasnoyarsk diyarına sürgünə göndərildiyi yazılır, amma öldüyü yer və ölüm tarixi yoxdur. Buna baxmayaraq, İ.Həsənovun sürgünə getməyi ölümdən üstün tutması ehtimalı daha inandırıcıdır.

Onun bəarət prosesinə 1957-ci ildə qızının müraciətindən sonra başlandı. O,  toxuculuq fabrikində çalışırdı.O zamana qədər nə İ.Həsənovun, nə də həyat yoldaşının yaşadığı bəlli deyil. Qızı 15 oktyabr 1957 tarixində işə xitam verilməsi barədə sənədi əldə etdi. Ancaq bu zaman İ.Həsənovun  2 dəfə məhkum olunduğu unudulmuş və yalnız 1939-cu ilə aid hökmün qüvvədən düşdüyü müəyyən olmuşdur.

Eyni iddiaların təkrarlandığı 1950-ci ilə aid hökm rəsmi olaraq 30 il daha qüvvədə qaldı. Yalnız 16.01.1989-ci il tarixli fərmanla ümumi bəraət verildikdən sonra onun sənədlərinə də baxılmağa başlandı. Nəhayət, 25 sentyabr 1989 tarixində İ.Həsənov tamamilə bəraət aldı. Bu vaxta qədər onun qızı da artıq həyatda deyildi...

Tanınmış dialektoloq alim İ.Həsənovun Azərbaycan dilçiliyi üçün böyük xidmətləri olub. İ.Həsənov o dövr üçün Azərbaycanda ilk olan 1932-ci ildə latın qrafikası əsasında gözdən əlillər üçün nöqtəli hərflərin layihəsini hazırlayıb. 1920 və 1930-cu illərdə onun 18 kitabı nəşr olunub. Onların arasında ən əhəmiyyətliləri bunlardır: “Gəncə əhalisinin dialektində mənsubiyyət şəkilçisiz isimlərin hallanması” (1926), "Xalq ləhcələri lüğəti üçün materialların toplanması üzrə təlimnamə" (1931), "Pedaqoji kollec üçün qrammatika kursu" (1932-1934), "Azərbaycan dilinin orfografiyası" (1936), "Azərbaycan dilinin qrammatikası. Morfologiya" (1936), "Azərbaycan dilinin qrammatikası. Sintaksis" (1937).


Müəllifin digər yazıları

  1. Türkiyə cənubundakı terror yuvalarını təmizləyəcək
  2. Seçki-2018: namizədlər, vədlər və reallıqlar
  3. QANİÇƏN REJİMƏ MEYDAN OXUYAN PEDAQOQ
  4. KƏNGƏRLİ NƏSLİNİN SONUNCU GENERALI
  5. PROFESSORU CASUS KİMİ İTTİHAM ETDİLƏR - Foto
  6. VƏZİR NƏSLİNİN SƏFİR ÖVLADI - Repressiyanın 80-ci ili (VII yazı)
  7. BOYNU BÜKÜK ACARA (III yazı – Siyasi təhlil)
  8. 15 SENTYABR ZƏFƏRİNİN 99-CU İLDÖNÜMÜ
  9. Bir səfərdən üç yazı - AVROPA HARA, BİZ HARA (II yazı-müşahidə)
  10. Bir səfərdən üç yazı - MƏN GEDİRƏM BATUMA (I yazı–təəssürat)
  11. Repressiyanın 80-ci ili - SAĞLIĞINDA BƏRAƏT ALAN YEGANƏ ALİM - (VI yazı)
  12. Repressiyanın 80-ci ili (V yazı) - ÖLÜMÜ SÜRGÜNDƏN ÜSTÜN TUTAN ALİM
  13. SARKİSYAN VƏ DİGƏR MÜHARİBƏ CİNAYƏTKARLARINI HƏRBİ TRİBUNAL GÖZLƏYİR
  14. Müharibə zamanı KİV-də obyektivlik problemləri
  15. Repressiyanın 80-ci ili (IV yazı) - UNUDULMUŞ ŞƏRQŞÜNAS: Zifeld-Sumumyaqi
  16. Reklam mədəniyyətsizliyi - Prezidentin yaratdığı yeni qurumun fəaliyyəti bu problemin qarşısını ala bilər
  17. Repressiyanın 80-ci ili (III yazı) - GƏNCƏLİ ABDULLANIN BAKIDAKI NAKAM SONU
  18. SİLAHLI QÜVVƏLƏRİMİZİN 99 YAŞI
  19. AVROPASAYAĞI ƏDALƏT: İraqı və Suriyanı bölənlər Kipri birləşdirmək istəyir
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
22-05-2018
21-05-2018
21.05.2018 Neft bahalaşdı
20-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4871 san